Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə  Mustafa Şeyxpurun şeirlərindən ən yaxşı nümunələri təqdim edir.

 

Şəhər qaranlıq, axşam saat doqquz

Polis tək başına

Bir dilənçi bu tərəfdə

Bir fahişə o tərəfdə

Bir də mən, bu hotelin üçüncü qatının pəncərəsində

Şəhəri boğuram, siqaretimin tüstüsünə boğuluram

Bu okean havası təhlükəlidir deyirəm Mustafa.

 

Şəhər qaranlıq, gecə 10

Bir dilənçi bu tərəfdə

Bir fahişə o tərəfdə

Bir də mən üçüncü qatında bu hotelin

Qapımı döydü polis

"Röyalarını oğurlayıram, xəbərin olsun" - dedi.

 

Şəhər qaranlıq, gecə 11

Bir fahişə o tərəfdə

Asfaltın üstünə düşmüş bir dilənçi

Qırmızı çırağın dalısında ambulans

Uuuuuu deyə çatır

Fahişəni götürür.

 

Şəhər qaranlıq, gecə 12

Hər gecə saat on ikidə

Bir qadın

Abort edir röyalarını

Ölü doğulur günəş

Hər gecə asfaltda.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Tuesday, 05 March 2024 14:30

Bir sual bir cavab - Habil Yaşar ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Franklin söyləyib ki: " Ağıllı kimdir?

- Başqalarından öyrənə bilən.

- Güclü kimdir?

- Öz istəklərini idarə edən.

- Varlı kimdir?

-Malik olduqları ilə kifayətlənən.

- Bütün bu xüsusiyyətləri özündə cəmləşdirən kimdir?

-Heç kim."

Bəs Habil bəy bu fikrə nə deyər?  Bu üç xarakteri daşıyan insan yoxdur?

 

CAVAB:

Tarixdə xeyli sayda görkəmli şəxsiyyətlər olub və olacaq. Amma bütün bunlara baxmayaraq bəşəriyyət hələ də bir xilaskar axtarışındadır. Bir Çin atalar sözünü xatırlatmaq yerinə düşər, Ülviyyə xanım: “Dünyada iki qüsursuz insan var: Biri ölüb, biri doğulmayıb”.

 

Ədəbiyyat və incəsənət”

(05.03.2024)

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Məhməd Akif Ərsoy fikirlərinə yer ayırıb. 

Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

İmansız olan paslı ürək sinədə yükdür...

 

*** 

…Dədən nə türlü yaşarmış... Adamsan, öylə yaşa.

 

*** 

Göstər, Allahım, bu millət qurtulur, tək möcüzə:

Bir “utanmaq hissi” ver qaib xəzinəndən bizə!

 

*** 

Bir xilas imkanı var: əxlaqımız yüksəlməli!.. 

 

*** 

Ədalət istəyən bir qövmü vurmaq qalibiyyətmi?

 

*** 

Məqsəd nə imiş, bilməli dünyaya gəlişdən, 

Dünyaya gələn, sanma ki, bir xoş səfər eylər...

 

*** 

Bəşəriyyət yeni bir din tanıyıb ilhadı,

Bəşərin hafizəsindən silinir Haqqın adı.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə MİLLİ ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Vaqif İsaqoğlunun hekayəsini təqdim edirik. 

 

Səhər açılar-açılmaz kəndə xəbər yayıldı ki, bəs deməzsənmi, Güllü arvad dəli olub. Güllü arvadın dəli olması xəbərini günortaya yaxın hamı eşitdi və onun doğrudan da dəli olub-olmamasını öz gözlərilə görmək istəyənlər qəbiristanlığa üz tutdular.

Son yeddi ildə bir dəfə də olsun qəbiristanlığa ayaq basmayan Yekəbaş Məhər də adamlara qoşulub bu xəbərin doğru olub-olmadığını bilmək istədi, amma o, qəbiristanlığa 50-60 metr qalmış istər-istəməz ayaq saxladı, maraq ona nə qədər güc gəlsə də yerindən tərpənmədi, boynunu yazıq-yazıq büküb bu işin axırını gözləməyə başladı. Yekəbaş Məhərin yerindən tərpənmədiyini görəndə Yetim Bayram onun qoluna girdi və pıçıltıyla dedi: - Gedək görək bu nə məsələdi! - Qorxuram. - Səsində bir titrəyiş vardı. - Nədən? - Yetim Bayram fürsəti əldən vermək istəmədi. - Qəbiristanlıqdan. - Yekəbaş Məhərin rəngi ağarmışdı. Yetim Bayramın əlinə girəvə düşmüşdü. Yaşı qırxı haqlamış bu dörd uşaq atasının qəbiristanlıqdan niyə qorxduğunu bilmək istəyirdi. Çünki hərənin ağzından bir söz çıxırdı. Kimi deyirdi ki, Yekəbaş Məhər qəbiristanlığa gələn kimi dədəsi qəbirdən xortlayıb duracaq və onun boğazından yapışıb yurd yerini satdığına görə yanına çəkib aparacaq, oradan da birbaşa cəhənnəmə göndərəcək. Kimi də deyirdi ki, Rusetdən meyidi gələn Həsənin arvadına göz dikdiyinə görə qəbiristanlığa ayaq basa bilmir, qorxur ki, Həsən goreşən kimi oyuqların birindən çıxıb onu da dalınca sürütləyəcək. Hərə bir söz deyirdi və bu deyilənlərə Yetim Bayram inanmırdı. İnanmadığına görə də Yekəbaş Məhərin yaxasından yapışıb buraxmaq istəmirdi.

Yetim Bayram nə illah elədisə də ondan bir söz qopara bilmədi, hirslə yerə tüpürüb qəbiristanlığın dəmir darvazasından içəri girdi. Qəbirstanlığın qurtaracağında xeyli adam vardı. Elə bil ki, kimisə qəbirə qoyurdular, hamı gözlərini aşağı dikib maraqla baxırdı.

Yetim Bayram adamların arasından özünə yol açıb yaxına gəldi. Güllü arvad oğlunun başdaşından boylanan əsgər şəklini öpə-öpə deyirdi: "Atan dünən sənin aylığını aldı. Gör bir sənə nə gətirmişəm". - O, bu sözləri deyib qoynundan qırmızı rəngli balaca bir uşaq maşını çıxartdı, sonra da həmin oyuncaq maşını oğlunun sinədaşının üstünə qoyub geri çəkdi. Oyuncaq maşın irəli şığıyıb başdaşına toxundu və dayandı. Yetim Bayramın gözləri yaşardı. "Yazıq arvad, gör bir nə hala düşüb". - Fikirləşdi və oradan uzaqlaşmaq istədi, amma Yekəbaş Məhər kimi onun da ayaqları yerindən tərpənmədi.

Güllü arvad balaca, qırmızı rəngli uşaq oyuncağını yenidən əvvəlki yerinə qaytarıb zarıdı: "Ay oğul, durub bu maşını niyə sürmürsən?" - deyərək bir göz qırpımındaca yıxılıb huşunu itirdi. Ətyeməzlər Sonası özünü irəli verib onu uzandığı yerdən qaldırmaq istəyəndə Göygöz Səlim: "- Onu tərpətmək olmaz, - dedi. - Yəqin ki, infarkt keçirib. Həkim gələnə kimi onu yerindən tərpətmək olmaz". - İnamla bildirdi və özündənrazı halda adamlara baxdı. Və birdən nə düşündüsə də onların üstünə təpindi: - Bir az geri çəkilin. Qoyun hava gəlsin!

Hidayət müəllim onun sözünə qüvvət verdi: - Kişi düz deyir də. Yaxşısı budur ki, hamı dağılışıb getsin. Elə bil ki, burada sirk göstərirlər. - Hidayət müəllimin dediyinə heç kim məhəl qoymadı, hamı gözlərini Güllü arvada dikib onun nə vaxt özünə gələcəyini gözləyirdi. Dəqiqələr ötürdü, amma deyəsən Güllü arvad özünə gəlmək hayında deyildi. İndi qiyamət qopsa da onu yatdığı yerdən heç kim ayılda bilməzdi, çünki oğlu Sənan yuxusuna girmişdi. Yuxuda onun əlindən tutub dədəsi evinə gedirdi, çünki dədəsinin pensiyası gəlmişdi və hər dəfə dədəsi pensiyasını alanda qızına da "görüm-baxım" eləyirdi. Bu dəfə də o, dədəsinin verdiyi pulu götürüb "Səməd market"ə girdi. Elə bu zaman Sənanın gözü marketdə satılan qırmızı rəngli uşaq oyuncağına sataşdı:

- Ana, o maşını mənə al!

Güllü arvad onun qolundan çəkib dedi:

- Pulumuz yoxdu!

- Axı babam sənə pul verdi.

- Qənd-çay, bir də makaron alacam.

- Mən qənd-çay istəmirəm, heç makaron da istəmirəm. Mən o qırmızı maşını istəyirəm. - Ağlamağa başladı.

- Anası dözmədi, onun üstünə təpindi:

- Ağlama. Dedim ki, pulumuz yoxdu. Olanda alacam.

- Bəs pulumuz nə vaxt olacaq? - Ağlamağına ara verib soruşdu.

- Bilmirəm. - Güllü satıcıya yaxınlaşdı.

Sənan kirimək bilmirdi. Həmin o qırmızı rəngli maşın gözlərinin qabağından çəkilib getmirdi. Ona görə də bütün yolboyu ağladı və evə gələn kimi anası onun yamaqlı şalvarının arxasına bir sillə vurub dəmir çarpayıya uzatdı. Sənan ağlaya-ağlaya yuxuya getdi. O, yuxuda da ağlayırdı.

Qəzənfər doktor qəbiristanlığın girəcəyində görünəndə Güllü arvad gözlərini açdı və ətyeməzlər Sonasına baxıb: - Bəs oğlum hanı? - Soruşdu. - Gözümə dəymir. - Ətrafına boylandı. Bir andaca ağlaşma səsi qəbiristanlığı bürüdü.

Güllü arvad sakitcə ayağa durdu, qara donunun ətəyini hər iki əlilə toz-torpaqdan təmizləyib heç nə olmayıbmış kimi evlərinə yollandı. Adamlar hələ də dayandıqları yerdən tərpənməyib onun arxasınca baxırdı. Heç kim dillənmirdi. Nəhayət, Göygöz Səlimin dodaqları aralandı və oradan cəmi üç söz çıxdı: "Güllü dəli olmayıb!". - Hidayət müəllim şofer Rasimdən bir siqaret istəyib dedi: "Şükürlər olsun ki, infarkt keçirməyib". - Şofer Rasim siqareti ona sarı uzadaraq soruşdu: - Xalaoğlu, sən ki, həkim deyilsən. Bunu hardan bilirsən? - Gülümsündü. Hidayət müəllim ona cavab verməyib siqareti damağına qoydu, alışdırıb acı tüstünü ləzzətlə ciyərlərinə çəkib havaya buraxanda Göygöz Səlim cingiltili səslə bildirdi: - Sən özün infarkt olacaqsan, Hidayət müəllim! Bu zəhirmardan nə tapıbsan? Ürəyinə niyə bilə-bilə dağ çəkirsən? - Hidayət müəllim ona çəpəki bir nəzər salıb dedi: " - Mənim ürəyimə siqaret yox, başqa şey dağ çəkib, ay Səlim! Sən bunu qana bilməzsən!" - Siqaretə bir qullab da vurub adamların arasından birtəhər çıxdı və öz-özünə mızıldandı: "Mənə ağıl öyrədənə bir bax".

 

*

Bu hadisədən bir aya yaxın vaxt ötmüşdü. Düz bir ayın tamamında yenə kəndə xəbər yayıldı ki, Güllü arvad bu dəfə, doğrudan da, dəli olub. Hamı axışıb qəbiristanlığa gəldi. Bu dəfə Güllü arvad tək deyildi, əri Salman da yanında idi. Salman onun qolundan tutub qucaqladığı başdaşından aralamaq istəyirdi, amma bacarmırdı. O, soyuq mərmər daşı elə qucaqlamışdı ki, onu aralamaq o qədər də asan məsələ deyildi.

Adamlar yenə də Sənanın məzarını dövrəyə almışdılar. Sənan yenə də başdaşına həkk olunmuş əsgər paltarından onlara baxıb gülümsəyirdi.

Güllü arvad birdən-birə başdaşından qollarını aralayıb sinə daşının üstünə qoyduğu üçtəkərli uşaq velosipedini əllərilə tumarlaya-tumarlaya dedi: - Oğul, qadan alım, ayağa dur! Gör sənə nə alıb gətirmişəm! Durub velosipedini sürsən! - Dizi üstə yerə çökdü, sonra ağarmış saçlarını yola-yola: "Ay oğul, bu qədər də yatmaq olarmı? Axı sənə soyuq dəyər, sətəlcəm olarsan" - deyərək haray çəkdi, onun səsi dalğa-dalğa hər yana yayıldı. Arvadlar yenə də göz yaşlarını saxlaya bilmədilər. Salman fikirdən ikiqat olmuşdu. Ürəyi od tutub yanırdı. Ürəyi od tutub yansa da gözlərindən yaş çıxmırdı. Göz yaşları qurumuşdu. Qupquru gözləri susuzluqdan yanan çiçəyə oxşayırdı, soluxmuşdu. Soluxmuş gözlərində həyat işartısı yox idi. "Durub velosipedini niyə sürmürsən? Atan aylığını dünən aldı, mən də sənə velosiped alıb gətirdim". - Güllü arvad yenə də huşunu itirib yıxıldı. - Doktor Qəzənfərin dalınca adam göndərin - Göygöz Səlim əl-ayağa düşdü, amma Salman günahkar adamlar kimi dedi: - Lazım deyil, onsuz da hər gün evdə huşunu itirir və öz-özünə nəsə deyir, ancaq nə dediyini başa düşmürəm. - O, bu sözləri deyəndə Güllü arvad yuxuda görürdü ki, yenə də dədəsindən qənd-çay pulu alıb. Onlar Səmədin marketinə girəndə Sənanın gözləri üçtəkərli uşaq velosipedinə sataşdı. Anasının əlini buraxıb velosipedə sarı cumdu. Bu zaman Səməd onun üstünə qışqırdı: - Əlini vurma! - Sənan qorxusundan yerində dayanıb anasının üzünə baxdı. Anası köksünü ötürüb heç nə demədi. Səməd hırıldayıb bulanıq gözlərini Güllünün üzünə dikdi. Güllü qızarıb başını aşağı saldı, sonra da oğlunun əlindən tutub "Səməd market"dən güllə kimi çıxdı.

Güllü arvad qəfil huşunu itirdiyi kimi, qəfil də gözlərini açıb ətrafına boylandı. Gözləri Salmana sataşdı, birtəhər ayağa durub onun qolundan tutdu, sonra da titrək səslə dedi: - Sənana velosiped alıb gətirmişdim, ancaq o, hələ də yatır. Nə qədər çağırdım, səsimə səs vermədi. Duran kimi velosipedinə minib evimizə gələcək. Gedək, bir azdan gün günorta olacaq, o gələnə kimi gedim yeməyə bir şey hazırlayım! - Salmanı qəhər boğdu. Boğazına tıncıxmış qəhəri güclə udub üzünü yana çevirdi.

Qəfildən göy üzünü qara buludlar örtdü. Bayaqdan bəri göy üzündə parlayan günəş islanmaqdan qorxurmuş kimi buludların arxasında gizləndi. Az keçməmiş yağış yağmağa başladı. Göygöz Səlim onunla yanaşı addımlayan Yetim Bayrama baxıb dedi: - Bu yağış deyil, Güllü arvadın göz yaşlarıdı. - Yetim Bayram başı ilə onun sözünü təsdiqləyib yaşına uyğun olmayan bir cəldliklə ondan ayrılıb sağ tərəfə buruldu.

 

*

Yağış tez yağdığı kimi tez də kəsdi. Yetim Bayram dördyolayrıcına çatar-çatmaz "Market Səməd"lə rastlaşdı. "Market Səməd" ağ rəngli "Prado"sunu onun yanında saxlayıb soruşdu:

- Ayə, Güllü arvad doğrudanmı dəli olub, yoxsa o yazığa şəbədə qoşurlar? - Dişlərini ağartdı.

Yetim Bayram onun gözlərinin içinə baxıb hirslənən kimi oldu:

- Özün gedib görərdin də. Məndən niyə soruşursan?

- Mənim qəbiristanlıqda nə işim var. İşim-gücüm qurtarıb, bəyəm?

Yetim Bayram gözlərini onun gözlərindən çəkmədən soruşdu:

- Mənim nisyə dəftərində adım varmı? - Bu yersiz sualdan Səməd karıxan kimi oldu və tələsik cavab verdi:

- Yox.

- Bəs onda nə hətərən-pətərən danışırsan? Başına söz qəhətdi?

- Deyəsən, oğlun Rusetə gedib-gələndən sonra qınından çıxmısan? - "Market Səməd" onun üstünə bozardı. - Dünənə kimi boynunu büküb hamı kimi sən də nisyə mal alırdın. Bir dəfə də səni əliboş geri qaytarmadım. Bu da mənim yaxşılığımın əvəzidi, eləmi? O Salman dediyin də hər gün çörəyi nisyə alırdı. İndi iki aydır ki, cibi pul tanıyır. O da sənin kimi qınından çıxıb qınını bəyənmir. Gedib Elgünün mağazasından alver eləyir, özü də nəğd pulla.

- Salmanla işin olmasın. Onun adını dilinə gətirməyə belə haqqın yoxdur. - Yetim Bayram daha heç nə demədi, dördyolayrıcında dayanıb ora-bura boylanan Səfərə yaxınlaşdı.

- O gədə nə deyirdi? - Səfərin ağzında oturmayan alt protez dişi az qaldı ki, qurbağa kimi hoppanıb yerə düşsün.

- Heç, Güllü arvadı soruşurdu.

Səfər üzünə qəmgin bir ifadə verib dedi:

- Başım çatdıyır. Gör neyləyirsən.

Yetim Bayram Səfərə baxıb heç nə demədi, əlini cibinə salıb "olan-qalanım budu" deyərək üç dənə birmanatlıq çıxardıb ona sarı uzatdı. Səfər pulu göydə qamarlayıb özünü Elgünün mağazasına verdi. Yetim Bayram onun arxasınca baxıb: "- Heyf sənə, ay Səfər" - dedi. Sonra da təəssüf hissilə öz-özünə pıçıldadı: - Dünyanın ən saf, ən təmiz, ən halal adamı idi. Müstəntiq işləyirdi. Heç kimdən bir qəpik də rüşvət almadı. Düz işlədi. Axırda da yazığı şərləyib işdən qovdular. Hara yazdısa, xeyri olmadı. Sonra da içkiyə qurşandı.

- Ayə, dodaqaltı nə mızıldanırsan? - Balabançı Eyvaz ona yaxınlaşdı. "- Uzaqdan sənə göz qoyurdum. Dodaqların tərpənirdi. Öz-özünə nə deyirdin?" - Yetim Bayram ona cavab verməyə macal tapmamış Səfər mağazadan çıxdı. Əlində qəzetə bükülmüş araq vardı. Sevinirdi. O həm də çox xoşbəxt görünürdü. Qəzeti açıb bir tərəfə tulladı və Yetim Bayrama baxıb sevincək halda dedi: - Sən kişi adamsan! - Birdən-birə Yetim Bayrama elə gəldi ki, Səfər araq şüşəsinin içində oturub ona əl eləyir. Qorxuya düşdü. Gözünü araq şüşəsindən çəkmək istədi, amma bacarmadı. Səfər hələ də araq şüşəsinin içindən çıxmamışdı, gülə-gülə Bayrama əl eləyirdi. "Lənət şeytana!" - Yetim Bayram vahimələndi və güllə kimi yerindən götürüldü.

 

*

Göygöz Səlim demişkən Güllü arvad dəli olmamışdı, amma tez-tez huşunu itirirdi, huşunu itirən kimi də sayıqlamağa başlayırdı.

Onun huşunu itirib yıxılmağı 10-15 dəqiqə çəkirdi. O, hər dəfə huşunu itirib yıxılanda oğlu Sənanla danışırdı. Və hər dəfə də ondan incimiş halda soruşurdu: "Ay oğul, evə niyə gəlmirsən? Yoxsa bizdən küsübsən?" - Onun nə cavab verdiyini anası Güllü arvaddan başqa heç kim bilmirdi.

Salmana elə gəlirdi ki, arvadı Güllünün ağlı yavaş-yavaş başından çıxır. Ağlı başından çıxan kimi onu saxlamaq mümkün olmayacaq, qapı-qapı düşüb Sənanı axtaracaq, onu tapa bilməyib elə şivən qoparacaq ki, əks-sədası yaxınlıqdakı "Boz dağ"dan gələcək.

Güllü arvad hələ kəndin canına düşüb qapı-qapı gəzmirdi. Oturmuşdu evlərində, küçəyə də çıxmırdı. Saatlarla dəmir çarpayıda uzanıb oğlu Sənanın böyüdülüb divardan asılmış şəklinə baxırdı, hərdən də dodaqlarını aralayıb nəsə deyirdi.

Bir dəfə Salman ondan soruşdu:

- Öz-özünə nə danışırsan?

- Öz-özümə danışmıram. Oğlumla söhbət eləyirəm.

Salman barmağını dişlədi. Ürəyinə şübhələr doldu və bu şübhələr onu inandırdı ki, arvadı dəli olmağa başlayıb. Qorxa-qorxa soruşdu:

- Sənan sənə nə deyir?

- Deyir ki, ayaqlarım üşüyür. Aylığım gələndə mənə ayaqqabı alarsan. - Güllü arvad bu sözləri deyib hönkürdü, az sonra ağlar səslə bildirdi: - Həm də deyir ki, ayaqqabımın altı deşilib, həmin o deşilən yerdən ayağıma tikan batır. - Salman dözə bilmədi. Əlləri ilə başını döyəclədi və hönkürtü ilə ağlamağa başladı. Oğlunun tabutu qapıya gələndə o, belə hönkürməmişdi. Yıxılmamaq üçün hissdən qaralmış divara söykənib göz yaşlarını sel kimi axıtmağa başladı. Güllü arvada elə gəldi ki, bir az da keçsə Salman göz yaşları içində boğulacaq, ona görə də çarpayıdan düşüb onun qolundan tutdu:

- Bəs Sənana deyirdin ki, kişi ağlamaz! - Salman ağlamağına ara verib gözlərini oğlunun divardan asılmış şəklinə dikdi və yadına nə düşdüsə bütün bədəni titrədi. Onda Sənanın beş yaşı vardı. Güllü arvad bazarda yumurta satıb gözünün ağı-qarası olan bircə balasına boz rəngdə səndəl almışdı. Səndəlin altı o qədər nazik idi ki, gün işığında o biri tərəfi görünürdü. Sənan sevincindən bilmirdi ki, neyləsin. Səndəli ayağına geyinib küçəyə yüyürdü. Aradan bir həftə keçməmişdi ki, o, ağlaya-ağlaya evə gəlib dedi: - Ayağıma nəsə batıb, ağrıyır. - Salman onun ayaqqabısını çıxarıb sol ayağının altına baxdı. Balaca bir deşik vardı və bu deşikdən onun ayağına iynə yoğunluğunda bir tikan girmişdi. Bax onda Salman onun başını sığallayıb "Kişi ağlamaz" - demişdi.

Salman oğlunun tabutu taxta qapıdan həyətə girəndə ağlamamışdı, titrək əllərilə tabutu sığallayıb üz-gözünü cırmaqlayan Güllünü sakitləşdirmək istəsə də bacarmamışdı. İndi isə o, göz yaşlarına qərq olmuşdu. Salmanı ağladan həmin o deşilmiş səndəlin altından oğlunun ayağına batan qaratikan idi. Oğlunun ayağının altından çıxartdığı həmin o qaratikan o vaxtdan onun ürəyinə batıb çıxmaq bilmirdi. İndi bu qaratikan onun ürəyindən çıxmışdı. Onun ürəyindən çıxan bu qaratikanın yerinə isə sanki duz doldurmuşdular. Yox, bu, duz deyildi. Onun tikan çıxmış ürəyinin yerinə çəkiləsi mümkün olmayan oğul dağı çəkilmişdi.

- Sənanın aylığı nə vaxt gələcək? - Güllü arvad ona baxıb soruşdu.

- Sabah.

- Pulu alanda "Səməd market"dən ayaqqabı alarsan. Qara rəngdə, özü də 39 ölçüdə.

- Yaxşı. - Salman üzünü hissdən qaralmış divara söykəyib yenidən hönkürdü.

 

*

Güllü arvad taxta qapını yavaşca aralayıb qorxa-qorxa yola sarı boylandı. Dördyolayrıcında Göygöz Səlimlə Hidayət müəllim nə barədəsə mübahisə edirdilər. Taxta qapı cırıldayıb örtüləndə Salman oduna getməyə hazırlaşırdı. Palanı uzunqulağın belinə qoyub dünən axşamdan itilədiyi baltanı götürəndə Güllü arvad dördyolayrıcından sağa buruldu. Bu yol qəbiristanlığa gedirdi. Onun qoltuğunda bir cüt qara ayaqqabı vardı.

- Güllünün qoltuğundakı qara ayaqqabını gördünmü? - Göygöz Səlim dirsəyilə Hidayət müəllimi dümsüklədi.

- Kor deyiləm, gördüm!

- Görəsən, ayaqqabını qəbiristanlığa niyə aparır? Çox maraqlıdır.

- Maraqlıdırsa, get öyrən, gör nə məsələdir! - Hidayət müəllim onlara yaxınlaşan Nazimi görəndə sevindi. Elə bu sevinclə də dedi:

- Bir siqaret ver, görüm!

- Yoxumdu! - Nazimin qaş-qabağı yerlə gedirdi.

Hidayət müəllimin sevinci bir andaca buxarlanıb yox oldu.

Bir müddət heç kim səsini çıxarmadı. Göygöz Səlimin səbri tükəndi və dözə bilməyib dilləndi: "Mən qəbiristanlığa gedib ayaqqabı məsələsini öyrənmək istəyirəm".

Az sonra Hidayət müəllim də ona qoşuldu. Onlar dördyolayrıcından uzaqlaşan kimi Nazim təzəcə aldığı siqaret qutusunun ağzını açıb özündən razı halda gülümsədi.

...Güllü arvad yenə də Sənanın başdaşını qucaqlayıb ağlayırdı. O, birdən ağlamağını kəsib dedi: "Dur, ay oğul, dur, ayaqqabılarını geyin. Sabah kənddə toy var. Sinif yoldaşın Vasif qonşunun qızıyla evlənir. Səni də toya çağırıb. Toya gedəndə yaxana medallarını da düzərsən. - Güllü arvad bu sözləri deyib yenidən huşunu itirdi.

Göygöz Səlimlə Hidayət müəllim bir kənarda dayanıb gah huşunu itirmiş Güllü arvada, gah da Sənanın sinədaşının üstünə qoyulmuş bir cüt qara ayaqqabıya baxırdılar.

Dəqiqələr ötürdü. Dəqiqələr ötdükcə Göygöz Səlimin də səbri daralardı. "Yarımsaatdan çoxdur ki, huşunu itirib, bu vaxta kimi gözlərini açmalıydı". - Səsində bir titrəyiş vardı. O həm də həyəcanlanmışdı.

Bir az da gözlədilər. Ancaq Güllü arvad gözlərini açıb ayağa durmadı. O, bu dəfə huşunu itirməmişdi, oğlunun məzarı üstündə canını tapşırmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Heç zaman həyatda rastlaşmamışıq, nə mən onu görmüşəm, nə də o, məni. Əgər ifasını dinləməsəydim, bəlkə də nəsə yaza bilməzdim. Axı sənətkarlarımızı qorumaq, onlara dəyər vermək insanlıq borcumuzdur. Bu yazını onun ad gününə ithaf edirəm, özü də sıradan bir ad gününə yox, 40 yaşının  tamamına. 

 

Deyir ki,- “Atam çox kasıb bir kişi idi. Dünyasını dəyişəndən sonra, elə vaxtlarımız olub ki, qardaşımla soğanı duza batırıb çörəklə nahar etmişik. Atamdan bizə miras, var-dövlət qalmasa da, mənə sənət verib getdi və bu sənət məni sıxıntılardan qurtardı. Haradan biləydim ki, illər ötəcək və mən məşhurlaşacağam. Kim idim ki? Ehtiyac içində böyüyən, küçələrdə atılıb-düşən adi bir uşaq...”

 

Onun bu etirafına kövrəlməmək olmur, xeyli sıxıntılar yaşayıb, çətinliklərdən keçib. Və həyatın sınaqları onu əsl insan kimi yetişdirib. Təvazökar, mehriban adamdır. Səmimiyyət varlığına hakim kəsilib. Sadə həyat tərzini, adamlardan fərqlənməməyi xoşlayır. İnsanlara, övladlarına qarşı çox həssasdır...

 

 “Bilirəm ki, həyatdan nə vaxtsa gedəcəm. Mən olmayanda övladlarım əziyyət çəkməsinlər deyə, onların yaxşı yaşaması üçün hər şey etmişəm. Bu da mənə rahatlıq verir. Bu gün bacardığım qədər övladlarıma vaxt ayırıram. Onları çox sevirəm, bundan sonrakı həyatımı da onlar üçün yaşamağa hazıram. Uşaqların arxasında durmaq, sağlam övlad böyütmək lazımdır"- söyləyir.

Haqqında söhbət açdığım klarnet ustası Hüseyn Məhəmmədoğlu 1984-cü ildə Bakı şəhərində, musiqiçi ailəsində dünyaya gəlib. İlk musiqi dərslərini atası Məşədi Məhəmməd Hüseynovdan alıb. Orta təhsilini isə 63 saylı məktəbdə başa vurub. Eyni zamanda 1 saylı Uşaq İncəsənət Məktəbində musiqi təhsili alıb. Sonra dörd il Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində İnstrumental ifaçılıq ixtisasına yiyələnib. 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olaraq, "Estrada sənəti" ixtisası üzrə təhsilini davam etdirib. Üç övladı var...

Yaxşı adamdır, ürəyində kin-kudurətdən zərrəcə əlamət yoxdur. Heç kimin paxıllığını çəkmir. Artıq söz-söhbətdən, qalmaqaldan uzaqdır. Necə deyərlər, başını aşağı salıb öz işiylə məşğuldur... 

 

1998-ci ildə "Qönçə 98" adlı musiqi müsabiqəsində iştirak edərək, müsabiqənin nəfəs alətləri üzrə laureatı olub. 2003-cü ildə müəllifi Nadir Əzimov olan "Əlvida Cəmilə" adlı kompozisiyasını ifa edərək, 2004-cü ildə eyniadlı "Əlvida Cəmilə" albomunu buraxıb. "Yenə tək", "Təkcə səni", öz bəstəsi olan "Ürəyimin səsi" kompozisiyaları ona populyarlıq qazandırıb. 2004-cü ildən solo karyerasına başlayıb və 2011-ci ildə "Nəfəs" adlı instrumental ansamblını yaradıb. Hal-hazırda ansamblı ilə birlikdə və solo ifalarla fəaliyyətini davam etdirməkdədir. Bir sıra kompozisiyaların bəstə müəllifidir...

Hələ çox cavandır. Qırx yaş nədir ki? Kamilliyə gedən yolun “dünyanı, özünü dərk” dayanacağı. Onu qarşıda hələ çox uğurlar gözləyir. Və bu uğurlar ona yaşadığı ağrı-acıları hökmən unutduracaq. Yeniyetmə dövründə ehtiyac üzündən “Şaxta baba” obrazına girərək, qapı-qapı gəzib pul qazandığı günlər bir zaman ona yuxu kimi gələcək. El arasında boşuna demirlər axı: “Yetimin də Allahı var...” 

Bəli, öz ifaları ilə ürəklərə yol tapan, tanınan klarnet ustası Hüseyn Məhəmmədoğlunun 40 yaşı tamam oldu. Ona Allahdan möhkəm can sağlığı, yaradıcılıq uğurları diləyirik.

Yaşa, yarat, qardaşım!

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Xədicə Əliyeva, “Ədəbiyyat və İncəsənət”

 

Axı insanoğlu belədir! Başqasına məsləhət vermək də yaxşıdır. Çünki qarşısındakı birinə onu anladığını deməyin, nə olduğunu belə anlamır. Çünki o, sadəcə görür, hiss etmir. Görür, müşahidə edir, məntiqini işə salır və nəticədə ona "məsləhət verir". 

Bəs niyə insan başqasına rahatlıqla verdiyi məsləhəti özünə verə bilmir?! Niyə "özümdən başqa hamıya xeyrim var" cümləsi dillərdən düşməyən ifadəyə çevrilib? Çünki insan başqası ilə eyni taleyi belə paylaşırsa, bu onu anladığı və ya anlayacağı mənasına gəlmir. Hər qar dənəsinin fərqli olduğu kimi, dünyadakı hər insan beyni, psixologiyası da fərqlidir. Xarakterlər yalnız bənzəyə bilər, eyni ola bilməz. Sən “iki rəng bir-birinə uyğundur” deyə bilərsən, eynidir deyə bilməzsən. Tapmacanın bir parçasını digərinə birləşdirə, uyğunlaşdıra bilərsən, amma onlara eyni deyə bilməzsən. Ona görə də insan başqasına rahatlıqla "ağıl" verməyi bacarır. Çünki məntiqlə düşünür. Lakin özünə çatanda, nədənsə o ağıl yoxa çıxır. Buna görə də “anlayıram” kəlməsinin bir hökmü qalmır. Başa düşməklə anlamaq arasında incə fərq var. Başa düşmək görməkdir, anlamaq isə hiss etmək. Yaralı bir quşun ağrısını başa düşə bilərsən, lakin hiss edəcək qədər anlaya bilməzsən. Həmçinin, zahirlər fərqli olduğu kimi, batinlər də fərqlidir. Birinin zahirini görə bilər, batinini hiss edə bilməzsiniz. İnsan dünya ilə olan mübarizəni cismi ilə deyil, ruhu ilə verir.

Təəssüf ki, insanoğlu bir az da nankordur. Hə, hə,nankor.

Nələrsə onun deyil, başqasının ikən, meyil edir onlara. Bir şeyi ən çox artıq ona sahib olmayanda yox, artıq ona sahib olmadığını "anlayanda" istəyir. 

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Qoşqar  İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

İşlə əlaqədar cəmiyyət arasında çox olmalı oluram. Bu səbəbdən dolayı, hər tipdə insanla qarşılaşıram. Çox nadir hallarda maraqlı insanlara rast gəlirəm. Daha çox isə xarici turistlərlə ünsiyyətdə olmaq mənə çox xoş təsir bağışlayır. Hər nə qədər dil bilmə cəhətdən bəzən əziyyət çəksəm də, istənilən halda dilini bilib də, özünü anlaya bilmədiyim insanlardan qat-qat gözəl anlaya bilirəm nu xariciləri. 

Sən artıq onlarda yetərincə mədəniyyətliliyi, zövqlülüyü, ahəngdarlığı görə bilirsən. Bundan əlavə, gəldiyi ölkənin kiçik də olsa, mini imicini səndə təsəvvür etdirə bilir. 

 

Ümumiyyətlə, ölkədən xaricə getdiyimiz an məsuliyyət daşıdığımızın fərqində olmalıyıq. Əgər ki, hər hansı bir xarici ölkədə olsaq, etdiyimiz hərəkətlərə və danışıqlara diqqət yetirməliyik, çünki danışdığımız hər hansı bir ifadə və ya davranış tərzi, qarşı tərəfin ağlında olan stereotiplə üst-üstə düşməyə bilər. Qısaca bunu sizə belə izah edim:

Sosial şəbəkələrin birində xarici ölkədə belə bir sorğu keçirilmişdi. "Azərbaycanlı ilə ailə həyatı qurarsınızmı?", "Onlar haqqında nə deyə bilərsiniz?" tipli suallar idi. 

Sorğu əsnasında, təbii ki, mənfi və müsbət rəy verənlər oldu. Lakin mənfi rəy verənlərdən birindən bunun səbəbini soruşduqda demişdi ki, iş yoldaşım olduğu üçün belə düşündüm. Bu da öz növbəsində qarşı tərəfdə bu belədirsə, demək ki, digərləri də belədir anlamını qavrada bilib.  Kollektiv münasibətlərdə də bu belədir. Bir nəfərin davranışı hər bir kəsin ayağına yazılır. Eynilə uğuru da elədir. 

 

Hər nəysə ki, mənim budəfəki xarici qonağım Cənubi Koreya vətəndaşı və ailəsi idi. Dil olaraq qısa-qısa sözlərlə anlaşa bilsək də, ümumi olaraq bədən dili və digər vasitələrlə biri-birimizi anlaya bildik. Yetəri qədər mədənililik, sadə ailə modeli hisslərini az da olsa aşılaya bilmişdilər. Həmçinin hiss edə bilirsən ki, o tip insanlarda yaşam sevgisi, həyata vurğunluq xüsusilə özünü göstərməkdədir. 

Yeni görüşlər və tanışlıqlar arzusu ilə!

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2024)

Tuesday, 05 March 2024 13:30

Qlobal universitetlərəgirmə

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Niyə telefonun şarjının sürətlə boşalması funksiyası yoxdur? Olsaydı, tutalım, vşcümə günü işdən sonra həyat yoldaşın zəng edərkən onu qoşmaq olardı.

 

2.

Təəssüf ki bizim birbaşa efirlərimiz o qədər də birbaşa söz demək məkanı deyil. 

 

3.

Bir anekdotı.ru lətifəsi:

Amerikada seçkidən iki ay sonra da prezidentin kim olacağı bəlli deyil. Rusiyada seçkidən iki ay əvvəl prezidentin kim olacağı artıq bəllidir. 

 

4.

Qadın hiyləsi:

Sən deyən olsun, amma qərarı mən verim. 

 

5.

İnsanlıq üçün yeni təhlükə:

Qlobal universitetəgirmə.

 

6.

İnsan elə yaşayır, sanki heç ölməyəcək.

Və elə ölür, sanki heç yaşamayıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

-Kim olduğunu bilmirəm, amma nəsə yaşıllaşdırma ilə bağlı idi işi. Tərxan da ondan güllər, ağaclar götürüb satırdı, qazanırdı.

-Onun satmaq üçün götürdüyü gülləri, ağacları görmüşdüz, həyətə gətirirdi əvvəlcə?

-Yox, elə dediyindən bilirəm, çöldən-çölə satırmış, həyətə heç vaxt gətirməyib.

-Sonuncu dəfə evdən çıxarkən, sizə hara getməsi barədə nəsə demişdi?

-Yox, ay oğul. Hara gedib haradan gəldiyini heç vaxt deməzdi. Mən yatmağa tez uzanıram. Heç həmin gecə getdiyindən də xəbərim olmayıb.

-Sizin telefon nömrənizi götürürük. Nəsə əlavə suallar çıxarsa, zəng edəcəyik. Daha vaxtınızı almayaq.

Mahir Səyyarə arvadın telefonundan öz nömrəsinə zəng atıb ayağa qalxdı. Sağollaşıb getmək istəyəndə Səyyarə arvad dilləndi.

-Ay bala, axı heç demədiniz oğlum nə eləyib?

Dayanıb bir-birimizə baxdıq. Sonra heç nə demədən otaqdan çıxdıq.

Hələ də qapının arxasında dayanıb gözləyən Mehdi bizi küçəyə qədər ötürdü. Ona təşəkkür edib sağollaşdıq. Maşına oturub tərpəndik. Mahir məni düşürüb Nazirliyə qayıdacaqdı. Alınan məlumatlar təcili addımlar və aydınlaşdırmalar tələb edirdi. İlk növbədə vəziyyəti generala məruzə edəcək, sonra qrup üzvlərinə yeni  tapşırıqlarını verəcəkdi.

Maşını məhəllədən yola çıxaran Mahir dedi:

-Bu saçları ağarmış yaşlı anaya ürəyim ağrıdı. Hələ də fikrim onun yanında qalıb. Belə övladdansa, olmaması yaxşı idi.

Susub heç nə demədim. Həqiqətən də bəzi övladlar valideynlərinin qatilinə çevrilirlər. Birdən-birə yox, onları az-az, hər gün ölümə məhkum edirlər davranışları ilə. Mahir susduğumu görüb mövzunu dəyişdi. 

-Daha bəzi şeyləri bir ipə düzmək olar. Hər şey sənin fərziyyənlə başladığı üçün sən danış, mən dinləyim.

Səs gəlməməsi üçün maşının şüşəsini qaldırıb danışmağa başladım.

-Stepanın və sənin gətirdiyin əlavə məlumatlar əsasında bütün gecə təhlillər apardım. Keçmiş məhkumlardan birinin-Tərxan Nağıyevin əkiz qardaşının olması mənim diqqətimi çəkdi. Bu axtardığımız Solominlə birlikdə vaxtilə məhkumluq həyatı yaşamış, il yarım bundan əvvəl ölmüş Tərxan Nağıyevlə eyni yaşda, eyni boy-buxunda və sifətdə olan birisinin təkcə adının baş hərfi fərqli olmaqla hazırda Bakı şəhərində yaşadığı anlamına gəlirdi. Bilmirəm niyə, ancaq lap əvvəldən hissiyyatım mənə bu keçmiş məhkumlardan başlamağımı deyirdi. Bu məlumatı da oxuyanda dalağım lap sancdı. Sən qısa müddətdə ölmüş Tərxanın qardaşı Sərxan Nağıyevin qətlə yetirildiyini öyrəndin. Özü də müharibə başlayan günün gecəsi. Bu artıq çox maraqlı idi. Əlbəttə Sərxanın özündən də hansısa yolla istifadə edib sonda onu lazımsız şahid kimi aradan götürə bilərdilər. Ancaq nədənsə mən daha çox başqa ehtimala üstünlük verirdim. Əkiz tayının olduğunu öyrəndiyim andan Tərxanın ölmüş olmasına böyük şübhələrim yaranmışdı. Sənin mobil operatorlardan aldığın son məlumatlar bu şübhələri təsdiqləyirdi. İl yarım əvvəl, qardaşlardan birincisi ölən günün səhəri hər iki qardaşın istifadə etdiyi mobil nömrələr sıradan çıxarılır. Əvəzinə, guya sağ qalan Sərxan, əslində isə Tərxan təzə mobil nömrə alır. Belə təsadüflər olmur. Qədimdə fironlar öləndə inanca görə onları o biri dünyada darıxmamaları üçün həyat yoldaşları, nökərləri və bəzi məişət əşyaları ilə birlikdə dəfn edirdilər. Tərxan firon deyildi və onu yəqin ki, mobil telefon nömrəsi ilə birlikdə basdırmamışdılar. Sadəcə o, nömrəsini sındırmaqla bir növ arxada qalan körpüləri yandırır. Məntiqlə özünü Sərxan kimi qələmə verdikdə o, qardaşının nömrəsindən istifadə etməkdə davam etməliydi. Ancaq Sərxanın bütün dost-tanışını tanımadığı üçün onların zəngləri ilə özünü büruzə verə bilərdi. Odur ki, həmin nömrəni də sıradan çıxarıb təzə nömrə alır və yalnız qardaşının ətrafında olan, özünün şəxsən tanıdıqları ilə ünsiyyəti davam etdirir. Başqa bir faktı da deyim. Solomin təlim keçmək üçün xaricə göndərilməzdən əvvəl iki dəfə Bakıya gəlib. Onun bundan sonra bir il xaricdə, gəldikdən sonra isə son altı ayda Rusiyada gözləmə mövqeyində olduğunu nəzərə alsaq, bu müddət bir il yarım edir. Bu müddət də Tərxanın düz il yarım əvvəlki yalançı ölümü ilə eynilik təşkil edir. Əslində söhbətimə elə bundan başlamalıydım. Çünki lap əvvəldən yaranmış şübhələrimin bir əsası da bu fakt idi. Tarixlər dəqiqliyi ilə üst-üstə düşürdü. İndi gələk bütün bu dediklərimdən gəldiyim son qənaətə. Solomin tapşırığı aldıqdan sonra Bakıdakı əlaqələrindən istifadə etməyi qərara alır. Bunun üçün keçmiş həbsxana yoldaşı Tərxan Nağıyevi seçir. Bakıya gəlib kəşfiyyat işləri aparmaqla yanaşı onunla da görüşür. Həmin ərəfədə Tərxanın qardaşı Sərxan ölür. Burada iki variantın üzərində dayanıram. Ya Solomin yaxşı pul müqabilində Tərxanı qardaşını aradan götürüb özünü Sərxan kimi qələmə verməklə şübhələrdən kənarda qalmağa razı salır, ya da elə Sərxan həmin vaxt öz əcəli ilə ölür və hansı yükü üzərinə götürdüyünü gözəl başa düşən, başqa sözlə vətəninə xəyanət eməyə razılıq verən Tərxan bundan məharətlə istifadə edir. Hər iki variant ağlabatandır. Ancaq Səyyarə arvadın Sərxanın heç vaxt ürəyindən şikayət etmədiyi barədə dediklərini nəzərə alsaq, birinci ehtimal daha inandırıcıdır. Tərxan kimisindən hər şey gözləmək olardı. Solomin əlbəttə tək Tərxanla kifayətlənə bilməzdi. Hazırlanan əməliyyatın miqyası çox geniş olduğu üçün burada onların başqa əlaqələrinin də olmasına ehtiyac var idi. Böyük ehtimalla o, Tərxanla razılaşandan sonra Rusiyaya qayıdır. Burada qalan adamları isə, çox güman ki rezidentləri, başqa bir nəfəri də tapır. Buna necə nail olur bilmirəm, burada variantlar müxtəlifdir. Amma yəqin ki, bundan sonrakı tapşırıqları Tərxana həmin adam verir. Həlledici məqam yetişəndə isə, o adam daha onlara lazım olmayan, öz işini görüb qurtarmış Tərxana qəbiristanlıqda görüş verib orada onu qətlə yetirir. Yenə də körpülər yandırılır. Tərxan qardaşı ilə bir almanın yarısı kimi oxşadıqları üçün hamını aldada bilərdi. Amma onları dünyaya gətirmiş ana öz övladlarını heç bir halda səhv sala bilməzdi. Sərxan yatağında yox, istənilən şəraitdə ölmüş olsa idi belə, anasını aldada bilməyəcəyini başa düşən Tərxan düşmənli olduğunu, həyatına təhlükə yarandığını deməklə onu aldadıb razı salır. Zavallı ana bu sirri gizlətməklə bir növ sağ qalmış yeganə oğlunun həyatını qorumuş olduğunu düşünür. Həm də ki, ananın ölənin Sərxan olduğunu deməsi digər qohum-əqrəba arasında yarana biləcək şübhələrin də qarşısını almış olur. Ehtimallarımda yanılmadığıma əmin olsam da, Səyyarə arvadla söhbətimizdə onun etirafı son nöqtəni qoymuş oldu. Bu söhbət istənilən halda vacib idi. Çünki onun vasitəsilə Tərxanın əlaqələrini öyrənməli idik. Düzdür, anası çox şey deyə bilmədi bizə. Ancaq faktiki olaraq ortaya hansısa bir yaşıllaşdırma işçisi çıxıb. Bunun bizə nəsə verib-verməyəcəyini bilmirik hələ. Hər-halda Səyyarə arvad onunla tanışlıqdan sonra Tərxanın çoxlu pul qazanmağa başladığını dedi, bunu unutma. Kol-kos satmaqla çoxlu pul qazanmaq mümkün deyil. Heç o residivistin birdən-birə dəyişilib namusla pul qazanmağa başlaması da ağlıma batmır. Anası ilə söhbət zamanı da məlum oldu ki, nəinki gül-çiçək, onun əlində heç bir boş dibçək də görən olmayıb. Deyilən pullar aldığı tapşırığa görə Tərxana verilmiş pullar ola bilərdi. Hər-halda Səyyarə arvad Tərxanın pullanmasını yaşıllaşdırma işçisi ilə tanışlığı ilə əlaqələndirdi. Ona görə də bu «miçurinə» xüsusi diqqət ayırın. Tərxanın nömrəsindəki bütün kontaktların yoxlanılması da nəsə vermiş ola bilər.

Bu yerdə Mahir sözümü kəsdi.

-Artıq əməkdaşlardan biri o nömrələrlə məşğuldur. Nəticə olan kimi biləcəksən.

Məhəlləmizə yaxınlaşdığımızı görüb son bir ehtimalımı da bölüşdüm.

-Mahir, bir şübhəm də var. Onu da deyim. İnamım azdır, ancaq Tərxanı elə Solominin özü də görüş verib aradan götürə bilərdi. Hər-halda həmin vaxt hələ nə hərbi vəziyyət elan olunmuşdu, nə bu postlar var idi. O, bunu rahatlıqla edə bilərdi.

Mahir razılıq işarəsi olaraq başını tərpədib gülümsədi.

-Söhbətin əsnasında mən də bunu fikirləşdim dostum. Ancaq niyə buna tam əmin olmadığını da bilirəm. Solomin bu işdə əsas fiqurantdır. Onlar əsas adamlarını belə riskə atmazdılar məncə. Yəqin ki, elə ən ağlabatan sənin səsləndirdiyin birinci ehtimaldır. Bunu isə sadəcə nəzərə alarıq.

Mahir maşını düz qapımda saxladı.

-Mən cənab generala məruzəyə gedirəm. Telefonda olacam.

-Elə isə sənə uğurlar.

-Sağ ol.

Maşından düşüb evə tərəf getdim. Ancaq bir neçə addım atmış hələ də heç nə yemədiyim yadıma düşdüyü üçün geri qayıdıb yaxınlıqdakı tanış kafeyə üz tutdum.

* * *

 Axşam düşmüşdü. Həmişəki kimi saat 10-da poçt qutusunu yoxlayanda nəhayət ki, gözlədiyi məlumatın gəldiyini görmüşdü. Amma zərfin içindəkilər heç də onun üçün ürəkaçan deyildi. O, xəyallar qurduğu arzusuna çatmaq üçün hər şeyi tez bitirib geri qayıtmaq istəyirdi. Məlumatda isə vəziyyətin yaxşı olmadığı, şəhərdə ciddi yoxlamaların başlandığı, ona görə hələ bir qədər də gözləməsi, hər şeyi göstərilən tarixdə bitirməsi tapşırılmışdı. Göstərilən tarixə isə hələ var idi. Məlumatda mənzilini dəyişəcəyi də bildirilirdi. Onun üçün hazırlanmış yeni mənzil indi olduğu yerdən cəmi iki yüz metr aralıdakı binada yerləşirdi. Bu, uzaq məsafə qət etmədən yerini dəyişə bilməsi üçün edilmişdi. Həmin mənzilin açarı da zərfin içinə qoyulmuşdu. Bütün bunların yazıldığı kağızı zərflə bir yerdə külqabına qoyub alışqanı çəkdi. Tam yanmasını gözləyib külqabıda qalan külü zibil qabına töküb geri qayıtdı. Əhvalı açıq-aşkar korlanmışdı. O, vəd edilən pulu tezliklə alıb sevimli qadınına qovuşmaq üçün çox darıxmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

 

 

 

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə  Qovurma şorbasının hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 DÜSTUR:

§ Qovurma – 150 qr

§ Ərinmiş yağ – 30 qr

§ Soğan – 20 qr

§ Düyü – 20 qr

§ Kartof – 15 qr

§ Keşniş – 8 qr

§ Şüyüd – 8 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Saxsı qabda qovurma yağında soğan qovrulur, üzərinə doğranmış pomidor, bibər əlavə olunur və bişirilir. Daha sonra işgənə, kartof, əvvəlcədən isladılmış düyü əlavə olunaraq, vam odda bişirilir. Hazır olana yaxın üzərinə keşniş, şüyüd səpilir.

 

Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.