Super User
“Həyatda pulla alına bilməyəcək şeylərin siyahısı getdikcə daralır” - Hümbət Həsənoğludan 10 aforizm
“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizmi təqdim edir.
1.İnsan həyatını adiləşdirən - vərdişlərdir, hər gün yeniləşməyə cəhd et.
2.Yalnız özün haqda düşündükdə özünlə tək olursan.
3.Alət ustanın əlində sevinər.
4.Vaxtında narahat olmasan, rahatlıq tapmazsan.
5.Sonda dostluğunda tək Allah qalıbsa, deməli, həyatı düzgün dərk etmisən.
6.Yaltağın arzusu özünə də yaltaqlananın olmasıdır.
7.Uyğun gəlməyin hələ yerində olmağın demək deyil.
8.Çoban çomağına həmişə səsi ilə də dəstək olur.
9.Həyatda pulla alına bilməyəcək şeylərin siyahısı getdikcə daralır.
10.Səndən nəsə asılıdırsa, deməli, yaxşılıq etmək şansın var.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
Kişi və qadının öhtəlikləri
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Kişi ağac əkməli, ev tikməli, oğul dünyaya gətirməlidir. Bəs qadın nə günahın sahibidir ki, bütün ömrü boyu bu ağacı sulamalı, evi təmizləməli, oğulu böyütməlidir?
2
Tənbəl o şəxsə deyirlər ki, guya işləyir görüntüsü yaratmır.
3
-Siz eşitmisiniz, Borsunlu kəndindən məktəbli Dursunova Gülçatay adamı araqdan iyrəndirən içki ixtira edib.
-Yandırın o cadugəri!
4.
Vestern - bu elə filmdir ki, sonda atların sayı insanların sayından çox olur.
5.
“Səni axtarıram” verilişində şikayət:
-Mən ərim Əlövsəti axtarıram. O, 5 il öncə məni tərk edib Rusiyətə gedib. Bu müddətdə mən onun üçün dörd uşaq dünyaya gətirib təkbaşına böyütmüşəm. Vicdanın olsun, Əlövsət, gəl ailənə yiyəlik elə!
6
Ən yaxşı siyasi lətifə müsabiqəsi elan edilib. Qalibə bir illik ölkədən çıxmağa stop mükafatı veriləcək.
7.
Mən dünyaya gələndə o qədər təəccüblənmişdim ki, bir il yarım müddətinə bircə söz belə deyə bilməmişdim.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
Şəhidlər barədə şeirlər – Ruslan Abbasov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ruslan Abbasova həsr edilmiş şeirlə tanış olacaqsınız.
RUSLAN HİKMƏT OĞLU ABBASOV
(25.05.2000.-14.10.2020.)
Qaradağ rayonunun Sahil qəsəbəsindən olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
MƏRD RUSLAN
Vardı təbəssümlü üzü,
İnamlı baxışı, gözü,
Mənalıydı hər bir sözü,
Hər kəlməsi “bəli”, “hə, can”,
Qoçaq, igid, mərd Ruslan.
Dərindi ağlı, kamalı,
Düzlük idi saf amalı,
Saysızdı arzu, xəyalı,
Sahil doğulduğu məkan,
Qoçaq, igid, mərd Ruslan.
Əsgər oldu – zirək, cəsur,
Qorxmaz, güclü, mətin, məğrur,
Vətən ondan duyur qürur,
Düşmənlərə uddurdu qan,
Qoçaq, igid, mərd Ruslan.
Düz yeddi postu aldılar,
Düşməni dərdə saldılar,
Qəlbdə əbədi qaldılar,
Qisas hissi olur yaman,
Qoçaq, igid, mərd Ruslan.
Hər kəs ola bilməz igid,
Komandirlər buna şahid,
Füzulidə oldu şəhid,
Dağ-dərəni aldı duman,
Qoçaq, igid, mərd Ruslan.
Verdi canın torpaq üçün,
Üçboyalı bayraq üçün,
Xoş gələcək, növraq üçün.
Unudulmaz heç bir zaman,
Qoçaq, igid, mərd Ruslan.
“Ədəbiyyat və incəsənətz”
(19.03.2024)
Bozqurd – azadlığın və cəsarətin simvolu
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün
Bu gün dünyada qurdla bağlı külli miqdarda yer adı, heykəl, adət-ənənələr, mərasimlər vardır. Amerikada yaşayan Mayya tayfaları bu gün də qurda sitayiş edirlər, Romanın simvolu kimi qurd qəbul edilir, Cənubi Amerika hinduları qurdu döyüşə aparan sərkərdə kimi qəbul edirlər, Avrasiyada qurd daha çox yol göstərən kimi xarakterizə edilirsə, Qərbi Avropada ona daha çox ilkin başlanğıc kimi münasibət bəsləyirlər. Qurdlarla bağlı Hans Bidermanın məşhur "Simvollar ensiklopediyası"nda da xeyli maraqlı məlumatlar var. Məsələn, Qədim misirlilər qurdbaşlı tanrılara müharibə tanrısı kimi sitayiş edirdilər. Slavyan mifologiyasında isə qurda şərin elçisi kimi yanaşılır. Yazdıqlarımızı ümumiləşdirərək belə nəticəyə gəlmək olur ki, bütün hallarda qurd bəşəriyyətin əzəl çağlarından insanların düşüncəsində, arzu və niyyətlərində özünə möhkəm yer eləyib.
Tarix sübut edir ki, qurda ən çox önəm verən türklər olub. Onlar qurd (Bozqurd) kultuna xüsusi bir ehtiramla bağlıdırlar. Təsadüfi deyil ki, türklərdə Bozqurd həmişə müqəddəs tutulmuşdur. Bəzi türk xalqları bozqurdu hörmətlə tanrı oğlu adlandırırdılar. Altay dağlarında, qədin hun məskənlərində çoxlu qurd tanrı heykəlləri, dişlərini qıcırtmış və quyruğunu belinə qaldırmış zolaqlı qurd təsvirləri və petroqlflər vardır. Şəkidə e.ə. III-II yüzilliklərə aid qurqandan tapılmış boyunbağının üzərində qurd şəkilləri təsvir edilmişdir. Qədim türk əfsanə və dastanlarında çoxlu qurd personajlarının və onlara xüsusi ehtiramın olduğunu görürük. Göytürklərin göy bayraqlarında qurd başı rəsmi vardı. Qədim türklərin dini inanışlarından danışan Çin qaynaqlarında Ötüken (kultdur) qurdbaşlı varlıq olaraq xatırlanırdı. Ə.Firdovsi “Şahnamə” əsərində türklərin yaşadığı yerləri “keşvare qorqsar” (“qurdlar məskəni”) adlandırır.
Xalq inanclarında qurd dişinin cibdə daşınmasının nəzərdən qoruyacağına inanılırdı. Yuxuda və ya gəzərkən qurd görmək xeyirə yozulardı. Hamilə qadının nəzərdən qorunması üçün yastığının altına qurd dişi və ya dərisi qoyular, yeni doğulan oğlan uşağının beşiyinin dörd tərəfinə qurd şəkli çəkilərdi. Qurdun parçaladığı qoyun murdar sayılmazdı. Südü kəsilmiş anaların yenidən südünün gəlməsi üçün qurd əli dualarla qadının döşlərində gəzdirilər, bədəninin bir yerində ağrısı olan və ya boğazı gələn uşaqların ağrıyan bölgələrinə “qayıt, qayıt” deyilərək yenə qurd əli sürülərdi. Bizcə, bu örnəklər qurdun əski türk düşüncə və inancında hansı anlam daşıdığını bəlli etmək üçün kifayətdir.
Onu da qeyd etmək lazımdır ki, bu inancların bir qismi indi də yaşamaqdadır. Qurd adı ilə bağlı çoxsylı toponimlərin mövcudluğu, yuxarıda göstərilən inanclarla yanaşı, qurdu söymək və ona qarğımağın günah sayılması, “qurd üzünün mübarək” hesab edilməsi, şansı gətirən adama “qurdu uladı” və ac adama “qurd kimi acımış” deyilməsi, qorxmaz, cəsur, dözümlü və təcrübəli insanlar barədə söylənilən “qurdlarla dolaşır”, “qurd ürəyi yeyib”, “qurd kimiöz qanını yalayır”, “qurdla qiyamətə qalacaq”, “qoca qurd” kimi ifadələr, qurdla bağlı andlar (“Bozqurdun ruhuna and olsun”, “And olsun Bozqurdun mübarək üzünə” və s.), atalar sözləri (“Qurdun adı, yesə də, qurddur, yeməsə də”, “Qurdun səbəbinə quş da yeyər”, “Qurdu nə qədər əhilləşdirsən, gözü yenə meşəyə baxacaq.” və s.), məsəllər (“Kor qurdun qismətini verən Allah mənim də qismətimi verər”, “Qurd getdi yazıya, meydan qaldı tazıya”, “Süfrəmizin qurd payı” və s.), nağıllar (“Kor qurdun qisməti” və s.), oyunlar (“Yoldaş, məni qurd apardı” və s.) , adətlər (“Qurd ağzı bağlamaq”, “Qurd ayağı gətirmək” və s.) və s. qurd barədə əski inancların uzantısı olub, hələ də türkün düşüncəsində boz qurdun öz qutsallığını, Tanrı qatında özəl məqama sahib olduğunu və bu yöndə cağdaş türkün əski türklə düşüncə ortağı olduğunu bildirir.
Əski türk dastan, əfsanə, nağıl, atalar sözü və məsəllərdə, həmçinin yazılı ədəbiyyat nümunələrində (xüsusən poeziya nümunələrində) “qurd” sözünün, o cümlədən “Kitabi Dədə Qorqud” dastanının müxtəlif boylarında rastlaşdıqları “qurd üzü mübarəkdir, qurd ilə xəbərləşim”, “qara başım qurban olsun, qurdum, sana”,”issiz yerin qurdu kibi ulaşdılar”, “əzvay qurd ənügi erkəgində bir köküm var”, “yeni bayırın qurduna bənzər igidlərim”; N.Gəncəvinin “İsgəndərnamə” poemasında “Gəldi qurd ağzından sübhün nəfəsi, Keşikçi itinin kəsildi səsi” beytindəki “qurd ağzı”; “Koroğlu ilə Bolu bəy” qolunda “yeyib qurdlarınla ulaşım, dağlar”, Koroğlu qoşmalarındakı “gərək budur qurddan olan qurd olsun”, “… adım qurd oldu, qurd oldu” deyimləri; atalar sözlərində təsadüf etdiyimiz “Qurd görəndə salavat çevir”, “Qarşına qurd çıxsa, əlinə pay gələr”; müasirlərimizin şeirlərindəki “qurdbaşlı bayrağın balası bayraq” (B.Vahabzadə: “Bayraq”), “Dur, özünü bozqurd eylə” (M.Araz: “Ayağa dur, Azərbaycan), “Bozqurd sənsən, bozqurd mənəm, Bu qurd kimi düşmənimi bir gün yenəm” (X.Rza: ”Bozqurd”), “Namazını qurd üzünə, Yarpaq üstə qılan gəlsin.”, “Yuxumda bir ağız qurd ular keçər” (R.Behrudi: “Vida türküsü” və “Boz qurd”), “Mən bir acıyalquzağam, Qurd ulayır içimdə” (M.Yaqub: “Tənhalığın üsyanı”), “Qorqudun, boz qurdun, türk ulun olum” (F.Böyükkişi: “Mən də sənin kimi təkəm, tənhayam…”) və s. kimi ifadə və cümlələrdəki “qurd” sözü ilə tez-tez rastlaşırıq.
Türk inanışlarına görə Bozqurdun rolu (funksiyası) üç şəkildədir; ata (əcdad), rəhbər (yol göstərən, hami) və qurtarıcı (xilaskar).
Qədim türklər özlərini təbiətdən ayırmadığı, ətraf mühiti anlayıb dərk etdiyi mifoloji zamanda - ilkin zamanda - əcdadlarının zamanında yaranışlarında, soylarında qurdla qohumluq bağları olduğunu iddia edər, nəsillərinin bu müqəddəs varlıqdan törədiyinə inanardılar. Təsadüfi deyil ki, mifoloji zamanda yaratdıqları çox əski dastanların bəzilərində ana (məsələn:“Bozqurd” və “Asena” dastanlarında), bəzilərində ata (məsələn: “Törəyiş”, “Doqquz Oğuz – On Uyğur” dastanlarında) olaraq görülən Bozqurd türk nəslinin yoxolma təhlükəsi yarananda ortaya çıxır və nəslin davam etməsini saxlayır. Bir hun əfsanəsində doqquz oğuzların törəməsini qurd – insan cütləşməsi davam etdirir. Çou-shu adlı Çin xanədan xronikasında törəyiş əfsanəsi ilə ilgili xəbər, Ərgənəkon dastanı və çox qədim bir türk əfsanəsində dişi qurdun tək qalmış uşağı himayə etməsi, VI əsrə aid bir daş qəbirdə, Kül Tikin kitabələrinin birində qurddan süd əmən uşaq təsviri, 1957-ci ildə (sonuncu fakt) Türkmənistan ərazisində insan övladının qurdlar tərəfindən bəslənilməsi hadisəsinin baş verməsi və dıgər mənbələr də deyilənlərə inam oyadır.
Türklər boz qurdu həm də bir hami, rəhbər kimi qəbul edirlər. Mifoloji materialarda, o cümlədən qədim türk dastanlarında görürük ki, millətin həyatının həlledici anında Bozqurd onlara yol göstəirir, rəhbərlik edir. Məsələn, “Ərgənəkon” dastanında və “Kut dağı” əfsanəsində Bozqurdun rəhbər rolunu aydın görmək mümkündür.”Oğuz Xaqan dastanı”nda Oğuz Xaqana göydən enən işığın içərisindən çıxan göy qurd yol göstərir.
Materiallar Bozqurdun həm də qurtarıcı olduğunu deyir. Türk zor duruma düşəndə bozqurd ortaya çıxaraq onu qurtarır. “Köç”, “Manas”, “Ərgənəkon” dastanlarında bozqurd qurtarıcıdır. İndiyədək qurd mövcud olan bir tatar əfsanəsində görürük ki, meşədə azaraq düşmənlərin mühasirəsində qalan köçəri qəbiləni bir qurd mühasirədən çıxarır, məhv olmasına imkan vermir.
Bozqurdun əcdadlıq funksiyası əsasən Göy Türk xaqanlığında tanınmışdır. Oğuzlarda onun əsas funksiyaları yol göstərən və xilaskardır.
Gerçəklik budur ki, heç zaman bütə tapınmayan türk Bozqurdu simgə olaraq seçib. Bozqurdun simgə olduğu sürəcdə türk yenilməz olub. Məhz bunu çox yaxşı bilən türk düşmənləri Bozqurdu, əslində bozqurd ruhunu türkdən almağa çalışdılar. Bunlar sadəcə düşüncə və gəlişi gözəl sözlər deyil, gerçək tarixi faktlara dayanan məntiqi sonuclardı. SSRİ-nin yarandığı ilk illərdə türkün və türklüyün düşməni olan Lenin türkiyəli araşdırmaçı yazar İlhan Bardakçıya belə demişdi: “Türkiyədə kommünizmi yerləştirmək üçün öncə onlara dinlərini, milliyyətlərini unutdurmak və qafalarına yerləşmiş olan Bozqurd əfsanəsini söküp atmak lazımdır.”
Bəs nə üçün türklər digər yırticıları deyil, məhz qurdu əcdad, rəhbər və xilaskar “seçir”? Bu məsələ türk etnik-mədəni sistemi çərçivəsində aydınlaşdırılmalıdır. Onlar bilməlidirlər ki, qurdların insan düşüncəsi ilə qəbul edilən müsbət cəhətləri hansılardır və onların hansı xüsusiyyətləri şüurlu insanın davranışına daha yaxındır.
Türk ən əski çağlardan fiziki gücə deyil, mənəvi böyüklüyə tapınmışdı. Heç təsadüfi deyildir ki, Səlcuqilər dövründə güney Azərbaycanda yaradılan bir nimçədə yazılmışdı: “Türklə ucuz başla danışmaq olmaz.” Dünyanın cansız əşyalara tapındığı dönəmdə türk yaradıcı olaraq Tanrını tanıdı. Yaradılışdan ruhu ruhuyla tən gələn Bozqurdu məhz əlçatmaz ruhuna görə sevdi, əyilməzliyinə, mərdliyinə, özgür ruhuna görə özünə simvol olaraq seçdi. Türk güc axtarışında olsaydı, aslanı, pələngi və s. simgə seçərdi. Bozqurdu simgə olaraq seçən türk Bozqurdun özü kimi əyilməz yaşadı, özgürlük vurğunu oldu. Bu ruh türkün enerji qaynağı oldu.
Qədim türklərin düşüncəsinə görə, qurdlar heç də insanlara zərər verən yox, əksinə, dünyamızı əyriliklərdən təmizləmək kimi Tanrı missiyasını öz üzərinə götürmüş canlılardır. Tədqiqatçılar (M.Seyidov, M.Həkimov, N.Hacıheydərli, C.Bəydili, C.Bayramlı, O.Salayev, R.Qafarlı və b.) türklərin xarakterik xüsusiyyətlərinin bir çoxunun qurd psixologiyası üzərində qurulduğunu və haradasa onu xatırlatdığını göstərirlər. Məsələn, aşağıda qeyd edilənlərə diqqət edək:
1.Qurd azadılıqsevən heyvandır. Həmişə azadlığa can atır. O, yeganə yırtıcı heyvandır ki, əhilləşdirmək və zəncirləmək mümkün deyil. Pəncəsi tələyə düşəndə belə qurd onu dişləri ilə didib-parçalayıb özünü xilas edir. Əğər bozqurd ona saldıran çox sayda yırtıcının qarşısında çıxılmaz vəziyyətdə qalarsa, əsir olmamak için köksünü parçalayıp özünü öldürür. Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki Bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Yuxarıda sadaladığımız xüsusiyyətlərin böyük əksəriyyətinə Azərbaycan və Anadolu türklərinin, habelə, bütün türklərin psixologiyasında rast gələ bilərik. Türklər hər zaman azad və sərbəst olmağa üstünlük veriblər. Türklər o dərəcədə qorxmaz olublar ki, İslamın 2-ci xəlifəsi Ömər onlar haqqında belə deyib: ”Türkü yaraladınsa, hökmən onun işini bitir. Əks təqdirdə o əlinə düşən ilk imkanda geri qayıdacaq və sizə o zaman aman olmayacaq. Onlar geri çəkilməyi, uduzmağı qəbul etmirlər”; Sonuncu dini insanlara təlqin edən Həzrəti-Məhəmməd isə ərəblərə xitabən bunları söyləyib: “Türklər sizə toxunanadək onlara toxunmayın”.
2. Qurd heç vaxt təkbaşına hərəkət etmir. Sürü onun üçün kollektiv özünümüdafiə xarakteri daşıyır. Onun öz lideri var. Qurd qurdluğu ilə dərk edir ki, tək əldən səs çıxmaz. Türklər, onun liderləri də hər zaman öz dövlətinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük veriblər.
3. Qurd ailəsinə, evinə sadiqdir. Balalarının, “xanımının” yolunda canını qurban verməyə hazırdır. Dişisi ölən qurd ömrünün sonuna kimi başqa dişi ilə “evlənmir”. Dişisini başqa bir erkəklə görən qurd onu parça-parça edib, yalquzaq kimi yaşamağa belə razı olur.
4. Yaşadığı əraziyə, ailəsinə, öz növündən olan digər qurda təcavüz olarsa, qəzəbli qurdun qarşısını heç bir canlı ala bilməz.
5. Tanrıya sevgi qurdun qanındadır. Üzü hər zaman Tanrıya doğru olan qurd ağzını göyə tutub uladıqda belə gözlərini yumur, bir növ “daxilən saflaşır” və Tanrıya məxsus olduğunu göstərir. Təsadüfi deyil ki, göy qurdun adı keçən dastan və əfsanələrdə onun göylərdən endiyini və bəzən də Oğuz Xaqan dastanında olduğu kimi ağ işığın içindən çıxdığını görürük. Bütün hallarda göy qurd (Tanrı tərəfindən göndərilmiş) xilaskar, qurtarıcı obrazında təqdim olunur. Qurdun ulaması birliyə çağırış kimi mənalandırılır .
Sadaladığız xüsusiyyətlərin böyük əksəriyyətinə türklərin psixologiyasında rast gələ bilərik. Türklər özləri də xasiyyət və davranışları ilə qurd arasında elementar oxşarlıqlar görürdülər. Hətta aypara taktikası (və ya Turan türk taktikası) adı verilən yarımçevrə ilə düşməni ortaya götürüb çevrəni qapamaq strategiyasının qurdlardan götürülərək ilk dəfə türklər tərəfindən tətbiq edildiyi ehtimal olunur.
Türk (Oğuz) – qurd münasibətlərinin arxaik semantikasının araşdırıcıları da türklərdə qurd obrazına məxsus mifoloji cizgiləri təsdiqləyirlər. “Kitabi Dədə Qorqud”dakı qurdun Salur Qazan tərəfindən “ər” adlandırılması (“Qarla yağış yağanda ər kimi duran!”) faktı Oğuzun funksiyasının qurdun funksiyasından fərqlənmədiyini göstərir. Hər iki obraz “ər” semantemində birləşır. Türklər də qurd kimi hər zaman qorxmaz, azad və sərbəst olmağa, öz dövlətinə, ailəsinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük vermiş, “Tanrı Milləti” olduqlarını dəfələrlə sübut etmişlər.
Qurdların növləri çoxdur. Bəs nə üçün türklər ancaq Bozqurdu simgə kimi qəbul edirlər? Çünki qədim türklərin psixologiyası ancaq bozqurdun “psixologiyası” ilə tən gəlirdi.Yuxarıda göstərilən nümunələr də bunun sübutu ola bilər.
“Bozqurd” və ya “göy saçaqlı qurd” adlanan heyvan yalnız müəyyən zamanda zühur edir və yalquzaqdır. Yəni o digər heyvanlar kimi təbiətdə yaşamır, səmavidir. Ancaq ehtiyac olduğunda, türklərin çətin zamanında izə çıxır. Əski türk dastan, əfsanə və deyimlərində Bozqurdla yanaşı göy qurd (gök kurt) və göy börü (gök börü) obrazına da rast gəlirik. Burada «göy» sözü rəng anlamında deyil, «göylərdən enmiş», «göy mənşəli», «qutsal», “qurd” sözü isə “qurtuluş” anlamındadır . Təsadüfi deyil ki, göy qurdun adı keçən dastan və əfsanələrdə onun göylərdən endiyini və bəzən də göydən enən ağ işığın içindən çıxdığını görürük. Əksər hallarda göy qurd (Tanrı tərəfindən göndərilmiş) xilaskar, qurtarıcı obrazında təqdim olunur.
Əski türk isə yalnız qutsal saydığı varlıqlara göy (gök) ismini verirdi. Bir sözlə, əski türklərin Bozqurdu simvol olaraq seçməsinin iki ana səbəbi olmuşdur:
1.Bozqurdun başqa heç bir canlıda olmayan üstün özəllikləri
2.Bozqurdun Göy mənşəli (gök kurt) – müqəddəs olması
Bu xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər.
Yəqin çoxunuz qurd adam, yaxud ay bədirlənəndə bəzi insanların qurda dönməsi barədə əfsanələri eşitmiş və ya oxumusunuz . Dünya xalqlarının, o cümlədən Azərbaycan xalqının mifoloji mətnlərində (məsələn: “Qurd Zalxa” və “Qurd adam”) insanın qurda çevrilməsi barədə kifayət qədər material vardır. Vaxtı ilə tarixin atası sayılan Hedrodot da öz əsərlərində bu barədə söhbət açmışdır. Tarixdə 1520 – 1630-cu illərdə Avropada otuz mindən çox qurd adam hadisəsi qeydə alınmışdır. Son illərdə məlum olmuşdur ki, sovetlər dönəmində Moskva və Sank- Peterburqdakı institutlarda gizli şəkildə insanın qurda çevrilməsi ilə bağlı araşdırmalar aparılırmış.
Elm bu yaxınlara kimi insanın qurda çevrilməsi fonemini rədd edirdi. Lakin son vaxtlar Rusiya Milli Elmlər Akademiyası və Amerika Səhiyyə Assosiasiyası apardıqları ekspedisiyaların nəticələrinə əsaslanan dəqiq faktlar və dəlillərə istinad edərək bəyan etdilər ki, insanın qurda çevrilməsi fenomeni var. Rusiyanın şimallarında məskunlaşmış, əsasən, türk əsilli xalqların şamanları, Şimali Amerika hinduları (əsasən türk əsilli), Yaxın Şərqdəki türk tayfalarının bəzi şəxslərinin yaman ruhlarla döyüşmək üçün qurda dönmələri elmi məqalələrlə təsdiq olunur .
Məqalələrdə göstərilir ki, türk şamanlar arasında müxtəlif dua və ayinlərin köməyi ilə asanlıqla qurda çevrilə bilənlər (onlara “noyd” deyirlər) indi də vardır. Bu zaman onların insan olduqlarını ancaq gözlərindən və səslərindən tanımaq mümkün olur.
Qurda, o cümlədən digər canlılara çevrilmək insan orqanizminin imkanlarının gerçəkdən də, hədsiz olduğunun sübutudur. Mifoloji tədqiqatlar göstərir ki, fərqli coğrafiyalarda yaşayan insanlar ancaq qurda yox, digər canlılara da (məsələn: ayı, maral, bizon, sırtlan (leşlə bəslənən çirkin üzə sahib heyvan) və s.) çevirlə bilirmişlər. Qurda isə daha çox türk əsilli xalqların nümayəndələri dönürlərmiş. Bizcə, türkün digər canlılara yox, ancaq qurda çevirilməsinin əsas səbəbi yuxarıda da qeyd etdiyimiz, kimi ortaq xarakterlərin olması, bozqurda olan ehtiramın təzahürüdür.
Tədqiqatlarda qeyd edilir ki, mifoloji mətnlərdə heyvanın əcdad, soybaşı kimi göstərilməsi, sadəcə, bu adı daşımış insanın keyfiyyətini əks etdirir, yəni soykökündə boz qurd kimi şüsaətə, döyüşkənliyə, lider özəlliklərinə malik bir insanın durduğunu göstərməyə hədəflənir, onun bioloji əcdadı olmasına yox.
Beləliklə, əcdad, rəhbər – yol göstərən, xilaskar – qurtarıcı funksiyalarını yerinə yetirən qurd türklərin ədəbi-bədii təfəkkürdə azadlıq, işıq, mərdlik, yurdsevərlik, sadiqlik, liderlik, ən başlıcası türkçülüyün simvolu kimi anılaraq qəbul edilir və özünün tarixi-fəlsəfi, o cümlədən ideya yükünü hələ də ünvanlara çatdırmaqda davam edir.
Bu gün Bozqurdla bağlı mifoloji elementlər, sözün həqiqi mənasında, milli estetik fikir yatırımına, yetişməkdə olan nəslin azadlıq və istiqlal təfəkkürünün, milli-mənlik şüurunun formalaşması və təkamülünə güclü təsir vasitəsinə çevrilmişdir. 44 günlük Qarabağ savaşında oğullarımızın qəhrəmanlıqları və onların divarlara, qayalara cızdıqları Bozqurd rəsmləri, şəhid gizirimiz X.Yusifzadədən tutmuş qazi polkovniklərə qədər bir çoxlarının Bozqurd işarəsini göstərilməsi bunun ən gözəl sübutudur.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə Poeziya müsabiqəsi davam edir
Azərbaycan Ədəbiyyat Fondu və “Ulduz" aylıq ədəbiyyat dərgisi unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsi elan ediblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 35 yaşa qədər qələm adamları martın 1-dən aprelin 30-na kimi müsabiqəyə öz şeir nümunələri ilə qatıla bilərlər. Şeirlərin yeni, yaxud köhnə, dərc edilmiş, yaxud edilməmiş olmasına fərq qoyulmur.
Müsabiqənin Təşkilati dəstəkçisi “Kəpəz hospital", informasiya dəstəkçisi “Ədəbiyyat və İncəsənət" portalıdır.
1. Şeirlər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. poçtuna göndərilir.
2. Hər müəllif yalnız iki şeirlə iştirak edə bilər. (Vord formatda)
3. Şeirlərə müəllifin şəkli, haqqında məlumat və əlaqə nömrəsi əlavə olunmalıdır.
Mükafat fondu və mükafatlandırma mərasimi barədə sonrakı günlərdə məlumat veriləcək.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
“Yağışlı mart səhərində” - ƏDƏBİ DEBÜT
“Ədəbiyyat və incəsənət” portalı gənc Aytac Yolçunun ədəbi debütünü - “Yağışlı mart səhərində” adlı hekayəsini təqdim edir.
Yağışlı bir mart səhəri Bakının dar dalanlı küçələrində tələsik, olduqca iti addımlarla, əlində qəzetə bükülmüş çörəklə irəliləyən qara paltolu, bəstəboy oğlan onun diqqətini cəlb etdi. Pəncərəni açıb arxası ilə hansı tərəfə getdiyini görmək üçün boylandı. Uzun illər burada yaşamağına baxmayaraq onu buralarda ilk dəfə görürdü. Üzünü tam görməsə də ilk baxışda elit, əfəndi, gənc və yaraşıqlı biri təsəvvürünü bağışlamışdı. Xarici görkəmini xəyal etdikdə yerişi və qaməti onu bir az daha əlçatmaz edirdi. Bu vaxt yağış damcıları sanki pəncərəyə yox, Elinanın duyğularına damlayırdı. Səbəbsizcə yad adamı xəyal edib təsəvvüründə yarımçıq obrazını tamamlamağa çalışırdı.
Günlər yerini bir-birinə verir, saat 12 rəqəmin üstündə tez-tez dövr edir, saniyələr dayanıb rəhm etmirdi. Elina hələ də əli çənəsində pəncərə önündə onun ruhunu tilsimləyəm naməlum gənci gözləyirdi. Öz-özünə düşünürdü ki, niyə anlıq şeylər bu qədər dərin məna kəsb edir. Onu bir də görə biləcəkdimi? Eyni hislər onun daxilində yenidən tüğyan edəcəkdimi? Günəşin şüaları qarşı binaların üzərində əriyib itərkən Elina dik atıldı. Adam yenə eyni geyimdə idi. Bu dəfə məsum bir görüntü daha var idi. Əlindən tutduğu uşağın hoppanmağına icazə verir, onunla bərabər addımlarını sayırdı- "bir-iki-üç".
Dərinlərdə itib-batan Elina uşağın gülüşlərinə yuxudan ayılmış kimi oldu. İki-üç yaşlı, sarı və qıvrım saçları olan ağbəniz oğlan çox sevimli görünürdü.
Demək, o evli imiş.
Elinanın təbəssümünün üzündə solduğunu iki mərtəbə aşağıdan da hiss etmək oludu.
Onlar uzaqlaşmadan geri çəkilib pəncərəni bağladı və məyus bir halda dərindən ah çəkərək başını yellədi. Gəlib yazı masasının arxasında əyləşdi. Qələmini bir neçə dəfə mürəkkəbə daldırıb çəkdi. Bir azdan kağız üzərində şütüyən hərflər və yanağından süzülüb axan yaşlar birləşib yeni rəng aldı. Əlini qələmdən çəkib masanın üstündə çarpazladı, üzünü qollarına söykəyərək gözlərini yumdu.
Bir neçə dəqiqə sonra otağa daxil olan Rema bacısının yenə yazıları üzərində yuxuya getdiyini gördü, gülümsəyib başını yellədi. Astaca yaxınlaşaraq yarı qolunun altında qalmış vərəqləri sürüşdürüb çıxardı. Yazı belə başlanırdı: "Bu dəfə də yanıldım. Onun da görünüşü məni yanıltdı. Bəlkə özlüyündə o da iradəcə, daha doğrusu, mənəviyyatca zəif biri idi. Onun da düşüncə və istiqamətlərini, fikir və qərarlarını başqaları idarə edə bilirdi. O da özünü başqalarının vicdanına əmanət edirdi. Öz fikri, öz yolu yox idi. O da məcbur olmadığı vaxtlarda yalan danışan, buna baxmayaraq özünün doğruluğunu diktə edən biri idi. Yaraşıqlı, sevəcən, əyləncəli və bundan daha çox əsəbi, sərt və kəskin xarakterə malik idi. Bəlkə onun da görünüşündə, vücudunda, bir sözlə, xaricində görülməyən, olmayan xətalar ruhunda, mənəviyyatında gizlənmişdi".
Bu da bir təsəlli idi. Sənin olmasını istədiyin, amma sənin olmayan birisində qüsurlar axtarışı.
Bəlkə o pisdir?
Bəlkə də!
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
Fəxrəddinin faciəsi bu gün də aktualdır
Nigar Həsənzadə, "Ədəbiyyat və incəsənət”
Əziz oxucularım, bu gün sizlərə dramaturgiyamızdakı ilk faciə haqqında maraqlı məlumatlar təqdim edəcəyəm.
Söhbət Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirov tərəfindən 1896-cı ildə yazılmış “Müsibəti-Fəxrəddin" əsərindən gedir. Bu əsərdə patriarxal nizama qarşı, mülkədar təsərrüfatının transformasiyası uğrunda mübarizə aparan gənc liberal zadəgan obrazı yaradılıb. "Müsibəti-Fəxrəddin" faciəsi həm özünün ideya-məzmun dəyərinə, həm də poetik-sənətkarlıq xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Əsər bu gün də özünün yüksək bədii əhəmiyyətini qoruyub saxlayır. Əsərdə dramaturqun azadlıq və humanizmlə bağlı ideyaları öz əksini tapmışdır. Fikrimcə, yazıçı cəhalətlə mübarizəni tək bir insana, bir ailəyə aid yox, bütün ölkənin, humanizmin mübarizəsi kimi qələmə vermişdir. Əsərdə diqqəti daha çox çəkən obrazlar Rüstəm və Fəxrəddin obrazlarıdır.
Rüstəm bəy obrazı yeniliyə, inkşafa qarşı çıxan nadan mülkədarları təmsil edən obrazdır. Biz bu obrazın xarakterini əsərin lap əvvəlindəki monoloqdan bilə bilirik. Təəssüf ki, o hələ də cəmiyyətdə olan bəzi geri qalmış tiplərdən biridir. Bəli, o mənfi adətləri qoruyan, qan davası anlayışını əsas sayan, nəticədə nələrin olacağını düşünmədən, düşünərsə belə, nəticə nə olur olsun, öz fikrindən dönməyən bir obrazdır. Hətta o, bu qan davası nəticəsində gözünü necə qan tutubsa, nəinki davalı, qanlı olduqları ilə, hətta öz övladları ilə də naqiscəsinə davranır. Sonda biz onun faciəsini görürük ki, bu da tək onun yox, bütün geriliyin faciəsidir.
Ancaq bunlarla bərabər Rüstəm bəy övladlarının təhsilinə də önəm verir, oğullarının ölümündən sarsılır, gec də olsa günahını anlayır. Bu faktlara əsasən deyə bilərik ki, Rüstəm bəy ziddiyətli obrazdır.
Bu obrazın əksini isə nadanlıqla mübarizə aparan Fəxrəddin obrazında görürük. O inkşaf üçün çalışır, öz büdcəsindən xəstəxana və məktəb açdırır. Bu işləri həvəslə görür. Sonda ölümü faciəli olsa da onun əkdiyi bu inkşaf toxumları gələcəkdə onu daima yaşadacaqdır.
Eyni zamanda bu əsər bir yeniliyi də ədəbiyyatımıza gətirib. Səadət xanım obrazı ilə dramaturgiyamıza ilk maarifçi qadın obrazı yaradılıb. Bu nəcib qız Fəxrəddinlə həmfikirdir.
Həmçinin digər Mələk xanım, Şahmar bəy, Cahangir bəy, Mahmud bəy, Əhməd, Gülbahar, Hürü nənə kimi fərdi xüsusiyyətləri ilə seçilən obrazlar olan bu əsər əminəm ki, gənclərə köhnəliklə yenilik arasında olan çəpəri görməyə və o çəpəri yarmağa kömək edəcəkdir.
Şəkildə: Füzuli Dram Teatrının ifasında “Müsibəti-Fəxrəddin” tamaşası nümayiş edilir.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
Kukla Teatrı Lənkəranda!
Azərbaycan Dövlət Kukla Teatrı Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Məlikməmməd” tamaşası ilə çıxış edib. Bu barədə teatr məlumat yayıb.
Məlumata görə, xalq nağılı əsasında yeni tərtibat və kukla texnikasında hazırlanan səhnə əsərində canlı planda oyun ilə kiçik ölçülü kuklaların vəhdəti göstərilib.
Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşada rolları Aygül Ağayeva, Elgün Həmidov, Elnur Xəlilov, İqbal Əliyev, Səbinə Məmmədova və digər aktyorlar ifa edib. Qəhrəmanlıq, cəsarət və dürüstlük aşılayan səhnə işi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
“Sürgün gedən qızcığazların baxışı…” - Güneyli Məryəm Qurbanzadənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizlərə güneyin növbəti şairini - Məryəm Qurbanzadəni təqdim edir. Onun şeirlərini bəyənəcəyinizə əminik.
I
Saçlarımdan
Bağlama teli yaradın
Gələcək aşiqlər mahnısız qalmasın bəlkə.
Tarixdən sonraya yazdı bunu qadın
Yəni:
“Mən”.
1.
Yazdım eşq
Oxudunuz daş-qalaq.
Gözlərimin yaşına baxmayanların
Anası kim idi, kim?
2.
Evin adresi mənəm
Dünya ətəyimdir.
Daşlarını atdım
Bir
Bir
Ayrıldınız sonra
Savaşdan sonrakı barışın yolu mənim bağrımdı
Açdım sizə bağrımı
Gözlərimdə bağladınız ağrılarımı.
3.
Qırılmış aynada qanad açdım yalqızlığa
Gözlədim gələcəyi gəlmədən
Sən hayandasan oğlum!
Bir
Güllə açıldı bağrında qaranlıq gizlənən dünyada.
4.
Əllərim
Qırılmış telləridir bağlamanın
Oy gözəlim, hüznümün qanadsızlığı oy...
5.
Ağarmış saçlarıma
Qonaq çağırdınız qışı
Yaz
Gələcək alın yazımdır mənim
İcazə versəniz:
Çiçək qondura bilərəm dodaqlarınıza.
6.
Sürgün gedən qızcığazların baxışında
Yerə töküldü ruhum
Savaşdan qalan həyatın yükünü
Çiyinlərimdə dolandırıram
O isə
Siz
Xəritələrin üzünü qaralayırsınız.
7.
Dünyanın dərdini
Köksümdə yirğalayıram
Süd verirəm
Lay-lay oxuyuram
Amma hayıf
Amma hayıf
Əllərinizdə tüfəng tumurcuqlanıt yenə
Hansı ananın bağrında
Sovrulacaqsınız?
Hansı?
II
Yazdım
Və
Sarıldım
Qoxusunda torpaq göyərmiş
Yağısın göz bəbəklərinə
Və tanrı
Əlləri ciblərində tikilmiş buludlara
Göy qurşağı ilə
Sehirbazlıq edir.
Özlərim səni
Ölümü özlərcəsinə.
Sevdim səni
Üsyanı sevərcəsinə.
Gözləmək göz bəbəklərimdə tumurcuqlanıb
Savrulmadan öncə
Sənə qayıdacağam.
Bir qırpım göz ver mənə
İşığım
Saçlarının qaranlığında
Gizlən-qaç oynasın.
III
Sevməkdən sonra gələn söyüşdə
Yara açdı bağrım.
Titrek barmaqlarımla susqunluq basdım ağrıma
Hansı yalqızlığımın qulağına fısıldayım qadın olduğumu?
Hansı quşun qanadına bağlayım üsyanımı?
Hansı köksün ümidində ağlayım gələcəklərimə?
Ötürdüm
Və
Dəniz göyərdi gözlərimdə
Qüllabın qulağına asılmıs
Bir balıq kimi,
Ağzı açıq qaldı
Sorğularına, bu şeirin.
Özümü deyirəm.
IV
Güzgüdəki pəncərənin yalqızlığını
Kim quylayacaq?
Düşündüm və
Qürbətdən sonra gələn adım kimi
Həsrətə topladım saçlarımı.
Oturdum
Və
Tikə parça yaşadığım özümü
Tikiş tikdim oğlumun həyatına.
Gözlərimdə titrəyən qorxunun adını
Qadın qoydu tanrı.
Ağladıqdan sonra gülümsədim buna, evi yığışdırıb,
Göz yaşlarımı açıqladım pəncərələrə
Və
Bir ibkisin ayaqlarına yapışıb sürüklənən ömrümə
Göyü açıqladım,
Səssizliyində qanad qucaq açdı sanki.
Durdum
Və
Getməməyə
Ümid verdim
Yenə.
V
Biz də sevdalandıq
Biz də şeir yazdıq
Biz də üsyan yandırdıq boğazlarımızda
Amma
“Sevdada erkək olmalısan” – dedilər.
“Şeirdə kişi olmalıdan” – dedilər.
“Səsin boğazında sınmalıdır” – dedilər
Və
Ayaqlarımızın altındakı cənnətə yol tapmaq üçün
Qorxuluq qoydular
Göyərməmiş tarlaların ortasında bizi.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
Arif Hüseynovun rəsmləri Ankarada sərgilənir
Xəbər tutduq ki, Azərbaycanın xalq rəssamı Arif Hüseynovun rəsmləri Ankarada sənətsevərlərlə görüşür.
Sakuder Akademi İncəsənət Mərkəzində TÜRKSOY-un dəstəyi ilə təşkil olunan rəsm sərgisinin açılış mərasimində iştirak edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un baş katibinin müavini Sait Yusuf mərasimdə çıxışında Arif Hüseynovun təkcə Azərbaycanın deyil, bütün türk dünyasının rəssamı olduğunu vurğulayıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına TÜRKSOY-dan xəbər verilib.
Xəbərə görə, Sait Yusuf çıxışının davamında “Türk sivilizasiyasını dünya sivilizasiyaları tarixindən silsək, dünyada sivilizasiyanın adı ilə adlandırıla biləcək heç bir şeyin qalmayacağını” deyib və bildirib ki, onlar TÜRKSOY olaraq Arif Hüseynovun rəsmlərinin sənətsevərlərlə görüşünə öz töhfələrini verməkdən çox məmnundurlar.
Mərasimdə çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin baş katibi İslam Quliyev TÜRKSOY-un türk dünyasının mədəniyyəti və sivilizasiyası naminə gördüyü işləri yarandığı gündən çox alqışladığını bildirib.
TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın TÜRKSOY-un baş katibi Sultan Raevə Arif Hüseynovun sərgisi ilə bağlı təbrik və təşəkkür məktubunu oxuyub.
Fazil Mustafa məktubunda yazıb: "Arif Hüseynov müasir dövrdə türk dünyasının təsviri sənətinin ən mühüm istiqamətlərindən biri olan miniatürün inkişafında mühüm yer tutur. Hüseynov ümumi Türk Mədəniyyəti və incəsənətinin Estetik dəyərlərini müasir toxunuşlarla şərh edir və onları öz sənətində əks etdirir”.
TÜRKSOY-un baş katibi Sultan Raev “80-ci ilində Novruz naxışları fərdi sərgisi” adlı bir kitabça üçün yazdığı ön sözdə qeyd edib: “Arif Hüseynovun rəsm sənətini qədim türk miniatür ənənəsi ilə qarışdırdığını və müstəsna əmək sərf etməklə xüsusi bir cərəyan yaratdığını söyləmək mübaliğə olmaz."
O, öz sətirləri ilə Arif Hüseynovun yaradıcılığının innovativ tərəfini vurğulayıb və qeyd edib ki, Hüseynovun 80 yaşı tamam olub. O qeyd edib ki, onun doğulduğu ili TÜRKSOY ailəsində böyük məhəbbətlə qeyd ediblər.
Açılış mərasimində eksklüziv müsahibəsində Arif Hüseynov rəsmlərinə hörmət göstərən Ankara sənətsevərlərini salamladığını bildirib və deyib: “Mən sənətimlə Azərbaycandan yola çıxaraq bütün türk dünyasına hizmət etməyə çalışıram".
Rəssamın 80 yaşı tamam olur. Ankara sənətsevərlərinə doğum ilinə həsr olunmuş "Novruz naxışı" sərgisində təqdim olunan Novruz mövzulu rəsmlər Novruzun istiliyini və bu qədim türk bayramına aid ikonaların sənətkarın nöqteyi-nəzərindən şərhini ehtiva edir. Sərginin açılışında ənənəvi Novruz mərasimləri də nümayiş olundu, səməni, bayram təamları, yumurta döyüşdürülməsi…
Tədbir rəssam Arif Hüseynovun 80 illiyinə həsr olunub. Doğum Günü münasibətilə TÜRKSOY baş katibinin müavini Sait Yusuf rəssamı təşkilatın 30 ili medalı ilə təltif edib.
Mərasim fortepiano dinləməsi və Azərbaycan xalq mahnılarının canlı ifası ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)