Super User
Klounların təzim etdiyi, xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz...
“Ədəbiyyat və incəsənət” portalı Kulis.az-da dərc edilən məşhur kloun Şurum-Burum - Fərman Şəkili haqqında maraqlı faktları təqdim edir.
Fərman Abdullayev Şəkidə doğulub. Şəkili olduğundan ona Fərman Şəkili deyiblər. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanaşvilinin aktyorluq kursunda təhsil alıb, uzun müddət Şəki Dövlət Teatrında çalışıb.
*
Tamaşaçılar onu ABA televiziyasında yayımlanan uşaq verlişindəki Şurum-Burum obrazı ilə tanıyıb və seviblər.
Klounada sənətini ilk dəfə o, Azərbaycana gətirmişdi. Tədbirlərdə, ad günü və toylarda rastlaşdığı klounlar onu görəndə ayaqlarını cütləyib, hərbi salam verirdilər.
*
Azərbaycan pantomima tarixində ilk tamaşanı da Fərman Şəkili hazırlayıb. 1980-ci illərin əvvələrində oynanılan "Dahi" adlı pantomim pyesin müəllifi olub.
Fərman Şəkili təyinatla Şəki teatrına gələn gənc aktrisa İradə xanımı sevir və evlənir.
*
Bakının teatr ictimaiyyəti Teatr Xadimləri İttifaqının Monotamaşalar festivalında Fərman Şəkilini "Hamlet" tamaşası ilə kəşf edir. Festivalın Qran-prisini qazansa da ona mükafatda nəzərdə tutulan məbləği vermirlər. Amma əvəzində Fərman Şəkilinin Azərbaycan kino teatr məkanında heç kimdə olmayan "Teatr fədaisi" adı var.
Fərman Abdullayev rejissoru və ssenari müəllifi özü olan "Mışovul" filminə çəkilmişdi ki, bu film müxtəlif səbəblərdən ekrana çıxmamışdı. Amma efirdə göstərilən "Fransız"da da, "Yalan"da da, "Həm ziyarət həm ticarət"də də, lap elə "Sarı gəlin"də də Fərman Abdullayevin yaratdığı obrazlar bir-birindən kəskin fərqlənirdi.
*
Fərman bəyin oğlu müsahibəsində deyir:
"Bulvarda yay teatrı açmaq istəyirdi. Uşaq teatrı layihəsi vardı: "Aparıb layihəni ideyadan nizamnaməyədək təqdim edirdi, deyirdilər, gözlə. İnsan ömrü gözləmir ha... Bir də baxırdıq ki, götürüb özləri işləyiblər. Amma onlar Fərmanın inamını qıra bilmirdilər. O hər dəfə ilk dəfəymiş kimi insanlara inanırdı..."
Evdə uşaqlarına münasibəti ciddi olub. Onlara Sabirin "Hophopnamə"sini əzbərlətdirir, Motsarta, Şopenə qulaq asdırırmış.
*
Dostlarından biri də rəssam Natiq Əyyubov olub. Xəstəliyini ailəsindən gizlədən Fərman ilk dəfə sirrini dostuna açır. Emalatxanada görüşən dostlar hər dəfə 2, 3 qutu siqaret çəkər, dərdləşərlərmiş. Bir gün Fərman kefsiz emalatxanaya gəlir və dostuna deyir ki, siqareti tərgit. Dostu ona baməzə cavab verir: "neçə illik stajım var, batar axı." Onda Fərman dostuna deyir ki, bununla zarafat etməsin, siqaret üzündən artıq onun ciyərlərində ciddi problem yaranıb.
*
Dini inancını xristianlıqda tapıb. Buna görə qınanılıb, amma Fərman Şəkili öz inandığına tapınan biri idi. Sənətə də eynən belə inanıb tapınmışdı.
*
Oğlu Elvin Abdulla kinorejissordur. Rejissor, prodüser, ssenari müəllifi kimi bir çox kommersiya layihələrində iştirak edib. "Xoxan, "Hənnas" kimi filmlərin müəlliflərindəndir.
Fərman Şəkili 11 ay xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra 2013-cü ildə, 58 yaşında vəfat edib. Həyat yoldaşı aktyorun son anlarını belə xatırlayır: "...əllərini sinəsində çarpazlayıb göz qapaqlarını sıxıb açdı. Mən anlamadım. Sən demə o "bitdi" demək istəyirmiş. Bir neçə saniyə keçmədi ki, dedilər, ruhunu tapşırıb."
*
İradə xanım Fərmanın ölümündən sonra nəvələrinə onun hara getdiyini belə izah edir: "Gedib Allahın yanına, şəklinin qabağında şam yandıranda sizi görür, özünüzü ağıllı aparın".
“Yeddinci ayın yeddisi” nəşr olunub
“Azərkitab” Yayınlarında gənc yazar Habil Yaşarın “Yeddinci ayın yeddisi” adlı ilk romanı nəşr olunub. Redaktoru Əkbər Qoşalı olan roman gənclərə ünvanlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, oxuduqca oxucunu intizarda saxlayan bu romanda oxucu gerçək sevgini də yaşayacaq, mübarizliyə də şahid olacaq, eyni zamanda müxtəlif mövzularda dəyərli düşüncələrlə də tanış olacaq.
Əsərdə Aytəkin başda olmaqla, Nihat, Fərid, Aysel və s kimi xarakterlər yer alıblar. Hər birinin öz dünyası var. Və bu günyalar əksərən bir-birinin ziddinədir.
Onu da qeyd edək ki, “Yeddinci ayın yeddisi” müəllifin ilk romanıdır.
“Şuşa mədəniyyətinin inciləri” layihəsində Cabbar Qaryağdıoğlu
Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Muğam ocağı – Şuşa” bölməsi üzrə növbəti təqdimat Cabbar Qaryağdıoğluya həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xanəndə, bəstəkar, musiqi xadimi Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olub. Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri idi.
Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur.
Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür.
Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir. Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub.
1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında Cabbar Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülüb və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilib.
1936-cı il martın 31-də M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının binasında Cabbar Qaryağdıoğlunun anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edilib. 1938-ci ildə isə Cabbar Qaryağdıoğlu uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətimizin inkişafındakı ölməz xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Cabbar Qaryağdıoğlunun fonovalikə köçürülən 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən "Azərbaycan xalq nəğmələri" başlığı altında ayrıca kitab şəklində çap edilib.
Günlərin ən qeyri-adisi SÖZün işığına bələnmişdi…
Portalımız ötən gün Səhər xəbərlərində Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsi iştirakçılarının şeirlərindən ibarət “İgidlərin sözü” almanaxının işıq üzü görməsi barədə məlumat yaymışdı. Amma bu hadisə o qədər böyükdür ki, onun barəsində yazdıqca yazmaq lazımdır. Bu gün də təqdimat barədə daha geniş icmalı oxucularımızın ixtiyarına veririk. İcmalın müəllifi layihə rəhbəri, sevimli şairəmiz Nigar Həsənzadədir. “Söz” layihəsi ilə ədəbiyyatımızı canlandıran Nigar Həsənzadə “İgidlərin sözü” ilə bu dəfə Qarabağ müharibəsinin poetik xəritəsini cızmaqla diqqət çəkdi.
Buyurun, bu da icmal.
“İgidlərin sözü” möhtəşəm alındı!
Hamımızı təbrik edirəm!!!
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, “İgidlərin sözü” layihəsinin müəllifi və rəhbəri olaraq mənim təşəbbüsümlə “İgidlərin sözü” adlı antologiyanın ictimaiyyət üçün geniş təqdimatı keçirildi. Xatırlatmaq istəyirik ki, “İgidlərin sözü” kitabının ilk təqdimatı bu ilin yay ayında Şuşada - Vaqif Poeziya günlərində olmuşdu.
Kitab təqdimatın Milli Məclisin deputatları Qənirə Paşayeva, Ceyhun Məmmədov, “YAŞAT” fondunun sədri Elvin Hüseynov, Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Maarifli, qələbəmizin məsul nümayəndələri, aprel döyüşlərinin, Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik leytenant Elmar Hüseynov, “Şəhid analarına dəstək” İctimai Birliyininin üzvləri, şəhid ailələri və övladları, Vətən müharibəsi iştirakçıları, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Azərbaycanın himni səsləndirildikdən sonra, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra isə möhtəşəm tədbirimiz başladı.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən uğrunda döyüşən qəhrəmanlarımızın sözü və əməlinin bir olduğunu qeyd etdi. Qanları ilə tarix yazan igidlərin, həm də tarixdə qalacaq sözlərinin bir kitabda şer kimi toplanmasını alqışladığını dedi. O, bu gün Azərbaycanın dünyadakı nüfuzundan danışaraq, prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən, şəhid və qazi ailələrinə göstərdiyi diqqətdən danışdı.
Milli Məclisin deputatı Ceyhun Məmmədov öncə qazilərə və şəhid analarına kitabda sözləri əbədiləşənlərin məqamının ucalığını bəyan etdi, daha sonra layihə müəlliflərinə dedi:
“Bu gün Siz etdiyiniz “İgidlərin Sözü” layihəsi hər kəsin könlücə olan, ürəkləri riqqətə gətirən layihədir. İgidlərimiz Vətən torpağını azad etmək üçün atıldıqları səngərlərdə həm də Vətən dadlı, ana məhəbbətli şerlər yazırdılar.”
Kitabın təqdimatında iştirak edən “YAŞAT” fondunun sədri Elvin Hüseynov hələ aprel döyüşlərindən sonra birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərlə görüşündə səsləndirdiyi “Bizim oğullarımız tarixi ədaləti bərpa edəcəklər” fikrini xatırladaraq bildirdi:
“Bu gün Azərbaycanın mərd oğulları sözün həqiqi mənasında tarixi ədaləti bərpa edirlər. Biz çalışırıq ki, qazilərimizin yanında olaq, onlara dəstək verək. “İgidlərin sözü” kitabı isə vətən uğrunda döyüşən igidlərimizin həm də sözlərini əbədiləşdirib.”
Mədəniyyət Nazirliyi rəsmisi Akif Maarifli qələbəmizin tarixi əhəmiyyətini qeyd edərək, Mədəniyyət Nazirliyinin bu sahədə nəşr etdirdiyi kitablardan və keçirdiyi tədbirlərdən danışdı:
“Layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir.”
“İgidlərin Sözü” kitabının tərtibatçısı və redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Aida Eyvazlı Göytürk öz çıxışında bildirdi ki, bu layihəyə həyat vermək heç də asan başa gəlməyib. O dedi:
“Redaktoru olduğum “İgidlərin sözü” antalogiyasında söz-söz, sətir-sətir yandım, qovruldum, bənd-bənd dirçəldim, bütövləşdim. Vətən kimi bütövləşdim! Bu SÖZ-ləri yazan İgidilərin hər biri Vətəndir! Türk dünyasının savaş igidlərinin yaradıcılığından bəhs edən ilk qaranquşudur, ilk antalogiyadır.”
İndi isə keçək kitabın içinə. “İgidlərin sözü” antologiyasında aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov, II Qarabağ şəhidləri polkovnik-leytenant Elzamin Təhməzov, baş gizir Mehman Yusifov, Saleh Əliyev, Kərim Əhmədbəyli, şəhid əsgərlər Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Murad Mayıl oğlu Nəbiyevin də şerləri yer alıb. Digər müəlliflər isə 44 günlük Vətən müharibəsi iştirakçıları, qaziləri və şəhidləridir. Onların adlarını az sonra xatırladacağıq.
Təqdimatın ədəbi-musiqili hissəsi də Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirildi. Vətən Müharibəsi qazisi Məbud Əhmədov yaralı olarkən təcili yardım otağında oxuduğu “Anadır arzulara hər zaman Qarabağ” mahnısı ilə türk dünyasında məşhurlaşmışdı. Bu gün də öz mahnısını qonaqlara ərməğan etdi. Onu Vətən müharibəsi iştirakçıları Fərid Atazadə, şəhid Toğrul Hacıyevin qardaşı Toğrul Ülvi Hacıyev, eləcə də “Ritm alətləri” ansamblı, İdris Hüseynov, Hacıbala Həşimov müşaiyət edirdilər. 11 yaşlı Həzrət Əzizlinin də iştirakı böyük alqışlarla qarşılandı.
Daha sonra kitabda şerləri işıq üzü görən Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayev, Tamerlan Əsədov öz şerlərini səsləndirdilər. Qəhrəmanlarımızın hər birinin çıxışından sonra ehtiram əlaməti olaraq qonaqlar onları ayaq üstündə alqışladılar.
Tədbirin sonunda “Söz” və “İgidlərin Sözü” Layihələrin müəllifi və rəhbəri olaraq mən çıxış etdim, dedim:
“Bugünkü gün adi günlərə bənzəmədi. İnanırıq ki, məclisimizə dəvət etdiyimiz şəhid anaları, şəhid övladları, Sözü böyük olan qazilərimizin yaxınları, doğmaları bu günü, onlara yaşatdığımız bu gözəl və həzin, bir az sevinc və kədər qarışıq anları ən əziz xatirə kimi, ən şirin söz kimi hər zaman yaddaşlarında saxlayacaqlar. Necə ki, biz bu böyük Zəfəri yazanları unutmuruq, onların Sözlərini də heç vaxt unutmaq olmaz. Çünki o Söz İgidlərin sözüdür!”
Fotolar Kamran Bagirovundur
Bu gün XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalında mükafatlandırılma mərasimi keçiriləcək
Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə noyabrın 11-də Nizami Kino Mərkəzində açılışı keçirilən XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) bu gün yekun vurulacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi ənənəvi festivalın dəstəkçilər sırasında Nizami Kino Mərkəzi, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz Film” şirkəti, “British Council”, Bakı Kitab Mərkəzi, “Metafliks” platforması, “Azprint” şirkəti, “Oskar prodakşn”, “Bimtek” və “Özsüt” şirkətləri də yer alır.
BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyevin festival haqqında məlumatına nəzər salsaq görərik ki, festivala 79 ölkədən (Almaniya, Fransa, İspaniya, Türkiyə, Belçika, Norveç, İsveç, Yunanıstan, Ukrayna, Misir, İran, Qırğızıstan, Çin, Cənubi Koreya və s.) 814 film qatılıb. Onlardan 91 film müsabiqəyə təqdim edilib. Seçim komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı – “Qızıl nar” uğrunda yarışırlar.
Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov bildirib ki, festival çərçivəsində kinosevərlər bir-birindən maraqlı və rəngarəng filmləri seyr etməkdədirlər. Nazirliyin kinonun inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan şöbə müdiri kinonun mədəniyyətin vacib sahələrindən olduğunu söyləyib: “Bu gün festivalın açılışına toplaşdığımız məkana nəzər yetirəndə zalda boş yer olmadığını görürük. Bu da onu deməyə imkan verir ki, kino yaşayır”.
Diqqətə çatdırılıb ki, beynəlxalq müsabiqədə yarışan filmləri “Qarğıdalı adası” filmi ilə Karlovı Varı, “Kinoşok” kinofestivallarının baş mükafatını qazanan, eyni filmlə “Oskar”ın “Xarici dildə ən yaxşı film” nominasiyasının qısa siyahısına düşən, tanınmış gürcü rejissor və prodüser Georgi Ovaşvili, Kazanda art-nümayişlərin daimi spikeri, fərqli mövzularda kino mühazirələri ilə tanınan, müxtəlif illərdə Beynəlxalq Gənclər Kinofestivalının proqram direktoru, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının seçim komissiyasının üzvü kimi fəaliyyət göstərmiş Adilə Xaybullina, Berlin, Kann kinofestivallarında türk kino proqramları, film həftələrinin təşkilatçısı, “Rabarba” aylıq kino jurnalının təsisçisi, uzun illər Boğaziçi Film Festivalının bədii rəhbəri olmuş türkiyəli prodüser Əmrah Kılıç qiymətləndirəcək.
Yerli müsabiqənin münsiflər heyətində Avropanın ən böyük film fondlarından “FOCAL”-ın “Avantı” proqramının qalibi, müasir kinomuzun məhsuldar rejissorlarından olan Mirsadıq Ağazadə, yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, tanınmış şair, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi Qismət Rüstəmov yer alır.
Builki festivalda “Asiya istedadları” adlı müsabiqə proqramı da nəzərdə tutulub. Yalnız Asiya ölkələrinin bədii filmlərinin yarışdığı müsabiqədə 10 film yer alır. Qalibləri kino tənqidçisi Aliyə Dadaşova, Əməkdar rəssam Rəşad Ələkbərzadə seçəcək.
Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 4 film yarışır. Onlayn keçiriləcək müsabiqənin qalibini tamaşaçılar seçəcək.
Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən məşhur mükafatın – “Bafta” namizədlərinin xüsusi təqdimatı olacaq.
“Dili bizim” müsabiqə proqramı Bakı Beynəlxalq Qısa Filmlər Festivalının nümayiş xarakterli proqramıdır. Burada dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.
“Panorama”da isə xüsusi seçilmiş filmlər nümayiş etdiriləcək.
Kinosevərlər ötən festivalların qalib filmlərindən biri “Bir ata haqqında” sənədli filmini, “Ən yaxşı rejissor” nominasiyasının qalibi “Çarpayı”, “Şaxta” və “Təbii seçim” filmlərini böyük maraqla seyr ediblər.
Eyni zamanda festival çərçivəsində noyabrın 13-də türkiyəli prodüser Əmrah Kılıç tərəfindən ustad dərsi keçirilib.
Qeyd etdiyimiz kimi, festivalın filmləri bu günədək Nizami Kino Mərkəzində nümayiş olunub.
Festivalın bağlanış və qaliblərin mükafatlandırılması mərasimi bu gün Nizami Kino Mərkəzində olacaq.
Kann, Venesiya, Berlin film festivallarında mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən BBQFF hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.
Şahmarın hekayəsi Əlcəzair və İraq portallarında dərc edilib
Əlcəzairin “alharir.info” xəbər və İraqın “alnoor.se” ədəbiyyat və mədəniyyət portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Şahmarın ərəb dilinə tərcümə edilmiş “İtki” hekayəsinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən aldığımız məlumata görə, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydidir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən hər iki portal, əsasən, Herman Hesse, Ernesto Sabato, Qabriel Qarsia Markes, Federiko Qarsia Lorka, Tomas Lav Pikok kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Latviya Milli səhnəsində Əyyub Quliyevin dirijorluğu ilə “Traviata” operası təqdim olunub
Latviya Milli Opera Teatrının səhnəsində dahi Cüzeppe Verdinin “Traviata” operası təqdim olunub. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tamaşanı teatrın tarixində ilk dəfə olaraq azərbaycanlı dirijor idarə edib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə keçən tamaşaya biletlər neçə gün öncədən satılıb.
Vaxtilə dahi alman bəstəkarı Rixard Vaqnerin dirijorluq etdiyi həmin teatrda həyata keçən tamaşa ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Operada əsas rolları Latviya Milli Opera Teatrının tanınmış solistləri - İnqa Slubovska (Violetta), Mixalis Çulpayevs (Alfredo), Yanis Apeynis (Jorj Jermon), İlona Bagele (Flora Bervua), həmçinin, Quntars Rungis (Qaston), Viesturs Vitols (Baron), Yuris Adamsons (Markiz), Eviya Martinson (Annina) və Krisyanis Norvelis (Doktor Qrenvil) ifa ediblər.
Əsərdə azərbaycanlı dirijorla bərabər Latviya teatrının simfonik orkestri və xoru da yer alıb. Riqada gerçəkləşən tamaşanın quruluşçu rejissoru Andjey Jaqars, quruluşçu rəssam Andris Frayberq, geyim üzrə rəssam Kristina Pasternak, işıq üzrə rəssamı isə Qleb Filştinskidir.
Ayaq üstə alqışlarla qarşılanan tamaşadan sonra Latviya Milli Opera Teatrının direktoru, məşhur opera müğənnisi Elgis Silinş və Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov ifaçıları təbrik edərək onlara xoş arzularını bildiriblər. Azərbaycanlı dirijor Əyyub Quliyevin tamaşasını izləmək üçün xüsusi olaraq Leypsiqdə çıxışlarını yarımçıq qoyaraq Riqaya gələn Egils Silinş Bakı ilə bağlı xoş xatirələrini bölüşüb.
Qeyd edək ki, bu ilin sentyabr ayında Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəvətilə Egils Silinş Üzeyir Hacıbəyli Festivalında rəsmi qonaq qismində iştirak edib. Səfər çərçivəsində Latviya Milli Opera Teatrı ilə Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsi perspektivləri ətraflı müzakirə olunub.
Opalizm haqq etdiyi qiymətini alır
“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas Etibar Əbilovdan aldığı bir xəbəri yayımlayır.
Dünyada ən gözəl hisslərdən biri dost uğuruna sevinməkdir. İndicə xoş bir xəbər aldım. Qazaxıstan Elmlər Akademiyası və Qazaxıstan Mədəniyyət Nazirliyi tərəfindən "Turan Romantizmi" adlı elmi monaqrafoya-albom nəşr olinub. Bütün dünyadan olan nüfuzlu redaksiya heyətinin yekdil rəyi ilə Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun yaratdığı "Opalizm"" cərayanı da, digər təməl və məşhur cərəyanlarla bir sırada özünün haqq etdiyi yüksək qiymətini alıb.
Onsuz da Sakit Məmmədovun yaratdığı "Opalizm" cərəyanı bütün dünyada tanınırdı, dünyanın dörd bir tərəfində bu cərəyanın yetərincə ardıcılları var. Bu gün isə, necə deyərlər, "Opalizm" cərayanı bir izm olaraq öz təsdiqini tapmaqdadır.
Dünya rəssamləğında yeni bir cərəyanın -Sakit Məmmədovun yaratdığı "Opalizm"in dövrü başlayır.
Uğurlar arzulayırıq.
Günün fotosu: İstiqlal caddesində terakt
Bazar günü İstanbulun mərkəzində - İstiqlal caddesində dəhşətli partlayışın baş verməsi, 6 nəfərin ölməsi və 58 nəfərin yaralanmasına ölkə lideri Rəcəb Tayyib Ərdoğan reaksiya verərək bunu terror adlandırıb.
Foto: Euronews
Azərbaycanlı gənc istedadlar Vyanada konsert proqramı ilə çıxış ediblər
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı gənc istedadların konserti keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəz tərəfindən gənc istedadların dəstəkləndiyini və onların xaricdə mədəniyyətimizi təmsil etmələrinə şərait yaradıldığını bildirib. Qeyd edib ki, Bakı şəhər Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri avstriyalı musiqisevərlər üçün maraqlı proqram hazırlayıblar.
Diqqətə çatdırılıb ki, bu günlərdə Azərbaycanda bir neçə bayram günü qürurla qeyd edilir. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın igid oğulları qəhrəmanlıq dastanı yazdılar və bu münasibətlə artıq ikinci ildir ki, ölkəmizdə Zəfər Günü qeyd edilir. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən Azərbaycanda Dövlət Bayrağı Günü və Konstitusiya Günü də bu bayramlar sırasında yer tutur.
Tədbirin bədii hissəsində Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Camal Əliyev, Fərəh Əliyeva, Cəmilə Rəhimova və Nuray Quliyeva Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.
Proqramda bəstəkarlar Qara Qarayevin, Vaqif Mustafazadənin və Polad Bülbüloğlunun əsərləri yer alıb. Əsas diqqət isə bu il yubileyləri qeyd edilən Fikrət Əmirov, Tofiq Quliyev və Emin Sabitoğlunun əsərlərinə ayrılıb. Azərbaycan bəstəkarları ilə yanaşı, avstriyalı bəstəkar Yohann Ştraussun bəstələri də tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.