Super User

Super User

Xəbər tutduq ki, Azərbaycanın xalq rəssamı Arif Hüseynovun rəsmləri Ankarada sənətsevərlərlə görüşür.

Sakuder Akademi İncəsənət Mərkəzində TÜRKSOY-un dəstəyi ilə təşkil olunan rəsm sərgisinin açılış mərasimində iştirak edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının -  TÜRKSOY-un baş katibinin müavini Sait Yusuf mərasimdə çıxışında Arif Hüseynovun təkcə Azərbaycanın deyil, bütün türk dünyasının rəssamı olduğunu vurğulayıb. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına TÜRKSOY-dan xəbər verilib. 

 

Xəbərə görə, Sait Yusuf çıxışının davamında “Türk sivilizasiyasını dünya sivilizasiyaları tarixindən silsək, dünyada sivilizasiyanın adı ilə adlandırıla biləcək heç bir şeyin qalmayacağını” deyib və bildirib ki, onlar TÜRKSOY olaraq Arif Hüseynovun rəsmlərinin sənətsevərlərlə görüşünə öz töhfələrini verməkdən çox məmnundurlar. 

Mərasimdə çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin baş katibi İslam Quliyev TÜRKSOY-un türk dünyasının mədəniyyəti və sivilizasiyası naminə gördüyü işləri yarandığı gündən çox alqışladığını bildirib. 

TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın TÜRKSOY-un baş katibi Sultan Raevə Arif Hüseynovun sərgisi ilə bağlı təbrik və təşəkkür məktubunu oxuyub. 

Fazil Mustafa məktubunda yazıb: "Arif Hüseynov müasir dövrdə türk dünyasının təsviri sənətinin ən mühüm istiqamətlərindən biri olan miniatürün inkişafında mühüm yer tutur. Hüseynov ümumi Türk Mədəniyyəti və incəsənətinin Estetik dəyərlərini müasir toxunuşlarla şərh edir və onları öz sənətində əks etdirir”.

TÜRKSOY-un baş katibi Sultan Raev “80-ci ilində Novruz naxışları fərdi sərgisi” adlı bir kitabça üçün yazdığı ön sözdə qeyd edib: “Arif Hüseynovun rəsm sənətini qədim türk miniatür ənənəsi ilə qarışdırdığını və müstəsna əmək sərf etməklə xüsusi bir cərəyan yaratdığını söyləmək mübaliğə olmaz."

O, öz sətirləri ilə Arif Hüseynovun yaradıcılığının innovativ tərəfini vurğulayıb və qeyd edib ki, Hüseynovun 80 yaşı tamam olub. O qeyd edib ki, onun doğulduğu ili TÜRKSOY ailəsində böyük məhəbbətlə qeyd ediblər. 

Açılış mərasimində eksklüziv müsahibəsində Arif Hüseynov rəsmlərinə hörmət göstərən Ankara sənətsevərlərini salamladığını bildirib və deyib: “Mən sənətimlə Azərbaycandan yola çıxaraq bütün türk dünyasına hizmət etməyə çalışıram".

Rəssamın 80 yaşı tamam olur. Ankara sənətsevərlərinə doğum ilinə həsr olunmuş "Novruz naxışı" sərgisində təqdim olunan Novruz mövzulu rəsmlər Novruzun istiliyini və bu qədim türk bayramına aid ikonaların sənətkarın nöqteyi-nəzərindən şərhini ehtiva edir. Sərginin açılışında ənənəvi Novruz mərasimləri də nümayiş olundu, səməni, bayram təamları, yumurta döyüşdürülməsi…

Tədbir rəssam Arif Hüseynovun 80 illiyinə həsr olunub. Doğum Günü münasibətilə TÜRKSOY baş katibinin müavini Sait Yusuf rəssamı təşkilatın 30 ili medalı ilə təltif edib. 

Mərasim fortepiano dinləməsi və Azərbaycan xalq mahnılarının canlı ifası ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

 

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb.

Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

“Ədəbiyyat və incəsənət” portalı Prezident İlham Əliyevin təbrikinin mətnini diqqətinizə çatdırır:

 

Əziz bacılar və qardaşlar.

Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.

Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.

Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Keçən ilin Novruz bayramı təbriklərimdə mən bu barədə danışmışdım və təəssüf hissimi bildirmişdim ki, İkinci Qarabağ müharibəsindəki onların məğlubiyyəti onlara dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası Azərbaycan xalqının iradəsinə ziddir.

Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik.

Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.

Biz iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Təbii ki, əsas vəzifəmiz torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq bizim əsas vəzifəmizdir. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi elə bir #gəncnəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz bütün şəhidlərimizin, günahsız #Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən #xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsi idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “ZəfərMeydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır.

Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Nəticə etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Hesab edirdilər ki, bu torpaqları işğal altında əbədi saxlaya biləcəklər. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.

Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Bax, arxadakı bina Vilayət Partiya Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Həsən Məcidov idi. Onun yanındakı bina 1970-ci illərdə inşa edilmişdir, Vilayət İcraiyyə Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Nəsrullah Kəngərli idi. Bu bina isə o vaxt mehmanxana kimi inşa edilmişdir. Ondan sonra ermənilər onun xarici görünüşünü dəyişdirmişdilər. İndi bu binanın əzəli siması ona qaytarılır və bu mehmanxananın müəllifi Azərbaycan memarı Ənvər Qasımzadə idi.

Bax, təkcə bu misallar onu göstərir ki, bu şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Bu binalar bizim tarixi sərvətimizdir. Onlar qorunur, qorunacaq və gördüyünüz kimi, indi əsaslı təmir edilir. Durduğum yerdə isə separatçılar qondarma parlament binası inşa etmişdilər. Gördüyünüz kimi, artıq burada heç bir bina yoxdur. Bu, azmış kimi, onlar elə Şuşada ikinci parlament binasını inşa etməyə çalışırdılar, onun inşa işləri başlamışdır, amma çatdıra bilməmişlər və o bina söküldü. O binanın yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri fevralın 26-da başlamışdır.

Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqakı da son təmizləmə işlərini görür.

Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.

Mən bir daha əziz xalqımı qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

 

Bu gün məşhur xanəndə Xan Şuşinskinin anım günüdür. Bu barədə Milli Məclisin Mədəniyyət Komitəsi sosial mediada paylaşım edibdir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, paylaşımda deyilir:

 

Azərbaycanın Xalq artisti, Azərbaycan muğam sənətinin korifeyi, xanəndə 

Xan Şuşinskinin vəfatının 45-ci ildönümüdür (İsfəndiyar Aslan oğlu Cavanşir; 20.08.1901, Şuşa – 18.03.1979, Bakı).

XanŞuşinski hələ 16 yaşındaykən, ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi bir məclisdə təbrizli xanəndə Əbdülhəsən Xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz tərzdə ifa edib; məhz bu ifasına görə müəllimi ona "Xan Şuşinski" adını verib. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub. 

XX yüzilliyin 20-ci illərində Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirməyə başlayıb. 

Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirib. Bundan sonrakı illərdə o, böyük ün qazanıb, bir çox ölkədə qastrol səfərlərində olub. 

Təsadüfi deyil ki, Səməd Vurğunun ünlü "Azərbaycan" şeirində də sənətkarın adı keçir:

 

"Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan;

Axşam üstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi".

 

Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni çalarlar aşılayıb.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən "Zaqafqaziya xalqlarının I İncəsənət Olimpiadası"nda böyük uğur qazanaraq, birinci mükafata layiq görülüb. O, digər şəhərlərdə, ölkələrdə keçirilən sənət yarışmalarında, konsertlərdə, digər mədəniyyət tədbirlərində də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə təmsil edib.

1943-cü ildə sənətkara Azərbaycanın Xalq artisti fəxri adı verilib. 

Xan Şuşinski 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Muğam studiyası" yaradıb, burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib.

O, həmçinin Asəf Zeynallı adına Musiqi Məktəbində (indi Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində) dərs deyib, muğam ifaçılarının yeni nəslini yetişdirib. 

Xan Şuşinski əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Bu baxımdan, onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub. 

Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. - O, Üzeyir bəy Hacıbəylinin "Qara göz" mahnısının ilk ifaçısı olaraq, həmin mahnını yüksək zövqlə oxuyub, dillər əzbəri edib. 

(Xan Şuşinski Üzeyir bəydən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib).

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən günümüzə yalnız 240 dəqiqəlik lent yazısı qalıb...

Sayğılarla anırıq.

Ruhu şad olsun.

 

Azərbaycan Respublikası

Milli Məclisinin Mədəniyyət Komitəsi

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Həsrətin araya atdı, dağ, dərə,

Sönən işıq oldun, batan səs oldun.

Qayıt, mənim gülüm, qayıt bu yerə,

Ey mənim istəyim, nə gəlməz oldun? 

 

Ümidlər, arzular pərən-pərəndir,

Qəlbə təsəllidir xatirələrim.

Bir halımı soruş, könlümü dindir,

Axşamlar yadıma düşür səhərim. 

 

Qayıt, mənim gülüm, yerbəyer elə

Dərdli səhərləri, gecələri sən.

Çaşıb başqa yolla keçirəm elə,

Düz öz qaydasınca küçələri sən. 

 

Qayıt, yerinə qoy Ayı, Günəşi,-

Yenə olduğu tək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, səhmana sal bu kainatı 

 

Bu gün klassik Azərbaycan poeziyasının seçilən simalarından biri olan, "Qaytar ana borcunu:, "Qayıt", "İki sevgi" kimi şeirləri ilə Azərbaycan poeziyası tarixinə öz möhürünü vurmuş şair, nasir, dramaturq, tənqidçi, tərcüməçi Əli Kərimin doğum günüdür. 

 

Əli Kərim 1931-ci il mart ayının 18-də  Göyçayda fəhlə ailəsində anadan olmuşdur.  1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olsa da, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçmişdir. 3-cü kursdan isə təhsilini Moskvada, Maksim Qorki adına  Ədəbiyyat İnstitutunda davam etdirmiş və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib Bakıya qayıtmışdır. 

Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinə rəhbərlik etmişdir.

İlk mətbu əsəri 1948-ci  ildə “Azərbaycan pioneri” qəzetində dərc olunmuş “Təzə müəllim” şeiri olmuşdur.

Fəal ədəbi yaradıcılıqla məşğul olan şairin "İki sevgi”, “Həmişə səfərdə”, “Qızıl qanad”, “Qaytar ana borcunu”, “Uşaqlar və ulduzlar”, “Səfərdən sonra” , “Tənbəl ayı balası” , “Seçilmiş əsərləri. I cild”, “Seçilmiş əsərləri. II cild”, “Pillələr”, “Gül və çörək”, “Qız və kəpənək” , “Qayıt”, “Mavi nəğmənin sahilində”, “Neyləyim, şeirlə dərd söyləyirəm”, “Nə xoşbəxt imişəm bir zaman, Allah!”, “Metronun yaylı qapıları” və s. kitabları nəşr olunub. Sözlərinə “Nə gəlməz oldun”, “Yar gəldi”, “Azərbaycanım mənim”, “Nə xoşbəxt imişəm bir zaman, Allah!” kimi sevilən nəğmələr bəstələnilib. 

 

1958-ci ildə Elza xanımla ailə həyatı quran Əli Kərimin bu izdivacdan Paşa, Azər və Orxan adlı 3 oğlu dünyaya gəlir.

Qanında başlayan laxtalanma səbəbi ilə ürəyi şairə narahatlıq verir. Lakin o, “kiçik oğlum mənsiz yatmayacaq” deyərək xəstəxanaya getməkdən imtina edir. 1969-cu il iyunun 30-da onu dilə tutub həkimə aparırlar. Və o,  elə həmin gecə xəstəxanada dünyasını dəyişir. Rəsul Rza çox çalışsa da, onun fəxri xiyabanda dəfn olunması üçün icazə ala bilmir. Şair doğulduğu  Göyçayda torpağa tapışırılır. 

Söhbətin bu yerində sizi Əli Kərim yaradıcılığının ən unudulmaz, ən ölməz misraları ilə baş-başa buraxıram. 

 

İKİ SEVGİ

 

Gözəl qız, sən saf susan,

İki qəlb arzususan.

Mən səni sevirəm

Sususzluğun od vurub köz kimi yandırdığı

dodaq su sevən kimi.

O isə səni sevir

rahatca bardaş qurub,

– Kabab üstdən sərin su pis olmaz – deyən kimi

Gözəl qız, sən işıqsan,

Yurduma yaraşıqsan.

Mənsə səni sevirəm

iynənin ucu boyda

İşığa həsrət qalan göz işıq sevən kimi

O isə səni sevir

Bir şən mağarda, toyda,

İşıqlardan yaranmış yaraşıq sevən kimi.

Danış, ucalsın səsin,

Qısılmasın nəfəsin.

Mən ki səni sevirəm

Bakıdan, Daşkəsəndən

Gələn bir səda kimi,

Səs kimi,

Qüdrət kimi

O isə səni sevir,

Gizli deyil ki səndən,

Bir otaq küncündəki qəmli sükunət kimi.

Bu mən, bu o, bu da sən,

De görək nə deyirsən!

Amma yaxşı fikir ver bu iki məhəbbətə.

Daha heç nə demirəm

Nöqtə, nöqtə və nöqtə.

 

O QIZA

 

Axtarıram mən səni,

Arayıram mən səni.

Soruşuram gözümlə ötüb keçəndən səni,

Axtarıram kitabda, arayıram həyatda.

Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda,

Sənin təhsilin nədir, sənin yaşın neçədir?

Aladırmı gözlərin, qaradırmı, necədir?

Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,

Qoy qara xalın olsun həsrətimin nöqtəsi!

Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən;

Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən.

Kamal ol ki ömür bir şən nümayiş deyil,

Mənalı yaşamaqsa çox da asan iş deyil.

Ağıl da öz yerində. kamal da öz yerində.

Bir gözəllik də görüm mənalı gözlərində.

Kimə, niyə baxıram təkcə səni andırır.

Ürəyimdə sözüm var, ürəyimi yandırır.

O elə bir sözdür ki, dosta. yada deyilməz.

Anadan əziz nə var, anaya da deyilməz.

Əllərimi göynədir saçlarının həsrəti.

Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti.

İşdir üz-üzə gəldik… Onda məndən utanma,

Ürəyindən keçəni nə gizləmə, nə danma

Gizləmə ki, danma ki, gedər hərə bir yana;

Qoyma canım od tutub yana, ömürlük yana.

Səni harda axtarım? De nəçisən? De kimsən?

Tez ol, görün, tez ol gəl, axtarıram səni mən!

Gözümdə, könlümdə qəm,

Yollarına bitmişəm.

İlk baharı gözləyən cavan bir ağac kimi.

Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.

 

 

NƏ XOŞBƏXT İMİŞƏM BİR ZAMAN, ALLAH

 

Nə xoşbəxt imişəm bir zaman, Allah,

Xəbərim olmayıb bu səadətdən.

Nə xoşbəxt imişəm,

nə xoşbəxt,

xoşbəxt!

Bu gün eşitmişəm bunu həsrətdən.

Niyə yazmamışam o zaman, Allah,

Əlimə qələm də gəlməyir indi.

De, niyə aradan küləklər əsir?

Aramız, de, niyə belə sərindir?

İçdiyim o su da səadət imiş,

İşə getməyim də, qayıtmağım da.

Ona baxmağım da xoşbəxtlik imiş,

Onu yuxusundan ayıltmağım da.

Dünya başdan-başa səadət imiş,

Mənsə bu dünyanın qoynundayammış, 

 

Dünya fırlanırmış sevinc gücüylə,

Bəs indi nə olub belə dayanmış?

Göylər səadətin çətiri imiş,

Torpaq da səadət məhvəri imiş.

Gecələr toranlı vüsal məskəni,

Hər səhər,

ruhumun səhəri imiş.

Dilin quruyaydı sənin, ay həsrət,

Sən bu gün könlümü tarımar etdin.

Ya bunu vaxtında deyəydin mənə,

Ya da ki lal olub heç dinməyəydin.

Dünya başdan-başa səadət imiş,

Görəsən, heç bir də olarmı yenə?

Dünya başdan-başa nə imiş dedin?

Dünya başdan-başa nə imiş, de nə?

 

 

ATAMIN XATİRƏSİ

 

O sərt idi. Səhər dərsə tələsəndə mən

Bildirməzdi yolda durub boylandığını.

Bircə dəfə söz açmazdı qəlbindəkindən,

Söyləməzdi övlad üçün çox yandığını. 

 

Gizli-gizli məni süzüb gülərdi bəzən

Durub-durub güc gələrdi əyri qəlyana.

Övladına bircə dəfə "can" söyləməkdən

Övlad üçün can verməyi daha asandı ona. 

 

Əməksevər. ağır, enli, cod əli vardı,

Tale kimi endirərdi çiynimə hərdən

Sərt üzünə bircə anlıq səhər doğardı

Bilməzdim ki, hansı nurlu düşüncələrdən. 

 

Sevgisi də soyuq idi - təzə əkini

Hər bəladan hifz eləyən qar kimi.

Moskvada oxuyurdum,

Tərk etdi məni.

Gələn kimi bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə. Gah deyib ki mən

Qoy bilməyim

O utanıb öz ölümündən

Ah, o niyə belə etdi, bu nə qubardı?

Nə zamansa bu nişanda bir atam vardı.

 

 

*

Bəzən haqq qazanır insan öləndə,

Hətta unudulur ağır günahı

Hamıya dərd olur cavan getməyi,

Oduqca az görüb, az yaşamağı… 

 

Deyirlər:”bilsəydik, ayıq olardıq

Onu qoyardıqmı heç gözdən iraq?

Hər bir dərdinə də çarə tapardıq,

Nə bilək, o belə az yaşayacaq?” 

 

Eh! Bu gün nə qədər xəyala daldım,

Eh! Qəlbim nə qədər alışdı, dindi.

Sən mənim qədrimi biləsən deyə

Bu cavan yaşımda ölümmü indi?

 

 

İLK GÖRÜŞ

 

Nə vaxt görüşmüşük?

Harda? Nə zaman?

Doğrusu, elə bil yadımdan çıxıb.

Təbəssüm səhəri doğdu üzündən,

Dayandın ehmalca əlimi sıxıb. 

 

Sözlərin qırıldı, töküldü bir-bir;

Çırpdı divarlara, daşlara külək.

Kəlmələr dağıldı sahil boyunca

Yorulmuş bir gülün ləçəkləri tək. 

 

Əynində sevincdən biçilmiş ağ don,

Gözündə çaşqınlıq ala-toranı.

Əllərin qonmağa bir yer tapmadı,

Sındırdın az qala barmaqlarını. 

 

Sonra da gözlərin sirli söhbəti:

- Sevirsən?

- Sevirəm.

- Hər zaman?

- Hər an!

Sonra da dillərin şirin yalanı:

- Sevmirsən?

- Sevmirəm?

İndi o vaxtdan: 

 

Saatlar,

həftələr, illər ötüşür.

Amma o ilk görüş yaşayır hələ.

Qocalmır, zamana yanıqlar verib,

Yaşayır hər yeni görüşümüzlə. 

 

İlk görüş yox olsa, yox olub gedər,

Dönər bir heçliyə görüşlərimiz...

Görüşlər hamısı vərdişə dönər,

Bəlkə bir saatda qocalarıq biz. 

 

Hər yeni görüşlə ilk görüş gəlir,

Bütün görüşlərə nur səpir bir-bir.

İlk görüş həmişə arxada deyil,

İlk görüş bəzən də gələcəkdədir.

 

 

QAYTAR ANA BORCUNU

 

Bir gözəl, bir sevimli oğul böyütdü ana.

O bəd, uğursuz günü – ərinin öldüyünü

Bildirmədi heç ona.

Kədəri dalğa-dalğa doldusa da ürəyə

Lakin nə saç yolaraq verdi əsən küləyə,

Nə şivən etdi ana.

Ürəyində ağlayıb, gülmək öyrətdi ona,

Dözərək davanın da dərdinə, bəlasına,

Öz boğazından kəsib yedirdi balasına…

Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə.

Bir oğul böyütdü ki, oğul deyirəm sənə:

Atlını atdan salıb küləklərlə ötüşür.

Baxışından qızların ürəyinə od düşür.

Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,

Oğul instituta qızıl medalla girdi.

Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”

Ana yuxularında tez-tez Bakıya getdi,

Ana məktub yazdı ki: “Yanıltma gümanımı,

Pul nədir, pul deyirsən, göndərərəm canımı”.

Nə zaman ki oğlunun getdiyi dörd il oldu,

Məktubları kəsildi, gəlmədi tətil oldu,

Ananı fikir aldı, ananın əsdi dizi

Ana müqəssir etdi, tramvayı, dənizi.

O yenə dözdü, durdu… O yolmadı saçını,

Səsləri qonşuları Əsmər, Çiçək bacını.

Yenə də azalmadı ürəkdən bala dərdi

Onlar oğul vermədi, onlar təsəlli verdi.

Məktub məktub dalınca axdı, Bakıya xdı,

Ana da məktubların dalınca baxdı, baxdı…

Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,

Məktublar əzik-üzük, məktublar bezdi gəldi,

Ana yenə də baxdı gah dolama yollara,

Gah da oğul boyuna həsrət qalan qollara.

Ana oğul böyütdü gur, çatmaqaş, gensinə,

Ana oğul böyütdü, özgəyə qismət oldu.

Ana fikirləşdi ki, mən neyləmişəm sənə?

Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?

Oğul böyütdümü o büzmədodaq bir qıza?

Oğul böyütdümü o. min işvəyə, min naza?

Ana bilsəydi əgər böyütməzdi oğlunu,

Yox, bunu yandım dedim, yenə atmazdı onu.

Bir gözəl, bir sevimli oğul böyütdü ana,

Ürəyində ağlayıb gülmək öyrətdi ona.

Oğul! Nədir etdiyin bəs bu haq-say üçün?

Qaytar onun ömrünə neçə gecə, neçə gün!

Qaytar onun saçının qaralığını geri.

Qaytar o dilindəki şirin-şirin sözləri!

O sözü, o söhbəti gülüşü anan verib,

Ana dodaqlarından bala dodaqlarına.

İndi ondan gen gəzən oğul, ayaqlarına

Yerişi anan verib.

Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,

Qaytarsan o yerişi, yerindəcə qalarsan.

Qaytarsan o gülüşü hırıldamazsan daha

Qaytar, qaytar onları. qaytar qoyma sabaha!

Sən ki dərd verdin, oğul, sənə gülüş verənə.

Oğul demərəm sənə!

Deyirəm ki, o boyu, buxunu qaytar geri!

Deyirəm ki, varını, yoxunu qaytar geri!

Qaytar onun borcunu,

Gülüşünü, adını, sözünü qaytar geri!

Qaytar ana borcunu,

O borc sənin özünsən, özünü qaytar geri!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bəli, Hollivuddakı - daha dəqiq desək, Los-Ancelesdəki Dolbi Teatrında keçirilən Amerika Kino Akademiyasının ali mükafatı olan “Oskar”ın 96-cı təqdimetmə mərasimindən tam bir həftə keçdi. İsti-isti fikir söyləmək, seçimin obyektiv olub olmadığını bilgiləndirmək bir az çətindir, amma indi tam düşünəndən sonra bir kinoman kimi rəy söyləmək, seçimi qiymətləndirmək mümkündür. 

 

Təbii ki, hamınız gözəl bilirsiniz, “Oppenhaimer” filmi 7, “Zavallılar” isə 4 “Oskar” qazandı. Qeyd edək ki, ”Oppenhamier” (Oppenhaymer) filmi 13, “Zavallılar” (Poor Things) 11, “Çiçəkli ayın qatilləri” (Killers of the Flower Moon) 10, “Barbi” (Barbie) 8, “Maestro” (Maestro) filmi isə 7 kateqoriyada namizəd idi.

 

OSKAR QALİBLƏRİ

ƏN YAXŞI FİLM

Oppenheymer (Oppenheimer)

 

ƏN YAXŞI REJİSSOR

Kristofer Nolan – Oppenheymer (Christopher Nolan – Oppenheimer)

 

ƏN YAXŞI  ORİJİNAL SSENARİ

Yıxılmağın anatomiyası (Anatomy of a Fall) – Justine Triet, Arthur Harari

 

ƏN YAXŞI ADAPTASİYA OLUNMUŞ SSENARİ

Amerika ədəbiyyatı (American Fiction) – Cord Jefferson

 

ƏN YAXŞI AKTYOR

Killian Mörfi – Oppenheymer (Cillian Murphy – Oppenheimer)

 

ƏN YAXŞI AKTRİSA

Emma Stoun  – Zavallılar (Emma Stone – Poor Things)

 

XARİCİ DİLDƏ ƏN YAXŞI FİLM

Maraq dairəsi – Böyük Britaniya (The Zone of Interest) – Rejissor: Jonathan Glazer

 

İKİNCİ PLANDA ƏN YAXŞI AKTYOR

Robert Dauni Jr. – Oppenhaymer (Robert Downey Jr. – Oppenheimer)

 

İKİNCİ PLANDA ƏN YAXŞI AKTRİSA

Devayn Coy Randolf – Tərk edilmişlər (Da’Vine Joy Randolph – The Holdovers)

 

ƏN YAXŞI MUSİQİ

Oppenheymer (Oppenheimer) – Ludwig Göransson

 

ƏN YAXŞI MAHNI

Mən nə üçün düzəldilmişəm – Barbi (What Was I Made For? – Barbie) – Billie Eilish, Finneas O’Connell

 

ƏN YAXŞI ANİMASİYA FİLMİ

Oğlan və quş (The Boy and the Heron) – Hayao Miyazaki, Toshio Suzuki

 

ƏN YAXŞI QISAMETRAJLI ANİMASİYA FİLMİ

Müharibə bitdi (War Is Over! Inspired by the Music of John & Yoko) – Dave Mullins, Brad Booker

 

ƏN YAXŞI SƏNƏDLİ FİLM

Mariupolda 20 gün (20 Days in Mariupol) – Mstyslav Chernov, Michelle Mizner, Raney Aronson-Rath

 

ƏN YAXŞI QISAMETRAJLI SƏNƏDLİ FİLM

Sonuncu təmir mağazası (The Last Repair Shop) – Ben Proudfoot, Kris Bowers

 

ƏN YAXŞI QISAMETRAJLI FİLM

Henri Şuqarın (Şəkərin) möhtəşəm hekayəsi (The Wonderful Story of Henry Sugar) – Wes Anderson, Steven Rales

 

ƏN YAXŞI TƏSVİR REJİSSORU

Oppenheymer (Oppenheimer) – Hoyte Van Hoytema

 

ƏN YAXŞI RƏSSAM

Zavallılar (Poor Things)

 

ƏN YAXŞI MONTAJ

Oppenheymer (Oppenheimer) – Jennifer Lame

 

ƏN YAXŞI SƏS HƏLLİ

Maraq dairəsi – Böyük Britaniya (The Zone of Interest) – Tarn Willers, Johnnie Burn

 

ƏN YAXŞI GEYİM RƏSSAMI

Zavallılar (Poor Things) – Holly Waddington

 

ƏN YAXŞI QRİM VƏ SAÇ STİLİ

Zavallılar (Poor Things) – Nadia Stacey, Mark Coulier, Josh Weston

 

ƏN YAXŞI VİZUAL EFFEKTLƏR

Qodzilla minus bir (Godzilla Minus One)

 

“Oppenheymer”in triumfu əlbəttə ki, gözlənilən idi, bir ilə yaxındır ki, hamı bu filmdən danışırdı. Kristofer Nolan macəranı, fantastikanı, ekşnı və dramı sintez edərək 3-cü minilliyin tələbinə uyğun film təklif edib, bu film kinoprakatın ikinci həftəsində bir milyon dollar gəlir zirvəsini aşaraq öz ambisiyasını ortaya qoymuşdu. 

Bununla belə, az qala bu filmlə dabanbadaban “Çiçəkli ayın qatilləri” filmi gedirdi. Martin Skorzesenin epik kriminal dramı, o filmdəki baş rolu da dünyaşöhrətli aktyor Leonardo di Kəprio oynayırdı, axı həqiqətən də maraqlıdır, tamaşaçını axıradək həyəcan içində saxlayır. 

Birinci Dünya Müharibəsindən sonra Ernest Berkhart böyük "oseyc" hindu qəbiləsi rezervasiyasının olduğu Oklahomaya gəlir. Bu ərazilərdə "Kral" ləqəbli əmisi Uilyam Heyl yaşayır. O, torpaq sahibi, maldar, hinduların dostu və böyük insandır. Kral Ernesti zəngin hindu ailəsindən olan Molli Kayl adlı gənc qadınla evlənməyə razı salır. İdeya budur ki, bu ailənin torpaq hüquqları nəhayət Burxarta keçəcək və bunun üçün sadəcə Mollinin anası, bacıları və özü ölməlidir…

Başgicəlləndirici bir ssenari. 

Xatırladım ki, ABŞ Milli Kino Tənqidçiləri Şurası tərəfindən keçirilən müsabiqədə “Çiçəkli ayın qatilləri” ilin ən yaxşı filmi seçilmişdi. Bu ekran əsərinin rejissoru Martin Skorzese isə “Ən yaxşı rejissor” mükafatının sahibi olmuşdu. 

Və nominasiyalarda da 13 nominasiyalı “Oppenheymer”ə 10 nominasiyalı “Çiçəkli ayın qatılləri” elə də çox uduzmurdu. Amma o film 13-dən 7 qazandı, bu isə 10-dan 0. Necə oldu? Bir kəlmə ilə deyim, ədalətsiz, qeyri-obyektiv bir yekundur bu, mən deyərdim ki, kino zövqünün tənəzzülü də deyil, sadəcə, Skorzesedən alınan bir intiqamdır. Tək ondanmı?

Yaxşı, filmə və rejissora Oskar verilmədi, bəs necə oldu ki, ən yaxşı kişi roluna görə Di Kəpriosa mükafat ala bilmədi? Filmdə rol almış Lili Qladstoun birmənalı olaraq ən yaxşı qadın rolu ifaçısı hesab edilirdi. Amma o da mükafatsız qaldı. İndi lap təəccüblüsü: ən yaxşı ikinci kişi rolu nominasiyasında çağdaş dünya kinosunun bir nömrəlisi Robert de Nironun qalibiyyətinə hətta lisey və kollec uşaqları da şübhə etmirdi. Amma o da mükafatsız qaldı. 

Təkrar edirəm, 10 nominasiyada mükafata iddialı “Çiçəkli ayın qatılləri” bircə Oskar belə qazana bilmədi. 

Niyə? Səbəbini araşdırmağa çalışacağıq. 

Daha ətraflı növbəti yazılarımızda.

 

Şəkildə: cəzalanan filmdən kadr.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Monday, 18 March 2024 17:00

POETİK QİRAƏTdə Dəmir Çeşməli

Poetik Qiraətdə bu gün sizlərlə şair Dəmir Çeşməlinin redaksiyamıza ünvanladığı yeni şeirini təqdim edirik. Klassik şeir üslubunda, məşhur şikayətnamə qəlibində yazılmış şeir “Dünya” adlanır. Şairin gəldiyi qənaət (Yoxunam, heçinəm dünya) hardasa həyatın vəfasızlığını isbatlamaqdır. 

 

 

DÜNYA

 

Yüküm farmaşa yığılı,

Südüm obaşdan sağılı.

Bu da bir Dünya nağılı,

Bir sürü köçünəm, dünya.

 

İçi çömçəsiz qazanam,

Dərdimi özüm yazanam?

Gəldi- gedər bir ozanam,

Beşinəm- üçünəm, dünya.

 

Əsən küləyin, yelinəm,

Başı buraxma dəlinəm.

İçinnən çıxma çölünəm

Çölünəm- içinəm, dünya.

 

Varıydım, varın bilirdin,

Gül üstə qarın bilirdin,

Korunu karın bilirdin,

Yoxunam, heçinəm dünya.

 

(Bakı- 2024, mart)

 

Ədəbiyyat və incəsənət”

(18.03.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə gənc şair Nemət Kamranın şeirlərini təqdim edirik. 

 

Nisbilik

 

Xoşbəxtlik andır,

Bədbəxtlik isə zaman.

 

 

Kimyəvi reaksiya

 

Partlayışa hazır ən xırda zərrəcik -

məişət qayğılarının sıxdığı insan.

 

 

Saatlar

 

Uzunçuluğa hövsələm qalmayıb,

Cansıxıcıdır saatlar.

Necə də dəyərli imiş, sən demə,

qısa cümlələr,

qısa sevgilər,

qısa həyatlar.

 

 

İsinmə hərəkətləri

 

Əsgər idik,

İdmanda iki qol arası seyrəlməyi öyrəndik

bir-birimizə toxunmamaq üçün.

Praktikamız isə çətin keçdi.

Haradan biləydik,

Mülkidə iki qol arası ayrılmaq var imiş

sevdiklərimizdən.

 

 

Sıra hazırlığı

 

Qarışqalar buğda dənlərini daşıyırdılar

təntənəli marşla.

 

 

Quş dili

 

Göyərçinlər doluşmuşdu

            təzə şumlanmış əkin sahələrinə.

Sanki bununla demək istəyirdilər -

            "Sülh əməkdən başlayır".

 

 

Tibbi sığorta

 

"Heç kim keçmişinə görə sığortalanmayıb"

            - dedi tibb bacısı.

"Bağışlayın, mənəvi yaralarınızı

            biz sağalda bilmərik".

 

 

Təsadüflər və determinizm

 

Xoş təsadüflərə ehtiyacım var.

Universitet bufetində baxışdığım qızla

qarşılaşmalıyam kafelərin birində,

            ya da kitab sərgilərində.

Sevdiyim mahnıları eşitməliyəm

            manatlıq taksilərdə.

Heç nəyə marağım olmayanda

            zəng etməlidir köhnə bir dost,

Görüşməliyik hərdən.

Xoş təsadüflərə ehtiyacım var,

Buralar isə olduqca deterministdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Rəsm qalereyası: Aytac Suanverdiyeva, “Kişi portreti”

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ayın 16-sı qeyri-iş gününə düşdüyündən, mən də 16 mart yazısını 18 martda təqdim etməli oluram. Qəhrəmanım kasıb bir ailədə doğulub boya-başa çatıb. Ailənin ehtiyacı o qədər böyük olub ki, on yaşında işləməyə məcbur qalıb, evə maddi kömək etməyə çalışıb.  Bu acı təcrübə onu bacarıqlı bir insan kimi yetişdirə bilib. Və bu bacarıqla o, həyatda çox şeyə heç bir arxa-dayağı olmadan nail olub...

 

Martın 16-cı günü dünyaya bir sıra görkəmli şəxsiyyətlər bəxş edib. Ümumiyyətlə, bu tarixdə dünyaya gələn insanların arasında oxşar xüsusiyyətlər çoxdur. Bu gün sizə martın 16-da anadan olan iki insan haqqında söhbət açmaq istəyirəm;

Onlardan birincisi Ceyms Medisondur. 1751-ci il martın 16-da ABŞ-ın Virciniya ştatının Port-Konuey yaşayış məntəqəsində varlı plantator ailəsində dünyaya gəlib. Boyu 1 metr, 62 santimetr olan Ceyms Medison parlaq düşüncəli, dəmir iradəli, kübar bir şəxsiyyət idi. 1809-cu ildən 1817-ci ilədək Amerika Birləşmiş Ştatlarına rəhbərlik edib, ABŞ-ın 4-cü prezidenti olub...

Ağalar İdrisoğlu isə Ceymsdən yüz doğsan doqquz il sonra- 1950-ci ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Azərbaycan yazıçısı, dramaturqu və rejissorudur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür...

Bu insanları təkcə doğum günləri birləşdirmir. Həm də iti zəka, duyğusallıq, dərin təfəkkür, əzmkarlıq hər ikisinə də məxsus olan xüsusiyyətlərdəndir. Ən böyük oxşarlıqları isə daim hərəkətdə olmaq, cəmiyyətə fayda vermək xüsusiyyətləridir...

Nə isə, Ceyms Medison uzaq keçmişdə qaldı. Bu gün bizimlə eyni dövrdə yaşayan, yazıb yaradan Ağalar İdrisoğluya Allah Ceyms Medisondan da çox müsbət xüsususiyyətlər bəxş edib, sadalamaqla bitməz. Heç sadalamaq istəmirəm də. Çünki dostları bu xüsusiyyətlərini çoxdan kəşf ediblər...

Bəli, martın 16-sı gözəl günlərdən biridir, Novruz bayramına saylı günlər qalır. Bu ərəfədə dünyaya gələn insanlar da gözəl olurlar...

Hörmətli Ağalar müəllimin ad günündən  xəbər tutub qələmə aldığım bu kiçik təbrik yazısı qoy onun 74 yaşına SÖZ ərmağanım olsun!

Yeni yaşı mübarək!

 

Şəkillərdə: Yox, qapaq şəklindəki Ceyms Medisondur. Ağalar İdrisoğlu bax burada, iç fotodadır.  

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Monday, 18 March 2024 13:15

Günün fotosu: Hamus möcüzəsi

Günün fotosu: Hamus möcüzəsi

 

Təqdim etdi: Əkbər Qoşalı

 

Qardaş Türkiyədə - Hamus çayında (Osmaniyə) sular çəkilincə ortaya çıxan mənzərə: 

SU İÇƏN ƏSGƏR qayası!.. 

Doğa hadisəsimi, yoxsa, qaya insan əliyləmi şəkillənib? - qəti fərq etməz.

MÖHTƏŞƏMDİR!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.