Super User

Super User

 

Türkiyədə - İstanbul Universitetində TÜRKSOY-un təşkilatçılığı ilə  Əhməd Baytursunoğlunun 150 illik yubileyinə həsr olunmuş “Əhməd Baytürsünoğlu və türk sivilizasiyası” adlı elmi konfrans keçirilib. Konfransda  TÜRKSOY-un  Baş Katibi  Sultan Rayev, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Qazaxıstanın və türkdilli ölkələrin  diplomatik korpusunun nümayəndələri, İstanbul Universitetinin rektoru Mahmud Ağ, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızstan və Türkiyədən gələn türkoloqlar və alimlər  iştirak ediblər.

“Ədəbiyyat və incəsənət” portalına Beynəlxalq Türk Akademiyasından daxil olan məlumata görə, akademiyanın prezidenti səlahiyyətlərini icra edən vitse-prezident Füzuli Məcidli Əhməd Baytürsünoğlunun türk dünyasının dövlətçilik və siyasi sisteminin inkişafında apardığı islahatlardan, türk dünyasının mənəvi aləminin zənginləşməsində onun əsərlərinin rolundan, qazax dilinin qorunması naminə apardığı mübarizədən, eləcə də liderlik xüsusiyyətlərindən danışıb.  O, qeyd edib ki, Əhməd Baytursunoğlu Alaş Orda hökumətində işləməklə bərabər, həm də  Türk dünyasının birləşməsi ideyasının və Türküstan ideyasının yayılması üçün böyük töhvələr verib.  Onun  Türk Birliyinin yaranması üçün mübarizəsindəki baxışları və ideayaları Başqırdıstanın lideri Zəki Validi Toğanın, Azərbaycanın siyasi və dövlət xadimi Məmməd Əmin Rəsulzadənin ideyaları və fikirlkəri ilə üst-üstə düşüb. O həmçinin qırğız ziyalıları və xalqı ilə çiyin-çiyinə işləyib. Türk millətinin parlaq nümayəndələri İşanalı Arbayevin, Qasım Tınıstanovun , Qalımcan İbrahimovun yaxın silahdaşı olub.

TÜRKSOY-un sədri  Sultan Rayev də öz çıxışında Əhməd Baytursunoğlunun  Türk dünyasının Birliyi üçün yazıb qoyduğu, həyata keçirə bilmədiyi ideyalarının bu gün də əhəmiyyətli olduğunu bildirib.

Konfrans çərçivəsində  Beynəlxalq Türk Akademiyasının  dəstəyi ilə çap olunan araşdırmaçı alim Reyhan İmaxanbetanın “Əsrin adamı” və “Əhməd Baytursunoğlu. Seçilmiş əsərləri” (qazax, türk, ingilis, rus dillərində)  kitablarının təqdimatı olub . Əhməd Baytursunoğlunun həyat və yaradıcılığından bəhs edən  kitab sərgisi və “Qazax sivilizasiyası və Əhməd Baytursunoğlu” video çarxı də qonaqlar tərəfindən maraqla qarşılanıb.  

 

 

 

5 il əvvəl yazdığım bu şeiri paylaşıram. Böyük şairimiz Vaqif Bayatlı Odər bu şeiri o vaxt "Ədəbiyyat qəzeti"ndə oxuyandan sonra mənə zəng vurub təşəkkür etmişdi... Siz də baxın, görün, bəyənirsinizmi? 

Tural Turan

 

*

 

Səndən əvvəl daşlar gəlin köçmüşdü bu evə,

səndən sonra mamır uzaqlıqlar böyütdü

bu daxmanın pəncərələri...

Kaş bu evin güzgüsünü də aparaydın;

bələyəydin, böyüdəydin...

toxuyaydın ayrılığın xalçasına ilmə kimi...

 

...Qayıt, əlindən tut

            ayaqları keyimiş məhəccərlərin,

qayıt, qadınsız yaşaya bilmir

            bu evin döşəməsi.

Sən gedəli tavanlar iməkləyir

            döşəmənin üstündə.

 

Üşüməsin deyə ayaq izlərini

bir cüt coraba büküb cibimə atmışam.

Ciblərim bələk olub ayaq izlərinə...

Qayıt, özün yürgələ ayaq izlərini.

 

Qayıt, beşiyində boğ,

böyüməsin üç yaşlı çarpayı tənhalığı...

...Sən gedəli bu evin divarları da

daş-daş göz yaşları tökür, qayıt...

 

“Macar-Turan” Beynəlxalq Fondunun sədri Andraş Biro Qazaxıstana səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Andraş Biro Beynəlxalq Türk Akademiyasında qurumun işi ilə yaxından tanış olub. A.Biro Türk Muzeyi və Kitabxanasını ziyarət edib və burada qiymətli eksponatlar, eləcə də İştvan Konqur Mandokanın şəxsi kitab fondu ilə tanış olub.

F.Məcidli Macarıstanda ənənəvi olaraq A.Bironun rəhbərliyi ilə keçirilən qurultayın macar və türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətini qeyd edib. F.Məcidli Türk Akademiyasının bütün türk dünyasında elmi davamlılığın və mədəni əlaqələrin əsasını təşkil edən macar alimlərinin əsərlərinin təbliği istiqamətində gördüyü işləri diqqətə çatdırıb. Bundan əlavə, o, Macarıstan tərəfini türkşünaslıq və antropologiya sahəsində sıx əməkdaşlığa çağırıb.

Andaş Biro Türk Akademiyasının ölkələrin ortaq irsinin öyrənilməsi, xalqların qardaşlığının artırılması sahəsində fəaliyyətini yüksək qiymətləndirib. O, elmi əməkdaşlığı inkişaf etdirməyə və bundan sonra birgə layihələr həyata keçirməyə hazır olduğunu bildirib. Bundan əlavə, A.Biro Türk Akademiyasına “Macar-Turan” Beynəlxalq Fondu ilə birlikdə dekabr ayında Budapeştdə Kutluq-Kaqana həsr olunmuş sərgi təşkil etməyi təklif edib.

Görüşün sonunda F.Məcidli “Macar-Turan” Beynəlxalq Fondunun sədrinə təşəkkürünü bildirib, ona akademiyanın antropologiya sahəsində çap olunmuş qiymətli kitablarını təqdim edib. Macarıstan 2018-ci ildə Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alıb və türk dünyasının əməkdaşlıq institutlarında bu statusu alan ilk ölkə olub.

Qeyd edək ki, bu il Macarıstanın Buqats bölgəsində Hun-Türk xalqlarının 7-ci Beynəlxalq Qurultayında Beynəlxalq Türk Akademiyası ilə “Macar-Turan” Beynəlxalq Fondu arasında qarşılıqlı tərəfdaşlığın daha da gücləndirilməsinə dair memorandum imzalanıb

 

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Sara Qədimovanın 100 illiyinə həsr olunmuş konsert təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertdə bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında xanəndənin repertuarından mahnılar səsləndiriləcək. Konsertin musiqi rəhbəri Mahir Ordubadidir.

Qeyd edək ki, Sara Qədimova geniş diapazonlu, şirin, məlahətli və ecazkar səsi ilə uzun illər milyonlarla insana sevinc bəxş edib. Görkəmli sənətkar muğamın dərinliyinə, zənginliyinə nüfuz edərək onun ilkinliyini, saflığını göz bəbəyi kimi qoruyub. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu “Şəfqət bacısı” mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib. Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq. Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb. Görkəmli sənətkar 2005-ci il mayın 12-də dünyasını dəyişib.

 

Türk dünyası anlamı günümüzün bir trendinə çevrilib. Bu, alqışlanası haldır.  Növbəti fakt: Azərbaycanın iştirakı ilə noyabrın 1-də Türkiyənin Bursa şəhərində “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalının açılışı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanın “Həyat, deyəsən, gözəldir” və “Dalan” filmlərinin müsabiqələrdə iştirakı təsdiqlənib. Bundan başqa, müsabiqədən kənar “Dəli Kür” (bərpa olunmuş versiya) və “Otel otağı” filmləri kinosevərlərin görüşündə olacaq.

“Qorqud Ata” Türk Dünyası Film Festivalında münsiflər heyətində tanınmış rejissorlar Elxan Cəfərov və Mehriban Ələkbərzadə yer alırlar.

Festivalın bağlanış mərasimi noyabrın 5-də nəzərdə tutulub. Qalib həmin gün  filmlər mükafatlandırılacaq. Ən azından, “Dalan” filminin pyedestalda olacağına inanırıq.

 

“Ədəbiyyat və incəsənət” portalının poçtuna Güney Azərbaycandan məktub gəlib. Oxucumuz Kamil Qəhrəmanoğlu yazır:

 

“Salamlar və uğurlar olsun, əziz Azərbaycanın ədəbiyyat və kültur xadimlərini bir araya toplayan böyük «Ədəbiyyat və incəsənət» dərgisinə, bu dərgidə çalişanlara .  Bəli, Cənubi Azərbaycandan - Savalan ətəyindən sizlərə dərin sayğılarım vardır.  Bəli, bir neçə "çağdaş şeir" göndərirəm xidmətinizə, umuram, işıq üzü görsün. Sayğılarla: Kamil Qəhrəmanoğlu”.

 

 

İki qara atdı gözlərin ...

 

İki intihar

iki kodeta

iki oğlan cəsədi 

iki yaslı gəlin

gözlərinin boyası mor

«büpal»in səmli buludu

«süysü» fac əsi

«Çernobıl»ın atom partlayışı

iki də qalib gözlərin

iki qarğa qoxulu qara üzüm

iki qara bayram

iki edam ağacı

iki bombalanmış gəraylı

iki salam əleyk...

uçə gəlmir gözlərin, köhlən gözlücəm!

gedir məni gözlərin

çapir mənim payiz kefimi

aşır Təbriz qatarımı

köçür dudağimi

uçur kəndimi... 

Çənlibeli gözlərindən taniram, eyyy dəli gözlücəm!

ey… Koroğlünün Nigar qəzəbi!

zakasam Afrika gözlərinə

şabaşam «Bakı» əllərinə

«yaman cana sinərdi» gözlərin!

gözlərin Quran, nəhculblağə

qana bələnmiş günah…h…h…h

savablı üsyan

gözlərin dünyanin qan soranlari dı

gözlərin Hitler

Corc dəbliov Buşdu gözlərin

Səddam Hüseyn

dünyanin ikinci savaşinin banisi

Hiroşimanın atomu

Vərziqanin zəlzələsi

və... Kamilin şeiri

“Neskafe” içirəm səni gözlərinə

vəlzzalin əllərinə

əlhəmdi gülüşlərinə

subhan allah gözlərinə... aaaaheyiy…

günəş dabanindan sü içir

haci gilanar gözlərindən və … …

 

dodağın «Bakı»da bir şəhid qanı

əllərin istiyə salmiş «Müğanı»

batiribdi qana “«Azərbaycanı»

«klibər» saçlarin

«Təbriz”» gözlərin… 

 

 

 

Bu cumhüri yaramda...

 

çürüyüb süyüd hülüsü

ah ... bü cumhüri yaramda

yarali körpə ölüsü

ah ... bü cumhüri yaramda

 

 

toydü məndə kifir tan-tan

ağlaşır bütün türkistan

diksinir iki qəbristan

ah ... bü cumhüri yaramda

 

 

yarami sərmişlər dara

itdi hürür məndə yara

hürə-hürə bü cumhüra !

ah ... bü cumhüri yaramda

 

 

borda bir maral quzusu

hi görür tüfəng yuxusu

gözləri ölü quyusu

ah ... bü cəmhüri yaramda

 

  

 

Bazar ertəsi "Forbe"s jurnalının versiyasına görə son bir ildə ən çox həyatda olmayan məşhurların siyahısı dərc olunub. “Ədəbiyyat və incəsənət” portalı nəşrə istinadən xəbər verir ki, siyahıda birinci yerdə İngilis yazıçısı və filoloqu Riçard Con Tolkien (1892-1973) gedir. 

 

Qeyd edək ki, “Forbes"in reytinqinə 1 noyabr 2021-ci ildən bu ilin 30 oktyabrına qədər mirası ən çox gəlir gətirən 13 mərhum tanınmış sima daxil edilib. Hesablamalara satışdan əldə edilən mənfəət, axın platformalarında dinləmə, lisenziya sövdələşmələrinin bağlanması və s. aid olunub.

Siyahıya daxil olan bütün məşhurlar ümumilikdə 1,6 milyard dollardan çox pul "qazanıblar" ki, bu da ötən ilin göstəricilərindən 72% çoxdur. Bu, "Forbes"in analoji reytinqləri tərtib etməyə başladığı 2001-ci ildən bəri ən əhəmiyyətli illik artımdır.

Reytinqdə ikinci yerdə "Coca-Cola"nın "BodyArmor"dakı payının satışından bir il ərzində 400 milyon dollar "qazanmış" amerikalı basketbolçu Kobe Brayant (1978-2020) qərarlaşıb. Üçüncü yeri bir il ərzində sərvəti 250 milyon dollar artıran britaniyalı musiqiçi və aktyor Devid Boui (1947-2016) tutur.

Siyahıda həmçinin, Elvis Presli (1935-1977), Ceyms Braun (1933-2006), Maykl Cekson (1958-2009) kimi şəxslərin də adı var.

Riçard Con Tolkien yəqin bildiniz kimdir, milyonca tirajla çıxan “Üzüklərin hökmdarı” nı yazan yazıçı.

Günün fotosu: Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü nəticəsiz oldu

 

Yeganə o oldu ki, İlham Əliyev və Nikol Paşinyan Vladimir Putinə söz verdilər ki, fikir ayrılığını silah gücüylə həll etməyəcəklər.

 

Foto: Euronews

 

Xalq artisti Əzizə Mustafazadə atası, caz muğamının banisi, görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin məzarını ziyarət edib.

 

“Ədəbiyyat və incəsənət” bizim media-ya istinadən xəbər verir ki, sənətçi atasının ziyarətinə oğlu ilə birgə yollanıb.

Əzizə həmçinin V.Mustafayevin ev muzeyinə də baş çəkib.

Həmin anları isə o, çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Ə.Mustafazadə uzun müddətdir ki Almaniyada yaşayır. Sənətçi Bakıya ötən bazar konsert proqramı ilə çıxış etməkçün  gəlmişdi.

Təbii ki, dünən - noyabrın 1-də Mədəniyyət Nazirliyində baş verənlər gündəmi zəbt etdi. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi, həbs olunanlar var. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əməliyyat nəticəsində ilk olaraq nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov saxlanılıb. Daha sonra nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev nəzarətə götürülüb.

Ən nəhayət, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.

Tutulanlar nədə ittiham olunur, hələ bəlli deyil.

Maraqlı bir xatırlatma edək: mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nin keçirdiyi əməliyyatda saxlanılmışdı və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdi.

Ortada 2 ildə DTX-nın yeni tərkibli Mədəniyyət Nazirliyinə 2 dəfə güzar etməsi faktı dayanır.

Yeri gəlmişkən, DTX tərəfindən hələ heç bir rəsmi açıqlama olmadığı halda mediada Mədəniyyət Nazirliyi və həbs olunanlar haqqında aşağılayıcı məlumatlar yayılır, bizcə bu, etik normalara sığmır. 

Mövzunu gündəmdə saxlayacağıq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.