Super User
Natəvan klubunda “Ruhumuzun yaz havası” almanaxı təqdim olunub
Filologiya elmləri doktoru Vaqif Yusifli Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin xətti ilə çap edilən “Ruhumuzun yaz havası” almanaxının təqdimat mərasimində deyib: “Mingəçevir haqında düşünəndə Mikayıl Müşfiqin Mingəçevirə həsr etdiyi poeması və Səməd Vurğunun “Muğan” poeması yadıma düşür. Bu gün təqdim olunan və bölgədə yaşayan müəlliflərin poeziya, nəsr və publisistika nümunələrindən ibarət “Ruhumuzun yaz havası” almanaxı ölkəmizdə işıq şəhəri kimi tanınan Mingəçevirdə ədəbi mühitin qaynarlığından xəbər verir. Yeni almanax ayrı illərdə dərc edilən “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs” və “Bir ocağın şöləsiyik” toplularından sonra sayca dördüncüdür və burada 31 söz adamının yaradıcılığından nümunələr verilib.”
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi açıb. O, qeyd edib ki, tək paytaxtda deyil, bölgələrdə yaşayıb-yaradan şair və nasirlərin yaratdığı ədəbi nümunələrin təbliği, gənc müəlliflərin üzə çıxması sahəsində uğurlu iş diqqət çəkir.
Əməkdar jurnalist, şair Adil Cəmil Mingəçevir ədəbi mühitinin son illərdə formalaşması, gənc ədəbi qüvvələrin istiqamətləndirilməsində, onların ədəbi mühitə çıxmasında bölmənin rəhbəri, şair İsmayıl İmanzadənin xüsusi rolundan danışıb.
Təqdimat mərasimində çıxış edən Əlirza Xələfli, Əjdər Yunus Rza, İlahə Qəhrəman və başqaları az tanınan, ədəbi mühitdən uzaq olan, paytaxtdan uzaqda yazıb-yaradan şair və yazıçıların fəaliyyət göstərdiyi bölgə yazarlarının əsərlərindən ibarət almanax barədə xoş sözlər söyləyiblər.
Almanaxın “Ön söz”ündə deyildiyi kimi, “hər deyilən söz dillər əzbəri olmadığı kimi, hər yazılan əsər də yaddaşlarda iz sala bilmir. Yalnız ruha dad verib könüllər oxşadıqca zaman səddini aşıb keçən əsl sənət nümunələri ölümsüz olur”.
Tədbirdə “Ruhumuzun yaz havası” almanaxının da belə xoş aqibətlə üzləşəcəyinə inam bildirilib.
“Emin Sabitoğlu. Biblioqrafiya” kitabının və not məcmuəsinin təqdimatı olub
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı, gözəl mahnılar müəllifi, təkrarolunmaz melodiyalar ustası Emin Sabitoğlunun 85 illiyi münasibətilə “Emin Sabitoğlu. Biblioqrafiya” kitabının və “Emin Sabitoğlu. Sonatina” not məcmuəsinin təqdimatı olub.
Biblioqrafiyanın tərtibçisi Xeyransa Abbasova, elmi redaktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, “Ön söz”ün müəllifi Xalq artisti, bəstəkar Sərdar Fərəcov, redaktoru Elnur Nəciyevdir. Kitab Azərbaycan və rus dillərində tərtib olunub. Not məcmuəsini tərtibçisi isə Əməkdar mədəniyyət işçisi M.İbrahimov, redaktoru S.Fərəcovdur.
Layihə rəhbəri Kərim Tahirovdur. Məcmuəyə bəstəkarın “Sonatina” əsəri daxil edilib.
Təvəkgül Boysunarun “Dərs”i
Təvəkgül Boysunar1994-cü ildə Naxçıvanda doğulub. Azərbaycan Dillər Universitetinin ingilis dili üzrə tərcümə fakültəsində bakalavr və magistr təhsili alıb. Hekayə və məqalələri “Ədəbiyyat qəzeti”, “Kulis.az”, “525-ci qəzet”, “Ulduz”, “sim-sim.az”, “yeniyaz.az” kimi mətbu orqanlarda çap olunub. 2021-ci ildə “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar” hekayəsinə görə Mədəniyyət Nazirliyinin keçirdiyi vətənpərvərlik mövzusu üzrə ədəbiyyat müsabiqəsinin qalibi olub. Bundan əlavə bədii tərcümə ilə də məşğuldur. Heminquey, Nabokov, Ezra Paund, Elis Manro və digər müəlliflərin əsərlərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməklə yanaşı, Şervud Andersonun “Vaynzburq, Ohayo” kitabı da onun tərcüməsində çap edilib.
Təvəkgül Boysunar bu il keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun final mərhələsinin iştirakçısı olub. Onu finala daşıyan “Dərs” hekayəsini oxucularımıza təqdim edirik.
Dərs
(hekayə)
Onlayn ingilis dili qrupunda iki nəfər oğlan idik. Müəlliməmiz isə qara saçları və qara qaş-gözüylə çox gözəl görsənən təxminən 24-25 yaşlı bir qız idi. Onun ailəli olub-olmadığını bilmirdik. Amma zahiri görkəminə qarşı laqeydliyinə və heç vaxt bəzənib-düzənməməyinə əsasən zəif ehtimalla da olsa, belə düşünürdüm ki, o, ailəlidir. Bəzən dərs vaxtı fikrim yayınıb başqa yerlərə gedəndə, bir də o vaxt ayılırdım ki, qulaqlarım, ekranın o tayında danışan müəlliməni eşitmək əvəzinə sinsi oğrular kimi o 25 yaşlı qızın oturduğu otağın qapısını açıb evin başqa otaqlarına getmək və hardansa bir uşaq səsi eşidib geri qayıtmaq üçün məni öz arxasınca sürüyür. Mən xəyalən ekranın o tayına adlayaraq müəllimənin arxasında görsənən televizorun yanından keçib sakitcə otağın qapısını açır və sağa-sola boylanaraq digər otaqlara bir-bir göz qoyarkən taxtın üstündə uzanıb telefonla oynayan bir kişi və beşikdə yırğalanan bir körpə görüb geri qayıdırdım.
Belə vaxtlarda müəllimənin təkrar-təkrar mənə səsləndiyini eşidən kimi vəziyyətdən çıxmaq üçün kiçik bir yalan uydurur və:
- Deyəsən, səsdə problem var e, – deyərək, yalandan kompyuteri qurdalamağa başlayırdım.
Qrupdakı digər tələbə iş yoldaşım idi, amma bir həftə əvvəl bütün iş yerləri yeni yayılmağa başlayan virus səbəbindən bağlandığına görə biz o müəllimənin ailəli olub-olmamağıyla bağlı müzakirəmizi ikimizin də evinə yaxın olan parkda axşam gəzintisi zamanı aparırdıq və o, mənim çoxdankı ehtimalımın nə üçün yanlış olduğunu izah edirdi:
- Kosmetika vurmamağının evli olmaqla nə əlaqəsi? Ona görə vurmur ki, bütün günü evdədi. Amma ümumiyyətlə, məncə, ailəli deyil, şansını bir yoxla, istəyirsən. Nə vaxtacan subay qalassan? Ailə həyatı yaxşı şeydi.
Beşinci onlayn görüşümüzdən sonra müəllimə dərslərə bir həftəlik fasilə vermək məcburiyyətində olduğunu dedi və mən yalnız, həmin həftəni ingilis dili dərsləri olmadan keçirdiyim vaxt anlaya bildim ki, özümdən başqa heç kəsin yaşamadığı bu kirayə evin divarları, indiyə qədər gündüzlərimi işdə, axşamlarımı isə siqaret tüstüləri ilə dumanlanan və nərd-domino şaqqıltılarının,, müştəriləri ən qəmli musiqi kimi ovutduğu çayxanalarda keçirdiyim üçün mənim üstümə gəlmirmiş. Məni darıxmaqdan və sıxıntıdan saxlayan şeyin ingilis dilinin özündən daha çox, həftədə üç dəfə üzünü gördüyüm o qız olduğunu da o günlərdə hiss elədim.
Və həmin vaxt qərara gəldim ki, bu dəfə dərsə başladıqdan sonra ona daha fərqli nəzərlərlə baxım.
Yəqin, elə bu qərarı verdiyim üçün növbəti həftə dərsə başlayanda o, mənim gözlərimə daha gözəl, daha xoş görsəndi. Hətta mən, illərdir yaşamadığım sevgi duyğusunun yenidən ürəyimə girməyə başladığını, qapısı ağzında gözlənilməz ayaq səsləri eşidib qulaqlarını şəkləyən adamların təəccübü və qorxusuyla hiss etdim. Amma bu təəccüb və qorxunu xoşbəxtliklə əvəz etmək mənim üçün çətin olmadı. Bu hissin şirinliyindən gecələr yuxuya gedərkən pəncərədən çölə baxa-baxa həyatın çox gözəl olduğunu düşünür və o qızın bəzək-düzəksiz, sadə üzünü gözlərim önündə canlandıraraq növbəti dərsin gəlişini arzulayırdım.
Növbəti dərsdə bizim iki nəfərlik qrupa başqa bir tələbə də daxil oldu. Bizlə təxminən eyni yaşlarda olan həmin oğlanın dərs vaxtı gah açıq, gah da bağlı qalan kamerası onun yaraşıqlı simasından əlavə, həm də evinin içini göstərərək bizə onun nə qədər varlı olduğu ilə də bağlı məlumat verirdi. Hər gün qarşısında nə cür danışacağımı xəyal etdiyim müəlliməni sonrakı dərs ilk dəfə olaraq kosmetikayla gördüm. Onun daha da gözəlləşdiyini hiss etsəm də, bu, məni nədənsə narahat elədi. Və mən dərs boyu onun yeni tələbəylə ünsiyyətinə, o tələbəylə necə davrandığına fikir verərkən bu narahatlığımın səbəbini anladım. Növbəti üç dərsdə də o, kosmetikalı idi və həmin dərslərin birində saçını adi formada yığsa da, digərlərində saçına nəsə bir dəyişiklik edib daha fərqli gözəllikdə görsənməyi bacarmışdı. Sonrakı dərsdə isə həmin oğlan daha qrupda yox idi, çünki müəllimənin dediyinə görə o, hazırlığa fərdi şəkildə davam etmək qərarını vermişdi.
Ayın axırına yaxın dərsləri dayandırdım. Növbəti ayın ortalarında isə həmin oğlanın instaqram profilində bir axşamüstü paylaşdığı şəkli gördüm. Bir-birindən yapışan iki əlin sahiblərindən biri yəqin ki, özü idi, amma incə və gözəl görünən digər əlin sahibinin üzü görsənmirdi.
Onun üzünü təxminən iki ay sonra həmin oğlanın profilindəki digər şəkildə görə bildim. Onlar yan-yana dayanmışdılar və əllərində nikah şəhadətnaməsi tutmuşdular. Altına "sevgi virusdan daha güclüdür" yazılan şəkildə qızın üzü yenə də kosmetikalı idi. Mən onun tanış simasına bir qədər tamaşa etdikdən sonra uzandığım çarpayıda gözlərimi tavana zillədim, ac olduğumu hiss elədim, axşam yeməyi üçün aşağı düşüb marketdən nələrsə almalı olduğumu xatırladım, amma o qədər yorğun və həvəssiz idim ki, gözlərimi yumub elə bu vəziyyətdə də yuxuya getməyi daha üstün tutdum.
Günay Əfəndiyeva Daşkənddə Maqsud Şeyxzadənin heykəlini ziyarət edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfəri çərçivəsində Azərbaycan və özbək xalqlarının görkəmli şairi Maqsud Şeyxzadənin Daşkənd şəhərində ucaldılmış heykəlini ziyarət edib, onun abidəsi üzərinə güllər qoyub və əziz xatirəsini ehtiramla yad ediblər.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Fondun prezidenti Maqsud Şeyxzadənin iki qardaş xalqın – Azərbaycanın və Özbəkistanın fəxri olduğunu, öz yaradıcılığı ilə hər iki dövlətin bir-birinə daha da yaxınlaşmasına dəyərli töhfələr verdiyini bildirib. M.Şeyxzadənin bədii irsini yüksək qiymətləndirən Günay Əfəndiyeva onun həm də türk ədəbiyyatının təbliği istiqamətində geniş fəaliyyət göstərdiyini, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhdimqulu Fəraqi, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun, Rəsul Rza, Nazim Hikmət, Osman Sarıvəlli və sair kimi türk dünyasının böyük söz sənətkarlarının əsərlərini özbək dilinə tərcümə etdiyini vurğulayıb.
Səfər çərçivəsində Fondun nümayəndə heyətini Özbəkistan Mədəni İrs Agentliyinin birinci müavini, görkəmli alim, professor Tursunəli Kuziyev və digər rəsmilər müşayiət ediblər.
Azərbaycan İstiqlal Muzeyi “Tamaşaçıların Seçimi” mükafatına layiq görülüb
Rusiya Federasiyasının Qələbə Muzeyi tərəfindən “Muzeylər Qələbə haqqında” adlı beynəlxalq video müsabiqəsi keçirilmişdir. Qələbə Muzeyinə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Moldovanın 120-dən çox muzeyindən XX əsrin ortalarının hərb tarixinə dair muzey ekspozisiyalarından bəhs olunan 130-dan çox videoçarx təqdim olunmuşdur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyi Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və istiqlalı uğrunda apardığı mübarizəni özündə əks etdirən eksponatların təqdim olunduğu videoçarxla bu müsabiqədə iştirak etmişdir.
Qələbə Muzeyinin rəsmi internet saytında 60 mindən çox internet istifadəçisinin iştirak etdiyi onlayn səsverməyə əsasən Azərbaycan İstiqlal Muzeyi “Tamaşaçıların Seçimi” mükafatına layiq görülmüşdür.
Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi Qələbə Muzeyi ilə 2018 – ci ildə birgə əməkdaşlıqla bağlı imzaladığı memoranduma əsasən müxtəlif layihələr çərçivəsində sərgi və müsabiqələrdə iştirak etmişdir.
Bu gün Əhməd Cavadın 130 illiyi qeyd ediləcək
Bu gün - noyabrın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cəfər Cabbarlının ev-muzeyi Əhməd Cavadın 130 illiyi münasibətilə “Çırpınırdın Qara dəniz” adlı tədbir keçirəcək.
Baş İdarənin mediaya açıqlamasına istinadən edərək “Ədəbiyyat və incəsənət” xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçiriləcək tədbirdə elm, ədəbiyyat, mədəniyyət xadimləri, təhsil işçiləri, muzey, kitabxana əməkdaşları, məktəblilər və tələbələr iştirak edəcəklər.
Qeyd edək ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın anadan olmasının 130 illiyi tamam olub. Prezident İlham Əliyevin 20 aprel 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizdə böyük şairin yubiley tədbirləri geniş qeyd edilir.
BP Azərbaycanın mədəni irsinin təbliğinə dəstək verir
Ötən gün BP şirkəti Azərbaycanın möhtəşəm milli sənət nümunələrindən biri olan qurama sənəti haqqında kitabın ictimaiyyətə təqdimatını və qurama sərgisinin açılışını edib.
“Ədəbiyyat və incəsənət” portalı BP-nin mediaya açıqlamasına istinadən xəbər verir ki, tədbir İçərişəhərdə yerləşən Şirvanşahlar Sarayı Kompleksində Milli Qurama Festivalı çərçivəsində keçirilib.
Kitab qurama sənətinə dair müxtəlif dillərdən Azərbaycan və ingilis dillərinə tərcümə edilmiş tədqiqat materialının toplusudur. Bu material daha öncə Bakı və rayon muzeylərinin fondlarında, eləcə də şəxsi kolleksiyalarda saxlanılan 18-ci və 19-cu əsrlərə aid qurama kompozisiyaları haqqında mövcud fotoşəkillər və məlumatlar əsasında hazırlanıb.
Qurama sərgisində isə tanınmış qurama ustalarının əl işləri nümayiş etdirilir. Sərgi ictimaiyyətə açıqdır və BP əlavə olaraq bir ay ərzində sərgini ödənişsiz şəkildə ziyarət etmək imkanı yaradıb.
BP sözügedən kitaba və sərgiyə milli qurama sənətinə dair məlumatla daha geniş auditoriyanın tanış olması üçün imkan yaratmaq və Azərbaycanın zəngin mədəni irsini təbliğ etmək məqsədilə sponsorluq edib.
Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycanın sənətkarlıq mədəniyyətində özünəməxsus yeri olan bu ecazkar milli sənət nümunəsinin təbliğinə dəstək olmaqdan məmnunuq. Qurama sənəti ölkənin bütün bölgələrində mövcuddur və bu sənət növü ilə əsrlər öncə məşğul olublar. Ümid edirik ki, bu gün təqdim olunan kitab və açılışını etdiyimiz sərgi Azərbaycanın mədəni irsinin bu qədim və rəngarəng bədii nümunəsinin daha geniş auditoriya tərəfindən öyrənilməsinə və araşdırılmasına kömək edəcək”.
Layihənin ümumi dəyəri təxminən 72 min manatdır. Bu məbləğə tədqiqat materialının redaktor tərəfindən nəzərdən keçirilməsi və tərcüməsi, kitabın nəşri, eləcə də sərginin sponsorluq xərcləri daxildir.
Layihə “İçərişəhər” Muzey Mərkəzi tərəfindən həyata keçirilib.
İntiqam Yaşar Tunisdə beynəlxalq poeziya festivalında iştirak edəcək
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Tunisdə 24-27 noyabr tarixlərində baş tutacaq 42-ci Beynəlxalq Poeziya festivalında Azərbaycanı təmsil edəcək.
“Ədəbiyyat və incəsənət” portalına İntiqam Yaşarın verdiyi məlumata görə, dünyanın bir çox ölkələrindən ədəbiyyat nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbirə Tunisin Tozour şəhəri ev sahibliyi edəcək. Tədbirdə şeirlər oxunacaq, müxtəlif panellərdə ədəbi müzakirələr təşkil olunacaq. Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçəcək.
Mədəniyyət naziri ICESCO-nun konfransında iştirak edib
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Mərakeşin qədim paytaxtı Fəs şəhərində BMT-nin Sivilizasiyalar Alyansının bu gün öz işinə başlayacaq 9-cu Qlobal Forumu ərəfəsində muzeylərin sivilizasiyalar arasında dialoqun və sülhün təmin edilməsində roluna həsr olunmuş konfrans keçirib.
Tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, forumda giriş nitqi söyləyən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik müxtəlif mədəniyyətlər və qədim sivilizasiyaların zəngin irsini qoruyub saxlayan muzeylərin fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, COVID-19 pandemiyası muzeylərin fəaliyyətinin yeni çağırışlar fonunda və yüksək texnoloji nailiyyətlər əsasında qurulmasının zəruriliyini göstərdi.
Azərbaycanın mədəniyyət naziri çıxışında ölkəmizdə muzeylərin fəaliyyəti, dövlətin bu mühüm mədəniyyət obyektlərinə diqqət və qayğısından danışıb. O, həmçinin Ermənistanın işğalı dövründə Azərbaycan xalqının qədim irs nümunələri olan muzeylərin dağıdılması, eksponatların qarət olunması barədə məlumat verib. Nazir diqqətə çatdırıb ki, hazırda azad olunmuş ərazilərdə mədəniyyət obyektlərinin bərpası işləri aparılır.
BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi çıxış edərək, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. O qeyd edib ki, mədəni irsin təbliğinin sivilizasiyalar arasında dialoqda rolu məsələləri Alyansın 9-cu Qlobal Forumunda da müzakirə ediləcək.
Bu gün görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyidir
Musiqi, ümumən mədəniyyət tariximizdə yüksək yer tutan görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 100-cü ildönümü məhz bu gün tamam olur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu münasibətlə tanınmış mədəniyyət xadimləri və Azərbaycan Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının əməkdaşları Fəxri xiyabana gələrək Fikrət Əmirovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın ömür yolundan və yaradıcılığından danışıb. Bildirib ki, bəstəkar musiqinin bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı “Şur” simfonik muğamıdır. Sonralar o, bu janrda “Kürd-ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Fikrət Əmirovun bəstələri əbədiyaşardı və bu əsərlər daim onu yaşadacaq. Bu gün Fikrət Əmirovun əsərləri dünyanın demək olar ki, hər yerində səslənir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə deyib ki, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Qara Qarayev üçlüyünün nümayəndəsidir. Fikrət Əmirovun simfonik əsərləri dünyanın dahi dirijorların repertuarında səsləndirilib. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfoniyasının ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli diqqətə çatdırıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə və ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunur.
Tədbirdə çıxış edən digər natiqlər də Fikrət Əmirovun bənzərsiz yaradıcılığından söz açıblar.
Xüsusi ilə qeyd edilib ki, Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley noyabrın 3-də Parisdə, UNESCO-nun mənzil-qərargahında qeyd edilib.
Görkəmli şəxsiyyətin ruhu şad olsun!