Super User

Super User

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Yanından keçən avtopatrul maşını onu görüb saxladı. Maşından düşən ortayaşlı serjant yaxınlaşıb özünü təqdim etdi. Onun ardınca düşən digər əməkdaş bir qədər aralıda dayanıb baxmağa başladı. Serjant avtopatrul naryadının rəhbəri idi. O da hamı kimi az əvvəl verilən əmri qəbul etmişdi və belə hallarda nə edəcəyini gözəl bilirdi. Çəlikli adamı görən kimi maşını saxlatdırmışdı. Sənədlərini yoxlayarkən onun az əvvəl verilmiş məlumatdakı İvan Andreyeviç Nikolayev olub-olmaması bilinəcəkdi. Özünü təqdim edən serjant əlini uzadıb çəlikli adamla salamlaşdıqdan sonra dedi:

-Salam, qardaş. Zəhmət olmasa sənədlərinizi təqdim edin.

Adam salamı alıb əlini cibinə saldı və çıxardığı şəxsiyyət vəsiqəsini ona uzatdı. Sənədə diqqətlə baxan serjant qarşısındakı adamın məhz az əvvəl deyilən adam olduğunu gördükdə gülümsəyib dedi:

-Ooooo, Razində yaşayırsız? Orada mənim xalamgil yaşayır. Tez-tez gedib-gəlirəm. Mən də arada istədim o tərəflərə köçüm, amma alınmadı. Evlər çox bahadır.

Serjantın səlist rus dilində danışdığını görən adam da gülümsəyib dedi:

-Bəli, Razin gözəl qəsəbədir. Həm səfalı, həm də şəhərə yaxın.

Serjant rolunu oynamaqda davam etdi:

-Xalamgil «tolkuçka»nın yanında olurlar. Geniş həyətləri var. Elə imkan düşən kimi onlara gedirəm. Həyətdə samovar qaynadıb otururuq,-o, qəsdən söhbəti uzadıb onun sənədini qaytarmağa tələsmirdi.

Çəlikli adam yenə onun tonuna uyğun cavab verdi:

-Mənim də samovarım var. Uşaqlar tez-tez qaynadırlar.

Elə bu zaman serjantın telefonuna zəng gəldi. O üzr istəyib danışmaq üçün bir qədər kənara çəkildi. Bu zaman çəlikli adamın sənədini hələ də özündə saxlamışdı. Zəng edən patrul maşınının yanında qalan sürücü polis nəfəri idi. Telefonu qulağına qoymadan patrul qrupunun rəhbərinin nömrəsinə zəng edib onun şübhə doğurmadan çəlikli adamı bir qədər də ləngitməsinə şərait yaratmışdı. Əməkdaşının bu hərəkətini özlüyündə alqışlayan komandir, qəsdən ucadan gülə-gülə telefonda danışmağa başladı.

* * *

Beş nəfərdən ibarət istehkamçı qrupun üç üzvü əllərindəki cihazlarla yaşıllıq ərazini yoxlayır, qalan iki nəfəri onların yaxınlığında gözləyirdi. Birdən qazon ortüyünün üstündə gəzdirilən cihazlardan biri qırıq-qırıq siqnallar verməyə başladı. Dərhal yaxınlaşan iki istehkamçı köməkləşib ehtiyatla kökləri artıq torpağa işləmiş qazonu qaldırdılar. Onlardan biri qrupun rəhbəri idi. Orada qoyulmuş, sellofana bükülmüş partlayıcını görən qrup rəhbəri əlində cihaz olan əməkdaşlarına «davam edin» işarəsi verdi. Sonra dizlərini yerə qoyub partlayıcını zərərsizləşdirmək üçün ehtiyatla sellofan torbanı kəsməyə başladı. Qazon örtüyü sulanarkən nəm çəkməməsi üçün partlayıcı maddə sellofana bükülmüş, yalnız üst örtüyü alüminiumdan olan detonatoru çöldə saxlanılmış, torpaq lazım olan qədər qazılaraq oraya basdırılmışdı. Bir azdan ikinci cihaz da siqnallar verməyə başladı. İkinci əməkdaşı tez oraya göndərən qrup rəhbəri ehtiyatla detonatoru gövdədən ayırmağa başladı. Bunu edib qurtaranda sürətlə ikinci əməkdaşın olduğu yerə yaxınlaşdı. Burada da eyni üsulla qoyulmuş, detonator qoşulmuş trotil partlayıcısının olduğunu gördü. Birlikdə təxminən üç kiloqram çəkidə olan bu partlayıcını da qazon örtüyünün altından çıxarıb onun da detonatorunu ehtiyatla ayırdılar. Hər iki detonator məsafədən idarə olunan, dəhşətli partlayış gücünə malik olan trotillərə impuls vermək üçün nəzərdə tutulan ən müasir detonatorlar idi. Bundan başqa, partlayıcılar hərəsi bir qüllənin yaxınlığında yerləşdirilməklə partlayışın təsiri qüllələrin əsas dayaq sütunlarına istiqamətləndirilmiş idi. Bunu təcrübəli istehkamçılar dərhal başa düşdülər. Cihazlarla yaşıllığın qalan hissəsini gəzib yoxlayan üç əməkdaş dayanmadan işlərinə davam edirdilər. Qrup rəhbəri köməkçisi ilə birlikdə partlayıcıları xüsusi çantalara, detonatorları isə siqnal dalğalarını keçirməyən materialdan hazırlanmış qutuya yerləşdirib onların daha nə aşkar edəcəklərini gözləyirdilər. Yaşıllıq ərazinin böyük olması onların işini çətinləşdirirdi.

* * *

   İvan Andreyeviç Nikolayevə aid sənədləri təqdim etmiş çəlikli adamın Alov Qüllələri istiqamətində hərəkət etməsi barədə onu yoxlayan patrul qrupu öz rəhbərliyinə məlumat vermiş, həmin məlumatı alan polkovnik Vəliyev pusquda duran əməkdaşlarına «tam hazırlıq» komandası vermişdi. Vəziyyət kritik həddə çatmışdı. Bu məlumatı aldıqdan sonra polkovnik Vəliyev istehkamçı qrupdan bir xəbər çıxmadığını görüb özü qrupun rəhbərinə zəng vurdu.

-Vəziyyət necədir?

-İki partlayıcı aşkar edib zərərsizləşdirmişik. Detonatorları məsafədən idarə olunandır. Ərazi böyükdür. Tam yoxlamamış qəti nəsə deyə bilmərəm. Ona görə də işimizin yekunlaşmasını gözləyirəm.

-Onları hansı məsafədən işə salmaq olar?

-İki yüz metrdən başlayaraq.

-Tələsin! Vaxt məhduddur.

Xətti kəsən Vəliyev bir qədər fikrə getdi. Solomin yaxınlaşmaqda idi. Onu elə indi, gəldiyi yolda götürmək olardı. Ancaq bu halda partlayıcıları işə salacaq qurğunu aşkar etməmək ehtimalı var idi. Həmin kiçik həcmli cihaz haradasa yaxınlıqda, qüllələrdən iki yüz metr radiusda onun üçün əvvəlcədən gizlədilmiş ola bilərdi. Elə indi onun gəldiyi Qüllələrə aparan yolun istənilən yerində də onu gizlədə bilərdilər. Üzü yuxarı qalxan yolun sağ tərəfi daşla hörülmüş hündür istinad divarı, divarın arxası isə zeytun ağacları və dekorativ kollar əkilmiş yaşıllıq ərazi idi. Polkovnik daldalandığı yerdən boylanıb Qüllələrdən yolun iki yüz metrlik məsafədə olan hissəsini gözəyarı ölçdü. Solominin onun gözü ilə təyin etdiyi nöqtəyə çatması artıq təhlükə idi. O risk edirdi, ancaq bu, özünü doğruldan risk idi. Hər şey onun və əməkdaşlarının nəzarətində olduğu üçün bir qədər də gözləyib istehkamçıların daha nə aşkar edəcəklərini gözləməyi qərara aldı. Elə bu zaman uzaqdan əlindəki çəliyə söykənərək axsaya-axsaya gələn adam göründü. Adamın olduğu yerdən təyin etdiyi nöqtəyə qədər təxminən beş yüz metr məsafə olardı.

* * *

Ərazinin çox hissəsi demək olar ki, yoxlanılmışdı. Sonuncu on beş kvadrat metr yaşıllıq sahə qalmışdı. Üç tərəfdən oranı yoxlamağa başlayan əməkdaşların əllərindəki cihazlar qəfildən eyni vaxtda siqnal verməyə başladı. Dönüb qrup rəhbəri ilə baxışan minaaxtaranlar cəld kənara çəkilib yerlərini ona verdilər. Qalın ot örtüyünü az qala zorla torpaqdan ayıran qrup rəhbəri və köməkçisi buradakı partlayıcıya iki detonator qoşulduğunu gördülər. Onları gövdədən ayırmaq üçün iki dəfə çox vaxt tələb olunurdu.

* * *

İrəlidəki yolayrıcından dönüb yenidən öz zolağımıza qayıdan yol polisinin ardınca mən də dönmə işığını yandırıb eyni manevri etdim. Daha əks istiqamətdə getmirdik. Sürəti artırmaq olardı. Ancaq heç yüz metr getməmiş irəlidə bir-biri ilə toqquşmuş iki maşının yolun düz ortasında qalıb hərəkəti iflic etdiyini gördük. Əcəb yerdə axşamladıq. Yenə də səkiyə dırmaşmalı olacaqdım, başqa çarə yox idi. Əlimlə mənə kömək etmiş uşaqlara təşəkkür edib «Niva»nı yenidən səkiyə dırmaşdırdm. Əks yola çıxmağımla qarşıdan gələn sürücülər işıq və səs siqnalları ilə mənə işarə verməyə, bəziləri isə hədələməyə başladılar. Yəqin ki, məni avtoxuliqan hesab edirdilər. Onlara əhəmiyyət verməyib qəza baş verən yeri keçib yenidən səkini aşaraq öz yoluma qayıtdım. Bu dəfə bunu ehtiyatsız etdiyimdən maşının altını əməlli başlı vurdum. Ancaq indi bunu fikirləşməyin vaxtı deyildi. Lazım olan yerə çatana qədər maşını qovub çatmağa az qalmış sürəti azaltdım. Bundan o tərəfə diqqəti özümə çəkə bilməzdim. Əgər «Koramal» buralardadırsa, getdiyi istiqamətə sürətlə gedən maşın onu duyuq sala bilərdi.

 

  “Ədəbiyyat və incəsənət”

(27.03.2024)

 

 

 

 

Wednesday, 27 March 2024 11:30

Postmodern poetika: “Əlahəzrət” mətn

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün yeni nəsil ədəbi tənqidi təqdinin növbəsidir, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Postmodern poetika: “Əlahəzrət” mətn” məqaləsi təqdim edilir.

 

 

         Müasir dünyanın taleyi kimi təqdim olunan postmodernizm bəşəriyyətin kosmosla yanaşı, mikrodünyaya da nüfuz etməsi ilə öz mövqelərini daha da möhkəmləndirib. İnsan real dünyadan virtual dünyaya keçməklə postmodern mədəni-tarixi epoxaya qədəm qoymuşdur. Modernizm klassik realizmlə, ənənə ilə mübarizə fonunda meydana çıxmışdı. Postmodernizm isə reallığa qarşı informasiya texnologiyalarını, virtual dünyanı qoyur. “Bu, bütövlükdə süni, texnoloji və informasiya cəmiyyətinin – postinsan sivilizasiyasının formalaşmasıdır. Bu sivilizasiya təbii dünyanın, ənənəvi və modernist cəmiyyətin əvəzinə gəlir” (V.Kutırev). Postmodernizmin fəlsəfəsinin əsaslarını işləyən görkəmli alimlər: R. Bart, J. Batay, M. Blanşo, F. Qvattari, J.Delez, J.Derrida, F. Cemisson, S. Jijek, P. Klassovski, Y. Kristev, M. Fuko, Y. Bodriyar, S. Zenkin, İ.İlyin, M. Kolesnikov, V. Kuriçina, V. Kutıreva, M. Mojeyko, V. Podoroq, M. Rıxlin, B. Sokolov, M. Epşteyn olmuşdur. Azərbaycanda  İsa Həbibbəylinin, Qorxmaz Quliyevin, Tehran Əlişanoğlunun, Elnarə Akimovanın, Cavanşir Yusiflinin, Ülvi Babayevin, Nərgiz Cabbarlının, Nərgiz İsmayılovanın, Afaq Əsədovanın, Mahirə Hacıyevanın, Pərvanə İsayevanın  və başqa alimlərin bu cərəyanla bağlı araşdırmaları həm postmodernizmə Azərbaycan ədəbiyatşünaslığı kontekstindən baxışı, həm də Azərbaycan postmodernizminin nəzəri əsaslarının tədqiqini özündə ehtiva edir.

         Mətnin düzgün anlaşılması və şərh olunması tarixin bütün dövrlərində aktual problem olmuşdur. Xələflər sələflərin mətninin kontekstdaxili və kontekstdən kənar anlamlarını şərh etməklə mətnlərarası əlaqənin arasıkəsilməzliyini təmin etmişlər. İlahi mətnlərin, o cümlədən Quranın şərhləri müəyyən çətinliklər və məhdudiyyətlərlə müşayiət olunsa da, bədii mətnlər bu baxımdan daha azad idi və sərbəst şərhə meydan açırdı. Adını qədim yunan allahı Hermesin adından götürənhermenevtika yarandığı dövrlərdə mətnin şərhi problemlərini praktiki baxımdan öyrənən köməkçi elm sahəsi kimi çıxış edirdi. XXI əsrdə hermenevtika aparıcı elm sahələrindən birinə çevrilərək ədəbiyyatşünaslıq üçün xüsusi əhəmiyyət kəsb edir. Tətbiqi hermenevtikanın qrammatik, stilistik, tarixi və psixoloji metodları mətnin fərqli qatlarını analizə cəlb edir. “Ədəbi mətndə əsasən ideyanın sosial-tarixi kontekstini aydınlaşdırmağa kömək edən tarixi interpretasiya metodu istifadə olunur”. (V.Çueşov)

         Postmodern mətnin analizi üçün ilk növbədə onun fəlsəfi əsaslarını bilmək, məhz tarixi-fəlsəfi konteksti aydınlaşdırmaq lazımdır. Postmodern fəlsəfənin bazisini strukturalist fəlsəfə təşkil edir. Fransız ədəbiyyatşünası və semioloqu Rolan Bartın (1915-1984) araşdırmaları ilə strukturalizmin ideyaları birbaşa yazılı nitqə – mətnə tətbiq edilməyə başladı. İnsanın yaratdığı mədəniyyəti bütövlükdə “mətn” kimi təqdim edən R. Bartın əsas ideyasına görə, “aşkara çıxarılan düşüncə strukturları öz məcburilik qüvvəsini itirir və dekonstruksiyaya uğrayır”.Strukturalizmə “epistema” və “diskurs” anlayışlarını gətirən Mişel Fuko (1926-1984) antroposentrizmdən uzaqlaşaraq mədəniyyətin antibəşəriyyət və antitarix aspektlərinə üstünlük verir, “insanın ölümü”nü, insan faktorunun ikinci plana keçməsini müasir mədəniyyətin əsası kimi təqdim edir. Zamanla strukturalizmin məğzindən postmodernizm meydana çıxır: “Bart və Fukonun sonrakı görüşlərini poststrukturalizmə aid etmək olsa da, postmodernizm poststrukturalizmin yeni etapı kimi fransız mütəfəkkirləri Jak Derridanın (1930), Jül Delezin (1926) tədqiqatlarından başlayır. Sərlövhəsində postmodernizm anlayışının mövcud olduğu ilk fəlsəfi əsəri J. F. Liotar qələmə almışdır. Bu kitab “Postmodern situasiya” (1979) adlanırdı. Bu kitabda rasionalizmin, o cümlədən strukturalizmin ideyaları, hermenevtikanın rasionalizmi və Y. Xabermasın tənqid nəzəriyyəsi ilə razılaşmayan Liotar rasional sənaye təkamülünün qanunauyğun bəhərinin totalitarizm, şimal və cənubun qarşıdurması, işsizlik, Auşviçç (Osvensim) olduğunu qeyd edir. Auşviççdən (Osvensimdən) sonra əvvəlki kimi mühakimə yürütmək qeyri-mümkündür”. (V.Çueşov)

         A.Duqin “Postfəlsəfə” əsərində bəşəriyyətin tarixini üç paradiqmanın: premodern-modern-postmodernin növbələşməsi kimi təqdim edir. İnsanın düşünmək və danışmaq mədəniyyətini virtuallaşdırıb yazmaq və göstərmək kimi yenidən quran postmodernizm tarixin, bəşəriyyətin tam fərqli etapıdır. Dünyanın ənənəvi qanun və kriteriyalarını dağıdan postmodernizm postreallıq yaradır. Əvvəlki dünya düzənində anormal hesab olunan məqamlar  postmodern dünyada normanın fərqli bir variantı, güzgünün digər üzü kimi  nəzərdən keçirilir. Məqsədsizlik və məntiqsizlik  üzərində qurulan postmodernizm klassik elmin yerinə oyunabənzər postelm təklif və təqdim edir.

         Postmodernizmin poetikaya gətirdiyi yeni  və yeni anlamda işlənən klassik terminlər – dekonstruksiya, simulyakr, sitat, fraqmentarlıq, eklektika, relyativizm, multimədəniyyət, skeptisizm, ironiya, parodiya, pastiş və s. postmodernizmin özü kimi ambivalent xarakter daşıyır. Əşyanın, obyektin, anlamın ona bənzər alternativ ilə  əvəzlənməsini xarakterizə edən simulyakr fenomeni postmodern poetikanın  əsas anlayışlarındandır. Y. Bodriyar Amerikanı səhra ilə eyniləşdirərək onu postmoderni əks etdirən əsas cəmiyyət kimi təqdim edir. Müasir teleməkandakı realiti – şoular, virtual oyunlar, alkoqolsuz şərab, kofeinsiz kofe, dadlandırıcılar, aromatizatorlar, təbii materialları imitasiya edən plastik məhsullar, insanların marionetka, zombi, robot kimi təqdimi simulyakr fenomeninin təzahürüdür. Postmodernizm simulyakr vasitəsilə insanın surətə, klona çevrilməsini təbliğ edir. Postmodernizmin əsas anlayışlarından biri,  dekonstruksiyanın bir hissəsi olan desentrasiyanın nəticəsi kimi mərkəzi və periferiyaları olmayan labirint meydana çıxır. Labirint həm də klassik məntiqin çöküşüdür. İnternet şəbəkəsi də mərkəzdən məhrum dünyanın simvolu və yaradıcısıdır. Modernistlər ədəbiyyatda təmiz mətn axtarışında idilər. Tarixi, bioqrafik, emosional, fəlsəfi yükdən azad mətn “təmiz mətn” hesab olunurdu.

         Postmodernizm isə mətni, ümumiyyətlə, azad və hüdudsuz, müəllifsiz elan edir. Postmodern mətn hipertekstualdır.  Postmodern estetikada mətn anlamı geniş, sonsuz, müxtəlif çıxıntılarla bir-birinə birləşən, dolaşıq bir labirint kim təqdim olunur. Postmodern poetikada mətnin əsas xüsusiyyətlərindən biri onun dekonstruksiyaya məruz qalmasıdır. V.Çueşov strukturtalizmdəki dekonstruksiya anlayışı  ilə postmodernizmdə irəli sürülən dekonstruksiya anlayışının fərqini bu şəkildə izah edir: “Postmodernizmin dekonstruksiyası bu mətnin eyni zamanlı yazılış-oxunuş prosesidir. Mətn  isə statik işarələr toplusu deyil, prosesidir. Postmodernistlərə görə, mətn artıq ədəbiyyatın deyil, mətnşünaslığın elementidir”.

         Əsasında urbanizmin, texnologizmin, primitivizmin,dehumanizmin dayandığı modernizmin əksi, opponenti kimi meydana gələn postmodernizm kosmizm, ekologizm, posthumanizm prinsiplərini təqdim edir, dünyada baş verən qlobal dəyişikliklərə reaksiya kimi meydana çıxır. “Ədəbi cərəyanların nəzərə alınması eyni zamanda dünyada baş verən obyektiv gerçəkliklərin, elmi-texniki yeniliklərin, qlobal dəyişikliklərin ədəbi prosesə təsirini nəzərə almaq baxımından da vacibdir. XX əsrdə dünya ədəbiyyatı və ictimai fikrində yaranan modemizm və postmodernizm cərəyanları həmin qlobal dəyişikliklərin nəticəsində meydana çıxmışdır”. (İ.Həbibbəyli)

         Narrativ toplusu kimi baxılan mətn anlayışı yeni – postmodern ontologiya anlayışını meydana gətirir. Dekonstruksiyanın, desentrasiyanın, simulyakrların, müəllifin ölümünün reallaşdığı postmodern dünyada ironiya, sarkazm, sitat əsasında yeni mədəniyyət tipi yaranır. “Hər kəsin öz həqiqəti” şüarını təbliğ edən postmodernizm ikili həqiqət prinsipini dünya düzəninə  daxil edir. Postmodern insan ikili həqiqətlərin əhatəsində eynizamanlı  iki fərqli dünyada  – real və irreal dünyada yaşayır. Reallığın itməsini simvollaşdıran postmodernizm yeni ontologiya (varlıq haqqında elm) – postontologiya yaradır. İlkin dövrlərdə insanın ontoloji görüşləri miflə bağlı idi və varlıq ilahların, allahların bir hissəsi hesab edilirdi. Hər varlığın özündə ilahi element, nur daşıdığına inanıldığı etapda dünya da təmiz və sakral bir məkan hesab edilirdi. Təkallahlı dinlərin meydana gəldiyi dövrdən etibarən insanla ilahi varlıq, Allah arasında sədd yarandı. Möcüzə əvvəlki dövrün insanının həyatını bütövlükdə əhatə edirdi. Monoteizmin hökmran olduğu dünyada isə möcüzə ancaq Allahın  izni ilə gerçəkləşə bilər. Modernizmin gəlişi ilə möcüzə tamamilə inkar olunur. Dünya yaradansız qalır və öz-özünə, müstəqil şəkildə mövcud olmağı seçir. Yalnız materiallığı, real olanları varlıq kimi qəbul edən modernizm realizmdən nihilizmə qədər bütöv fəlsəfi realilər toplusunu özündə ehtiva edir. Postmodern modernizmin ontoloji görüşlərini daha da dərinləşdirir, nəinki möcüzə və ilahi varlıqla əlaqə itir, ümumiyyətlə, varlığın özü reallıqdan məhrum olur, virtual dünyanın içərisində əriyir. “İşarələrdən kənarda olan hər hansı reallıq haqqında təsəvvürlər postmodernizm tərəfindən “son illuziya”, metafizikanın qalığı kimi tənqid olunur”. (M.Epşteyn)Postmodernin virtual dünyası modernin real dünyasını darmadağın edir. Kafkanın təmsil etdiyi modernizmdə insan böcəyə çevrilə bilərdi. Modern estetikaya görə, insan böcəyə çevrildikdən sonra nacaq böcək kimi var olmalı idi, metamorfozanın geridönüşü mümkün deyildi. Postmodern poetikada isə bu çevrilmə virtual plastda gerçəkləşir. Postmodern estetikada metamorfoza ilkin obraza çevrilmə, eyni zamanlı mövcud olma kimi effektlər qazanır. Belə ki, postmodern estetikanın obrazı olan hörümçək – adam (Spiderman) həm adi insan, həm də super güclərə malik varlıq kimi eyni zaman çərçivəsində mövcud ola bilir. Yaxud postmodernin digər simulyakrı olan Supermen obrazı öz fövqəlgücünü itirib həyatına adi bir insan kimi davam edə bilər. Beləliklə, nümunələrdən də göründüyü kimi, metamorfozanın geriyə dönüşünün, ləğvinin mümkünlüyü, ikili obrazın eyni zaman kəsimində mövcudluğu postmodern ontologiyanın  əsas, fərqləndirici xüsusiyyətlərindəndir.

         Postmodern əsərlər ilk baxışdan irreal və absurd təsiri bağışlayır. Lakin postmodern mətn bizim öyrəşdiyimiz real dünyanı, maddi aləmi əks etdirmir. Postmodernizmin virtual dünyanın fəlsəfəsi olduğunu və virtual dünyanın realilərini əks etdirdiyini nəzərə aldıqda postmodern ədəbiyyatı anlamaq və təhlil etmək namümkünlükdən və naməlumluqdan xilas olur.

 

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

 

 

Novruz tətili günlərində Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının anadan olmasının 125-ci ildönümü tamam oldu. Bu münasibətlə Azərbaycan Respublikası

Milli Məclisinin Mədəniyyət Komitəsi paylaşım edib. “Ədəbiyyat və incəsənət” portalı komitəyə istinadən həmin paylaşımı təqdim edir: 

 

Azərbaycanın böyük dramaturqu, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor,  Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 125-ci ildönümü tamam oldu (20.03.1899, Xızı – 31.12.1934, Bakı).

CəfərCabbarlı yaradıcılığa şeirlə başlasa da, ən ünlü əsərlərini dramaturgiya janrında yazıb və görkəmli Azərbaycan dramaturqu, teatr xadimi kimi tanınıb. 

Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaradıb, eyni zamanda incəsənətin müxtəlif sahələrində uğurlu fəaliyyət göstərib.

Azərbaycanda tarixi dram janrını milli-azadlıq ideyaları, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışı ilə ilk dəfə Cəfər Cabbarlı zənginləşdirib - "Nəsrəddin şah" pyesində istibdad və mütləqiyyətə qarşı geniş xalq kütlələrinin mübarizəsinin əks olunması onun fərqli özəlliyi olub. Azərbaycan dramaturgiyasında və Cəfər Cabbarlının yaradıcılığında tarixi mövzunun işlənilməsi "Nəsrəddin şah"la yeni mərhələ idi. "Nəsrəddin şah" ilk dəfə 1919-cu ildə Aşqabadda tamaşaya qoyulub.

"Trablis müharibəsi" və "Ədirnə fəthi" əsərlərinin mövzusu isə Osmanlı əhalisinin, Türkiyə türklərinin mübarizə dolu tarixinin yaxın keçmişindən (1911–1913-cü illər) götürülüb. 

Cəfər Cabbarlının yaradıcılığının ikinci dönəmi - 1920–1923-cü illərdəki ədəbi fəaliyyətinin əsas nəticəsi "Aydın" (1919) və "Oqtay Eloğlu" (1921) pyesləri olub. Hər iki əsər 1921–1923-cü illərdə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulub və teatrın repertuarında yer tutub. İdeya və üslub cəhətdən bir-birinə yaxın olan bu əsərlərdə Cabbarlı pulun hökmranlıq etdiyi bir toplumu, bu tiplumda əzilən sadə insanların faciəsini göstərib.

Cəfər Cabbarlı keçmiş SSRİ qurulduqdan sonra - 1922–1923-cü illərdə iki dəfə həbs olunub və işgəncələrə məruz qalıb. - Onu pantürkizmdə günahlandırırdılar.

1928-ci ildə dramaturq "OdGəlini" pyesi ilə tarixi qaynağına görə problematik, zamanına görə güncəl bir mövzuya üz tutub.

Faciədə ərəblərin Azərbaycanda işğalçılığını, soyğunçuluğunu, xalqın adətlərinə, dininə, heysiyyatına təcavüzünü əks etdirən səhnələr bir-birini əvəz edir.

Məhəmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan Ədəbiyyatı" əsərində yazırdı:

"Od gəlini"ni Cəfər "Çeka" həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə məmləkət xaricində səs salmış bir hadisəyə görə "müsavatçılar" qrupu ilə birlikdə həbs edilmişdi. 

Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir. Ərəbistana daşınır. Azərbaycanlıları islam dinini gəbul etməyə məcbur edirlər.

Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün "ərəb" və "islam" sözləri yerinə "rus" və "kommunizm" sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir".

1925-ci ildə Cəfər Cabbarlı dövlət teatrı üçün Şekspirin "Hamlet" faciəsini tərcümə edib, 1927-ci ilin əvvəllərində F.Qladkovun "Sement" əsərindən bir parça çevirib. 1928-ci ildə o, Tolstoyun "Uşaqlıq" povestini və Qorkinin "Üzügülər" hekayəsini tərcümə və çap etdirib.

Cəfər Cabbarlı 1920–1930-cu illərdə Azərbaycan dramaturgiyasının ən populyar siması idi. Dövrün tarixi-ictimai məzmununu təsvir və səciyyələndirmək qüdrəti məhz ona nəsib olub. Sənətşünasların qəti rəyinə görə, Cəfər Cabbarlısız bu dramaturgiyanı bütöv, fəal, müstəqil və qüdrətli hesab etmək mümkün deyildir.

1928-ci ildən etibarən yazıçının yaradıcılığının üçüncü dönəmi başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı, 1927-ci ildə "Sevil" əsərini yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunub. 1928-ci ildə "Sevil"in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı…

Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz" pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib. Tamaşa böyük uğur qazanıb.

1933–1934-cü illər Cabbarlının həyatında ən gərgin fəaliyyət illəri idi. Bu zaman o həm dram teatrında, həm opera teatrında, həm də kinoda işləyirdi.

Bütün həyatını teatrla bağlamasına baxmayaraq dramaturq incəsənətin vacib sahələrindən biri olan kinoya da çox böyük önəm verib, Azərbaycan milli kinosunun yaranması və inkişafı üçün əlindən gələni əsirgəməyib.

Teatrda olduğu kimi kino işinə də çox ciddiliklə yanaşan yazıçı bu sahədə milli kadrların yetişdirilməsi və hazırlanmasına böyük önəm verib.

O, 1928-ci ildə Mirzə Fətəli Axundovun "HacıQara" pyesi əsasında ssenari yazaraq Azərbaycanın ilk milli kino ssenaristi olub, kinematoqrafiya tariximizin qızıl fonduna "Sevil", "Almaz" kimi filmlər bəxş edib.

Sayğılarla anırıq.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə – UNESCO-nun mənzil-qərargahında qurumun rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Görüşlər Novruz bayramı günlərinə təsadüf edib, belə ki, martın 21-də UNESCO Baş Konfransın prezidenti xanım Simona Mikulesku və İcraiyyə Şurasının sədri xanım Vera Lakulye ilə keçirilən görüşlərdə Azərbaycanın ümumbəşəri mədəni irsin qorunması üzrə milli, regional və beynəlxalq səviyyələrdə fəaliyyətinə dair müzakirələr aparılıb. Bu xüsusda Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə xalqımızın zəngin maddi və qeyri-maddi mədəni irsinin qorunması, həmçinin təbliği sahəsində əldə olunan nailiyyətlərdən bəhs edilib. Həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə 2008-ci ildən etibarən başladılan “Bakı Prosesi” qlobal platformasının mədəniyyətlərarası dialoqun təşviqi vasitəsilə beynəlxalq səviyyədə sülh və təhlükəsizliyə xüsusi töhfə verdiyi qeyd edilib. Bu çərçivədə ölkəmizin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna (ÜMDF) beş dəfə ev sahibliyi etməsi qarşı tərəfdən yüksək qiymətləndirilib və bu il mayın 1-3-də keçirilməsi nəzərdə tutulan VI Foruma dəstək ifadə olunub.

Martın 22-də UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramos və Baş direktorun Prioritet Afrika və xarici əlaqələr üzrə müavini Entoni Ohemeng-Boama ilə keçirilən görüşlərdə UNESCO-Azərbaycan əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Bu çərçivədə ölkəmizin UNESCO-nun irimiqyaslı tədbirlərinin və layihələrinin, o cümlədən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının (2013), Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının (2019), MİNEPS - İdman Nazirlərinin VII Görüşünün (2023) və Mədəniyyətlərarası Dialoq forumlarının (2011-2019) təşkilatçısı və təşəbbüskarı qismində fəaliyyəti xüsusi təqdir edilib. Azərbaycanın Afrika ölkələrinə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə verdiyi dəstəyin böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Görüşlərdə, həmçinin İpək Yolları Proqramı, elmi araşdırmalar və nəşrlər üzrə əməkdaşlıq, həmçinin digər istiqamətlərdə müzakirələr aparılıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarix-mədəniyyət abidələrinin bərpası istiqamətində fəaliyyət, eyni zamanda, işğal dövründə dağıdılmış və talan edilmiş mədəni irsimizlə bağlı UNESCO mexanizmləri çərçivəsində fəaliyyətlər diqqətə çatdırılıb.

Söhbətlər zamanı Bakıda keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ətrafında da fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qovurmali cılbırın hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR:

§ Qovurma – 119 qr

§ Düyü – 40 qr

§ Soğan – 26 qr

§ Yumurta – 40 qr

§ İspanaq – 38 qr

§ Quzuqulağı – 38 qr

§ Alça qurusu – 10 qr

§ Yağ – 20 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Soğan yağda qovrulur. Içərisinə qovurma əti, işgənə, düyü, bir neçə ədəd qurudulmuş alça əlavə olunur. Düyü bişənə yaxın ispanaq, quzuqulağı doğranır və xörəyə əlavə olunur. Sonda isə yumurta çalınır və qatılır.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Wednesday, 27 March 2024 15:00

Ənlik-kirşanlı xanım

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Bəli, mən də düşünürəm ki, məktəblərdə kameralar vacibdir. 

Biradamlıq da, ümumi də. 

 

2.

-Biznesin necə gedir?

-Əla! Böyük ofis kirələmişəm, ofis mebelləri hamısı xaricidir, iyirmi işçi işə götürmüşəm, lizinqlə iki xidməti maşın almışıq, bankdan böyük kredit götürmüşük. 

-Nə istehsal edirsiz?

-Düzü, hələ bilmirəm, ona baxacağıq. 

 

3.

-Seyfulla, sən bilmirsən, instaqram nədir?

-İnsta - qram? Dəqiq bilmirəm. Amma məncə orda söhbət süzüb gillətməkdən gedir.

 

4.

-Qardaş, burda yaşayansan?

-Ala həri. 

 - Polis idarəsinə necə getmək olar?

-Qədeş, piyada getmək uzun olacaq, sən lüçşe götür o yerdəki daşı, tolazla marketin şüşəsinə. Beş dəqiqədən sonra özləri gəlib maşınla aparacaqlar.

 

5.

Təmiz yaşamağa o zaman başlayırsan ki, çirkli yaşamağa daha pulun və gücün qalmır. 

 

6.

Həkim, mənim yuxuyla bağlı problemim var. Elə ki, budilnik çalır, yuxuma haram qatıb durmalı oluram. 

 

7.

Əlövsət üzbəüz gəldiyi xanımın sifətində tonal kremin qalınlığını görüb çeçələ barmağı ilə “məni yu” yazdı.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Yola saldığımız bayram günlərində Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aşıq Mikayıl Azaflının anadan olmasının 100-cü ildönümü oldu. Bu münasibətlə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi paylaşım edib.

“Ədəbiyyat və incəsənət” portalı komitəyə istinadən bu paylaşımın mətnini təqdim edir. 

 

Azərbaycanın Əməkdar mədəniyyət işçisi

Aşıq Mikayıl Azaflının anadan olmasının 100-cü ildönümü tamam oldu. Mikayıl Cabbar oğlu Zeynalov‎ (21.03.1924, Tovuz – 12.10.1990, Tovuz) - ustad Mikayıl Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət örnəkləri yaradan, klassik aşıq gələnəklərini layiqincə davam və inkişaf etdirən sənətkarlardan biri olub. Onun yaratdığı “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Məzahiri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları dillər əzbərinə dönüb.

Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX yüzilin 80-ci illərinin ortalarına qədər mətbuat üzünə həsrət qalıb. Bu vaxt artıq sovet quruluşunun dayaqları laxlamağa başlamışdı. Odur ki, 80-ci illərdə Azərbaycan Televiziyasında rəhbər vəzifədə işləyən yazıçı Nahid Hacızadənin köməyi sayəsində aşığın iştirakı ilə onun yaradıcılığına həsr olunmuş bir saatlıq veriliş efirə verilə bildi. Veriliş böyük maraqla qarşılandı. Sonralar “Yazıçı” nəşriyyatı sənətkarın “Qocaqartal” (1987) adlı kitabını nəşr etdi. 1988-ci ildə Şərifzadə adına Aktyorlar Evində Azaflının özünün iştirakı ilə məclis keçirildi və geniş şəkildə televiziya vasitəsilə nümayiş olundu.

Azaflı 1984-cü ilin mart ayında Aşıqların IV Qurultayındakı məruzə səviyyəli çıxışında çoxillik təcrübəsindən yararlanaraq, aşıq sənətinin incəliklərindən, çatışmazlıqlarından, qarşıda duran vəzifələrdən söz açıb. Onun irad və tövsiyələri minnətdarlıqla nəzərə alınıb. Qurultayda Azaflının aşıq sənətinin inkişafında göstərdiyi fədakarlıq və xidmətlər xüsusi vurğulanıb. 

NovruzBayramı şənliklərində xalqımızın müdrik ağsaqqalı DədəQorqud obrazı ona həvalə olunub. 1989-cu il may ayının 17-də Mikayıl Azaflıya ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adı verilib.

Sənətkarın bir qoşmasını paylaşır, sayğılarla anırıq:

 

QANA DÖNMƏSİN

 

Murazım, diləyim budur, ay ellər.

Dünyanın ürəyi qana dönməsin,

Zəmidə sümbüllər, bağçada güllər,

Bəşərin çörəyi qana dönməsin.

 

Qana bulanmasın yerin murazı,

Hər əsrin, hər ilin nur səpən yazı,

Şairin şeiri, aşığın sazı,

Arzusu, diləyi qana dönməsin.

 

Qana bulanmasın sülhün gülüşü,

Görməyək dəhşətli matəm görüşü,

Atanın saqqalı, ananın döşü,

Yaxası, köynəyi qana dönməsin.

 

Qana bulanmasın insan sərvəti,

Həyatın varlığı, sözün qüdrəti,

Milyon cavanların saf məhəbbəti,

Toyluğu, gərdəyi qana dönməsin.

 

Azaflı, bir olsun cəmiyyət əli,

Dağılsın, talansın fitnə əməli,

Heç kimin vətəni, heç kimin eli,

Ömrü-gələcəyi qana dönməsin.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Yazıçı, ssenarist Orxan Fikrətoğlu Novruz bayramı günlərində növbəti doğum gününü qeyd etdi. Onun 58 yaşı tamam oldu. O indi öz bilik, bacarıq və təcrübəsini Azərbaycan kinosunun dirçəlişinə yönəldib, Azərbaycan Respublikası Kino Agentliyinə rəhbərlik edir. Qarşısına böyük məqsədlər qoyub: Azərbaycan kinosuna əzəlki şöhrətini qaytarmaq, kinomuzu dünya səviyyəsinə çıxarmaq. 

Amma ədəbi fəaliyyətini də davam etdirir, illərdir ki, yazıb yaradır, Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinə başçılıq edir. 

 

Orxan Fikrətoğlu (Orxan Sadıqov Fikrət oğlu) Bakıda anadan olub. İdman internatında (1973-1983), Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda (1983-1991) təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında işıqçı assistenti kimi işə başlayıb. Sonra operator, rejissor assistenti olub. Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor, “Azkinovideo”da baş redaktor, “Azərbaycantelefilm”də baş redaktor, “Mir” teleşirkətinin direktor müavini, ANS televizyasının baş redaktoru, “Günay” qəzetinin direktoru, “Mozalan” studyasının direktoru və bədii rəhbəri, Milli Kulinariya Mərkəzinin direktoru (2022-2023) vəzifələrində çalışıb.

İlk hekayəsi 1981-ci ildə “Kirpi” jurnalında çap olunub. “Dünya haqqında nağıl” (1989), “Səhər” (1994), “Şirvan şeşəngisi” (1998), “3-cü günün adamı” (2000), “100 ilin kitabı” (2007), “Zaman” (2008), “Rəngli hekayələr” (1990, Moskva, “Oqonyok” jurnalının mükafatını qazanıb) kitabları, çoxsaylı esseləri dərc olunub. 14 bədii nəsr kitabının, 3 publisitik kitabın müəllifidir. “TAS”, “Qıyığın ölümü”, “Şəkilçi və şəkilçi” pyesləri ölkə teatrlarında səhnələşdirilib.

Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsində dərs deyib. ANS TV-də ATV-də və İctimai televiziyada veriliş aparıcısı olub.

“Zirvə” (2001), “Qızıl Pəri” (2018), “Həsən bəy Zərdabi” (2019) mükafatları laureatıdır. Əməkdar incəsənət xadimidir (2016).

Yazıçı, ssenarist Orxan Fikrətoğlu şair Fikrət Sadıqın oğludur. Böyük və unudulmaz şairin oğlu olmaq ös sözünü deyir. Orxan Fikrətoğlu çox gözəl şeirlər də yazır, amma bunları üzə çıxarmaq istəmir. 

Filmoqrafiyası.

Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – işıqçı

8 nömrə altında (1988, sənədli film) – yaradıcı heyətin üzvü

Bəxt üzüyü (1991, tammetrajlı bədii film) – ssenari müəllifi

Qəzəlxan (1991, tammetrajlı bədii film) – redaktor

Səs (II) (1993, sənədli film) – ssenari müəllifi

Hökm (1994, tammetrajlı bədii film) – redaktor

Şəkilçi və şəkilçi (1995, film-tamaşa) – ssenari müəllifi

Ümid (II) (1995, tammetrajlı bədii film) – ssenari müəllifi

Yük (1995, tammetrajlı bədii film) – redaktor, aktyor

Solaxay (1996, qısametrajlı bədii film) – ssenari müəllifi

Ailə (1998, tammetrajlı bədii film) – redaktor

Hotdoq (1998, qısametrajlı bədii film) – ssenari müəllifi

Ağ kətandakı adam (2000, tammetrajlı sənədli film) – mətn müəllifi, aktyor (aparıcı)

Dairə (II) (2005, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi

Ərazi (2005, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi

Yalan (2005, tammetrajlı bədii film) – ssenari müəllifi

Qanadlarıma sığal çək (2008, qısametrajlı bədii film) – ssenari müəllifi

3 rəng (2010, qısametrajlı bədii film) – əsərindən istifadə olunub

Xəlvətdə qalmış müdrik (2014, sənədli film) – ssenari müəllifi

Sübhdən başlanan həyat (2015, sənədli film) – baş redaktor

Əfsanə (II) (2017, sənədli film) – ssenari müəllifi

Əliaçıq xəsis (2017, sənədli film) – ssenari müəllifi

Həyatımın notları (2017, sənədli film) – redaktor

Ölməz Murtuza (2017, sənədli film) – ssenari müəllifi

Sonuncu akkord (2017, sənədli film) – ssenari müəllifi

Üçüncü günün adamı (2017, tammetrajlı bədii film) – redaktor

Bakılı qızlar (2018, sənədli film) – redaktor

Cümhuriyyətin 9 şəkli (2018, sənədli film) – ssenari müəllifi, aktyor (Əlimərdan bəy Topçubaşov)

Dönüş (V) (2018, tammetrajlı sənədli film) – ssenari müəllifi

Xilaskar ömrü (2018, sənədli film) – redaktor

Könül nəğmələri (2018, sənədli film) – redaktor

Vətən dili (2019, sənədli film) – ssenari müəllifi

20 yanvar: Dəyişən talelər (2020, sənədli film) – ssenari müəllifi

Yeni gün (2020, sənədli film) – ssenari müəllifi

20 yanvarda doğulanlar (2023, sənədli film) – redaktor.

Sonda onu da deyək ki, yaxın günlərdə həm ədəbiyyatsevərlərə, həm kinosevərlərə Orxan Fikrətoğlu gözəl bir sürpriz edəcək. Onun kinossenari və hekayələrindən ibarət “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. 

Uğurlar, köhnə kişilərdən olan Orxan Fikrətoğlu! 

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Adəmin dövründən bu günədək insanlar həmişə həyatdan narazı olublar. Elə bu narazılıq da insanın ibtidai vəziyyətindən müasir həyat səviyyəsinədək inkişaf etməsinə səbəb olub. Bəli, mövcud olan nəsnədən narzı olmaq, insanları yenisini icad etməyə təhrik edir. Klassik poeziya ənənəsi də həmçinin belədir. Hələ ki, insanları qane edir deyə, bu ənənədən kənar, yeni üslüb, yeni bir janr yaranmır...

 

Novruz bayramı günündə ABŞ-da Dünya Poeziya Günü qeyd edildi. Axı niyə amerikalılar Azərbaycan şairlərinin şeirlərini klassik poeziya nümunəsi kimi dəyərləndirib, oxumaqdan yan keçirlər? 

 Hətta bəziləri poeziyamıza ekzotik bir xalqın yaradıcılığı kimi də baxırlar. Onların poeziyamıza bu cür baxışı məni həmişə düşündrüb. Qəribədir, əslində amerikalıların şeirlərini də biz bəyənmirik, hətta deyə bilərəm ki, həmin nümunələr adi danışıqdan heç də fərqlənmir. Nə ahəng var, nə poetika, nə də ki, qafiyə. Eləcə də, bu şeirlərdə heç bir texniki qaydaya riayət olunmur. Bəlkə onlar haqlıdırlar, sadəcə bu haqq olanı biz qəbul edə bilmirik? Əlbəttə ki, bunun bir cavabı var- onlar mürəkkəbdən sadəyə çoxdan keçsələr də, biz hələ də köhnə qəliblərlə işləməyə üstünlük veririk... 

 Nə isə, bu gün sizə əyalətdən pərvazlanan daha bir şair haqqında söhbət açmaq istəyirəm. Klassik üslubda, daha doğrusu, heca vəznində yazan şairlərdəndir...

 

Zamanın yüyəni boşalıb bir az,

Deməsəm dil yanar, desəm söz yanar.

Açıbdır ağzını əjdaha kimi,

Baxmasam ürəyim, baxsam göz yanar.

 

Kəhərə qamçı yox, bircə him bəsdir,

Çapdınsa, saxlamaq daha əbəsdir.

İlahi, çağıran görən nə səsdir,

Getməsəm diz yanar, getsəm iz yanar.

 

Göz gəzirik, göz yerində qaş qalıb,

Quru yanıb, ocaqlarda yaş qalıb.

Göylərdən yağmağa bircə daş qalıb,

Kösov tüstülənər, quru köz yanar.

 

Qəmgin, dilin bəla olar başına,

Fərman gəlsə, ölüm baxmaz yaşına.

Dəyəcəkdir başın əhlət daşına,

Əlində tazanə, telli saz yanar...

 

İlk təqdim etdiyim bu poeziya nümunəsi, onun “Yanar” adlandırdığı şeiridir. Burada şaiirin giley-güzarı öz əksini tapıb...

 

Bu dəfə haqqında söhbət açdığım şair- Zamanov Əlisa Sənham oğludur. Əlisa Qəmgin imzası ilə “Facebook” səhifəsində şeirlərini paylaşır. 1959-cu ildə Masallı rayonu Dəmbəlov kəndində anadan olub. 1974-cü ildə həmin kənddə 8 illik təhsilini başa vuraraq, indiki Şirvan şəhərindəki pedaqoji texnikumda oxuyub. Sonra sovet ordusunda hərbi xidmətdə olub. 1981-1986-cı illərdə keçmiş APi-nin filologiya fakültəsində ali təhsilə yiyələnib. 1994-cü ilə qədər doğulduğu kənddə dil-ədəbiyyat müəllimi işləyib. Daha sonra fasilələrlə Rusiyada yaşayıb. Hazırda Bakı şəhərində məskunlaşıb...

 Devizi- “Həyat gözəldir, yaşamağı bacarmaq lazımdır”- olan bu şair baharın gəlişinə sevinir və onu özünəməxsus şəkildə vəsf edir:

 

Sözlər misra-misra düzülüb yenə,

Şair qələmiylə süzgəcdən keçir.

Gözlər qədəm-qədəm seyr edir, doymur-

Dünyaya sözlərdən yeni don biçir.

 

Nə olsun, gecənin rəngi qaradır,

Nəhəng gözəlliklər gizlənib orda.

Deyəsən, qışın da ömrü azalıb,

Bahar asta-asta gəlir bu yurda.

 

İnsanı yaşadan, ona ruh verən,

Sevən ürəklərin bir baxışıdır.

Vətən dediyimiz bu gözəl dünya,

Tanrının ilahi bir naxışıdır...

 

Həyatda arzuları çox olub, elə indi də az deyil. Uşaqlıqdan ədəbiyyat vurğunu olduğundan özünü bu sahəyə həsr edib. Ədəbiyyat tədqiqatçısı və ədəbi tənqid onun yaralı yeridir. Ömrünü bu sahəyə həsr etmək istəsə də, amma amansız həyat ona imkan verməyib. Bugünkü təhsilin vəziyyətinə çox acıyır. İstəyir ki, təhsilin vəziyyəti heç olmasa bəyənmədiyimiz sovetlər vaxtının səviyyəsinə qalxsın...

 Deyir ki;- “Heç kimə lazım olmasa da, əsas məşğuliyyətim şeir yazmaqdır. Mütaliə etməyi xoşlayıram. Niyə yalan danışım, həyatda böyük uğurlarım olmayıb. Ən böyük uğurum bu günə qədər sağ qalmağım, yaşamağımdır.”

 

Yazdığım şeirlər ömür yoldaşım,

Bəzən misraları güldürür məni.

Hopub yaddaşıma olub sirdaşım,

Bəzən də hıçqırdıb ağladır məni.

 

Özüm öz dostumam düşünürəm mən,

Beləcə yaşayıb yaşa doluram.

Qənim kəsilirəm özümə bəzən,

Bəzən də özümə düşmən oluram.

 

Nəyi itirmişəm, nə olub qismət,

Barışa bilmirəm özüm özümlə.

Qəlbimdə yurd saldı bir saf məhəbbət,

Yaşadım ömrümü min bir dözümlə.

 

Ömür tariximdir yazdığım şeir,

Misralar şahidtək üzümə durar.

Deyirlər, ay şair, qarşıda xeyir,

Nə vaxtsa ömrünə möhürün vurar...

 

Bu onun “Qəribə təzad” şeiridir. Şair burada özünü, taleyini ifadə etməyə çalışır. “Azərbaycan ədəbiyyatının klassik korifeyləri toxunulmaz olmalıdır. Hər birinə onun yaşadığı dövrün gözü ilə qiymət vermək lazımdır. Tarix bundan sonra Nizamini, Nəsimini, Füzulini, Xətaini, Səməd Vurğunu, Hüseyn Cavidi, Müşfiqi, Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı, Sabir Rüstəmxanlını, Musa Yaqubu və s. şairlərimizi bir daha təkrar yetirməz. Azərbaycan xalqını cəbhələrə, qruplara bölmək olmaz. Bu daxili düşmənçilik yaradır. Onsuz da düşmənlərimiz çoxdur. Başqaların çaldığı havaya oynayan müxalifət bizə lazım deyil. Mən 1988-ci ildən azadlıq hərəkatının fəal üzvlərindən biri olmuşam. Sonralar elə hadisələrin şahidi oldum ki, müxalifətdən iyrəndim və bir dəfəlik uzaqlaşdım. Mənə milləti cəbhələrə bölən partiyalar yox, milli birlik lazımdır.”- söyləyir. Və hiddətini şeirlə belə ifadə edir:

 

Göy altının hər yerinə

Vətən, düzlük toxumu ək.

Bir günahı olan kəsi

İsa kimi çarmıxa çək.

 

Doğulanda tək doğulduq,

Zül(ü)m ilə əkiz olduq.

Səsim çatmadı heç yana,

Nə “Mən” oldum, nə “Biz” olduq.

 

Sözdən uca heç nə yoxdur,

Sözdür dünyanın sərvəti.

Səcdə edək, pozulmasın,

Yerlə Tanrının vəhdəti…

 

Dilə gəlsin lal baxışlar-

Ürəklərə sevinc dolsun.

Nə dünyadan bezən olsun,

Nə də zülmət gecə olsun…

 

Qəribədir, gözəl poeziya nümunələri yaratmağı bacaran, bu filoloq-şairin yaradıcılığı barədə sosial şəbəkələri ələk-vələk etsəm də, heç bir yerdə məlumat tapa bilmədim. Yalnız “Facebook” platformasındakı səhifəsində paylaşdığı şeirlərə rast gəlmək mümkündür. 

Demirəm, o, poeziyaya qeyri-adi bir nəfəs gətirib. Amma adamın başının üstə Allah var, o, ŞAİRDİR. İnanıram ki, Azərbaycan Yazıçılar Birliyinin(AYB) qəbul komissiyasında əyləşən, içində “Allah Xofu” gəzdirən qardaşlarımızdan biri, bu il 65 yaşını qeyd edəcək Əlisa Qəmgini AYB-yə dəvət edib yaradıcılığı ilə maraqlanacaq. Axı hər bir istedadın "bələdçiyə" ehtiyacı var...

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Wednesday, 27 March 2024 12:30

Uğursuz insanların 4 tipi

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Yer Kürəsində milyardlarla insan var, hər bir insan üçün də ailə – iş yeri – cəmiyyət üçbucağında bir yer müəyyənləşdirilib. Amma bəzən elə olur, kimsə öz yerini tapa bilmir. İnsanlığın faciəsi bax budur, öz yerini tapa bilməməkdir. Uğursuz, sənə xoşbəxtlik gətirməyən ailə (ailəli olmayanlar üçün sevgi münasibətləri), fayda verə bilmədiyin və bəhrəsini ala bilmədiyin iş (işsizlik, təhsil ala bilməmək də həmçinin), səni qəbul etməyən cəmiyyət – əsas uğursuzluq üçlüyü budur. Bəzi uğursuzlar bu üçlüyün hər hansı birində qərarlaşır, belələrini gəlin şərti olaraq nisbi uğursuz adlandıraq (NU). Belələri həyatda böyük əksəriyyətdir, elə əhatəmizdə hər 10 nəfərdən ən azı 3-4-ü nisbi uğursuzluqdan əziyyət çəkir. Bu tip insanlar bədbin olsalar da, onlarda bu bədbinlikdən tezliklə qopacaqlarına inam böyük olur. Onlar bir sahədəki uğursuzluğu digər sahələrdəki qənaətbəxşliklə neytrallaşdıra bilirlər haradasa. NU kateqoriyasının özündə bir müvəqqətilik, ötərilik, keçərilik kəsb etməsi bu insanlarda mübarizlik əzmini tam yox edə bilmir, onlar sabahkı günün işıqlı olacağına inanır, bu inamla yaşayır, çabalar göstərirlər. NU-ların motivasiyaya böyük ehtiyacı olur, çünki bu tip insanlar xırdaca bir təkanla öz uğursuzluqlarını dəf edə bilirlər. Öncədən qeyd edək ki, həyatda özlərini uğursuz sayanların böyük bir qismi yeniyetməlik və gənclik illərində uğursuz sevgiyə məruz qalanlar olur, bir də ki, ali təhsil almaq arzusuna yetişə bilməyənlər. (Hər iki mövzuya kitabımızda ayrıca toxunacağıq).

Üçbucağın birdən birə iki bucağında düzgün yerləşə bilməyənlər artıq tam uğursuzdurlar, bunları elə bu cür də adlandıraq (TU). Belələri xeyli azdır, NU-lardan sayca xeyli az olduqları kimi, problemlərinin xarakterinə görə də onlardan xeyli fərqli görünürlər. TU artıq həyatdan ikitərəfli zərbə almış insan olduğu üçün onun bədbinlik dərəcəsi də hədsiz yüksək, hətta ayrı-ayrı hallarda depressiyaya düşmək səviyyəsində olur.

TU-lar get-gedə özlərinə qapanır, ətrafdan təcrid olunurlar, mübarizədən yorulur və yayınmağa başlayırlar. TU-ların həyat tənəzzülü get-gedə sağlamlıqlarına zərbə vurur, özünə inamsızlıq müəyyən əsəb xəstəlikləri ilə müşayiət olunaraq çox ağır fəsadlar törədə biləcək kombinə yaradır. Sonucda intihara cəhdədək uzanan bu yoldan pasienti geri döndərmək çox çətin, əksərən qeyri-mümkün görünür. Odur ki, vacib məqamda – narazılıq hələ rüşeym halında olarkən TU-ların üzərində işləmək, onları «hər şeyin düzələcəyinə» inandırıb buna kökləmək olduqca vacibdir.

Ailə-iş-cəmiyyət uğursuzluğu üçbucağının hər üç küncündə qərarlaşan insan tipləri çox azdırlar, belələrini mütləq uğursuzlar adlandıraq (MU). Belələri haqqında ilk baxışda yalnız bunu söyləmək olar: «Tanrının üz döndərdiyi adamlar».

MU sonucda ya psixi pozğunluq həddinə gedib çıxır, ya da intihar edir, amma dəstəyə (istər maddi olsun, istər mənəvi, fərq etməz) hədsiz ehtiyac duyan bu insanların da motivasiyaya daim ehtiyacları olur. Ailə üzvü, dost, qohum, qonşu, tanış, tanımadığı birisi – insan zəncirinin hər bir halqası MU-ya düşdüyü dərin quyudan çıxmağa kömək göstərməklə, əl uzatmaqla onun həyat nağılının erkən bitirməsinə mane ola bilər. Amma əksər halda MU bu uzanan əlləri görə bilmir, ətrafın biganəliyinin qurbanı olur.

Və ən nəhayət, təsnifatımızda 4-cü tip uğursuzlar da yer alır ki, bunların uğursuzluq səbəbi ailə-iş-cəmiyyət üçbucağından kənarda dayanır. Problemləri hər hansı sağalmaz xəstəlikdən, əlillikdən, yaxud xoşagəlməz adət və vərdişdən, yaxud yaxın bir adamın vəfatından və bu qəbildən olan digər nəsnələrdən qaynaqlanan bu sayaq həyatdan küskünlər isə təsnifatımızda xüsusi uğursuzlar (XU) kimi yer alacaqlar. Belələri də ətrafımızda çoxdurlar, bizim qayğı və nəvazişimizə, təsəllimizə ehtiyacı olan bu tip insanlarla hər gün görüşür, ünsiyyətdə oluruq. Sadəcə, düşünməyimiz gərəkdir ki, belələrinə xırdaca bir diqqət göstərməyimiz, onlarla həmdərd olduğumuzu nümayiş etdirməyimiz çox vacibdir.

Beləliklə, biz uğursuzluqlarla üzləşib həyatdan inciyən və küsənlərin 4 tipini müəyyənləşdirdik.

Kitab boyunca burada sadaladığımız uğursuzluq səbəblərinin hər biri üzərində ayrıca dayanacaq və bu səbəbləri aradan götürmə yollarından geniş bəhs edəcəyik.

Hər xəstəliyin öz dərmanı, hər qıfılın öz açarı olduğu kimi hər problemin də öz həlli var, unutmayaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.