Super User
“Azərxalça”nın Zəfər Gününə həsr etdiyi “Zəfər” xalça kolleksiyasının təqdimatı olub
“Azərxalça” ASC-nin Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbənin ildönümünə həsr etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsinə müraciət edən yüzlərlə gənc sırasından yalnız 15-i seçmə mərhələni keçərək təlimlərə qatılıb. Bir ay davam edən təlimlər zamanı gənc dizayner və rəssamlar həm yerli, həm də xarici mütəxəssislərlə təcrübələrini bölüşüblər. Təlimlər həm nəzəri, həm də praktik yöndə keçirilib. Həmin kolleksiya artıq hazırdır.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bu sözlər “Azərxalça”nın Zəfər Gününə həsr etdiyi “Zəfər” xalça kolleksiyasının təqdimat mərasimində səslənib.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov rəhbəri olduğu müəssisədə Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarından 17 nəfərin çalışdığını söyləyib. Bildirib ki, tədbirdə, həmçinin “Azərxalça”nın regionlarda yerləşən emalatxanalarında müxtəlif vəzifələrdə çalışan Vətən müharibəsi iştirakçıları, qazi işçiləri də iştirak edirlər.
Bir il əvvəl “Zəfər” adlı xalça müsabiqəsinə start verildiyini deyən Emin Məmmədov bildirib ki, qısa müddətdə müsabiqəyə 60-a yaxın müraciət daxil olub. Münsiflər tərəfindən 15 çeşni seçilib. 15 iştirakçı “Azərxalça”nın bölgələrdəki müəssisələrinə baş çəkib, emalatxanalardakı yaradıcı heyətlə tanış olub, Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya ediblər və Azərbaycanın tanınmış xalçaçı-rəssamı Eldar Mikayılzadədən ustad dərsləri alıblar. Bir ay ərzində müsabiqə iştirakçıları üçün xüsusi təlimlər təşkil olundu. Bu gün isə layihə qaliblərinin adları açıqlandı.
“Toxunan xalçalar müsabiqədən xatirə kimi “Azərxalça”nın nümayiş və sərgi salonunda saxlanılacaq. Gün ərzində xalçalara baxmaq istəyən hər kəs salona baş çəkib rahatlıqla bu sənət əsərlərindən həzz ala bilər. Yaxın zamanlarda qalib olan xalçaların çeşniləri əsasında yeni xalçalar toxunacaq və hər kəs bu xalçaları əldə etmək imkanı qazanacaq”, - deyə Emin Məmmədov əlavə edib.
Sonra kolleksiyaya daxil olan xalçalar haqqında müəlliflərin özləri məlumat veriblər.
Birinci yerin qalibi Fidan İlham toxuduğu “Zəfəri bizə gətirənlər” xalçasının ideyası haqqında danışıb: “Təqdim etdiyim xalçanın əsas elementləri bir-birinə bənd olan Qarabağ atlarıdır. Toxuduğum xalçada Qarabağ atlarının timsalında mübarizlik və döyüşkənlik ştrixlərini əlaqələndirməyə çalışmışam”.
Fidan İlhamın sözlərinə görə, xalça üzərində yaratdığı təsvirdə əsgərlərimizin 44 gün ərzində çiyin-çiyinə döyüşməsi, möhtəşəm həmrəylik nümayiş etdirmələri əksini tapıb. Burada, həmçinin şəhidlərimizin adlarının və soyadlarının baş hərfləri əks olunub. Atların arasında olan boşluqda isə stilizə olunmuş alov elementi var. Bu, Azərbaycanda heç vaxt sönməyəcək ocaq mənasına gəlir. Ən əsası, xalçanın mərkəzində ərəbcə yazılmış “Allah” sözü şəhidlərimizin ən uca zirvəyə, yəni cənnətə ucalmasını göstərir.
İkinci yerin qalibi Aytac Ələkbərlinin yaratdığı “Dəmir yumruq” xalçası da maraqla qarşılanıb.
O, müəllifi olduğu əsər haqqında deyib: “Quranı-Kərim”də Ən-nəhl, yəni Arı surəsi var. Mən hazırladığım xalçada məhsuldar və zəhmətkeş arıları PUA kimi təsvir etmişəm. Xalçadakı buludlar hər zaman səmadan döyüşə hazır vəziyyəti əks etdirir. Ocağı qoruyan əllər isə Şəhidlər xiyabanındakı “Əbədi məşəl”dir. Şölələnən alov şəhidləri unutmamağı və unutdurmayacağımızı simvolizə edir”.
Üçüncü yerin qalibi Təhminə Məmmədova toxuduğu “Dönüş” xalçası haqqında danışıb: “Zəfər” mənim üçün yenilənmək deməkdir. Mən toxuduğum xalçanın dizaynını bu ideyaya əsəsən verdim. Ana haşiyədə alovu buta şəklində stilizə etmişəm. Alovun içində olan ornament döyüşçülərdir. Eyni zamanda, alov təmizlənmə mərhələsinin işarəsidir. Günəbaxan günəşin və məhsuldarlığın simvoludur, yəni torpaqlarımız bizə qayıtdıqdan sonra təbiətimiz dirçəlib. Buludu spiral şəklində stilizə etmişəm ki, bu da inkişaf və hərəkatın simvoludur. Ağacı isə xilaskar və təbii fəlakətlərdən qoruyucu kimi simvollaşdırmışam. Ümumiyyətlə, Azərbaycan xalçaları qədim rəmzlərlə zəngin olduğu üçün mən toxuduğum xalçanı müasir simvollarla zənginləşdirmişəm”.
Xalçaçı Maya İbadlı isə sosial şəbəkələrin nəticələri üzrə qalib seçilib. Müəllif bildirib ki, Azərbaycanın cənnət guşəsi Qarabağa, alınmaz qala olan Şuşaya neçə illik həsrətdən sonra atdığımız addımı “Cənnətə giriş” adlı xalça-kompozisiyasında əks etdirib: “Cənnətə giriş”i öz canları, qanları bahasına bizə Zəfəri bəxş edənlərə həsr edirəm. Bu kompozisiyada öz hisslərimi, duyğularımı, Vətənə olan sevgimi göstərməyə çalışmışam”.
Lüksemburq radiosunda Azərbaycan mədəniyyətindən danışılıb
Lüksemburqun RTL radiosunda Azərbaycanın bu il noyabrın 11-dən 13-dək bu ölkədə keçiriləcək 62-ci beynəlxalq xeyriyyə bazarında təmsil olunmasından danışılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan stendinin təşkilatçıları - Lüksemburqda yaşayan soydaşlarımız Seymur Əhmədov və Samir Məmmədov stend haqqında ətraflı məlumat veriblər. Onlar Azərbaycanın builki beynəlxalq bazarda təqdim edəcəyi məhsullar haqqında danışıb, ölkəmizin şirkətləri tərəfindən təklif olunacaq məhsullardan, şərablardan söz açıblar. Radionun dinləyiciləri Azərbaycan mədəniyyəti, həmçinin ölkəmizin şərab məhsulları barədə məlumatlandırılıb.
Soydaşlarımız əvvəlki illərdə Azərbaycanın Beynəlxalq Bazardan əldə etdiyi gəliri xeyriyyə məqsədilə xərclədiyini bildirib, bu il də əldə olunacaq gəlirin xeyriyyə təşkilatlarına köçürəcəyini diqqətə çatdırıblar.
Bildiriblər ki, bu il Azərbaycan stendinin təşkilinə ölkəmizin Lüksemburqdakı səfirliyi, “Meysəri” və “Azərsun” şirkətləri böyük töhfə veriblər. Qeyd edilib ki, Beynəlxalq Bazar çərçivəsində Azərbaycan stendinin ziyarətçiləri milli mətbəximizin təamlarından da dadmaq imzanı qazanacaqlar.
Azərbaycan Özbəkistanda keçirilən "TASHKENT BOOK FEST – 2022" beynəlxalq kitab festivalında təmsil olunur
Özbəkistan Respublikası Prezidentinin Administrasiyası nəzdində İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi ölkənin müxtəlif nazirlik və komitələrinin dəstəyi ilə 2019-cu ildən “TASHKENT BOOK FEST” Beynəlxalq Kitab Sərgi-Yarmarkasını keçirir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi-yarmarkanın əsas məqsədi kitab və mütaliənin təbliği, mütaliə mədəniyyətinin formalaşdırılması, iştirakçı ölkələrin ədəbi irsinin dəstəklənməsi və inkişaf etdirilməsi, qlobal poliqrafiya sənayesinin təcrübəsinin öyrənilməsi və beynəlxalq əlaqələrin qurulmasıdır.
Açılış mərasimində çıxış edən Özbəkistan Respublikası Prezidentinin Administrasiyası nəzdində İnformasiya və kütləvi kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev ölkədə kitab sənayesinin, mütaliənin inkişafına dövlətinin böyük qayğısı olduğunu qeyd edərək, Daşkənddəki “UzExpo Center” Sərgi Mərkəzində keçirilən tədbirə maraq böyük olmasından məmnunluğunu bildirib. O, Özbəkistan Respublikasının aparıcı kitab sənayesi təşkilatları, mədəniyyət müəssisələri ilə yanaşı, sərgi-yarmarkada Azərbaycan, Türkiyə, Misir, Qazaxıstan, Rusiya, Böyük Britaniya, Belarus, Qırğızıstan dövlətlərinin milli stendinin təşkil olunduğunu qeyd edib.
Qeyd edək ki, bu il 2-4 noyabr tarixlərində keçirilən III “TASHKENT BOOK FEST” Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir.
“UzExpo Center” Sərgi Mərkəzinin görkəmli yerində təşkil olunmuş və daha geniş sahə verilmiş Azərbaycan stendi ölkəmizin milli mədəniyyətinə dair elementlərlə – suvenir, xalçalar, posterlər, bayraqlarımızla bəzədilmiş və stenddə ölkəmizə dair Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan və özbək dillərində nəşrlər yer alır.
Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, Ermənistanın Azərbaycana təcavüzü, işğalçılıq siyasətinə dair nəşrlər, habelə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin təbliği məqsədi ilə milli mədəniyyətimizə dair nəşrlər sərgilənir.
Milli stendimizdə Azərbaycanın dahi mütəfəkkiri Nizami Gəncəvi və Özbək ədəbiyyatının tanınmış şairi Əlişir Nəvainin portretləri, onların Azərbaycan və özbək dillərinə tərcümə olunmuş "Xəmsə"ləri nümayiş etdirilir.
Yeni kitablar olaraq özbək dilində “Kitabi-Dədə Qorqud”, "Azərbaycan və Özbəkistanın atalar sözləri, Mirzə Ələkbər Sabir, Əhməd Cavad, Şah İsmayıl Xətainin əsərləri sərgi iştirakçılarına təqdim olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu il “Şuşa ili” elan olunmasını nəzərə alaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Xurşidbanu Natəvanın özbək dilinə tərcümə edilmiş və yeni çap olunmuş kitabı, habelə özbək müəllif Şuxrat Salamovun "Zəngəzur - Türk dünyasının qapısı" adlı nəşrin sərgi-yarmarkada tanıtım layihəsi keçiriləcək və ictimaiyyətə təqdim olunacaq.
E.Ə.Əliyevin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Elnur Əli oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 noyabr 2022-ci il
İlham Əliyev İran prezidentinin dəvətindən niyə imtina etdi?
"Azərbaycan prezidenti İlham Əliyev İran prezidentinin bu ölkəyə dəvətindən imtina etdi". Bunu "Olaylar"a deyən Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz bildirib ki, bunun üçün səbəblər kifayət qədərdir: " 30 ildir qonşu dövlət Azərbaycanı təhdıd edir; İran Azərbaycana uzun illərdir narkotika ixrac edir; Gənclərimizi xurafata və cahilliyə sürükləyir; otuz ildir Azərbaycanla düşmən olan Ermənistana bütün sahələrdə yardım edib, bir növ nəfəslik rolunu oynayıb və bu hələ də davam edir". MVP sədri əlavə edib ki, 44 günlük müharlbədə də İran Ermənistanın yanında durdu: " 30 ildə bir dəfə demədi ki, BMT-nin qərarları yerinə yetirilsin. İşğal olunan ərazilərin məscidlərində saxlanan donuzların sahiblərinə heç etirazını bildirmədi. Son vaxtlar daha çox əzələ nümayiş etdirməyə başladı. Nəhayət, məsciddə donuz saxlayan ermənilərin baş nazirini Quran kitabı ilə qarşıladı. Davamını gətirmək də olar, amma sadaladıqlarım kifayət qədər əsas verir ki, prezident İran səfərindən imtina etsin".
Yunus Öğuz
3 yaş yarımlıq uşaq 12 gün meşədə tək-tənha yaşadı
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı olduqca maraqlı bir əhvalatı qələmə alıb. Bəzən həyatda əsla inanılmayan hadisələr baş verir. Hər bir hadisəni yüzlərlə digər hadisə şərtləndirir. 3 yaş yarımlıq uşağın 12 gün meşədə - vəhşi heyvanların əhatəsində tək-tənha yaşaması, çəyirtkələrlə, giləmeyvələrlə qidalanıb sağ qalması və nəhayət xilasedicilər tərəfindən aşkar olunması hadisəsini sizlərə nəql edirik.
Bu ilin 26 dekabrında 12 yaşı tamam olacaq Karina balet məktəbində oxuyur, dərs əlaçısıdır. Onunla görüşəndə çalışdım, 8 il öncə yaşadığı inanılmazları yadına salmayım. Amma sən demə, qız o cəhənnəm əzablı 12 günü hələ də unutmayıbmış.
2014-cü ilin avqust ayının əvvəlinə kimi Yakutiyanın Olekminsk rayon mərkəzindən 100 kilometr məsafədə yerləşən Tayqanın ortasında bataqlıqlar və meşələrlə əhatə olunmuş Olom kəndi həqiqətən də kimsənin yadına düşmürdü. Bu kəndin yerli sakinlərinin əksəriyyəti iş və yeni həyat, yeni gün axtarışında kəndi tərk edib getmişdilər. Bir kənd qalmışdı, bir sobasından tüstü çıxmayan boşalmış taxta evlər, bir də ki, bu kəndə yaşayan 8 qoca. Onlar da Tanrınnı ümidinə qalıb ömürlərinin axırını gözləyirdilər.
Nə vaxtsa bu kənd çox böyük kənd olub. Dağılmış yurd yerləri, yol üstündə göyə işarə kimi ucalan tək-tək sərgələr də kəndin uzaq keçmişində burada çoxlu insanların yaşamasından xəbər verirdi. Elə ki qar əridi, yollar açıldı, yazdan payızın əvvəlinə qədər doğmaları gəlib bu qocaları yoxlayır, qış tədarükü üçün ərzaqlarını gətirirdilər.
Olomda nə tibb məntəqəsi, nə poçt, nə də rabitə qovşağı var idi. Kənddə yaşayan əli iş tutan yaşlılar da bir-iki baş mal-qaranın qayğısına qalırdılar. Çünki onların güzəranı bu heyvanlardan asılı idi. Dekabr ayının ortalarında isə torpaq və qar dondumu, şaxtalar çoxaldımı, kənd camaatı göldəki balıqları tutub, yaza qədər bu balıqla qidalanırdılar.
Ot biçini başladığından qocaları unutmayan gənc qohum-əqraba, oğul-uşaq, nəvə-nəticə gəlib ot biçinində iştirak edirdilər.
Talina da üç yaş yarımlıq qızı Karinanı hər il olduğu kimi, yenə nənə və babasının yanına yay tətilinə gətirmişdi. Qara gözləri butaya bənzəyən nəticəni nənə və baba həqiqətən çox sevirdilər. Talinanın babasının əli-ayağı iş tuturdu. Nənəsi isə elə ancaq yemək bişirib, həyət bacada gəzə bilirdi.
Həmin gün iyul ayının 29-da səhər yeməyini yeyib nəvə -bala birlikdə ot biçininə yollandılar. Talina bilirdi ki, yaxın kənddə yaşayan keçmiş əri gəlib qızını öz evinə aparacaq. Karinanın atası ilə görüşməyinə bu evdə kimsə maneçilik yaratmırdı. Günorta atası gəlib Karinayla görüşdü. Uşağı götürüb evinə aparmaq istəyəndə xəbər gəldi ki, yenə ətrafdakı meşələrdə güclü yay yanğını başlayıb. Bütün kəndlərdən kişilər səfərbər olub, meşəni söndürməyə getdilər. Alovu vaxtında söndürməsələr gəlib yaşayış evlərini də ağuşuna alacaqdı. Yüz illərdir ki, Tayqa meşələri belədir. İsti yayda yanğın başlayır, günahsız və dilsiz-ağızsız heyvanlar, boy-boy ağaclar yanıb külə dönür. Bəzən isə bu dəli yanğın alov-alov kəndlərə, mal tövlələrinə keçib, insanların illər boyu yığdığı, qurduğu təsərrüfatlarını, evlərini külə döndərir. Maraqlı orasıdır ki, təbii fəlakətlə üzləşən şaman inanclı Tayqa insanları təbiətin yanğın müharibəsinə, Tanrının Yerə göndərdiyi qəza kimi baxır, bunu qanunauyğunluq kimi qəbul edirlər. Nə Tanrıya, nə Tayqaya, nə də Günəşə asi olmurlar. Belə dəli alovların söndürülməsi bəzən 15 gün çəkir. Nikolay da kəndin adamlarına qoşulub yanğını söndürməyə getdi. Karina mətbəxə keçib nənəsindən şirniyyat almaq istədi. Nənə yenə pəncərənin altındakı taxçanın üstündə yumaq kimi büzüb yatmışdı...
Karina “Karaçan” (balaca it balasına yakutlar “karaçan”deyirlər, küçük böyüyəndən sonra, ona ad verirlər.) -deyə çağırdığı küçüklə birlikdə darvazadan çıxıb cığırla kənddən üzü meşəliyə tərəf yol aldı... Karaçanla qaçdı-qovdu oynadı, çiçək yığdı, çəyirtkələrin çiçəkdən-çiçəyə, otların üstündə hoppanmasına baxdı... Kəndə qayıtmaq istəyəndə yolu tapmadı... Uzaqlarda tüstü görünürdü, qışqıran kişilərin səsi eşidilirdi... Meşə alov-alov yanırdı...
Səs gələn tərəfə gedirdi... Lakin yollar, çığırlar elə bil ki, ayaqlarına dolaşırdı. Bir tərəfdən də Karaçan zingildəyə-zingildəyə onun ayaqlarına dolaşırdı, sanki demək istəyirdi ki, gəl dalımça mən səni evimizə aparacam... Bir kolluğun yanında yorulub oturdu... Göydəki ulduzlar da o qədər yaxın idi ki... Uşaq bilmədi neyləsin... Həm susuzluqdan, həm də aclıqdan qarnında qurultular əmələ gəlmişdi. Ağlaya-ağlaya Karaçana sarıldı. Üşütməsi keçdi. Karaçanın bədənin istisinə isindi, gözünə yuxu getdi...
Səhər Günəşin şəfəqləri üzünə dəyəndə gözlərini açdı. İlk sözü ”Ana” oldu. Nə qədər çağırdısa, anası səsinə səs vermədi. Yenə üşüyürdü. Ətrafına baxdı, Karaçan gəlib, onun üz-gözünü yaladı. .. Bir qədər sonra küçük ağzında tutduğu çəyirtkəni onun qarşısına atdı. Balaca qızcığaz heç nə başa düşmədi. Küçük özü çəyirtkəni yeməyə başladı. Karina mat-mat küçüyə baxırdı...
...Olom kəndi yaxınlığındakı yanğını digər kəndlərin sakinləri və mərkəzdən gələn könüllülər birlikdə 3 gün ərzində söndürdülər. Səhər tezdən Karinanın atası Nikolay meşədən birbaşa qızının yanına gəldi. Evdəkilərdən Karinanı soruşanda, hər kəs təəccübünü gizlətmədi: “Məgər Karina səninlə getməyib ki?”- deyə soruşanda, ata: “Mən buradan birbaşa yanğını söndürməyə getdim. Karina nənəsi ilə evdə qaldı”,-deyə cavab verdi.
29 iyul 2014-cü ildə günortadan sonra kənddə balaca Karinanı görən olmamışdı. Qızın atası və qonşu kənddəki sakinlərin köməyi ilə Mərkəzə 3 yaşlı uşağın meşədə itməsi ilə bağlı xəbər göndərildi. Yönü-yöntəni, yolu-çığırı olmayan Olom kəndinə hər vaxt maşın sürmürdülər. Axtarışa könüllülər və qonşu kənd sakinləri də qoşuldular. Rayon mərkəzindən tibb personalı da daxil olmaqla, bir helikopterdə Xüsusi Təyinatlı Xilasedicilər də gəlib kəndin mərkəzində endilər. Xilasedici axtarış qrupu və axtarış itləri, könüllülər qızcığazı axtarmağa başladılar. Axtarış bir neçə gün idi ki, davam edirdi... Lakin bütün səylər boşa çıxırdı.
Bu yerlərin insanları belə hesab edirlər ki, Tanrının yaratdığı bütün canlıların ruhu var. Meşələri, ormanları isə İççi ruhu qoruyur. Bu ruhu ta qədimdən Aan Alaxçın Xatun adlandırırlar. İççi ev sahibinin ocağını, yurd yerini, meşələri, tarlaları, quşları və heyvanları qoruyan ruhdur.
Kənddə yaşayan qocalar Karinanın itməkliyini bilən kimi evlərində şirin kökələr, qoğallar, peçenyelər bişiridilər, kəndin yaxınlığındakı ağacların altında ocaq qalayıb, ətrafına süd, kumıs, araq çilədilər. Ətrafdakı ruhları ət, xama, kumıs, spirtli içkilərə qonaq etdilər. Ev bişmişlərini ocağın kənarına qoyub, İççi Ruhdan uşağın sağ-salamat evə dönməsini təmin etmək üçün alqış etdilər. Sonda da hamısı birlikdə “Uruy!”, “Ayxal!”-dedilər.
Onlar hər bir ağacın canının olmasına, onları hiss etməsinə çox inanırlar. Və alqışlarının tezliklə Karina olan yerlərə çatıb, onu qoruyacağına inanırdılar. Aan Alaxçın Xatun harada olsa, balaca qızcığazı tapıb yedirəcəkdi. Hər biri Aan Alaxçın Xotunun ruhunu da köməyə çağırdılar:
“Yerin əzəlinin sahibi Aan Alaxçın Xatının ruhu,
Gəl, bizim tərəflərdə gəl, gülümsə!
Ağacların-otların ruhları,
Yaşıl otların ətəyindən axan sular,
Əl-ələ verən oğlanların,
Bəzəkli paltarlarda oynaşan qızların ruhu,
Gedin Karinanın hörüklərini dartın,
7 qız, 7 oğlan, bərli-bəzəkli balacalar,
Bizim qızın yanında olun!
Ona heyvanlardan, otlardan, Göy səmadan
Günəşdən, yağışdan, küləkdən
Xəta toxunmasın, onu öz balan kimi qoru Aan Alaxçın Xatın!”.
... Karina onsuz da say bilmədiyindən, günləri saya bilmirdi. Lakin hər gün bir qadın gəlib onu çağırır, ətrafdakı giləmeyvələri göstərirdi. O indi artıq Karaçan iti ilə birlikdə çəyirtkə yeməyi də öyrənmişdi. Lakin çəkmələri bataqlıqda batmışdı. Bataqlıq onu içərisinə çəkəndə küçük paltarını buraxmamışdı. Birtəhər canını bataqlıqdan çıxara bilmişdi. İndi sanki bataqlıqların, cığırların da dilini öyrənmişdi... Axşam Günəş batdımı, özü ağacların oyuğunda otları yığıb, özünə yatmağa yer düzəldirdi. Avqust ayında Tayqada axşamlar temperatur +10 dərəcəyə düşür. Üşüsə də, ancaq küçüyün bədəninin istisinə isinirdi. Balaca küçük də ondan uzağa getmirdi. Bu otları qırmağı da ona həmin qadın deyirdi.
Hərdən başının üstündən helokopterlər keçirdi. Əlini qaldırıb onlara əl etsə də, onu görmürdülər.
Fövqəladə Nazirliyin və Xüsusi Təyinatlıların axtarış qrupları ərazinin 30 kilometrdən çox hissəsini addım-addım axtarmışdılar. Hər kolun arxasına, yarğanlara, dərələrə baxmışdılar. Bataqlılqarı eşələmişdilər. Lakin qızın izinə-tozuna rast gəlmirdilər.
Möcüzə axtarışın 9-cu günü baş verdi. Kənddəkilər dedilər ki, Karinanın sevdiyi balaca iti kəndə qayıdıb. Bu həyətdə küçüyün varlığını ev sahibləri yalnız bu gün xatırladılar. Yəni bütün diqqət uşağın axtarışına yönəldiyindən, küçük kimsənin yadına düşmürdü. Küçüyün həyətdə olub-olmamasına kimsə əhəmiyyət belə verməmişdi. Həyətə yığışanlar yağışda-suda islanmış itin ac olduğunu, taqətdən düşdüyünü sezdilər.
İtin birdən-birə peyda olması xilasedici axtarış qrupunun ümidlərini artırdı. Xilasedicilər itin gəldiyi səmtdən axtarışı davam etdirməyə başladılar. Axtarış itlərinə küçüyün izini versələr də, axtarış itləri onun izini götürə bilmədilər. Sən demə axtarış itlərini küçüklərin izinə və iyinə öyrətmirlər ki, onlara həvalə edilən axtarışdan yayınmasınlar.
Helikopterdə olan xilasedici heyət aşağıda bir böyük qonur ayı və iki balasını da gördülər. Onlara ayılara atəş açmamaq tapşırığı verildi. Havaya atəş açmaqla ayıları ərazidən qovdular. Belə fikirləşdilər ki, ayı bu ərazidə qızcığaza rast gəlib və onu parçalayıb.
Daha iki gün keçdi. Axtarış qrupu Karinanın yaşadığı evin ətəyində axan çayın kənarındakı palçıqlıqda təxminən 15 sm uzunluqda uşaq izinə rast gəldilər. Bu yarıqurumuş palçıqdakı iz birmənalı şəkildə Karinaın ayaq izləri idi. Lakin çayın o biri üzündə izə rast gəlmək olmadı. İz yenə də itdi.
Balaca qızcığazın hələ də sağ olmasını güman edən xilasedicilərdən biri kolluqların, qamışlıqların ətrafını axtarırdı. Qamışlığın və sıx otluğun yanından ötərkən gözünə oradan uzanan bir əl sataşdı. Axtarışda könüllü kimi iştirak edən Artyom Borisov özünü itirmədi. Balaca qızcığaz qamışların içərisində sakitcə oturmuşdu. Böcəklərin-həşəratların dişdədiyi əlləri, ayaqları və sifəti yara tökmüşdü. Onun qorxduğu gözlərindən və baxışlarından məlum idi. Uşaq özü su istədi. Artyom dərhal onu qucağına götürdü... Uşaq qov kimi yüngül idi... Heç elə bil ki, çəkisi yox idi. Artyom axtarış heyətini köməyə çağırdı. Qızcığaz su və yemək istədi. Artyom uşağı qollarının arasında tutub ağlayırdı...
Axtarış xilasedici qrupun üzvləri özlərini yetirdilər, həm sevindilər, həm də Artyom kimi ağlaşdılar. Bu bir möcüzə idi. 12 gündən sonra, 9 avqust 2014-cü ildə 3 yaş yarımlıq uşaq sağ-salamat tapılmışdı. Düz 12 gün idi ki, bu uşaq təkbaşına ucsuz-bucaqsız Tayqa meşəsində tək dolanmışdı...
Karinaya əvvəlcə isti çay verdilər. Sonra təxlyə edib, Olom kəndinə gətirdilər. Karina Karaçanı görəndə dedi: “Mən meşədə Karacan ilə gəzirdim... O məni qucaqlamışdı ki, üşüməyim... O məni qoruyurdu...”.
Elə həmin günü hələ 4 yaşı tamam olmayan Karina Çikitovanı anası ilə birlikdə helikopterdə Yakutsk Mərkəzi Şəhər xəstəxanasına apardılar. Ana və uşaq bir neçə həftə reablitasiya şöbəsində saxlandılar. 12 gün ağacların, otların, yağışın altında qalan balaca qızcığaz sətəlcəm olmuşdu. Öz çəkisini üç dəfədən çox itirmişdi. Ümumi zəifliyi var idi. Bir neçə həftəlik reabilitasiyadan sonra Karina Çikitova anası ilə birlikdə yenidən Kayaçıdakı evlərinə qayıtdılar.
Az müddət keçəndən sonra isə, yakutiyalı yazıçı Viktorya Qabışeva “12 gün Tayqadakı Karina” adlı sənədli povestini qələmə aldı.
O, Karinanı danışdırmağa cəhd etsə də, Karina bu söhbətlərə qayıtmaq istəmirdi. Təkcə onu deyirdi ki, meşədə bir nənə daima onu qoruyur, giləmeyvələrin yerini göstərir, otları qırıb yataq düzəltməyi öyrədirdi. Bir də ki, su istəyəndə ona su verirdi... Və bir də ki, Karaçan ondan ayrılmırdı...”.
Sənədli povest işıq üzü görəndən sonra Yakutiya Fondunun sədri Albina Çerepanovanın nəvəsi Nikolay da bu kitabı oxuyur. Nənəsinə Karina ilə tanış olmaq istədiyini bildirir. Bir nənə üçün ən gözəl arzu nəvəsini sevindirməkdir. Ölkədə böyük hörmətə malik olan işgüzar xanım Albina Çerepanova Viktoriya Qabışevanın köməkliyi ilə Çikitovlar ailəsini tapır. Təsadüfən həmin vaxt Talina qızını təkrar müayinəyə gətiribmiş. Albina xanım ailə ilə tanış olan kimi uşağın sağlamlığının zəif olduğunu görüb, onu əvvəlcə sanatoriyaya yazdırır. Sanatoriyada sağlamlığı nisbətən bərpa edilir. Həkimlər belə məsləhət görürlər ki, uşaq tez-tez həkim nəzarəti altında olmalıdır.
Albina Çerepanova belə qərara gəlir ki, bu qızı əgər Tanrı Tayqa meşələrində qoruyub saxlayıbsa, o da uşağa sahib çıxıb, himayədarlıq etməlidir. Özünün xeyriyyəçilyi, himayədarlığı ilə obasına-elinə kömək edən xanım Albina, uşağı öz evinə gətirir. Anası Talina üçünsə Okleminsk şəhərində iş yeri tapır.
Albina Çerepanova Karinanı Yakutsk şəhərindəki Yakut Xoreoqrafiya məktəbinin balet sinfininə yazdırır. Bu ilin 26 dekabrında 12 yaşı tamam olacaq Karina balet məktəbində də, dərslərində də əlaçıdır. Bir çox beynəlxalq müsabiqələrin laureatıdır.
2016-cı ildə Yakutsk şəhərinin Platon Oyunski adına Hava limanında heykəltəraş Nikolay Çoççasov Karinanın əhvalatını yaşatmaq, Tayqanın və yakutların ruhunun necə güclü olduğunu dünyaya çatdırmaq üçün bürüncdən “Qızcığaz və it” heykəlini ucaltdı. Yakutiya Hava limanına enən və buradan yola düşən bütün qonaqlar simvolik olaraq “Qızcığaz və it” heykəlinin yanında xatirə fotosu çəkdirirlər.
Karinanı vahiməli Tayqada heyvanlardan, həşəratlardan qoruyan balaca küçüyə Karina sonradan “Nayda” adı verib. O yenə də tətil günlərində Okleminsk şəhərində yaşayan anasını və qardaşını, həm də Naydanı görməyə gedir. Kənddəki evdə onun gəlişinə ən çox sevinən isə Nayda olur. Saxa yakutları əbəs yerə deyil ki, belə bir söz işlədirlər: Mələklərin hər zaman qanadı olmur, onlar bəzən yumşaq, isti tüklü və quyruqlu da olurlar”.
Aida Eyvazlı.
Yakutsk-Bakı.
2022-ci il, 2 noyabr.
Miri Yusifin səsi necə batdı
Xalq artisti Miri Yusif başına gələn xoşaqəlməz hadisədən söz açıb.
“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Şənbə axşamı" verilişində danışıb.
Ötən yay "Yaşıl teatr"da verdiyi konsertdən söz açan sənətçi daha əvvəl səsinin batdığını açıqlayıb.
"Konsertdən bir-iki gün əvvəl səsim batmışdı. Əsəbdən oldu. İctimai yerdə əsəbiləşdim, qışqırdım. Ondan sonra gözüm qorxdu. Dedim ki, konsert ərəfəsində ictimai yerdə olmayacağam, müsahibə verməyəcəyəm".
ATV kanalının "Kuruluş Osman" serialı yayımdan qaldırılıb
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, ekran işi 1 həftə fasilədən sonra işıq üzü görəcək.
Serialın yayımlanmamasının səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, layihənin baş rolunu Burak Özçivit canlandırır.
Daha bir mahnımız ermənilər tərəfindən oğurlanıb.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, bu dəfə oğurlanan isə sözləri İslam Səfərliyə, musiqisi Cahangir Cahangirova məxsus "Zərif gülüşlüm" mahnısıdır.
Mahnını erməni müğənnilər Harout Pamboukjian və Seda duet şəklində ifa edib və klip çəkdiriblər.
Qeyd edək ki, "Zərif gülüşlüm" mahnısını İslam Rzayev, Şövkət Ələkbərova kimi bir çox sənətçilərimiz səsləndiriblər.
Sərdar Ortac: “Evimdə ölmək istəyirəm”
Türkiyəli müğənni Sərdar Ortaç açıqlaması ilə diqqət çəkib.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, ifaçı vaxtının çoxunu evdə yataraq keçirdiyi və başqa bir şey istəmədiyini deyib:
"Həmişə yatıram. Yataqdan çıxmaq istəmirəm. Son qalan 15 ilimi, ya 20, nə qalıbsa savab işləyərək bitirmək istəyirəm. Dənizin Allahını görmüşəm, girmədiyim dəniz qalmayıb. Heç istəmir canım. Mahnı oxumaq, yatmaq, evimdə ölmək istəyirəm".
Ortaçın bu açıqlaması sosial media izləyicilərinin müzakirəsinə səbəb olub. Onlar müğənnini heç vaxt belə görmədiklərini, hansısa xəstəliyinin ola biləcəyini yazıblar.
“Çox pis oldum, onu heç vaxt belə görməmişəm, yorğun, bitkin görünür. Allah şəfa versin", "Allah kömək etsin, xəstəliyi yaşayan bilir, onu başa düşürəm", "15 ili elə-belə deyir. Ruhun ölüb, bədənin yaşamağa davam etməsi kədərlidir. Hər şey insanın gözünə boş, mənasız görünür", "Sərdar Ortaçla böyümüşəm. Enerji dolu, həyatı sevən insanı həyatın bu qədər yorması çox kədərlidir. Təbii ki, xəstəliyin də təsiri var, amma onu yoran yaşadıqlarıdır. Ümid edirəm əvvəlki halı ilə yenidən onu görə bilərik" deyə, izləyicilər şərhlərdə qeyd edib.
Bu xəbər günün ən çox oxunan xəbəri olub.