Super User

Super User

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002; 2019; № 5, maddələr 822, 825, № 10, maddə 1588, № 12, maddə 1929; 2020, № 7, maddə 892; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1841 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5.6.13-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.6.14-cü yarımbənd əlavə edilsin:

 

“5.6.14. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2022-ci il

 

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

 

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

 

Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.

 

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

 

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə qərara alıram:

 

1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) səmərəli icrasının təmin edilməsi məqsədilə zəruri əlaqələndirmə tədbirləri görsün.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

3.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və hesabatlılığı həyata keçirsin;

 

3.2. Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

 

5. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2022-ci il

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev noyabrın 16-da ölkəmizdə səfərdə olan Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qonağı  səmimi salamlayan Vaqif Əliyev ölkələrimiz və xalqlarımız arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin bu gün yüksək səviyyəyə çatmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu əməkdaşlıq xüsusilə mədəniyyətin müxtəlif sahələrində həyata keçirilən layihələrdə öz təsdiqini tapır. Azərbaycanın türk respublikaları ilə mədəni əlaqələrində Özbəkistanla olan münasibətlər xüsusi yer tutur.

Vaqif Əliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabr ayının əvvəlində Özbəkistana dövlət səfəri, keçirilən görüşlər və qatıldığı tədbirlər iki ölkə arasında əlaqələrin yüksək inkişafının bariz göstəricisidir.

 

Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədov qəbula görə təşəkkür edib. Bildirib ki, Özbəkistan nümayəndə heyətinin Azərbaycana gəlişi Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının 14-18 noyabr tarixində Bakıya qastrol səfəri ilə bağlıdır. Səfər çərçivəsində kollektiv özbək bəstəkarı Ənvər Erqaşovun “Humo” operasını nümayiş etdirib, italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasını isə nümayiş etdirəcək.

Göstərilən qonaqpərvərliyə və yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirən Bahadır Əhmədov bu kimi mədəni layihələrin davamlı olmasına inamını ifadə edib.

 

Görüşdə Azərbaycan və Özbəkistan arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Gənc yaşlarında dünyasını dəyişən Türkiyə rok sənətçisi Barış Akarsunun həyatından bəhs edən "Barış Akarsu Merhaba" filmi bu gün tamaşaçılara təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmin aktyor heyətində İsmail Ege Şaşmaz, Almila Ada, Şafak Pekdemir, Burak Satıbol, Ebru Nil Aydın, Aslıhan Kapanşahin, Metin Coşkun və Hüseyin Avni Danyal kimi adlar yer alacaq. Aktyor İsmail Ege Şaşmaz Barış Akarsuya həyat verəcək.

Fikri Fikir Production və Aytaç Media tərəfindən istehsal olunan film Türkiyə ilə yanaşı daha 23 ölkədə yayımlanacaq. Filmin ssenari müəllifi Mert Dikmen və Can Anardır.

Həmçinin Barış Akarsunun sağ ikən yazıb amma tamamlaya bilmədiyi mahnısı "Merhaba" İsmail Ege Şaşmaz tərəfindən ifa olunub film ilə bərabər tamaşaçılara təqdim olunacaq. "Merhaba" mahnısından əldə olunan gəlir Akarsunun sağlığında da dəstək verdiyi Leykemiya xəstəliyi ilə mübarizə aparan uşaqların müalicəsi üçün bağışlanacaq.

Azərbaycan tamaşaçıları filmi Park Cinema kinoteatrlar şəbəkəsinin Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall-da izləyə biləcəklər.

Biletləri əldə etmək üçün www.parkcinema.az saytına keçid edə bilərsiniz.

Thursday, 17 November 2022 11:30

Qarşımızda dayanan İrana həcv

 

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizə ustad şairimiz Ramiz Qusarçaylının “Ocaq mənim, pir mənim” şeirini təqdim edirik. Çağdaş poeziyamızın dövrün siyasi təbəllüatlarından kənarda qalmaması əlbəttə ki başadüşüləndir. 

 

Sərhəd mənim, yer mənim,

Ocaq mənim, pir mənim,

Kəsəyində erməni

Daşında İran durub.

 

Birdi şahı, sərdarı,

Birdi safı, murdarı,

Ən Allahsız “dindar”ın

Başında İran durub.

 

Yüz rəngi var boz üzün,

Kəsəri yox kal sözün,

Kül üfrülən hər gözün

Qaşında İran durub.

 

Araz boyu üzmüşəm,

Vətən-vətən gəzmişəm,

Ermənini əzmişəm,

Qarşımda İran durub.

 

Xəbər verdiyimiz kimi, Özbəkistan Dövlət Akademik Böyük Teatrı Bakıya qastrol səfərinə gəlib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, səfər çərçivəsində özbəkistanlı sənət ustaları bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaçılara italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasını nümayiş etdirəcəklər.

Dünən isə özbək bəstəkarı Ənvər Erqaşevin “Humo” baleti nümayiş olunub. Bu baletin premyerası 2005-ci ildə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının səhnəsində gerçəkləşib. 2007-ci ildə tamaşaya yazdığı musiqiyə görə müəllif 1-ci dərəcəli Dövlət mükafatı laureatı adına layiq görülüb.

Qastrol səfərində Özbəkistanın Böyük Teatrının aparıcı solistləri, Xalq artistləri, vokalçıların və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları iştirak edəcəklər. Qastrol qrupuna simfonik orkestr, solistlər, xor artistləri və balet truppası daxildir.

Bu gün İstanbuldakı AKM Türk Telekom Opera Salonunda görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsert təşkil olunacaq.

 

Dirijor Dmitri Sitkovetskinin rəhbərliyi altında orkestr truba ifaçısı Sergey Nakaryakovu müşayiət edəcək.

Konsert görkəmli Azərbaycan bəstəkarının “Azərbaycan kapriççiosu” əsəri ilə başlayacaq, həmçinin Cozef Haydnın orkestrla violonçel üçün do-major konserti və Pyotr Çaykovskinin 2 nömrəli simfoniyası da ifa olunacaq.

 

Noyabrın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kiçik zalında təntənəli konsert təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı BMA-nın mətbuat xidmətindən məlumat alan AzərTAC-a istinadən xəbər verir ki, konsert Bakı Musiqi Akademiyasının və Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının tələbələrinin birgə iştirakı ilə keçirilib.

Əvvəlcə Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru Gülnaz Abdullazadə BMA-da ixtisasartırma keçən və konsertdə iştirak edən Qazaxıstan Milli Konservatoriyasının tələbələrinə təhsil illərində uğurlar diləyib.

BMA-nın dosenti Nərgiz Hüseynova da tələbələrə xoş arzularını bildirərək, belə tədbirlərin önəmindən danışıb.

Konsertdə Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələri və BMA-nın tələbələri məharətlə çıxış ediblər. Zəngin konsert proqramında Qara Qarayevin "Yeddi gözəl" baletindən “Adajio”, Tofiq Bakıxanovun "İmprovizə", Emil Əfrasiyabın Üzeyir Hacıbəyli əsərlərinə "Parafraz", Adil Bestıbayevin "Skertso", Yevgeni Brusilovskinin "Kozı Karpeş-Bayan sulu" baletindən solo, "Boz-Ayqır süitası" finalı, James Burkenin "Danza Allegre" və Bela Kovaskın "Macar mövzularına variasiyalar" əsərləri tamaşaçılara təqdim olunub. 

Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Sonda Qazaxıstan Konservatoriyasının tələbələrinə sertifikatlar təqdim olunub. Tələbələr təşkil olunan konsertdən, keçdikləri ixtisasartırma dərslərindən məmnun qaldıqlarını və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli başda olmaqla, bütün BMA kollektivinə dərin təşəkkürlərini bildiriblər.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev noyabrın 16-da Azərbaycan Respublikası Kino Agentliyinin nizamnaməsinin təsdiq olunması haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Agentlik Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. 

Azərbaycan Respublikasının Kino Agentliyi Azərbaycan Respublikasında kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Mədəniyyət Nazirliyinin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və Baş direktordur. Şura sədr və onun iki müavini daxil olmaqla, 3 (üç) üzvdən ibarətdir. Şuranın üzvlərini mədəniyyət naziri vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir. 

Azərbaycan Respublikası Kino Agentliyinin nizamnamə fondunun məbləği 100 000 (bir yüz min) manatdır

Thursday, 17 November 2022 11:30

Reklamdan 500 min avro qazanan Yağmur

 

Aktrisa Yağmur Tanrısevsin dünyaca məşhur "Versace" brendinin siması seçilib.

 

“Ədəbiyyat və invəsənət” portalı axşam.az-a istinadən xəbər verir ki, aktrisa markanın Türkiyədə ilk təmsilçisi olub. İstanbulda kamera qarşısına keçən Yağmur İtaliyaya gedərək reklam çəkilişlərinə davam edəcək.

Aktrisa bunun müqabilində 500 min avro (təxminən  876 min 550 manat) qazanıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.