Super User
Xalq artisti Məmmədbağır Bağırzadənin xatirəsi anılıb
“Məmmədbağır Bağırzadə xanəndə idi, əsil xanəndə. Neçə-neçə ustad sənətkarların qiymətləndirdiyi ustad xanəndə. Muğamlarımızı, xalq və bəstəkar mahnılarını elə şövqlə, elə obrazla ifa edirdi ki, hər dəfə dinləyəndə adama yeni gəlirdi. O, özü həm də gözəl bəstəkar və şair idi. Özünün bəstələdiyi mahnılar da sevilir, dillər əzbəri olurdu. O, Allah-təalanın sevdiyi tək-tük sənətkarlardan idi ki, səhnəyə gəldiyi ilk gündən ömrünün sonuna kimi və ölümdən sonra da populyarlığını itirmədi.”
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu fikirlər noyabrın 10-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti Məmmədbağır Bağırzadənin xatirəsinə həsr olunmuş tədbirdə səslənib.
Gecəni muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Xalq artistinin sənət yolundan danışıb.
Tədbirin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı Xalq artistinin oxuduğu hər bir mahnıya öz dəst-xəttini həkk etdiyini vurğulayaraq deyib: "Məmmədbağır Bağırzadə Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş edib. Sənət yolu toylardan və el şənliklərindən başlasa da, o, həm klassik, həm də müasir bəstəkarların əsərlərinə müntəzəm müraciət edib. Xanəndənin ifasında səslənən 200-dən çox mahnı, təsnif, muğam xalqa yadigar qalıb".
Tədbirdə Xalq artistləri Ramiz Quliyev, Ağasəlim Abdullayev, Zaur Rzayev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, Əməkdar incəsənət xadimi Çingiz Abbasov, Nardaran kənd ağsaqqalı Hacı Ağası və başqaları xanəndə haqqında danışaraq xatirələrini bölüşüblər.
Sonda qonaqlar xanəndənin oğlu Rahim Bağırzadənin muzeyə hədiyyə etdiyi Məmmədbağır Bağırzadəyə məxsus bəzi əşyalar və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Vicdan dedikləri bir həqiqətdir - “Cəhənnəm sakinləri” tamaşası haqqında
Əsəd Cahangir yazır
Xalq Yazıçısı Elçinin "Cəhənnəm sakinləri" pyesi əsasında hazırlanmış tamaşanın (quruluşçu rejissor Azərpaşa Nemətov, rejissor Anar Sadıqov, musiqi tərtibatı Kamil İsmayılov) Milli Teatrda oktyabrın 22-də nümayiş olunacağına dair elanı oxuyub, çoxdan baxmaq istədiyim, amma fürsət bula bilmədiyim tamaşaya getmək qərarı verdim, üstəlik, teatr sevdalı qələm yoldaşlarım Etibar Muradxanlı və Nazilə Gültacı tamaşaya çağırmağı da unutmadım. Necə deyərlər, cəhənnəm (sakinlərin)ə gedən özünə yoldaş axtarar.
Yaxşı, bəs, "hansı dərd, hansı şirin xatirə" bu sakinləri tarixin daş divarlarını yarıb, əbədiyyət yuxusundan oyadıb, ana teatrımızın səhnəsinə gətirib çıxarmışdı? "Quran" təsdiq edir ki, cəhənnəm əhli yalnız o vaxt azadlığa çıxa bilər ki, dəvənin beli incəlib, incəlib axırı iynənin gözündən keçsin. Amma insani düşüncə ölçüləri ilə bu, imkansızdır - dəvənin beli heç vaxt iynənin gözündən keçəcək qədər incələ bilməz! Dramaturq da deyir ki, öz ağlımızın ölçülərini mütləq, etalon saydığımız yetər! Gəlin məsələlərə ilahi və ya vicdani ölçülərlə baxaq, nədən ki, vicdan özü elə içimizdəki Allahdır! Və biz vicdanı susdura, Allaha inanmaya bilərik, amma onlar gec, ya tez qarşısında dayanıb haqq-hesab verəcəyimiz qaçılmaz, amansız həqiqətdir!
Elçin özgürlük dönəmi teatrımızın iki dramaturq imzasından biri, çağdaş dram sənətimizdəki ən mühüm yeniliklərin şəriksiz bayraqdarıdır: postmodernistik çoxvariantlı finallar, "ağıldan bəla" problemi və dəlixana metaforasından doğan şok-tendensiya, metafizik fantastika... Nələr yoxdur dramaturgiyamızın postəfəndiyev dönəmində iyirmidən çox səhnə əsərinə imza atmış və bununla da milli dramaturji fikirdə yeni səhifə açmış bu yazıçının pyeslərində.
"Cəhənnəm sakinləri"nə Kamran Şahmərdanov Rus Dram Teatrında hələ bir neçə il öncə quruluş vermiş və tamaşa teatr ictimaiyyəti tərəfindən ümumi razılıqla qarşılanmışdı. Amma indi - vur-tut bir neçə ildən sonra tamaşadan heç nə xatırlamıram və belə çıxır ki, onun oyatdığı təəssürat kino və teatr elementlərini sintez eləməklə şərtlənən texniki vasitələrin yaratdığı illüziya imiş, çünki hər hansı fakt, o sıradan da sənət əsəri yadda qaldığı qədərdir.
Elçinin pyesi isə gərgin, lakonik, metafizik-psixoloji səciyyəli tamaşaya yetərincə əsas verir. "Cəhənnəm sakinləri"nin indiyə qədərki səhnə yozumlarını kölgədə qoyan və bəzi məqamlarda özü-özünü də ötüb-keçən quruluşçu rejissoru bu işin öhdəsindən uğurla gəlir. Bu ustad rejissorun indiyə qədər "Ah, Paris, Paris" (Elçin), "Mənim sevimli dəlim" (Elçin), "Mənim ərim dəlidir" (Elçin), "Hamlet" (Şekspir), "Şah Qacar" (Ə.Əmirli), "Ölülər" (C.Məmmədquluzadə), "Almaz" (C.Cababrlı) tamaşalarına baxmışam və ayrı-ayrı səhnələr, özəlliklə də kütləvi səhnələrin uğurlu həllinə baxmayaraq, bu tamaşalardan heç biri, məncə, "Cəhənnəm sakinləri" qədər aydın rejissor yozumuna malik olmayıb. Bunu deyəndə hər şeydən öncə tamaşanın rejissor ideyasını bütün qabarıqlığı ilə ortaya qoyan, estetik yöndən heyranedici finalını göz önünə alır, amma axır sözü əvvəl deməyib, hələlik bu barədə danışmaq istəmirəm. Bircə bunu deyim ki, şimşək çaxışını xatırladan, tamaşaçının beynini qəfildən işıqlandıran belə yaddaqalan finalları Vaqif İbrahimoğlunun "Lənkəran xanının vəziri", Bəhram Osmanovun "Çar Edip, yaxud alın yazısı", "Kral Lir", "Köhnə ev", "Mesenat" tamaşalarında görmüşəm.
Elçinin təkcə "Cəhənnəm sakinləri" deyil, "Teleskop" və "Şeytanın oyunları" pyeslərində də söhbət vicdandan gedir və bunlar üçü bir yerdə, əslində, "Vicdan" trilogiyası adlandırıla bilər. Dramaturqa görə, həyatda ən böyük faciə insanın özü-özünü itirməsi, ən böyük problem özünəqayıdış, ən dəhşətli hakim oyanmış vicdan, ən amansız məhkəmə vicdan qarşısında verilən hesabatdır. Vay olsun o kəslərin halına ki, onları vicdan əzabı, vicdan məhkəməsi, vicdanın hökmü gözləyir! Bu, cəhənnəm əzabından daha betərdir! Elçin sözügedən pyeslərində bəzən tarixi, bəzən çağdaş həyat materialında məhz bu ideyanın dramaturji həllini verir və bu, qanunauyğundur. Çünki sovet rejiminin yıxılması və bu çöküşün doğurduğu istər fərdi, istər milli, istərsə də ümumbəşəri əzabların bir ümdə anlamı var - ağlasığmaz sarsıntılar bahasına yatmış vicdanların oyanması və bu oyanış hesabına özünə qayıtmaq, sovet adamı yox, sadəcə, adam olmaq! Pyesdə baş verən olayların zamanı kimi yeni il gecəsi, yəni Həzrəti İsanın mövludunun seçilməsi də təsadüfi olmayıb, fərdi, milli və ümumbəşəri anlamda mövluda, oyanışa, intibaha çağırışdır.
Daxili-mənəvi oyanış problemi baxımından "Cəhənnəm sakinləri" pyesi dramaturqun yaradıcılığında özəl yer tutur və bu, təsadüfi deyil. Pyes vicdan (və buna paralel olaraq Allah) amilinin az qala yoxa çıxdığı, qarşılığında Stalinin Tanrı səviyyəsinə qaldırıldığı bir dönəmdən - 37-ci ildən söz açır. Olsun ki, mövzu ilk baxışdan yeni görünmür - Soljenitsının "İvan Denisoviçin bir günü" povesti, A.Rıbakovun "Arbat övladları", Y.Səmədoğlunun "Qətl günü" romanları, Nəbi Xəzrinin "Gecə döyülən qapılar" pyesi, Elçinin özünün "Ölüm hökmü" romanı... Lakin Elçinin problemə yanaşması özünəməxsusdur, sosial ittiham pafosundan daha çox, daxili qınaq, özünümühakimə ilə səciyyələnir və buna uyğun olaraq hadisələr psixoloji və ruhi-metafizik qata köçürülür. Pyesin əsas qəhrəmanları olan Kişi, Qadın və Qonaq, əslində, eyni bir şəxsin üç yerə bölünmüş fərqli parçalarıdır. Kişi və Qadın zahiri, cismani, Qonaq isə daxili, ruhi bölgünün təcəssümüdür. Odur ki, burda ittihamçı da, ittiham olunan da, qalib də, məğlub da, hakim də, məhkum da eyni bir subyekt - insandır!
Məncə, dramaturqun insanlığın ən qədim arxetipi olan Adəm-Həvva-Şeytan üçlüyünə üz tutması, öz qəhrəmanlarını konkret adlar deyil, Kişi, Qadın və Qonaq adlandırması da problemə yanaşmada belə bir müəllif konsepsiyasından doğur ki, söhbət hansısa konkret şəxslərlə yanaşı və bundan daha çox ümumən insandan, təkcə 37-ci il olayları deyil, "Tövrat" və digər qutsal kitablarda öz əksini tapan əskidən əski günah kompleksindən, sadəcə bir-birini NKVD işçilərinə satmaq yox, vicdanı, Allahı şeytana satmaqdan, yəni insanlığın dünyaya gəlişi, həyatın başlanğıcından gedir. Sual doğur - əgər həyatın kökündə günah durursa, insan günahdan doğulubsa, onda kimisə nədəsə suçlamaq nə qədər məntiqi, nə qədər ədalətlidir? Lakin dramaturq bu sualın o üzünə keçir, nədən ki, vicdan günahdan öncə və sonradır, onun "beşiyi və məzarı əbədiyyətdir". İnsan sadəcə cismən günahdan doğulub, ruhən isə təmizdir və öz ruhi başlanğıcına qayıtmağa borcludr. Hətta ən amansız rejimin yaratdığı repressiv durum belə insanı bu məsuliyyət yükündən azad eləmir. Çünki insan bu yükü çəkməyə sadəcə məsul yox, həm də məhkumdur, istəsə də, istəməsə də! Çünki Allah şeytandan, vicdan insandan, ilkin törəmədən üstündür! Elçinin pyesinin bütün sosial-siyasi yönləriylə yanaşı, ilahi nüvəsi, metafizik özülü bundan ibarətdir. İstər pyesin, istəsə də tamaşanın sərt aurası da problemin özünün müəllif iradəsinin dışına çıxan bu güzəştsiz səciyyəsindən doğur.
*
Azərpaşa Nemətov çağdaş teatr anlayışının tələbinə uyğun "tamaşanın müəllifi" olmasını proqramda özəl vurğulayır və buna iki yöndən haqq edir. Birincisi, rejissor dramaturji mətnə müəyyən redaktələr edir, məsələn, bütün qonşuların bir yerə cəm olduğu yeni il qonaqlığı səhnəsi rejissorun bu redaktəsinin nəticəsidir. İkincisi və ən başlıcası o, finalda az qala görünməyəcək qədər nazik kəndirlərlə sahibləri repressiya olunmuş, boş qalmış stulları teatr "səmasına" qaldırır və bununla da tamaşaya orijinal yozum, özünəməxsus anlam verir. Bu final hesabına iki saata yaxın davam edən və tarixi olaylardan bəhs edən tamaşa birdən-birə aktual məna, çağdaşlıq statusu qazanır. Kilsə musiqisini xatırladan qutsal melodiyanın müşayiətilə havada yellənən stullar çoxqatlı məna daşıyır - bir anda boş qalan vəzifə kürsüləri, dağılan tifaqlar, məhv olmuş talelər, yerin cazibə qüvvəsindən, nəfsin tələlərindən, dünyanın hay-küyündən qopub, efir boşluqlarına yüksələn və bizə hər şeyin fani olduğunu xatırladan ruhlar!.. Məhz bu final akkordu tamaşaya orijinal rejissor yozumu verir, dini məzmunlu musiqi parçası isə məsələni lokal çərçivədən çıxarır, qərb-xristian dünyasının zahiri nəzakət pərdəsinə bürünmüş siyasi oyunları, pambıqla baş kəsməsinin planetar miqyaslarına işarə edir.
Tamaşanın finalının zalda əyləşənlər üzərindəki təsirinə konkret bir misal çəkim. Antrakt zamanı teatrın bufetində çay içə-içə tamaşadan elə də məmnun qalmadıqlarını bildirən qələm dostlarım ikinci hissədən sonra fikirlərini tamam dəyişdilər. Və indi sizə yazdığım və bundan sonra yazacağım bir sıra yozumlar da, əslində, üçümüzün birgə fikirlərimizin ifadəsidir.
İstər bir-birini və qonşularını NKVD-yə satan və xəyanətlərinin üzə çıxdığı kəskin psixoloji durumlarda rəngarəng insan emosiyalarının bütün qammalarını büruzə verən Qadın (Məleykə Əsədova) və Kişi (Elşən Rüstəmov), istərsə də başlanğıcda komik, finalda dramatik planda, gah NKVD işçisi, gah şeytan, gah da vicdanın səsi kimi təqdim olunan Qonaq (Nurəddin Mehdixanlı) öz səliqəli, ölçü-biçili, çoxillik səhnə təcrübəsindən doğan bitkin oyunları ilə razılıq doğururlar. NKVD zabitləri (Elçin Əfəndi, Vüsal Mustafayev) və qonşular (Mirzə Ağabəyli, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu) baş rolların ifaçıları üçün gözəl fon yaradırlar.
Tamaşa bitir. Teatrdan çıxıb, dostlarımla birlikdə Füzuli meydanının altındakı yeraltı keçiddən keçir və tamaşa ilə bağlı anındaca iki işarə alıram. Yeraltı keçiddəki mağazalardan birində qucağındakı körpəyə süd verən Məryəm ananın portreti mənə öz antipodunu - xristian dünyasının nə İsa mərhəməti, nə də Məryəm şəfqətinə uyğun gəlməyən siyasətini yada salır. Sovetdənqalma kitablar satılan qonşu mağazadan gələn köhnə kağız qoxusu isə elə bil ki, vicdanınızı kif atmağa qoymayın deyir, allahsız, vicdansız sovetizm ruhundan təmizlənmənin vacibliyi barədə xəbərdarlıq edir. Bu işarələrin çözümü barədə fikirlərimi dostlarımla bölüşürəm: Etibar heç nə deməyib, fikrə gedir, Nazilə isə bunu hökmən yazacağın yazıya əlavə edərsən deyir. Yeraltı keçiddən çıxıb, ciyər dolusu təmiz hava alırıq. Elə bil, üstümdən ağır bir yük atmış, katarsis keçirmişəm. Yağışı gözləyirəm...
Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan fotomüsabiqə başa çatıb
Bu il Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 30 illik yubileyidir. Əlamətdar yubiley münasibətilə müxtəlif tədbirlər, layihələr həyata keçirilir, ölkəmizdə olimpiya hərəkatının keçdiyi yola nəzər salınır.
Milli Olimpiya Komitəsi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən və komitənin yubileyinə həsr olunan "Azərbaycanda Olimpiya hərəkatı" mövzusunda fotomüsabiqə də belə layihələrdəndir.
“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, Bakı Fotoqrafiya Evində fotomüsabiqə iştirakçılarının əsərlərindən ibarət sərginin açılışı keçirilib.
Mərasimdə MOK-un baş katibi Azər Əliyev, vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Mədəniyyət Nazirliyinin əməkdaşları, idman mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu il 30 illiyini qeyd edən qurumun idmanın və olimpiya hərəkatının, olimpiya ideallarının inkişafı və təbliği istiqamətində özünəməxsus dəst-xətti ilə dünya idmanında yeni bir səhifə açmağı bacardığını bildirib. Qeyd edib ki, 30 illik tarixə nəzər saldıqda görürük ki, qarşıda Milli Olimpiya Komitəsini, olimpiyaçılarımızı zəfər və qürur dolu illər gözləyir.
MOK-un yubileyinə həsr olunan müsabiqə haqqında məlumat verən Çingiz Hüseynzadə vurğulayıb ki, sənət yarışmasına bu ilin 15 avqust tarixindən başlanılıb. Azərbaycanın 20 peşəkar fotoqrafı müsabiqənin əsasnaməsinə uyğun olaraq, 10-dək foto göndəriblər. Münsiflər heyəti 187 foto arasından ən yaxşılarını seçib.
Azərbaycan Fotoqraflar Birliyi İdarə Heyətinin sədri, münsiflər heyətinin üzvü Rauf Umudov söyləyib ki, 12 nəfərdən ibarət münsiflər heyəti fotolara onlayn qaydada baxış keçirib, sonra seçdikləri fotolar haqqında rəylərini MOK-a təqdim ediblər.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxışında MOK-un yubileyi münasibətilə təbriklərini çatdırıb. O, həmçinin fotomüsabiqədə qalib adını qazanan iştirakçıları təbrik edib, yeni uğurlar arzulayıb.
Çıxışlardan sonra müsabiqə qaliblərinin adları elan edilib. Dilavər Nəcəfov I, Yaqub Cəfərov, İlqar Cəfərov II, İslam Atakişiyev, Bəhruz Qurbanlı və Azər Əlizadə isə III yerlərə layiq görülüblər.
Qaliblərə MOK-un pul mükafatı və diplomları təqdim edilib.
Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.
Zəfər Günü ilə bağlı Mədəniyyət Nazirliyinin keçirdiyi “Zəfər sədası” festivalı barədə geniş icmal
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər Günü münasibətilə Bakı, Gəncə, Sumqayıt, Ağdam və Bərdə şəhərlərində “Zəfər sədası” musiqi festivalı keçirilib.
*
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, noyabrın 5-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Zəfər sədası” Musiqi Festivalı çərçivəsində tədbir təşkil edilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğurunda əziz canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirlərdə 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhidlərin ailə üzvləri və veteranlar iştirak ediblər.
"Bacarıqlı əllər" dərnəyinin yetirmələrinin əsərlərinin sərgiləndiyi tədbir konsert proqramı ilə davam edib.
*
5 noyabr tarixində Bərdə rayon Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevdir) “Zəfər sədası” musiqi festivalı çərçivəsində təntənəli bayram konserti keçirilib. Konsertdə şəhid ailələri, qazilər, mədəniyyət, incəsənət xadimləri, icra hakimiyyəti, digər idarə və təşkilatların əməkdaşları, ictimai fəallar və media nümayəndələri iştirak ediblər.
Konsert qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən geniş söz açıb, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
Proqramda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistlərinin ifasında bayram ab-havalı bəstəkar və xalq mahnıları səsləndirilib.
Yüksək vətənpərvərlik, qələbə duyğuları və coşqu ilə keçən konsert proqramı izləyicilər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.
*
6 noyabr tarixində Sumqayıt Dövlət Dram Teatrında “Zəfər sədası” musiqi festivalı çərçivəsində konsert keçirilib. Konsertdən öncə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edib. O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətindən, xalqımızın sarsılmaz birliyindən bəhs edib. Daha sonra izləyicilərə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı və solistlərinin ifasında konsert proqramı təqdim edilib.
*
6 noyabr tarixində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin növbəti konserti Ağdam rayonunda olub. Ağdam Muğam Mərkəzində keçirilən konsertdə şəhid ailələri, qazilər, mədəniyyət, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Vətən övladlarının və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən geniş bəhs ediblər.
Sonra tədbirin bədii hissəsi başlayıb. Proqramda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistləri Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Nərgiz Kərimova, Televiziya Muğam Müsabiqəsinin qalibi Səbinə Allahverdiyeva, II Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Rəvanə Qurbanova, VIII Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Məftun Səfərli, beynəlxalq və respublika müsabiqələrinin qalibi Vaqif Təhməzov, Süleyman Süleymanov, Taleh Yahyayev və Səbinə Allahverdiyevanın ifasında bəstəkar və xalq mahnılarından ibarət rəngarəng musiqi nömrələri təqdim olunub.
*
7 noyabr tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Zəfər sədası" musiqi festivalı çərçivəsində konsert keçirilib.
Konsertdə Gəncə Dövlət Kamera Orkestri (bədii rəhbər və dirijor – Xalq artisti Rafael Bayramov) və "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər Sahil Quliyev) rəngarəng proqramla çıxış ediblər.
Bayram konsertinin tamaşaçıları arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Zeki Öztürk, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və digər qonaqlar olub.
Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Zəminə Nuriyeva, Rövşən Məmmədov, Əlizadə Malasov, Xəyal Əliyev, Elmir Pişnamazzadə, Vasif Bayramov, Şirxan Cahangirov, Azər Verdiyev rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.
*
Noyabrın 7-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Zəfər sədası” musiqi festivalı çərçivəsində konsert keçirilib.
Gecədə tarzən Mirxalid Salayevin rəhbərlik etdiyi Dövlət Mahnı Teatrının İnstrumental Ansamblı dinləyicilərə gözəl, sevimli mahnı inciləri təqdim edib. Konsertdə teatrın solistləri Fəxri Kazım Nicat, Ayşən Mehdiyeva, Rövşən Qəhrəmanov, Aynur İsgəndərova həmçinin qonaq ifaçılar Aşıq Ramin Qarayev, Mətin Rzazadə, Anar İlhamlı, Fərhad Allahverdiyev öz rəngarəng proqramları ilə çıxış ediblər.
*
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olundu.
Mədəniyyət Nazirliyi və filarmoniyanın birgə təşkilatçılığı ilə noyabrın 7-də gerçəkləşən konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Oqtay Zülfüqarovun əsərləri ilə yanaşı, şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalib əsərləri də səsləndi.
Konsert proqramı şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra Fikrət Əmirovun möhtəşəm “Azərbaycan süitası” səsləndirildi. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor, Xalq artisti Fəxrəddin Kərimovun idarəsi ilə əsərin birinci hissəsini ifası elə ilk dəqiqələrdən salona sanki bir qələbə ruhu payladı.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova tamaşaçıları salamlayaraq Zəfər bayramı münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, 8 noyabr tarixi xalqımızın ən şanlı günlərindən biridir: “44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində torpaqlarımız düşməndən azad edildi. Ötən il Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi keçirildi. Bu gün həmin müsabiqənin qalibi olan əsərləri də dinləmək imkanı əldə edəcək, qalibləri mükafatlandıracağıq”.
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq artisti Firəngiz Əlizadə xalqımıza şanlı Qələbə yaşadan Ali Baş Komandan və şanlı Ordumuzun şücaətindən söz açdı, bu Zəfərin mədəniyyətimizə təsirindən danışdı: “Bəstəkarlar İttifaqı olaraq gənc bəstəkarları öz sıralarımıza qəbul edirik, cığır açırıq. Onların akademik yolda uğur qazanmaları aldıqları təhsil və öz içlərindən gələn duyğulara bağlıdır. Müasir və akademik musiqi ilə məşğul olmaq çətindir. Bizim musiqi sənətimiz həmişə yüksəklərdə olub. Ötən il keçirilən müsabiqəyə 26 partitura daxil olmuşdu və onlardan 15-i qəbul edilərək dinlənildi. Bu gün biz 3 qalibi mükafatlandıraraq bütün gənc bəstəkarlara uğurlar arzulayırıq”.
Daha sonra müsabiqənin qalibləri elan edildi. Gənc bəstəkar Üzeyir Məmmədova həvəsləndirici mükafat təqdim olundu. II yerə Vətən müharibəsi qazisi bəstəkar Vüqar Məmmədazdə, III yerə Elvin Quliyev layiq görüldü. Müsabiqənin birinci mükafatı isə Tural Məmmədliyə təqdim edildi.
Mükafatlandırmadan sonra konsert proqramı davam etdi. Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) və orkestr vətənpərvərlik notlu əsərləri böyük sevgi və coşqu ilə ifa etdilər. Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım”, “Qara Qarayevin “Zamanın bayraqdarı”, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xoru səsləndikcə bu dahilərlə yanaşı, müsabiqə qalibləri Tural Məmmədlinin “Şuşa fəthi”, Vüqar Məmmədzadənin “İnsan”, Elvin Quliyevin “Qayıdış”ını dinlədikcə musiqimizin köklü ənənələr üzərində davamlı inkişaf etdiyinə şahid olduq. Gənc bəstəkarların əsərləri xüsusi alqışa layiq idi. Və tamaşaçılar onların haqqını, dəyərini öz alqışları ilə təsdiqlədilər.
Günün fotosu: Rusiya depressiya girdabında
Günün fotosu: Rusiya depressiya girdabında
Rusiyanın Ukraynaya silahlı müdaxiləsindən sonra ölkə psixoloqları və marketoloqları iddia edirlər ki, ölkə əhalisi - ruslar sürətlə depressiya girdabına düşməkdədir.
Foto: Euronews
Şuşa Dövlət Musiqili Dram Teatrı Zəfər Günü ilə bağlı tədbir keçirib
Zəfər Yolu” İB-in təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrında “Zəfər Günü” ilə bağlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirin əvvəlində ənənəvi olaraq dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Şuşa Dövlət Musiqili Dram teatrının kollektivi “Dəmir Yumruq” əbədi-bədii kompozisiyası ilə çıxış edərək musiqi səsləndiriblər və arxa fonda Prezident İlham Əliyevin xalqa müraciət edərək işğaldan azad edilmiş ərazilərin xəbərini çatdırması göstərilib.
Şuşa Dövlət Musiqili Dram Teatrının baş inzibatçısı Yaşar Muradov tədbirdə çıxış edərək giriş mətnini səsləndirib və tədbirdə iştirak edənləri Zəfər bayramı münasibətilə təbrik edib.
Tədbirin ardınca “Zəfər Yolu” İB-in sədri, şair, publisist Pərvanə Abdullayeva çıxış edərək tədbirlə bağlı təəssüratlarını ifadə edib.
Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn bəzi hərbçilərimizin anaları çıxış ediblər və tədbirlə bağlı öz fikirlərini deyiblər.
Tədbirdə Vətən Müharibəsi iştirakçısı, Füzuli-Xocavənd istiqamətində gedən ağır döyüşlərdə bir ayağını itirmiş hərbçi Taleh Camalov da iştirak edib.
1-ci Qarabağ müharibəsi iştirakçısı, müharibə qazisi Nazim Hüseynov da keçdiyi döyüş yolundan bəhs edib.
1-ci Qarabağ müharibəsi qazisi Rüxsarə Bayramova da Zəfərin əldə edilməsindən məmnunluğunu ifadə edib, şəhidlərimizə rəhmət diləyib, qazilərimizə tezliklə şəfa arzulayıb.
Hər zaman “Zəfər Yolu” İB-in tədbirlərinə dəstək göstərən, şəhid ailələrinə maddi-mənəvi dəstəyini əksik etməyən Rusiyanın Surqut şəhərində yaşayan həmyerlimiz, xeyriyyəçi Hikmət İbrahim oğlu Əliyevin təbrikləri çatdırılıb.
Zəfər Yolu İB-in sədrinin birinci müavini Nizami Məmmədov, İB-in Şuşa nümayəndəliyinin rəhbəri İlqar Məmmədov, “Zəfər Yolu” İB-in şöbəsinin müdir müavini Hacıbala Əliyev, “Zəfər Yolu” İB-in könüllüsü Sevinc Bəxtiyar da Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib, şəhid ailələrinə və qazilərinə ehtiram və hörmət etməyin mənəvi borc olduğunu diqqətə çatdırıblar.
Tədbirin davamında “Zəfər Yolu” İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şahinoğlu çıxış edərək tədbirin keçirilməsində dəstəyi və əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.
Zəfər Yolu İB-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri, I Qarabağ müharibəsi iştirakçısı Maqsud Həşimovun qızı Leyla Həşimli də belə tədbirlərdə iştirakına görə məmnun olduğunu söyləyib.
Tədbirin sonunda “Zəfər Yolu” İB tərəfindən ehtiyatda olan polkovnik Faiq Tahirov, ehtiyatda olan polkovnik Hikmət Ağayev, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, xeyriyyəçi Natəvan Şadlinskaya və bir qrup media nümayəndələrinə “Təşəkkürnamə”lər təqdim edilib.
Qeyd edək ki, “Dəmir Yumruq” ədəbi-bədii kompoziyasında xalq artisti Şükufə Musayeva, əməkdar artist Nazir Rüstəmov, əməkdar artist Teymur Məmmədov, Xanirə İsgəndərova, Rasəf Mehdiyev, Bahar Həmzəyeva, Emin Sevdiməliyev, Əlirza Kənani, Sabirə Abdullayeva iştirak ediblər.
Kompoziyanın quruluşcu rejissoru Lalə Şirinova, quruluşçu rəssam Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, videomühəndis Vadim Kuskovdur. Teatrın direktoru Yadigar Muradov, baş rejissoru isə əməkdar artist Loğman Kərimovdur.
“Gözlənilən xəyanətin gözlənilməzliyini də gözləmək gərək...”
Şair Yusif Nəğməkarın Hikmət Bankomatından
*Düşmənin susması yeni hay-həşir qoparacağının bünövrə fəndidir...
*Qonşunun çəpərinə daş atanın qapı-pəncərəsi daşlanar...
*Budandıqca yenidən boy göstərən qaratikanın kökü kəsilməsə, keçilməz kol-kosa dönəcək...
*Gözünü hər yuman düşməni yatmış hesab etmək yuxulu ağlın yanlış gümanıdır...
*Anlaqlı olanlar anlaşılmazlığı da anlamağa qadirdir...
*Dostluqdan tez-tez dəm vuranların dostluğu olmaz...
*Dost dostunu onun gücündə və imkanında olmayan işlərə təhrik edərək umu-küsü yaratmaqla heç özü də bilmədən özünün yalnız ehtiyac dostu olduğunu və nadanlığını büruzə verər...
*"Uman yerdən küsərlər" məsəlini yerli-yersiz əlində dəstəvuz edənlər küsdüyü yerin uma biləcəyini də unutmamalıdirlar...
*Səndən körpü (vasitə) kimi istifadə edərək əliyetməyənə əlini çatdıran saxta "dost"un sonradan həmin "körpü"nü uçuracağı labüddür...
*Təmənnalı dostluq minnətlə udulan hava kimidir...
*Hər cızma-qara şeir olmadığı kimi, hər giley-güzar da aforizm deyildir...
“Aşıq deyişmələri” adlı antologiya işıq üzü görüb
Azərbaycan Aşıqlar Birliyində (AAB) ərsəyə gətirilmiş “Aşıq deyişmələri” adlı antologiya işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.
O, bildirib ki, antologiya Azərbaycan aşıq ədəbiyyatının tarixində ən fəal və işlək bir sənət axarını – aşıq deyişmələrinin xronoloji mənzərəsini ortaya qoyan ilk sistemli nəşrdir. Topluda orta çağların Yetim Aydın, Aşıq Qərib, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh kimi böyük ustadların və onlardan sonrakı dönəmlərdə yaşayıb fəaliyyət göstərmiş Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Molla Cuma, Aşıq Şenlik, Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Növrəs İman, Mikayıl Azaflı və digər saz-söz xadimlərinin yaradıcılıq nümunələri yer alıb.
Antologiyanın tərtibçiləri AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, professor Mahmud Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilovadır.
İran və Rusiya barədə..
Məqsəd Nur yazır
Gördüyünüz bu foto kəndimizin - Kəlbəcərin Zülfüqarlı kəndinin xoşbəxt günlərindən birində çəkilib. Təxminən bu vaxtlardan da bir az da qabaq (70-ci illər) - kiçik yaşlarımda, İrandan bir adam gəlmişdi - anamın xalası oğlu.
O, İranda keçirilən güləş üzrə dünya çempionatında SSRİ-ni təmsil edərək yarışda iştirak edib mühüm bir qələbə ilə Vətənə dönmüşdü. Evimizə xeyli adam yığışdı. İrandan çempionluqla geri qayıdan pəhləvanımızın qələbəsi yaddan çıxdı, o hansısa qohumlar, şəhərlər, müxtəlif adamlar barədə danışırdı: evimizdəki kişilərin kədərli hənirtisi, qadınların hıçqırtısı hələ də qulaqlarımdan getmir. Hər dəfə İran sözünü eşidəndə o səslərı, hənirtiləri xatırlayıram. Sonrası isə uzun hekayədir. Böyüdüm, əvvəl nənəm, əlimdən tutub babalarımın yatdığı qəbristanlığa apardı, "ağqulaqların" (rusların) bu qəbristanlıqda yatan başıpapaqlılarımızı dönəm-dönəm, nəsil-nəsil (1804-1932) güllələdiyini, sürgün və dərbədərliyin baş alıb getdiyini dedi, üstünə də bayatılarını əlavə etdi (hər bənddə 3 kədər, bir ümid vardı). Sonra isə böyük qardaşım, tarix müəllimi heç "gözümü açmamış" mənə (təxminən 5-ci sinifdə oxuyarkən) İranın da, Rusiyanın da iç üzünü açıb ortaya qoydu. Məncə, bu qədər informasiya - kədər, məğlubiyyət, məhrumiyyət bir uşaq ağlı üçün çox idi. Hələ bu bir yana, sonradan özüm nələr gördüm: I Qarabağ savaşında iştirak etdim, şahid oldum - əvvəlcə İranın çoxqatlı xəyanətləri, sonra talanları, Rusiyanın "ağqulaq"lığı - eynən nənəm və qardaşım dediyi kimi, qarşıma çıxdı. İndi, hər kəs, hər şeyi yaxşıca, vaxtında bilir, görür, eşidir və anlayır, söz yox. Bircə mənim hətta bu ağ-qara fotonun içərisindən də pambıq bəyazlığında buludlar kimi işiq saçan gözəl kəndim və onun hər küncüdə sakitcə yaşayan xatirələrim yer üzündən silindi... Kimin, nəyin üzündən?
Azərbaycanı təmsil edən qısa film beynəlxalq festivalda birinci yerə layiq görülüb
“Azərbaycan: mədəniyyət və əyləncənin qovuşduğu yer” adlı qısa film 13-cü Amorqos Beynəlxalq Turizm Filmləri Festivalında “Turizm destinasiyası olan ölkələr” nominasiyası üzrə birinci yerə layiq görülüb.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, eyni nominasiya üzrə ikinci pillədə Avstraliya, üçüncü pillədə isə Avstriya qərarlaşıb.
“Turizm destinasiyası olan ölkələr”, “Turizm destinasiyası olan şəhərlər”, “Turizm məhsulları”, “Turizm xidmətləri”, “Səyahət üzrə marketinq videosu” və “Müstəqil səyahət videosu” nominasiyalarını əhatə edən müsabiqədə 50 ölkədən 145 turizm videoçarxı iştirak edib.
Beynəlxalq münsiflər heyətinin qiymətləndirməsindən sonra 25 qısa film nominasiyalara namizəd seçilib.
Qeyd edək ki, “Azərbaycan: mədəniyyət və əyləncənin qovuşduğu yer” filmi “DARS FILMS” tərəfindən “BBC World News” üçün hazırlanıb.
Amorqos Beynəlxalq Turizm Filmləri Festivalı 2017-ci ildən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) rəsmi üzvüdür.