Super User

Super User

 

Reper Orxan Zeynallının (AİD) xanımı Ülviyyə Məmmədova onunla bağlı qalmaqallı status paylaşıb.

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, o, instaqramda repçinin səhifəsini işarəliyərək bu sözləri qeyd edib:

"Orxan, xahiş edirəm, məni tək və sakit burax. Məni axtarma, narahat etmə! Sənin ikiüzlülüyünün həyatımda yeri yoxdur".

Qeyd edək ki, cütlük 2015-ci ildə ailə qurub.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

Friday, 25 November 2022 13:00

Moşunu niyə narazı salıblar?

 

Aktyorların təqaüdə yola salınması geniş vüsət almaqda, aktyorlar narazı qalmaqda, səhnə keyfiyyəti aşağı düşməkdə davam edir. Nə baş verir? 

 

“Ədəbiyyat və incəsənət” portalı yaşına görə teatrdan uzaqlaşdırılmasını qəbul edə bilməyən sənətçilərimizdən bəziləri barədə sizlərə məlumat vermişdi. Narazılardan biri də Xalq artisti Valeh Kərimovdur. Ömrünün 45 ilini Sumqayıt teatrında çalışan aktyor bu günlərdə dərdini media ilə bölüşüb, onu sənətdən güclə ayırdıqlarını bildirib:

"8 ildir teatrdan təqaüdə çıxarıblar məni. Soruşan olmadı bunu istəyirəm, ya yox. Teatrın direktoru mənə dedi ki, “Valeh müəllim, yanvarın 1-dən daha işə gəlməyin. Çünki yaşınız tamam oldu, sizi azad edirik”. O qədər 70 yaşında işləyənlər var ki, biri də mən olardım da...Dilim, beynim, əl-ayağım işləyir. Daha nə lazımdır? İncimişəm... Bu sənətə girdinsə, ayrıla bilmirsən. Məni sənətdən güclə ayırdılar."

Məsələ ilə əlaqədar  Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov isə mediaya bildirib ki, Valeh Kərimov ancaq müqavilə əsasında hər hansı bir rolu canlandıra və daxili imkanlar hesabına vəsait ala bilər. Bu da ki, necə deyərlər, nağdını qoyub nisyənin dalınca getməkdir. 

Dövlət qulluğunu, idmanı, daha nələri gəncləşdirmək başa düşüləndir. Amma teatrda, kinoda bunu etmək olmaz. Çünki burda qocalar və cavanlar qocaları və cavanları canlandırırlar. Bu qədər bəsit.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

Hazırda bir çox yazıçı və şairlər öz yeni kitablarını redaktorsuz nəşr etdirirlər. Ən yaxşı halda redaktor təsisatı formal xarakter daşıyır. Hətta redaktorla korrektora fərq belə qoyulmur.

Halbuki, bədii əsərin keyfiyyəti bilavasitə peşəkar redaktor faktorundan asılıdır. Ona görə də kitablar satılmır, oxucu qəlbinə yol tapa bilmir. 

Bu problemin çözülməsi üçün ölkənin ən qocaman kitab mərkəzi - “Azərkitab” kitab təbliğatı Mərkəzi köklü tədbirlər həyata  keçirir.  Bunlardan biri yeni fəaliyyətə başlamış “Azərkitab” yayınları vasitəsi ilə  “Renessans” layihəsinin həyata keçirilməsidir. Layihə çərçivəsində yayın evi yazarların kitablarını ən yaxşı redaktorların və korrektorların hesabına oxucuların sevimlisinə çevirməkdə iddialıdır, yüksək satış faizi təmin etməkdə də həmçinin. 

Unutmayın, təkcə istedad bestseller yazmağa kifayət etmir!

“Azərkitab” kitab təbliğatı mərkəzinin “AƏrkitab” yayınları, “Renessans” qrupu Bakı, Atatürk prospekti, Kral Hüseyn küçəsi, 64 A/1. (“Zivella” mebel evinin arxası) ünvanında fəaliyyət göstərir. Əlaqə nömrəsi: +994 51 3047525.

Peşəkar kitabçılar yazarları əçəkdaşlığa dəvət edirlər. 

Hazırda “Azərkitab” yayınlarında yazıçı Varisin yeni “Qızıl cib saatı” romanı çapa hazırlanır. Eyni zamanda yazıçının ölkədə ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanı da yeni redaktədə çapa hazırlanır.

Yayın evi oxuculara digər xoş sürprizlər də hazırlayır.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

Friday, 25 November 2022 11:00

“Məhbus qadının məktubları”

“Ədəbiyyat və incəsənət” portalı Poetik Qiraət bölümündə sizlərə şair Əlizadə Nurinin “Məhbus qadının məktubları” adlı lirik-psixoloji poemasını təqdim edir. 

 

                

Birinci məktub

 

Salam, görmədiyim yaz,

Salam, körpə çiçəklər.

Görən neynəyir indi

Sevdiyim biçənəklər?

 

Salam, ay çöldəkilər, 

Adamlar, otlar, nələr.

Təzə dost tapmışam mən-

Köhnəlmiş xatirələr…

 

Fələyə neynəmişəm,

Düşüb qaşı-qabağı?

Mənə niyə qəfəsdən 

Ömür düzəldib axı?

 

Dar otaqda yadıma,

O çöl, o hava düşür.

Burda gün görmək üçün

Hər səhər dava düşür…

 

Divar gəlir üstümə-

Əcəb işmiş, ilahi-

Divara kim yerimək

Öyrədibmiş, ilahi?!

 

İndi burda hamının,

Kədər olub “bəzəyi”

Burda bütün qadınlar

Bir-birinə bənzəyir…

 

…Məktub yazıram sizə 

Sözüm yanır varaqda.

Yaxşı görə bilmirəm- 

Günəş olmur çıraqda!

 

Yaxşı ki, yanımızda

Hələ kağız, qələm var.

…Gəlir nadzorun səsi-

Yoxsa evdən gələn var?!

 

Kiçik oğlum gəlibmiş-

Daha nə dərdim-sərim?

Qandalım açılanda

Bildim ki, var əllərim…

 

Oğlum işıq kimiydi,

Yaraşırdı adına.

Üzündən gün damırdı-

Əl apardım altına…

 

Məhbəs geyimimi də,

Bəyənmədi balacam:

,,Ana, böyüyüb sənə

Təzə paltar alacam…”

 

…Nə tez keçdi bir saat?

Əlim qaldı uzalı.

Ayrılıqlar dünyada

Qara şumdu-uzanır…

 

Gül gətirmişdi balam,

Qoxusu güldə qaldı.

Apardılar uşağı

Əli əlimdə qaldı…

 

…Düşürəm bu dünyadan,

Yenə çaş-baş düşürəm.

Yerişim  ləngdi , sanki

Belimdə daş düşürəm.

Ömür çoxmərtəbəymiş-

Yavaş-yavaş düşürəm…

 

İkinci məktub

 

Yenə məktub yazıram,

Sətirlər doluxsunub.

Gücü məktuba çatar

Bir məhbəsdə yoxsulun.

 

Heyif, azadlığımı,

Bir səhvimə satmışam.

Etdiyim bir günahdı-

Min günaha batmışam…

 

Zərbə aldım dünyanın,

Bu fələk-əyyaşından.

Məhbəsdəki qadınlar

Tanınar göz yaşından!..

 

Çöldə qalıb o günəş,

Özgənindi o işıq.

Bələdçimiz olmayıb-

Bu dünyada azmışıq…

 

Qıyqacı baxır sevinc,

Çəkir elə dərdi dərd.

Oğlum, biz olmasaydıq

Acından ölərdi dərd.

 

Yenə küləklər açıb,

Bəxtimin yaxasını.

Göz yaşıyla verirəm

Gözlərimin yasını…

 

…Gəlsən, ehtiyatlı ol,

Dünya dardı, dar, oğlum.

Tikanlı məftillərə

Barmağın batar, oğlum…

 

Bu gün yağış yağacaq,

Unutma ha çətiri…

…Ay yanıma gələnlər,

Mənə bahar gətirin.

 

Mənə bahar gətirin,

Oxşayım o baharı…

Qorxmayın, saxlamaram-

Sonra yenə aparın.

 

Məhbusa nə qalır ki?-

Şükür etsin-sağ qalır.

Bütün arzularına

Uzaqdan baxmaq qalır…

 

Bir məktub da yazmışam, 

Mən üzülə-üzülə.

Quşlara yalvarmışam-

Çatdırsın göy üzünə…

 

 

Üçüncü məktub

 

Bu, nə bölgüdü, allah?-

Açar, kilid bölmüsən…

Qəmi də adamlara 

Çeşid-çeşid bölmüsən.

 

Quş olmaq istəyənə,

Nədən qəfəs verirdin?

Eşitmirsən səsimi-

Bəs niyə səs verirdin?!

 

Uçmağa taqətim yox-

Bir qanadsız quşam mən.

Bu dünya uçmuş evdi-

Altında qalmışam mən…

 

Sən vurduğun ilmədi-

Sən toxuyan hanadı.

Niyə məhbəs otağı

Üzü günbatanadı?!

 

Məhbəsə yağış damır-

Üstüm-başım su olub.

Nədən adam olmayan

Adam oğrusu olub?!

 

Balam çörək istəyir-

Üzür burda ar məni.

Həyatı qaytar mənə-

Balama qaytar məni.

 

İcazə istəyirəm,

Tapşır hakimə, versin-

Göndərim əllərimi

Evdə çörək bişirsin…

 

Kədər-payız yağışı

Yağır ardı, ilahi.

Hesabı bilməyənlər,

Hesabdardı, ilahi.

 

Hər saat ölsəm də mən 

Ruhumu diri saxla…

Başımı saxlamırsan,

Bir baş kəndiri saxla.

 

Mənim dərdim sığarmı

Bir kitaba, bilmirəm.

Bilirəm yaxındasan-

Ancaq tapa bilmirəm…

 

Yanımdasan…nə olsun-

Özümü unutmuşam.

Göy üzü ətəyinsə,

Ətəyindən tutmuşam…

 

…Göz yaşı da içərik,

Demirəm ki, acıq biz.

Günəşdən muğayat ol-

İşığa möhtacıq biz…

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2022)

Vüqar İmanov yazır

 

 

Dostlar! Ruhun fəryadıdır bu! 

Dəfələrlə demişəm, amma indi yazmağa qərar verdim. Mədəni tədbirləri əhatə edən maksimum 10 jurnalistimiz qalıb!!! İşıqlandırırlar mədəniyyəti, tədbirlərə qatılırlar, gəzirlər, materiallarını yazırlar, fotoşəkil çəkirlər. Onlar iş otaqlarında oturaraq səhifələrə Press-relizlər qoymurlar və digər saytlardan repost etmirlər. Təbii ki, mən televiziya kanallarını deyil, çap mediasını nəzərdə tuturam. 

Söhbət əsl peşəkar jurnalistlərdən gedir!  Bir çox ədəbi hadisə baş verir və hər kəs tədbirlərə çağırır, üstəlik, eyni zamanda bir saatda bir neçə yerə ardıcıl çağırışlar da olur. Qırılmayın... 

Bu hələ harasıdır? Elə olacaq, sizə nəinki təşəkkür etməyəcək, hətta iddialar irəli sürəcəklər,  bir sıra təşkilatçılar və mədəniyyət xadimləri (əlbəttə ki, hamısı deyil) tərəfindən elementar hörmətsizliklə üzləşmək təhlükəsi də var. Bəzi tamaşalarda sizlərə yer belə verilmir və ya ən arxa yerlərə göndərilirsiniz! Təsəvvür edirsiniz? Siz ayaq üstə durmalı və sizə yer belə verməyənin tədbirini işıqlandırmalısınız.  Amma daha yetər. Gec də olsa, həqiqi jurnalistlərin işini qiymətləndirmək lazımdır .. Xüsusilə xarici dillərdə yazan və ölkəni beynəlxalq səviyyədə təbliğ edənlərin. Neçə dəfə təklif etmişəm, jurnalistlər üçün ən yaxşı material üçün motivasiya müsabiqələri elan edin (və maliyyənin məhdud olduğunu söyləmək lazım deyil - burada cüzi məbləğdən söhbət gedir). 

Niyə jurnalistin işini unudursunuz, gərgin fəaliyyətini bir kənara qoyursunuz? Axı  məhz bizim sayəmizdə həyata keçirilən tədbirlər haqqında geniş ictimaiyyətə məlumat ötürülür. 

Çox nadir hallarda şərhçi statuslu birinin yaxşı işinə görə jurnalistə təşəkkür etdiyini gördüm. Ölkədə yüzlərlə mədəniyyət və incəsənət xadimi var və bu çox gözəldir, bir çoxları ilə fəxr edirik və sevirik. Allaha həmd olsun dostlarımın arasında-layiqli olanlar! Təkəbbürlü və özünə güvənən, başqalarının işini qiymətləndirməyən və dünyanın yalnız onların ətrafında fırlanmalı olduğunu düşünən kəslər, sözüm sizədir. Yetər artıq! 

 

Redaksiyadan: 

Nəzərinizə çatdıraq ki, Vüqar İmanov ölkənin ən sayılıb-seçilən mədəniyyət müxbiridir. Onun qaldırdığı bu problem də çox aktual problemdir.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultanbay Raev arasında keçirilən görüşdə iki təşkilat arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tərəflər sülhün təmin edilməsi və sivilizasiyalar arasında dialoqun möhkəmlənməsi, həmçinin İslam-türk mədəni irsinin mühafizəsi və təbliği istiqamətində həyata keçiriləcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıblar. ICESCO-nun Baş direktoru vurğulayıb ki, İslam irsi siyahısında türk xalqlarının çoxlu sayda qədim nümunələri var və onun rəhbərlik etdiyi təşkilat bu abidələrin mühafizəsi məqsədilə TÜRKSOY-la daha sıx əməkdaşlıq etmək niyyətindədir. 

TÜRKSOY-un Baş katibi bildirib ki, onun rəhbərlik etdiyi təşkilat müxtəlif sahələrdə, xüsusən İslam dünyası paytaxtları layihəsində ICESCO ilə fəal əməkdaşlıq edir. O əlavə edib ki, türk xalqlarının İslam və dünya mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətlərin yubiley tədbirləri də birlikdə təşkil oluna bilər.

 

“Ədəbiyyat və incəsənət” (25.11,2022)

Friday, 25 November 2022 11:30

Bu gün Qara Cümə günüdür

 

Bu gün dünyada qara cümə günü kimi qeyd edilir. Hər il noyabr ayının son cüməsi qara cümə sayılır. Əslində, bu gün qara yox, al-əlvan gündür, çünki böyük endirimlər günüdür, insanlar alış-verişdən yaxşıca pul qazanırlar. Bizimsə mövzumuz bu Qara Cümə günündə kitablardır. Bilik mənbəyi olan kitablar. Dünyanın ən böyük onlayn kitab satışı platforması olan “Litres” Qara Cüməyə böyük kitab endirimləri təklif edir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı platformanın rəsmi satış səhifəsinə istinad edərək məlumat verir. Belə ki, bu gündən başlayaraq noyabrın 27-dək hətta ayrı-ayrı kitablara 90 faiz endirim təklif olunur.

Bu arada platforma həm də oxucularına ən çox satılan, ən böyük təlabat duyulan kitabların siyahısını da təqdim edir. Gəlin bu siyahıya göz gəzdirək.

 

Edit Yeva Eger.”Vergi. Daxili azadlığın 12 açarı”. Janr: Praktik psixologiya və antistress.

Həyatını müsbətə dəyişmək istəyən hər kəs üçün çox vacib bir kitab. Gələcəyinizi dolu edin, keçmişinizi boşaldın deyir müəllif. Həyatı yaxşılığa doğru dəyişməyin yolunda çox şey əngəl ola bilər: nifrət, qorxu, utanc, günah, dərd, bədbəxtçiliklər. Amma bu daxili destruktiv hallarla mütləq barışmaz mübarizə aparmaq mümkündür.

Faciəli həyat yaşayan, doğmalarını itirən, karyera uğursuzluqları ilə üzləşən, amma sınmayan, əyilməyən bu xanım öz həyat yolunu oxucusuna örnək gətirir. Deyir, nə olursa olsun, bircə, təslim olmayın.

 

 

Mark Menson. “Pofiqizmin zərif incəsənəti. Xoşbəxt yaşamağın paradoksal üsulu”. Janr: Psixologiya və özünüinkişafetdirmə.

Müəllif nəyi iddia edir? Onu ki, xoşbbəxtliyə qovuşmaqda əsas son hədəf deyil, əsas gedilən yoldur. Qəribə məntiqdir, deyilmi? Müəllifədn başqa bir məsləhət. Bir cüt əsas şeyləri seçib digər şeylərdən vaz keçməlisiniz ki, həm az yorulasınız, həm də məqsəddən yayınmayasınız.

Sonda isə o deyir ki, mən ironik tonda yazsam belə, insanları hardasa sırtıqlığa, hər şeyi ürəyə almamağa, daha az həssaslığa çağırsam belə, hər halda haqlıyam. Çünki bu cür olmağı bizdən dövr tələb edir.

Bəs siz necə düçünürsünüz?

 

Fil Nayt. “Ayaqqabısatan. Nike kompaniyasının tarixini onun banisi danışır”. Janr: Bioqrafiya, memuar.

Ameriaklı milyarder, biznesmen, dünyaşöhrətli Nike brendinin yaradıcısı, şəxsi əmlakı 40 milyard dollar olan Fil Nayt öz həyat hekayətini o qədər rəvan və aydın nəql edir ki, oxuyan onun yolunu məmnuniyyətlə getmək istəyir.

Haçansa o, adi mühasib olub. Ancaq çox şey istəyib. Bilib ki, istəklərinə nail olmaq üçün ölkələr gəzməli, fərqli mədəniyyətlərlə tanış olmalıdır. Və Asiya ölkələrinə səyahət edərkən idman ayaqqabılarının - krossovkaların maraqlı modellərini görüb. Onda ki, Avropa və Amerika hələ bu ayaqqabıları geymirdi, elə Avropa və Amerikada ən sevilən idman ayaqqabısı da Çin ketaları idi. Fil Nayt öncə krossovkaları ucuz alıb Amerikada baha satmaq planı quraraq bu planla fəaliyyətə başlayıb, zaman yetişəndə isə öz fabrikini açıb.

Çətinliklər hər tərəfdən üstünə yerisələr də bu inadkar və fədakar şəxs yolundan dönməyib.

 

Corc R.R.Martin. “Taxt-tac oyunu”. Janr: Fentezi

Yeri gəlmişkən, Azərbaycanda da çox populyar olan bu əfsanəvi fentezi öz növbəsində superpopulyar serialın yaranmasına da şərait yaradıb, dünyada yüz milyonlarla insan hazırda həm eyniadlı kitabı oxuyur, həm də teleseriala baxır.

Hadisələr uydurma bir ölkədə cərəyan edir. Burada orta əsrlər əxlaqı bərqərardır. Vesteros materikini hakimiyyəti zəbt etmiş Barateon sülaləsi idarə edir. Tayvin Lannister Kralın dostu və himayəçisidir. Onun qızı Serseya isə Kralın həyat yoldaşıdır.

Uzun illər ölkə inkişaf edir, çiçəklənir. Zira, növbəti çevriliş baş verir. Kimlər bunu edirlər və nə yolla edirlər? Kitab buna cavab verir. Özü də teleserialdan fərqli şəkildə. Mütəxəssislər deyir ki, kitab filmdən daha dərindir.

 

Robert Kirosaki. “Varlı ata, kasıb ata”. Janr: Biznes.

Ən nəhayət, nömrə bir olan kitab: Zamanın sınağından çıxmış bu bestseller bütün satış reytinqlərində öz siqmentində birincilik əldə edib. Bu əsər insanlara ailə münasibətlərini necə qurmağı öyrədir. Müəllifin doğma atası sadə müəllim olub, az qazanıb və qazancını artırmağın yollarını da düşünməyib. Amma müəllifin dostununsa atası  investisiyada fərlənərək sürətlə varlanmaqda olub. Kirosaki atasının acı  təcrübəsində varlanmağın yollarını göstərir və deyir ki, “könlü balıq istəyən quyruğunu buzlu suya qoyar”.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

 

 

 

 

Friday, 25 November 2022 08:00

Rəşad Nuri Güntəkin və Löpe de Veqa

Varisin “Həftənin təqvimi” yazısından

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

 

25 noyabr. Şükranlıq günü

Bu gün xristian dünyası insanları Allaha onlara verdiyi ömür, nazu-nemətlər üçün minnətdarlıq bildirəcəklər. Şükranlıq günü qədirbilməz, daim narazı insanları tərbiyələndirəcək bir gündür. Yaxşı olar ki, müsəlman dünyası da bu ənənəyə qoşulsun. Çünki şükranlıq etmək Quranda da buyrulub.

25 noyabr. Beynəlxalq qadınlara qarşı zorakılığın ləğv edilməsi günü

Bu günün qeyd edilməsini BMT Baş Assambleyası 2000-ci ildə lazım bilib, beynəlxalq təşkilatları, qeyri-hökumət orqanlarını mövcud problemə ictimaiyyətin diqqətini cəlb etmək üçün tədbirlər keçirməyə dəvət edib. Bəs niyə 25 noyabr? Çünki 1961-ci ilin həmin günündə Dominikan Respublikasında padşah Truxilyonun əmri ilə 3 siyasi fəal - Mirabal bacıları vəhşicəsinə qətlə yetiriliblər. 

“Zərif və zəif cinsin nümayəndələri olan qadınlara qarşı zorakılıq cəmiyyəti və ailələri iflic vəziyyətinə salır, buna yol vermək olmaz” söyləyir BMT qətnaməsi. Əlbəttə ki, düz buyurur. Mən bu yerdə ölkəmizlə bağlı cəmi bir neqativ fakta toxunmağı özümə borc bilirəm. Xüsusən Cənub bölgələrimizdə 13-14 yaşlı kiçik qızların ərə verilməsi cinayətdir, bununla hələ də yetərli mübarizə aparılmır. 

 

25 noyabr. Gorasöymə günü

Təqvimdə 25 noyabra düşən maraqlı qeydetmələr var, məsələn Ev mətbəxi günü. Deyilir ki, kafe-restoran qidası nə qədər dadlı olsa belə ev mətbəxinin yerini verə bilməz. Yaxud, Alış-verişi xatırlama günü. Son dönəmdə aldıqlarının siyahısını tutub əmin ol ki, onların nə qədəri boşunadır, pulunu yelə vermisən. Amerikalıların isə bu gün qeyd etdikləri gün Milli dostunla ye günüdür, yəni, bu gün boğazından tək çörək keçirmə, dostunla nuşi-can elə. 

1889-cu ilin bu günündə İstanbulda dünyaya Rəşad Nuri Güntəkin gəlib. Əsərləri dillər əzbəri olan bu yazıçının “Çalı quşu” romanı xüsusən məşhurdur, kitabı yüz minlər oxuyub, serialına isə yüz milyonlar baxıb. 1562-ci ilin bu günündə Madriddə də məşhur ispan dramaturqu, əsərləri günü bu gün də aktuallığını itirməyərək teatr repertuarlarına daxil edilən Löpe de Veqa doğulub. 

Bu gün dünya doğum günü bu günə təsadüf edən Çili hərbi xunta yaradıcısı Auqusto Pinaçetin – bəşəriyyətin ən qanlı diktatorlardan birinin goruna söyəcək, biz azərbaycanlılar da gəlin bu gün doğulan, sovet diktaturasının ən bariz nümayəndəsi, xalqımıza zillətlər yaşatmış erməni Anatas Mikoyanın göruna söyək. Rusiyadakı həmyerlilərimizdən də xahiş edək ki, nə olar, milli qürur nümayiş etdirin, o köpək oğlunun adına olan kolbasa kombinatının kolbasa-sosislərini alıb yeməyin.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022) 

 

Friday, 25 November 2022 10:30

Kəlbəcərin de yure azadlığı günüdür

 

Kəlbəcər rayonunun sahəsi 3054 km2-dir, bu nəhəng ərazili rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardır. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. Rayonunun əhalisinin sayı 85,5 min (01.04.2013) nəfərdir. Əhalisinin 98 % azərbaycanlılardan, 2 % ruslardan, İrandan gəlmə kürdlərdən və digər millətlərdən təşkil olunub. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir.

 

 

Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunu başdan-başa gülüstan adlandırmaq olar. 30 000-dən artıq bulağı olan rayon əsl təbiət muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaq var. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti dünyanı gəzir, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murov və Dəlidağ əsl məğrurluq və gözəllik rəmzi sayılır.  Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V.Avix Kəlbəcər haqqında demişdir: “Kim Tərtərçay dərəsi boyunca təbiəti seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”.

 

Kəlbəcər rayonu ərazisində Azərbaycanın qədim xristianlıq dövrünə aid çoxlu tarixi abidələr var, Xaçın knyaz sarayı, Gəncəsər, Havaptux, Müqəddəs Tanrı anası monastırları, Mamakan xatun, Müqəddəs Stepanos və Xilaskar kilsələri bu qəbildəndir.

 

Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdu. 321 nəfər əsir düşmüş və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 32 ambulatoriya və aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, yüzlərlə maşın, texnika talan edilmiş, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdı. Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşmışdı. Ötən il sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan müzəffər Azərbaycan ordusu ərazilərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdi. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Düzdür, hazırda rus sülhməramlılarının “niyyətləri” Azərbaycanın ərazi bütövlüyünə maneçilik törədir, amma hər şeyin yaxşı olacağına ümidimiz böyükdür.

 

 

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

 

 

 

 

 

Mədəniyyət naziri Anar Kərimovun 18 noyabr 2022-ci il tarixli əmri ilə Əməkdar artist Həsənli İntiqam Soltan oğlu Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.

 

“Ədəbiytat və incəsənət” portalının Mədəniyyət Nazirliyindən aldığı məlumata görə, İntiqam Soltan 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatr sənəti fakültəsində təhsil alıb, 1990-1995-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 1995-2002-ci illərdə Gənclər Teatrında aktyor, 2002-ci ildən bu günə qədər Bakı Uşaq və Gənclər Teatrında direktor-bədii rəhbər vəzifəsində çalışıb. 100-dən çox tamaşanın rejissorudur. Bir çox beynəlxalq festivalda iştirak edib. 

Onun 1990-cı ildə yaratdığı "Körpəm" Eksperimental Uşaq Teatrı ölkəmizdə ilk peşəkar uşaq teatrı və azyaşlılara teatr sənətini öyrədən ilk müəllif məktəbi olub. Bir çox teatrla bağlı layihələrin müəllifidir. Teatr sahəsindəki uğurlu fəaliyyətinə görə 2016-cı ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Kristal Çinar" mükafatına layiq görülüb. Üç kitabın müəllifidir. 

2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" adı ilə təltif olunub. 

2018-ci ilin mayında isə teatr sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının "Əməkdar artisti" fəxri adına layiq görülüb.

O, 2018-ci ildən Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətilə məşğuldur.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.