Super User

Super User

Wednesday, 27 March 2024 07:30

Bu gün Beynəlxalq Teatr Günüdür

“Ədəbiyyat və incəsənət” portalı 27 mart - Beynəlxalq Teatr Günü münasibətilə teatrımızın 151 illik tarixinə bir nəzər yetirmək istədi. Belə bir gözəl mənzərə yarandı:

 

Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis edilib. Ənənəyə əsasən hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.

Bu gün öz yaranmasının 151-ci ildönümünü qeyd edən Azərbaycan teatrında da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.

Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə siması yetişib.

Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.

Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.

2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir.

Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib.

Dövlət başçısının bu sahə ilə bağlı imzaladığı sərəncamlar, həyata keçirilən müvafiq dövlət proqramı artıq öz bəhrəsini verir. Teatr binalarında əsaslı təmir və yenidənqurma işləri paytaxtla yanaşı, regionlarda da davam etdirilir. 

Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.

Həmçinin Dövlət proqramının icrasına uyğun olaraq teatr sahəsində xaricdə təhsil üçün yeni imkanlar yaradılır.

Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan çox ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Ötən dövrdə Azərbaycana xarici ölkələrdən teatr kollektivləri qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.

Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.

Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 151-ci ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.

Biz tamaşaçılar da mənən zövq alacağıq. 

 

Şəkildə: 1939-cu ildə İrəvan teatrının kollektivi

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Wednesday, 27 March 2024 12:45

Müqəddəs insan olan Müqəddəs Şahbazov

Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri, “Ədəbiyyat və incəsənət” üçün

 

Ad insanı başqalarından fərqləndirdiyi kimi, insan xarakterinə də təsirsiz ötüşmür. Və mənə elə gəlir ki, insana ad seçərkən təsadüfdən çox, zərurət rol oynayır. Adına çox bənzəyən adamlar var həyatda. O, adına çox bənzəyir. Adında olduğu kimi xarakterində də bir müqəddəslik, saflıq, halallıq, duruluq var. 

 

Çox gözəl qələmi var.

Onu tanıyan hər kəs bilir. Az- az da olsa gözəl şeirlər yazır, dünya ədəbiyyatından tərcümələr edir. Bir sözlə, Azərbaycan ədəbiyyatı üçün əlindən gələn nə varsa əsirgəmir. İstəsəydi cild-cild kitablar yazardı, başqa dillərə çevirib tutalğac edərdi. Yaradıcılığından söz düşəndə abırdan-həyadan allanır. İmkanı olsa kimsəyə imkan verməz gördüyü o boyda işlərdən danışsın. Çünki hal əhli və qələm əhlidi. 

Füzulidən, Nəsimidən, Sabirdən və s.xəbəri var. Sözün sirrindən agahdı. Və o yolun asan yol olmadığını bilir. Çünki özü də asan yolla heç nəyə nail olmayıb. Sözün meydanında əllaməçilik etmək istəyənlərə bir ilıq təbəssümlə reaksiya verir, qələminə və sözünə sadiq adamdı. Həyatın və dünyanın mahiyyətinə bələddi, insanlıq fəlsəfəsinin kökündə dayananlardan xəbərdardı. Bir sözlə Müqəddəs Şahbazov elə adı kimi müqəddəs adamdı. 

Onun növbəti dünyaya gəldiyi gün də ötdü, keçdi. Dünya onun kimi adamları çox sevməsə də, amma əsil adamlar onu çox sevir. Günün mübarək, gözəl insan,dəyərli qələm adamı. Təbrik edirik, ən gözəl günlər sizinlə olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Poetik Qiraətdə bu gün sizlərlə tanınmış şair Əkbər Qoşalı görüşür. “Günəş, fikir və bulud…” şeiri lap yenidir, bu Novruz günlərində yazılıb. 

 

“Hər şey axar: su, tarix,

                  yıldız, insan və fikir”…      

                   (N.F.Qısakürək)

 

Dağa nəğmə deyən çay

Düzənlərdən lal keçər;

Suya əksi düşən Ay,

Yuvarlanar dağ sarı…

Qış ömürdən yaz keçər…

 

Ya dağa, ya dənizə,

Axar, axar - nə görsən;

Ah, dünənki dolunay,

Bugünkü ayparadı…

Al, kamını al… keçər.

 

Nazlanar Ay düşən çay,

Suya budaq sallayar -

Ən qurumuş ağac da…

Çox da bayram ayıdı,

Ömürdən bir az keçər…

 

Nə yaxşı ki Günəş var,

Günəş var Göy üzündə;

Fikir də var nə yaxşı,

Dolanar Yer üzündə;

Günəşsiz və fikirsiz

Dünyanı nə bağlardı? -

Sual keçər ömürdən…

 

Suallar bir karvantək

Keçər Günəş önündən

Bulud olar suallar

Şimşək kimi çaxar gah,

Gah yağar Yer üzünə

Dövr eləyər beləcə…

 

Günəş, fikir və bulud… -

Yəqin burda olsaydın

Səslənərdin ahəstə:

Unut bu gün sualı

Özün umud ol, umud!..

                          

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Wednesday, 27 March 2024 18:00

Bir sual bir cavab - Ramil Əhməd ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Bir qadın gedir – 

bətnində körpəsi,

kürəyində ayağını itirmiş əri.

O qədər sınıxıb ki,

bir sümükdür, bir dəri.

Bəlkə, qiyamətdir?

Yox, bu, qadın işi deyil!

İlahi bir komediya,

bəşəri faciədir,

şeytani bir sənətdir! (Ramil Əhməd)

Dəyərli Ramil bəy, güclü qadın obrazını necə təsəvvir edirsiniz, iradəsindən dönməyib məğrur şahı tədricən dəyişən Şirin kimi, vətənpərvər  Janna Dark kimi,  Kiri qan tuluğu ilə "mükafatlandıran"  cəsarətli Tomris kimi, "Uncle  Tom's Cabin" adlı kitabı ilə köləliyə qarşı mübarizəni cəmiyyətdə yayan güclü xanım Harriet Beecher Stowe kimi, yoxsa bütün mükəmməlliklərdən pay alan xanım kimi?

 

 CAVAB:

R.Əhməd: Mükəmməllik illuziyadır. Güc nisbidir. Müharibə haqqında olan bu şeirdə, qadın güclü olmaq istəmir, güclü olmaqdan başqa çarəsi qalmır sadəcə. İkisi arasında fərq çoxdur. 

 

Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Bahəddin Həzi yazır

 

Seyran Səxavətin hansı əsərlərini oxumusunuz, bilmirəm. Hansını onun şah əsəri hesab edirsiniz, bunu da bilmirəm. Ancaq mənə görə Seyran Səxavət özü Allahın sözbəsöz diqtə etdiyi və millətimizin də qələmə aldığı şah əsərdir. 

 

Qarabağ torpağında yazılmağa başlamış, sonrakı fəsilləri Bakıda, Azərbaycanın hər yerində yazılmış bir möhtəşəm ədəbi şedevrdir Seyran Səxavət. Yeni fəsilləri hələ də yazılmaqda davam edir...

Elə yazıçılar, elə qələm adamları var, sözün namusuna toxunur. Sözün ismətini ləkələməkdən sanki həzz alır. Sözü öz şəxsi, "bədii" şəhvətinin qurbanına çevirir. Sözlə lakey kimi davranır. 

Seyran Səxavət isə, əksinə, Sözün namusunu qoruyur. Sözü yerdən qaldırıb öpüb gözünün üstünə qoyur. Ramiz Rövşən demişkən, Sözün tozunu alır. Silib, təmizləyir, hisdən-pasdan arındırıb, ürəyinin üstündə, dilinin ucunda saxlayır. Yeri düşəndə o Sözü layiq olduğu o təmiz, ağ vərəqlərə bükür, üstünə Ədəbiyyat "markası" yapışdırıb, Əbədiyyətə pay göndərir. 

Yaxından tanıyanlar, dərindən bələd olanlar yaxşı bilir: Seyran Səxavət həmişə sözünün ağasıdır. Amma Sözün ağası deyil. 

Bəziləri kimi Sözə nökər kimi baxmır, qul kimi rəftar etmir. Sözlə dostluq edir, sirdaşlıq edir. Yeri gələndə ata qayğısı göstərir, yeri gələndə qardaş sevgisi. Sözə sevgili kimi baxır; Sözə vurulur, sevir-sevilir, "sevişir". Bu "ədəbi izdivac"dan sağlam və güclü, ağıllı və əxlaqlı "balalar" - romanlar, povestlər, hekayələr, pyeslər, şeirlər doğulur. Nur topu kimi oğlan-Söz. Su sonası kimi qız-Söz. 

Seyran Səxavət özlüyündə ədəbiyyatımızın, mədəniyyətimizin şah əsəridir. Seyran Səxavət dil təfəkkürümüzün başına gələn ən qeyrətli hadisədir. Seyran Səxavət ana dilimizin düzgün işləyən "təmizlik qurğusudur", millətinin dərdlərinin süzgəcidir. 

Mən necəsə bir dəfə ustad sənətkar, kinorejissor Ramiz Həsənoğluna bir "poetik" cızmaqara həsr etmişdim. Orda belə bir bənd vardı: 

 

"Allahın yarım qoyduğu

Filmin ardını çəkirəm. 

Dünya çoxdan dəli olub,

Mən də dərdini çəkirəm".

 

Seyran Səxavət də, bax, çoxdan dəli olmuş bu dünyanın dərdini çəkən azsaylı "yaradıcı dəliqanlıların" ən ağıllısıdır. Dəli-dolu və  ağıllı...

Seyran Səxavəti çoxdan görmüşdüm. Doxsanıncı illərin axırında, ikimininci illərin əvvəlində. Əvvəl də, sonra da.

Gözlərində bulanıqlıq var idi. Üzündə tutqun hava əsirdi. Səsi indikindən qısıq səslənirdi. Sözləri yarımçıq, fikirləri alaçiy çıxırdı. Gülüşləri "günahkar"gəlirdi. Seyran Səxavətin üzündəki adam adamların üzünə baxırdı, içindəki insan insanlardan qaçırdı sanki. Çox fərqli idi o Seyran Səxavət bu Seyran Səxavətdən. Dünən, tutaq, Bakıda "Şuşa" restoranında oturub dostları ilə yeyib-içib, dərdləşən, Şuşasızlıqdan kədərlənən Seyran Səxavətlə bu gün Şuşadan -Cıdır düzündən bütünləşmiş ölkəsinə baxıb qürurdan qəhərlənən Seyran Səxavət arasında Yerlə Göy qədər fərq var. 

Bu gün baxıram, üzündəki duman da dağılıb gedib, gözündəki buludlar da sovrulub, çəkilib. Daha sözləri də bütövləşib. Gözlərinə işıq gəlib.  Səsi də əvvəlkindən gur çıxır. 

Kim azad olunmuş Qarabağı görmək istəyirsə, Seyran Səxavətdən yaxşı "bələdçi büroşürü" tapa bilməz. Seyran Səxavət ayaqüstə gəzən Ərgünəş silsiləsidir, Kirs zirvəsidir. Danışan Cıdır düzüdür. Yeriyən Laçındır. Canlı Qarabulaqdır, Şuşadır, Xankəndidir. Boyu uzunu Kəlbəcər dağlarıdır. Nəfəs alan, yaşayan Qarabağdır. 

Qarabağın yenidən doğuşu ilə sanki dünyaya Seyran Səxavət də yenidən gəlib. Bu, əsl Seyran Səxavətdir. Bu Seyran Səxavəti gözləyirdim. Əsgərimiz azad etdiyi Qarabağdan  mənə, bizə Seyran Səxavəti yenidən bayram hədiyyəsi olaraq göndərib. Göndərib və ona deyib: "Yağlıvənd balası, o müqəddəs Sözün xətrinə səni yetmiş səkkiz yaş cavanlaşdırmışam, get, bir ömür təzədən yaşa...

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Wednesday, 27 March 2024 16:30

İnsan niyə keçmişini düşünür?

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsan niyə axı keçmişini düşünür?

Düşünürəm ki, bu suala birmənalı cavab vermək çətindir. Həyat üç gündür deyən şair məncə dünəni, bu günü, sabahı nəzərdə tutub. Dünən keçmiş, sabah möcüzədir. Bəs bu gün nədir? Dünənki möcüzə, yoxsa sabahkı keçmiş?

Dünənki möcüzə hər nə qədər müəmma olsa da, sabah biz bu günün keçmiş olduğuna daha çox öyrəşmiş olacağıq. Bəlkə, də elə məhz buna görə insan keçmişi düşünməklə beynini dayanmadan məşğul edir. Və bir müddət sonra bu məşğulluq artıq öz növbəsini yorğunluğa verir. Bəzən, böyük əksəriyyətimiz nə beynimizi düşünməkdən, nə də  düşüncələrimizin gətirdiyi yorğunluqdan yaxamızı qurtara bilirik. Bax bu, olur keçmişi düşünmək və unutmamaq. Bəs bu qədər düşünmək bizə nə gətirir?Əgər, həqiqətən də, düşünürüksə və keçmişi qəbullanıb düşüncələrimizi cilovlaya biliriksə, özümüzü zehni yorğunluqdan qurtara bilər, sabahın möcüzələrinə daha çox inamlı olarıq. Keçmiş onunla üzləşilmədiyi, acı-ağrıların tam yaşanmadığı, göz yaşı qarışıq kinin, nifrətin, xəyal qırıqlıqlarının axıb getmədiyi müddətcə keçməmiş qalacaqdır.

Əgər, həqiqətən xoşbəxt olmaq istəyirsənə keçmişinlə üzləş, yaşanmışlıqlarını və yaşanamamışlıqlarını qəbul et, özünü günahlandırmaqdan vaz keç. Dərs çıxarıb özünün ən gözəl halını yaratmağa çalış. Unutma ki, hər məzarlıqda cəsədlər çürüyüb torpağa qarışdıqdan sonra çiçəklər açılmağa başlayır. Təbiət ana çürüntülərini torpağına qarışdıranda gülüstana çevrilir, qəlbindəki çürüntülərin üstünə torpaq atma, burax onlar səndən axıb getsin, axıb getsin ki, ən sağalmaz yaralarında belə günəşin şüaları bərq vursun.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Qənimət Əlisaoğlu - hər kəs olmasa da, çox adam onu türmə həyatı ilə bağlı yazıları ilə tanıyır və üç romanı işıq üzü görmüşdür. Mən isə bunlardan sadəcə birini, "Lənət qapısı" kitabını oxudum. Açığı yazıçının hər şeyi bu qədər açıq və doğru tərzdə çatdırması məni heyrətləndirdi. Bu qorxmazlıq, bu dürüstlük məni həqiqətən təəccübləndirdi. Yazıçı özünün həbs həyatından bəhs edir. Bir "zek" olaraq nadzor tərəfindən, yaxud istər bəzi "bratanlar" tərəfindən, eyni zamanda "otryadniklər" tərəfindən çəkdiyi əzablar bütün dəqiqliyi ilə əks olunmuşdu. Və... təbii ki "Qırmızı zon" da Cənab Şultsdan qazandığı nifrət... Bu nifrət kitabın sonunda onu Sibirə sürgün edilməsinə qədər gətirib çıxarır. 

 

Xülasə, hər kəsin oxumalı olduğu bir kitabdır. Ən azından göz önündə olan, amma deməyə çəkindiyimiz bir çox həqiqət bu kitabda yazılmışdır. Pulun hakim kəsildiyi, zəkalı şəxslərin bir bez parçasından belə dəyərsiz olduğu bu millətin "ədalət" deyə bağıran nadir kitablarındandır "Lənət qapısı". 

Pul-hörmət, pulsuzluq - biabırçılıqdır! 

Pul əl çirkidir - ancaq xoşbəxtlik həmişə bu çirkin içərisində parlayır.

Pul-doğma atadırsa, kasıblıq - ögey anadır.

Pul-yaraşıqlı aşna, kasıblıq -xəstə həyat yoldaşıdır. Pul təntənəli toya qızılı dəvətnamədir, kasıblıq-yasa çağırış. 

Pul-qanun üçün zəhər, kasıblıq-qanuna nökər!

Sonda onu da deyim ki, Qənimət Əlisaoğlu 2001-ci il 8 oktyabr tarixində çox borcu olduğu üçün intihar etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Wednesday, 27 March 2024 11:15

Makronsayağı azərbaycanafobiya - AKTUAL

Adəm İsmayıl, fəlsəfə doktoru - “Ədəbiyyat və incəsənət” üçün

 

XIX yüzilin görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın Fransadakı abidəsinə qarşı törədilən vandallığı əks etdirən fotoşəklə sakit baxmaq olmur. Əgər XXI yüzil vandalizminin fotodəlilləri ilə təqdim olunan məqalənin başlığını oxumasan, bu olayın planetar sivilizasiyadan kənarda qalan, ümumbəşəri dəyərlər anlayışı olmayan, insan dühasının yaratdıqlarını məhv edən və məsxərəyə qoyan gerizəkalı, avtargiya səciyyəli bir ölkədə baş verdiyini düşünə bilərsən.

 

Lakin bunun Avropa demokratiyasının beşiyi və respublika dövlət quruluşunun ilk örnəklərindən biri olan, Monteskyö, Volter və Russo fəlsəfəsinin çiçəkləndiyi, 1789-cu ildə qəbul edilmiş və dünya tarixi üçün böyük önəm daşıyan "İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi"nin meydana çıxdığı bir ölkədə baş verdiyini fikirləşəndə Fransa prezidenti Emmanuel Makronun yaratdığı formaca demokratik, mahiyyətcə neoimperialist rejimdən doğan deqradasiyaya heyrətlənməyə bilmirsən. Makron, şübhəsiz ki, 1859-cu ilin aprelində Parisdə çap olunmuş "Qafqaz səyahətindən təəssüratlar" əsərində böyük fransız romançısı Aleksandr Dümanın Xurşidbanu Natəvanın intellekt və mədəniyyətinə verdiyi yüksək qiymətdən xəbərsizdir, xəbəri olsa belə, bunu anlamaq iqtidarında deyil.

Aleksandr Düma Bakının rayonlarından birində polis rəisi Piqulevskinin evində Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olmuş, Azərbaycan şairəsinin iti zehni, dərin elmi biliyinə heyran qalmış, şahmat oyununda 26 yaşlı bu gənc qadına uduzmuş və şairənin timsalında XIX yüzil Azərbaycan ziyalılarının intellektual səviyyəsini görə bilmişdi. Yeri gəlmişkən, Düma Azərbaycan dilini bilməsə də, Natəvanla ünsiyyətdə heç bir dil sorunu yaşamamışdı, çünki Azərbaycan ziyalı elitasının bir çox nümayəndələri fransız dilində mükəmməl danışırdılar.

Avroatlantist Makronun həm öz daxili, həm də xarici siyasətilə faktiki olaraq neokolonializm və ksenofobiya yetişdirməsi əsla təəccüblü deyil. Bunu sübut edən çoxlu faktlar var və onlardan bir neçəsini nümunə göstərmək yerinə düşər. Paris "Afrika frankı" sistemi vasitəsilə qitədəki 14 dövlətə nəzarət edir. Bu, müstəmləkəçiliyin modern formasıdır. Təsadüfi deyil ki, Afrikanın bir sıra ada dövlətləri Mozambik boğazı və Hind okeanının qərbində Fransaya məxsus adaların özlərinə qaytarılmasını tələb edirlər. Buraya bir neçə onillik ərzində Fransa tərəfindən ələ keçirilən Eparse (Mozambik boğazı), Xuan de Nova, Bassas da İndiya, Avropa, Qloryoz, Qeyzer adalarının Fransa tərəfindən geri qaytarılmasını tələb edən keçmiş fransız Madaqaskarı və Parisin Tromelin adalarının geri qaytarılmasını israr edən Britaniya Mavrikisi daxildir. Bu kiçik adacıqların ümumi sahəsi 40 kilometrdən çox olmasa da, onların sayəsində Fransanın Hind okeanındakı dəniz iqtisadi zonasının ümumi akvatoriyası 640 min kvadratkilometrdən çox olan nəhəng ölçülərə çatır ki, bu da metropoliyanın öz ərazisindən 15 faiz çoxdur.

Rəsmi Paris neft və qaz ehtiyatları ilə zəngin olan bu ərazilərdə öz müstəmləkəçiliyini saxlamaq cəhdini bu bölgələrin bir çoxunda metropoliya hərbi obyektlərinin yerləşdirilməsi ilə əsaslandırır. Bunu nəzərə alanda, Makronun Azərbaycanı dünya birliyi tərəfindən tanınmış öz ərazi bütövlüyünü bərpa etmək və respublikanın kontinental ərazisi ilə eksklav hissəsi - Naxçıvan arasında əhali və nəqliyyatın keçidi üçün dəhliz yaratmaq cəhdinə görə qınamasına sinizm və həyasızlıqdan başqa ad vermək olmur.

Sual doğurur: ermənilərin yarım milyonluq əhalisinin 67 milyonluq Fransa üzərində niyə, axı, bu qədər təsiri var? Əhalisinin 0,75 faizinin Beşinci Respublikanın bütün yerdə qalan xalqına öz iradəsini diktə etdiyi neomüstəmləkəçi Fransa niyə bu gündədir?!! Axı, məhz erməni diasporunun təhriki ilə 2020-2024-cü illərdə Fransa Senatı nəinki Ermənistanı dəstəkləyən və Azərbaycanı pisləyən (17 yanvar 2024-cü il, 15 noyabr 2022-ci il, 25 noyabr 2020-ci il), həm də Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını tələb edən ən azı 3 qətnamə qəbul edib. Bu harada görünüb ki, dövlət başçısı hakimiyyətinin ötən dövründə əhalinin 0,5 faiz nümayəndələri qarşısında hesabat versin?! 2022-ci ilin yanvarında Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədrləri Murad Papazyan və Ara Toranyanın başçılıq etdiyi erməni icmasının nümayəndə heyəti ilə görüşən Emmanuel Makron bütün dünyaya bir növ "möcüzə" göstərərək yenidən seçiləcəyi təqdirdə, 5 il müddətinə qarşılıqlı fəaliyyət planlarından danışıb. Görüşdən məmnun qalan erməni əsilli həmvətənləri onun başına sığal çəkərək əmin ediblər ki, ermənilər ikinci turda "təhlükəli ultrasağçı siyasətdə" suçladıqları Marin Le Peni deyil, hazırkı prezidenti dəstəkləyəcəklər.

Dövlət başçısının himayədarlığı sayəsində cəzasız qalacaqlarını hiss edən bir qrup təkəbbürlü erməni məhz həmin ilin sentyabrında Azərbaycanın Fransadakı Səfirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət mərkəzinə hücum etdilər. Polisin müdaxiləsi sayəsində hücumun qarşısı alınsa da, basqınçılar heç bir cinayət məsuliyyətinə cəlb edilmədilər.

Bir il öncə Makronun fundamental himayəsindən istifadə edən erməni əsilli fransız ictimai xadimi, ixtisasca zərgər olan Xovel Şenorokyan öz "yoldaşları" ilə birlikdə erməni xalqının təkcə dili deyil, həm də "mənəvi" dəyərlərinin gələcək nəsillər üçün çox faydalı humanitar irsinin arxasında gizlənərək, faktiki olaraq, Azərbaycan və türk xalqlarına qarşı fizioloji nifrətin qızışdırılması ilə məşğul olan "DiasporArm" təşkilatını yaratdı. Maraqlıdır ki, Fransadakı yarım milyonluq erməni icması 7,5 milyon ərəb-islam icması ilə eyni sayda ictimai-siyasi və ictimai-dini təşkilatlara malikdir və bu, kifayət qədər ciddi perspektiv təhlükə vəd edir.

Fransanın yarım milyon erməni əhalisi üçün 70-ə yaxın erməni məktəbi, onlarla erməni kilsəsi, mədəniyyət mərkəzi, media, kitabxana və sair olduğu halda, neçə milyonluq ərəb əhalisi üçün öz dilində məktəblər barmaqla sayılacaq qədər azdır. Bunlar vur-tut La Reyunyon adasında (Maqadaskarın şərqində) bir məktəb, Obervilyedə müsəlman kolleci, Lildə bir məktəb və Savoyyada yeni açılmış məktəbdən ibarətdir.

Əgər erməni "qurbanlarının" azad yaşam hüququ bu vandalların Azərbaycan, Türkiyə və bütün İslam dünyasına qarşı getdikcə daha çox yeni mürtəce hərəkətlərinə gətirib çıxarırsa, erməni ictimai-siyasi strukturlarının təşəbbüsü ilə Fransada baş verən azərbaycanofobiya təzahürlərinin qarşısının alınmasından hansı söz gedə bilər?

Bütün bunlar təkcə Makronun rəhbərlik etdiyi indiki hakim rejim tərəfindən nəinki təşviq edilir, həm də onlardan antiislam, antitürk siyasətinin həyata keçirilməsi, Cənubi Qafqaza nüfuz etmək, Rusiyanı bölgədən sıxışdırmaq, Türkiyə və İranın regiondakı təsirini zəiflətmək üçün istifadə edilir. Belə olan halda Fransanın Klermon-Ferran şəhərinin meydanlarından birinə qondarma "erməni soyqırımı" ilə bağlı "Ermənistan" adı verilməsi, bu münasibətlə keçirilən tədbirdə, hətta tam fiaskoya uğramış "Artsax"ın bayrağının dalğalanması heç də təəccüblü deyil.

Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brunun bu günlərdə "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda ifadə etdiyi fikrə görə, "... İkinci Qarabağ müharibəsini müsəlman-xristian qarşıdurması kimi təqdim etməyə cəhd etdilər ki, bu da böyük səhvdir". Baş redaktor onu da vurğulayıb ki, Fransada müsəlmanlara təhlükə kimi yanaşılır.

Bu gün Fransada gərginləşən mənəvi-psixoloji iqlim Xurşidbanu Natəvanın abidəsinin təhqir olunmasına bənzər olayların yenidən baş verməsinə səbəb ola bilər. Bu, yalnız bütün fransız xalqını deyil, həm də dünya mədəniyyət xəzinəsinə onun verdiyi töhfələri də beynəlxalq səviyyədə diskreditə edir. Fransa prezidenti elə bil fərqində deyil ki, erməni ictimai-siyasi strukturları və ümumiyyətlə, bütün Fransa erməni icmasının ən mürtəce təzahürlərinə bu cür fransızsayağı qızğın, məsuliyyətsiz dəstək öz dövləti üçün necə təhlükəlidir.

Tarix ermənilərin məhz onları qoruyan və var olmaları üçün ən əlverişli şərait yaradan dövlətlərə xəyanətinin presedentləri ilə doludur. Fransanın da bu qanunauyğun tendensiya ilə qarşılaşacağı gün uzaq deyil! Əlbəttə, artıq çağdaş dönəmdə də ermənilərin indiki himayədarları və onların xeyrinə çalışanlara növbəti xəyanətinin cücərtiləri baş qaldırır.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Biri var idi, biri yox idi. Min doqquz yüz çoxdanıncı illərdə bizim Xoruz baba kimi tanıyıb sevdiyimiz bir aktyor var idi. Demək olar ki, bu məmləkətdə onu tanımayan uşaq yox idi. Elə ki, "sehirli qutu"da görünürdü, bütün uşaqların diqqəti ona yönəlirdi:

 

"Ququlu Qu, mənəm Xoruz baba, ay mənim gözəl nəvələrim, yaxın oturun, sizə deyiləsi sözlərim var."- söyləyib söhbətə başlayardı...

 İndi o vaxtdan xeyli zaman keçib. Düz qırx bir ildir ki, Xoruz baba bu dünyadan acıq edərək, o dünyaya köçüb. Onu görməyə gedənlərin də heç biri geri qayıtmayıb...

 Hə, Xoruz babamız çox yaxşı baba idi. Uşaq vaxtı bizə nağıl danışmaqdan yorulmazdı. Hər il Novruzda özünə ad günü keçirərdi. Şəninə o qədər xoş sözlər deyilər, badələr qaldırılardı ki, sayını desəm, qorxuram səhv danışaram...

 Yaşasaydı, bu il 110 yaşı tamam olacaqdı. İndi o dünyada oturub, bu dünyadan gələnləri gözləyir ki, soruşsun, onun 110 illiyini qeyd ediblər, ya yox? 

Xatircəm ola bilər, oçunub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artistinin 110 illiyi münasibətilə "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası nümayiş olunub. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan tamaşadan əvvəl aktyorun teatr və kino fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.

Aktyorun sənət dostları Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, İlham Namiq Kamal, teatrşünas, professor İlham Rəhimli çıxış edərək milli teatr sənətində Hüseynağa Sadıqovun yaratdığı misilsiz rollardan, mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışaraq, xatirələrini bölüşüblər.

Sonra Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa nümayiş olunub. Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Elnur Bəhrəmxan, aktyorlar Kərəm Hadızadə, Təhminə Məmmədova, Ceyhun Məmmədov, Ədalət Əbdülsəməd, Natiq Fərzəliyev, Anar Səfiyev, Dilarə Fərəcullayeva, Hüsniyyə Əhmədova, Gülbəniz Lətifova, İlahə Əmirxanova, Fəridə Qurbanova, İmran Qurbanov, Ümman Budaqov, İmdad Tofiqoğlu, Ramil Məmmədli, və Davud Musayev iştirak ediblər.

Şəkillər də həmin tədbirdəndir. 

Bəli, bizim Xoruz babamız var idi. O bizə hər tamaşada düzlük, alicənablıq, mərdlik aşılayırdı. İndiki uşaqların isə, əfsus ki, belə bir babaları yoxdur. Spəydermənlər, Betmənlər, Maşalar və Ayılar indiki uşaqları hara yönəldir, özünüz bilirsiniz.

Ruhun şad olsun, Hüseynağa Sadıqov!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Cenevrədə “Les Salons” teatrının səhnəsində Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşası uğurla nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tamaşa Azərbaycan mədəni irsini təşviq edən, onu Avropada, xüsusilə də İsveçrədə populyarlaşdıran “İrs” (Heritage) Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Assosiasiya Azərbaycanın zəngin tarixi, musiqi və teatr irsini təşviq etmək məqsədilə tanınmış dramaturqların, yazıçıların və bəstəkarların əsərlərini yerli ictimaiyyətə təqdim edir. Bu dəfə Assosiasiyanın təşkilatçılığı ilə dahi bəstəkar və dramaturq Üzeyir Hacıbəylinin milli folklorumuzun incisi olan “Arşın mal alan” əsəri Cenevrədə təqdim edilib. Bakı Marionet Teatrının yaradıcısı və bədii rəhbəri Əməkdar incəsənət xadimi Tərlan Qorçunun konseptual ideyasına uyğun olaraq, Üzeyir Hacıbəylinin yaradıcılıq irsi bu teatrın repertuar siyasətini təşkil edir. “Les Salons” teatrında “İrs” Assosiasiyasının üzvləri “Arşın mal alan” tamaşasının nümayişi çərçivəsində “Leyli və Məcnun” tamaşasının kuklaları, bu tamaşa üçün Azərbaycan, Gürcüstan və Baltikyanı ölkələrin rəssamlarının hazırladığı dekorasiyalar, geyimlər, ağac üzərində oymalar sərgilənib.

Bakı Marionet Teatrının hazırladığı “Arşın mal alan” tamaşası ilk olaraq Cenevrədə BMT-də çalışan diplomatik korpusun üzvləri üçün nümayiş olunub. Sonra tamaşa iki gün ərzində üç dəfə yerli ictimaiyyət üçün nümayiş etdirilib. Beləliklə, isveçrəli teatrsevərlər gənc Əsgərlə Gülçöhrənin səmimi sevgi axtarışında hekayətindən bəhs edən Azərbaycan folklorunun incisi “Arşın mal alan” tamaşası vasitəsi ilə 20-ci əsrin əvvəllərinin Bakısı ilə tanış olublar.

Bakı Marionet Teatrının Azərbaycan xalqının zəngin mədəni irsinin ən müxtəlif sahələrini bir araya gətirir, poeziya, musiqi, milli geyim, naxış və rəqslərimizə dair dolğun təsəvvür yaradır. Burada müasirlik tarixlə ayaqlaşır, klassik irs modern axtarışlarla uzlaşır, ənənələr yeniliklərə qovuşur, Şərq ilə Qərb birləşir.

Üzeyir musiqisinin qüdrəti teatrın hər bir marionet kuklasında, dekorasiyalarda, aktyorlarımızın ifaçılıq tərzində öz əksini tapır. Məhz bunun sayəsində teatrın tamaşaları, dilindən və yaşından asılı olmayaraq hər bir kəs üçün anlaşıqlı və maraqlıdır. Fransa, Almaniya, ABŞ, Rusiya, Polşa kimi ölkələrdə uğurla nümayiş olunub.

Qeyd edək ki, mədəniyyətin bir xalqın ürək döyüntüsü olduğuna inam əsasında qurulan “İrs” Assosiasiyası Azərbaycanın incəsənət, ədəbiyyat, musiqi və kulinariya xəzinələrinin beynəlxalq səviyyədə dərindən dərk edilməsinə töhfə verməyə çalışır. Assosiasiyanın məqsədi Azərbaycanın yaradıcılıq irsini nümayiş etdirmək, yaymaq və qorumaq üçün mühit yaratmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.