Super User

Super User

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin geniş iclası keçirilib. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, iclas zamanı ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı müzakirə edilib.

 

Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çox əlamətdar bir hadisədir. Heydər Əliyev hələ sağlığında öz misilsiz xidmətləri ilə xalqımızın qəlbində əfsanəvi şəxsiyyət kimi hörmət qazanıb. Onun parlaq obrazı, əvəzolunmaz fəaliyyəti incəsənətin müxtəlif sahələrində - o cümlədən, Azərbaycan bəstəkarlarının yaradıcılığında öz əksini tapıb. 

Cövdət Hacıyev, Arif Məlikov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Oqtay Rəcəbov, Sərdar Fərəcov, Vasif Allahverdiyev və digər bəstəkarlar Heydər Əliyevə həsr olunmuş monumental simfonik əsərlər yaratmışlar. Onun işıqlı obrazı digər musiqi janrlarında yazılmış əsərlərdə - kantatalarda, odalarda, mahnılarda vəsf olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Bəstəkarlar İttifaqında hər il mütəmadi olaraq, Heydər Əliyevin doğum və anım günləri qeyd olunur, elmi konfranslar keçirilir, böyük rəhbərə həsr olunmuş yeni əsərlər dinlənilir və müzakirə edilir. 

İdarə Heyəti üzvlərinin Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planına uğun olaraq ona həsr olunmuş əsərlərdən ibarət konsertlərin və “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” adlı elmi konfransın keçirilməsi haqqında təkliflər səsləndirilib. 

İdarə Heyətinin sədri Firəngiz Əlizadə bəstəkarları ümummilli lider Heydər Əliyevin obrazını əks etdirən müxtəlif janrlı yeni əsərlərin yaradılması üçün səfərbər olmağa səsləyib. Xüsusilə, Ulu Öndərin əvəzedilməz xidmətlərini əks etdirən iri həcmli monumental əsərlərin yazılmasının vacibliyi qeyd olunub.

Friday, 18 November 2022 13:00

Qarabağda "Art Mall" Kompleksi yaradılacaq

 

2023-2026-cı illərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “Art Mall” Kompleksinin yaradılması nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

 

Sənədə əsasən, bu işi əsasən Mədəniyyət Nazirliyi icra edəcək. Digər icraçılar isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi, Bərpa, Tikinti və İdarəetmə Xidməti, Yerli İcra hakimiyyətləri, Prezidentin Xüsusi Nümayəndəliyidir.

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin (İB) hazırladığı "Azərbaycan kəlağayısı min illərin yadigarı" kitabının təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri giriş sözü ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı açıb. O, kitabda işıq üzü görən müəllif yazıları və şeirlərinin kəlağayını oxuculara daha da sevdirəcəyini qeyd edib.

Təqdimatda yeni işıq üzü görən kitabla yanaşı, eyni zamanda, qədim Azərbaycan kəlağayıları nümayiş etdirilib. Xüsusilə Basqal ustalarından Mürşüd Cəbrayılovun kəlağayı üzərində hazırlanmış Azərbaycanın tanınmış simalarından Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Xan Şuşunskinin şəkillərini əks etdirən əl işləri nümayiş olunub. 

Kitab Azərbaycanın milli dəyərlərindən olan kəlağayı haqqında klassik ədəbiyyatımızdan müasir ədəbiyyatımızadək dəyərli fikirləri, şeirləri, məqalələri bir araya gətirib.

Tədbirdə çıxış edən görkəmli ziyalılar, söz adamları kəlağayı haqqında kitabın məziyyətlərindən danışıb, təəssüratlarını bölüşüblər.

 

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. “Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini” sözləri çıxarılsın;

 

1.2. “sədrinin müavini” sözlərindən sonra nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

 

“Azad Cəfərli – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi.”.

 

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2022-ci il

 

Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və “Cultural Network House" (“Mədəniyyət Şəbəkələr Evi”) İctimai Birliyinin birgə təşkilatçılığı ilə dünyaşöhrətli pianoçu Şahin Növrəslinin “Ustad dərsləri” layihəsinə start verilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Ustad dərsləri” layihəsi 3 mərhələdən ibarətdir. İlkin mərhələdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər arasında seçim turu keçirilib. Daha sonra Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində “Ustad dərsləri”nə başlanılıb. Həmçinin ustad dərsləri keçən şagirdlərin Şahin Növrəslinin rəhbərliyi ilə konsert proqramı və onlara sertifikatların təqdim edilməsi nəzərdə tutulur.

Layihənin məqsədi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin klassik repertuarına daxil olan proqramlardan əlavə, ifaçılıq bacarığının ahəngdar inkişaf yollarını özündə cəmləşdirən kamil və universal musiqiçi hazırlamaqdır. Həmçinin caz musiqisinin uşaqlar arasında geniş təbliğini gerçəkləşdirməklə onların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir. 

Eyni zamanda, şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasına dəstək olmaq, eləcə də musiqi təhsilində Avropa standartlarını tətbiq edib ustad dərsləri vasitəsilə onlara daha bir yeni ustad töhfəsi verməkdən ibarətdir.

Layihə dekabrın 3-dək (həftədə bir dəfə olmaqla) davam edəcək.

Qeyd edək ki, “Cultural Network House" İctimai Birliyinin təşkil etdiyi mədəniyyət və incəsənət layihələri ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin təmsili və təbliğinə xidmət edir.

Bəri başdan deyək ki, uşaqlar bu layihədən hədsiz fayda alacaqlar.

Friday, 18 November 2022 13:30

Balaban bəy - Əlixan Səmədov

 

“Biri balabanın adını səhv deyəndə, hirsləndim. Baxdım ki, aləti tanımırlar. Dedim ki, "Əlixan, sən bunu tanıdacaqsan".

 

“Ədəbiyyat və incəsənət” portalı oxu.az-a istinadən xəbər verir ki, bu sözləri nəfəsli alətlərin tanınmış ifaçısı, Xalq artisti Əlixan Səmədov Baku TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, bu musiqi alətini tanıtmaq üçün o qədər işlər görüb ki, hətta onu bir müddət "Balaban bəy" adlandırıblar.

"İlk dəfə albomum çıxanda dedilər ki, sənin musiqin elitdir" deyən Xalq artisti məşhur türkiyəli müğənnilərin mahnılarındakı ifalarından, ermənilərin balabanı özününküləşdirməyə çalışmasına qarşı necə mübarizə aparmasından da bəhs edib.

Friday, 18 November 2022 14:30

Şakira futbolsevərləri məyus etdi

 

Məşhur kolumbiyalı müğənni Şakira Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasimində çıxış etməyəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Qərb mətbuatına istinadən xəbər verir ki, müğənni turnirin başlamasına bir neçə gün qalmış ölkədə insan haqlarının pozulması ilə bağlı Qətərdəki siyasi rejimi tənqid edərək mərasimdə çıxış etməkdən imtina edib. “Diktaturalara bayram yaraşmaz” deyib Şakira. 

Bundan əvvəl bir neçə məşhur turnirdə iştirakdan imtina edib.

 

Noyabrın 19-da Nijni Novqorodda Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) konserti olacaq.

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, ifaçı 5600 nəfərlik idman sarayında solo proqramla çıxış edəcək. Konsertə biletlərin qiyməti isə 2600 rubldan (72 AZN-dən) başlayır.

Bildirilib ki, həmin gün konsertlə əlaqədar idman sarayının yaxınlığında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə xəbər Nijni Novqorod şəhər administrasiyasının rəsmi saytında verilən sərəncamda yazılıb. Müəyyən ərazidə və yolda nəqliyyatın, eyni zamanda dayanacağın qadağan ediləcəyi qeyd olunub.

Friday, 18 November 2022 11:30

Dünyanın ən gözəl fotoları

Foto həvəskarları yaxşı bilirlər, dünyanln ən yaxşı fotoları Sony World Photography Awards müsabiqəsində müəyyənləşir.

 

“Ədəbiyyat və incəsənət” portalı müsabiqənin rəsmi instagram səhifəsinə istinadən məlumat verir ki, şort listə 100 foto daxil edilib. Bunlardan biri də sizə təqdim etdiyimiz mənzərə fotosudur. Müəlkif Avstraliyadan olan Kreyq Mak Kovandır.

Friday, 18 November 2022 15:30

Aşıq Əlixan Niftəliyev vəfat edib

“Ədəbiyyat və incəsənət” portalı şair Əkbər Qoşalıya istinadən xəbər verir ki, Tovuz aşıq məktəbinin görkəmli nümayəndəsi, qeyri-adi səsə malik ustad sənətkarımız Əlixan Niftəliyev haqqın rəhmətinə qovuşub. 

Xatirəsi həmişə əziz olacaq. Ocağı sönməsin.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.