Super User
Şair Ramiz Məmmədzadə 85 yaşında vəfat edib
Tanınmış şair-publisist, filologiya elmləri doktoru Ramiz Məmmədzadə 85 yaşında vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı 525.az-a istinadən xəbər verir ki, Ramiz Yaqub oğlu Məmmədzadə 1937-ci il yanvarın 1-də Ağdam rayonunda anadan olub. 1955-58-ci illərdə Ağdam şəhər 1 saylı orta məktəbi, daha sonra isə Bakı dəmiryol məktəbini bitirib. 1962-63-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun pedaqoji fakültəsində təhsilini davam etdirib, sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim işləyib. O, 1963-67-ci illərdə Abşeron rayon komsomol komitəsində şöbə müdiri, katib, 1967-68-ci illərdə Azərbaycan KP Abşeron Rayon Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1992-ci illərdə Azərbaycan KP MK Siyasi maarif evində məsləhətçi, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində böyük referent vəzifələrində çalışıb.
1968-70-ci illərdə Bakı Ali partiya məktəbində təhsil alan R.Məmmədzadə 1991-ci ildə Bakı şəhər Sovetinin deputatı seçilib.
Ədəbi fəaliyyətə 1960-cı ildə "Bakı" qəzetində dərc olunmuş "Milyon ananın övladı" adlı ilk şeiri ilə başlayan R.Məmmədzadə "Həmişə sən gələsən" (1978), "Vaxtında açsaydı qönçələr" (1964), "Xatirə bulağı" (1978), "Mühüm partiya işi" (1974), "Qeyrət günü" (1991), "O gecə (20 yanvar)" (1990), "Canpolad əfsanəsi" (1994), "İşıq günü" (2007), "Zirvə" (2009) kimi kitabların müəllifi idi. Qarabağ, Ağdam sevdalısı olan Ramiz Məmmədzadənin şeirlərinin əsas motivlərini də məhz Vətən, doğma yurd sevgisi təşkil ediridi.
Allah rəhmət eləsin.
“Bir zəng qədər məsafələr böyüyəcək aramızda, dünya boyda olacaq...”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizlərə Nargis İsmayılovanın şeirini təqdim edirik.
Bu gün bütün gün darıxdım...
Sabah da darıxacağam...
Yenə, yenə, yenə, yenidən...
Hiss qarmaqarışıqlığından doğulur bomboz kölgən...
Valehedicidir,
Qucaqlaya bilmirəm...
Tökülürsən ürəyimdən
Vulkan külləri kimi boğucu və yandırıcısan.
Dəyərlim,
Əvəzedilməzim
Çalışıram,
əvəz olunmursan, bacarmıram.
Bacaracağam, bacarmalıyam...
Yoxluğunu əridib...
Davam edəcəyəm bomboz həyatıma
Bir qədəh şərab, bir siqaret... və kitablar...
Göz kölgələrim kimi yayılacaqsan yastığıma, kabusa çevrilib boşalacaqsan gözlərimdən...
Silib ata bilməyəcəyəm bəlkə də qoxunu
13 kvadratmetrlik otağımdan...
Xəyalqırıqlığım!
Kölgələrə çevrilib addımbaaddım izləyəcəksən xoşbəxtliyimi...
Ən möhtəşəm qarabasmam olacaqsan,
asılacaqsan otağımın divarlarından...
Küləyə çevrilib əsəcəksən hər gün ağlıma...
Bilirəm, yenə, yenə, yenidən yellədib qapqara pərdələrimi şığıyacaqsan ürəyimə...
Bir siqaret laqeydliyi ilə əziləcəyəm barmaqlarında...
Közərə-közərə qalacağam, bilirəm...
Sonra qalib ədasıyla çırpılacaq qapıların üzümə...
Mən söykənəcəyəm xəyalının astanasına, biləcəyəm ki, ordasan...
Bir zəng qədər məsafələr böyüyəcək aramızda, dünya boyda olacaq...
Ən çox oxunan: “Atamı tələyə saldılar!”
Meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov atası ilə bağlı məsələlərə münasibət bildirib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı olay.az-a istinadən xəbər verir.
Yusif Əmirov sosial media hesabında "Əziz izləyicilər, atamı tələyə saldılar! Dəstəyinizə və dualarınıza görə çox sağ olun!
Bizimki də buraya qədər imiş..." sözlərini yazıb.
Qeyd edək ki, o, Rəşad Dağlı mübahisə zəminində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. O, daha sonra könüllü təslim olub.
Ömrün 60-cı təntənəsi - bu gün Mələkxanım Əyyubovanın günüdür
Elman Eldaroğlu yazır
Kim nə deyir desin, məlahətli səs, səlist ifa qabiliyyəti İlahi vergidir, hər xanəndədə olmur. Kimə verilibsə, hökmən sədası eşidiləcək və gec-tez sahibini tanıtdıracaq...
“Ailədə yeddi uşaq olmuşuq. Mən Şamaxıda anadan olsam da, övladı olmadığına görə, anadan olan kimi məni Bakıda yaşayan bibimə övladlığa veriblər. Ona görə də Bakıda böyümüşəm. Bibim məni 6 yaşında məktəbə qoyub. Çünki həmişə istəyirdi ki, mən tez böyüyüb hər şeyə sahib olum. Onun arzusu ilə uşaq vaxtından musiqi məktəbinə getmişəm, özfəaliyyət dərnəklərində iştirak etmişəm. Məktəb illərində dərslərimi çox yaxşı oxuyurdum. Bütün tədbirlərdə birinci olurdum. Niyə gizlədim, müəllimlərim məndən dərs soruşmurdular, gözəl səsim olduğu üçün qiymət yazırdılar. Qardaşım çox gözəl xanəndə idi. Şamaxının hörmətli məclislərini o aparırdı. Arada rayona gedirdim. Görürdülər mən rayondayam, uşaq olsam da toy sahibləri istəyirdilər ki, mən də toyda mahnı oxuyum.” – söyləyir...
Haqqında söhbət açdığım Mələkxanım Əyyubova da İlahi vergi- məlahətli səsinin hesabına tanınır və sevilir. O, 1962-ci ildə anadan olub. Orta təhsilə 155 saylı məktəbdə yiyələnib. Eyni zamanda qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirib. Ə.Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olub. 1979-cu ildən 1984-cü ilə kimi M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakültəsində ali təhsil alıb. 1980-ci ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S. Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışıb.
Dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. 1995-ci ildə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olub.
Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə professor vəzifəsində çalışır. Prezidentin sərəncamı ilə Azərbaycanın xalq artisti adına layiq görülüb...
İlk müəllimi Qulu Əsgərov olub. Çox sənətkarlara qulaq asıb, onlardan bəhrələnərək püxtələşib. Canəli Əkbərov, Arif Babayev, Əlibaba Məmmədov və bir çox xanəndələrin ifalarına hələ də qulaq asıb bəhrələnir. Zeynəb Xanlarovanı çox bəyəndiyini və dinləməkdən yorulmadığını dilə gətirir...
Adət-ənnəyə bağlı adamdır. Cəmiyyət tərəfindən qəbul olunmuş qaydalara riayət etməyi xoşlayır. Nəzakət, mədəni davranış, mehriban rəftar onun həyat tərzidir...
Deyir ki,- “Söhbət ifaçılardan gedərkən. İstər yaşlı olsun, istərsə də gənc, böyük-kiçik yeri bilməyənlər çox qıcıqlandırır məni. Əvvəldən görmüşük ki, bizim xalqımızda həmişə böyük-kiçiyə hörmət olub. Sənət adamlarının yanından keçəndə elə hərəkət edirlər ki, bu adamı qıcıqlandırır. Baxırsan gözəl sənəti var, amma hörmətsizlik edəndə olur sıfır. Olmaz axı. El şənliklərinə gedirik, bizi xalq dolandırır. Xalqın məhəbbətini qazanmasan, dövlət də sənə o xalq artisti adını verməz. Dövlət də görür ki, xalq səni sevir. Ona görə sənə ad verir. Ona görə gənclərimizə məsləhətim budur ki, həmişə böyük-kiçik yerini bilsinlər…”
Ailəcanlı, evinə-ocağına bağlı xanımdır. Dörd uşaq böyüdüb, yüksək təhsil verib, araya-ərsəyə gətirib. İndi də nəvələrindən sevgisini əsirgəmir:
“Deyirlər ki, nənə nəvəsini öz doğma övladından belə çox istəyir. Mənim üçün övladım da, nəvəm də çox dəyərlidir. Hərəsinin ayrı gözəlliyi və ayrı şirinliyi var. Mənim 4 övladım var. Axırıncı övladım o biri uşaqlarımdan çox kiçikdir. Yeri gələndə, o nəvə yerində idi. Bizə deyirdilər ki, o sizin nəvənizdir. Hamımız onu əzizləyirdik. Nəvələrim olandan sonra artıq onları əzizləməyə başladıq. Övladlarımız dünyaya gələndə çox gənc oluruq. Övladla məşğul olmağa vaxtımız çox olmur, yalnız uşağın tərbiyəsi və digər qayğıları ilə məşğul oluruq. Onu oynatmağa, danışdırmağa o qədər də çox vaxtımız qalmır. Ev qayğısı, iş, uşaq ananın başını çox qatır. Ancaq nəvədə bütün bu yüklərlə valideynlər məşğul olur. Sən də elə bir yaş həddində olursan ki, nəvə ilə oynamağa vaxtın çox olur, bütün günü əzizləyirsən. Nəvə nənənin, babanın zamanının bol vaxtına düşür. Nəvələrimi bəlkə övladlarımdan da çox istəyirəm.”- söyləyir...
Noyabrın 5-də ana, nənə Mələkxanım xanımın ad günüdür- 60 yaşı tamam olur. Məlahətli səsi ilə zövqləri oxşayan xalq artisti və ünlü xanəndəmizi bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayırıq!
“Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filmi hansı zərurətdən çəkilir?
Xəbər verdiyiniz kimi, Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək. AzTV-də yayımlanacaq “Atabəylər: Şəmsəddin Eldəniz” adlanan serial Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə, AMEA Tarix İnstitutunun, İlahiyyat institutunun və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin dəstəyi ilə ərsəyə gələcək.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları layihənin rəhbəri Sərvər Bayramova və baş prodüsser Əlibala Məhərrəmzadəyə “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filmi hansı zərurətdən çəkilir sualı ilə müraciət edərək onlardan cavablar alıblar.
Sərvər Bayramov:
“İlk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulan “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filmi sözün həqiqi mənasında bugünümüzün siyasi-sosial sifarişi hesab olunmalıdır. Zəngin tarixi materialların kino industriyası dilində geniş auditoriyaya çatdırılması hazırda dünya miqyasında böyük aktuallıq kəsb edir. İnformasiya kommunikasiya texnologiyalarının yüksəliş mərhələsində dünya xalqlarında keçmişə marağın artması üçüncü minillik insanının xarakterik xüsusiyyətinə çevrilməkdədir. Bu fonda həmçinin, xalqların milli özünüdərki, öz genetik koduna uyğunlaşma istəyi aparıcı mövqe tutur. Tarixi tele-serialların dünyada populyarlıq qazanması da ilk növbədə bununla səciyyələnir.
Azərbaycan tarixində tamaşaçı auditoriyasının qarşısına çıxarmağa zəngin və maraqlı materiallar mövcuddur. Bu materiallara xronoloji ardıcıllıq baxımından yanaşıldıqda 12-ci əsr, Atabəylər dövrü müstəsna əhəmiyyət kəsb edir. Dövlətçilik uğurları ilə mədəniyyət intibahının sintezi nəticəsində hədsiz yüksəlişə nail olmuş bu dövlət, öz idarəçilik institutu, formalaşdırdığı sosial-ictimai, mədəni mühit orta əsrlər tarixində dünyanın inkişaf modelində əhəmiyyətli yer tutur. Eyni zamanda multikultural, tolerant mahiyyəti ilə seçilir. Filmin yaradıcı heyəti də bu fakta istinad edir. Bu gün biz çəkinmədən deyə bilərik ki, “Atabəylər: Şəmsəddin Eldəniz" Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmi kimi tarixə düşəcək. Hazırda Azərbaycan dövləti və xalqı tarixinin ən məsuliyyətli dövrünə qədəm qoyub. 44 günlük müharibədəki qalibiyyət ölkəmizdə həm ictimai-siyasi, həm mədəni intibah yaratmaqdadır. "Dəmir yumruq" ideologiyası bizi tariximizin qəhrəmanlıq səhifələrini daha əzmlə vərəqləməyə, vətənpərvərlik hislərini dərindən oyatmağa, gənc nəslin qürurlanması üçün böyük zəminlər hazırlamağa sövq edir. Bu cəhətdən, tariximizin ən şərəfli dövrlərindən biri olan 12-13-cü əsrlərə müraciət etmək, Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkmək, həmin dövrün siyasi-hərbi müstəvisindən başqa həm də elmi və mədəni sahələrini təmsil edən dühalarının obrazını yaratmaq, əlbəttə ki, olduqca vacib, əhəmiyyətli və şərəflidir. Çünki milli oyanış xalqların milli özünüqoruma instinktini həmişə daha güclü edir. 12-ci əsrdəki Şəmsəddin Eldənizin başçılığı altında Azərbaycan coğrafiyasında əldə edilən hərbi-siyasi uğurların ekrana daşınması, regional kontekstdə geniş tamaşaçı auditoriyasına çatdırılması müasir Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində qazandığı qalibiyyət fonunda daha aktualdır. Bu gün siyasi leksikona daxil olan və qürur duyduğumuz Zəngəzur dəhlizi, Turan yolu kimi ifadələr məhz, həmin dövr üçün də strateji məqamlar idi. Bu baxımdan azərbaycançılıq ideologiyası, dövlətçilik anlayışının daha da gücləndirilməsi üçün müasir çağırışların film-layihələrdə yer alması, müxtəlif sloqonlar və həştəqlər vasitəsilə şüuraltı mesajların ötürülməsi əsas hədəflərdəndir. Şəmsəddin Eldənizin həyat yoldaşı, orta əsrlərin ümumiləşdirilmiş və milli-əxlaqi dəyərləri özündə ehtiva edən azərbaycanlı-türk ana obrazı, yüksək səviyyəli siyasi-hərbi-diplomatik biliklərə, vərdişlərə yiyələnmiş Möminə Xatunun humanizmi, mədəniyyət hamisi olması isə müasir dövrümüzlə səsləşən daha bir paraleldir. Bu faktor da yüz illər keçməsinə baxmayaraq, Azərbaycan xalqının böyük mədəniyyət və ənənələr daşıyıcısı olmasını, mövcud multikultural, tolerant məkan statusunu bir daha təsdiqləyir. Bax bunlardır əsas zərurətlər.”
Əlibala Məhərrəmzadə:
“İndi xalqların bir milli oyanış, intibah dövrüdür. Bildiyimiz kimi, türk xalqlarının dövlətçilik ənənələri dərin köklərə malikdir və dünya tarixinin enişli-yoxuşlu yollarında ortaq türk ailəsinin ən qədim qollarından biri olan Azərbaycan türklərinin də öz imzası, öz dəst-xətti var. Artıq bir neçə ildir ki, Türkiyə Cümhuriyyəti, Qazaxıstan və Özbəkistan kimi qardaş ölkələr həm dövlət və özəl kanallar, həm də kino sənayesi ilə məşğul olan şirkətlər vasitəsilə ortaq türk tarixinin müəyyən fraqmentlərinə müraciət edir, türk mədəniyyəti, dövlətçilik tarixində keçilən çətin və şərəfli yol, tarixi şəxsiyyətlərin ekran təqdimatı, ortaq adət-ənənələrlə bağlı konkret işlər ortaya qoyaraq milyonlarla tamaşaçının diqqət və sevgisini qazanırlar. Eyni zamanda müasir dövrümüzün ən effektiv təbliğat vasitəsi kimi sözügedən sferada informasiya cəbhəsi yaradaraq öz dövlətçilik tarixlərini yüksək səviyyədə geniş auditoriyaya çatdırmış olurlar. Türk dünyasında növbəti mədəni oyanış müşahidə edildiyini nəzərə alsaq, həm də eyni soydan gələn xalqlar ortaq tarix və dəyərlərini bu üsulla paylaşırlar. Bu xüsusda Türkiyə kinematoqrafiyasının çəkdiyi “Alparslan: Böyük Səlcuqlu”, “Diriliş Ərtoğrul”, “Oyanış: Böyük Səlcuqlu”, “Quruluş Osman”, eləcə də Qazaxıstan dövlətinin sifarişi ilə artıq yayıma buraxılan "Tomris" habelə Özbəkistan kinematoqrafiyasının qardaş Türkiyə istehsalçıları ilə müştərək ekranlaşdırdığı “Bozkır aslanı Cəlaləddin” kimi çoxseriyalı filmlər diqqət çəkir. Biz də bu cür layihələrə qoşulmağın, Azərbaycan tarixini kino estetikası və ekran dramaturgiyası ilə ortaq türk tamaşaçısına təqdim etməyin zərurətini anlayırıq. Bu baxımdan XII-XIII əsrlərdə Azərbaycan coğrafiyasında öz tarixi ənənəsi ilə seçilən Azərbaycan Atabəylər Dövlətinin tarixi başlanğıc üçün uğurlu hesab oluna bilər. Müxtəlif feodal dövlətlərinin vahid hakimiyyət altında birləşdirilməsi, həmin dövrdə yaşamış tarixi şəxsiyyətlərin obrazlarının təqdimatı, bir sözlə dövlətçilik yollarında baş vermiş tarixi, dini, lirik, dramatik, diplomatik, siyasi və mədəni hadisələri çoxseriyalı televiziya filmində ekrana gətirmək əsas hədəfimizdir.
Layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Nizami Gəncəvi, Böyük Atabəy Qara Sunqur, Məhəmməd Cahan Pəhləvan, Memar Əcəmi Naxçıvani, Nəsrəddin Tusi, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin maraqlı obrazları təqdim olunacaq, hadisələr kino dili ilə geniş tamaşaçı auditoriyasına çatdırılacaq, doğma tariximizin parlaq və keşməkeşli səhifələrinə ayna tutulacaq.
Çoxseriyalı televiziya filmindəki hadisələr həm birbaşa tarixi faktlar əsasında, həm də filmi tamaşaçıya daha da maraqlı çatdırmaq üçün yaradıcı heyətin bədii təxəyyülü üzrə ekranlaşdırılacaq. Qonşu dövlətlərlə münasibət faktoru, tarixi faktların dəqiqliyi və etibarlı mənbələrin üzə çıxarılması üçün AMEA Tarix İnstitutu ilə özündə konkret öhdəlikləri ehtiva edən əməkdaşlıq müqaviləsi imzalanıb. Artıq məsləhətçi qismində cəlb olunması üçün sözügedən institutun baş direktoru Kərim Şükürovun rəhbərliyi ilə mütəxəssislərdən ibarət beş nəfərlik qrup yaradılıb. Film layihəsinə məsləhətçi qismində akademiklər - İsa Həbibbəyli, Nizami Cəfərov, professorlar Hikmət Babaoğlu, Kərəm Məmmədov, eyni zamanda yazıçı-publisist Yunus Oğuz da cəlb olunub. O dövrdə İslam dininin dominatlığı və müasir Azərbaycan dövlətinin dünyəvi modeli, multukultural, tolerant mahiyyəti, ideoloji siyasəti nəzərə alınaraq uzlaşdırılması üçün Azərbaycan İlahiyyat İnstitutu ilə tərəfdaşlıq qismində yaxından əməkdaşlıq edilir. Orta əsrlərin dil üslubu və ədəbi mühiti, sosial-mədəni həyatı barədə araşdırmalar aparılır. Ssenari qrupu 600 000 sözlük tarixi mənbələrə müraciət edib, mövcud olmuş ozanlar, ədəbi məclislər, divanlar barədə materiallar və müdrik kəlamlar toplanıb. Məlumat üçün bildirək ki, Nizami Gəncəvinin “Xəmsə”si həmin dövrlə bağlıdır. Eyni zamanda Məmməd Səid Ordubadinin “Qılınc və Qələm" romanı, İsa Muğannanın “GurÖn’’ romanı, Nəriman Həsənzadənin “Atabəylər” poeması, Yunus Oğuzun “Şəmsəddin Eldəniz” romanı həmin dövrü əhatə edir. Xəqani Şirvanı, Mücirəddin Beyləqani, Ömər Xəyyam anoloji dövrdə yaşayıb-yaradıb. Bu baxımdan deyə bilərik ki, çox mötəbər və zəngin mənbələr var. Həşhaşilər və onların sui-qəsdləri, xristian missionerlərin fitnələri, döyüş səhnələri, saray intriqaları, müdhiş sevgi hekayələri, dini-siyasi ziddiyətlər, bir sözlə dinamik bir ssenari ərsəyə gətirilib.
Türkiyə Radio Televiziya Qurumu (TRT) və ATV telekanalı ilə ilkin razılaşma əsasında çoxseriyalı televiziya filmlərinin çəkilişi üçün formalaşdırılan yeni prodakşn - “Şahdağfilm”-in peşəkar kino işçilərindən ibarət yaradıcı heyəti treninqlər üçün qardaş ölkədə olub. "Bozdağ Film" və “Aklİ Film" kimi tarixi filmlər istehsal edən məşhur prodakşnlarla təcrübə mübadiləsi aparılıb. Türkiyəli həmkarlarımızın bu istiqamətdə geniş təcrübəsi nəzərə alınaraq çoxseriyalı filmin çəkilişlərində onlarla müştərək çalışmaq üçün razılaşma əldə olunub. Bir sözlə, azərbaycanlı tamaşaçıların maraqla izləyəcəyi, həzz alacağı, qürurlanacağı, gənc nəslin vətən sevgisi alacağı bir layihə ərsəyə gətiririk.”
Bu gün Gənc Tamaşaçılar Teatrında “Ana” tamaşası nümayiş ediləcək
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.
Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov olan böyük dramaturq H.Cavidin “Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. Yeganə oğlunun nişanlısına göz dikmiş varlı ailənin yetirməsi Orxanın qurduğu tələ həm özünün, həm də Ananın yeganə övladı mərd, igid Qanpoladın məhvinə səbəb olur. Bundan xəbərsiz olan Ana qatili öz evində gizlədir. Azərbaycan qadınının mərhəmət simvolu kimi təqdim olunan Ana namərd Muradı bağışlayır və onu öldürməsinlər deyə, gizlicə aradan çıxarır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Pələnglə fotolar maraqla qarşılandı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Zooloji Parkında olub.
O, sosial şəbəkə hesabında pələnglə fotolarını paylaşıb. Bu, böyük maraqla qarşılanıb.
Məşhur qəzəlxan Arif Buzovnalıya həsr olunan kitabın təqdimatı olub
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AYB-nin Xəzər bölməsinin sədri, şair-qəzəlxan Hacı Arif Buzovnalının 50 illik yubileyinə həsr olunmuş “Arif” kitabının təqdimatı keçirilib.
Qeyd edək ki, kitab bir qrup gənc yazıçılar tərəfindən ustadları Arif Buzovnalının yubileyinə hədiyyə olaraq hazırlanıb. Və yubilyar da bu hədiyyədən məmnun qalaraq söyləyib: “Bu kitab mənimlə bahəm klassik şeirə verilən dəyərdir”.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimatı açan AYB-nın katibi İlqar Fəhmi şairin yaradıcılığına nəzər salaraq, müasir dövrdə klassik janrda yazan şairlər sırasında onun xüsusi xidmətlərinin olduğunu bildirib: “Şair həyatını bütünlüklə klassik ədəbiyyatın təbliğinə, klassik söz sənətinin öyrənilməsinə, Azərbaycan ədəbiyyatında tətbiqinə həsr edib. Yaradıcılığı ilə ədəbiyyatımızda özünəməxsus iz qoyan Arif Buzovnalının klassik poeziyanı yaşatmaqda və bu istiqamətdə gənclərin yetişdirilməsində xidmətləri çox olub”.
Daha sonra çıxış edən AYB katibi Səlim Babullaoğlu əruz şeirində A.Buzovnalının rolundan danışıb. Qeyd edib ki, müasir əruz şeirini A.Buzovnalısız təsəvvür etmək olmaz.
Şairin təkcə yaradıcılığı ilə deyil insani keyfiyyətlərinə görə də çoxlarına örnək olduğunu deyən Hacı Soltan Əlizadə A.Buzovnalı ilə olan dostluğundan, yol yoldaşlığından söz açıb.
Xalq rəssamı, heykəltaraş Xanlar Əhmədov, filoloq Firudin Qurbansoy, alim-tədqiqatçı Mustafa Mailoğlu, ilahiyyatçı Hacı İlham Səlimov, şairlər Damət Salmanoğlu, Yusif Nəğməkar, Kamal Hüseynzadə və digərləri şair haqqında fikirlərini və arzularını dilə gətiriblər.
“Natəvan” klubunda Yunus Oğuzun “Cığır” romanının təqdimatı keçirilib
Süleyman İsmayılbəyli yazır
Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Cığır" romanının təqdimat mərasimi keçirilib. Mərasimdə ölkənin elm adamları, ziyalılar, Yazıçılar Birliyinin rəhbərliyi və İdarə Heyətinin üzvləri, KİV nümayəndələri və paytaxtın 200 saylı məktəbinin bir qrup şagirdi iştirak edib.
Təqdimat mərasimini giriş sözü ilə açan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov "Cığır" romanı haqqında ətraflı məlumat verib.
"Cığır" romanının Şuşanın salınmasının 270 illiyinə və 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizə həsr olunduğunu deyən Nizami Cəfərov diqqətə çatdırıb ki, roman Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın olduqca mürəkkəb dövrdə paytaxt üçün etibarlı bir yer axtarması, bu zaman rastına çıxan ağsaqqal Nəsrəddin kişi ilə məsləhətləşməsindən başlayır: "Yazıçı öz üslubuna sadiq qalaraq bütün əsər boyu dövrün siyasi mənzərəsini, baş verən hadisələrin tarixi köklərini, coğrafi miqyasını təsvir edir. Birinci növbədə heç də az olmayan tarixi mənbələrə əsaslanır, təxəyyülünün cilovunu buraxanda çalışır ki, bu mənbələrin verdiyi təəssüratları zədələməsin"
Şuşanın bizim mədəniyyət tarixi və intibah şəhərimiz olduğunu deyən Nizami Cəfərov yazıçının əsərdə Şuşanı çox gözəl tərənnüm etdiyini də iştirakçıların diqqətinə çatdırıb: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin strateji hünəri və siyasi müdrikliyi sayəsində Azərbaycanın milli intibah şəhəri, bu gün isə mədəniyyət paytaxtı Şuşanın düşmən əsarətindən xilas edilməsi elə bir möhtəşəm hadisədir ki, bütövlükdə milli-tarixi yaddaşı hərəkətə gətirməklə ədəbi-ictimai şüur qarşısında geniş iştirak üfiqləri açdı. Və məhsuldar yaradıcılıq axtarışları ilə Azərbaycan xalqının tarixinin müxtəlif dövrlərinə romanlar miqyasında müfəssəl analitik təhlil verməklə kifayətlənməyib keçmişlə bu günün sələf-xələflik münasibətlərinin genotipologiyasını aşkarlamağa xüsusi maraq göstərən Yunus Oğuzun Şuşanın "tərcümeyi hal"ına müraciət etməsi, əlbəttə, ilk növbədə həmin möhtəşəm hadisənin-Şuşa zəfərinin əks-sədasıdır. Görkəmli yazıçı-mütəfəkkirin on illərlə daxilində, ruhunda gəzdirdiyi nisgil Şuşa görüşlərindən, ziyarətlərindən sonra vulkan kimi püskürərək onun düşüncələrindəki milli təəssübkeşliyi bütün hərarətlə üzə çıxarır".
Nizami Cəfərov: "Yunus Oğuz Şuşaya, ümumən Qarabağa aparan cığırı çox gözəl tərənnüm edib"
Akademik qeyd edib ki, Yunus Oğuz romanında Ali Baş Komandanın çox dəyərli bir obrazını yaradır. Onun hərbi sahədə gördüyü işlər, Ali Baş Komandan kimi Qarabağın azadlıq mübarizəsinə başladığı əksini tapır. Nizami Cəfərov deyib ki, yazıçı öz əsərində Qarabağın azadlığının Valdayda, "Qarabağ Azərbaycandır, nida" ilə başladığını oxucuların diqqətinə çatdırıb: "Hələ Tovuz döyüşlərindən bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndində çıxış edərkən belə bir cümlə işlətdi. "Qarabağ Ermənistandır, nöqtə". Prezident İlham Əliyev isə onun cavabını çox gecikdirmədi. Soçidə, Valday konfransında, daha çox dünya siyasətçilərinin toplaşdığı bir məclisdə demişdi. "Qarabağ Azərbaycandır, nida". Tezliklə bu şüar xalqın dilində əzbər oldu, hər yerdə "Qarabağ Azərbaycandır!" deyilməyə başlanıldı". Nizami Cəfərov deyib ki, yazıçı Qarabağın azadlığı mesajının məhz Valdayda, Ali Baş Komandan tərəfindən verildiyini oxucuların diqqətinə çatdıraraq daha sonra mübarizənin diplomatik müstəvidən hərbi müstəviyə keçdiyini mərhələli şəkildə əsərdə ifadə edib: "Şuşanın, ümumən Qarabağın düşmən işğalından xilası barədəki komandanı Azərbaycan Prezidenti, əslində Valdayda-bütün dünyanın gözləri qarşısında hər bir azərbaycanlının ruhunu silkələyən, canına-qanına işləyən "Qarabağ Azərbaycandır, nida" sözlərilə vermişdi. Silahları hərəkətə gətirən sonrakı əmr isə yalnız ordu üçün idi. O ordu üçün ki, Azərbaycan xalqının və Ali Baş Komandanın iradəsini bilavasitə həyata keçirirdi. Qarabağ uğrunda aparılan Vətən müharibəsində xalqla hakimiyyət arasındakı anlaşmadan doğan mənəvi-ruhi rezonans, hər bir vətəndaşın daxilindən gələn qeyri-adi vətənpərvərlik romanda təqaüdünü orduya köçürən şəkili Hikmət babanın, üç oğlunu birdən müharibəyə göndərən Gülbaba kişinin, şəhid ərinin cənazəsini qəbir evinə öz çiynində aparan xanımın bədii təxəyyüldən yox, həyatdan gələn obrazlarında əks olunmuşdur".
Nizami Cəfərov onu da deyib ki, əsərdə fəlsəfi baxışlar, ədəbi düşüncələr də yer alır. Akademik onu da deyib ki, yazıçı "Cığır" romanında Şuşaya, ümumən Qarabağa aparan cığırı çox gözəl tərənnüm edib və bu cığırın sonradan Zəfər yoluna çevrildiyini oxucuların diqqətinə çatdırıb: "Ermənilər işğal etdikləri Şuşanın təbiətinə, ruhuna bələd olmadıqları üçün cığırdan da xəbərləri olmur. Şuşaya hücuma hazırlaşan Azərbaycan xüsusi təyinatlılarına bu barədə Nəsrəddin kişi, (Pənahəli xan dövründəki Nəsrəddin kişinin törəmələrindən) məlumat verir və əsgərlər Şuşaya məhz həmin cığırla qalxırlar". Nizami Cəfərov deyib ki, romanın sonluğu, Şuşanın işğaldan azad edilməsi səhnələri xüsusi sənətkarlıq, hətta demək olar ki, eşqlə, vəcdlə işlənilib. Yazıçının təsvir-təfərrüatdan daha çox detallara üstünlük verməsi də buradan irəli gəlir. Roman Ali Baş Komandanın 2020-ci ilin 8 noyabrında dediyi tarixi sözlərlə bitir. "Əziz Şuşa, Sən Azadsan!", "Əziz Şuşa, Biz Qayıtdıq!". O sözlərlə ki, Şuşaya qalxan yalnız azərbaycanlılara məlum cığırı bütün dünyada məşhur, geniş Zəfər Yoluna çevirdi".
Yunus Oğuz yaradıcılığı, onun yazdığı tarixi romanlar, əsərlərin təkcə Azərbaycanda deyil, eyni zamanda ölkədən xaricdə də geniş yayıldığını, ayrı-ayrı dillərə tərcümə edildiyini diqqətə çatdıran Nizami Cəfərov deyib ki, qardaş Türkiyədə də Yunus Oğuz yaradıcılığı diqqət və maraqla izlənilir. O bildirib ki, indiyə qədər Yunus Oğuzun bir çox romanları, əsərləri Hüseyn Adıgözəl tərəfindən Türkiyə türkcəsinə uyğunlaşdırılaraq qardaş ölkədə çap edilib. Nizami Cəfərov müəllifin "Cığır" romanının da türkiyəli dostlarımız tərəfindən Türkiyə türkcəsinə də uyğunlaşdırılaraq çap olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Nizami Cəfərov Yunus Oğuz yaradıcılığına olan həm daxili, həm də xarici marağı onunla əlaqələndirib ki, o həm keyfiyyətli, həm də məhsuldar işləyir.
Elnarə Qaragözova: ""Cığır" yeni dövrün ən gözəl nümunəvi romanıdır"
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Elnarə Qaragözova deyib ki, ədəbi mühitdə gedən proseslərə, tendensiyalara nəzər saldıqda Vətən müharibəsindən sonrakı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeni etapının başlandığını əminliklə qeyd edə bilərik. Onun sözlərinə görə, bu tendensiya müstəqillik dövrü ədəbiyyatının əsas mövzularından biri olan Qarabağ mövzusunun tam fərqli rakursda işıqlandırılmasının faktoloji əsaslarının yaranması ilə bağlıdır: "44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatması XXI əsrin müharibəsi və XXI əsrin hərbi-siyasi liderinin dünyada qəbul olunması kimi xalqımız üçün önəmli olan, vətənimizin nəinki müasir, hətta yüzillər sonrakı taleyini müsbət yöndə dəyişdirən hadisələrin ədəbiyyatımızda əksini tapması bu etapın əsas xüsusiyyətidir. Bu kontekstdə Zəfərimizin simvolu olan və gələcəkdə qələbəmizin arxetipik obrazına çevriləcək olan Şuşa şəhərinin 270 illik yubileyi ilə bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi ədəbiyyatın qarşısında yeni kontekstdə, yeni reallıqda, yeni mövzu ilə bağlı məsuliyyətli vəzifələr qoyur. Daim tarixi roman janrı ilə bağlı intensiv yaradıcılıq axtarışlarında olan Yunus Oğuzun Şuşa şəhərinin inşa olunmasının 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr edilmiş yeni romanı -"Cığır" məhz bu vəzifələrin həlli baxımından ədəbiyyatımız üçün böyük önəm kəsb edir". Elnarə Qaragözova deyib ki, "Cığır" romanında hadisələr 3 zaman kəsiyində təqdim edilir: "Şuşanın inşa olunduğu XVIII əsrin ortaları, Şuşanın işğal olunduğu 1992-ci il və Şuşanın azad olunduğu 2020-ci il. XVIII əsrin ortalarında coban Nəsrəddinin Pənahəli xana göstərdiyi gizli cığır Şuşanın inşası üçün əsas rol oynayır. Pənahəli xanın göstərişi ilə Nəsrəddin kişinin oğlu Murad, daha sonra isə nəslin digər nümayəndələri bu cığırın sirrini nəsildən-nəsilə keçirərək qoruyurlar. "Nəsrəddin cığırı" tarix boyu Şuşanın qorunmasında, düşmənə zərbə vurulmasında mühüm rol oynayır". Natiq qeyd edib ki, Məhəmmədhəsən xanın Şuşaya hücumu zamanı Muradın gizli dəstəsi, 1992-ci ildə Milli Qəhrəman Ramiz Qəmbərovun rəhbərlik etdiyi Şuşa özünümüdafiə batalyonu məhz bu cığır vasitəsilə düşmənə sarsıdıcı zərbələr vurur. 44 günlük Vətən müharibəsi dövründə Şuşanın 28 il ərzində tapa bilmədikləri Pənahəli xandan yadigar sirrini, heç bir xəritədə əks olunmayan cığırın varlığını məhz Pənahəli xanın mühafizə rəhbəri qəhrəman Muradın nəslinin sonuncu nümayəndəsi olan 70 yaşlı Nəsrəddin Murad dövlət orqanlarına bildirir. Yunus Oğuz "Cığrı" da daha öncəki tarixi romanlardan oxucuya tanış olan Murad obrazını yeni strixlərlə təqdim edir. Yazıçı romanda çoban Nəsrəddinin Səfəvi xanədanı ilə bağlılığını dilə gətirməklə onun nəslinin Azərbaycan dövlətiçiliyinin qorunmasındakı rolunun, cığırın qoruyucusu olmasının təsadüfi olmadığını vurğulayır. Maraqlıdır ki, hər üç tarixi dövrdə cığırdan istifadə edən "kölgə döyüşçülər" düşməni eyni üsulla, xəncərlə (biçaqla) boğazlarını kəsərək zərərsizləşdirirlər. Bu faktla yazıçı yalnız Muradın daşıdığı sirrin deyil, "kölgə əsgər" taktikasının da hərbi-tarixi ənənə formatında ötürülməsini göstərir". Elnarə Qaragözova deyib ki, Tovuz döyüşlərinin aurası, dövlətin xalq və Vətən sevdası, xalqın Vətən və dövlət eşqi romanda gerçəkliyin bədii boyalarla əksinin ən gözəl nümunəsi kimi diqqəti cəlb edir: "Koronavirusla mübarizə fonunda xarici dövlətlərin təzyiqləri altında Ali Baş Komandan Azərbaycan üçün yeni cığır açır, sentyabrda isə "Dəmir Yumruq" işə düşərək bu cığırı 44 gün ərzində Zəfər yoluna çevirir".
Natiq hesab edir ki, Yunus Oğuzun bu romanı yeni dövr Azərbaycan ədəbiyyatının əsərlərindəndir və "Cığır" yeni dövrün ən gözəl nümunəvi romanıdır: "Artıq ədəbiyyat tarixi zəfəri cəmiyyətə təqdim etməyə başlayıb və müxtəlif əsərlər, romanlar yazılır, işıq üzü görür. Bu baxımdan "Cığır" romanı mühüm əhəmiyyət kəsb edir". Elnarə Qaragözova onu da diqqətə çatdırıb ki, əsərdə həm erməni, həm də Azərbaycan dövlət xadimlərinin obrazları realist boyalarla təsvir edilib: "Ali Baş Komandan İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın, general-mayor Polad Həşimovun, millət vəkili Qənirə Paşayevanın, Prezidentin köməkçisi Hikmət Hacıyevin, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin və digərlərininn parlaq obrazları oxucuda nə qədər rəğbət doğurursa, Ermənistanın baş naziri Nikol Paşinyanın, Anna Akopyanın, Tonoyanın, Ter-Petrosyanın, Zori Balayanın obrazları bir o qədər ikrah və nifrət yaradır". Natiq sonda onu da qeyd edib ki, yazıçı əsərdə Türk ruhunu da ortaya qoyur, Türkün gücünü oxucularına, dünyaya çatdırır: "Əmir Teymurun əsrlər öncə söylədiyi "Mənim xalqım da, ordum da bir yumruqdur. Hara yönəltsəm ora gedəcək" sözləri XXI əsrdə Azərbaycan lideri İlham Əliyevin timsalında, "Dəmir Yumruq" formatında türkün qüdrətini bir daha dünyaya hayqırır. Romanda türk ruhu, türk birliyi zəfərin təminatçısına çevrilir. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin qardaşlıq və dostluq münasibətləri fonunda dünya tərəfindən sərlərlə qarşısı alınan türk birliyinin təntənəsi canlandırılır. Faktiki-tarixi materialı bədii mətnlə üzvi şəkildə məharətlə birləşdirərək 44 günlük müharibənin canlı mənzərəsini yaradan Yunus Oğuz bu əsəri ilə oxucuya həmin zaman kəsiyinin aurasını, qələbə və zəfər sevincini, Şuşa qürurunu yenidən yaşadır".
Azərbaycan Yazıçılar Birliyinin sədrinin birinci müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Yunus Oğuzun yaradıcılığı, xüsusilə son illərdəki fəaliyyətini xüsusi qeyd edib və bildirib ki, yazıçı kifayət qədər məhsuldar işləyərək Azərbaycan oxucularına dəyərli əsərlər, tarixi romanlar bəxş edir. Rəşad Məcid Yunus Oğuzun daimi oxucularından birinin onun anası olduğunu da söyləyib: "Yunus Oğuzun yazdığı əsərlər, tarixi romanların ilk oxucularından biri mənim anamdır. Adətən onun işıq üzü görən kitablarını anam oxuyur, öz münasibətini mənə bildirir. Mən də anamın həmin əsərə, kitaba olan münasibətini Yunus Oğuza çatdırıram. Sonuncu romanı da anam oxuyub bir xeyli tərif etdi". Rəşad Məcid qeyd edib ki, bu kimi kitablar, tarixi əsərlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini hesab edir ki, bu kimi tarixi romanlar, kitablar nə qədər çox çap edilsə, gənclərimiz də bir o qədər vətənpərvər olar, dövlətə, Vətənə məhəbbət hissi onlarda daha çox formalaşar. Rəşad Məcid də qeyd edib ki, Yunus Oğuz yaradıcılığına təkcə Azərbaycanda deyil, eləcə də ondan kənarda, xüsusilə Türkiyədə böyük diqqət var. O, indiyə qədər Yunus Oğuzun bir neçə kitabının Türkiyədə çap edilməsini bu marağın, diqqətin bariz nümunəsi kimi xarakterizə edib. Sonda AYB-nin sədr müavini Yunus Oğuza yeni yaradıcılıq uğurları arzulayıb.
Mehmet Nuri Parmaksız: "Yunus Oğuz türk dünyası sevdalısıdır"
"Cığır" romanının Türkiyə türkcəsinə çapını reallaşdıran Mehmet Nuri Parmaksız Yunus Oğuz yaradıcılığından söz açıb. Bildirib ki, Yunus Oğuz bir türk tarixçisi və tarixi roman yazarıdır. O bildirib ki, Türkiyə sərhədləri xaricində ən çox əsərləri Türkiyədə, Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap olunan Azərbaycan, Türk yazarıdır. Mehmet Nuri Parmaksız bu illər ərzində Yunus Oğuzun bir sıra əsərlərinin Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap edildiyini diqqətə çatdırıb: "Yunus Oğuzun bütün əsərlərində ana mövzu Türk millətidir. Yunus Oğuz türk dünyası sevdalısıdır. Onun üçün maddiyyat əsas deyil. Əsas dövlət, xalq, türk dünyasıdır".
Mehmet Nuri Parmaksız çıxışında Şuşanın və romanın əhəmiyyətlindən də danışıb. Bildirib ki, romanda onun diqqətini çəkən bir neçə qəhrəman var: "Romanda adları keçən və cığırın sirrini açan şuşalı Nəsrəddin Murad, şəhid ərinin tabutunu çiyinlərində daşıyan Narıngül, təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürən Hikmət baba, 3 oğlunu müharibəyə yola salan Gülbaba kişi, gözləri mərmidən ovulub tökülsə də silahdaşını çiynində daşıyan kəşfiyyatçı Kamran, ayaqları Qubadlıda basdırılan Camal və s. real qəhrəmanlardır".
Mehmet Nuri Parmaksız əmin olduğunu bildirib ki, Qarabağa, Şuşaya açılan bu cığır qısa vaxtda Zəngəzur yoluna istiqamət götürəcək. Natiq erməni vəhşiliyi, terrorizmi və separatizmindən bəhs edən daha çox kitabların yazılıb işıq üzü görməsi, dünyaya yayılmasını zəruri hesab edib. Bildirib ki, ermənilər dünyanın müxtəlif ölkələrində öz yalanlarını yayırlar: "Biz də çalışmalıyıq ki, bu kimi romanlar müxtəlif dillərə tərcümə edilib yayılsın. Biz bir olduğumuz müddətcə kimsə bizə yalnış gözlə baxa bilməz".
Mehmet Nuri Parmaksız onu da iştirakçıların diqqətinə çatdırıb ki, indiyə qədər Qarabağ uğrunda çalışdıq və bundan sonra da çalışacağıq: "Bundan sonrakı fəaliyyətlərimiz də Qarabağın bərpası və türk dünyasının daha da möhkəmlənməsi, inkişaf etməsi istiqamətində olmalıdır".
Yazıçı Elçin Hüseynbəyli də "Cığır" romanının kifayət qədər zəngin olduğunu deyib, romanda həm tarixilik, həm də müasirliyin əks olunduğunu diqqətə çatdırıb. O bildirib ki, bu kimi romanlar tarixilik, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından önəmlidir: "Yunus Oğuzun tarixi romanları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun əsərləri bir qayda olaraq gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onların vətənpərvər böyüməsində mühüm rol oynayır". Elçin Hüseynbəyli Yunus Oğuza yeni yaradıcılıq uğurları diləyib, yeni-yeni sanballı, cəmiyyəti, xüsusilə gənclərimizi maarifləndirə biləcək əsərlər yazıb ərsəyə gətirməyi arzulayıb.
Vaqif Yusifli: "Azərbaycanın tarixi romanları içərisində Yunus Oğuzun öz cığırı var"
Filologiya elmləri doktoru, professor Vaqif Yusifli deyib ki, Yunus Oğuzun bütün romanlarında tarixilik özünü göstərir: "Tarixi romanlarında tarixi şəxsiyyətləri doğru- düzgün formada təqdim edən Yunus Oğuz "Cığır" romanında da buna sadiq qalır. Yunus Oğuzun romanlarında tarixiliklə müasirlik vəhdət təşkil edir". Vaqif Yusiflinin sözlərinə görə, romanda ayrı-ayrı səhnələr var ki, orada qəhrəmanlar ən yüksək səviyyədə təqdim edilir. Professor sonda onu da qeyd edib ki, Azərbaycanın tarixi romanları içərisində Yunus Oğuzun öz cığırı var.
"Xalq" qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Əflatun Amaşov Yunus Oğuzun zəngin yaradıcılığa malik olduğunu deyib. Onun əsərlərinin qardaş ölkədə çap edilməsini alqışlayan Əflatun Amaşov bu istiqamətdə digər yazarların da fəallıq nümayiş etdirməsini, öz əsərlərini xarici ölkələrdə çap etdirib yaymalarını məqsəduyğun hesab edib: "Yaxşı olardı ki, Azərbaycanın digər yazıçı və şairlərinin əsərləri də Türkiyə türkcəsinə çevrilərək işıq üzü görsün. Eyni zamanda qardaş ölkənin imkanlarından istifadə edilərək həmin əsərlər dünyaya çatdırılsın. Bununla yazarlarımız dünyaya çıxış əldə edə bilərlər".
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı Yəhya Babanlı Yunus Oğuzun "Cığır" romanını olduqca unikal və milli dövlətçiliyimiz baxımından əhəmiyyətli hesab edib. Onun sözlərinə görə, Yunus Oğuz artıq ölkə miqyaslı yazıçı çərçivəsindən çıxaraq dünya miqyaslı bir yazara çevrilib: "Yunus Oğuz artıq dünya azərbaycanlılarının oxucusuna çevrilib". Yəhya Babanlı da "Cığır" romanının gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə müsbət təsirlərindən danışıb: "Yunus Oğuzun əsəri ona görə olduqca uğurludur ki, gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə hesablanıb. Belə əsərlərin yazılması gənclərin vətənpərvər ruhda böyüməsi baxımından çox önəmlidir".
Azərbaycan Yazıçılar Birliyinin üzvü Fəxrəddin Teyyub kitabın məziyyətlərindən, onun gənclərin vətənpərvər ruhda tərbiyə olunmasındakı rolundan, eləcə də Yunus Oğuz yaradıcılığından danışıb. O, Yunus Oğuzun bütün romanlarında, əsərlərində Azərbaycan tarixinin məşhur sərkərdələri, qəhrəmanlarının öz layiqli yerini tapdığını, müsbət obrazlarının xalqa çatdırıldığını dilə gətirib. "Yunus Oğuz mənim üçün şəxsiyyətdir. Onun çığırı artıq yola çevrilib. Həm də bu yol artıq Dünya azərbaycanlılarının yoludur".
Sonda çıxış edən müəllif təqdimat mərasiminə təşrif buyuran hər kəsə öz dərin minnətdarlığını bildirib. Roman yazmağın heç də asan olmadığını deyən Yunus Oğuz deyib ki, roman yazmaq həm də belə demək mümkünsə bir xəstəlikdir: "Onun içinə girdinsə oranı tərk edə bilmirsən. Gərək davam edəsən". İndiyə qədər bir çox tarixi romanlarının işıq üzü gördüyünü diqqətə çatdıran yazıçı onların bir çoxunun xarici dillərdə də çap edildiyini, Orta Asiya respublikaları, qardaş Türkiyədə oxucuların ixtiyarına verildiyini iştirakçıların diqqətinə çatdırıb. Yunus Oğuz hələlik yazmağa davam edəcəyini, oxucuları üçün yeni əsərlər yazacağını vurğulayıb. Sonda iştirakçılara müəllifin "Cığır" romanı təqdim edilib, xatirə çəkili çəkdirilib.
Qeyd edək ki, tədbirdə həmçinin "Cığır" romanının Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap edilmiş variantı da təqdim edilib.
Dövlət Teatr Muzeyinin “Cənnətim Qarabağ” rubrikasında bu dəfə Əbülfət Əliyev
“Şuşa İli” ilə əlaqədar olaraq Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.
“Ədəbiyyat və incəsənət” portalı muzeyin AzərTAC-a unvanladığı məlumata ustinadən bildirir ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycanın muğam və sənət beşiyi sayılan Şuşanın musiqi mədəniyyətimizə bəxş etdiyi görkəmli sənətkarlarından biri, Xalq artisti Əbülfət Əliyevə həsr olunub.
Əbülfət Əsəd oğlu Əliyev 1926-cı il dekabr ayının 30-da Qafqazın konservatoriyası adlandırılan Şuşa şəhərində çox zəngin bir ailədə anadan olub. XX əsrin 30-cu illərində, o, hələ körpə ikən, ailə bolşevik rejiminin qurbanı olur və ata-babadan miras qalan bütün əmlakını itirir. Bu da onların maddi vəziyyətini ağırlaşdırır. Baş verənlərdən olduqca sarsılan atası Əsəd kişinin erkən və qəfil ölümündən sonra bütün öhdəlik anası Mülayim xanımın çiyinlərinə yüklənir. O, ailəsini dolandırmaq üçün Füzuli rayonunda yaşayan qohumlarına sığınır. Dərzilik etməklə az-çox tələbatlarını ödəməyə çalışan Mülayim xanım vaxtı yetəndə övladlarını elə oradakı kənd məktəbinə yollayır. Dörd il ötdükdən sonra ailə köç edib Ağdamda məskunlaşdığı üçün balaca Əbülfət təhsilini buradakı şəhər məktəbində davam etdirir. Musiqiyə həvəsi də həmin vaxtda yaranır. O dövrdə Qarabağda elə bir əbədi mühit mövcud idi ki, ilin müxtəlif vaxtlarında burada şənliklər, toylar, yığıncaqlar təşkil edilər, elin tanınmış aşıqları, xanəndələri, musiqiçiləri bir yerə yığışar, çalıb oxuyardılar. Əbülfətin uşaqlığı da Seyid Şuşinskinin, Xan Şuşinskinin, Musa Şuşinskinin iştirak etdiyi belə məclislərdə keçərdi. Beləcə onların bənzərsiz ifalarına usanmadan qulaq asan balaca Əbülfətin xanəndə olmaq arzusu günbəgün artır. Dövr yetişir, o, Ağdamda Xan Şuşinskinin rəhbərliyi altında açılmış muğam sinfinə yazılır. Daha sonra isə Bahadır Mehralı oğlundan dərs alaraq xanəndəlik sənətinin sirlərini öyrənir. Xoş avazı ilə qısa bir zamanda hər kəsin diqqətini özünə çəkir. Onun oxuduğu “Ay bülbüllər”, “Kimə yalvarım”, “Uca barıdan aşaram mən”, “Uca dağlar” kimi mahnıları musiqisevərlərin ruhunu oxşayır. Bundan sonra o, tarzən Məşədi Nəriman və kamançaçı Elman Bədəlovla birgə Qarabağ toylarına dəvət alır, bu məclislərdə segah oxumaları ilə dinləyənləri səsinə valeh edir. Çox keçmir ki, bu istedadlı gəncin səs-sorağı bütün ölkəyə yayılır və o, Bakıdan dəvət alır. Bir müddət radioda solist işlədikdən sonra Azərbaycan Dövlət Filarmoniyasının səhnəsinə bir xanəndə kimi qədəm basır. O, burada dövrün tanınmış səhnə ustaları - Zülfü Adıgözəlov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Bülbül, Hüseynağa Hacıbababəyov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov, Yavər Kələntərli və s. sənətkarlarla birlikdə konsertlər verir.
Ə.Əliyevin xanəndə kimi yaradıcılığına nəzər salsaq, onun zəngin repertuarında “Şuşanın dağları”, “Dinə bilmədim”, “Bu qala, daşlı qala”, “Ay Pəri”, “Endim bulaq başına”, “Bülbüllər gəzər bağı”, “Tel nazik”, “Saçları burma”, “Gəl-gəl”, “Xal yanağında”, “Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısının yer aldığını görərik.
Ə. Əliyev həm də opera səhnəmizin çox sevilən və təqdirəlayiq sənətkarlarından biri olub. Uzun müddət Opera və Balet Teatrında çalışan xanəndə bu sənət ocağının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib”, Müslüm Maqomayevin “Şah İsmayıl” operalarında Məcnun, Kərəm, Qərib, Şah İsmayıl və s. partiyaları məharətlə ifa edib. Hər kəsə məlumdur ki, səhnəmizdə Məcnun obrazını yaradan hər bir xanəndənin ifası özünəməxsus olub. Ə.Əliyev də teatr tariximizdə bu rolun ən yaxşı ifaçılarından biri kimi qalıb. O, muğam üstə ürəkdağlayan avazı, aydın tələffüz etdiyi qəzəlləri ilə Məcnunun Leyli həsrətini və iztirablarını tamaşaçıya bütün səmimiyyəti ilə çatdıra bilirdi. 1957-ci ildə lentə alınan “Leyli və Məcnun” radiomontajında Ə.Əliyevin Məcnun obrazındakı ifası bizə bu sənətkarın istedadının hüsnünü çatdıra biləcək lent yazılarındandır.
Təsadüfi deyil ki, görkəmli xanəndənin şöhrəti Azərbaycanın hüdudlarını aşaraq İrana, Misirə, Hindistana, Rusiyaya, Almaniyaya, Kanadaya və başqa ölkələrə də yayılıb. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası isə ümumittifaq radiosu ilə yayımlanıb. O, milli musiqimizin inkişafındakı xidmətlərinə görə 1958-ci ildə Əməkdar artist, 1964-cü ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
Yaradıcılığı boyunca Azərbaycan incəsənətini layiqincə təbliğ və təmsil edən Əbülfət Əliyev 1990-cı il dekabrın 27-də Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.