Super User
Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Martın 12-də dünyanın ən böyük kitab sərgilərindən olan London Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sərgidə nazirliyin məsul əməkdaşları, nazirliyin dəstəyi ilə “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Tural Axundov və “Everest” nəşriyyatının rəhbəri Ramil Rzazadə iştirak edirlər.
Nazirliyin nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb.
Həmçinin Azərbaycan naşirləri öz məhsullarını daha geniş auditoriyaya təqdim etmək üçün görüşlər keçirir, əməkdaşlıq əlaqələri qururlar.
Milli stendimizdə nümayəndə heyəti tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə "İslam dünyasının mədəniyyət paytaxtı" seçilməsi barədə sərgi iştirakçılarına və ziyarətçilərə geniş məlumat verilir.
1971-ci ildən keçirilən London Beynəlxalq Kitab Sərgisində ölkəmiz 129 adda 300-ə yaxın kitabla təmsil olunur. Onlarla ölkədən nəşriyyat, kitab sənayesi nümayəndələri və yazarların qatıldığı sərgi martın 14-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)
8 manata da gül olar?
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
8 martda gül dükanında:
-Məxməri qızılgül neçəyədir?
-Biri səkkiz manata.
-Siz nə danışırsınız? Səkkiz manata da gül olar? Dünən dörd manat deyildi? Bu lap talançılıqdır.
-Qardaş, biz neyniyək, gömrük rüsumu qalxıb. Talançı biz deyilik, onlardır.
-Neçə olub ki?
-Bir gül üçün 40 qəpik idi, 80 qəpik olub.
2.
Yaponların hətta anaxronizmləri də sinxrondur.
3.
Pensiyaçıları televiziya proqramları ilə təmin etməkçün onlara qəzet paylayan kuryerdən gənc qız harda çalışdığını söylədikdə cavabı belə olur:
-Proqram təminatçısıyam.
4.
Kişini 10 faiz sevmək və 90 faiz başa düşmək lazımdır.
Qadını isə 100 faiz sevmək lazımdır, çünki başa düşmək mümkün deyil.
5.
Tələbə yataqxanasının aşbazı nahara evinə gedir.
6.
Ən möhkəm və uzun yuxu vicdanın yuxusudur.
7.
Axşamlar tək küçəyə çıxmaq yox, sosial şəbəkələrə girmək də qorxuludur.
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)
“Bülbül istəyirsənsə, qızılgül bağı sal, özü gələcək” - Hümbət Həsənoğludan 10 aforizm
“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir.
1.Çox söz verənin sözü az dəyərlidir.
2.Heç kimə inanmamaq hamıya inanmaqdan təhlükəsizdir.
3.Özünü bahalı apar ki, ucuz münasibət axtaranlar sənə yaxınlaşmasın.
4.Qüsursuz insan olmadığını bilsən, hamı ilə rahat münasibət qurarsan.
5.Sənin gözlərini, qulaqlarını və qəlbini eyni vaxtda yalnız insan sevindirə bilər.
6.Bülbül istəyirsənsə, qızılgül bağı sal, özü gələcək.
7.İncə yumor hissi olan qadın tapıntıdır. Onun bu hissini qarşılaya bilən kişi bu tapıntıya şanslıdır.
8.Eyfel qülləsinə hardan baxmağın əhəmiyyətli deyil, əhəmiyyətli olanı sənin Parisdə olmağındır.
9.Sənin himayəndə olan yeganə insan özünsən. Onu da xoşbəxt edə bilməlisən.
10.Qəlbindəki kədəri üzündəki təbəssümlə ört ki, əğyar sevinməsin.
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)
Qazax məktəblilərinin uğuru diqqət mərkəzindədir
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Ta qədimdən Qazax həm ədəbiyyat, həm də elm mərkəzi sayılıb. Təsadüfi deyil ki, bu mahaldan nə qədər məşhur şair, yazıçı, alim, pedaqoq çıxıb.
İndi də qazaxlılar kiçikdən böyüyə qazaxlı adını doğrultmağa çalışırlar.
Növbəti söhbətim Qazax məktəbliləri barədədir.
Qazax rayonu Daş Salahlı kənd Araz Əmilov adına 1 saylı orta məktəbin 11-ci sinif şagirdi
Məmmədov Rəsul Mahmud oğlu ötən 2023-cü ilin mart ayında İctimai televiziyada yayımlanan məşhur intellektual "Əlaçı" Televiziya verilişinin qalibi oldu.
Həmçinin Qazax rayon Daş Salahlı kənd Araz Əmilov adına 1saylı orta məktəbin 11-ci sinif şagirdi Gülməmmədli Məlahət Kamil qızı bu uğuru təkrarladı, ötən 2023-cü ilin oktyabr ayında "Əlaçı" Televiziya verilişinin qalibi oldu.
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov ötən il hər iki şagirdlə telefon əlaqəsi saxlayaraq onları təbrik etdi, uğurlar arzuladı.
İlham Pirməmmədov bu gün Rəsulla yenidən telefon əlaqəsi saxladı. Qəbul imtahanın nəticələri ilə maraqlandı. Rəsul imtahan suallarına əla cavab verdiyini, uğurlu nəticə əldə edəcəyini İlham müəllimin diqqətinə çatdırdı.
Gənclər məqsədyönlüdürlər, qarşıda qoyduqları vəzifələrə doğru əzmlə irəliləyirlər.
Rəsula və Məlahətə imtahanlarda və gələcək həyatlarında uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)
“Haram yeyə bilmirəm” - AĞACƏFƏR HƏSƏNLİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə şair Ağacəfər Həsənlinin şeirlərini təqdim edirik.
Sitayiş
Gözüm su içmir dünyadan,
nə ehtiyac var ki, gözüm su içə.
Üzümün suyu getdi -
nə ehtiyac var ki, sözüm su içə.
Qarağac su içir arxın dibində?
Qarağat su içir hamar zəmidə -
arpa tarlasında - tərxun içində?
Çapır dəli şimşək qarğı atını -
buludu gizlədir qarğıdalıdan,
dəyir yarasanın qırğı, dalından...
Qəhərdən gah dilim-ağzım quruyur,
gah rüsvay oluram xalxın içində.
Sərsəng su, Araz su, Tərtər su, Kür su,
sifət şoranımı qan-yaş isladar...
Şeytanın qıçını sındırar gür su,
dumansa yamacda dönər aslana.
Şabaş yağışının damlası iri,
görürsən, can çəkir diz çökməyə də.
Həyatda məramda yavanın biri
yaramır əlinə su tökməyə də.
Suya danışmışam yuxumu gedib,
bulanıq çayları sevindirmişəm.
Bir tərəf od olub, yanğın törədib,
su olub əks qütbü ta söndürmüşəm.
Tanrı göydə biçib, yerdə su əkib,
gen cahan təşnədi güya, İlahi.
Hər gün ovuc-ovuc üzümə çəkib,
sitayiş edirəm suya, İlahi,
sifariş edirəm suyu, İlahi!
Susuz aparıram kimisə çaya,
susuz gətirirəm, pərvərdigara!
Düymə
Allahın izniylə,
köynəyimin reziniylə,
qələmimin varaqdakı iziylə
açıram sabahları.
Azadlığıma doğru uçuram,
kəfən düyməsizdir deyəsən, axı.
Həftənin düymələrini açıram;
günlər bir-bir gəlir.
Vaxtın saçıdır qara gecə,
dalınca bərbər gəlir -
yəni gündüz...
Hərdən olur -
bir zülmət qıfıllanır: -
qarşısını piyada yuxu kəsir,
darvaza bağlanır, qapı açılmır.
Onda gözləyirsən gözüyumulu,
sonda izləyirsən göyü yumulu.
Yanında nə carçı, nə radio var,
pişik cırmaqlayır cəftəni çöldən -
və yalnız dilində "miyo-miyo" var.
Götürə bilmirsən dəftəri yerdən,
əsir-yesir düşmüş həftəni yerdən...
Vaxt qandaldı günlərin əynində,
boz pencəyinin çiynində.
Gerçəkdi qondarma dünyada varlığım -
məzar darlığım!
"Axtaran tapar" deyirlər,
mən axtardığımı tapmıram heç vaxt.
Özgənin atına minən tez düşər,
özgənin atını çapmıram heç vaxt.
Məni yol saxlamır gözümçıxdıda,
yol qaralamır...
Özümdən-özümə şüşətək yol var.
Düymə-düymə daşlar yaxalığımda.
Düyün-düyün dərdim içib kefiri.
Mülayim qəlbimin yuxalığından
ağımı oxuyub özgə efiri.
Vaxtdır kişiyanə etiraf edən,
kişnəyə-kişnəyə etiraz edən.
Görmədən sözümü qoyub ağzımda,
mənim sifətimdə, mənim ağlımda...
Mən ki öz ağlımla rəftar etmədim,
bir işdi-şayətdi, əgər etsəydim...
onunla beş qarış yol gedəcəkdim.
Güzəşt edəcəkdim özüm-özümə,
utanıb dəyməzdim o vaxt gözümə.
Yəqin sümüyümə düşmüş həyatı
muradım yenicə düymələyirdi.
Anam da iynə-sap etmişdi vaxtı,
köynəyimə öncə düymə qoyurdu.
Şans
Haram yeyə bilmirəm -
güllər yuxuma haram qatır,
qoxusundan həzz alıram.
İtirirəm özümü ilim-ilim.
Bölgə-bölgə, iqlim-iqlim.
Harda girləyim başımı,
nə bilim?
Kölə canım
vücudumu gəzdirə-gəzdirə
iz azdırır.
Baxma, qılığma girir,
ağıllı sözü qulağıma girir...
Məgər ağıllı söz eşidənəm?
Nə qədər yaşa dolsam da,
ağlım yenə uşaq ağlıdı.
Məsələn, o gün mərhum anamın
kölgəsinin dalınca ağladım.
Əzrayılı gülmək tutdu...
Əlini alnıma qoydu:
"yüngülcə qızdırması var" - dedi,
ilk dəfə qabağından yedi.
Əli aşından da oldu,
vəli aşından da.
Kor-peşman arxaya döndü.
Bəxt ulduzu söndü.
İşıq sürətiylə vurur nəbzim.
Uşaq cürətiylə nəfsimə
qalib gəlirəm.
Təcili ovcuma yazıram:
"Xədicəm,
dünyaya gələcək kötücəm,
məndən xatircəm ol.
Quru ösgürək ardıcı boğanda,
ala-bula keçi ardıcıl doğanda,
Günəş çevriləndə üfüq yorğanda -
qayıtmaq şansım var,
it ilində!"
Yarpaq balladası
Payızda
hər ağacın altı bir məzarlıqdı,
tabut kimi düşür budaqdan yarpaq.
Ta büt kimi,
dəlil-sübut kimi,
süqut kimi...
Ağac təsirlənir gül körpəsindən,
kim pıçıldamışdı köçməzsən, yarpaq?
Saplağından nazik Qıl körpüsündən
axirət anında keçməzsən, yarpaq.
Qulağına girmir:
ölüm ayağına düşmək -
ölümün ayağına düşməyi deyil,
ölüm gözünün düşməni deyil.
Kor olsun o göz,
haram olsun, o yarpağın əmdiyi süd.
Qədir ağacına verdiyi öyüd.
Yerimək qismət deyilmiş -
məsləhət bilmirmiş Tanrı ağaca.
Üzündə-gözündə təbəssümü var,
yəqin yükləyirmiş Günəş sayğaca.
Günəşsiz qalarmış başqa bitkilər,
yabanı meşələr, başqan bitkilər.
"Ölüm, ayağının altda", and içmiş,
içdiyi andından sonra vaz keçmiş,
üzülmüş, yıxılmış budaqdan yarpaq,
həzin nəğmə kimi dodaqdan yarpaq.
Payızın hər yarpağa təpkisi,
Adəmin cənnətdən qovulmasıdı.
Həvvanın minnətdə qovrulmasıdı.
Diş necə kəsməsin bağırsağını,
göydə uçurtmasın yarpaq sarğını.
Qoltuğunda qarpız sakit durasan,
yarpız bitirəsən bulaq başında.
İlanın qoxudan zəhləsi getsin,
qorxudan axtarsın siçan deşiyi.
Paltar
Xatirələr geyilmiş paltardı:
pencəyinin yaxalığı uzun,
şalvarının balağı dar.
Soyunub dəyişmək istəyirəm
hər bahar.
Üstündəki yamaq səbəbini danır,
yanıq davamıdı.
Ciblər - yurd-yuvamdı...
Astarında kürüşnə,
lərgə qoxusu.
Pişik cırmağının qorxusu.
Məktəb çağları müsibət idi -
qiymətlərim müsbət idi.
Beş kitabım qarpız idi,
zəmanə vermişdi qoltuğuma.
Mürəkkəbə batmış köynəyim -
göynəyim.
Günəş - təkgözlü eynəyim.
Vay oldu, yay oldu -
isti biçənəkdə
bükürdü abrını ətəyinə.
Tökürdü o yolacan,
əsəbi arının pətəyinəcən...
şələ basırdı lələni,
belinin ağrısı sağalmırdı.
Və ya payız yağışı
vücudumu ağ yuyub, qara sərirdi.
Hardansa qış gözünü ağardırdı,
cismimi qara basıb, qara sərirdi.
Xatirələr - geyilmiş paltar,
yeyilmiş paltar.
Ütüsüz günlərimə baxaram,
keçmişim bal dadar.
Oyanış
Allah çörəyini kəsmədi quşların,
girələdilər birtəhər başlarını.
Gün doğdu bəxtinə yoxsul daşların -
mərmər parıltılı ovsun daşların,
bərəkəti artdı gur yağışların.
Kəpənəklər xallarını axtarırdılar,
kenqurular xarallarını.
Buynuzları şaxələndi maralların,
kirpilərin tikanları mişar ağzıdır -
maşallah, bəd nəzəri kəsir.
Allah üzünə baxdı şah tutun,
tufanlardan salamat çıxdı...
Yaşıl yarpaqlarını gizlədir palazqulaq tutun,
sir-sifətindən zəhər yağır -
hirsindən dişlərini sıxdı.
Qarğa qırıldadı, göy guruldadı,
daşdı yamacların ilham çeşməsi.
Alnının tərini dağ quruladı,
çıxartdı gözündən duman çeşməyi.
Havada son nadir dəyişkənliyi
qəbul eləmədim soyuq duş kimi.
Həmişə sevirəm döyüşkənliyi,
ruhum Cəngəsərdə uçur quş kimi.
Çölə güzgü tutub su çiçəkləri,
gərnəşə-gərnəşə üfüq qızarır.
Yuxusu qarışır daha təklərin -
oyanan çağıdır ərgən qızların...
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)
POETİK QİRAƏTdə “Yaşıl köynəkli oğlan”
Poetik Qiraətdə bu gün sizlərlə yenidən rubrikamızın çoxvaxtkı təmsilçisi Əlizadə Nuri görüşür. “Yaşıl köynəkli oğlan” həqiqətən də böyük şair olan Vaqif Bayatlıya həsr edilib.
Şair şairə nə deyir? Deyir ki, ey yaşıl köynəkli oğlan -
Quruyur bu dünya da,
Susuz bir dodaq kimi.
Çıxarıb köynəyini
Qoy dünyanın üstünə
Yaşıl bir budaq kimi.
Sadəcə möhtəşəm. Hər hansı belə ehtiyac duyulmur.
Yüz qəmin şairidir,
Bir dilin şairidi.
Yaşını soruşmayın
Min ilin şairidi
Yaşıl köynəkli oğlan.
...Dünya ovcunda ikən,
Niyə yerə salmısan?
Əynindəki köynəyi
Bir çəməndən almısan
Yaşıl köynəkli oğlan?
Yaşıl-yaşıl şeir yazıb,
Sözü geyinən oğlan,
Heç utanma yaşından
Yaşa elə yaşılda...
Yaşıl bir ot atdın yerə,
Hər tərəf yaşıl oldu.
Yaşılköynək ağaclar
Sənin adaşın oldu...
Quruyur bu dünya da,
Susuz bir dodaq kimi.
Çıxarıb köynəyini
Qoy dünyanın üstünə
Yaşıl bir budaq kimi.
Çoxu ,,dəli" deyib keçir,
Sataşır sevincinə.
Çağır o adamları
Yaşıl köynək içinə...
Səni necə tapşırım
Ədabaz tay-tuşlara.
Tapışırdım bu gün səni
Sevdiyin yarpaqlara,
Dən səpdiyin quşlara.
...Durma, çəkil göylərə
Bax, o yaşıl bulud da
Sənin buludun olsun.
Ölsən, yaşıl köynəyin
Yaşıl tabutun olsun.
Bir də yerə qayıtma,
Burda hamı bənd olub
Simuzərə, altuna.
...Orda ulduzlar girər
Tabutunun altına...
Ədəbiyyat və incəsənət”
(13.03.2024)
BİR SUAL, BİR CAVAB Şamil Ənvəroğlu ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Salam, dəyərli Şamil bəy, “Bir sual, bir cavab" rubrikasında xoş gördük Sizi.
Bəzən bir sual saatlarla düşünməyə və saatlarla nitq söyləməyə şərait yaradır.
Məhz elə suallardan birini Sizə ünvanlayıram: Şamil Ənvəroğlu, niyə ƏDƏBİYYAT?
CAVAB
Bu sual məni həmişə düşündürüb.
Nəyə görə ədəbiyyat?
Cəlb edən hansı yanları var ki?
Uşaq ikən məhlə uşaqları ilə oynamağı boş verib də kitablara sarılmaq və bir səssiz küncə çəkilmək istəyi nədən yaranırdı axı?
Məktəb tapşırıqlarını 1-2 saatın içində hazır edib, sonra da qalın-qalın romanları oxumağa başlamaq həvəsini hansı səbəblər tətikləyirdi, görəsən?
Qarma-qarışıq 90-cı illərdə ucqar bir dağ kəndində, işıqların tez-tez söndüyü o gecələrdə, o zamanlar dəbdə olan fənərli maqintafonun işığında, ya da hamı yatandan sonra gizlincə şam işığında bitirməyə çalışdığın o kitablara maraq nədən qaynaqlanırdı?
Axı bu daxili tələbat, bu ruhsal ehtiyac nədən yaranmışdı?
10-cu sinifdə ayılasan ki, artıq qonşuların adlarını kitabdakı obrazlarla səhv salırsan.
Hələ bununla bağlı dəfələrlə başına gülməli hadisələr də gələ...
Sonralar hərbi xidmətdə olanda da "kaptyorka"da gizlətdiyin və boş vaxt tapan kimi dərhal oxuduğun kitablar ilə bu qədər sadiq dost olasan...
BDU-nun tarix fakültəsini oxuyasan,
ancaq hara getsən, hansı evdə kitab rəfi görsən, gözün həmişə bədii əsərlər axtara, həm də böyük həvəslə...
Bu barədə həmişə düşünmüşəm, səbəbləri çözməyə çalışmışam...
İnsanı daim axtarışa, öyrənməyə səsləyən "NİYƏ? NƏDƏN? HANSI SƏBƏBƏ GÖRƏ?" sualları olur.
Ona görə də, hadisələrin səbəbləri nəticələrindən daha maraqlı və daha cəlbedici olub həmişə...
Mənim üçün ədəbiyyat tarixdən həmişə 1:0 öndə olub. Bəlkə də, bir tarixçinin belə düşünməsi qəribə gələ bilər. Ancaq mənə elə gəlir ki, tarixin "mənbə" deyib bizlərə sırıdığı "gerçəklər", əslində, nağıllar toplusundan başqa bir şey deyil.
Tarix kimlərinsə fantaziyasıdır, şəxsi maraqların faktlarla oynanmış halıdır...
Ən əsası da, siyasətin əlindəki təbliğat vasitəsidir tarix... Tarix alət ola bilir, hətta inandıra bilir insanları buna... Əsl ədəbiyyat isə, lap cəhd etsə belə, bacara bilmir yaltaqlığı, deyə bilmir boğazdanyuxarı kəlmələri...
Dərhal yazıda üzə çıxır qeyri-səmimi nəsə olanda...
Çünki ədəbiyyat dürüstcə yanışır bütün hadisələrə, niyyəti nə olursa-olsun, çəkdiyi "rəsm"də hər şey doğru şəkildə öz əksini tapır.
Təqdim etdiyi lap nağıl da olsa, onu elə nağıl kimi də təqdim edir bizə.
Nağıl demişkən, əslində hər birimizin həyatı elə bir nağıldan ibarət deyilmi?
"Cırtdanların" "divlərə" qalib gəldiyi nağıllar dünyasında yaşamırıqmı?
Qardaşlarını su quyusunda ölümünə tərk edən "qardaşlar" yoxdurmu ətrafımızda?
Maraqların duyğuları üstələdiyi bir dünyanın sakinləri deyilikmi hər birimiz?
Üzlərdəki saxta gülüşləri, dillərdəki "xoşbəxtəm" deyilən yalanları,
gözlərdən oxunan "İMDAD!" çağırışlarını oxuduğumuz insanlarla yaşamırıqmı bu cəmiyyətdə?
Yazan olsa, neçə nağılların baş qəhrəmanı deyilikmi hər birimiz?
Bir məsəl var, - deyir ki, “Yer bataqlıqsa, orada boy atan ancaq "qamışlar" olar".
"Qamışların" bitdiyi bataqlıqda hansı gül-çiçəyi bitən görmüşük ki?
Bu dünyada bütün ruhu gözəl, ürəyi təmiz, yaradıcı və həssas insanları çəmənlikdə bitən gül-çiçəyə bənzədirəm - hərəsinin öz ətri, öz sevəni var...
Və ətrafına "yad insan" kimi görünən necə gözəl insanlarımız bu nağıllar dünyasında minbir əziyyət çəkmirlərmi?
Hər nağılın sonunda düşəcəyini gözlədiyimiz o "üç alma" isə, yaşaya bilmədiklərimizin TƏƏSSÜFÜ, etdiklərimizin PEŞMANLIĞI,
və edə biləcəyimiz, ancaq etmədiklərimizin KAŞ Kİ-ləridir əslində...
Nədənsə, insanlarda axtardığımız dürüstlüyü insanlarda tapmayınca, əsərlərdə axtarmağa başlayırıq zamanla.
Hətta, o fikrə gəlirik ki, əsərlər öz müəlliflərindən daha dürüst, daha ədalətli, daha səmimi və daha təmizdir.
Bəlkə də, əsərlər müəllifin olmaq istədiyi, ancaq ola bilmədiyi bir obrazı yaratmaq cəhdidir.
Ya da əsərlər yazarların içlərində basdırdığı duyğuların yenidən həyata doğuluşudur...
Bəlkə də, bizə ədəbiyyatı sevdirən hiss o gerçəkdə tapa bilmədiyimiz təmizliyin, ədalətin və haqqın əsərlərdə tapmaq istəyidir...
Axı həyatın rəsmini çəkən rəssamdır ədəbiyyat...
Axı öz tablomuza yaxından baxmaq marağıdır oxuduğumuz əsərlər...
Tarix dərsdir bizim üçün.
Ədəbiyyat isə,
-əsl həyatın özüdür,
-mənəvi yüksəlişdir,
-ali insan olmağa can atmaq duyğusudur...
Söhbətimiz uzandıqca ədəbiyyata vurğunluğumuzun nədən qaynaqlanması məsələsi çözülür, deyəsən...
Deməli, türk yazıçısı Əlif Şəfəqin belə bir deyimi var:
"Xoşbəxt mühitdə böyüməyən gənclər üçün ədəbiyyat ən gözəl sığınacaqdır".
Razılaşdığım bu fikrə icazənizlə bir neçə əlavəni də mən edim.
İnsan mənəvi varlıq olmaqdan öncə bioloji varlıqdır və müəyyən yaşa qədər də o cür də qalır, əlbəttə... Hər kəs bioloji varlıqdır, ancaq hər kəs də mənəvi varlıq deyil...
Səbəblərə gəldikdə isə, çox müxtəlif ola bilər. Öncə onu qeyd edək ki, insanı yetişdirən və kamilləşdirən böyüdüyü mühit,
yaşadığı həyat və sosial çevrəsi olur.
Kimi düzgün bəhrələnib kamilləşə bilir,
kimi də şablon fikirləri əxz etməkdən o yana gedə bilmir və ya getmək istəmir...
Fəlsəfənin dediyi kimi, "şəxsiyyəti sosial mühit yetişdirir". Ancaq sual olunur, "hər kəs yetişə bilirmi?" Yaxud da, səni SƏN edən dəyərlər doğrudanmı bir tək yaşadığın mühitlə bağlıdır?
Bəs, genetik kodların payı nə qədərdir?
Cavabı 50/50-ə demək, əslində asana qaçmaqdır. Asana qaçmaq isə düşünmək yerinə inanmağı seçməkdir... Şəxsiyyəti formalaşdıran həm də psixoloji durumlardır,
ya müsbət yöndə yetişdirə bilir, ya da mənfi yöndə dəyişdirə bilir.
Əlbəttə, insanın ən gözəl müəllimi özü olduğuna görə, “dərsini" nə qədər yaxşı alması da çox önəmli faktdır.
Qayıdaq o fikrə ki niyə ədəbiyyat?
- Ruhu təmiz insanlar həmişə sığınmağa bir təmiz məkan, ya da bir doğru mühit axtarırlar.
- Görəndə ki, elə dürüst çevrəsi yoxdur,
o zaman çəkilirlər tənhalığa.
- Əslində, tənhalıq həyata və insanlara qarşı ən üsyankar etiraz formasıdır.
- Əlbəttə, anlayana ...
- Ədəbiyyat təmiz ruhlu insanların ən gözəl məkanıdır, çirkablardan uzaq olmaq cəhdidir, özünü İNSAN kimi qorumaq istəyidir...
- Çirkli ətrafdan bezib üz tutacağımız tək mənəvi sahəmiz ədəbiyyatdır,
və ya mədəniyyətin digər sahələridir...
Məşhur Livan yazıçısı Xəlil Cübran yazırdı:
"Böyük yazar bizim sükutumuzu ifadə edə bilən yazardır".
Səssizliyin özü ədəbiyyatın həm pıçıltısı, həm də hayqırışıdır.
Anlayan üçün pıçıltıdır, anlaya bilməyənlər üçün bağırtıdır...
Və bizim uşaqlıq tarixin ən kəskin dövrlərindən birinə düşmüşdü:
- Sovetlərin çöküşü, müstəqillik dövrünün başlanması...
- Qaçqınlığın və yoxsulluğun ən ağır günlərini yaşamağımız...
- Bir kisə unun qiymətinin 15 "şirvan"a olduğu və bir qoyun satıb bir kisə un aldığımız illər idi o illər...
- Bayramdan bayrama ət yediyimiz illər idi o illər...
- Ancaq gözlərimizin güldüyü,
gələcəyə minbir həvəslə baxdığımız illər idi o illər...
Elə qarışıq və çətin günlərdə tək təsəllimiz dərslərimizi yaxşı oxumaq, böyüyəndə oxuyub "adam" olmaq ümidi idi. Yarı kiril, yarı latın qrafikalı, üzü qopmuş dərs kitabları, odun sobası ilə isinən kənd məktəbi, ancaq müəllimlərimizi göydən enən bir mələk olduğunu sandığımız illər idi o illər... Axşamlar odun sobası üzərində "duzlu dilim" dediyimiz bişmiş kartof dilimlərini yeyə-yeyə anamızın danışdığı nağılları dinləmək, bəlkə də, o illərin ən şirin anları idi.
Anamızın: "Dur bala, uzan yerinə"- deməsi ayıldardı bəzən yuxudan. Çox vaxt da, yerimizə uzanıb yarımçıq qalmış əsəri oxuyardıq alaqaranlıq otaqda. Bizi ədəbiyyata itələyən əsas maraq dünyanı və insanları tanımaq, ətrafdakı qayğılardan uzaqlaşmaq istəyidir bəlkə də...
Mütaliə alışqanlıq yaradır zamanla,
- Bir də baxıb görürsən ki, bir günə 300 səhifəlik kitabı oxuyub bitirirsən.
- Oxumadığın günlərdə isə, sanki çox dəyərli bir əşyanı itirmiş kimi olursan...
Yadıma gəlir ki, "Kapitan Qrantın uşaqları" kitabının təsirində 2-3 ay çıxa bilməmişdim uşaq vaxtı.
"Səfillər" bizim həyatımızın bir parçasını anladırdı sanki, o qədər doğma gəlirdi ki, bizə...
Əsərlərdə özümüzü axtara-axtara rayon kitabxanasında nə qədər kitab varsa, hamısını bitirdiyim gün elə bil dünənki gün idi. Kitabxanaçı Rəbiyə xala deyəndə ki,
artıq oxumadığın kitab qalmayıb bizdə,
onda da növbə çatdı müəllimlərimizin evlərindəki kitablara... Və bir də o zaman ayıldım ki, əsərləri oxuya-oxuya xeyli "kvadrat" şeirlər də yazmağa başlamışam...
Yazmaqdan daha çox, sanki özüm-özümlə danışırdım şeir dilində...
Bəlkə də, insanın ən səmimi həmsöhbəti elə onun özüdür.
Çünki daha içdən, daha güvənli və daha dürüst dərdləşməkdir belə ünsiyyət.
Psixoloqlar bunun bir səbəbi kimi uşaqlıq travmalarını qeyd edirlər.
Digər tərəfdən də, zəki olmağın bir əlaməti sayırlar...
Mənim də özümlə hər mövzuda söhbətim olub və düşünürəm ki, insanın özünə kənardan baxması və öz yanlışlarını görməsi baxımından bu çox gözəl bir addımdır.
Daha doğrusu, bu bir daxili tələbatdır, ruhun bədənlə ünsiyyətidir...
Zamanla özümüzün ədəbiyyatın içində olmağımdan daha çox, ədəbiyyatın bizim içimizdə olduğuna inanmağa başladıq.
Mənə elə gəlir ki, ədəbiyyat təmiz ruhlu, həssas ürəkli insanların dayaq nöqtəsidir,
kamilliyə gedən yolda yol göstərən mayakdır...
Və son olaraq gələk ümumiləşmiş nəticəyə...
Əgər kimsə mənə indi durub desə ki, - "Niyə ədəbiyyat?" Ona heç düşünmədən verəcəyim qısa cavabım da belə olar:
- " Ədəbiyyatın bu cəmiyyətdə tək təmiz bildiyim və özümü azad saydığım ruhsal bir məkan olduğu üçün"...
Folkner deyirdi ki, milləti ədəbiyyat yaradır.
Düşünürəm ki, insanlarımız nə qədər çox ədəbi əsərlər oxusalar, elmi bəlgəsəllər izləsələr, fəlsəfi və psixoloji filmlərə baxsalar, o qədər də, daha yetkin və daha mükəmməl insan ola bilərlər...
Gələcəyimiz naminə, mənəviyyatımızın inkişafı naminə, İNSAN kimi qalmaq naminə ədəbiyyatımıza sadiq olaq həmişə...
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)
“Cinin oğurluğu” - Qafar Cəfərlinin novellası
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist, AYB-nin Cənub bölgəsinin sədri Qafar Cəfərlinin “Cinin oğurluğu” adlı novellasını təqdim edir. Novellanı müəllif yenicə yazdıb, olmuş hadisəni yaddaşını qurdalayaraq qələmə alıb. Və əmindir ki, oxusanız, əhvalınız xoş olarcaq.
CİNİN OĞURLUĞU (Novella)
Şair dostum Məmməd Həbiboğluna ithaf edirəm.
Bu hadisənin üstündən yarım əsrdən artıq bir vaxt keçir. İştirakçıları real həyat adamlarıdır və hadisəni də mənə onlardan biri danışıb. Bir az səbrli və təmkinli olub aşağıda yazılanları oxusanız maraqlı bir əhvalatdan xəbər tutarsız. Elə isə başladıq.
...Uşaqların hay-küyü, qışqır-bağırı Tarə məhəlləni başına götürmüşdü. Ağız deyəni qulaq eşitmirdi. Müzakirə mövzusu isə bu günkü oyunda kimin gözünü yumacağı ilə bağlı idi. Yaşda hamıdan böyük,
məktəbin 2-ci sinfində oxuyan Rəyasət müzakirəyə son qoymaq üçün irəli çıxdı. Uşaqlar dairəvi düzüləndən sonra onun aramla dediyi: “Əkdim noxud, cıxdı şüyüd, yarpağıdır şa-ba-lıd” cümləsindəki son heca Sədaqətə düşdüyündən ğözünü yummaq da onun qisməti oldu. Sədaqət dillənmədən ayağındakı çəkələkləri sürüyə-sürüyə iti addımlarla “mətə” kimi müəyyən olunan heyva ağacına tərəf yeriməyə başladı. Onun “mən getdim” deməsi uşaqlara sanki işarə oldu və onların hərəsi bir səmtə götürüldü. Bir neçə saniyə ərzində həyətdə səs-səmir kəsildi. Heç elə bil bayaqdan qaynayıb-daşan, baş çatladan səslər bu həyətdən gəlmirdi. Bu arada yalnız ayaq səsləri, kimlərinsə pıçıltıyla dediyi: “sən ora qaç,... mən ora gedirəm,... tez qaç gizlən...” kimi ifadələr eşidilirdi və bir azdan bu səslər də kəsildi. Bircə qolu ilə gözlərini örtüb başını heyva ağacına dayayan Sədaqətin nazik, amma şirin səsi eşidilirdi: ”-... yeddiiiii,... səkkiiiiiz,... doqquuuuuz,... açıram ha,... ooooon.”...
Bu, Tarə məhəllənin Novruz bayramından sonra yayın sonuna kimi adət etdiyi gündəlik mənzərə idi. Məhəllə kəndin mərkəzinə yaxın ərazidə yerləşirdi. Bir çox məhəllələrdə olduğu kimi burda da yaxın qohumlar bir-birindən çox da uzaq olmayan yerdə həyət götürüb ev tikmişdilər və hər yerdə olduğu kimi burda da həyətlər çəpərsiz idi. Qonşular can deyib, can eşidir, xeyir-şərləri bir yerdə qarşılayıb bir yerdə də yola verirdilər. Qohumlar arasındakı sevgi, səmimiyyət uşaqlara sirayət etdiyindən onlar da mehriban dolanırdılar. Bu səbəbdən idi ki, məktəb yaşına hələ 2-3 il qalan və məktəbin 1-2-ci siniflərində oxuyan uşaqlar hər gün günorta yeməyindən sonra oynamaq üçün evlərin arasındakı meydana yığışır, deyib-gülür, zarafatlaşırdılar. Öz aralarında bir-birinə ad da qoşmuşdular. Dostlar Sədaqəti Sıkənə, Məmmədi Məd, İbrahimi İbibilə, Ədaləti Ədibilə, Rəyasəti Ləku, Xanları Xani - deyə çağırırdılar. Bu addan heç kim incimir, əksinə daha da xoşhallanırdılar.
Bu gün də həmin günlərdən biri idi və uşaqlar gizlənpaç oynayırdılar. Onlar çox vaxt yaxın tikililərdə, iri gövdəli ağacların arxasında, bəzən isə axtarıb tapanı çaşdırmaq üçün qonşu həyətlərdə gizlənirdilər.
Sədaqət gözlərini açıb meydanı gəzəndə ətrafda heç kim yox idi. Oyunun əsas şərti Sədaqətdən qabaq “mətə”- heyva ağacına əl vurmaq idi. Odur ki, Sədaqət də ağacdan çox da uzaqlaşmamağa çalışır, bir ayağını necə deyərlər qaçaraq qoyurdu. Uşaqlar yaxşı bilirdilər ki, Sədaqəti udmaq asan məsələ deyildi. Bu çəlimsiz oğlanın sürətli qaçışı oyunun taleyini həll edirdi.
Yaz ayı olsa da bu gün havada nədənsə bir sərinlik hiss olunurdu. Bir az əvvəl göydə peyda olan qara buludlar da yağışa işarə edirdi. Hətta bir neçə dəqiqə davam edən güclü qəfil külək belə uşaqların oyununa mane ola bilmirdi.
Sədaqət heyva ağacından bir neçə metr aralanıb həyacanla ətrafa göz gəzdirməyə başladı. Əvvəlki oyunlardan kimin harda gizlənə biləcəyini təxmin etdiyindən 15-20 dəqiqəyə bütün oyunçular “ifşa” edildi. Təkcə yaşda hamıdan kişik Məmməddən xəbər yox idi. Uşaqlar bir neçə dəfə “Məd, Məd”- çağırsalar da hay verən olmadı. Bir yerə yığışanda Məmmədin yaxın qonşusu Ədalət dilləndi:
-Mən Mədin evlərinə girdiyini gördüm.
Ədalətin həmin evə tərəf qaçdığını görən İbrahim və Rəyasət də ona qoşuldular. Uşaqlar Məmmədin valideynləri ilə yaşadığı çiy kərpicdən olan, alçaq tavanlı evin taxta qapısını açıb içəri keçdilər. Bir otaqlı ev əl içi kimi aydın görünürdü. Hər yerə, hətta taxçalara, rəflərə baxdılar, şkafın arxasını, dəmir setkalı çarpayının altını belə yoxladılar. Evdən çıxanda Ədalət qışqırdı:
-Tapmadıq, yoxdur evdə.
Gicəlib qalan, nə edəcəklərini bilməyən uşaqların karına yenə Rəyasət gəldi. Onun məsləhəti ilə uşaqlar “Məd, Məd” -deyə çağıraraq yaxınlıqdakı evlərin ətrafını gəzməyə başladılar. Bir neçə dəqiqədən sonra naümid halda geri qayıdan uşaqlar heyva ağacının ətrafına toplaşdılar. Sözə Rəyasət başladı:
-Ədibilə, sən Mədin evə girdiyini gözünlə gördün?
Ədalət tələsik cavab verdi:
-Bəli, biz bir yerdə qaçdıq. Məd öz evinə girdi.
Xanlar da söhbətə qoşuldu:
-Mən də gördüm.
-Yaxşı, bəs necə oldu? Hara getdi ki, heç kim onu görmədi? Göyə uçdu?- Bu sözləri bir az əsəbi halda Rəyasət dedi.
Sədaqətin həyacanlı səsi eşidildi.
-Siz qaçıb gizlənəndən sonra qəfil elə külək oldu ki... Bəlkə Mədi cinlər gəlib aparıblar.
Uşaqlar təəccüblə bir-birinə baxdılar. Sədaqət dilləndi:
-Nənəm deyirdi ki, cinlər belə havada gəlib uşaqları aparırlar. Mədi də yəqin cinlər aparıb.
Artıq bir saata yaxın idi ki, müzakirə davam edirdi. Sonda hər kəs Məmmədi cinlərin apardığı ilə razılaşdı. Uşaqların bu narahatçılığı yoldan təsadüfən keçən Xeyrulla kişinin diqqətini çəkdi. O, uşaqlara yaxınlaşıb nə baş verdiyini soruşanda nəvəsi Rəyasət tələm-tələsik həyacan dolu səslə cavab verdi:
-Baba, Mədi cinlər aparıb.
Məmmədin babası Məmmədlə həm tay-tuş, həm də əmioğlu olan Xeyrulla kişi bir anlıq duruxdu. Nədən söhbət getdiyini alışdıra bilmədiyi simasından bəlli idi. Xeyrulla kişi astadan, həlim səslə dilləndi:
-Ay bala, bir sakitləş. Aydın danış görüm nə deyirsən?
-Baba, biz bir yerdə gizlənpaç oynayırdıq. Mədin evə girdiyini uşaqlar görüblər. Amma evi də axtardıq, həyəti də axtardıq, Məd yoxdur.
Xeyrulla kişi ətrafında olan uşaqlara, sonra isə həyətə, evlərə diqqət kəsilsə də bir şey anlamadı. Bu zaman yoldan keçən poçt müdiri Şirəli uşaqlara yaxınlaşdı. Eyni vaxtda axsaq Cəbi və arvadı Rəviyyə də yolda göründülər. Cəbinin çiynində qoşalülə ov tüfəngi var idi. Kənddə əkin sahəsində gözətçi işləyən, həm də ov xəstəsi olan Cəbinin daima tüfənglə gəzməsinə insanlar adətkar idilər. Cəbi günün bu vaxtında həmişə sahəni gözdən keçirmək üçün gedirdi. Arvadı Rəviyyə də sahədən ot gətirmək üçün ona qoşulmuşdu. Şirəli və Cəbi Xeyrulla kişi ilə salamlaşıb görüşdülər. Rəviyyə də salamını verib kənarda durdu. Baş verənlərdən xəbər tutanda hər birinin üzünü təəccüb bürüdü. Yaşda hamıdan böyük olan Xeyrulla kişinin aramla, amma astadan dediyi sözlər hər kəsin ürəyinə bir qorxu və həyacan toxumu səpdi:
-Müqəddəs Quran da cinlərin bu dünyada olduğunu təsdiq edib.
Şirəli narahatçılığını gizlətmədi:
-Bayaqkı havanı gördüz də. Yazda o cür hava görməmişdim.
Axsaq Cəbi :
-Hə, havaya mən də məəttəl qaldım,- deyib susdu. Saniyə keçmiş davam etdi:
-Uşağın ata-anasının hadisədən xəbəri var?
Xeyrulla kişi astadan dilləndi:
-Yox, bilmirlər.
Şirəlinin qəfil təklifi hamı üçün gözlənilməz oldu:
-Ay Cəbi, bəlkə göyə bir-iki güllə atasan. Cinləri qorxutmaq lazımdır, bəlkə hürküb uşağı buraxarlar.
Hamı gözünü axsaq Cəbiyə zillədi. Təklif deyəsən hər kəsin, elə axsaq Cəbinin də ürəyincə oldu. O dərhal qoşalüləni çiynindən əlinə alıb göyə duplet atəş açdı. Səsdən qulaqlarını tutan uşaqlar həyacanla, bir az da maraqla göyə baxırdılar. Bütün nəzərlər göydə idi. Saniyələr bir-birini əvəz edirdi və birdən...
Taxta qapı aralandı. Məmməd evdən çıxıb gözlərini ovuşdura-ovuşdura üç pilləli pilləkəndən həyətə düşdü. Hamı təəccüb dolu baxışlarla, bir az da qorxmuş halda, sanki cin-şeytan görürmüş kimi gözlərini Məmmədə zilləmişdilər. Yaxınlaşan Məmmədin yarıyuxulu səsi eşidildi:
-Qapının arxasındakı taxçada yuxu tutub yatmışam. Güllə səsinə oyandım.
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)
Şair İqbal Nəhmətin yaradıcılığında mövzu rəngarəngliyi - ƏDƏBİ TƏNQİD
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Sabir Rüstəmxanlıya qədər, Yardımlıdan şair kimi ölkə miqyasında tanınan heç kim olmayıb. Doğrudur, Sahib Əliyev, Hafiz Rüstəm, Məşallah Məftun, Zöhrab Zövünlü, Gülnarə Cəmaləddin, Xatirə Fərəcli, Tapdıq Əlibəyli, Sakit İlkin və Rafail Həbiboğlu qismən də olsa ölkədə tanınırlar, amma Sabir Rüstəmxanlı qədər məşhur deyillər. Sevindirici haldır ki, bu gün Yardımlıda yeni nəsil şairlər yetişir. Biz onların poeziya nümunələrini sosial şəbəkələr vasitəsi ilə izləyə bilirik. Bu gün onlardan biri- İqbal Nəhmətin yaradıcılığı barəsində sizə söhbət açmaq istəyirəm. Təbi rəvan, rəngarəngdir. Mövzu qıtlığı, fikir kasadlığı, poetik axsama, texniki səriştəsizlik yaradıcılığından çox uzaqdır. Gəlin, sıradan bir şeirinə nəzər yetirək. Bu şeir “İnciyərəm” adlanır.
Bu bahar da gəlməsən,
Güllərdən inciyərəm!
Bircə xoş söz deməsən,
Dillərdən inciyərəm!
Qorxma uzat əlini,
Dayaz edək dərini,
Bilməsə dost qədrini,
Ellərdən inciyərəm!
Qaş olub çatılmasa,
Ruhuma qatılmasa,
Göz üstə atılmasa,
Tellərdən inciyərəm!
Çırmandım dizə qədər,
Düz getdim düzə qədər,
Çatmasam yüzə qədər,
İllərdən inciyərəm!
Məncə, bu poetik nümunənin xüsusi təhlilə ehtiyacı yoxdur. Rəvan, rəngləri yerində olan, aşıq ədəbiyyatından bir janr- Gəraylı! Sərbəst vəzndə yazdığı bu nümunə isə onun bəşərə baxışının fəlsəfi təsnifatıdır:
Sən, yağışdan sonra çıxan
göy qurşağısan,
Rənglərin elə gözəl, elə özəl ki...
Sən, göylərin ən gözəl,
ən təmiz uşağısan.
Yaşılın baharın rəngi,
göyün göy rəngi.
Bir də sarı var, qırmızı var.
Sarı bütün rənglərin ən gözəlidir
mənim üçün.
Qırmızı qan rəngidir,
ölümün, zülümün, bir də azadlığın rəngi.
Çox iti gedirsən, elə bil zamanın atındasan.
Atlar da yorulur, elə insanlar da.
Amma unutma,
bir tək zaman yorulmur.
Qoxunu uzaqdan duyuram, insan!
Sən, yağışdan sonra
torpağın hər qatındasan!..
Digər nümunədə şair doğulub boya-başa çatdığı elin dialektini nəzmə gətirib. Şirin Yardımlı şivəsində giley-güzarını təəssüflə dilə gətirir.
Gedeysən dərdüy deməyə,
Qoymeylər qağa, qoymeylər.
Başlar qərışıb yeməyə,
Doymeylər qağa, doymeylər.
Gedəndə biyaz dərinə,
Arvad bağırey ərinə.
Adami, adam yerinə,
Saymeylər qağa, saymeylər.
Kim döyulsən, sən bi şeysən,
Bi düşün görəy, yaşeysən?
Toy edib borcə düşeysən,
Gəlmeylər qağa, gəlmeylər.
Göl içində qur-qura bax,
Qulu çapan quldura bax,
Otuz illik məmura bax,
Ölmeylər qağa, ölmeylər.
Min gül əkdüy, birin dərdüy,
Söz istəyənə söz verdüy,
İqbal, nöşün sənun qədrüy,
Bilmeylər qağa, bilmeylər.
“Sənin xətrinə” adlı daha bir şeirində şair təbiət lövhələri ilə sevgilisinə səmimi etiraf edir.
Daradım yolların tikan saçını,
Göynədi əllərim sənin xətrinə.
De, çoxmu gözlədim yolunu sənin?
Yubandı illərim sənin xətrinə.
Sən yoxsan, dərəni, iyləyəni yox,
Hərdən su verəni, belləyəni yox,
Ətrinə bir misra söyləyəni yox,
Saraldı güllərim sənin xətrinə.
Dağım dağa döndü, bitdi dağımda,
Solumda tapdığım, itdi sağımda,
Qocala bilmədim, cavan çağımda,
Ağardı tellərim sənin xətrinə.
“Siz deyin, sizə neynim?” şeirində isə, şair onu əhatə edən mühitə nəzmin dili ilə ismarınc göndərir:
Görə - görə qapandı,
Kor olan gözə neynim?
Yüz ağızda çeynəndi,
Çürüyən sözə neynim?
Közük, alovuq, oduq,
Hələ özgəyik, yadıq.
Bir yerə yığılmadıq,
Dağılan bizə neynim?
Verən, alan içində,
Zəhər ilan içində,
Batıb yalan içində,
Boğulan düzə neynim?
Nə qədər mərd olacaq
O qədər dərd olacaq.
Nə qədər pərt olacaq –
Qızaran üzə neynim?
Əlim üzümdə dustaq,
Dilim sözümdə dustaq.
Özüm - özümdə dustaq,
Siz deyin, sizə neynim?
“Mən nə boyda ölüm ki?” şeirində şair sanki dünyanın dərd – sərini öz üzərinə götürmək, insanları xoşbəxt görmək arzusunu poetik dildə ifadə edir:
Ört bütün qapıları,
Yetər ki, baca qalsın.
Mən nə boyda ölum ki,
Ölüm balaca qalsın?
Mən nə boyda gülüm ki,
Eşitməsin ağlayan.
Bəlkə də, o, olacaq
Gözümü son bağlayan.
Mən nə boyda bölum ki,
Bir tikəni yüz yerə...
Ac qalmasın bir kimsə,
Payın götürsün hərə.
Açılmadı önüm ki,
Köçən köçümdə qalsın.
Mən nə boyda olum ki,
Dünya içimdə qalsın?
Müasir insan uzun-uzadı söhbətləri xoşlamır, dinləməyə səbiri çatmır. Odur ki, çox danışıb sizi yormaq istəmirəm. Bir sözlə, İqbalın rəngarəng şeirləri qulaqlara sığal çəkməyi bacarır. Əslində, qələm adamı daxilən nə qədər səmimidirsə, bu keyfiyyət yaradıcılığında da öz əksini tapır. Xoşbəxt o yazarlardır ki, şəxsiyyəti ilə yaradıcılıqları üst-üstə düşür və bu vəhdət onları insanların gözündə ucaltıqca ucaldır. Yaradıclığın bir düşməni var: “Hamıdan gözəl mənəm, mən” – iddiası. Necə ki, dünyanın bütün qadınları özlərini yer kürəsinin ən gözəl xanımı hesab edir, yaradıcı adamlar da bu sevdaya düşəndə yanılırlar. İçindəki “MƏN”ə qalib gəlməyən şairin xarüqələr yaratmaq şansı çox azdır...
Bəli, İqbal Nəhmət bu gün cənub bölgəsinin yaxşı şairlərindən biri kimi tanınır. İnanmaq istəyirəm ki, zaman keçdikcə, illər ötdükcə İqbal Nəhmət püxtələşəcək və XXI əsrin ən yaxşı imzalarından biri kimi ədəbiyyat tarixində yer alacaq...
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)
“PERSONA”- Nuri Bilgə Ceylanın sevdiyi 10 filmdən 9-cusu
“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir.
Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.
1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.
Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.
Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.
Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.
9. "Persona" (1966), İnqmar Berqman
Dövrün ən məşhur teatr aktrisası, gözəllər gözəli Elizabet Voqler tamaşa zamanı qəfildən susur. Heyrətlənmiş insanlar nə baş verdiyini anlamaq üçün əllərindən gələni etsələr də, Voqler susmağa davam edir. Son çarə olaraq klinikaya yerləşdirilən aktrisa orada da susmağa davam edir. Bədənində tibbi baxımdan heç bir problem olmayan qadın həkim məsləhəti ilə gözdən uzaq bir bağ evinə göndərilir. Onunla birlikdə ora göndərilən adam, gənc tibb bacısı Almadır. Bağ evində də Voqler heç bir şey danışmır. Voqler susduqca Alma danışır. Alma saatlarla, günlərlə öz hekayəsini danışır. Sonda baş verən şey isə psixologiya elminin ən maraqlı hadisələrindən birini təşkil edir.
Böyük ustad, İnqmar Berqmanın ən önəmli əsəri sayılan "Persona" ondan sonra gələcək bir çox rejissora daim bələdçi olub.
Şəkildə: Filmdən kadr
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)