Super User
“Qardaşımın arzusu” - Salatın Əhmədlinin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı- Salatın Əhmədlinin “Qardaşımı arzusu” adlı hekayəsini təqdim edir. Hekayə 44 günlük müharibədə şücaət göstərmiş Azərbaycan əsgərlərindən bəhs edir.
Mən anamın qucağında uşaq olarkən yurdundan didərgin düşən qaçqın ailələrindən birində doğulub böyümüşəm. Atam, anam gözümü açandan, dünyanı dərk edəndən hiss etdim ki, yaralıdırlar, torpaq həsrətlidirlər. Evdə dörd uşağıydıq. Böyük qardaşım hərbçi olmaq istəmişdi, evdən icazə verməmişdilər. Çünki Zəngilandan çıxarkən əmim və dayım kənddən çıxmamışdılar. Onların bu günə qədər ölüsü, dirisi barədə belə məlumat ala bilməmişdik. Bu illər ərzində onları gördüm deyən olmamışdı. Onlar da hərbçi olmuşdular. O zaman camaatı kənddən çıxarıb, əli silah tutan kişilər onların komandanlığı altında günlərlə kəndi qoruyub saxlaya bilmişdilər. Sonra arxadan kömək gəlmədiyindən düşmən qüvvələri hücuma keçərkən ancaq bir neçə adam sağ qayıtmışdı. Son dəfə onları əlisilahlı kənddə döyüşən görmüşdülər. Sonralar bir daha dayım və əmimlə yanaşı kəndin ondan çox adamı geri dönmədi. Onların taleyi qaranlıq olsa da atam həmişə deyirdi ki, düşmən onları heç vaxt sağ qoymazdı, çünki onlar kəndə girmək istəyən xeyli erməni dığasını məhv eləmişdilər.
Nənəmin ürək dağlayan bayatılarını dodağının altında zümzümə edə-edə, gizlin-gizlin tökdüyü göz yaşlarını görmüşdüm. Anam da bunu görürdü, “dəyməyin, ağlasın, içini boşaltsın, yüngülləşsin” – deyərdi, bizi yanından uzaqlaşdırardı.
Yaşa dolduqca bildik ki, qaçqınıq, yurdsuzuq, kəndlərimiz, gülüstan ellərimiz düşmən tapdağı altındadır. Taxtadan silahlar düzəldərdik, bu cəhətdən qardaşım daha bacarıqlı idi, oynayanda da elə müharibə oyunu oynayardıq, özümüzə bayraq düzəltmişdik, müharibədə “qalib” gəlirdik, bayrağımızı sancırdıq... Nağıl dolu ömrün içində necə bir həqiqət yaşanmış olduğunu uşaq təfəkkürümüz sonralar dərk etməyə başladı. Qardaşım mütləq hərbçi olacağını deyirdi: kəndə birinci mən girəcəyəm, onların gözlərini ovacağam, kəndimiz, evimiz yadımdadır. Hələ bir gedim, görüm, orda erməni yaşamış olsa, onun donuz iyi verən nəfəsini o evdə hiss etsəm, yerli-dibli söküb, süpürüb, eynən eləsini yenidən tikdirəcəyəm. Hələ bir gedim hərbçi olum...
Qardaşım doqquzuncu sinifdə oxuyurdu. Naxçıvanski adına hərbi məktəbə getmək istədiyini bildirəndə atam qoymadı:
- Otur yerində, yaralarımız sağalmamış sən də başımıza bəla açma.
- Onsuz da gedəcəm, belə qoymazsınız, hərbi xidmətdən sonra qalacağam orda.
- Sən cılızsan, uşaqlıqdan da revmatizman var, qalan sağlamlığını da o soyuq səngərlərdə, ağır təlimlərdə itirərsən.
Doğrudan da qardaşımı həmişə müalicə etdirirdilər. Atam ona görə narahatlığını gizlətmədi:
- Elə olmasaydın, bir söz deyəməzdim. O torpaqlar nə qədər qalacaq donuzların ayağının altında? Yaxşı bir ordu olmalıdır ki, alaq...
Qardaşım təslim olmurdu:
- Mən yaxşıyam, heç yerim də ağrımır.
Qardaşım nə qədər təkid etsə də, onu hərbi məktəbə göndərmədilər. İdman müəllimimiz Yaşar bizi idman yarışlarına hazırlayırdı, cəld, çevik uşaqları, özü dediyi kimi, “gözaltı” eləmişdi:
- Fərqlənənləri gələcəkdə xüsusi yetişdirilən hərbi məktəbə göndərə bilərik.
Onların arasında mənim də adımı çəkdi.
9-cu sinifi bitirəndə Yaşar müəllim məktəbdən beş şagirdin sənədlərini Naxçıvanski adına hərbi məktəbə göndərdi. Mən də onların arasındaydım... Onda qardaşım Neft akademiyasında 2-ci kursda oxuyurdu. Bakıya gəlirdik. Sentyabrda dərslər başladı. Mən ancaq bazar günləri qardaşımı görə bilirdim, təpədən dırnağa od tutub yanırdı:
- Heyf, heyf məni qoymadılar. İndi Ali Hərbi məktəbdə artıq üçüncü kursda olardım...
Hirslənib atamgilin arxasınca danışırdı. Mən ona təskinlik versəm də nəticəsi olmurdu. Qardaşım elə bil doğulandan bu hisslə doğulmuşdu...
Neft Akademiyasını bitirən kimi Səməd hərbi xidmətə yollandı... Sonra qayıtmadı, ömrünü hərbə bağladı. Xüsusi kurslara getdi.
Mən təhsilimi başa vurub XTQ-ə qəbul olundum. İnsan doğrudan da böyüdükcə torpaqların düşmən tapdağı altında qaldığını görüb qeyrət hissi içini yeyirmiş... Gecə-gündüz fikrimiz-zikrimiz Qarabağı, ümumən işğal altında olan torpaqlarımızı öz gücümüzlə qaytarmaq idi... 15 aprel hadisələrində demək olar ki, qüvvələrimiz qan-qan deyirdi. Rəhbər hərbi komandanlıq bizi ipə-sapa yatırda bilmirdi... Sonra generalımız Polad Həşimovun öldürülməsi... O gecə bütün taborlar qalxmışdı, Ali Baş Komandandan döyüşə girmək üçün əmr tələb edirdik...
Bizi dəliqanlı, düşüncəsiz hərəkətlərə yol verməmək üçün lazım gələndə tənbeh də elədilər. Bilirdik ki, özümüzə qalsa, bir həftəyə bütün Qarabağı o şərəfsizlərdən təmizləyə bilərik. Amma ermənipərəst beynəlxalq qüvvələr vardı... Bu reallıqları da bilirdik.
- Dövlət başçısı hər şeyə nəzarət edir. Bizim artıq güclü, vahid qüdrətli ordumuz var və hər birimiz generalından tutmuş sıravi əsgərinədək bu döyüşə hazırıq. Amma zaman yetişməyib, gözləməliyik, səbrli olun, – komandir bunu deyirdi.
***
Müharibə başlayan gün sübh tezdən əmr aldıq. Bizim böyük bir qrup hərbçimiz – mən də onların arasındaydım – Kəlbəcər-Tərtər istiqamətindəki mövqelərdə yerləşdirilmişdik. Biz Camışdağ zirvəsini tutmalıydıq. Burada birinci biz hərbi əməliyyatlara girməli, arxadan gələn qoşunun təhlükəsizliyini təmin etməli, onların irəli yeriməsi üçün şərait yaratmalıydıq.
Verilən əmrləri hücum əməliyyatı ilə xüsusi təyinatlılarımız çox gözəl, uğurlu şəkildə yerinə yetirirdi. Silahlı qüvvələrin giziriydim. Biz qələbələri əfsanəvi igidlikləri ilə döyüş tapşırıqlarını yerinə yetirən əsgərlərimizlə əldə edirdik.
Müharibə başlayan gün səhər 8-ə qalmış Camışdağ zirvəsi uğrunda döyüşə atıldıq. Biz o zirvəni almalıydıq. Murovdağın yüksəkliyindən erməni postlarına doğru endik.
Dumanlı, çiskinli havada hər şeydən xəbərsiz düşmən postlarını ələ keçirmək üçün mövqelərimizi qurduq... Düşmənin hücumunun qarşısını almaq üçün hər şeyə hazır idik, qüvvələrimiz erməni postlarını dağıtsa da onlar müqavimət göstərirdilər, güclü əks-hücuma keçmişdilər.
Biz Camışdağ yüksəkliyi uğrunda döyüşərkən qurduğumuz mövqelər ermənilərin tanklarından atılan top atəşləriylə toz-dumana bürünmüşdü. Bir tərəfdən duman, çiskin, o biri tərəfdən tanklardan aramsız atılan top mərmilərinin yağışı altında vuruşurduq. Düşmən gəldiyimiz istiqamətdən xəbər tutmuşdu, ona görə də Camışdağ istiqamətində o dumanda, çiskində yerimizi tam bilməsələr də güllə, top, tank, mərmi atəşinə tutmuşdular, tutduğumuz mövqelərdən bir addım belə kənara ayaq basmağa imkan vermirdilər. Camışdağ istiqamətində düşmən mövqelərini əlində saxlamaq üçün sanki bütün artilleriya ilə hücuma keçmişdilər. Onların isə xəbəri yoxuydu ki, biz artıq onların postlarının 400-500 metrliyindəyik. Onlar bizdən yuxarını gülləbarana tutmuşdular. Atılan toplardan dağılan daş, qaya parçaları başımıza düşməsin deyə özümüzü qorumağa çalışırdıq.
Biz posta yetişməyə nail olduq, o tərəflərdə yerləşən qüvvələrimiz də hərəkətə keçdiyindən təmizlənmiş postlarda yerləşmişdilər. Silah, top, artilleriya atəşindən dağlar lərzəyə gəlmişdi. Bizim getdiyimiz istiqamətdə düşmən məlumat aldığından zərbə endirməkdə davam edirdi. O qədər top, mərmi yağışı altında Camışdağ zirvəsinə gəlib çatdıq, o yüksəkliyi aldıq və zirvəni aşdıq, oradan da maşınlara minməliydik. Amma dəhşətli müharibə od-alovu içində ətrafımız gülləbarana tutula-tutula üzərimizə düşən vəzifəni yerinə yetirdik...
Düşmənin çayqırağı ərazilərdə basdırdıqları minalardan xəbərsiz olan şəxsi heyətimizin digər qrupları arasında şəhidlərimizin, yaralılarımızın olduğunu görüb onların da köməyinə getdik. Döyüşdə deyil, düşmənin basdırdıqları minalardan həlak olan dostlarımızın itkisi bizi daha da qəzəbləndirirdi, intiqam hissi, erməni vandallarına qarşı kinimiz coşub-daşırdı.
***
Düşmən hər vasitəylə itirdiyi postları geri qaytarmaq üçün əlavə qüvvələr çağırırdı... Mənim də olduğum postlar ermənilərdən təmizləndikdən sonra hərəkət istiqamətimiz müəyyənləşdi. Arxadan gələn qüvvələri postlarda yerləşdirib yola çıxdıq. Getdiyimiz yol açıq yol deyildi, oradan rahat çıxa bilməzdik, çünki ətraf minalanmışdı. Bir addım göstərilən istiqamətdən kənara çıxmaq ölümə bərabər idi. Bir yandan üstümüzdəki yük, digər tərəfdən düşmən güllələri, top, atəş içində biz o yüksəkliyi aşdıq...
Bu işin nə qədər ağır, nə qədər təhlükəli olduğunu bilsək də, biz şüurlu şəkildə növbəti yüksəklik uğrunda da döyüşdük, o yüksəkliyi də aldıq... Verdiyimiz şəhidlər, yaralılarımızı döyüş meydanında qoymamaq da borcumuz idi və biz bu işin öhdəsindən də gəlirdik və gəlməliydik. Bu döyüşdə Mikayıl kimi oğlu itirdik.
Növbəti əməliyyatı uğurla yerinə yetirib irəliləmək əmri alan zaman mərmilərin dağlarda verdiyi əks-səda dağlardan, daşlardan qopan qəlpələr, mərmi atəşləri içində əmrə əsasən maşınlara minib oradan uzaqlaşmağa çalışdıq. İki KamAZ-la yaralı və digər döyüşçülərimizi oradan çıxardıq, şəhid vermədən, itkimiz olmadan çıxdıq. Yerdə qalan xüsusi təyinatlılarımız piyada, bir sutka sonra mövqeyə gəlib çatdı. Biz istəyimizə nail olmuşduq, o yüksəklikləri alıb, erməni postlarını məhv edərək Beyləqan – Füzuli istiqamətində yola düşdük.
Axşam evimizlə əlaqə saxlamaq istəsəm də, nəsə bir qüvvə imkan vermirdi. Nəhayət, qonşumuz Həsən dayıya zəng elədim. Anamı soruşmaq, Səlimdən xəbər tutmaq istəyirdim. Həsən dayı Səlimin şəhid olduğunu deyəndə sarsıldım. Telefonda donub qalmışdım. Həsən dayı isə Səlimin qəhrəmanlıqla şəhid olduğunu deyirdi.
-Səlim qırxdan çox ermənini təkbaşına məhv edib, əsir düşməmək üçün sonuncu qumbaranı onu əhatəyə alanların üstünə atıb, özü də şəhid olub. Nəşini döyüş meydanından çıxara bilməyiblər. Çadırlar qurulub... gözləyirik...
Başım dumanlanmışdı, qulaqlarım uğuldayırdı, Səlimin uşaqlığı, hərbə olan sevgisi, şəhidliyi – hər şey elə bir-birinə qarışmışdı ki, axan göz yaşlarımı silən dostlarımın təsəllisini belə dərk edə bilmirdim...
***
Mən Səlimin yas mərasiminə gedə bilmədim.
Füzuli istiqamətinə gedərkən bizim dəstənin bir hissəsi Lələtəpənin postlarını ermənilərdən təmizləmək üçün yola düşməli oldu. İki dəstəyə bölündük. Əmrə əsasən bizim dəstəmiz qarşıdakı birinci postu götürüb Cəbrayıl istiqamətində irəliləməliydi.
Ermənilərin hərbi texnika və canlı qüvvə ilə yaxşı təchiz olunmuş 1-ci post uğrunda döyüşlər gedirdi. 1-ci postu düşməndən azad etmək çox çətin, ağır idi, orda düşmən mövqeləri çox möhkəm idi, hər cür silahlarla təmin olunmuşdular.
Biz dəstələrə ayrılıb, üstümüzdəki bəsit silahlarla, düşmənin gözləmədiyi yerlərdən keçərək irəliləyirdik. Nəhayət ki, posta çatdıq. O post uğrunda döyüşlərdə şəhidlər verdik, yaralılarımız oldu, bununla belə, postu aldıq, onların 30 il bundan əvvəl işğal etdikləri ərazisinə girdik.
Sübh tezdən gələn qüvvələrə postu təhvil verib, onları gətirən maşınlarla oradan ayrıldıq.
Maşınlarımız qaranlıqda irəliləyirdi. Düşmən bizi görməsin deyə işıqların söndürmüşdük. Çox çətin şəraitdə, qaranlıqda yeriyən maşınları idarə edən sürücülərimizin də şücaəti böyük idi.
Biz üzü Cəbrayıl istiqamətinə olan postları götürür, Füzulinin kəndlərindən keçib Cəbrayıla doğru gedirdik. Anidən düşmən hücumuna məruz qaldıq, vurulanlarımız oldu. Musayev Kamil şəhid oldu.
Qarşıda solda düşmənin xeyli canlı qüvvəsi və texnikası olduğu haqda məlumat aldıq. Komandir Heydərov əmri bizə çatdırdı:
–Düşmənin canlı qüvvəsi də, texnikası da çoxdur. Biz yeridiyimiz dərə istiqamətindədirlər – orada da meşəlik başlayır – onları görmək olmur. Ona görə də ehtiyatla hərəkət etməliyik.
–Komandir, icazə verin kəşfiyyat aparaq, – dedim.
Komandir:
–İtkimiz ola bilər.
–Komandir, mən tək gedim.
–Mən də onunla gedim. – Əliyev Rüstəm komandirə yaxınlaşdı.
Komandir:
–Başqa çarəmiz də yoxdur. Düşmənin planını bilməliyik. Çalışın ətraflı məlumat gətirin.
–Oldu, komandir.
Rüstəmlə mən onlardan ayrıldıq. Sürünə-sürünə irəliləyirdik. Düşmənlər orada möhkəm yerləşmişdilər, səngərlər qazmışdılar, meşəlik olduğundan texnikalarını da yaxşı gizlətmişdilər. Biz yüksəkliyin arxasında olduğumuzdan onların meşədə gizləndikləri ərazini təxmin etmək çətin idi. Yaxşı ki, gəldik. Birdən onların “Ural” maşınlarından birini gördüm. Rüstəm bir az da irəli sürünüb geri döndü:
–Dərənin dibində tankları, BTR-ləri də var...
–Bunlar özləri hanı bəs?
–Yəqin buralarda haradasa yeraltı məkanları var.
–Hamısı burada gizlənə bilməz. Məncə, bunları burada ehtiyat qoyublar. Haradasa meşənin içindədirlər.
–Sən burada gözlə. Mən irəli gedəcəyəm. Bir şey olsa arxamca gəlmə, geri dön və xəbər ver.
–Fikrin nədir? Bir yerdə gəlmişik, bir yerdə dönəcəyik.
Ətrafı yaxşıca yoxladım. Yaxında kimsə yox idi. Ehtiyatla, sürünə-sürünə gördüyüm “Ural” maşınlarından birinə yaxınlaşdım. Fikrimdən keçirdi ki, düşmən əlində qoymaqdansa onları qənimət kimi də götürmək olar. Yaxşıca yoxladım, mina-zad təhlükəsi olmaması üçün diqqətlə hərəkət edirdik. Əliyev Rüstəm – istehkamçı yanımdaydı, maşının birinə qalxdım, yoxladım, rolun arxasına oturdum, o da yanımda, hər cür çaşqınlıq, hər cür gərginlik içində maşını düşünmədən irəli sürdüm, postumuza gətirdim... Komandir hirslənmiş olsa da, gətirdiyimiz qənimətlər hərbi cəhətdən çox dəyərli idi. Maşında xeyli qiymətli əşyalar varmış, gecəgörmə cihazları, koordinat cihazları, arxasında qrantamyot, minamyot, xeyli sayda silah-sursat vardı. Bununla belə komandir narahat idi:
–Maşının yoxa çıxmasından anlayacaqlar ki, yaxındayıq. Ehtiyatı əldən verməyin.
***
Bizə irəliləmək əmri verilmişdi, əməliyyat apardığımız ərazilərdə 300-400 canlı qüvvə və hərbi texnikası olan postlar vardı. Bizim isə silahımız sadə, soyuq silahlarıydı.
Cəbrayılın içinə girəndə dairəvi bir yer gördük. Orada bir hərbi hissə tikmişdilər, şəhər isə yoxuydu, darmadağın etmişdilər. Biz həmin hərbi hissəni almalıydıq, gizləndiyimiz yerdən düşmən xəbərsiziydi. Ağıllarına da gətirmirdilər ki, biz tam postun qabağındayıq, gecəni də orada qaldıq. Düşmən gözətçisi o dağın üstündən gəlib beş-altı güllə atırdı, güllələr gəlib başımızın üstündən keçirdi, ora-bura dəyirdi. Ətrafımız güllə yağışına məruz qalsa da, yerimiz bəlli olmamalıydı. Odur ki, heç kəs cınqırını belə çıxarmırdı. Düşmən əsgəri elə-belə atırdı ki, birdən kimsə ola bilər... Düşmən sadəcə olaraq bilirdi ki, gəlirik. Ona görə elə irəliyə atırdılar... Dağın üstündən BK-yla atırdılar, qayıdıb düşürdülər posta. Murovdakı kimi gəlmə istiqamətimizdən xəbərdar idilər və atırdılar...
***
Hərbi hissənin qabağında çay yatağı vardı, onu keçdik, qruplara ayrıldıq. Biz hərbi hissəyə dumanlı sübh çağında girdik. Postda möhkəmləndik. Kəşfiyyata gedən Cəfərov Sabir xəbər verdi ki, əlavə qüvvələrlə hücuma keçiblər, tanklar, BTR-lər, 300-400 nəfərlik canlı qüvvə var.
Bütün postu almışdıq. Əlavə qüvvəylə yenidən hücuma keçən erməni dəstəsiylə bağlı arxaya - mərkəzə xəbər vermək istəsək də, ratsiyanın enerjisi qurtardığı üçün əlaqə saxlaya bilmirdim.
Düşmən hücuma keçmişdi. Bizim kiçik hissəmiz irəlidəydi, əsas qüvvə arxadaydı, onlara məlumat verə bilmirdim. Dəhşət içindəydim, dəstəni qoyub gedə də bilmirdim, hər tərəfdən od yağırdı. Başımı itirmişdim, verdiyim itkilər də məni dəhşətə gətirmişdi, heç kimə yardım edə bilmirdim. Dərə yatağıyla arxaya xəbər verməliydim, verə bilmirdim. Düşmən önümüzdə mövqeyini qurmuşdu, bizi biçməyə başlamışdı.
O dağı aşıb məlumat verməli olduğumu artıq qarşıma məqsəd qoyub dağ yuxarı güllə yağışı altında, üstümdəki yüklə birlikdə qalxırdım. Bir tərəfdən dəhşətli dərəcədə yorğunluq, dağ yuxarı sürünə-sürünə irəliləməyim, bir yandan bir əlimlə yerə dirənərək, o biri əlimlə güllə ata-ata, “ya Allah”– deyib irəli gedirdim. Atılan minamyot mərmisi qabağıma düşərək dərin çuxur yaratdı. Minamyotun yaratdığı dalğa məni yaratdığı çökəyə saldı. Mən orada bir az mövqelənə bildim. Kazımov Kamran vuruldu. Artıq hər şey bitmişdi, ətrafımda, aşağıda gördüyüm şəhidlərimiz, yaralılarımız da məni ruhdan salırdı, yenə də qüvvə topladım, yeridim, güc-bəla ilə özümü yüksəkliyə salıb ordan – yuxarıdan özümü buraxdım, daşa-qayaya dəyə-dəyə yuvarlandım. Dizim yaralı halda, bütün gücümü toplayaraq, iki kilometrə qədər yolu qaça-qaça özümü əsas məntəqəyə salıb mühasirəyə düşdüyümüzü xəbər elədim.
Döyüş əmri verildi. Biz yenidən hücuma keçdik. Üç yüz-dörd yüz əsgərli, hərbi texnikalı erməni cinayətkarlarının kolonunu məhv elədik, bir nəfərinə qədər biçdik, şəhidlərimizin intiqamını aldıq...
O döyüşdə biz Cəbrayıl ərazisində olan digər erməni hərbi qüvvələrini də darmadağın etdik. Mühasirəyə düşərkən müxtəlif qruplar arasından seçilmiş şəxsi heyətimizin şəhid oğullarının intiqamını aldıq. O qanlı döyüşlərdə bərabər olmayan qüvvələrlə mübarizədə ölümün gözünə dik baxaraq xüsusi təlim görmüş vətən oğullarımızın göstərdiyi mərdlik, şücaət yaddaşıma əbədi yazıldı. Filmlərdə gördüyüm dəhşətli döyüş səhnələrindən də dəhşətli mübarizə meydanında olduq... Başqa zaman olsaydı, mənə nağıl kimi gələrdi; düşmənin zirehli texnikalarını igidlərimiz düşmənin əlindən alıb, hərbi qənimət kimi necə sahib çıxdığımıza, on-on beş nəfərlik dəstələrlə düşmənin iki yüz-üç yüz nəfərlik dəstələrini necə məhv etdiyimizə, düşmənin alınmaz bildiyi ən hündür yüksəklikləri necə ələ keçirdiyimizə... bu döyüşün içində olmasaydım inanmazdım.
Bizim şəxsi heyət ondan sonra da dəfələrlə postları alarkən mühasirəyə düşdü, mühasirəni yarıb düşməni məğlub etdi, ən təhlükəli istehkamları dağıtdı, ələ keçirdiyimiz hərbi qənimətlər vətənin müdafiəsi üçün lazımlı oldu...
Mən o döyüşlərdə qazi oldum, çıxdığımız qanlı döyüşlərin birində qrantamyotun zərbəsi məni götürüb başqa yerə atdı. Rabitəçi Sahibin üstünə düşən mərmi onu parça-parça eləmişdi. Partlayış məni götürüb dərənin digər istiqamətinə atanda heç nədən xəbərim olmadı. Təsadüfən gizir Səfərov məni görür – ölüm ayağındaymışam. Mən də can verirdim, gözlərim görmürdü, qəlpə parça-parça eləmişdi, ayaqlarımı hiss eləmirdim. Əliyev Qismət mənə kömək edib qurtarmağa çalışırdı... Döyüşün ortasıydı, kömək gözləmirdik. Cəfərli Sabirin üz-gözü dağılmışdı. Mənim bir az yaralarımı sarıdılar, sağ yerim yoxuydu. Artıq burada şəhid olacağımı fikirləşirdim.
Qismətə: –Qoy məni, get, – deyə yalvarırdım.
Özümü düşmənə sağ verəcək deyildim. Huşumu itirdim. Amma Qismət və döyüş dostlarım məni oradan çıxararaq ilkin yardım ediblər, oradan KamAZ-a qoyub Əhmədbəylidəki hərbi qospitala çatdırırlar.
Mən hərbi qospitalda uzun müddət yatdım, müalicə olundum. Qardaşım da sən demə müharibədə ölməyibmiş, ağır yaralanıbmış. Hərbi qospitalda yanıma gələndə mənim vəziyyətim ağır olduğundan reanimasiyaya buraxmamışdılar.
Bir müddət sonra dəliqanlı qardaşımı yatağımın böyründə görüb güc-bəla ilə gülümsədim, üz-gözüm yara içində idi. Başımı sığalladı, qolumdan öpüb qulağıma pıçıldadı:
-Sən demək, saman altdan su yeridirsənmiş, cənab komandir. A kişi, mən hər gün “hərbçi olacağam” deyib bağırırdım. Sən demək elə anamızın qucağında olarkən hərbçi kimi doğulub, hərbçi kimi böyüyüb, geri dönüb, düşmənə qan uddurub, yurdumuza da baş çəkib gəlibsənmiş... Ay sənin gözünə dönüm...
Qardaşımın sağ olduğunu görüb itirdiyim bir gözümü belə unutmuşdum...
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)
Görkəmli yazıçı İsmayıl Şıxlının 105 illik yubileyi Gənclər Kitabxanasında
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 ili martın 22-də tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısının 105 illik yubileyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalı kitabxanaya istinadən xəbər verir ki, virtual kitab sərgisində İsmayıl Şıxlının həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında geniş məlumat verilir, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, akademik Nizami Cəfərovun və digər görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər təqdim edilir. Materialda müəllifin “Dəli Kür”, “Ayrılan yollar”, “Ölən dünyam”, “Namərd gülləsi”, “Cəbhə yolları”, “Namus qaçağı” kimi əsərlərinin qısa annotasiyası, İsmayıl Şıxlının layiq görüldüyü mükafatlar, yazıçının foto qalereyası da sərgilənir.
Xalq yazıçısı İsmayıl Şıxlının 105 illik yubileyi münasibətilə hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/ismayil-sixli-105 yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)
"Turan yolu-Zəngəzurum" əsəri qardaş Türkiyədə
Bu günlərdə Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri, dizayner, dekorator, dekorativ tətbiqi sənət ustası, jurnalist, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı və qurumun bölmə rəhbərləri qardaş Türkiyə Respublikasının səfirliyində səfir Prof. dr. Cahit Bağçı və mədəniyyət atteşesi Prof. Dr. Mühittin Macit tərəfindən qəbul edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı əvvəlcə səfir həm Novruz Bayramı münasibətilə, həm də yuxarıda adıçəkilən İctimai Birliyin "Turan yolu-Zəngəzurum" adlı əsərlər toplusunun Türkiyədə tanıdılması ilə bağlı layihələrinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi müsabiqədə uğur qazanması münasibətilə təbrik edərək onlara işlərində müvəffəqiyyətlər arzulamışdır. Daha sonra Cahit Bağçı Sərdarlı ailəsinin yaradıcılığını yaxından izlədiklərini, onların zamanla unudulmuş xalq sənəti nümunələrinin günümüzə qaytarılması yolundakı çalışmalarını təqdir etmiş, böyük Türk dünyasının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və təbliği istiqamətində vətəndaş cəmiyyəti olaraq həyata keçirdikləri layihələrin diqqətəlayiq olduğunu bildirmişdir. QHT rəhbəri Lalə Sərdarlı da öz növbəsində qardaş Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin, Yunus Əmrə İnstitutunun, TRT kanalının hər zaman onlara göstərdikləri mənəvi dəstəyə, Türkiyə Yunus Əmrə İnstitunun başkanı Prof. Dr. Şərəf Atəşin, Türkiyə Cumhuriyyəti Cumhurbaşkanlığı Dövlət Arxivləri Başkanı Prof.Dr.Uğur Ünalın, Yunus Əmrə İnstitunun Kültürel Diplomasi Akademiyasının kordinatoru Prof. Dr. Melih Barutun Sərdarlılar ailəsinin yaratmış olduqları dünyada yeganə sandıq muzeyinə baş çəkib burda gördüklərinə yüksək dəyər verdiklərinə, səfirliyin mədəniyyət attaşesi Prof. Dr. Muhittin Macitin mütəmadi olaraq sayğı və qayğıyla Sərdarlı ailəsinin fəaliyyətini, yaradıcılığını diqqətdə saxlamasına, Bakı Yunus Əmrə İnstitutunun Başkanı Səlcuq Karakılıçın göstərdiyi qayğıya, TRT kanallarının dəfələrlə Sərdarlı ailəsinin yaradıcılığı və həyat hekayəsi ilə ilgili hazırladığı süjetlərin yayımlanmasına görə səfir Prof. Dr. Cahit Bağçıya dərin təşəkkürlərini bildirdi. Sərdarlılar tərəfindən hazırlanmış, özündə Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrinin, zəngin mədəni irsinin incilərini şərtləndirən elementlərin təzahürünü ifadə edən dekorativ tətbiqi sənət nümunələrinin qardaş Türkiyədə tanıdılması ilə bağlı müzakirələrdən sonra səfir qonaqları xüsusi hədiyyələrlə təltif etdi.
QHT rəhbəri Lalə Sərdarlı isə Sərdarlılar ailəsi tərəfindən hazırlanmış Azərbaycan, Türkiyə qardaşlığını tərənnüm edən "Bizim qardaşlıq” adlı (mücrü) əsəri cənab səfirə təqdim etdi. Görüş təəssüratlarını mətbuatla bölüşən Lalə Sərdarlı bildirdi ki, istər Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin İnaqurasiya çıxışında xüsusi önəm verdiyi Türk dünyası dövlətləri ilə qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi, müqəddəs ailə institutumuzun, milli mənəvi dəyərlərimizin qorunması, bu dəyərləri zaman zaman formalaşdıran mədəni irsimizin dərindən öyrənilərək geniş təbliğ edilməsi ilə bağlı məqamlar, bizi zəfərə aparan ölkə başçımızın ortaya qoyduğu iradə və mövqe, eyni zamanda qardaş Türkiyəmizdə İstiqlal marşının 103-cü ildönümü ərəfəsində Cumhurbaşqanı cənab Pəcəb Tayyib Ərdoğanın Sebilurrəşad Kültür və Sənət Mərkəzinin açılışı zamanı söylədiyi tarixi nitqində "Ruhunu kaybetmiş bir millətin cəsəddən ibarət qalacağı anlayışıyla mədəniyyətimizin, tariximizin, kültürümüzün köklərinə enməyi qayə edən hər çabayı dəstəkləmək boynumuzun borcudur" deməsi biz sənət,bilim adamlarını daha inamla səfərbər edir, fəaliyyətimiz üçün qarşımızda yeni üfüqlər açır. Axı indi böyük Türk dünyası bizim ümumi evimizdir. İndicə hörmətli cənab səfir, Cahit bəyin bizə təqdim etdiyi hədiyyə sıradan bir hədiyyə deyil. Bizə görə bu sənətimizə, ortaq dəyərlərimizə göstərilən ehtiramın, rəğbətin təzahürüdür. Bu həm də bir mukafat, böyük etimaddır. Bilirsinizmi Osmanlının şanlı tarixində özünəməxsus yer alan "Lalə dövrü" adlanan bir dönəm var. 1718-1730-cu illəri əhatə edən bu dövrdə əvvəlcə ölkəboyu gülçülük mədəniyyətinin tərəqqisi başlayır. Bununla yanaşı digər sahələrdə mədəni pərvəriş, sənətə rəğbət, sənətkarlara ehtiram sürəkli şəkildə çoxalır. Bax bizə təqdim edilən o qiymətli əl işinin üzərindəki təsvirlər məhşur "Lalə dövrünün" əsas elementlərini sərgiləyir. Qardaş Türkiyə sənətkarının yüksək zövqlə hazırladığı bu gözəl əl işinin bizə təqdim olunması sanki bir xüsusi törən idi mənim üçün. Və bu məni çox duyğulandırdı. Ümumilikdə görüşümüz çox məhsuldar oldu. Gələcəkdə ortaq mədəni irsimizin qorunması, öyrənilməsi və təbliği ilə bağlı birgə fəaliyyətimizin təməl prinsipləri əməli qaydada müəyyənləşdi.
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)
\
Şəhidlər barədə şeirlər – Samir Qəfərli
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Samir Qəfərliyə həsr edilmiş şeirlə tanış olacaqsınız.
SAMİR MÖHLƏT OĞLU QƏFƏRLİ
(01.11.1994.-30.10.2020.)
Ucar rayonunun Bərgüşad kəndindən olan, ADMİU-nin məzunu, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
QORXMAZ, QƏHRƏMAN SAMİR
Vətənə qala oldun,
Sevimli bala oldun,
Yağıya bəla oldun,
Qorxmaz, qəhrəman Samir.
Sevirdin Qarabağı,
Deyirdin, “- kimdir yağı? -
Sönər düşmən çırağı,”
Qorxmaz, qəhrəman Samir.
İki bacıya qardaş,
Yaxşı dost, yaxşı yoldaş,
Qoçaq oğul, vətəndaş,
Qorxmaz, qəhrəman Samir.
Kiçik yaşından hələ
Döndün şimşəyə, selə.
Vuruldun doğma elə,
Qorxmaz, qəhrəman Samir.
Böyüdün ləyaqətlə,
Vətənə məhəbbətlə,
Elinə sədaqətlə,
Qorxmaz, qəhrəman Samir.
Kamillik dərsi aldın,
Aktyortək ucaldın,
Xatirələrdə qaldın,
Qorxmaz, qəhrəman Samir.
Adın çağrıldı “Əsgər!”,
Yerin, məkanın səngər,
Oldun düşmənə çəpər,
Qorxmaz, qəhrəman Samir.
Döyüşdün şeytanlarla,
Demərəm, insanlarla,
O ruhsuz canlarla,
Qorxmaz, qəhrəman Samir.
Ədalət savaşında,
İyirmi altı yaşında.
Şəhid oldun Laçında,
Qorxmaz, qəhrəman Samir.
Ucarın, Bərgüşadın,
Ucalda bildin adın.
Yurd unutmaz övladın,
Qorxmaz, qəhrəman Samir.
Adın Azərbaycanın
Tanınır hər yerində,
Şair də vəsf eyləyir
Hünərini şeirində,
Qorxmaz, qəhrəman Samir.
“Ədəbiyyat və incəsənətz”
(27.03.2024)
“Zülümov dedi, qurtardı...” - LÜTVƏLİ ABDULLAYEVİN 110 İLLİYİNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Lütfəli Abdullayev boyda bir nəhəngin 110 illiyi oldu, fəqət, sanki bu hadisə kölgədə qaldı. Ay başınıza dönüm, Lütfəli Abdullayev üç nəsil azərbaycanlıların sevimli xalq artisti olub. Bizim, atalarımızın və babalarımızın. Hələ retro filmləri sevən gəncləri demirəm...
Yaxşı, deyək, onun yubileyi tətil günlərinə düşdü. Amma əlamətdar tarixi günlər bazara, çərşənbəyə baxmamalıdır axı?
Yox, inanın, əlbəttə deyən tapılacaq ki, kişinin yubileyi bayram günlərinə düşüb. Deyən də olmayacaq ki,- "Ay pir olmuşlar, bütün dünya belə tədbirləri istirahət, bayram günlərində də edir. Ona görə ki, insanlar asudə vaxtlarında mədəni istirahət edə bilsinlər.”
Bir də ki, amerikalıların sözü olmasın; “Mədəniyyət heç vaxt istirahət etmir, o həmişə ayaq üstədir…"
Bəlkə elə belə də lazımdır?
Bəşir Səfəroğlunun sözü olmasın: "Ölünün də qıdığı gələr? Öldü, qurtardı, vəssalam…"
Ay kişilər, Lütfəli Abdullayev aramızda olmasa da, çəkildiyi filmlərdəki yaratdığı obrazlarda hələ də yaşayır və insanların zövqünə sığal çəkir...
"Əhməd haradadır?"- filmində dediyin kimi: "Olmaz! Rəis məşğuldur, elə mən də məşğulam. Zülümov dedi, qurtardı!"
...Hə, yoldaş "Zülümov", 110 yaşın mübarək!..
Qeyd edək ki, onu azərbaycanlı Çarli Çaplin adlandırırdılar. O, dövrünün canlı əfsanəsinə çevrilmişdi, xalq onu hörmət əlaməti olaraq sadəcə adı ilə çağırırdı. Komediya aktyoru rolunu mükəmməlliyə çatdıran, hər kəsin sevimlisi, eyni zamanda, əhəmiyyətli ictimai xadim olaraq qalırdı. Lakin hər şeydən əvvəl o, həyat yoldaşı, ata, dost, insan idi… Lütfəli Abdullayev doğmalarının xatirələrində məhz belə qalır.
Unudulmaz aktyorun qızı Gülnarə Lütfəliqızının məqaləsindən parçaları oxudum ötən gün, sizlərə də paylaşmaq qərarına gəldim:
“İllər keçir, kino və televiziya ilə bağlı peşədə olarkən başa düşürəm ki, Lütfəli Abdullayevi ilahi istedada malik aktyorlara aid etmək olar. Atam olduğuna görə deyil, tamamilə heç bir məktəbə aid olmayan fantastik bir aktyor olduğuna görə deyirəm. Kino tarixində həmişə “fitri istedad” kateqoriyasına aid edilən inanılmaz istedada malik insanlar olub. Atamın adının yer aldığı yerli kino dünyamız da istisna deyil. Lakin təhsilin olmaması onun savadsızlığı demək deyil. Atam sadəcə olaraq kiril əlifbasını bilmirdi və yazıda ibtidai məktəbdə öyrədildiyi kimi ərəb hərflərinə əsaslanan əlifbadan istifadə edirdi.
Bakıya gələndə onun on dörd yaşı var idi. Bundan əvvəl o, Şəkidə "Arşın mal alan" tamaşası ilə qastrol səfərində bir qrup aktyorla tanış olmuşdu. Orada Lütfəli Əhməd Anatollı ilə tanış olub və onu digərləri ilə birlikdə dərhal nənə və babasının evinə qonaq dəvət edib. Orada o, ən böyük arzusunun aktyor olmaq istədiyini etiraf edib. Ona dərhal deyildi ki, istədiyini həyata keçirmək üçün təhsil lazımdır. Beləliklə, Bakıya gəlib tövsiyə aldıqdan sonra atam Konservatoriyaya daxil olur. Hara?! Valtorna sinfinə! Vəziyyət artıq komik səslənir: atam və valtorna! Düzdür, təhsil prosesi uzun çəkmədi - bu alətlə "münasibətlər" baş tutmadı. O, Azərbaycan Opera və Balet Teatrının xorunda işləməyə başladı və burada böyük Üzeyir Hacıbəylinin diqqətini çəkdi. "Arşın mal alan" filminin çəkilişlərində iştirak heç də təsadüfi deyildi. Bu, Maestronun özünün şəxsi dəvəti idi.
"Səhəri gün məşhur oyandım" dedikləri bir vəziyyət yarandı. Lütfəli Abdullayevin aktyorluq yolu belə başladı.
Atam təkcə rollarda istedadlı deyildi. Onun istedadı səhnədən kənar həyatla əlaqəli hər şeyə şamil olunurdu. O, qeyri-adi bir insan idi. Şəhərdə heç kimə kömək etməkdən imtina etməməsi ilə tanınırdı. Eyni zamanda, müraciət edən şəxsin ona tanış olub-olmaması atam üçün vacib deyildi.
Lütfəli Abdullayevin səhnədə və ekranda təcəssüm etdirdiyi personajların yumoristik obrazlarının arxasında haradasa, ən dərinlikdə kədərli bir şeyə yüngül işarə olduğunu görməmək olmaz. Bunun da izahı var.
Onun anamla sevgi hekayəsi. O, onun həyatında iz buraxmaya bilməzdi. Sevdiyin qadını on beş il gözləmək – çox dəyərlidir. Hər kişi buna qadir deyil. Həm də onun aktyor kimi yüksəliş dövründə. O nə qədər çox sevsə də, daxilində böyük bir kədər vardı. Bütün ruhu ilə mənsub olduğu qadını ona vermirdilər. Dəfələrlə elçiləri göndərsə də, cavab mənfi idi. Yalnız 44 yaşında sevdiyinə qovuşaraq xoşbəxtlik tapdı. Buna görə də uşaqlar gec dünyaya gəldi: mən atamın 48 yaşı, böyük bacım isə atamın 46 yaşı olanda anadan olmuşuq.
Bəli, mən ekranda atamı görə bilirəm. Lakin bu, əhvali-ruhiyyəmdən asılıdır... Bəzən həyatda narahat olanda və atamın səsini eşitmək, üzünü görmək istədiyim zaman. Olur ki, yazıya baxıram və sadəcə olaraq həzz alıram. Buna daim müraciət edirəm, çünki mənə köməklik edir. Mən başa düşürəm ki, həyatda iki heyrətamiz şəxsiyyətin – Sevda Pepinova və Lütfəli Abdullayevin ailəsində dünyaya gəldiyimə görə inanılmaz dərəcədə şanslıyam. Eyni zamanda, bu, həddindən artıq məsuliyyət idi. Tərbiyəmiz həmişə nümunələrə əsaslanırdı. Lakin anamın dediyi bir cümlə var idi: "Həyatda nə etdiyinizdən asılı olmayaraq, həmişə kimin qızları olduğunuzu xatırlayın". Bu, yəqin ki, həmişə yeganə "təkan" olub. Bu nəsihət bu gün uşaqlarımıza da keçib. Heç bir halda endirilə bilməyən hündürlükdə müəyyən edilən bir istiqamət var”.
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)
“Maestro” - OSKAR MÜKAFATINDAN MƏHRUMLARDAN NÖVBƏTİSİ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Los-Ancelesdəki Dolbi Teatrında keçirilən Amerika Kino Akademiyasının ali mükafatı olan “Oskar”ın 96-cı təqdimetmə mərasimindən tam İKİ həftə keçdi. İsti-isti fikir söyləmək, seçimin obyektiv olub olmadığını bilgiləndirmək bir az çətindir, amma indi tam düşünəndən sonra bir kinoman kimi rəy söyləmək, seçimi qiymətləndirmək mümkündür.
Təbii ki, hamınız gözəl bilirsiniz, “Oppenhaimer” filmi 7, “Zavallılar” isə 4 “Oskar” qazandı. Qeyd edək ki, ”Oppenhamier” (Oppenhaymer) filmi 13, “Zavallılar” (Poor Things) 11, “Çiçəkli ayın qatilləri” (Killers of the Flower Moon) 10, “Barbi” (Barbie) 8, “Maestro” (Maestro) filmi isə 7 kateqoriyada namizəd idi.
Statistika üçün bir daha Oskar mükafatı laureatlarının siyahısını təqdim edirəm:
ƏN YAXŞI FİLM
Oppenheymer (Oppenheimer)
ƏN YAXŞI REJİSSOR
Kristofer Nolan – Oppenheymer (Christopher Nolan – Oppenheimer)
ƏN YAXŞI ORİJİNAL SSENARİ
Yıxılmağın anatomiyası (Anatomy of a Fall) – Justine Triet, Arthur Harari
ƏN YAXŞI ADAPTASİYA OLUNMUŞ SSENARİ
Amerika ədəbiyyatı (American Fiction) – Cord Jefferson
ƏN YAXŞI AKTYOR
Killian Mörfi – Oppenheymer (Cillian Murphy – Oppenheimer)
ƏN YAXŞI AKTRİSA
Emma Stoun – Zavallılar (Emma Stone – Poor Things)
XARİCİ DİLDƏ ƏN YAXŞI FİLM
Maraq dairəsi – Böyük Britaniya (The Zone of Interest) – Rejissor: Jonathan Glazer
İKİNCİ PLANDA ƏN YAXŞI AKTYOR
Robert Dauni Jr. – Oppenhaymer (Robert Downey Jr. – Oppenheimer)
İKİNCİ PLANDA ƏN YAXŞI AKTRİSA
Devayn Coy Randolf – Tərk edilmişlər (Da’Vine Joy Randolph – The Holdovers)
ƏN YAXŞI MUSİQİ
Oppenheymer (Oppenheimer) – Ludwig Göransson
ƏN YAXŞI MAHNI
Mən nə üçün düzəldilmişəm – Barbi (What Was I Made For? – Barbie) – Billie Eilish, Finneas O’Connell
ƏN YAXŞI ANİMASİYA FİLMİ
Oğlan və quş (The Boy and the Heron) – Hayao Miyazaki, Toshio Suzuki
ƏN YAXŞI QISAMETRAJLI ANİMASİYA FİLMİ
Müharibə bitdi (War Is Over! Inspired by the Music of John & Yoko) – Dave Mullins, Brad Booker
ƏN YAXŞI SƏNƏDLİ FİLM
Mariupolda 20 gün (20 Days in Mariupol) – Mstyslav Chernov, Michelle Mizner, Raney Aronson-Rath
ƏN YAXŞI QISAMETRAJLI SƏNƏDLİ FİLM
Sonuncu təmir mağazası (The Last Repair Shop) – Ben Proudfoot, Kris Bowers
ƏN YAXŞI QISAMETRAJLI FİLM
Henri Şuqarın (Şəkərin) möhtəşəm hekayəsi (The Wonderful Story of Henry Sugar) – Wes Anderson, Steven Rales
ƏN YAXŞI TƏSVİR REJİSSORU
Oppenheymer (Oppenheimer) – Hoyte Van Hoytema
ƏN YAXŞI RƏSSAM
Zavallılar (Poor Things)
ƏN YAXŞI MONTAJ
Oppenheymer (Oppenheimer) – Jennifer Lame
ƏN YAXŞI SƏS HƏLLİ
Maraq dairəsi – Böyük Britaniya (The Zone of Interest) – Tarn Willers, Johnnie Burn
ƏN YAXŞI GEYİM RƏSSAMI
Zavallılar (Poor Things) – Holly Waddington
ƏN YAXŞI QRİM VƏ SAÇ STİLİ
Zavallılar (Poor Things) – Nadia Stacey, Mark Coulier, Josh Weston
ƏN YAXŞI VİZUAL EFFEKTLƏR
Qodzilla minus bir (Godzilla Minus One)
“Oppenheymer”in triumfu əlbəttə ki, gözlənilən idi, bir ilə yaxındır ki, hamı bu filmdən danışırdı. Kristofer Nolan macəranı, fantastikanı, ekşnı və dramı sintez edərək 3-cü minilliyin tələbinə uyğun film təklif edib, bu film kinoprakatın ikinci həftəsində bir milyon dollar gəlir zirvəsini aşaraq öz ambisiyasını ortaya qoymuşdu.
Bununla belə, az qala bu filmlə dabanbadaban “Çiçəkli ayın qatilləri” və “Maestro” filmləti gedirdi. Martin Skorzesenin epik kriminal dramı, o filmdəki baş rolu da dünyaşöhrətli aktyor Leonardo di Kəprio oynayırdı, axı həqiqətən də maraqlıdır, tamaşaçını axıradək həyəcan içində saxlayır. Bu filmin mükafatdan hansı səbəbdən məhrum olunması barədə bir həftənin tamamında söhbət açmışdıq.
Birinci Dünya Müharibəsindən sonra Ernest Berkhart böyük "oseyc" hindu qəbiləsi rezervasiyasının olduğu Oklahomaya gəlir. Bu ərazilərdə "Kral" ləqəbli əmisi Uilyam Heyl yaşayır. O, torpaq sahibi, maldar, hinduların dostu və böyük insandır. Kral Ernesti zəngin hindu ailəsindən olan Molli Kayl adlı gənc qadınla evlənməyə razı salır. İdeya budur ki, bu ailənin torpaq hüquqları nəhayət Burxarta keçəcək və bunun üçün sadəcə Mollinin anası, bacıları və özü ölməlidir…
Başgicəlləndirici bir ssenari.
Xatırladım ki, ABŞ Milli Kino Tənqidçiləri Şurası tərəfindən keçirilən müsabiqədə “Çiçəkli ayın qatilləri” ilin ən yaxşı filmi seçilmişdi. Bu ekran əsərinin rejissoru Martin Skorzese isə “Ən yaxşı rejissor” mükafatının sahibi olmuşdu.
Və nominasiyalarda da 13 nominasiyalı “Oppenheymer”ə 10 nominasiyalı “Çiçəkli ayın qatılləri” elə də çox uduzmurdu. Amma o film 13-dən 7 qazandı, bu isə 10-dan 0. Necə oldu? Bir kəlmə ilə deyim, ədalətsiz, qeyri-obyektiv bir yekundur bu, mən deyərdim ki, kino zövqünün tənəzzülü də deyil, sadəcə, Skorzesedən alınan bir intiqamdır. Tək ondanmı?
Yaxşı, filmə və rejissora Oskar verilmədi, bəs necə oldu ki, ən yaxşı kişi roluna görə Di Kəpriosa mükafat ala bilmədi? Filmdə rol almış Lili Qladstoun birmənalı olaraq ən yaxşı qadın rolu ifaçısı hesab edilirdi. Amma o da mükafatsız qaldı. İndi lap təəccüblüsü: ən yaxşı ikinci kişi rolu nominasiyasında çağdaş dünya kinosunun bir nömrəlisi Robert de Nironun qalibiyyətinə hətta lisey və kollec uşaqları da şübhə etmirdi. Amma o da mükafatsız qaldı.
Təkrar edirəm, 10 nominasiyada mükafata iddialı “Çiçəkli ayın qatılləri” bircə Oskar belə qazana bilmədi.
İkinci zərərçəkən isə 7 nominasiyadan birini belə qazanmayan Bradley Kuperin "Maestro" filmi oldu. Bu iki rejissor öz
rejissorluq təcrübələri ilə ən çox seçilən, ən populyar şəxslər idi, amma hər iki film bir mükafat belə almadı. Əlbəttə ki, bu, Oskar 2024-ün böyük çatışmazlığı hesab edilə bilər: "Maestro" Kuperin bütün karyerası boyunca ən yaxşı yaradıcı formada olmasının birbaşa sübutu oldu. Film vitallığın əsl təntənəsi və reenkarnasiya üçün əsl master-klass hesab edilə bilər.
Şəkildə: “Maestro” filmdən kadr.
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)
“…Sevgiyə, dostluğa olan inamınızı itirməyin”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Xeyli heyranları var, onlardan biri də mənəm. Buna səbəb, təkcə jurnalist kimi peşəkarlığı deyil, həm də Azərbaycan xanımına xas olan dəyərləri özündə ehtiva etməsidir...
Bu yaxınlarda ömür-gün yoldaşı Həmid Herisçinin xəstəliyindən necə təşvişə düşdüyünün, təlaş, həyacan keçirdiyinin çox adam şahidi oldu. Bu, onun ailəyə-ocağa sədaqətinin, milli-mənəvi ənənələrimizə bağlılığının göstəricisi idi. Bax, elə bu xüsusiyyətlərinə görə də milli dəyərlərimizi yüksəkdə tuta bilir, insanların ürəyinə yol tapmağı bacarır. Bəli, söhbət İlhamiyyə Rzadan gedir...
Möhkəm iradəli, səbirli, səmimi, o cümlədən, təmkinli və kübar xanımdır. Etik normalara ciddi riayət edir. Onun üçün abır-həya insana xas olan ən vacib xüsusiyyətlərdən biridir...
Deyir ki- “Bizim vaxtımızda söyləyirdilər ki, təvazökarlıq insanın bəzəyidir, insanın baş ucalığıdır. İndi təvazökar insana bilirsiniz necə həqarətlə baxırlar? Sadədil, avam, hətta axmaq kimi baxırlar. Səmimi olduğuna görə adama səmimiyyətini irad tuturlar. Təbii ki, dəyərlərin dəyişib, dəyişməməsindən asılı olmayaraq ölçü hissinin olması çox gözəldir. Səmimiyyətdə də ölçü olmalıdır. Amma bütovlükdə biz cəmiyyətdən danışırıqsa, mən bəzən özümə hesabat verməli oluram. Düşünürəm ki, filan yerdə çox səmimi danışsam, bu mənim əleyhimə işləyəcək. Lakin vaxt vardı ki, məni səmimiyyətimə görə sevirdilər. İndi isə, misal üçün, müsahibəyə gedəndə, yaxın adamlar mənə deyirlər ki, çalış, çox səmimi olma. O vaxt müğənnilərin, sənət adamlarının şəxsi həyatı indiki qədər insanlara maraqlı deyildi. Uzaq başı onların geyimləri maraqlı ola bilərdi. İndi isə əksinədir, adamın məişəti, ailəsi, həyat tərzilə də maraqlanırlar...”
Adamlar arasında səmimiyyətin, sevginin get-gedə azaldığından gileylənsə də, içindəki insan sevgisi hələ də onu tərk etməyib. Hamıya xoş arzularla yanaşır.
“Sağlam həyat uzmanları hər şeyi deyir, bircə bundan başqa: çox yaşamaq, özü də ağrı-acısız yaşamaq istəyirsinizsə, xeyirə, ədalətə, sevgiyə, dostluğa olan inamınızı itirməyin.”- söyləyir...
Martın 26-sında, baharın altıncı günündə dünyaya gəlib və varlığı ilə qoca dünyamıza, eləcə də seçdiyi jurnalistika peşəsinə yaz təravəti gətirib.
Bahar ətirli, günəş kimi nurlu xanımdır, əmməllərilə sanki ətrafa şəfəq saçır…
Onu bir gün ötmüş doğum günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)
Dörd fəsil dəniz mövsümü olan şimal adası
Elnur Niftəliyev yazır
“Ədəbiyyat və incəsənət” portalı tanınmış jurnalist, “ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyevin Şimali Kiprə səyahət təəsüratlarını təqdim edir.
Gözəl antik limanları, əfsanəvi beşmarmaq dağları, dənizinin şəffaf suyu, qızıl dəyərində qumu və D vitamini deposu günəş vannası… Hətta Mart ayında (elə bizim kimi) Şimali Kiprə (Kuzey Kıprıs) gəlmisinizsə dəniz geyimlərinizi mütləq üzərinizdə götürün. Aralıq dənizi iqlimi əminliyə əsas verir. Paytaxt Lefkoşada hərarət cəmi +18 olsa da hovuza baş vurub özüm üçün mövsümü açıq elan etdim. Yay aylarında isə burda havanın hərarətininn yüksəkliyi səbəbindən bəzən nahardan sonra işlər dayandırılır, ictimai xarakterli obyektlər belə bağlanır.
Təbiət, Mədəniyyət, Tarix…
Siciliya və Sardiniydan sonra Aralıq dənizinin 3-cü böyük adasıdır Kuzey Kıprıs… Əsrlərə şahidlik edən tarixi məkanları, Roma, Osmanlı imperiyalarının əsrarəngiz izləri, qalaları, muzeyləri, qədim evləri, nüfuzlu ali təhsil müəssisələri, fərqli hotel və əyləncə mərkəzləri, kazinoları, infrastruktur, ləziz yeməkləri bir yana, hər addımında portağal, naringi, həmişəyaşıl ağacları və s gözəllikləri ilə şübhəsiz cənnət adlanıdırıla biləcək bir yurd. Eşq və gözəllik tanrısı Afroditanın doğulduğu məkan, sanki məhz turizim üçün yaradılmış qeyri-adi bir ada. Təsadüfi deyil ki, Şimali Kipr Türk Cümhuriyyətini “Yavru Vətən”lə yanaşı “Yaşıl ada” və ya “Cənnət adası” kimi də adlandırırlar. Uzun müddət adada hakim olan ingilislərin də izləri aşkar müşahidə edilir. Elə ilk diqqətçəkən məqam isə yollardadır. Burada alışdığımızdan fərqli olaraq hərəkət soldandır. Sükan isə avtomobilin sağında. Ona görə də 20 ilə yaxın sürücülük təcrübəm olsa da sükan arxasına keçməyə cəhd belə eləmədim. Əmlak alqı-satqısında isə hələ də ingilis funt sterlinqindən istifadə edilir. Hətta ev kirayələri belə əsasən sterlinqlə qəbul edilir.
Şekspir və Akdeniz akşamları…
Şekspirin məşhur əsərlərindən birini yazarkən kimdən təsirləndiyini öyrənəcəyinizə, məşhur mahnıda deyildiyi kimi Akdeniz akşamlarının gözəlliyini ruhunuzla duyacağınıza zəmanət verən bir torpaqdır Kuzey Kıprıs. Bütün bu anları cəmi bir dəfə yaşamaq kifayətdir ki, ömür boyu yaddaşınızdan silinməsin. Elə bu səbəbdəndir ki, paytaxtda dünyanın hər yerindən gələn turistləri görmək mümkündür.
Gedək, Dezdemona, gedək bir yerdə,
Bir daha xoş gördük səni Kiprdə…
Bu gün də əsərləri dünya teatrlarının repertuarından düşməyən Şekspir. Onun məşhur "Otello" faciəsində hadisələrin bir hissəsi məhz Kipr adasında baş verir və yazıçı məhz burada yerləşən Liman qalasından ilhamlanaraq tarixdə iz qoyan əsərini qələmə alıb.
Dünyada bənzəri olmayan paytaxt şəhər…
Girne kapısı, Venedik sütunu, Selimiye Cami, Büyük Han, Arap Ahmet Cami və başqa onlarla mədəniyyət nümunəsi. Dünyanın iki hissəyə bölünmüş tək paytaxt şəhəridir Lefkoşa. Yunan tərəfi ilə adanı ikiyə bölən “yaşıl xətt” 1974-cü ildəki Kipr Sülh Hərəkatı nəticəsində formalaşdırılıb. Adanın 3/1-də yaşayan, sayları 350 mindən artıq olan (tələbələr, işçi qüvvəsi və s ilə bu rəqəm 1 milyona yaxındır) KKTC vətəndaşları qarşı tərəfə rahatlıqla keçə bilirlər. Türkiyə və digər ölkə vətəndaşları isə hətta Şengen vizasına sahib olsalar belə öncə Afinaya getməli və sonra adanın Yunan tərəfini ziyarət etmək imkanı əldə edə bilərlər. Həmin “yaşıl xətt”in yaxlnlığında yerləşən məhəllələr (arka sokaklar), tikililərlə tanış olduqca buranın mədəniyyətlərin beşiyi, Osmanlnın izlərini layiqincə daşıyan bir məkan olduğu fikri daha da qətiləşir. Osmanlı zamanında yunanlar və türklər bu məhəllələrdə birgə yaşayırdılar. Adada mehriban qardaşlıq münasibətləri, sülh bərqərar idi.
Amma Osmanlı imperiyasının gedişi ilə çox şey dəyişir. Kıprıs Türk Ticarət Odası idarə heyətinin üzvü Mustafa Ergüven deyir ki, tarixə geniş nəzər salmadan yalnız onu əminliklə demək olar ki, 1974-cü il Kipr hərəkatı olmasaydı, böyük ehtimalla Kipr, türklərin təzyiq altında yaşadığı, məhrumiyyətlərə məruz qaldığı bir yunan adasına çevriləcəkdi. Ona görə də Kiprin bərabər hüquqlara malik iki xalqından biri – türk xalqı öz dövlətini yaratdı və ada iki hissəyə bölündü. Şərqi Aralıqda həm Şimali Kipr Türk Cümhuriyyətinin, həm də Türkiyənin sahil təhlükəsizliyi də xüsusi əhəmiyyətə malikdir.
1974-cü ildə başlanan Kipr hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi yalnız Türkiyə Respublikası tərəfindən tanınır. Rəsmi Bakının da Şimali Kiprlə münasibətləri yaxşı səviyyədədir və paytaxtımızda rəsmi nümayəndəliyi fəaliyyət göstərir.
KKTC-nin rəsmi dili türkcə olsa da, xalqın danışdığı dil Türkiyə türkcəsindən fərqlənir. Hətta bəzi sözlər tamamilə fərqlidir. Məsəl üçün Türkiyədə diş pastasına, Kıprısda isə mürəbbəyə macun deyilir.
Strateji əhəmiyyəti daim aktual olan paytaxt Lefkoşa ilə yanaşı Girnə, Qazimağusa da adanın gəzməli və görməli şəhərlərindəndir.
Girnə - Kuzey Kıprısın sadaladığımız bütün xüusiyyətlərini özündə tam əks etdirən bir məkan - Burada əsrarəngiz Girnə qalası, gözəl Girnə limanı, dəniz səviyyəsindən 732 metr hündürlükdə yerləşən heyrətamiz Hillarion qalası, Bellapais manastırı əsrlər öncəyə “zaman maşını” olmadan da səyahət imkanı yaradır.
Gazimağusa – bura isə sanki açıq hava altında bir muzeydir. Salamis antik şəhəri, Salamis nekropolu, Kral məzarları, Sinan paşa camisi, Venedik sarayı, Cəfər paşa hamamı, Çələbi Mehmet türbəsi, Namiq Kamal zindanı və s əhəmiyyətli tikililər tarixi tək oxumaq yox, həm də ona toxunmaq şansı yaradır. Havanın hərdən yağışlı olmasına baxmayaraq biz də bu gözəllikləri gördük və duyduq.
“Ruhlar şəhəri”ndə “kədər turizmi”
Bir zamanların ən məşhur turizim məkanlarından, Hollivud ulduzlarının tərəddüdsüz seçimlərindən olan Kapalı Maraş (və ya Varoşa) isə səyahətimizin həm ən maraqlı, həm də ən kədərli hissəsi oldu. Elə Kıprıs rəhbərliyi də buranı turistlərə “dark turizm” məkanı kimi təqdim edir. “Kədər turizmi”nə ev sahibliyi edən Maraşı vaxtı ilə Aralıq dənizinin Las Veqası da adlandırırdılar. Maraş Kipr Sülh Hərəkatı zamanı Türk Silahlı Qüvvələri tərəfindən ələ keçirilib. Rəsmi Ankara dəfələrlə cəhd etsə də, Yunan tərəfinin barışmaz mövqeyi nəticəsində ərazi bağlı qalıb. Adının əvvəlinə əlavə edilən "qapalı" təyinatı nəhayət ki, 46 ildən sonra (2020-ci il) tarixə qovuşur. Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin illərlə göstərdiyi səylər nəticəsində Maraş artıq turistlərin üzünə açılıb və şahidi olduq ki, şəhər yenidən canlanır.
Kıprısa 2-ci səfərimiz olsa da (ilk 2018-ci ildə), yenə də onun gözəlliklərindən, enerjisi və sehrindən doymadıq. Adada həmsöhbət olduğumuz hər kəs deyir ki, ən azı bir dəfə görmək və gəzmək kifayətdir ki, Kıprısın sehrinə düşəsən. Odur ki, Kıprıs tətili hər kəsə israrla tövsiyyə olunur. Qarşıdakı aprel, may, iyun ayları isə bunun üçün ən uyğun vaxtdır.
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)
BİR DİREKTOR, BİR ŞAGİRD - Almaz Bayramova və Aylin Rəhimli
“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 83 nömrəli məktəb-liseydir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR
Bayramova Almaz Fəttah qızı 05.12.1975 – ci ildə Bakı şəhərində anadan olmuşdur. Tam orta təhsilini Bakı şəhəri A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə almışdır.
ADPU ibtidai təhsilin metodikası və pedaqogikası fakultəsini 1998-ci ildə bakalavr pilləsində bitirmişdir.
2000-ci ildə ADPU-nun pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə biritmişdir.
1997-2014-cü illərdə Nəsimi rayonu 5 N – li tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır.
2014-cü ildə “Bu günün və sabahın direktorları “ kursunu müvəffəqiyyətlə bitirmişdir.
2014-2019-cu illərdə Binəqədi rayonu 246 N – li məktəb-liseydə direktor vəzufəsində çalışmışdır.
2019-cü ildən Binəqədi rayonu 83 N – li məktəb-liseydə direktor vəzifəsində çalışır.
İşlədiyi müddətdə səmərəli fəaliyyətinə görə müxtəlif fəxri adlara layiq görülmüşdür:
2018-ci ildə “Qabaqcıl Təhsil işçisi döş nişanı“;
2016 – 2017-ci tədris ilində Fəxri fərman;
2020-ci ildə BŞTİ tərəfindən Fəxri fərman;
2020-ci ildə YAP Binəqədi rayon təşkilatı tərəfindən Fəxri fərman;
2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən Fəxri fərman;
2021 – ci ildə BŞTİ tərəfindən Fəxri fərman;
2023-cü ildə BŞTİ tərəfindən Fəxri fərman;
2022– ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən Fəxri fərman;
Eyni zamanda işlədiyi müddətdə müxtəlif kurs və treyninqlərdə iştirak etmişdir:
2015-ci ildə Paris – Sorbonne Universiteti “School Based Management“ kursu I və II hissə - sertifikat;
“İnteraktiv texnolologiyalardan və elektron məzmundan istifadə“ sertifikatı;
“İnkyuziv təhsil “ – sertifikatı;
2016-cı ildə İnternational Learning Conference – sertifikat;
2016-cı ildə AMİM tərəfindən təşkil edilmiş “Direktorlar üçün strateji planlaşma“ modulunu müvəffəqiyyətlə bitirdiyinə görə“ – sertifikat;
2018-ci ildə “Yaradıcı gənclərə dəstək olaq” layihəsi çərçivəsində təşkil edilən təlimlərdə göstərdiyi dəstəyə görə - təşəkkürnamə;
2021-ci ildə “ STEAM Azərbaycan“ layihəsi çərçivəsində “Layihə Əsaslı Öyrənmə“ , “Birpalatalı platforma üzərində kodlaşdırma”, “ Modelləşdirmə və Dizayn“ modulları üzrə təlimləri müvəffəqiyyətlə bitirdiyinə görə settifikat;
2021-ci ildə “Vətəndaş məmnunluğunun idarə olunması“ – sertifikat;
2 metodik vəsaitin müəllifidir. Təhsildə inkişaf və İnnovasiyalar üzrə IV və V müsabiqələrin qalibi olmuşdur.
ŞAGİRD
Mən, Rəhimli Aylin Yalçın qızı 21 mart 2010-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 2016-cı ildə 160 nömrəli Klassik gimnaziyada təhsilə başlamışam, 2021-ci ildən etibarən 83 nömrəli məktəb-liseydə təhsilimi davam etdirirəm. Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasında, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında iştirak edib uğur qazanmışam. 2023-cü ildə SASMO Olimpiadsında bürünc medal, 2023-cü ildə AMO Olimpiadasında isə gümüş medala layiq görülmüşəm.
Həmçinin RFO – olimpiadasında uğurla iştirak etmişəm. Boş vaxtlarımda mütaliə etməyi də çox sevirəm.
ESSE
“Dünyanın bircə möcüzəsi”
Dünyanın ən ali varlığı !
- Qadınla hər işi xoşdu dünyanın,
- O sənin gizli bir etiqadındır.
-“Yeddi möcüzə”si boşdu dünyanın,
-Bircə möcüzəsi var: o da qadındır!
“Qadın kitaba bənzəyir. Onu sevərək və diqqətlə oxumaq lazımdır.” - Emil Krepelin
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olmuşdur. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz samballı töhvələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər xalq Cümhuriyyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.
Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.
Bu gün Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin ali orqanlarında, elm və təhsil müəssisələrində, mədəniyyət və səhiyyə ocaqlarında böyük əzmlə və yüksək məsuliyyətlə çalışırlar.
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda öz zəngin fəaliyyəti, böyük bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadının nələrə qadir olduğunu beynəlxalq ictimayətə layiqincə nümayiş etdirir.
Azərbaycanın birinci xanımı deyib: “Qadın olan yerdə həmişə səmiyyət var, sevgi var, məhəbbət var. Qadın olan yerdə düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Zənnimcə, qadınlar əzəldən bəri dialoq tərəfdarıdırlar. Məhz ona görə, qadın potensialı dialoqun möhkəmlənməsində böyük rol oynaya bilər.”
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adını bəşəriyyət həmişə uca tutmuşdur. Qadın tarixən dünyada ən gözəl varlıq, ən dəyərli həyat mənbəyi hesab edilmişdir. İnsanlığa həyat bəxş edən, bəşər övladını böyüdüb bəsləyən, öz varlığı ilə dünyaya bəzək verən Qadının qarşısında dahilər və müdriklər baş əymiş, onun şərəfinə dünya mədəniyyətini zənginləşdirən əsərlər yaratmış, təkrarolunmaz gözəlliyini, mənəvi aləmini vəsf etmiş, mükəmməlliyini və müqəddəsliyini israrla vurğulamışlar. Həyatı qadınsız təsəvvür etmək Kainatı Günəşsiz təsəvvür etmək kimi çətindir... Doğrusu, – mümkün deyil.
Qadına verilən dəyər gələcəyə edilmiş ən böyük yatırımdır. Hətta müqəddəs dinimiz olan islamda da qadın ən yüksək səviyyədə qiymətləndirilir. Qeyd edilir ki, “Qadın dünyaya gəldiyi zaman atasına cənnətin qapıları açılar, evləndiyi zaman həyat yoldaşının imanının yarısı tamamlanar, ana olduğu zaman cənnət anaların ayaqlarının altına sərilər."
Bu cür yüksək dəyərlərə malik olan qadın dünyanın səkkizinci möcüzəsi yox, mən deyərdim ki, birinci möcüzəsi olmağa layiqdir.
Anasan, bacısan, övladsan, yarsan...
Torpaqsan, ocaqsan, qeyrətsən, arsan...
Nə gözəl varlıqsan, nə gözəl varsan...
Haqqın var özünü öyəsən, qadın!
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)
Qonaqlı-qaralı Gənclər Kitabxanasına bu dəfə şagirdlər gəlmişdilər
Könül, “Ədəbiyyat və incəsənət”
Gənclərin ən sevdikləri məkanlardan olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasındakı son yenilikkərdən xəbər tutmaq üçün oraya yollandım.
Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 illiyi, Kəngərli rayonunun yaradılmasının 20 illiyi münasibəti ilə virtual sərgilər hazırlanıb, onlarla tanış oldum və elə bu zaman kitabxanaya qonaqlar gəldi.
Novruz bayramı öncəsi Mirələkbərov İbrahim adına 153 saylı tam orta məktəbin şagirdləri idi gələnlər. Onların gəlişinə hazırlıq görülmüşdü. Kitabxana əməkdaşları balaca məktəblilər üçün Bahar bayramını simvolizə edən personajların iştirakı ilə şənlik təşkil edəcəkdi.
Kitabxananın direktoru Aslan Cəfərov məktəbin müəllimi – Zinyət Əmirovanın rəhbərliyi altında kitabxanaya gələn məktəbliləri salamlayaraq, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.
Milli-mədəni dəyərləri, xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri özündə əks etdirən Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biri olan Novruz bayramının bu gün azad olunmuş torpaqlarımızda təntənə ilə qeyd olunduğunu böyük qurur hissi ilə dilə gətirdi. Məktəbilərin sinif rəhbəri Zinyət Samir insanın vətənə, cəmiyyətə faydalı fərd kimi yetişməsində, elmi biliklərə yiyələnməsində kitabların müstəsna əhəmiyyət daşıdığını, hər bir məktəblinin öz tarixini, keçmişini, mədəniyyətini, ədəbiyyatını bilməli və bu işdə onlara kitabların və mütaliənin böyük yardımçı olacağını söyləyərək, məktəbliləri kiçik yaşlarından kitabı sevməyi, onu qorumağı, asudə vaxtlarında mütaliəyə önəm verməyi tövsiyə etdi.
Tədbirdə balaca məktəblilər üçün yazın gəlişini bildirən və xalqımızın milli–mənəvi irsini özündə əks etdirən Novruz bayramına həsr edilən videomaterial nümayiş etdirildi, qurama, rəssamlıq, keramika üzərindən məşğələlər təşkil edildi.
Şagirdlərin söylədikləri şerlər, hazırladıqları əl işləri tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.
Onu da qeyd edim ki, kitabxana tərəfindən şagirdlərə kitab hədiyyələri də oldu.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi Novruz bayramına sevinclə və fərəhlə qədəm qoyur, xalqımıza rifah, bolluq və xoşbəxtliklər arzulayır.
“Ədəbiyyat və incəaənət”
(20.03.2024)