Xədicə Əliyeva, “Ədəbiyyat və İncəsənət”
Axı insanoğlu belədir! Başqasına məsləhət vermək də yaxşıdır. Çünki qarşısındakı birinə onu anladığını deməyin, nə olduğunu belə anlamır. Çünki o, sadəcə görür, hiss etmir. Görür, müşahidə edir, məntiqini işə salır və nəticədə ona "məsləhət verir".
Bəs niyə insan başqasına rahatlıqla verdiyi məsləhəti özünə verə bilmir?! Niyə "özümdən başqa hamıya xeyrim var" cümləsi dillərdən düşməyən ifadəyə çevrilib? Çünki insan başqası ilə eyni taleyi belə paylaşırsa, bu onu anladığı və ya anlayacağı mənasına gəlmir. Hər qar dənəsinin fərqli olduğu kimi, dünyadakı hər insan beyni, psixologiyası da fərqlidir. Xarakterlər yalnız bənzəyə bilər, eyni ola bilməz. Sən “iki rəng bir-birinə uyğundur” deyə bilərsən, eynidir deyə bilməzsən. Tapmacanın bir parçasını digərinə birləşdirə, uyğunlaşdıra bilərsən, amma onlara eyni deyə bilməzsən. Ona görə də insan başqasına rahatlıqla "ağıl" verməyi bacarır. Çünki məntiqlə düşünür. Lakin özünə çatanda, nədənsə o ağıl yoxa çıxır. Buna görə də “anlayıram” kəlməsinin bir hökmü qalmır. Başa düşməklə anlamaq arasında incə fərq var. Başa düşmək görməkdir, anlamaq isə hiss etmək. Yaralı bir quşun ağrısını başa düşə bilərsən, lakin hiss edəcək qədər anlaya bilməzsən. Həmçinin, zahirlər fərqli olduğu kimi, batinlər də fərqlidir. Birinin zahirini görə bilər, batinini hiss edə bilməzsiniz. İnsan dünya ilə olan mübarizəni cismi ilə deyil, ruhu ilə verir.
Təəssüf ki, insanoğlu bir az da nankordur. Hə, hə,nankor.
Nələrsə onun deyil, başqasının ikən, meyil edir onlara. Bir şeyi ən çox artıq ona sahib olmayanda yox, artıq ona sahib olmadığını "anlayanda" istəyir.
“Ədəbiyyat və incəsənət”
(05.03.2024)