Super User

Super User

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Marşal Qoldsmit «Başından uca tullan»

Dünyanın ən böyük biznes liderlərinin məsləhətçisi olan Marşal Qoldsmitin bu kitabı mahiyyətcə çox paradoksaldır. O, həyatda uğur qazanmaq istəyən insanlara yox, artıq uğur qazanmış insanlara həsr olunub. O insanlara ki, onlar can atdıqları hər şeyə çatıblar, özləri ilə qürur duya bilirlər.

Bəs belə insanlar nədən narahat olsunlar ki? Müvəffəqiyyətdən baş gicəllənməsinin qurbanı olmaqdan!

Marşal Qoldsmitə görə, pik nöqtəyə çatan insanlarda əksərən «daxili kartı» itirmək sindromuna rast gəlinir. Özündənrazılıq, özündən müştəbehlik elə bir həddə çatır ki, belə insanlar daha öz hərəkətlərinə görə hesabat vermir, cəmiyyətlə hesablaşmırlar. Başqalarının rəylərinə daha ehtiyac duymur, təkmilləşməyə, öyrənməyə, inkişafa daha maraq göstərmirlər. Beləcə də yerlərində saymağa başlayırlar. Amma bu da hələ hamısı deyil. Yerində saymaqdan sonra mütləq geriləmə, qazanılanların itirilməsi fazasının gəlməsi labüddür.

Marşal Qoldsmit müvəffəqiyyətdən başın gicəllənməməsi yollarını göstərir və oxucusunu da əmin edir edir ki, bu yazılanlara əməl etsə o, mütləq başından uca tullana biləcək!

Müəllifin əsər boyu aşılamaq istədiyi odur ki, əvvəlki uğurlar elə bir an gəlir ki, insana daha böyük uğurlar əldə etmək üçün maneçilik törətməyə başlayır. Bundan qaçmaq çox vacib və zəruridir. Uğur qazanmaqla gələn mənfi, zərərli vərdişlərdən qopmağın Qoldsmit qaydaları çox effektivdir, bunu öz üzərilərində yüzlərlə  biznes liderləri təcrübədən keçiriblər.

Təsadüfi deyil ki, «Forbes» bu şəxsi dünyanın yüksək idarəetmə sisteminin ən nüfuzlu 5 mütəxəssisindən biri adlandırıb.

«The Wall Street Journal» isə onu dünyanın 10 ən dahi biznes-kouçundan biri elan edib.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

 

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Çayı içə-içə bir qədər kəşfiyyat aparmağı, bu evdə sözü keçən ağsaqqalın kimliyini müəyyən etməyi, əvvəlcə vəziyyəti onunla müzakirə etməyi düşünürdük. Bundan sonra əgər hər şey düşündüyümüz kimi gedərsə, onun vasitəsilə heç kimə hiss elətdirmədən Səyyarə arvadla təklikdə söhbət edəcəkdik. Söhbətimizdə başqa bir adamın iştirak etməməsi şərt idi. Yavaş-yavaş hər şeyi buna gətirməli idik. Vəziyyətin ciddiliyini nəzərə alaraq buradan heç bir halda istədiyimizi öyrənmədən getməyəcəyimiz aydın idi. Son nəticədə polkovnik Mahir Vəliyevin təqdim edəcəyi xidməti vəsiqənin onsuz da hər şeyi həll edəcəyini bilirdik. Sadəcə faciə baş vermiş bir ailədə insanların hisslərinə hörmətlə yanaşmaq borcumuz idi və bu səbəbdən hər şeyi sakitcə, incəliklə həll etməyə çalışırdıq.

Çayıma bir qurtum vurub masanın başında, molla ilə yanaşı oturmuş yaşlı adamı hiss elətdirmədən süzdüm. Bu bizə lazım olan adam deyildi. Yaşlı adam ona başsağlığı verənlərə tez-tez başını tərpətməklə və çox canfəşanlıq etməklə, bəzən isə, hətta bir qədər yerindən qalxmaqla cavab verirdi. Bir sözlə, yaşına görə yuxarı başda otursa da, onda əsil ağsaqqallara xas xüsusiyyətlər, sanbal yox idi. Yavaş-yavaş digər məclis üzvlərini nəzərdən keçirməyə başladım. Mahir də çay içə-içə öz müşahidələrini aparırdı.

Bir azdan həyətə girib yoğun səslə hamı ilə salamlaşan təxminən altmış yaşlı kişini görən məclisdəkilərin az qala yarısı ayağa qalxdı. Əli ilə onlara oturmaq işarəsi verən kişi keçib orta yerlərdən birinə oturub üzünü mollaya tutub dedi:

-Bir neçə mərasim evinə dəydim. Vəziyyətlə bağlı mərasim evləri məclis keçirməyi dayandırıblar. Ona görə də üç mərasimini sabah elə burda, həyətdə keçirəcəyik.

Molla onun dediklərini dinləyib başını razılıqla yellədi və dedi:

-Bəli, hamımız vəziyyəti başa düşməliyik. Allah mərhuma rəhmət eləsin, xalqımıza da, indi düşmənlə üz-üzə dayanmış əsgərlərimizə də kömək olsun. Allah səndən də razı olsun, ay Mehdi.

Məclisdəkilər «Amin» deyib razılıqla başlarını yellədilər.

Qərarını elan edən, amiranə görkəmli, yoğun səsli Mehdinin ailənin ən məhrəm və sözü keçən üzvü olduğuna şübhə qalmırdı. Hiss elətdirmədən Mahirə baxdım. Artıq hərəkətə keçməyin vaxtı idi. Mollanın işarəmizlə verdiyi fatihəni bitirməsini gözləyib ayağa qalxdıq. Bizə çay gətirən oğlanın qulağına Mehdiyə təklikdə sözümüz olduğunu deyib, onu küçəyə çağırmasını tapşırıb həyətdən çıxdıq.

Az sonra küçəyə çıxan Mehdi bir qədər aralıda dayandığımızı görüb bizə yaxınlaşdı.

-Uşaq dedi mənimlə işiniz var. Buyurun, nə qulluğunuz?

Növbə ilə əlimizi uzadıb onun əlini sıxdıq və bir daha başsağlığı verdik. Bu hərəkətimiz istər-istəməz yaranmış gərginliyi bir qədər azaltsa da, Mehdinin ardınca küçəyə çıxıb bir qədər aralıda dayanmış bir neçə qolu zorba kişinin altdan-altdan bizə baxdıqları gözümüzdən qaçmadı. Vəziyyəti nəzarətdən çıxmağa qoymaq olmazdı. Ona görə də Mahir məsələni çox uzatmadan üzünü Mehdiyə tutub sakit səslə dedi:

-Qardaşlara de, narahat olmağa bir səbəb yoxdur. Biz dövlət adamıyıq, Daxili İşlər Nazirliyinin əməkdaşlarıyıq və çox vacib bir məsələ ilə bağlı sizdən bir xahiş edəcəyik.

-Dövlətə canımız qurbandır. Nə köməyim dəyə bilərsə, mən hazır.

Bunu deyən Mehdi əli ilə aralıda gözləyən kişilərə hər şeyin qaydasında olduğunu bildirən işarə verdi. Bir-biri ilə baxışan kişilər növbə ilə həyətə qayıtdılar. Küçədə üçümüz qaldıq. İndi əsas məsələyə keçməyin vaxtı idi. Seçimi düz etmişdik və qarşımızdakı adamın bizi başa düşəcəyinə əmin idik. Yenə də söhbətə Mahir davam etdi:

-Mehdi müəllim, ümidvaram bizi başa düşəcəksiniz. Gəlişimizin səbəbini sizə tam açıqlaya bilməyəcəyik, məsələ belədir ki, biz təcili mərhumun anası Səyyarə xanımla söhbət etməliyik.

Mehdi döyüküb üzümüzə baxdı. Onun bu reaksiyası anlaşılan idi.

-Başa düşmədim. Necə yəni Səyyarə xanımla. Yaşlı bir arvadla sizin nə söhbətiniz ola bilər?

Onun bir qədər əsəbləşdiyi hiss olundu. Söhbətə müdaxilə etməyimin vaxtı idi.

-Qardaş, biz buraya gəlməz, Səyyarə xanımı Nazirliyə dəvət edər və orada onunla söhbət edə bilərdik. Ancaq gəlişimizlə həm ağbirçək anaya, həm ağsaqqal kimi sizə və sizin simanızda bu nəslin kişilərinə olan ehtiramımızı ortaya qoyduq. Eyni ehtiramı və anlayışı da sizdən gözləyirik.

Dediyim sözlərlə həmsöhbətimizin gözlərində yaranmağa başlayan qığılcımlar bir anda yox oldu və o, əlini çənəsinə uzadıb sakit səslə soruşdu:

-Mən məsələnin nə olduğunu bilə bilərəm?

-Xeyir. Hətta o söhbətdə iştirak da edə bilməzsiniz.

Mehdi bir qədər də çənəsini ovuşdurub dedi:

-Yaxşı. Gözləyin, indi gəlirəm.

Onun gedib-qayıtması on dəqiqəyədək çəkdi. Başsağlığına gəlmiş qadınlarla dolu olan evin bir otağını boşaldıb gəlmişdi. Bizi ayrıca girişi olan o otağa qədər ötürüb özü qapıda qaldı. Səyyarə arvad otağın ortasında, ayaq üstə dayanıb gözləyirdi. Qapını arxamızca örtüb salamlaşdıq. Soyuq şəkildə salamımızı alan ağbirçək qadının gözlərindəki təlaş nəzərimdən yayınmadı. Söhbətə birinci mən başladım.

-Allah Tərxana rəhmət eləsin.

-Mənim oğlumun adı Sərxan idi,-Səyyarə arvad sərt səslə cavab verdi.

Bu qadınla danışmaq asan olmayacaqdı. Ancaq dediyim kimi, bunun yollarını biz gözəl bilirdik və onu açıq danışmağa vadar edəcəkdik. Ona görə də davam etdim.

-Səyyarə xanım, siz dünyagörmüş bir qadınsız. Oğlunuzun ölüm işi ilə rayon polis idarəsinin əməkdaşları məşğul olur. Biz Nazirliyin Baş Cinayət Axtarışı İdarəsini təmsil edirik. Əgər buraya qədər gəlmişiksə və ölənin Tərxan olduğunu deyiriksə, deməli hər şeyi bilirik. Sizdən tələb olunan sadəcə səmimi olmağınız və bildiklərinizi bizə danışmağınızdır.

-Mən sözümü dedim. Çıxın gedin.

Səyyarə arvad bir qədər səsini qaldırdı. Dönüb Mahirə baxdım. Həlledici gedişi etməyin vaxtı idi. Bayaqdan susan Mahir Səyyarə arvada tərəf baxmadan əlini çiynimə toxundurub bir qədər asta səslə dedi:

-Gedək qardaş. Daha başqa çarə yoxdur. Anamız bizə başqa çıxış yolu qoymadı. Sabah səhər qəbiri açıb meyiti yenidən müayinə etməli olacayıq.

Bu sözlərdən sonra birlikdə qapıya tərəf getdik. Bir addım… İki addım… Səyyarə arvad susurdu. Daha iki addım atıb qapıya çatdıq. Əlimi qapının dəstəyinə uzadanda qəfildən arxamızdan gələn səsə çevrildik.

-Dayanın.

Bayaqdan amiranə şəkildə ayaq üstə dayanmış Səyyarə arvad yaxınlığındakı stula çökdü. Sonra asta səslə dedi:

-Dayanın. Qəbri açmaq lazım deyil. Oğlumun ruhunu narahat etməyin. Hər şeyi danışacam. Ancaq söz verin ki, deyəcəklərim bu otaqdan kənara çıxmayacaq.

-Buna əmin ola bilərsiniz-Mahir ağbirçək ananı sakitləşdirdi. İki stul götürüb onun qarşısında əyləşdik. Səyyarə arvad sanki bizə inanıb-inanmayacağını götür-qoy edərək bir qədər susdu. Sonra sözə başladı.

-Elə isə bu bədbəxt anaya qulaq asın. Yazıq əkizlərimdən heç birinin həyatı alınmadı. Atalarını da erkən itirdik. Sərxan nisbətən sakit təbiətli idi. Amma Tərxan məni çox incitdi. Dəfələrlə həbsxanaya düşüb gözümü yollarda qoydu. Ailəsi dağıldı. İl yarım əvvəl Sərxan qəfildən dünyasını dəyişdi. Heç baş aça bilmədik nə oldu, necə oldu. Dedilər ürək çatışmazlığıdır. Amma oğlumun ürəyində heç bir problem yox idi. Eləcə gecə yatıb səhər oyanmadı. Onda Tərxan hələ heç kimə xəbər verməməyi tapşırıb mənimlə ciddi söhbəti olduğunu dedi. Onu dinləyəndə dəhşətə gəldim, çox qorxdum. Düşmənli imiş. Kimlərsə onu öldürməyə qərar veribmişlər. Oğlum hamıya ölənin Tərxan olduğunu deyəcək, bundan sonra Sərxan kimi yaşamağa davam edəcəkdi. Bu yolla düşmənlərindən xilas olmaq istəyirdi. Onlar bir almanın yarısı kimi bir-birlərinə oxşayırdılar. Yalnız mən onları ayıra bilirdim. Bir oğlumun meyiti hələ soyumamışdı. İkinci oğlumu da itirməkdən çox qorxdum. Razılıq verdim. Sərxanı Tərxan kimi dəfn etdik. Mən nə etmişəmsə, oğlumu qorumaqçün etmişəm.

-Ana, biz sizi heç bir şeydə ittiham etmirik. Narahat olmayın. Amma suallarımız var ki, onlara dəqiq cavab verməyə çalışın. Bu bizim üçün çox vacibdir.

-Soruşun, nə bilirəmsə, deyəcəm.

Sualları Mahirin verəcəyini şərtləşmişdik.

-Zəhmət olmasa, deyin, son zamanlar Tərxanın ətrafında tez-tez gördüyünüz adamlar var idimi?

Səyyarə arvad fikrə getdi.

-Nə deyim, ay bala. Evə adam gətirməyi xoşlamırdı. Görüşdükləri olubdusa da, kənarda olub.

-Nə işlə məşğul olurdu, daimi iş yeri, bir qazanc yeri var idimi?

-Daimi yox, amma orda-burda nə iş tapdı yapışırdı, çörək pulunu çıxarırdı. Hə, yadıma düşdü. Axır vaxtlar bir nəfərlə iş görürdü. Onunla işləməyə başlayandan yaxşı pul qazanırdı.

-O adam kim idi?

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Məhəmməd İqbalın fikirlərinə yer ayırıb.

Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

Qərblilərin gözündə ağıl həyatın nizamı, şərqlilər üçün eşq kainatın özüdür. Ağıl Haqqı eşq sayəsində tanıyır... Əgər eşq ağılla yan-yana gələrsə, müstəsna bir aləm qurar.

 

***

Könlün hökmü altında olan ağıl ilahidir. Könlün hökmü altına girməyən ağıl isə şeytanidir.

 

***

Eşq məqamı minbər deyil, dar ağacıdır. İbrahimlər Nəmrudlardan qorxmazlar.

 

***

Eşqə “dəlilik” deyən kəs həyatın sirlərinə əbədi biganə qalsın.

 

***

Yaşamaq və çalışmaq – çamıra könül toxumu atmaq deməkdir.

 

***

İslam milləti heç bir zaman yox olmayacaq, çünki azanlarında Musa ilə İbrahimin sirri təcəlli etməkdədir.                                              

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə Biri ikisində layihəsində bu gün sizlərə sevilən imzalardan olan Təranə Vahidin “Qasırğa” adlı hekayəsini təqdim edəcəyik. Hekayənin qəhrəmanı çox qəribə bir soyadının daşıyıcısıdır – Çalağanov. Həyatından qasırğa keçən Çalağanovun aqibəti necə olur? Oxuyub agah olacaqsınız.

 

 

...Kəpənəklər uçur, uçur, uçur...

Hamı kimi onun hekayəsi də xırda bir uçuşdan başladı. Dünya hava limanına qonar-qonmaz sallaq bığlı bir kişi əyilib qulağına şəcərəsinin baş tacını – soyadını pıçıldadı: Çalağanov!

Guya Yer üzündə adlar qurtarmışdı ki, ulu babası dünyanın gözünü töküb züryətinə  belə yönsüz ad qoymuşdu: Çalağan... Heç sonrakı nəsillər də Çalağanın qan-qadasından qurtara bilmədilər. Şura hökuməti gələndə Çalağanın arxasına "oraq-çəkicli" “ov” şəkilçisi yapışdırıb dövriyyəyə buraxdı. Məktəbdə oxuyanda uşaqlar soyadına xeyli şəbədələr qoşdu. Əsgərlikdə ruslar bu soyadı nə deyə, nə də yoza bildi. Ali məktəbdə də bu nadir soyadını rüşvətxor müəllimlərin parolu kimi kodlaşdırdılar.

Düzdü, soyadından hamıdan çox  özünün zəhləsi gedirdi, amma  bu adda  həm də  bir hikmət, kəramət vardı. Bunu sonralar bildi, qapılar üzünə taybatay açılanda: “Çalağanov belə deyir”, “Çalağanov məsləhət gördü ki...”, “Əgər Çalağanov deyirsə...” – deyib  istər-istəməz onunla razılaşanda...

Xoşbəxtlikdən ailə qurduğu qadın da adından çox, soyadını sevdi.

Sonralar  özü də adını unutdu...

Bu uzun-uzadı müqəddimədən sonra hekayəmizin qəhrəmanıyla  tanış olmağın vaxtıdır. Çalağanov altmış beş yaşlarında, iri cüssəli, dolu bədənli,  babası kimi sallaqbığlı, gözləri göz çuxurunun dərinliyində işım-işım işıldayan müəmmalı bir adamdı. Onu tanıyanlara elə gəlir ki, Çalağanov anadan olandan özüylə gözəgörünməz xətkeş gəzdirir, ölçüb-biçməmiş, toplayıb-çıxmamış,  kök altına salıb çıxarmamış bir addım da atmır.

 

... Üzə gülən bəxt, atılan fişəng və uğur böcəyi ...

Sözün qısası, xətkeşi sayəsində Çalağanov bu yaşınacan  nə istədisə, hamısını əldə elədi: gözəl ailə, vəzifə, sərvət, çoxlarının qibtə edəcəyi  barlı-bəhərli həyat...

Amma bir gün ona elə gəldi ki, həyatında nəsə, çox mühüm nəsə çatışmır.  Xeyli baş sındırandan  sonra qəfil anladı ki, əslində, həyatında heç də hər şey yerində deyil. Çatışmazlıqların konturları üzə çıxanda içində ucsuz-bucaqsız boşluq  yarandı. Peşmanlıq küləkləri əsdi, nigarançılıq yağışı yağdı, təəssüf vulkanı püskürdü. Yox, o təslim olmayacaqdı, lazım gəlsə, qədərini pozub yenidən yazacaqdı. Axtarışları nəticə verdi: həyatının ən böyük yanlışı  üzə çıxdı: düzgün olmayan seçim!

 

...Tərəddüd eləmə, istədiyini seç, bu, sənin həyatındır...

Uşaq vaxtı onu ancaq qaymaqçiçəyinə oxşayan sarışın qızlar həyəcanlandırardı. Böyüyəndə bu istək bir az da böyüdü, ürəyinin güzgüsündən ancaq sarışınlar boylandı. Amma həyat bağçasında belə olmadı, insanpərvərliyi başına vurdu, anasının “qara kişmiş”  deyib gecə-gündüz təriflədiyi  çəlimsiz  qonşu qızıyla evləndi. Həssas, kövrək, göz yaşı ovcunda olan qadınlardan ötrü ürəyi gedə-gedə,  bir ömür “Soyuq cərəyan”la bir yastığa baş qoydu. Dəmir iradəsi, tükənməyən səbri, polad əsəbləriylə ürəyinin əksinə getdi. Getdi, getdi, getdi...

 Və “Soyuq cərəyan” ona üç yaraşıqlı oğlan bağışladı. İndi onların üçü də ataydı. Altı nəvəsiylə açıqdan-açığa fəxr edirdi. Amma bunlar təskinlik üçün bəs eləmirdi. Ömrünün qürubunda düşdüyü  boşluq ölüm çuxuru kimiydi, ya cəhd edib çıxacaqdı, ya da...

 

...Çiçək dörd ləçəyini itirib yeganə ləçəyinə böyük ümidlərlə baxırdı...

 Fikrini qətiləşdirdi. Düşündü ki, insanın dünyaya gəlməsi milyonda bir təsadüfdür. İkinci dəfə bu şans ona verilməyəcək,  “Seçim et” təklifi də nə göydəkindən, nə də yerdəkilərdən gəlməyəcək.

Vaxt daralır, qocalıq zınqırovlu ilan kimi ona tərəf sürünürdü. Mənəvi böhran keçirdiyi  belə bir vaxtda  həyatında möcüzə baş verdi: xəyallarında rəqs edən, ən çətin anlarında  gözünün qabağında gülümsəyib ona göz vuran, yaşamağa həvəsləndirən Sarışın peyda olub dünyasını səhra qasırğası kimi yerindən oynatdı.  İpək saçlı, ala gözlü, çəhrayı dodaqlı Sarışın ona seçim imkanı verdi. Bu seçim qarşısında Çalağanov sarsıldı, gözlərini yerə dikib Tanrıya yersiz bir sual verdi:  “İlahi, yer üzündə belə sarışınlar ola-ola, quru balıqla gün keçirmək rəvadırmı?”.  Ağlına  cəhənnəm sözündən başqa heç nə gəlməyəndə Dəli Cəmilin  sözlərini  xatırladı:

"...Bu dünyada cənnət ola-ola, cəhənnəm axtarmaq ağılsızlıqdır..."

Çalağanov boşanmaq üçün axtardığı  üç əsas səbəbi, əslində, bəhanəni göz qırpımında  tapdı: xasiyyətimiz tutmur, mən danışanda o həmişə uzaqlara baxır, qonşu istirahətə gedəndə pişiyini uşaqların anasına əmanət elədi, amma o neylədi? Üç gün qapının ağzında ilan dili çıxarıb yemək istəyən pişiyə dönüb belə baxmadı.

Məhkəmə bəhanələri ciddi qəbul eləmədi. Amma arvadı ərinin istəyinə qarşı çıxmadı. Nə ağladı, nə sızladı, nə də səsinin tonunu qaldırdı. “Soyuq cərəyan” qüruruyla “Boşanmaq istəyirsən, boşanaq!” – dedi.

 

...Şah deyilsən ki, məğlub olanda tacını itirəsən, gülümsə...

O gün Çalağanovun həyatının ən bəxtəvər günüydü. Həmin gün günəş onun şərəfinə çıxmışdı, quşlar ona görə cəh-cəh vururdu, adamların üzündəki təbəssüm  ona gülümsəyirdi...

 

...Sevgi, çəkisizlik və yoxluq...

Sevgi yolunda bütün qapılar taybatay üzünə açılırdı. Açılan hər qapı onu Sarışının hüzuruna aparırdı. Sarışının ilıq təbəssümü, işıqlı gözləri, zərif səsi onu səsləyirdi. Qırxıncı qapının ağzına çatanda nəfəsinin odu dodaqlarını qarsaladı. Bu qapı, gərək ki, qızıldanıydı, yoxsa  belə göz qamaşdırmaz, işıq saçmazdı. Amma indi qızıl hayında deyildi. Qızıldan qiymətli  ala gözlü, albalı dodaqlı, qızılı saçlı Qasırğa qapının o üzündəydi....

Həyəcanını ört-basdır eləmək üçün bir addım geri çəkilib qapının açılmasını gözlədi. Qapını açan kimi həyatı kökündən dəyişəcək,  hər şey  istədiyi kimi olacaq, bütün boşluqlar dolacaqdı...

 

...Yeriyirdi, ayaqları yerə dəymirdi, uçurdu, qanadları yoxuydu, sevirdi, sevirdi, sevirdi...

Qapı özünü naza qoyub qızıl anların ömrünü uzadırdı. Bu dəfə qapını barmaqlarıyla yox, ürəyiylə döydü.

Gözlədiyi qapı yox, qonşunun qapısı açıldı. Başını qırmızı dəsmalla çalmış kök  qadın yoğun  səslə:

– Getdi, – dedi.

İnanmadı. Gülümsədi. Təbəssümünün üstündə elə bil iri şriftlərlə bu sözlər yazıldı:  Lütfən, xoşbəxtliyimə kölgə salmayın!

Qonşu qadın başını yelləyib dönüb getmək istəyəndə yenə insafı yol vermədi. Demək istədiyini qorxa-qorxa birnəfəsə dedi:

– Dünən  dəf-dumbulla  getdi.

 

...Elə həqiqətlər var ki, ona inanmayın...

Heç o da inanmadı. Həmin gün nikah bağlayacaqdılar, sonra da bal ayına gedəcəkdilər. İstanbul-Paris-Roma bileti cibində xəcalətdən tərləyirdi...

Çalağanov sonralar da bu həqiqətə inanmadı. İnamsızlıq onu elə yeyib-bitirdi ki, həyatında Sarışının olub-olmadığına şübhə etməyə başladı.

Hamıya elə gəlirdi ki, Çalağanov anadan olandan özüylə xətkeş gəzdirir. Bu yaşında, bu başında məlum oldu ki, Çalağanovun heç vaxt xətkeşi olmayıb...

 

...İpək pərdələr, ipək xalçalar,  ipək arzular...

Qasırğa əhvalatından sonra Çalağanov soyadı elə bil soluxub yazıqlaşdı. Sayrışan qığılcımlar depressiyası onu cənginə aldı. Puç olmuş ümidlər cəngəlliyində bir müddət dolaşandan sonra özünü yığışdırdı.

Hərdən istəyir ki, əvvəlki həyatına qayıtsın, isti sözlərlə “Soyuq cərəyan”ın könlünü alsın, yarımçıq qalmış həyat hekayəsinin ardını yazsın, belə düşünəndə gözlərinin qabağında Sarışın peyda olub qasırğa kimi fırtına qoparır, şişkin dodağını sağlam dişləriylə didişdirir, gözləri min oyundan çıxır, uzun, caydaq ayaqları durduğu yerdə “Tanqo” oynayır, o da yaz qarı kimi əriyir, əriyir, əriyir...

Hər axşam da özünə belə təskinlik verir: hər kəsin həyatında qasırğa olmalıdır.

...Sevgi qasırğa kimidir, ürəyin ən gözəl hisslərini kökündən qoparıb aparır, yerində rəngli xatirələr qalır, qalır, qalır...

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Oqtay Ağabəyova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

OQTAY BAXŞƏLİ OĞLU AĞABƏYOV

(22.11.1987.-15.10.2020.)

 

Bakının Nizami rayonundan olan, Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, SOCAR-ın Bakı Neft Emalı zavodunun əməkdaşı olmuş Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 

O Q T A Y

 

 

Oqtay:

“-Bu Vətən canımdan əzizdir  mənə,

Vaxt gəlib, məqamdır, hünər vaxtıdır.

İnsana ağırdır, kinayə, tənə,

İntiqam vaxtıdır, zəfər vaxtıdır.

 

Neçə il gözlədik hücum əmrini,

Nəhayət, həmin gün yetişib, şükür.

Kəsərik kafirin  səsin-səmrini,

Tale üzümüzə gülübdür, şükür.”

 

Oqtay gəldi evə, üzündə fərəh,

Ana, bu gündən mən, yenə əsgərəm.

Bu, haqq işimizdir, bu işə gərək

Mən də oğul kimi  payımı verəm.

 

Ana, bax, ağlama, şükür ki, varam,

Həm sənin, həm də ki, yurdun oğluyam.

Necə də xoşbəxtəm, çox bəxtiyaram,

Gedirəm düşmənin qəlbin dağlıyam.

 

Ana qucaqlayıb öpdü balasın,

Kədəri sevincə qarışdı o an:

-Allah kafirlərin versin bəlasın,

Çəkilsin yurdumdan bir yolluq duman.

 

Oqtay yola düşdü,  addımı mətin,

Canında yox idi  nə qorxu-hürkü,

Yağı əlimizdən qurtarar çətin,

Yaxşı tanıyarlar yenilməz Türkü.

 

Nə qədər döyüşkən, cəsurmuş Oqtay,

Dostlar arasında vardır hörməti.

Qorxmazmış, mərd imiş, məğrurmuş Oqtay,

Yalnız qələbəydi  sözü-söhbəti.

 

Torpaq azad olsun, var olsun Vətən,

İnamla, qeyrətlə döyüşdü Oqtay,

Burda yaşayammaz hər yoldan ötən,

Yağıyla qalibtək görüşdü Oqtay.

 

Füzuli uğrunda gedən vuruşda,

Gördülər  yox imiş bu mərdin tayı.

Sonadək aslantək, şirtək vuruşdu,

Mələklər cənnətə çəkdi Oqtayı.

 

Ucadan ucaya ucalan igid,

Səninlə fəxr edir Azərbaycanım.

Sən xalqın qəlbində yaşayan igid,

Mənim qəhrəmanım, tarix yazanım.

 

ADNA-nın məzunu, mühəndis idin,

Hərbi xidmət keçdin Murovdağında.

SOCAR-ın işçisi, halal, düz idin,

Ayaq izlərin var Qarabağımda.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

 

Lalə İsmayıl, Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyətinin üzvü, “Ədəbiyyat və incəsənət” üçün

 

1-ci Qarabağ müharibəsinin nə qədər  məzarsız şəhidi var! Onlardan biri də Məstalı İxtiyar oğlu Əliyevdir. Onun anım günü ilə  əlaqədar martın 1-də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və  Gəncliyə Yardım Fondunun birgə təşkiltçılığı ilə tədbir keçirildi, bu barədə danışacağam. 

 

Tədbirdə şəhidin ailəsi, yaxınları, sinif yoldaşları, silahdaşları və bir çox digər qonaqlar iştirak edirdilər. 

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı giriş sözü ilə çıxışa başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Dövlət himni səsləndirildi. Məstalının həyat hekayəsi barədə videorolik təqdim edildi.

Çıxış üçün ilk söz şəhidimizin sinif rəhbəri Aftandil müəllimə verildi. Müəllim öz şagirdi haqqında danışdı.

Döyüş yoldaşlarından Fariz Qəhrəmanov, Elçin Məmmədov, Həmid Mahmudov 

Məstalı haqqnda, onun nə qədər mərd, ürəkli, sözünə sadiq bir dost olduğunu söylədilər.

Məstalı ilə eyni hərbi hissədə xidmət etmiş Nazilə xanımın xidmət yoldaşı haqqında  danışıqları hər kəs üçün maraqlı oldu.

Varis bəy, Ceyhun bəy, Şahin bəy Məstalı Əliyevlə eyni sinifdə oxumuş, uşaqlıq illərinin ən xoş çağlarını paylaşmışdılar.  "Bağışlayın, deyirlər kişilər ağlamaz, amma biz dostumuzu göz yaşısız xatırlaya bilmirik.

Onun istədiyi qız var idi. Amma ürəyini aça bilmədi sevdiyi qıza. .. " deyərək, bizlərlə də həm xatirələrini, həm də göz yaşlarını paylaşdılar...

Ehtiyatda olan polkovnik-leytenant, əməkdar müəllim Bayram Məmmədov da Əliyevlər ailəsinin digər döyüşçü oğulları, Ülfət, Fərrux haqqında, onların döyüş yollarından söz açdı, şəhidimizin xatirəsini uca tutanlara öz təşəkkürünü bildirdi.

Şair Sona Əli Məstalı həsrətiylə yaşayan Pakizə ana ilə bağlı uşaqlıq xatirəsini dilə gətirdi.

Nisgil, həsrət dolu bir fədbir beləcə sona çatdı. Amma şəhidlər xatırlanan hər bir tədbir bədbin yox, nikbin köklərə bağlıdır. Çünki hər bir şəhid unudulmazlıq statusu qazanıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir. 

 

1.İnsan yalnız sevdiyi işlə məşğul olduqda özünü azad hiss edir.

2.Sənə olan münasibətin göstəricisi söz yox, əməldir.

3.Xoşbəxtliyini sübut etmək istəyən xoşbəxt deyil.

4.Günü günə calamaq olmur, arada gecə var.

5.Zirvəyə qalxanda bilməlisən ki, orada hamı qısa müddətdə olur.

6.Uğura gedən yola düzülən hər daşın üstünə “cəhd” sözü yazılıb.

7.Getdiyin yerin girişini yadında saxla, bura həm də yeganə çıxış ola bilər.

8.Səmimi olanları sevirlər, ancaq aldadırlar.

9.İnsanın iradəsi nəfsinə müqaviməti ilə ölçülür.

10.Ağıl ünsiyyəti hörmət, qəlb ünsiyyəti səmimiyyət yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Redaksiyanın poçtundan müxtəlif səpkili məktublar olsa da, ən çox şeirlərə rast gəlinir. “Ədəbiyyat və incəsənət” portalı gənc Süleyman Muradlının şeirlərini təqdim edir. 

 

Adımı çəkmədi heç bircə dəfə

O gözəl adına qurban olduğum.

Heç üzümə baxmır, heç baxmasın da,

Getdi yerişinə heyran olduğum.

 

Qal dedim mənimlə, getdi, qalmadı,

Mən eşqdən yansam da, o alışmadı,

Bircə yol heç məni saya salmadı

Yolunda hər kəslə düşman olduğum.

 

Gülüşüm gedibdi, bir daha dönməz,

Ürəyim ağlardı, gözlərim gülməz,

Bu qədər qəmlərə dağ dözə bilməz,

Hərdən unudulur insan olduğum…

 

 

*

 

Təzəcə gəlmişdin yetim ömrümə,

Nədən belə erkən çıxıb gedirsən?

Bu uzun ömürdə çox qısa vaxtda

Küləktək qapımı çırpıb gedirsən.

 

Az oldu ömrümün xoşbəxt günləri,

Nə küsüb-barışdıq, nə incik düşdük,

Nə bir hal bildik biz, nə bir xasiyyət-

Sevdiyimiz yemək, sevdiyimiz rəng…

 

Gözümdən yaş düşdü ikinci dəfə,

Gələndə sevinib mən ağlamışdım…

Gedirsən, indi də göz yaşım ilə

Küçənin tozunu səninçün yudum…

 

 

*

 

Bir bahar gecəsi hər şey kiriyib,

Heç hürmür qonşunun avara iti,

Səndən danışırdım, məndən qaçırdı,

İnan, bezdirmişdim bir ara iti.

 

Eyvanda nə qədər güllər vardısa,

Boylanır küçəyə, səni axtarır,

Bahar da keçəcək, bir də baxacam,

Getdiyin yollara artıq qar yağır.

 

Qonşular səsimə gəlirlər hərdən,

Dəlitək özumlə danışıb-gülləm,

Adını hayqırıb ağlamağımı

Allah belə bilir, görüb səmadan.

 

 

*

 

Eh, mən yenə də batıram

Dərinə, ən dərinə,

Xatirələr yaşayıram

İkimizin yerinə.

 

Bilmirəm bu gunahını

Mələkləri yazırmı?

Tanımıram ki, o kimdi-

Deyib məni danırmı?

 

Qara gözləri dolurmu

Şəkillərə baxanda,

Yoxsa ki yandırıb atıb

O vaxt biz ayrılanda?

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Monday, 04 March 2024 11:30

Cəmi 52 il yaşadı Fərman Kərimzadə

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Kimsə düşünməsin ki, dünya onundur. Heç yaşadığı ev-mülk də, hətta qazandıqları da ona qalmayacaq. Yerin-göyün, bütün kainatın bir sahibi var- ALLAH! Əvvəl yaradır, sonra xatirəyə çevirir, daha sonra unutdurur. Amma unudulmağa qoymadığı adamlar da var. Onlardan biri də, Fərman Kərimzadədir...

 

Ötən əsrin 80-ci illərinin gəncləri onun kitablarını acgözlüklə oxuyurdu. Bəli, Şah İsmayıl Xətaini bizə o tanıtdırdı, Abbasqulu ağa Şadlinskini o sevdirdi. Əsərləri çoxumuzun evində masaüstü kitab oldu. Onu yaxından görməyi, onunla ünsiyyətdə olmağı hər bir kitabsevər arzulayırdı...

Talaeyinə məşhurluq düşüb, Azərbaycanın sevilən yazarlarından biri idi. 1937-ci ildə  Vedi rayonunun Böyük Vedi kəndində dünyaya gəldi. İbtidai təhsilini doğma yurdda alsa da, orta məktəbi Beyləqan rayonunun Şahsevən kəndində bitirdi. 1955-1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxudu. Sonra? Sonra da bütün ömrü boyu yaşayıb yaratdı..

Yaradanın işinə qarışmaq olmaz, hər kəsə bir möhlət verib. Biz ona ömür deyirik. Kimisi yüz il yaşayır, kimisi əlli il, kimisi səksən, kimisi də bələkdən çıxmır. Fərman Kərimzadə isə cəmi 52 il yaşadı. Amma elə yaşadı ki, ona verilən möhləti xalqa xərcləyə bildi, özündən sonra yadigar saxlamağı bacardı...

 Ondan da bu xalqa "Çaldıran döyüşü", "Xudafərin körpüsü", "Təbriz namusu", "Qarlı aşırım", "Qoca qartalın ölümü" və sair məşhur əsərləri və övladları yadigar qalıb. Elə ölümündən sonra da onu yaşadan yadigar saxladıqlarıdır...

 

İmzası özündən uzunömürlü olan böyük sənətkar yaşasaydı martın 3-də 87 yaşını qeyd edəcəkdi. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Allah onu dünya malıyla, can sağlığıyla çox imtahana çəkib, necə deyərlər, əzib əzişdirib, sonda şükranlığına, imanına bağışlayıb...

Deyir ki,- “Mən vaxtilə çox maksimalist idim, həyatdan çox şey istəyirdim. Yaş artdıqca istəklərim minimuma endi. Bilmirəm, bu dünyayla, taleylə barışmaqdımı, çarəsizlikdən doğan bir vəziyyətdimi, ya məğlubiyyətdimi? Hər halda arzulara məğlub olmaq çox ağrılı bir şeydi, mən bu ağrıları yazılarıma, şeirlərimə köçürmüşəm. Özümü bu yolla ağrıdan xilas etməyə çalışmışam. Allah sanki sözü mənə xilas yolu kimi nişan verib. Söz məni ölümdən xilas edib. İndi mən artıq həyatdan nəsə istəməyə qorxuram, həyat itkilərlə gözümün odunu alıb…”

 

Nəzakətli, yolagedən, optimist və xəyalpərəst adamdır. Davranışı və rəftarı hadisələrin gedişindən çox asılıdır. Buyruqdan və boynuna öhdəlik götürməkdən zəhləsi gedir. Pis niyyətli deyil. İnsanlara hələ də inanır və güvənir. İstedadlıdır. Praktikliyi sayəsində müvəffəqiyyət qazana bilir. Rahatlığı və əmin-amanlığı sevir.

Saysız-hesabsız istək və arzuları var. Bunları reallaşdıra bilməyəndə, özünəməxsus xəyal aləmində həyata keçirir. Onun bu aləmi o qədər güclüdür ki, tez-tez gerçəklə qarışdırır. Digər tərəfdən mistik və fəlsəfi hadisələri öyrənməyi sevir. Zehni xəyallar seli və qorxunc duyğu dalğaları ilə doludur. Mənəviyyatının dərinliyindən gələn bu partlayışları yaradıcılığna yönəltdiyindən, gücü tükənmir...

 

“Uşaq vaxtından şeirlər, hekayələr yazırdım, ancaq üzə çıxarmırdım. 9-10 yaşlarımdan şerlərimi “Azərbaycan pioneri” qəzetinə və “Pioner” jurnalına təqdim edirdim. Bir neçə dəfə mənə bildirdilər ki, bədii cəhətdən zəif olduğu üçün çapa yaramır. 5-6 dəfə göndərdim, nəhayət, bir dəfə balaca bir şerimi “Pioner” jurnalında dərc etdilər. Sonradan Azərbaycanın enkslopedik alimlərindən, rəhmətlik Rəhimağa İmaməliyevin ədəbiyyata gəlməyimdə böyük rolu oldu. O, məndə inam yaratdı ki, sən yaza bilərsən. 1995-ci ildən mətbuatdayam. Jurnalist kimi fəaliyyət göstərsəm də şeir və hekayə də yazıram, ancaq uzun müddət onları ədəbi mühitə çıxarmırdım. 2000-ci illərin əvvəllərində təsadüfən Yazıçılar Birliyində Samir Sədaqətoğlu ilə tanış oldum. O, “Ədalət” qəzetində ədəbiyyat bölməsini aparırdı. Mənə bildirdi ki, ayrıca ədəbiyyat qəzeti buraxmaq istəyirlər. Mən də dedim, əlimdə tərcümələrim var. Dedi, gətir, çap edək. Elə oldu ki, həmin qəzeti  birlikdə buraxası olduq. Və beləcə ədəbi mühitin içinə düşdüm. Öz hekayələrim də orada çap olundu. Sonralar “Kaspi” qəzetində şeirlərim çıxdı. 2003-cü ildə isə “Ədalət” qəzetinə keçdim, ayrıca “Yazar” adlı ədəbiyyat qəzeti buraxdıq.”- söyləyir...

 

Haqqında söhbət açdığım Kənan Hacı 1975-ci ildə Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Xəzər rayonu, Buzovna qəsəbəsinin 125 saylı məktəbində alıb. 1995-ci ildə özəl universitetlərin birində jurnalistika ixtisasına yiyələnib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində işləyib. Sonra Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq fəaliyyət göstərib. 

Hazırda “Mücrü" jurnalının baş redaktorudur. AYB-nin üzvüdür. Müxtəlif ədəbi əsərlərindən ibarət 15-ə yaxın kitabı nəşr olunub. Xarici dillərdə yazılmış 5 kitabı ana dilinə çevirib. Əsərləri rus, türk, ingilis və ukrayn dillərinə tərcümə olunub...

 Evin tək uşağı olub. Erkən gəncliyində atası vəfat edib. Min cür çətinliyə qatlaşıb, acınacaqlı günlər yaşayıb. Əsgərliyi bitirən vaxtlarında xəstələnib hospitala düşüb, əməliyyat olunub. Və bir gün xəbər tutub ki, Hepatit C xəstəliyinə yoluxub. Xəstəliyini 8 il ən yaxın dostlarından belə gizlədib. Heç kəs bilməyib ki, evsiz-eşiksiz yaşayır. Üstəlik ağır xəstədir. Amma taleyindən heç zaman gileylənməyib. Allaha inanıb- nə vatsa zamanın üzünə güləcəyinə ümid bəsləyib. Və həmin gün gəlib. Artıq ev-eşik sahibidir. Xəstəliyə qalib gələrək yaşayır, yaşayacaq da. Yaradıcılığından da geri qalmır. Güclü təxəyyülü, ədəbi təhlili var...

 Deyir ki,- “Uzun-uzadı təsvirlərlə oxucunu yoran şişman romanların dövrü çoxdan keçib. Artıq roman janrı tam yeni bir mərhələyə qədəm qoyub. Bu proses davam etməkdədir. İndi zaman yazıçıdan fikri lakonik ifadə etməyi tələb edir. Mənim fikrimcə, janrların şərtiləşməsi ədəbiyyata bir rəngarənglik gətirir. Dəyərli tənqidçimiz Rəhim Əliyev bir dəfə söhbətimizdə çox gözəl bir fikir dedi. Dedi ki, heç nəyə baxmadan oturub yazmaq lazımdır. Məğlubiyyətdən qorxmaq lazım deyil. Yazmaq yazıçının həyat tərzinə çevrilməlidir. Mən yaradıcılıqda sərbəstliyin tərəfdarıyam, ölçülü-biçili roman yazmağı, əsəri standart janr qəlibinə salmağı xoşlamıram. Ənənəvi düşüncədən bacardıqca qaçmaq lazımdır. Sovet dövründə yüzlərlə belə romanlar yazılmışdı, əksəriyyəti unudulub getdi, qalmadı. Amma məsələn, Sartrın “Sözlər” romanını götürək, sırf avtobioqrafik əsərdir, roman janrının tələblərinə cavab vermir. Amma möhtəşəm əsərdir, biz onu memuar kimi yox, elə roman kimi də oxuyuruq...”

 

Rəngli bir daxili aləmi var. Bu aləmdə müsbət xüsusiyyətlərin say-hesabı yoxdur. Səxavətlidir və başqalarını məmnun etməkdən xoşlanan adamdır. Yaddaşı çox güclüdür, heç nəyi unutmur. Mütaliyyə diapazonu geniş olduğundan zəngin “Söz sandığı”na və bilgiyə sahibdir. Bir sözlə, Kənan Hacı təpədən dırnağa parlaq bir istedaddır...

 

“Mənsub olduğum ədəbi nəslin giley-güzarı bitməsə də əsas məsələ, ortada böyük qələbəmiz var. Demək, bizim qismətimizdə Qarabağı azad görmək də var imiş. O ki qaldı mənim ədəbiyyatda qalıb-qalmayacağıma bunu yalnız gələcək müəyyən edəcək. Təəssüf ki, mən o günü görməyəcəm. Amma inanıram ki, hər halda hansısa bir yazımla xatırlanacağam...”- söyləyir.

Bazar günü Kənan Hacının doğum günüydü, 49 yaşı tamam olurdu. Portalımız bazar günləri işləmir deyə onu bu münasibətlə bu gün təbrik edir, yaradıcılıq uğurları arzulayırıq. Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.