Super User
Kraliçalar və lakeylər
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
“Gənclik” metrostansiyası tərəfdə uğurla qoyulmuş videofiksasiya kamerası illik kassa mədaxilinə görə bütün Azərbaycan kinematoqrafiyasını üstələdi.
2.
Erməni radiosuna sual edirlər:
-Erməni qadınının əri kosmonavtdan nə ilə fərqlənir?
Erməni radiosu cavab verir:
-Kosmonavt öz əvəzedicisini tanıyır, erməni qadınının əri isə tanımır.
3.
Facebook-u yaradanın atasına rəhmət. Onun sayəsində Bilgəhdəki bağımdan oğurlanan antikvar manqalımı bir istifadəçinin hesabındakı fotonun hesabına Ləiş bağlarında bir həyətdən tapdım.
4.
Uçaqda qurtarmayan ayaqyolu növbəsini görəndə qeyri-ixtiyari düşünürsən ki, adamlar uçaqlara yalnız səmanı murdarlamaq üçün minirlər.
5.
“Mən indiyə qədər heç kəsin qarşısında əyilməmişəm” deyə partiya rəhbəri seçki kampaniyası zamanı az qala qışqıraraq bəyan etdi.
Sonra da alqışlar gələndə öz-özünə etiraf etdi: “Axı məndə xroniki skolioz var”.
6.
Restoranda müştəri narazılığı amplitudası: “Əsl Sezarın ürəyi dərhal partlayardı, sizin bu Sezar salatının dadına baxsaydı”.
7.
Siz fikir vermisinizmi, küçədə gözəl qızlara göz yetirən kişilərlə vitrindəki ləzzətli kökələrə göz yetirən pəhriz tutmuş qadınların baxışları eynidir?
8.
Kraliça olmaq istəyən qadının əri də lakey olar.
9.
Hətta ən yüksək yumor hissi olan, gülməyi xoşlayan şəxslər belə gülünc əməkhaqqı istəməzlər.
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)
“Avroviziya 2024” təmsilçimiz Fahree mahnısını az öncə təqdim etdi
Könül, “Ədəbiyyat və incəsənət”
Təbii ki, bu sualın cavabını nümayəndəmizin sərgiləyəcəyi mahnını dinləməklə təxmin etmək olar.
“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı bu gün martın 15-i Bakı vaxtı ilə saat 12:30-da Avroviziyanın rəsmi yutub kanalında və İctimai Televiziyanın canlı yayımında təqdim olundu.
Bu mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirir. Mahnının müəllifi bu il ölkəmizi Avroviziyada təmsil edəcək Fahree - Fəxri İsmayılov özüdür. Qeyd olunan vaxtda ictimaiyyətə ilk dəfə açıqlanan mahnı üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles da işləyib.
Qeyd edək ki, mahnının muğam hissəsini “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin finalçısı İlkin Dövlətov ifa edəcək.
Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)
HÜSEYN DƏRYANIN ANIM GÜNÜNƏ - “Nə qədər ki sağsan...”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
ABŞ-da yaşayanda, o vaxt işimlə bağlı ətrafımda gənclər çox olurdu. Və bu gənclərin hamısı rep musiqisini dinləməkdən yorulmurdular. Həmin gənclər, bir gün bir məclisə məni də dəvət etmişdilər. Yeyib-içib, deyib-gülüb ancaq repə qulaq asırdılar. Məclisin ortasında gənclərdən xahiş etdim ki, mümkündürsə bir caz musiqisi tapıb səsləndirsinlər. Elə ki, cazın sədası otağa yayıldı, hamı cibindən çıxardığı telefonla məşğul olmağa başladı. Gördüm ki, aralarında narazılıq edənlər də var. Ayağa qalxıb maqnitafona yaxınlaşdım. Musiqinin səsini azaldıb dedim:
-Dostlar, görürəm ki, cazı xoşlamırsız. Axı rep küçə uşaqlarının mahnısıdır, caz isə yüksək zövqlülər üçündür. Bütün dünyada da belə qəbul olunub. Hansınız mənə izah edə bilər ki, niyə Amerika gənclərinin musiqi zövqü küçə səviyyəsindədir?
Gənclərdən biri bilirsiniz nə cavab verdi? Dedi ki, ser, sən lap atamız evdə bizə söylədiyi kimi danışdın. Caz Amerikada XX əsrdə dəbdə olub və keçmişdə də qalıb. Rep isə XXI əsrin musiqisidir. Küçə musiqisi adlandırılsa da, xalqın içindən gəlib və qısa müddətdə sevilib...
Bu hadisəni niyə xatırladım? Axı bu gün Azərbaycan repçisi Hüseyn Dərynın anım günüdür. Düz on il bundan əvvəl, 2014-cü ilin, mart ayının 15-də haqqa qovuşub. Onun vəfatından bir il, beş ay sonra ABŞ-a köçmüşük. Yəni artıq Amerikaya köçməmişdən qabaq repdən məlumatım var idi...
Hüseyn Dəryayla isə Sumqayıtda, iş adamı Mərdan Seyidbəylinin dəniz sahilindəki kafesində tanış olmuşdum. Hər axşam kafeyə gəlir, özünün bəstələdiyi rep mahnılarını oxuyurdu...
O vaxt onu narkoman sayıb bəyənməyənlərdən biri də mən idim. Amma ABŞ-da görüb tanıdığım repçilərin də narkotikdən istifadə etdiyini görəndən sonra Hüseyn Dəryaya rəhmət oxudum. Narkomaniyanın qurbanı kimi...
Allah Hüseyn Dəryanın günahlarından keçsin, ruhu şad olsun!
Onun bu repi isə ən populyar repi sayılırdı:
Nə qədər ki sağsan,
nə qədər ki vardır
dörd yanında qızlar
keyf elə!
Nə qədər ki pul var,
nə qədər ki keyf var,
nə qədər ki varsan
keyf elə!
Maraqlıdır, nə qədər ki, sağıq, kef edək. Bəs onda qurub yaratmağı, ucalmağı, xeyirxah əməllər eləməyi nə vaxta saxlayaq?
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)
Azərbaycan ilk dəfədir Asiyanın ən böyük TV, yayım və film marketində təmsil olunub
Mədəniyyət Nazirliyi martın 11-dən 14-nə kimi Çin Xalq Respublikasının Honkonq şəhərində keçirilən Beynəlxalq Film və Televiziya Bazarında (FILMART) təmsil olunub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Məlumatda bildirilir ki, Honkonq Ticarət İnkişafı Şurası (HKTDC) tərəfindən təşkil olunan və Honkonq Konqres və Sərgi Mərkəzində keçirilən FILMART Bazarında 41 ölkədən və regiondan istehsal, distribusiya, satış agentləri, xidmət təminatçıları, investorlar və 7300-dən çox sənaye mütəxəssisi iştirak edib.
Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq bu nüfuzlu kino konqresində Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
Tədbir çərçivəsində Azərbaycanın film çəkilişi məkanı olaraq təbliğ olunması, birgə istehsal üçün imkanların araşdırılması məqsədilə müxtəlif ölkələrin film sənayesi nümayəndələri ilə görüşlər keçirilib.
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)
Fazil Mustafa ANARı təbrik edib
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı ANARı doğum günü və qarşıdan gələn Novruz bayramı ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı
Təbrik məktubunu təqdim edir:
“Hörmətli ANAR müəllim,
Sizi doğum gününüz və qarşıdan gələn Novruz bayramı ilə bağlı təbrik edir, möhkəm cansağlığı, iş avandlığı diləyirəm!
Siz Xalq yazıçısı, tərcüməçi, ssenarist kimi zəngin ədəbiyyatımızın, mədəni irsimizin gələnəklərini qayğı-sayğı ilə davam və inkişaf etdirib, ədəbiyyatımızı, ictimai-mədəni həyatımızı, #sənət dünyamızı daha da zənginləşdirmisiniz.
Siz görkəmli ictimai və sənət xadimi, ustad yazıçı olaraq ölkəmizdə, Türk dünyasında sevilir, oxunur, öyrənilirsiniz.
Əsərləriniz bir çox dilə çevrilərək, ayrı-ayrı ölkələrdə yayınlanıb və bu iş günümüzdə də davam etməkdədir.
Siz 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin üzvü seçilmiş, o cümlədən Mədəniyyət Komissiyasının sədri olmusuz. Sizin Mədəniyyət Komissiyasına rəhbərliyiniz dönəmində mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, dil, kinematoqrafiya haqqında və b. vacib qanunlar parlament tərəfindən qəbul edilib.
Siz müstəqil Azərbaycanın yüksək dövlət təltiifləri – “Şöhrət”, “Şərəf”, “İstiqlal”, "Əmək" ordenləri, “Heydər Əliyev Mükafatı”, Prezidentin Fəxri diplomu ilə, bir sıra digər mükafatlarla təltif olunmusunuz.
Sizi doğum gününüz, yaradıcılıq uğurlarınız və qarşıdan gələn Novruz bayramı ilə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına bu gün… “Və bir qadın gəldi”
Könül, “Ədəbiyyat və incəsənət”
Bu müqəddəs cümə günündə, üstəlik, bu müəddəs Ramazan ayında bir savab da teatra getməkdir. Din xadimləri məni qınamasınlar, mədəniyyət insanın dini və imanının da bir xüsusiyyəti sayıla bilər.
Bəs bu cümə günü hansı tamaşaya getmək olar? Mən şiddətlə Dövlət Akademik Rus Dram Teatrına getməyi tövsiyə edirəm. Bu gün orda “Və bir qadın gəldi...” tamaşası oynanılacaq.
Maqsud İbrahimbəyovun romanı əsasında hazırlanan “Və bir qadın gəldi...” tamaşasının premyerası 2022-ci il martın 26 və 27-sində təşkil olunub. Quruluş Maqsud İbrahimbəyov və rəssam Tahir Salahovun xatirəsinə həsr olunub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir. Səhnələşdirmə Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverova məxsusdur.
Tamaşada hadisələr uydurulmuş Buqurda şəhərində XX əsrin 80-90-cı illərində cərəyan edir. Qəsəbənin başçısı seçilən balıqçı Cavanşir sakinlərin rifahının yaxşılaşdırılması istiqamətində aktiv fəaliyyətə başlayır. O, vicdanlı, alicənabdır. Lakin faciəli hadisə - həkimin təsadüfi qətli onun illər ərzində yaratdıqlarını alt-üst edir. Dəhşətli sirlər aşkara çıxır.
Bu sirlər hansılardır?
Lütfən suala cavab tapmaq üçün tamaya baxın.
Şəkildə: Tamaşadan səhnə
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)
Bir sual bir cavab - Faiq Hüseynbəyli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Faiq bəy, həyatın "ərköyün uşaq", "qəddar şah", "amansız düşmən", "deyingən qoca qarı" obrazları ilə qarşılaşanda səbrinizi "qalxan" edə bilirsinizmi?
CABAB:
- Səbr Tanrının adlarından biri kimi iradəmizi təmsil edir. Həqiqəti dərk edən, ədaləti təmsil edən biri kimi şair, qeyd etdiyiniz obrazlarların qarşısında öz fəlsəfəsini ortaya qoyur. Problemlərin həlli yolunu təklif edir. Texnoloji inkişaf qarşısında ekoloqlar yüz il, min il sonra dünyada baş verəcək iqlim dəyişmələrinə qarşı bu gün necə mübarizə aparırlarsa, şairlər də dünənki, bugünkü milli şüuru sabahlara təhlükəsiz şəkildə ötürməkdə görəvli şəxslərdir. Tarixin bəzi məqamlarında şahların vəzirləri, məsləhətçiləri elə şairlər olub. Hətta bu yerdə yenə də şair Şah İsmayılın adını vurğulamaq istərdim. Qılınc və Qələm paralelliyi Dədə Qorquddan, Koroğludan, Şah İsmayıldan bu günümüzə qədər öz aktuallığını qoruyub saxlamaqdadır. "Amansız düşmən"dənsə, mehriban dostluğu, sevgini tərcih edərdim. Qocalıq məhfumunu yaşla əlaqələndirmirəm. İndi o qədər zamanədən gileyli gənclərimiz var ki... Bu bir az da sosial vəziyyət ilə bağlı olsa da, ədəbi yaşantıya çevrildiyi məqamlar da olur.
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)
BİR ŞƏKLİN TARİXÇƏSİ - Bəxtiyar Vahabzadə ilə Çingiz Aytmatovun görüşləri
Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün
Böyük qırğız yazıçısı Çingiz Aytmatov haqqında kitab üzərində işləyərkən bu mütəfəkkir yazıcı haqda eşitdikərimi də yazıya aldım. 1985-ci il oktyabrın 23-ü idi. Həmim gün atamla (dövrünün tanınmış ədəbiyyatşünası İmamverdi Əbilovla - red.) Bakıda idik. Atamın nəsə işi var idi. Telefonla Bəxtiyar müəllimlə - Xalq şairi Bəxtiyar Vahabzadə ilə danışdı və Bəxtiyar müəllim atamı evlərinə dəvət etdi. Axşam onlara gəldik. Bəxtiyar müəllim Çingiz Aytmatovdan danışırdı:
-Çingizə zəng etmişdim. Mənimlə görüşmək istədiyini dedi. Frunzeyə getdim. Onunla görüşərkən məlum oldu ki, Çingiz bir gündən sonra təçili Moskvaya getməlidir. Əvvəlcədən planlaşdırılmayan xariçi səfəri var imiş. Bütün gecəni yatmayıb Çingizlə söhbət etdik..
Bəxtiyar Vahabzadəni tanıyanlar, görənlər bilir. Həyəçanlananda qəfil, ani çəkən əsməsi, titrəməsi olardı. Bütün varlığı bir anlıq titrəyərdi. Bir də qəribə siqaret çəkməyi vardı. Həyəcanlı olanda yandırdlğı siqareti 2-3 nəfəs alandan sonra külqabında söndürər, az qədər keçməmiş yenisini yandırardı. Əgər həyəcanı keçməyibsə həmin siqareti də bir neçə nəfəs alandan sonra külqabında söndürərdi.
Çingiz Aytmatovla görüşündən danışan Bəxtiyar müəllim həyəcanlı idi. Az keçməmiş onun həyəcanının səbəbi bizə də məlum oldu. Bəxtiyar müəllim atama müraciətlə:
-Çingiz Sovet dövlətinin tezliklə çökəcəyini deyir- söyləyib təzə siqaret yandırdı- Cingiz deyirsə, demək, o hadisə baş verəcək...Bunu Çingiz deyirsə, demək nə isə bilir ki deyir....O heç vaxt boşuna söz deməz...Bir də onlarla (Sovet rəhbərlərini nəzərdı tututdu) yaxındı axı...
Təsəvvür edin. 1985-çi il. Sovet dövlətinin mənəm vaxtları. Azərbayçanın böyük şairi Bəxtiyar Vahabzadə o vaxt üçün ağla batmayan söhbət edir. Və o bu sözü ölkənin, yəni SSRİ-nin ən böyük mədəniyyət xadimlərindən biri olan, dünyanın ən böyük yazıçılarından biri kimi dəyərləndirilən Çingiz Aytmatovdan eşidib. Və bu təhlükəli söhbəti ən yaxın doslarından biri hesab etdiyi atama danışır.
...Bəxtiyar müəllim nə qədər həyəcanlıdırsa bir o qədər də ruhən, qəlbən məmnundur. Nifrət etdiyi bir quruluşun tezliklə məhv olacağına tam inanır. Hardasa, əvvəlcədən o günün xöşbəxliyini yaşayan kimi görünür.
...Yenə də Cingiz Aytmatovdan danışır. Kitab dolabının qarşısına Çingizlə Frunzedə çəkdirdiyi şəklini qoyub. Mən şəkli Bəxtiyar müəllimdən istəyirəm. Şəkli götürüb mənə verir. İmzalamasını xahiş edirəm. Onu da edir... İndi olsaydı elə etməzdim, amma o vaxt gənc idim. Bəzən iştəklərim sərhədi keçirdi. Bunu ona görə yazıram ki, Bəxtiyar müəllimdən xahiş edirəm, bu nadir şəklin arxasına adlı (yəni mənim adıma) avtoqraf yazsın. Bəxtiyar müəllim yazır. Amma mənim adımdan əvvəl, özünün dediyi kimi, əqidə dostu olan atamın adını yazır...
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)
Süfrələrində heç zaman haram tikə olmayıb…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Əgər gəlib desələr ki, Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru kimdənsə rüşvət alıb, hətta and içsələr belə, inanmaram. Çünki o, elə bir ailədə böyüyüb ki, həmin ailənin süfrəsində heç zaman haram tikə olmayıb. Atası Çoban kişi öz qabarlı əllərinin zəhməti ilə balalarını boya-başa, ərsəyə çatdırıb...
Bu gün sizə filologiya üzrə fəlsəfə doktoru, dosent Əliş Ağamirzəyevdən söhbət açmaq istəyirəm. O, 15 mart 1973-cü ildə Yardımlı rayonunun Köryədi kəndində dünyaya gəlib. 1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. 1994-1998-ci illərdə hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetini kitabşünas-nəşriyyat redaktoru ixtisası üzrə (bakalavr), 2004-cü ildə isə Bakı Dövlət Universitetinin magistraturasını fərqlənmə diplomu ili bitirib. 2004-2007-ci illərdə Bakı Dövlət Universitetinin nəşriyyat işi və redaktəetmə kafedrasında müəllim, 2007-2019-cu illərdə Bakı Slavyan Universitetində Jurnalistika kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Eyni zamanda 1998-2014-cü illərdə "Mütərcim" Tərcümə, Nəşriyyat-Poliqrafiya Mərkəzində redaktor, icraçı direktor, 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektorunun məsləhətçisi vəzifəsində işləyib. Hazırda dediyim kimi, Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosentidir...
Onu “Mütərcim” nəşriyyatından tanıyıram. O qədər saf adamdır ki, hətta buna şübhə etmək belə insafsızlıq olar. Mehribanlığına, qayğıkeşliyinə də söz ola bilməz. Səbrli və təmkinlidir. Rəftarında o qədər mədənidir ki, kübarlıq iliyinə kimi işləyə bilib, varlığına hopub...
2010-cu ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2018-ci ildən filologiya üzrə elmlər doktoru proqramı üzrə BSU-nun dissertantıdır.
Ali məktəblər üçün 1 dərs vəsaitinin, 3 fənn proqramının, 50-dək elmi məqalənin müəllifi, 2 kitabın tərtibçisidir. Bir sıra beynəlxalq elmi konfranslarda iştirak etmiş, əsərləri Rusiya, Qazaxıstan və Ukraynada çap olunmuşdur.
"Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" və "Kitabşünaslıq və redaktor sənəti" elmi məcmuələrinin redaksiya heyətinin üzvüdür...
Qəribədir, Yardımlı rayonundan indiyədək hər hansı bir ali elm ocağında prorektor vəzifəsinədək çox az adam yüksələ bilib. Səhv etmirəmsə, professor Mircəfər Həsənli Müəllimlər İnstitutunun, professor Telman Vəlixanlı isə Slavyan Universitetinin prorektoru olublar, vəssalam- şüttamam. Əliş Ağamirzəyev bu sırada üçüncü və hələ ki, sonuncudur…
Bu gün Əliş müəllimin doğum günüdür, 51 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.
Çox yaşa, HALAL ADAM!
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)
Şirindil Alışanlının vəfatı münasibətilə başsağlığı
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi tanınmış ədəbiyyatşünas, tənqidçi, professor Şirindil Alışanlının vəfatı münasibətilə başsağlığı paylaşıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, başsağlığının mətnində deyilir:
AMEA Nizami adına Ədəbiyyat İnstitutu "XX əsr ədəbiyyatı" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib (Şirindil Həsən oğlu Alışanov; 28.10.1952, Əhmədli kəndi, Laçın - 14.03.2024, Bakı).
Ünlü Azərbaycan filoloqu Şirindil Alışanlının əsas elmi uğurları humanitar fikrin nəzəri-metodoloji problemləri, çağdaş ədəbi prosesin inkişaf problemləri,
XX yüzil ədəbiyyatının tarixi və nəzəri məsələləri sayılır.
“Romantizm: mübahisələr, həqiqətlər”, “Sözün estetik yaddaşı”,
“Ədəbi-bədii düşüncənin sərhədləri”,
“Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı, “Nəzəri fikrin tarixiliyi və müasirliyi” - professor Alışanlının ünlü əsərlərindəndir.
Uca Tanrı rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)