Super User

Super User

Tuesday, 22 November 2022 09:00

Himni oxumaqdan imtina etdilər

 

İran millisi ölkədəki rejim əleyhinə etirazçılara bu yolla dəstək nümayiş etdirdi

 

Şübhəsiz, bu gün ədəbiyyat və incəsənət sahəsinin adamları da hər kəs kimi diqqətlərini Qətərə keçirilən dünya çempionatına yönəldiblər.

Ötən gün İctimai Televiziya qarşısında oturan futbol azarkeşləri maraqlı bir president izlədilər. İranın milli futbol komandasının üzvləri İngiltərə seçməsilə oyundan əvvəl dövlət himnini oxumaqdan imtina etdilər.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İran millisinin futbolçusu Əlirza Cahanbəxşin sözlərinə görə, bu yolla idmançılar ölkədə baş verən etirazlara dəstək və onların qurbanlarının xatirəsinə ehtiram nümayiş etdiriblər.

Qeyd edək ki, görüş İngiltərə millisinin 6:2 hesablı darmadağını ilə yekunlaşıb. Yaşıl meydanda uduzsalar da, bizsə, iranlı futbolçular siyasət meydanında qazanıblar.

 

Bu gün “CinemaPlus Dəniz Mall”da XII Avropa Film Festivalı çərçivəsində “Alisa və mer” (Alice and the Mayor) filmi nümayiş olunacaq.

 

Sözügedən tragikomediyanın rejissoru və ssenari müəllifi Nikolas Pariserdir.

Lion meri ekzistensial böhran içindədir. Siyasətdə 30 illik fəaliyyətindən sonra o, özünü tamamilə boş və ideyalardan məhrum olmuş kimi hiss edir. Bu problemi həll etmək üçün merin köməkçiləri parlaq zəkalı gənc bir filosofa müraciət edirlər.

Rollarda Fabris Lukini, Anais Demustye, Nora Hamzavi və başqaları çəkilib.

Film fransız dilində ingilis altyazıları ilə nümayiş olunacaq.

“Baş bəlası” adlı teatr tamaşasını  Çorumda səhnələşdirdikdən sonra Samsuna doğru hərəkət edən Türkiyənin teatr truppasını aparan avtobus Çaybaşı köyü istiqamətində arxadan ağırtonnajlı yük avtomobilinə çırpılıb. 3 nəfər həlak olub, 8 nəfər yaralıdır.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən  məlumat verir. 

Yaralılar arasında ünlü sənətçi Ceyhun Fersoyun da olduğu bildirilir.

Monday, 21 November 2022 10:30

Günün fotosu: Qisas əməliyyatı

Günün fotosu: Qisas əməliyyatı

 

Türkiyə hərbi hava qüvvələri Suriyada və İrakda təşəkkül tapmış PPK terror qurumunun bazalarını bombardman etmişdir. Bu, kürdlərin İstanbuldakı məlum terror hadiaəsi törətmələrinə bir cavab olmuşdur.

Foto: Euronews

 

Artıq hamımıza bəlli olduğu kimi, bu il dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100-cü ili tamam olur. Bu münasibətlə ölkəmizin bir çox yerlərində, eləcə də xaricdə dahi bəstəkarımızın yubileyi təntənəli şəkildə qeyd edilir. Gecənin ideya müəllifi, atam, Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov bizə Türkiyənin möhtəşəm şəhəri olan İstanbulda belə bir konsertin keçirilməsi ilə bağlı müraciət etdikdə bunu çox böyük məmnuniyyətlə qarşıladıq və belə bir layihənin ərsəyə gəlməsində iştirakı azərbaycanlı olaraq özümüzə borc bildik. Burada əsas məqsəd azərbaycanlı gənclərin iştirakı ilə Fikrət Əmirov yaradıcılığını dünyaya çatdırmaq idi. Belə də oldu, gənc sənətçilərimiz Bakı, Almaniya, Avstriyadan gecədə iştirak etmək üçün İstanbula gəldilər. Məqsədimizə nail olduğumuz üçün özümüzü çox qürurlu və xoşbəxt hiss edirik. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri AzərTAC-a müsahibəsində İstanbulun Cemal Reşit Rey konsert salonunda dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə keçirilən konsert proqramında pianoçu olaraq iştirak edən beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə ifadə edib. 

Pianoçu deyib: “Konsert proqramımız istər sənət, istərsə də tamaşaçıların marağı baxımından böyük uğurla keçdi. Tamaşaçıların sənətçilərimizi ayaq üstündə dəqiqələrlə alqışlaması bir azərbaycanlı olaraq insana qürur hissi verir. Biz bununla bir azərbaycanlı olaraq ölkəmizin zəngin mədəniyyətinin, incəsənətinin dünyada tanıdılmasına töhfə vermək istədik. Belə bir xalqın nümayəndəsi olduğum üçün özümü çox xoşbəxt hesab edirəm. Tədbirdə iştirak edən bütün dostlarımıza təşəkkür edirəm”.

“Layihənin ərsəyə gəlməsində başda ideya müəllifi, öz zəngin təcrübəsi ilə mənə inanılmaz dəstək verən, həyat müəllimim İslam Manafov olmaqla, İstanbul Bələdiyyəsi, eləcə də layihəni çox böyük məmnuniyyətlə qəbul edən Cemal Rəşit Rey konsert salonunun sənət müdiri, dirijor Murat Cem Orhana təşəkkürümü bildirirəm”, - deyə Abuzər Manafzadə bildirib.

“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə sizlərə xalq artisti Əminə Yusifqızının moderator.az-da dərc edilən müsahibəsini təqdim edir.

 

“İnsanın həyatı enişli-yoxuşludur. Enmək məsələsini heç vaxt qəbul etməmişəm. O dərəcəyə gəlib çatanda mən ani qərar verib getmişəm. Qoymamışam ki, məni alçaltsınlar. Mənim adım Əminə sözü bilirsiniz də əminəm sözündəndir. Enmək insanın özündən asılıdır. Çox təəssüf ki, bu enişli-yoxuşlu dünyada hər şeyə görə insanlar enməyə hazırdırlar. Bütün adlara, bütün titullara layiq ola bilərsən, amma şəxsiyyət olmaq hamıya nəsib olmur. Şəxsiyyət olmaq lazımdır".

 

"Gənclər indi çox yüklənib. İnternet, sosial şəbəkələr onların beynini yeyib, yaddaşları gedib. Mənim üçün kompyuter də, planşet də, digər müasir avadanlıqlar da alıblar. Hərdən bir baxıram, deyirəm ki, mənə bu maraqlı deyil. Mənim öz dünyam var. Yaddaşım güclüdür, telefon nömrələrini heç vaxt telefona yazmamışam, beynimdə saxlamışam. Şeir əzbərlədiyim üçün yaddaşım yenilənir. Bəzən efirlərə gedirəm, gecədən şeirləri yadıma salıram. Hər axşam silsilə şeirlərimi təkrar edib, sonra yatıram. Bir söz yadımdan çıxır, onu mən yadıma salmayana qədər yatmıram. Çox adamlar var ki, heç nə yadlarında qalmır. Mən şeirləri bir neçə dəfə oxuyandan sonra yadımda qalır".

 

"Bir müddət əvvəl saytlar yazdılar ki, səhhətim pisdir, yeməkdən kəsilmişəm. Bunların hamısı şayədir, hər şey çox yaxşıdır. Yaşlı adamların hansı bəyəm çox yeyir ki? Mən heç vaxt səhhətimdən şikayətlənməmişəm. Qətiyyən belə deyiləm. Şikayətimi heç vaxt bildirmirəm. Heç qızıma demirəm ki, filan yerim ağrıyır".

 

"İstəmədiyim şeiri yaddaşımdan silirəm. Fikrət Qoca, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Nəbi Xəzri, İslam Səfərli və s. şairlərlə dostluq etmişəm. Bir neçə il bundan əvvəl rəhmətlik Ələkbər Kazımovskinin çəkdiyi filmdə mən Mikayıl Müşfiqin anasını oynamışam. Səhnə belədir ki, anası Müşfiqin xəyalına gəlir. Elə ürəklə çəkildim ki. Çünki Müşfiq 6 aylıq olanda o rəhmətə gedib. Xalası Züleyxa onu böyüdüb. Mənim evimin yaxınlığında dağlı məhəlləsi var. İnanın o dağlı məhəlləsinin papaqlı kişiləri Müşfiqdən şeirlər dediyim üçün mənim qabağımda səcdə qılırdılar. Müşfiq mənim üçün əlçatmazdır. Onunla görüşə bilməsəm də həmişə qəlbimdədir".

Emin Piri yazır

 

 

Ağdanın işğaldan azad olunmasının 2-ci ildönümü münasibəti ilə

 

Ağdam mənimçün həssas nöqtələrdən olub. Zabit kimi gəncliyimi Ağdam səngərində keçirməyim, əsgərlərimlə metr-metr səngər qazaraq daha irəliyə post çəkərək vətən torpağının metrlərlə azadlığına sevinmək və s. doğmalaşdırmışdı. Öldürdüyümüz düşmən, verdiyimiz şəhid mənə ağdamlı günləri şərəfli ömrə çevirmişdi.

Hə, özümü sumqayıtlı saysam da, Cəlilabadda doğulsam da, süd anam ağdamlı olub deyə bir az da qürur məsələsi olmuşdu.

Yazdığım qeydsə elə orada ərsəyə gəlib. 

 

BİR ZAMANLAR AĞDAMDA

 

I

Əsgər sinəsi axtarır

isinməyə

fevral şaxtasından

üşüyən güllə.

 

Elə fevral ayı olardı o əsgərin özünü gülləyə vətən etməsi… “Sağ qalan varmı?!” şeirimdəndir bu parça. Elə şeirlər kitabımın adı da”Sağ qalan varmı?!” idi. 

Ağdamda səngər həyatımız davam edirdi.  Ötən ildən, Vətən Müharibəsindən fərqli olaraq  metr-metr səngər irəli çəkməyin sevincini yaşayırdıq. Hər dəfə bir neçə metr irəli səngər çəkmək bizə hansısa kəndi azad etməyin sevincini verirdi. Daha irəlidə post qurmaqsa sanki bir rayon, şəhəri azad etməyin ekstazını yaşadırdı. Bu səngərlərin çəkilməsini zamana böləndə, düşmən qarşısında gecələrlə səngər qazmaq sanki iynəylə eşələnmək idi. Bəzən bir neçə metr irəli səngər çəkmək günlərlə də deyil, aylarla zaman alırdı. Əlbəttə, bu səngər çəkmələr itkisiz başa gəlmirdi. Nəmirli və Şurabad kəndinin sol cinahı tərəfdə bu dəfə digər bölməyə tapşırılmışdı səngər işi. Gecə vaxtı və snayper gülləsi bir gəlinliyi əbədi sahibsiz qoydu. Bir sevən qızın arzularını özüylə birgə apardı. Bəlkə də düşmən silahında üşüyən güllə əsgər sinəsində qızınmağa yer axtarırdı. Beləcə bu şeirim meydana gəldi. 

Həyat bu qədər fanidir, kiminsə sevərək oxuduğu, kiminsə həzz aldığı şeirlərin altında hansısa faciə, ananın göz yaşı və ya qan dayanır.

 

ıı

“alo, alo, alo…”

 

İllərdi gecələr yuxudan təngənəfəs oyanırdım. Bəzən tər içində, bəzənsə boğulmaq üzrəykən... Bu oyanmalar 2010-cu ilin əvvəlindən 2020-ci ilin sentyabrına kimi davam etdi. Əvvəlki illər hər gecə, sonra həftədə bir, sonrasa, ayda 1-2 dəfə yuxularıma haram qatan bir qız idi. Üzünü görmədiyim, heç zaman rastlaşmadığım bir qız. Daha doğrusu, bir qızın səsi. O, heç nə danışmır, hesabını bilmədiyim sayda "alo, alo, alo...". Yuxularıma haram qatan bu "alo"lar idi. Axı, kim idi bu qız, niyə hər gecə yuxularımda "alo" deyərək qışqırır və mənə əzab verir?!

Vətən müharibəsi məni bu əzabdan qurtardı. Daha o yuxuları görmürəm, kimsə yuxumda "alo" deyə qışqırmır. İndi öz əzablarım, öz yaşantılarım, bu müharibədə gördüklərim yuxumu qarışdırır. Vətən müharibəsi təkcə Qarabağı deyil, məni o qızdan, o səsdən xilas etdi.

2010-cu ilin qışı... Ağdam. İşğal olunmuş kəndlərin qarşısı... Səngər həyatımız davam edir. Burada başını səngərdən qaldırmaq ya hansısa snayperin sinəsinə medal taxmaqdır, səngərdən qırağa çıxmaqsa, ayaqlarını minalar üstündə unutmaq.

Niyə 2010-cu ilin hadisələrindən indi bəhs edirəm - deyə bilərsiniz. Keçmişdə etdiyim qaralamalarıma maraq Vətən müharibəsi zəfərindən sonra maraq oyatdı. Həm də əvvəl bunlara elə də həvəsli deyildim. Çünki məğlub bir ölkənin səngər həyatından bəhs etməyi ya özümə yaraşdırmır, ya da utanırdım. Axı kimə nəyi sübut edəcəkdim? Utanırdım... Məğlub bir ölkənin zabiti kimi xatirələr dərc etməkdən. Eləcə səngər şeirlərimlə ovunurdum. Hə, bu müharibə məni həm şeirlərlə ovunmaqdan, həm də yuxularımdakı qızın səsindən xilas etdi...

Müşahidə postunda duran əsgər anidən qışqırdı; - "Komandir, erməni". Dərhal müşahidə postuna çıxdım. Postda ermənini görmək sizə nə qədər qəribə gəlsə də, arzuladığın əzizini görməklə müqayisə edə bilərdim. Yox, yox, o ermənini bağrımıza basmaqçün deyil, gülləyə tuş etməkçün.

Tr-8-lə müşahidə apardıq. Bir əli cibində, birindəsə telefon qulağına söykəyərək hərəkət edir. Hərəkət edir deyirəmsə, gövdədən yuxarını görürük. Özünü o qədər itirib ki, düşmən valının arxasından çıxdığının fərqində deyil. Axı, adam kiminlə belə danışıb dünyanı unudub öz səngərini tərk edə bilər? Anasımı, sevgilisimi, bacısımı? Onun özündənrazı, tərki dünya olaraq harda olmasını unutması adamın ağlına yalnız sevgilisini gətirə bilir. İnsan onun etdiklərini sevgilisi ilə danışanda edə bilər...

Bu qədər danışmağıma baxmayın, bu qədər düşüncə bir an ərzində baş verir. Vuraq? Ani olaraq beynimin içindəki düşüncələr mənə imkan vermir? Bəlkə danışdığı adam anasıdır? Və həmin vurulsa... Ya da sevgilisi? Bu elə ən böyük sevgi qətliamı olar. Telefonun qarşısındakı şəxsin o vurulduğu an keçirəcəyi hissləri ağıla gətirmək belə mümkün deyil. Bəs, o əsgərin yerində biz olsaydıq? Danışdığımızsa sevgilimiz, anamızdırsa?

Bəlkə də, bütün bu düşüncələr bir saniyəlik zaman intervalı olmadan ildırım sürətilə beynimin bir guşəsindən keçir. Amma...

Erməni əsgəri ordadırsa, əminəm ki, bizi görsə, böyük sevinc hissi ilə vurardı. O burdadır ki, o ona görə vurar ki, bir azərbaycanlının vurulması onunçün medaldır, məzuniyyətdir, özgüvən hissidir, gələcəkdə karyerada yüksəlişdir, məclislərdə özünün və qohumlarının bu hadisədən genələ-genələ danışması, erməni TV-lərində bol-bol öz qəhrəmanlığından danışmaqdır.

Vuraq? Snayper başından nişan aldığını bildirir. Vur!..

Səngərdə əsgərlərimiz atışdan sonra “ura!” deyə qışqırır, sevinir, sonrasa ani boşluq. Rabitə ilə koordinatı verib məruzə edirik. Atəşkəs dövründə belə atışlar zamanı koordinat məruzə olunur, vurulmanın dəqiq olub-olmadığını gözləyirdik. Bizə lazım olan xəbərin təsdiqlənib-təsdiqlənməməsidir. Bir neçə saat gözləyir, bu hadisənin nə ilə sonuclanacağından səbrsizlənirdik. Amma nə deyilsə də, atışdan sonra onun necə yerə sərildiyinin gözümüzlə şahidi olduq, axı, - deyirəm özüm-özümə.

Axşama yaxın rabitə ilə xəbər verilir ki, verdiyiniz xəbər təsdiqini tapıb, vurmusunuz. Sevinclər yenidən artır... Qeyd olunası xəbərdir. Həmin gecəni aşağıdan gətirtdiyim yeyib-içməklə qeyd edirik. Bir növ səngərdə bu xəbərə əsl qonaqlıq verirəm. Ölüm xəbərinə sağlıqlar deməklə. Səhv etmirəmsə, Dövlət radiosunun axşam buraxılışıdır. Verilən xəbər sağlıqlarımıza qoşulur. Atəşkəs pozulub, düşmən təxribatının qarşısı alınıb, düşmən hərbi qulluqçusu "..." məhv edilib.

(Əlbəttə, istəyən şəxslər bu adı, yeri və s. arxiv materialına əsasən əldə edə bilər. Burada bu məlumatı, adı olduğu kimi vermək həm etik, həm də bəzi məsələlərə görə doğru olmadığından hallandırılmır).

Səngərin bir köşəsinə çəkilirəm. Kimsənin məni görməyəcəyi bir küncünə. Özümdən asılı olmadan ağlayıram. Bütün gecəni. Həm sevinmək, həm də ağlamaq. Axı mən kimə ağlayıram belə? Məni ağladan kimdir, hansı hisslərdir? Kimə ağlayıram belə? Ölən erməniyə, ölən sevgiyə, yoxsa nəyə? Bəlkə elə özümə? İçimdə qopan fırtınaya cavab tapa bilmirəm...

O gündən sonra yuxularımda kimsə, daha doğrusu, bir qız "alo, alo" deyərək qışqırır. Mənsə təngnəfəs, tər içində oyanır, mətbəxə keçir, su içir, bəzən ağlayır, bəzənsə siqaret yandırırdım... 2020-ci ilin sentyabrına kimi... Məni kölgə kimi izləyən o qız, o səs qeybə çəkilib. Artıq öz əzablarımı görürəm, öz əzablarım yuxudan oyadır məni...

...Yenə belə əmr verə, yenə belə edərdimmi? Mütləq ki, bəli. Yenə öldürərdik, yenə bu ölüm xəbərinə qonaqlıq verərdim, yenə də səhərə kimi ağlayardım...

 

III

Səngər şəhidi

 

Tağım komandiri kimi iki kəndin qarşısındakı mövqeləri qorumaq bizim heyətin üzərinə düşür. İki həftədən bir yerdəyişmə olur. Gah bu iki kənddən birinin, gah da o birinin qarşısındakı səngərlərdə oluruq. Hər kəndin qarşısında üç post var. Hər tağıma üç post düşürdü. Bir postda bir tağım komandiri ilə bir manqa, digərində tağım komandirinin müavini(gizir) ilə digər manqa, üçüncü postdasa MAXE-nin başçılığı üçüncü manqa. Bu üç posta postlar başılıçığı dövründə üç kərə erməni vuruldu. Daha doğrusu təsdiqlənən vurulmuş erməni sayı üç oldu.

Həmişə içimizdə bir qorxu vardı, bunun bir bədəli nə zamansa olacaq...

Təzə tərxis olunmuşdum. Bir neçə gün keçmişdi. Çavuşlarımızdan Məmmədova zəng etdim. Dəfələrlə zəng çatmadı. Zabit yoldaşımız Xantəmirova zəng etdim, Məmmədov şəhid olub cavabıyla qulağım cingildədi...

Bədəl verilmişdi...

Ağdam torpağı bərəkətli və bolsulu idi. Yağışlar vaxtı, qar əriyəndə bütün axıntı səngərə dolurdu. Bəzən səngərdə su dizə çatırdı. Beləcə, nə hərəkət etmək olurdu, nə də yemək təminatı düzəməlli. Çörək də belə havalarda palçıq qarışıq olurdu. Bir növ peç üstündə palçıqlı çörəyi yenidən bişirərək yeyirdik. Əvvəlki vaxtlarımızda restoranda yediyimiz çörəkdən daha dadlı idi o palçıq-çörək.

Hə , onu deyirdim, belə havalar, palçıqlı, yağışlı günlər ermənilər üçün ov vaxtı, qisas günləri olurdu. Çünki yağışdan sonra səngərlər, üstü, bermalar dağılır. Bizsə o səngərləri, bermaları yenidən düzəltməyə çalışırdıq. Belədə gülləyə tuş gəlməmək şans məsələsi olurdu. Bununçün gecə vaxtları seçirdik. Həmin dövrün texnoloji vasitələri indiki qədər deyildi, amma hər zaman gecə görmə cihazından istifadə etmələri mümkün idi. Necə ki, bəzən istifadə etmişdilər. Ya da təsadüfi səngər boyu səpələmə atəşə tutmaq.

Çavuş Məmmədov da belə günlərin birində boğazından vurularaq şəhid oldu. 

 

ıv

 Ev yıxan şərab çənləri

 

Ağdamda sovet dövründə üzümçülüyün hansı formada inkişaf etdiyini bilirsiniz. Mövqelərin qarşısında iki böyük keçmiş çaxır çəni var idi. Hündürlüyü 10metrdən çox olardı. Gedəndə öyrənmişdim ki, adətən o çənlərin üzərində ermənilər snayper yerləşdirir...

Elə snayper atışları da məhz ordan olurdu çox vaxt.

O çaxır çənləri çox evə od salmışdı...

Bəlkə simvolikdir, şərab müharibəsiz də, mülki həyatda da çox evi yıxıb...

 

V

Biz qaldırırıq, onlar vurur

 

Üzümlük deyilən ərazi vardı. Səngər irəli çəkməklə həmin üzümlük ərazisində mövqemiz ermənilərin bölük dayaq məntəqisinin 26 metliyinə çatmışdı. Gecələr orada “pasinka”lardan müşahidə postu qaldırırdıq. Səhərsə ermənilər oranı qumbaratanlardan atəşə tuturdu. Belə hallar, belə “hərbi oyunlar” dəfələrlə təkrarlanırdı; Biz gecələr qaldırırdıq, onlarsa gündüzlər vururdu...

 

VI

Ay piri...

 

Gizirimiz, tağım komandirinin müavini Əmirxanovla hərbi münasibətlərdən əlavə səngər dostluğum da vardı. Mənə qısaca olaraq Piri deyirdi. Ya da uzaqdan çağıranda “ay piri” deyə. Bəzən bir-birimizi bərk çağıranda cəmi bir neçə metrlik məsafədə bizim adları yəqin ki, ara-sıra eşidirdilər qarşı tərəfdə...

Üzümlük dediyim ərazidən keçəndə qarşı tərəfdən eşitdiyim səs tüklərimi biz-biz etdi. Ay piri, Ay piri; qışqırırdılar erməni valının arxasından.

Səngər həyatımdan sonra Piriyev Emin Emin Piri imzasına çevrildi beləcə. Piri adı gizirimizin mənə müariciətindən sonra doğmalaşmışdı. Qarşı tərəfindən səsləməsindən sonrasa “PİRİ” şeirlərimin imzasına çevrildi.

“Ədəbiyyat və incəsənət” portalı yunan şairi Yannis Riçosın şeirlərini təqdim edir. Şeirləri portal üçün Ümid Nəccari tərcümə etmişdir. 

 

 

 

HƏR UŞAĞIN RÖYASINDA BARIŞ VAR

 

Hər uşağın röyasında barış var,

hər ananın röyasında barış var,

Ağacların altında…

Sevgi sözü misali göyərəndir barış.

Qübar içində bir ata,

gözləri təbəssümlə dolu,

əlində bir səbət meyvə,

alnında tər damcıları,

ipək parça üstündə

Barış olacaq!

Dünyanın simasında

yaralar sağalan zaman,

yanmış ürəklərdə

ümid tumurcuqları açılan zaman.

Qanları haqsız olaraq yerə tökülməyib- xəbərini eşidəndən sonra,

ölülər şikayət etmədən

yuxuya gedən zaman,

dəqiq o zaman,

o zaman barış olacaq!

Barış,

günorta saatlarındakı yemək ətridir.

Barış yəni,

Küçədə saxlayan avtomobil

qorxu mənasını daşımır.

Yəni,

qapını döyən şəxsin adı

Dost olsun.

Yəni,

pəncərəni açmağın mənası

Göy üzü olsun.

Barış yəni,

gözlərin törəni

rəngli zənglərlə…

bəli, barış elə budur!

Barış bir bardaq isti süddür

bir kitabdır uşağın yatağında

Barış yəni,

Bir sünbül budağı ayrı sünbülə çatarkən “İşıq”- desin

Barış,

insanların düyünlənən yumruğudur.

Barış,

dünya masasında isti çörəkdir,

ana gülüşüdür.

 

Yeri şumlayan şəxs

yerə bir sözü yazmaq istəyir,

o da, barış sözüdür,

başqa heç bir şey.

Heç bir şey!

Fəqərələrimin qafiyəsində

Bir qatar gələcəyə yollanır,

buğda və qızıl gül yükü ilə…

Bəli, barış budur.

Qardaşlarım,

bütün aləm

təkcə barış ilə nəfəs alır.

Əllərinizi mənə verin,

Bəli,

Barış elə budur!

 

 

DƏNİZİ GÖRMƏK ÜÇÜN BİR PƏNCƏRƏ

 

Biz burada bəzi şeyləri təsəvvür etməyə məcburuq;

Məsələn bir pəncərə

dənizi görmək üçün…

biz dənizi pəncərədən başqa cür görürük

fərqli olaraq məftilli simlərin arxasından

başqa cür görünmədiyi kimi.

- Günorta saatlarında bir uşağın səsi…

Amma hanı o uşaq?!

- Bir qadın evinin qarşısında 

pillənin üstündə oturmuş

Amma hanı o ev?!

Bir şkaf dolu qış paltarlarından

bir zaman astaca divardakı saatdan damlayır

və bir gözəl əlin kölgəsi dibçəklərə gül əkir…

amma hanı o kölgə?!

Bir həftənin altıncı günündə,

günorta zamanı;

bir qrammofun pəncərənin kənarında oxuyur…

Və bir pişik qonşunun divarı üstündə dincəlir.

Bir alatoranlıq havada

unudulmuş bir qara pişik

Qonşunun divarı üstündə dincəlir…

Və bir gözəl sükut içində,

Qürub çağında addımlayır

və quyruğunu ağappaq Ayın canına sürtür.

Biz bunları təsəvvür etməyə məcburuq.

Burada soyuq gecələrin sayı çoxdur.

Bir dərin tənhalıq

qorxunun dərinliyində vardır 

Məhbusların ölümdən bir neçə saat öncəki qorxuları

o qorxunun dərinliyində vardır.

Və o masada oturub,

ayağını ayağının üstünə aşırıb

gözətçilərlə lotereya oynayır.

Burada pişiklər fərqlidirlər,

Hirsli, məhəbbətsiz, xəstə

Həm də bizim çiyinlərimizə 

çənələrini sürtmürlər.

Bizdən uzaqda otururlar

Bizi araşdırırlar…

Ölümün mənasından nələrisə öyrənirlər,

Ağrının mənasından…

İntiqamın, güzəştin mənasından

Eşq və sükutun mənasından 

nələrisə öyrənirlər.

Dustağın hirsli, acıqlı və sakit pişikləri

bizim gözlərimizi öyrənirlər,

və həyatı onun içində görürlər.

Başımızın üstündən aslanan Ay

həmin bir sözdür ki,

dilimizə gətirə bilmirik.

Bir sözdür ki,

Daş kimi gecənin boğazında tıxanıb.

 

 

FƏRYAD

 

Fəryad etmək istəyirdi,

daha artıq dayana bilməyəcəkdi,

səsini eşidəcək kimsə yox idi orada,

kimsə eşitmək istəmirdi.

Özü də səsindən qorxurdu,

içində boğurdu səsini.

Partlamağa doğru idi sükutu.

Birdən,

havaya uçdu gövdəsinin parçaları,

səssizcə toplayacaqdı bu parçaları…

hamısını bir yerə yığacaqdı,

deşikləri bağlamaq üçün.

Və yolunda bir sarı Zambaq görsə,

onu da götürəcəkdi.

Özünün bir parçası kimi gövdəsinə yapışdıracaqdır,

beləcə,

dəlik-deşik,

görünməmiş bir şəkildə çiçək açırdı indi…

 

Noyabrın 19-da Heydər Əliyev Sarayında Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə “Gürcü əfsanəsi” adlı təntənəli qala-konsert keçirilib. Konsert proqramını Gürcüstanın 137 yaşlı "Erisioni" Dövlət Akademik Mahnı və Rəqs Ansamblı təqdim edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iki ölkə arasındakı əlaqələrdən danışaraq xalqlarımızı və ölkələrimizi çoxəsrlik dostluq, mehriban qonşuluq əlaqələri birləşdirdiyini deyib: “Çox şadam ki, bu gün biz Azərbaycanın paytaxtı Bakıda Gürcüstanla Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini birlikdə qeyd edirik. Ölkələrimiz arasındakı münasibətlərin uzun əsrlik tarixi kökləri var. Çox şadam ki, bu gün biz yenə birlikdə toplaşaraq, bu gözəl bayramı qeyd edirik”. 

Daha sonra qarşılıqlı dəstək üzərində qurulan bu əlaqələrin region üçün həlledici amilə çevrildiyi vurğulayan səfir Z.Pataradze qeyd edib ki, strateji tərəfdaşlıq münasibətləri tədricən inkişaf edərək bölgəmizin simasını dəyişib, nəhəng enerji, infrastruktur və digər layihələr reallaşdırılıb. Gürcüstan və Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dost və qonşuluq münasibətlərinin daha da inkişaf etdiyini diqqətə çatdıran diplomat ikitərəfli strateji tərəfdaşlığımızın bundan sonra da uğurla davam edəcəyindən əminliyini ifadə edib. “Bu gün Gürcüstanın məşhur Milli Akademik Rəqs və Mahnı Ansamblı maraqlı konsert proqramı ilə çıxış edəcəklər. 1885-ci ildə yaradılmış “Erisioni” ansamblı təkcə Gürcüstanda deyil, həmçinin onun hüdudlarından kənarda da geniş şöhrət qazanıb. Ansambl konsertlərində milli geyimlərdə gürcü xalq mahnı və rəqsləri vasitəsilə ölkəsinin etnik-mədəni dəyərlərini nümayiş etdirir”, - deyə səfir bildirib.

Sonra təntənəli konsert proqramı təqdim olunub. Gürcüstanın “Erisioni” Dövlət Akademik Mahnı və Rəqs Ansamblı konsertdə qədim gürcü rəqsləri ilə tamaşaçıların qarşısına çıxıb.

 

İstanbulda görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsert İstanbulun ən gözəl məkanlarından biri olan Cemal Reşit Rey salonunda təşkil edilib. Möhtəşəm keçən konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Cemal Reşit Rey simfonik orkestri çıxış edib. Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə, vokal ifaçıları Mərziyə Hüseynova, Opera və Balet Teatrının solisti Atəş Qaranın ifaları dinlənilib. Fikrət Əmirovun “Kür Ovşarı” simfonik muğamı, “Azərbaycan kapriççiosu”, fortepiano və simfonik orkestr üçün konserti, “Sevil” operasından Balaş və Sevilin ariaları, “Azərbaycan elləri” mahnısı və digər əsərlər səsləndirilib.

Böyük maraqla qarşılanan konserti həmvətənlərimizlə yanaşı, yerli sakinlər və dünyanın müxtəlif ölkələrindən xarici qonaqlar da izləyiblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.