Super User

Super User

 

Bu gün Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Cəfər Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr vermiş görkəmli vətənpərvər şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə “Çırpınırdın Qara dəniz” adlı tədbir və “Əhməd Cavad 130” adlı məlumat bazasının təqdimat mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı kitabxananın mediaya məlumatına istinadən xəbər verir ki, tədbirdə elm, ədəbiyyat, mədəniyyət xadimləri, təhsil işçiləri, muzey, kitabxana əməkdaşları, məktəblilər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov bütün həyatını milli istiqlal ideyalarının gerçəkləşməsinə həsr etmiş, bir əlində qələm, bir əlində silah əsarətə, zülmə, istismara qarşı daim mübarizə aparan, milli istiqlal şairi Əhməd Cavadın bütün həyatını, canını, varlığını türkçülük və turançılıq ideyalarına həsr etdiyini söyləyib. O, Əhməd Cavadın vətənə, torpağa, Azərbaycan Türkiyə qardaşlığına, bayraqlarımıza ən çox şeir həsr etdiyini və onun tək Azərbaycan şairi deyil, Turan dünyasının şairi olduğunu vurğulayıb. Şairin yaratdığı ədəbi-ictimai ənənələrin bu günün yaddaşına, müasir gəncliyin şüur və əqidəsinə ötürüldüyünü, Əhməd Cavad ömrünün isə xatirələrdə, xalqımızın rəşadətli tarixində bu gün də yaşadığını bildirib. Onun sözlərinə bəstələnən Azərbaycan Dövlət Himninin bu gün azad olunmuş Azərbaycan torpaqlarında, Qarabağda, Şuşada səsləndirildiyini böyük qürur hissi ilə dilə gətirib. 

İnformasiya xidməti və media ilə iş şöbəsinin müdiri Günay Həsənova Əhməd Cavadın 130 illiyi ilə əlaqədar olaraq Respublika Gənclər Kitabxanasının həyata keçirdiyi silsilə tədbirlər haqqında məlumat verib. Sonradan kitabxana əməkdaşları tərəfindən hazırlanan “Əhməd Cavad 130” adlı məlumat bazasını təqdim edərək, burada ədibin həyat və yaradıcılığını əks etdirən məlumatların, onun haqqında söylənilən dəyərli fikirlərin yer aldığını, bundan əlavə, Əhməd Cavadın müəllifi olduğu əsərlərin, dövrü mətbuatda çıxan məqalə və şeirlərinin, dünya klassiklərindən tərcümə etdiyi ədəbiyyat nümunələrini və digər məlumatların olması haqqında danışıb.

Cəfər Cabbarlı ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı babasının adını daşıdığı Respublika Gənclər Kitabxanasının onun üçün çox doğma bir məkan olduğunu söyləyərək, bu tədbirin məhz mədəniyyət ocağında təşkilinə görə kitabxanaya dərin təşəkkürünü bildirib. Qəmər xanım Əhməd Cavad yaradıcılığından bəhs edərək, Türkiyə və Azərbaycanın müstəqilliyi uğrunda yorulmaz fəaliyyət göstərən, çalışan istiqlal şairimizin əziz xatirəsinin bu gün də qəlblərdə yaşadığını söyləyib.

AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə öz çıxışında Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin bir epoxanın inciləri olduğunu, lakin təəssüf ki “Qırmızı terror”un qurbanı olaraq öz yaradıcılıqlarına vaxtsız son qoymağa məcbur edildiklərini bildirib. Əzizağa müəllim öz çıxışında Əhməd Cavadın Azərbaycan bayrağına, Turan və türkçülük ideyalarına əbədi sədaqətindən, misilsiz sevgisindən danışıb.

BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova Əhməd Cavad yaradıcılığı haqqında qələmə aldığı məqalədən parçalar oxunub. 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxışında “Çırpınırdı Qara dəniz” şerinin yazılma tarixindən danışaraq, Əhməd Cavadın yaradıcılığında müstəsna əhəmiyyətə malik olan vətənpərvərlik mövzusunun əhəmiyyətini vurğulayıb. Bu gün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşan, qanı, canı bahasına doğma Vətənini qoruyan, Azərbaycana şanlı Zəfər tarixini yaşadan Azərbaycan əsgərinə Əhməd Cavad poeziyasının bir yürüş marşı, vətənpərvərlik çağırışı olduğunu söyləyib. 

AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmaları İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva öz çıxışında Azərbaycan milli ideyasının poeziyada ən fəal tərənnümçüsü olan Əhməd Cavadın dünyagörüşündə islamçılıq və türkçülüyün bir vəhdət təşkil etdiyini söyləyərək, görkəmli ədibin millət və dinə münasibətdə türk-islam sintezindən çıxış etməsini və ömrünün sonuna qədər də bu ideyasına sadiq qaldığını söyləyib.

Tədbirdə BDU-nun hazırlıq kursunun türkiyəli tələbələri “Çırpınırdın Qara dəniz”, “Can Azərbaycan”, “Şəhidlər” şeirlərini, “Çanaqqala türküsü” nəğməsini, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri isə Əhməd Cavadın “Səhər-səhər”, “Azərbaycan bayrağına”, “Qaldı”, “Dönür” və digər şeirlərini səsləndiriblər.

Tədbir boyunca Əhməd Cavadın sözlərinə yazılmış musiqilər səsləndirilib, kitabxana əməkdaşları tərəfindən görkəmli ədibin həyat və yaradıcılığına həsr edilən videomaterial nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

Tanınmış meyxana ustadı Namiq Məna 2005-2009-cu illər arasında ABŞ dövlət katibi olmuş Kondoliza Rays tərəfindən ABŞ-a dəvət olunduğunu ilk dəfə indi mediaya açıqlayıb.

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, bu barədə o, "Səhər Mərkəzi" proqramına qonaq olarkən deyib. Sənətçi bildirib ki, bu səbəbdən 1 ay Amerikada olub:

"Amerikaya dəvət etmişdi. Bizim səfirimiz məlumat verdi. Orada 1 ay qaldıq. Bu janrı təmsil etdik. Bunların hamısı bizə göstərilən ehtimad idi. İstəyirik ki, bu janrı cəmiyyətə olduğu kimi təqdim edək. Dövlətin bu janra diqqəti böyükdür. Özüm Novruz bayramlarında Prezident qarşısında çıxış etmişəm, "Tərəqqi" medalı almışam. 

Meyxanaya sevgi böyükdür. Qüsurları ona görə də çox gözə görünür. Bəzi sənətçi, bəstəkar, aparıcılar var ki, meyxanaçıları qısqanırlar. İstəyirlər ki, bu sahə üzərinə neqativ toplasınlar".

 

Türkiyədə yayımlanması planlaşdırılan "Çöp adam" serialı ilə bağlı dəyişiklik edilib.

Bu gün təqdim olunmalı olana ekran işinin yayım günü ərtələnib. Buna səbəb ehtiyat bölümlərin çəkilməməsi olub. Buna görə, serial noyabrın 30-da izləyicilərə təqdim olunacaq.

 

Qeyd edək ki, ekran işinin yeni baş rolları Engin Altan Düzyatan və Elçin Sanguya həvalə olunub.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

Noyabrın 27-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşası növbəti dəfə nümayiş olunacaq.

 

Səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov və musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Tamaşada meşə heyvanlarının dili ilə uşaqlara mənəvi dəyərlər olan dostluqdan, sədaqətdən və səmimiyyətdən söhbət açılır. Səhnə əsəri şən musiqilər və aktyorların uşaqlarla ünsiyyəti fonunda öz dinamikliyi ilə davam edir.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

Balıqlara xütbə” filmi Almaniyada mükafata layiq görülüb

 

 

Rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“Sermon to the Fish”) tammetrajlı bədii filmi Almaniyada – 32-ci Cottbus Film Festivalının (FFC) əsas müsabiqə proqramında nümayiş olunub.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, ekran əsəri festivalın münsiflər heyətinin fəxri mükafatına layiq görülüb.

Nümayişdən sonra filmdə rol alan Orxan İsgəndərli tamaşaçıların suallarını cavablandırıb.

Qeyd edək ki, “Balıqlara xütbə” filmi bu ilin avqustunda 75-ci Lokarno Film Festivalında (İsveçrə) münsiflər heyətinin “Xüsusi diqqət” (“Special Mention Pardo Verde WWF”) və gənc münsiflər heyətinin mükafatlarına layiq görülüb.

Azərbaycan, Türkiyə, Meksika və İsveçrə kinematoqrafçılarının iştirakı ilə ərsəyə gələn ekran əsərinin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır.

Film müharibələrdə, onun ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıldır.

 

Noyabrın 23-də Yasamal Rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində erməni cinayətlərindən bəhs edən “Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli filminin təqdimatı olub.

 

Təqdim edilən sənədli filmin ssenari müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov, rejissoru kinematoqrafçı Amil Amaldır.

Təqdimatda ssenari müəllifi Faiq İsmayılov film haqqında məlumat verərək, ekran əsərində danışılan məscidin tarixindən, həmçinin erməni vandallığına məruz qalmasından bəhs edib. Bildirib ki, Yuxarı Gövhər Ağa məscidi və ya Şuşa Cümə məscidi qala - şəhərin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir: “Məscid həmçinin Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Şuşa şəhəri Ermənistan tərəfindən işğal altında saxlandığı dövr ərzində digər tarixi-mədəni abidələr kimi, Yuxarı Gövhər ağa məscidi də talan olunub. Məscidin texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistana daşınıb. Minarələri daxildən tamamilə sökülüb, xaricdən atəşə tutulub, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub və kommunikasiya xətləri dağıdılaraq yararsız hala salınıb”.

Yuxarı Gövhər ağa məscidi haqqında hazırlanmış sənədli film barədə danışan F.İsmayılov qeyd edib ki, mütəxəssislər tərəfindən filmə ilkin baxış olub və yüksək qiymətləndirilib: “Bu mütəxəssislər içərisində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə də var idi. O, bu filmi Ermənistana qarşı məhkəmə iddiası işlərinin hazırlanmasında istifadə edilməsindən ötrü müvafiq komissiyalara göndərəcəyini vurğulayıb”.

Filmi yüksək qiymətləndirən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov filmin dünya ictimaiyyətini tarixi faktlarla məlumatlandırmaq nöqteyi-nəzərdən əhəmiyyətli olduğunu vurğulayıb: “Sənədli filmdə mövzu dərindən araşdırılaraq, qəbir abidlərinə qarşı vandalizm də diqqətə çatdırılır. Hər bir abidənin ayrılıqda tədqiqi yaxşı yanaşmadır. Nazirlik olaraq hər zaman belə layihələrə dəstək göstərməyə hazırıq”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Həsən Səmədov Yuxarı Gövhər Ağa məscidinin erməni işğalı altında qalan digər məscidlərdən fərqli bir tale yaşadığını vurğulayıb. Bildirib ki, ermənilərin işğal zamanı bu abidəyə qarşı törətdikləri vandalizmə rəğmən tikili ayaq üstə qala bilib. 

Sonda “Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli film nümayiş olunub və seyrçilər tərəfindən müsbət qarşılanıb. 

 

Fotolar: AzərTAC-ındır.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

 

Repressiya qurbanları unudularmı? Əsla yox. Mənfur Stalin rejimi onları işıqlı dünyadan qoparsa da adları yaddaşımızdadır. Onlardan biri də Əli Nazimdir. Bu gün onun anadan olmasının 116-cı ildönümüdür.

Əliəkbər Mahmud oğlu Mahmudzadə (Əli Nazim) 1906-cı il noyabr ayının 24-də Təbriz şəhərində anadan olub. Tezliklə ailəsi Rusiya imperiyasına aid olan Batum şəhərinə köçüb. Orada rus dilini mükəmməl öyrənən Əli Nazim Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda təhsil alıb. Bakıya köçəndən sonra Azərbaycan Elmi-Tədqiqat İnstitutu Ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb, qiymətli dərsliklər yazıb. Ədəbi tənqid sahəsində parlaması 1932-1936-cı illərdə bir-birinin ardınca “Molla Nəsrəddin” jurnalı haqqında “Realist, satirik və sənətkar”, “Cəlil Məmmədquluzadə və yaradıcılığı”, “Nəsrəddin haqqında bir neçə söz” kimi maraqlı əsərlər yazıb dərc etdirməsi sayəsində olub. Əli Nazim 20-30-cu illərdə respublikamızdan kənarda ən çox çıxış edən tənqidçilərdən idi. O, Moskvada, Türkiyədə çap olunan qəzet və jurnallarda dərc olunmuş məqalələri ilə Azərbaycan ədəbiyyatını layiqincə təblig edirdi. Çox təəssüf ki, 1937-ci ilin repressiyası onu da qurbana çevirib. Əli Nazim SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 13 oktyabr 1937-ci il tariхində keçirdiyi 15 dəqiqəlik məhkəmə iclasında 10 il müddətinə azadlıqdan məhrum edilib, 23 avqust 1941-ci ildə həbsxanada vəfat edib. Düzdür, ölümündən sonra SSRİ Ali Məhkəməsinin qərarı ilə ona bəraət verilib, amma daldan atılan daş topuğa dəyər. 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

 

 

Bu gün Deyl Karneginin anadan olduğu gündür. 1888-ci ilin bu günündə Missuri ştatının Merivil fermasında dünyaya gələn, hədsiz yoxsulluq içərisində yaşaya-yaşaya Dövlət Pedaqoji Kollecində əla təhsil almağa müvəffəq olan bu şəxs nimdaş geyimi, normal qidalana bilməməsi müqabilində nədəsə fərqlənməyi, nədəsə nümunə olmağı qarşısına məqsəd qoymuşdu, müvəffəqiyyətli təhsili ilə kollecdə hamını qabaqlamış, üstəlik, əla natiqlik qabiliyyəti ilə böyük auditoriyaları ələ ala bilmiş, zaman keçdikdən sonra isə bir psixoloq, kouç, motivasiya spikeri kimi bütün dünyaya uğur qazanmağın, karyera qurmağın, xoşbəxt olmağın sirlərini açıqlayaraq məşhurlar məşhuruna çevrilmişdi.

Şəxsən mən hansı auditoriyada gənclərlə görüşürəmsə əksəriyyəti imkansızlıqdan şikayətlənib bədbinliklərini, ruhdandüşmə səbəblərini bununla izah edirlər. Budur, Deyl Karneginin həyatı hamı üçün örnək olmalıdır. İnsana nimçədə xoçbəxtliyi heç kəs vermir, onu gərək özün öz səyin, məqsədyönlülüyün sayəsində əldə edəsən.

Karneginin doğulduğu günün “dost qazanma günü” adı altında qeyd edilməsinin səbəbi isə dünyaşöhrətli kouşun ən məşhur təlimlərindən biridir - “Dostları necə qazanmalı”.

 

Varis, “Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

 

Onu çoxlarımız Milli Məslisdən tanıyırıq. Aqşin  Babayev hələ uşaqlığından yazı-pozuya meyilli olub, 1964-cü ildə onun “Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı çapdan çıxıb. “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Ayrılıq”, “Söz gülləsi”, “Dünyanın axırı”, “Göyərçinlər öpüşür” və s. kitabların müəllifidir o, ümumilikdə onun 40 kitabı nəşr olunub. Televiziyada uzun illər çalışıb, 1975-1990-cı illərdə AzTV-də sədr müavini vəzifəsini daşıyıb. 1996-cı ildən filologiya elmləri doktoru elmi adını, 1998-ci ildən professor elmi rütbəsini alıb. Onun “Yaralar”, “Cəza”, “Tufan”, “Düşmən”, “Bir parça həyat” əsərləri tamaşaya qoyulub, ssenarisi əsasında telefilmlər çəkilib. 1986-cı ildə “Kişilər az yaşadı” povest və hekayələr toplusu Moskvada rus dilində kütləvi tirajla nəşr olunub. 1969-1979-cu illərdə ingilis, fransız, ərəb və ispan dillərində çap olunan “Moskow news” qəzetində Azərbaycan üzrə xüsusi müxbirlik də edib. 1991-2006-cı illərdə o, Milli Məclisinin Mətbuat xidməti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xidmətlərinə görə Aqşin müəllim 1970-ci ildə “Əmək rəşadətinə görə” medalı, 1980-ci ildə “SSRİ televiziya və radio əlaçısı” nişanı, 1986-cı ildə “Əmək Veteranı” medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə tətif edilib. 1987-ci ildə Azərbaycanın “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona II dərəcəli Dövlət müşaviri rütbəsi verilib. Aqşin Babayev 2020-ci il iyun ayının 10-da Bakı şəhərində vəfat edib. Allah rəhmət eləsin!

 

 Orxan Həsənov (Orxan Həsəni) 1998-ci ildə doğulub. 2019-ci ildə Bakı Dövlət Universitetin Filologiya fakültəsini bitirib. 2018-2020-ci illərdə “Kaspi” qəzetində müxbir işləyib. Hal-hazırda “kulis.az” ədəbiyyat və mədəniyyət saytı ilə əməkdaşlıq edir. Dövri mətbuatda hekayələri ilə çıxış edir. O, SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun finalçısıdır.

“Ədəbiyyat və incəsənət” portalı Orxan Həsənini festivalın finalına daşımış“Metro terminalının sevgisi” adlı hekayəsini oxucularına təqdim edir.

 

 

Metro terminalının sevgisi

 

Hekayə

 

"Beləliklə, hər şey yuxuyla başladı”

Edqar Keret. "Yalanlar dünyası”

 

"Qadın qəzəblə qışqırıb: "Axmaqlar!” Və fəhlələr ordan uzaqlaşmağa hazırlaşarkən, belə deyib: "Oğlum öldü və bir göyərçinə çevrildi”.

Eduardo Qaleano. "Qadınlar”

 

Birinci dəfə iyirmi yaşımda öldüm. Hər şey qəfil baş verdi və heyrətdən genişlənib az qala əlliqəpiklik boyda olan gözlərimdən xəstə bir sızıltı keçdi. Zəif bədənim ölümün bihuşedici dadını hiss edən an səyriməyə başladı, damar-damar olmuş sifətim buz soyuğu özünə çəkdi. Hündür körpüdən lil, bulanıq suyu üstündə çör-çöplə qabağına qatıb aparan çaya yıxıldım. Məni kimsə itələdi, ancaq bilmirəm kim. Suda çırpına-çırpına, ləhləyə-ləhləyə boğuldum. Lilli su həbəşi dodaqlarımı yarıb keçdi, zəif, incə boğazımın qısılmağına məhəl qoymadan ağciyərimə, mədəmə doldu. Ölüm anımda içimi nəhayətsiz bir genişlik duyğusu sardı. Hər yan dümağ, gözqamaşdıran işığa bürünmüşdü, daha sonra zil, qatı qaranlıq...

İçimə yığılan nəhayətsiz genişlik duyğusu çəkiləndən və yerini zil, qatı qaranlıq alandan sonra, təxmin edirəm, başqa bir aləmə keçid elədim. Ruhum soyuq bədənimdən yağdan tük çıxan kimi ləzzətlə çıxmışdı. Mən geniş, divarları görünməz salonda idim. Tavan və döşəmə şəffafdı. Bura kürsüdən, kürsünün üstündə səliqəsiz yığılan dairəvi püşk toplarından, bir külfət adamın asta-asta əyləşdiyi paralel masalardan ibarətdir. Mən elə düşündüm ki, biz səhradayıq, ətraf ucsuz-bucaqsız genişlik idi, ancaq istilikdən əsər-əlamət yoxdu. Daha sonra kürsüdə bir adam göründü və diqqətlə zilləndiyi yaşıl dəftərdən adlarımızı oxumağa başladı. Hamı buradaydı. O, şəhadət barmağını hərəkətsiz duran püşk toplarına çəkdi və astadan dedi:

– Diqqətlə baxın. Sizin gələcək taleyiniz onların içində gizlidir.

Düzü, heç nə anlamadım. O, püşk toplarını bir-bir qırmızı, zərli torbanın içinə atdı və qarışdırdı. Torbadan çıxan püşklə siyahıdakı adamları tutuşdururdu; budur, beləcə sizin bundan sonrakı həyatınızın hansı bədəndə keçəcəyi məlum oldu.

Adı tutuşdurulan adamlar qalxır və dümağ, gur işığın arası ilə uzanıb yoxa çıxan cığıra qoşulurlar, asta-asta duman içində itən kimi itirlər, nəhayətsiz genişlik onları udur. Siyahıda adım səslənəndə qəfil məni həyəcan bürüdü. Əlimi cibimdə gizləmək istədim, ancaq ciblərim yox idi.

– Orxan Həsəni! – Zərfi oxudu və gözlərimə dikilib birnəfəsə dedi: - Siz bundan sonrakı həyatınıza metro terminalı olaraq davam edəcəksiniz.

 

***

İkinci həyatıma metro terminalı olaraq başladım. Yerin altında lal-dinməz, tərpənməz dayanmaq məni şiddətlə darıxdırır. Metal səthimin gur işığı şirə kimi canına çəkməyini, istiliyin qarmaqarışıq naqillərimin arasında gəzişməyini hiss edirəm. Yəqin ki, bu, qəbir əzabından daha dəhşətlidir. Ah, kaş hamı kimi mən də çürüyüb torpağa qarışardım! Zavoddan Bakı metropoliteninə aparan yolda tozlu pəncərədən şəhəri izlədim. Bircə dəfə də olsun şəhər üzü görməmişəm. Yurdum arı vızıltılarının ətrafı bürüdüyü göy-çəmənlər, sal qayaların bağrında yuva quran qartal qanadlarının altı və salxımlarından ətli meyvələr sallaşan yaşlı ağacların kölgəsi idi.

Dümdüz asfalt, səkilər, insanlar, hamısı məni həyəcanlandırır, bu zaman elektrik naqillərimin əsdiyini ana bətnində körpə tərpənişi kimi duyuram. Nəhayət, məni o dərin çuxura saldılar. Tək deyiləm. Dostlarım da var. Onlar iki nəfərdir. Biz hərdən söhbətləşirik. Qaradinməz olsalar da, elə də pis oğlan deyillər. Dediyinə görə, Anton təyyarədən paraşütlə atlanıb, təəssüf, paraşüt açılmayıb. Rafiq isə Qarabağ müharibəsində minaya düşüb, ayaqlarının ikisini də itirib, qanaxmadan ölüb. O, hərdən özü-özünə mızıldanır:

– Hər iki ayağımı itirmişdim. İndi isə düz dörd ayağım var. Cəhənnəmə ki, qoy heç yana tərpənməyək.

Mən isə darıxa-darıxa deyirəm:

– Elə bil bu gün dünənin təkrarıdır. Baxın, adamlar necə də bir-birinə bənzəyir. Dəhşətdir!

 

***

Bir aydan sonra bu amansız darıxmağı kəsib doğramaq, baş qatmaq üçün oyunlar kəşf etməyə başladıq. Kassamızdakı qəpikləri hərəkətə gətirir, qırıq-qırıq səslər çıxarırıq. Eyni anda təkrar olunan səslərdən ritm yaranır. Hə, onu da deyim ki, həftədə bir dəfə boz geyimdə, papaqlı adamlar gəlir, açarı kassanın kilidi üstə çevirir, yığılan qəpikləri, kağız pulları kassa qarışıq götürüb aparırlar. Başqa kassa qoyurlar və biz bir neçə gün bədənimizdəki yad parçaya öyrəşməli oluruq. Bu zaman özümü boş və mənasız hiss edir, şiddətlə darıxıram. Yox! Bunu heç kimə deməyin, biz yeni üsul tapmışıq. Qəpiklərdən bəzilərini kassaya yox, içimizdəki gizli, boş hissəyə yola salırıq və beləliklə, gecə əyləncəmiz davam edir. Çık, Tak. Tuk və s.

Günlərin bir günündə səhərin alatoranında mənə bir qadın yaxınlaşdı, metro kartına pul vurdu və necə gəlmişdisə, eləcə də tələsik yoxa çıxdı. Bu hadisə hər gün eyni saatda günlərlə, aylarla davam etdi. Onun saçı dağınıq idisə, deməli, bayırda külək əsirdi. Bu gün Bakıda əməllicə həngamə qopacaqdı və mən bütün gün həmin küləyin vıyıltısını öz içimdə dəfələrlə təkrar edəcəkdim. Yox, əgər yaşıl, iri düyməli paltosunun çiyinlərini yaş görsəm, deməli, bayırda yağış vardı, bu zaman ağacların yaşıl yarpaqlarına vuran, yarpaq üstə gölməçələnən damcıları nöqtə-nöqtə hiss edəcəkdim. O vaxt bütün gün mənim içimdə yağış yağacaq, hər tərəfi sel-su aparacaqdı. Çiynində qoruyub gətirdiyi qar dənəsindən, çiyinlərini bir-birinə sıxmağından, ya ağzından çıxan isti buxardan sitilliyərdim.

Hə, bizim bu dilsiz-ağızsız dostluğumuz aylarla davam etdi. Mən artıq gecələr oyunlar oynamırdım. Dostlarımla kəlmə də kəsmirdim. Uydurduğumuz əyləncələrin hamısını tərgitmişdim. Bircə o qadın haqqında düşünür və qadının mənə düşündürdüyü yağış, külək, şəhər, səkilər, ağaclar üçün darıxırdım. Hisslərim alüminium tellərin arasından kəsik-kəsik keçən elektrik enerjisinə bənzəyirdi və hərdən bu metal bədənimin içində cövlan eləyən hisslərdən qorxurdum. Kənardan görən olsa deyərdi: "Gör necə bədbəxtdir. Dünya dayandığı yerdən ibarətdir”- amma yəqin ki, içimdə birdən-birə baş qaldıran qəribə hisslər mənə özgə aləmlərin qapısını açırdı. Qorxunun xoşbəxtliyimə gücü çatmırdı.

Qızın atdığı qəpikləri kassaya yola salmırdım. Onları saxlayırdım ki, gecələr qoxusunu hiss eləyim, qəpiyin üstündə naxış kimi qalan əl izlərini öz içimə köçürüm, soyuğunu və getdikcə dəmir əsginasın içimdə istiləşməyini hiss eləyim. Kağız pullara hopan onlarla qoxudan onunkunu seçib çıxara bilirdim. Bu qoxu mənə yağışı xatırladırdı, hər tərəfi sel-su aparırdı, dəli bir külək ağacları döyür, şelə yarpaqlarını havada oynadırdı, ya da hava əməllicə isti idi, onun ağappaq boynundan muncuq kimi tər damcıları axıb sinə düyməsinin altında yoxa çıxırdı.

Dostum Antonun da dediyi kimi və hər şey gözlənilməz anda baş verdi. Adi səhərlərdən biri idi. Qadın gəlmədi, sonrakı səhər də gəlmədi və ondan sonrakı səhər də. Onu bir daha görmədim. Nə çiynindəki nəmişliyi, nə saçındakı küləyin çəkilməyən ətrini, nə də ki, ağappaq boynundan muncuq kimi tər damcılarının axıb sinə düyməsinin altında yoxa çıxmağını. Və bununla sanki, bir daha nə yağış yağdı, nə külək əsdi, nə də adamlar təri dabanından çıxa-çıxa dəhşətli istidən qorunmaq üçün bir kölgəlik gəzdilər. Özgə aləmlərə açılan qapı birdən çak eləyib örtüldü. Qadın bətnimdə körpə kimi qoruduğum üstünə əl izi hopmuş qəpikləri, qoxusunu onlarla qoxunun içindən çəkib çıxardığı kağız pulları qoyub bir dəfəlik itdi. Və hekayəmin ən dəhşətli anları bundan sonra başladı.

Amansız darıxmaq məni büsbütün bürüdü. İçimdə yorğan içində eşələnən kimi eşələnir, özümə bir yer tapa bilmirdim. Məndən də, əziz oxucum, səndən də, burda səssiz-səmirsiz dayanıb taleyin onlara biçdiyi ömrə boyun əyən dostlarımdan da əvvəl axıb gedən həyatla aramdakı sonuncu tellər qophaqopdaydı. Və həmin amansız gecələrin birində elektrik naqillərimdən keçib bütün əzalarımda hiss olunan kədər məni bir anda yıxdı. Müqavimət hissimi itirdim və özümü elə qüvvətlə sıxdım ki, elektriklərin çırtıltısını eşitdim, bu an qısaqapanma baş verdi, yanan naqillərdən çıxan qatı tüstü məni bürüdü, bəyazlığın içində görünməz oldum.

Yanan naqillərin qoxusu içimdə aylarla saxladığım əsginaslara hopan qadının qoxusunu yox elədi. Qəfil partlayışla öldüm. Bətnimdə körpə kimi qoruduğum qəpiklər dığırlana-dığırlana ətrafa yayıldı. Çık, tak, tuk. Kağız əsginasları od götürdü. Bir neçə saniyə havada uçuşdular və asta-asta quş lələyi kimi yerə qondular, kül oldular.

 

***

Mən yenidən həmin salondayam. Püşkatmadır. Kürsüdəki adam adımı ucadan çağırır.

– Orxan Həsəni! Siz bundan sonrakı həyatınızı dar otaqda, heç kimlə ünsiyyət qurmadan hekayə yazaraq keçirəcəksiniz.

Mən indi həmin eni, uzunu beş addımı keçməyən pəncərəsiz, dar otaqdayam. Başımın üstünü kəsdirən qara kapşonlu, uzun plaşlı adam hər səhər məndən bir hekayə təhvil alır. Burda çox darıxıram, ona görə daha yaxşı hekayələr uydurmaq istəyirəm və hərdən o qadını düşünürəm. Burda, çoxdandır, yağış yağmır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.