Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Rəvan Məlikova həsr edilmiş şeirlə tanış olacaqsınız.

         

RƏVAN ƏLİABBAS OĞLU MƏLİKOV

(06.03.1996.-01.10.2020.)

 

Kürdəmirin Şıxımlı kəndindən olan olan, Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

QORXMAZ RƏVAN

 

Sizə söhbət açım mən  kürdəmirli Rəvandan,

Vətəni candan artıq  sevən bir qəhrəmandan.

O, qısaca ömrünü  yaşadı ləyaqətlə,

Vətənə xidmət etdi sonsuz bir sədaqətlə.

 

Şıxımlının mərd, qoçaq cəsurlarından biri,

Düşmənə qan udduran  məğrurlarından biri.

İllər keçdi, böyüdü, çatdı  on səkkiz yaşa,

Rəvan kənd məktəbini bitirdi, vurdu başa.

 

Hərbi xidmət zamanı, vaxtı gəldi, yetişdi,

Bu necə də şərəfli, müqəddəs yol, gedişdi.

Əsgər  oldu, bərkidi, bütövləşdi orduda,

Elə bir məktəb keçdi, mətinləşdi orduda.

 

Əsgərliyi qurtarıb qayitdı kəndlərinə,

Çarə tapılmalıdır  Vətənin dərdlərinə.

Düşündü: - Pünhan kimi, yenə də əsgər olsam,

Vətən daşı yastığım,  evimsə səngər olsa…

 

Qardaşım kimi mən də ordumuzda qalaram,

Məqamında düşməndən intiqamı  alaram.

Əsirlikdə qalammaz yurdun, çiçəyi, gülü,

Meşəsi, bulaqları, nə də Xarıbülbülü.

 

…Sevinirdi, orduda  xidmət edəcək Rəvan,

Qalib kimi Şuşaya  bir gün gedəcək Rəvan.

Hər kəs əməli ilə, alır əsil qiymətin,

Xidmətdə əsgərlərin  qazanmışdı hörmətin.

 

Başladı müharibə, ölüm-dirim savaşı,

Haqq işimiz yolunda, namus-torpaq davası.

Ali Baş Komandandan sonsuz ilham alındı,

Ordumuzun gücüylə  şanlı zəfər çalındı.

 

Rəvan da döyüşürdü  qorxmaz bir əsgər kimi,

Düşməni tar-mar edən  igid cəngavər kimi.

Deyirdi, Türk oğluyuq, göstərməliyik hünər,

Türkün qəlbi millətlə, Vətən ilə döyünər.

 

Vuruşların birində Rəvan canından keçdi,

Tanrı cənnətlik üçün  əziz bəndəsin seçdi.

Zəfər tariximizdə Rəvanın da var adı,

Xalqımız da  unutmaz belə əziz övladı.

 

“Ədəbiyyat və incəsənətz”

(18.03.2024)

 

Mayın 9-da Bakı Konqres Mərkəzində möhtəşəm rəqsləri, göstərdiyi əsrarəngiz şoularla Türkiyədə və dünyada tanınmış “Alagöz” rəqs ansamblının və Azərbaycanın Xalq artisti Aygün Kazımovanın təqdim etdiyi “Qardaşlıq dastan”ı adlı möhtəşəm konsert və şou-proqram keçiriləcək.

 

Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığını nümayiş etdirəcək, “İMZA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilir.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Özbəkistanın Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı olub.

Məşhur balet tamaşası iki gün - martın 16-da və 17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində təqdim edilib,

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir.

 

Tamaşanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva, mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları və digər qonaqlar izləyiblər.

Məşhur alman xoreoqrafı və baletmeysteri Raul Raymondo Rebekin quruluş verdiyi əsər UNESCO tərəfindən bəşəriyyətin Qeyri-maddi mədəni irs siyahısına daxil edilən qədim xalq rəqsi Lazgiyə (Ləzgi) həsr olunub.

Tamaşadan əvvəl Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev jurnalistlərə açıqlamasında Azərbaycanla Özbəkistan arasında mədəni münasibətlərin son vaxtlar ən yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edib ki, ötən il Bakıda keçirilən Özbəkistan Mədəniyyət Günləri, eləcə də Azərbaycan kollektivlərinin Özbəkistana səfərləri hər iki ölkənin mədəniyyət xadimləri tərəfindən çox böyük sevgi ilə qarşılanır. “Özbəkistan səfərləri doğrudan da hər zaman bizim mədəni əlaqələrin inkişafına çox böyük yardım olur”, - deyə Ə.Lalayev əlavə edib.

Xorazm vilayətinin Dövlət Filarmoniyasının rəqqasəsi Gülnaz Artıkova tamaşa üzərində artıq 4 ildir ki, çalışdıqlarını söyləyib. O, Dubay, Moskva, Sankt-Peterburq şəhərlərində, həmçinin Almaniya, Türkiyə və bir çox ölkələrdə çıxış etdiklərini bildirib.

Özbəkistanın Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının prima-balerinası, Özbəkistanın Əməkdar artisti Nadira Hamrayeva Bakıya gəldiyi üçün çox xoşbəxt olduğunu deyib: "Bizim mədəniyyətlərimiz çox yaxın, dillərimiz oxşardır, musiqi alətlərimiz ahənglidir. Ən əsası isə, xalq və klassik sənətimizə olan sevgimizi digər ölkələrə ötürmək imkanımız var. Həmçinin bu tamaşa Özbəkistanda balet truppası və folklor sənətçiləri arasında yaradılan ən inanılmaz layihələrdən biridir".

Sonra “Lazgi. Qəlb və sevginin rəqsi” baleti tamaşası təqdim edilib.

Süjet min illər əvvəl Böyük İpək Yolu ilə Orta Asiyadan keçən karvan dövründən başlayır. Səhranın hərarətində şamanların nəğmələri altında "Sevgi" oyanır və ölümsüz "Qəlb" öz əbədi rəqsinə başlayır. Bu, keçmişdən gələcəyə fantastik səyahət, çoxəsrlik ənənələri və xalq xüsusiyyətlərini təcəssüm etdirən qəlbin və əsrlər boyu onu izləyən sevginin hekayəsidir.

Xalqın tarixi, əcdadların xatirəsi, ruhların səsi - baletin hər bir pərdəsində zamanlar arasındakı əlaqə güclənir və buna görə də finalda "Qəlb" və "Sevgi" bölünməz bir bütövə çevrilir.

Baletin əsasında rəqsə və həyatın özünə olan sevgi dayanır. Xalq müdrikliyini təcəssüm etdirən və bir çox sirlərlə əhatə olunan Xorəzm rəqsinin tarixi üç min il əvvələ aiddir. Maraqlı enerji, alovlu hərəkətlər, mürəkkəb rəqs təsvirinə əsaslanan unikal üslub lazgini görkəmli mədəniyyət fenomenə çevirir. Özbəkistan milli baletinin tamaşası ilk dəfə 2021-ci ildə ictimaiyyətə təqdim edilib və dərhal tamaşaçıların rəğbətini qazanaraq mühüm sensasiyaya çevrilib.

Balet tamaşası üzərində dövrümüzün görkəmli rəssamlarından ibarət beynəlxalq komanda işləyib. Musiqisi bəstəkar Devidson Cakonello tərəfindən yazılıb, dünya şöhrətli yapon multimedia rəssamı Yoko Seyama heyrətamiz dekorlar və işıq effektləri yaradıb.

Librettonun müəllifi və xoreoqrafı məşhur alman rəqqası, Dortmund baletinin baletmeysteri və “NRV Junior” baletinin bədii rəhbəri Raul Raymondo Rebekdir. O, 1987-2008-ci illərdə Berlin Dövlət Operasının, “Essendəki Aalto teatrı” adlı Alman Opera və Baleti Truppasının aparıcı solisti olub, “Prix de Lausanne” də daxil olmaqla, nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Uilyam Forsayt və İrji Kiliandan Moris Bejara qədər, Rudolf Nureyevdən Rolan Petiyədək dünya səhnəsinin bir çox ulduzları ilə işləyib. Baletmeyster və xoreoqraf kimi Almaniya, Avstriya, İsveçrə, Monako, ABŞ, Kanada, Yaponiya və Honkonqdan olan kollektivlərlə əməkdaşlıq edib. Beləliklə, onun quruluş verdiyi əsərlər Astana, Berlin, Dortmund, Karlsrue, Münhen, Nyu-York, Seul və Ştutqart teatrlarının repertuarlarını bəzəyib.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “RoboCode” robotik kodlama düşərgəsi başa çatıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Bağlanış tədbirində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “SAHA Robotics” şirkətinin vitse-prezidenti və Azərbaycan üzrə meneceri Eray Çobanoğlu, düşərgə iştirakçıları və digər qonaqlar iştirak ediblər.

 

Düşərgə müddətində formalaşan 9 komandadan final mərhələsinə keçən 3 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Nəticələrə əsasən “Difai” komandası 1-ci, “eRRobotX” komandası 2-ci, “RookieBots” komandası isə 3-cü yerə layiq görülüb.

Sonda qalib komandalara mükafatlar təqdim olunub. 

Qaliblər həmçinin “Bilişim Vadisi” kampusunda və “SAHA Robotics” şirkətində təcrübə keçmək imkanları qazanıblar.

1 ay davam edən düşərgədə qeydiyyatdan keçən 448 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 90 nəfərinə “ROS'un əsasları” , “Robotların simulyasiya edilməsi”, “Robot hərəkət sistemləri”  və s. mövzularda onlayn və fiziki  təlimlər keçirilib.

 

Strateji tərəfdaşlar: "Azersun Holding", Coffee'nJOY”.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

 

 “YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. 

Şəhidimiz Rövşən Əliyevin həyat yoldaşı Azadə Əhmədovanın müayinəsi zamanı sağ gözündə torlu qişanın regmatogen qopması diaqnozu təyin olunub. Həmin gözə torlu qişanın bərpası əməliyyatının həyata keçirilməsi, “Endolazer koagulasiya”, eyni zamanda sol gözündə katarakta əməliyyatlarının icra olunması məsləhət görülüb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer alan torlu qişanın bərpası və katarakta əməliyyatı icra olunub. 

Xidmətlər zərfində yer almayan “Endolazer koagulasiya” əməliyyatı və “Ozurdex intravitreal  inyeksiya” proseduru xərcləri isə “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

"Youtube" video: https://www.youtube.com/watch?v=8V8ELlnWD7w

Yüksək keyfiyyətli formada videolink: https://we.tl/t-7jRXoVd37Y

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Friday, 15 March 2024 14:09

ASAN TV fəaliyyətə başlayır


 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşların dövlət xidmətləri barədə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.
 Bu istiqamətdə növbəti addım kimi ASAN onlayn TV fəaliyyətə başlayır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 
 
ASAN Radionun bazasında qurulacaq  ASAN TV dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya olacaq.
Məqsəd video məzmunun daha keyfiyyətli təqdimatı, izləyici auditoriyasının sayının və sərhədlərinin genişlənməsi, dövlət xidmətləri ilə bağlı vizual olaraq daha əhatəli maarifləndirməni təmin etməkdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2015-ci ilin dekabrın 24-də yaradılan ASAN Radionun 9 illik fəaliyyəti dövründə hər zaman video məzmunun mövcudluğuna və sosial mediada aktivliyə xüsusi önəm verilib.
"Youtube" keçid:https://youtu.be/SA1DdTbsnpo

Televiziyalarda yayımlanması üçün yüksək keyfiyyətli formada link: https://we.tl/t-IZcpqO42ua

“Ədəbiyyat və incəsənət”
(15.03.2024)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə Bir suallıq rubrikamızın qonağı sevimli bəstəkarımız Sevinc Tofiqqızı olacaq.

Sevinc xanımın istedadı ölkəmizdən kənarda da tanınır. Buna görə də, onun yaradıcılığı geniş izləyici auditoriyası üçün həmişə maraq doğurub. 

 

-Xoş gördük, əziz bəstəkarımız Sevinc xanım. Yaxşı bilirik ki, ölkəmizdə yetəri qədər tanınan şair və müğənnilərlə iş birliyiniz var.

Söz, musiqi və ifa. Bu 3 məfhum insan ruhuna məlhəm kimidir. Sevinc xanım, hansı şair və müğənnilərlə iş birliyiniz olub və hal- hazırda hansı layihələr üzərində çalışırsınız?

 

-Salam, əziz Ülviyyə xanım, xoş gördük.

Mənim bir cox şairlərlə iş birliyim olub. Heydər Əliyev fondunun Vitse Prezidenti Leyla xanım  Əliyeva, Əməkdar şairimiz Baba Vəziroglu, Millət vəkili Qənirə Paşayeva, Cavid Qurbanov, M.Məhsimov, gənc şair Fuad Biləsuvarlı, şair Abdulla Saymaz, Xanım İsmayılqızı, mərhum şairimiz Əli Vəlioglu, Səadət Qərib, Kərkük kültür dərnəyin qurucusu və başqanı Şəmsəddin Küzeci, Milan Hospitalın rəhbəri Xuraman Muradova, Şərafəddin İlkin, Zeynallı Xəlil və bir başqa sevilən şairlərlə iş birliyim olub.

Musiqidə hər üçü - həm söz, həm bəstə və həm də ifa önəm daşıyır. Bir də əla aranjiman. Bunlar hamısı bir olanda və ən əsası -  ifa gözəl olanda mahnilar sevilir və yadda qalir.

Mahnılarımı bir çox sevilən, tanınan müğənnilərimiz ifa edib. En cox iş birliyim Özbəkistanın və Azərbaycanın Xalq artisti Gülyanaq xanım Məmmədova ilə olub. Hal- hazirda da yeni mahnı üzərində işləyirik. İnşallah, yaxın günlərdə işıq üzü görəcək. Gülyanaq xanımla həm lirik, həm də şəhidlərimizə həsr etdiyim vətənpərvər mahnılarım olub. Hətta, Gülyanaq xanımın ifasında bir neçe mahnılarıma klip çəkilib və böyük təqdimatı olub. "Giley" mahnısı da çox sevildi ve bu mahnıya ARB TV-nin dəstəyi ilə klip çəkildi. Demək olar ki, bir çox mahnılarıma kliplər çəkilib.

Gülyanaq xanımın ifasında sözləri Cavid Qurbanov, Baba Vəziroğlu, Fuad Biləsuvarlı, Zeynallı Xəlil, Abdulla Saymaz, 

M. Məhsimov və Zöhrə Qaraqızı kimi şairlərə məxsus olan şeirlərə bəstələdiyim mahnılarım da çox sevilib.

Gülyanaq xanım bu yaxınlarda "Sevgi valsı" mahnısını da ifa etmişdi. Bu, duet şəklində idi və digər ifaçı Səbuhi Həsənov idi, mahnının sözləri isə Səadət Qəribə məxsusdur.

Bu arada aranjimançı Osman Həmidov və Fərahim Sadiqə də öz təşəkkürümü, eləcə də Sizə öz minnətdarlığımı bildirirəm, dəyərli Ülviyyə xanım.

 

-Çox sağ olun!

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Friday, 15 March 2024 16:30

Kraliçalar və lakeylər

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

“Gənclik” metrostansiyası tərəfdə uğurla qoyulmuş videofiksasiya kamerası illik kassa mədaxilinə görə bütün Azərbaycan kinematoqrafiyasını üstələdi.

 

2.

Erməni radiosuna sual edirlər:

-Erməni qadınının əri kosmonavtdan nə ilə fərqlənir?

Erməni radiosu cavab verir:

-Kosmonavt öz əvəzedicisini tanıyır, erməni qadınının əri isə tanımır. 

 

3.

Facebook-u yaradanın atasına rəhmət. Onun sayəsində Bilgəhdəki bağımdan oğurlanan antikvar manqalımı bir istifadəçinin hesabındakı fotonun hesabına Ləiş bağlarında bir həyətdən tapdım. 

 

4.

Uçaqda qurtarmayan ayaqyolu növbəsini görəndə qeyri-ixtiyari düşünürsən ki, adamlar uçaqlara yalnız səmanı murdarlamaq üçün minirlər. 

 

5.

“Mən indiyə qədər heç kəsin qarşısında əyilməmişəm” deyə partiya rəhbəri seçki kampaniyası zamanı az qala qışqıraraq bəyan etdi. 

Sonra da alqışlar gələndə öz-özünə etiraf etdi: “Axı məndə xroniki skolioz var”.

 

6.

Restoranda müştəri narazılığı amplitudası: “Əsl Sezarın ürəyi dərhal partlayardı, sizin bu Sezar salatının dadına baxsaydı”.

 

7.

Siz fikir vermisinizmi, küçədə gözəl qızlara göz yetirən kişilərlə vitrindəki ləzzətli kökələrə göz yetirən pəhriz tutmuş qadınların baxışları eynidir?

 

8.

Kraliça olmaq istəyən qadının əri də lakey olar. 

 

9.

Hətta ən yüksək yumor hissi olan, gülməyi xoşlayan şəxslər belə gülünc əməkhaqqı istəməzlər. 

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Təbii ki, bu sualın cavabını nümayəndəmizin sərgiləyəcəyi mahnını dinləməklə təxmin etmək olar. 

“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı bu gün  martın 15-i Bakı vaxtı ilə saat 12:30-da Avroviziyanın rəsmi yutub kanalında və İctimai Televiziyanın canlı yayımında təqdim olundu. 

 

Bu mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirir. Mahnının müəllifi bu il ölkəmizi Avroviziyada təmsil edəcək Fahree - Fəxri İsmayılov özüdür. Qeyd olunan vaxtda ictimaiyyətə ilk dəfə açıqlanan mahnı üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles da işləyib.

Qeyd edək ki, mahnının muğam hissəsini “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin finalçısı İlkin Dövlətov ifa edəcək. 

Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

ABŞ-da yaşayanda, o vaxt işimlə bağlı ətrafımda gənclər çox olurdu. Və bu gənclərin hamısı rep musiqisini dinləməkdən yorulmurdular. Həmin gənclər, bir gün bir məclisə məni də dəvət etmişdilər. Yeyib-içib, deyib-gülüb ancaq repə qulaq asırdılar. Məclisin ortasında gənclərdən xahiş etdim ki, mümkündürsə bir caz musiqisi tapıb səsləndirsinlər. Elə ki, cazın sədası otağa yayıldı, hamı cibindən çıxardığı telefonla məşğul olmağa başladı. Gördüm ki, aralarında narazılıq edənlər də var. Ayağa qalxıb maqnitafona yaxınlaşdım. Musiqinin səsini azaldıb dedim:

-Dostlar, görürəm ki, cazı xoşlamırsız. Axı rep küçə uşaqlarının mahnısıdır, caz isə yüksək zövqlülər üçündür. Bütün dünyada da belə qəbul olunub. Hansınız mənə izah edə bilər ki, niyə Amerika gənclərinin musiqi zövqü küçə səviyyəsindədir?

Gənclərdən biri bilirsiniz nə cavab verdi? Dedi ki, ser, sən lap atamız evdə bizə söylədiyi kimi danışdın. Caz Amerikada XX əsrdə dəbdə olub və keçmişdə də qalıb. Rep isə XXI əsrin musiqisidir. Küçə musiqisi adlandırılsa da, xalqın içindən gəlib və qısa müddətdə sevilib...

 

Bu hadisəni niyə xatırladım? Axı bu gün Azərbaycan repçisi Hüseyn Dərynın anım günüdür. Düz on il bundan əvvəl, 2014-cü ilin, mart ayının 15-də haqqa qovuşub. Onun vəfatından bir il, beş ay sonra ABŞ-a köçmüşük. Yəni artıq Amerikaya köçməmişdən qabaq repdən məlumatım var idi...

Hüseyn Dəryayla isə Sumqayıtda, iş adamı Mərdan Seyidbəylinin dəniz sahilindəki kafesində tanış olmuşdum. Hər axşam kafeyə gəlir, özünün bəstələdiyi rep mahnılarını oxuyurdu...

O vaxt onu narkoman sayıb bəyənməyənlərdən biri də mən idim. Amma ABŞ-da görüb tanıdığım repçilərin də narkotikdən istifadə etdiyini görəndən sonra Hüseyn Dəryaya rəhmət oxudum. Narkomaniyanın qurbanı kimi... 

Allah Hüseyn Dəryanın günahlarından keçsin, ruhu şad olsun!

Onun bu repi isə ən populyar repi sayılırdı:

 

Nə qədər ki sağsan, 

nə qədər ki vardır 

dörd yanında qızlar

 keyf elə!

Nə qədər ki pul var, 

nə qədər ki keyf var, 

nə qədər ki varsan 

keyf elə!

 

Maraqlıdır, nə qədər ki, sağıq, kef edək. Bəs onda qurub yaratmağı, ucalmağı, xeyirxah əməllər eləməyi nə vaxta saxlayaq? 

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.