Super User

Super User

Thursday, 17 November 2022 13:30

“Ulduz”un noyabr sayı işıq üzü görüb

 

"Ulduz" jurnalının noyabr sayı işıq üzü görüb. Dərgi Taleh Mansurun özüylə söhbəti və şeirləri ilə açılır. 

 

Qulu Ağsəsin hələ 2000-ci ildə qələmə aldığı  "Qarğış" hekayəsi  xanəndə Süleyman Abdullayevə ithaf olunub. Rəşid Faxralının İkinci Qarabağ savaşında qazanılmış zəfərin iki illiyinə həsr olunan  "Düşüncələr. Vətən müharibəsi – Qələbə fəlsəfəsi" xatirə yazısında  fərqli  qəhrəmanların döyüş yoluna nəzər salınır.

"Nəsr" rubrikasında Nurlan Suvarovun "Saçlarımın  qırmızısı", Hicran Hüseynovanın  "Dərdli pişik haqqında ballada", Günel C. Hacıyevanın "Rəqs edən taxta qayıq", Orxan Kərimovun "Saat" kimi hekayələri, "Şeir vaxtı"nda isə Elnaz Eyvazın, Bəhruz Xəlilin, Namiq Hacıheydərlinin, Aysel Nəsirzadənin, Əfsanə Qurbanlının və Seyyidəli Sübhinin  şeirləri yer alıb.

"Qısa fikirlər xəzinəsi"ni bu dəfə də bir sıra dühaların kəlamları bəzəməkdədir.  "Tərcümə saatı"nda şair İbrahim İlyaslının tərcüməsində çağdaş  qırğız poeziyasından seçmələr,  "Türk eli" rubrikasında isə Təranə Vahidin uyğunlaşdırmasında Halə Sərtin "Dənizin dibindəki" hekayəsi təqdim edilib. Aytac Sahədin "Sələf-xələf"inin budəfəki qonaqları  Xalq rəssamı, heykəltəraş Natiq Əliyev və gənc heykəltəraş  Güntay Hüseynlidir. Pərvanə Məmmədlinin "Varımız, varlığımız – Ana dilimiz" başlıqlı yazısında böyük alim Cavad Heyətin timsalında Güney Azərbaycanda dil və etnik mücadilə tarixinə nəzər salınır. Filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidin "Natəvan – kədərli qürur abidəsi" məqaləsi Xurşidbanu Natəvanın həyat və yaradıcılıq yoluna işıq tutur. Rəfail Tağızadənin "Vaqif Poeziya Günlərində yaşananlar" adlı reportaj yazısı, adından da göründüyü kimi, 13-15 iyul tarixlərində Şuşada düzənlənən 40-cı poeziya günlərinin xronikasıdır.

Nəhayət, "Dərgidə kitab"da  Səfər Rzasoylunun şeirlərinə, "Oxumalı rəsmlər" rubrikasında isə Fərid Hüseynin "Fırlanan rəsmlər" yazısına yer verilib.

Rəsm qalereyası: Sakit Məmmədov, Qarışıq tablo

Günün fotosu: Fransa Senatı Azərbaycanı mühakimə edən qərar çıxardı

 

Çox təəssüf ki, Fransa Senatı Ermənistanın xeyrinə Qətnamə çıxardı, Azərbaycan əleyhinə sanksiyalar çıxarmaq barədə təklif verdi. Yuxarı palatanın 296 üzvündən 295-i sənədin leyhinə səs verdilər.

Euronews-un bu fotosunda Fransa Senatının sədri Jerar Larşe CCAF (Fransanın Erməni Təşkilatı) rəhbərləri ilə təsvirə gəlib.

 

Ötən gün Bakı Bələdiyyə Teatrı 30 illik yubiley gecəsiylə geniş tamaşaçı auditoriyası qarşısında növbəti təqdimatını gerçəkləşdirib. Təqdimat premyera ilə xüsusən zənginləşib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xalq yazıçıları Anar, Elçin, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, Azərbaycanın Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, teatr tənqidçisi Əsəd Cahangirli, eləcə də ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova mədəniyyət naziri Anar Kərimovun təbrikini çatdıraraq, nazirlik tərəfindən fəxri fərmanla təltif olunan aktyorların siyahısını təqdim edib. O, deyib: “30 yaşını tamamlayan Bakı Bələdiyyə Teatrı 1992-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda, dünya ölkələrində təbliğ edən teatrın repertuarında Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilib”.

Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov İttifaqın sədri Azərpaşa Nemətovun təbrikini çatdırdıqdan sonra, İttifaq tərəfindən Bakı Bələdiyyə Teatrının aktyorlarına mükafatlar təqdim edib. Bir qrup aktyora “Sənətkar” medalı, Fəxri fərman və “Qızılgül” mükafatları verilib. 

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yubiley təbrikini ittifaqın katibi, Xalq artisti Həmidə Ömərova çatdıraraq, AKİ-nin Bakı Bələdiyyə Teatrının 30 illiyi münasibətilə hazırladığı diplomu və Şuşanın 270 illiyinə həsr olunmuş, Şuşa mənzərəsini özündə əks etdirən, rəssam İlham Səfərlinin rəsm əsərini təqdim edib. 

Həmçinin digər çıxış edənlər də teatrın yubiley təbriklərinə qatılıblar. 

Tədbirdə Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunmuş 10 dəqiqəlik videorolikin təqdimatından sonra Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan “Şuşada ürəyim qaldı” tamaşasının premyerası olub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, musiqi tərtibatçısı Xalq artisti Eldar Mansurov və quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi, eyni zamanda, Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunan “Şuşada ürəyim qaldı” tamaşasının əsas ideyası ondan ibarətdir ki, Azərbaycanın başına uzun illər boyu müsibətlər gəlməsinə baxmayaraq, ölkəmiz bu müsibətlərin içindən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışıb. General Sisiyanovun Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışılan və İbrahim xanın qızı Ağabəyim ağanın müsibətlərindən bəhs edilən səhnə əsərində Azərbaycan xanlıqlarının əslində müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çatdırılır.

 

İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin ikinci ildönümü, “Şuşa İli” və görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, mərasim Xarıbülbül Vizyon Teatr Dərnəyi və İstanbulun Ümraniye bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən əvvəl bələdiyyə binasının qalereyasında təşkil olunan “Xarıbülbül Azərbaycan Zəfər sərgisi”nin açılışı olub. 

Sərginin açılışında iştirak edən bələdiyyə sədri İsmet Yıldırım Azərbaycan ilə Türkiyə arasındakı tarixi bağlara toxunaraq, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladıb. 

Bələdiyyə sədri bildirib ki, Azərbaycanın şanlı Qarabağ Zəfəri tarixi torpaqların öz sahiblərinə geri qaytarılması ilə yanaşı, həm də Türk dünyasının birləşməsinə imkan verib. Bu, onu göstərir ki, biz bir olsaq, heç bir qüvvə bizə qalib gələ bilməz. 

Qarabağ Zəfərini və Türkiyə-Azərbaycan qardaşlığını özündə əks etdirən sərgidə Lətifə Refikqızının hazırladığı Azərbaycan və Türkiyənin milli geyimləri və əl işləri, azərbaycanlı rəssamlar Sadiq Babayev, Ceyran Səttarova, türkiyəli rəssam Canan Tepebaşının əsərləri nümayiş etdirilir.

Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən Xarıbülbül Vizyon Teatr Dərnəyinin rəhbəri Kamalə Kamal, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) Baş katibi Hülya Ağasoy, Ümraniye bələdiyyəsi sədrinin müavini Mesut Özdemir və ölkəmizin İstanbuldakı baş konsulluğunun vitse-konsulu Murad Balacayev Şuşa Zəfəri və Qələbəmizə gedən yol, Şuşanın tarixi, eləcə də Fikrət Əmirov yaradıcılığı haqqında danışıblar. 

Çıxış edənlər iki qardaş ölkə arasındakı tarixi əlaqələrə diqqət çəkərək, bu münasibətlərin hər gün daha da möhkəmləndiyini vurğulayıblar. 

Tədbirdə Fikrət Əmirov, Qarabağ Zəfəri və Türkiyə-Azərbaycan qardaşlığını özündə əks etdirən qısametrajlı sənədli filmlər nümayiş olunub. 

Mərasimdə TADEF-in sədr müavini Pərviz Məmmədzadə, Azərbaycanın Əməkdar rəssamı, professor Teymur Rzayev, dərnək sədrləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbir bədii hissə ilə davam edib. 

Mərasimdə “Xarıbülbül Azərbaycan Zəfər Sərgisi” kataloqu ictimaiyyətə təqdim edilib. 

Mərasimin sonunda tədbirin təşkilində əməyi olanlara xüsusi təşəkkür plaketləri verilib.

 

Özbəkistan Dövlət Akademik Böyük Teatrı Bakıya qastrol səfərinə gəlib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, səfər çərçivəsində özbəkistanlı sənət ustaları bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaçılara özbək bəstəkarı Ənvər Erqaşevin “Humo” baletini, noyabrın 17-də isə italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasını nümayiş etdirəcəklər.

Xatırladaq ki, “Humo” baletinin premyerası 2005-ci ildə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının səhnəsində gerçəkləşib. 2007-ci ildə tamaşaya yazdığı musiqiyə görə müəllif 1-ci dərəcəli Dövlət mükafatı laureatı adına layiq görülüb.

Qastrol səfərində Özbəkistanın Böyük Teatrının aparıcı solistləri, Xalq artistləri, vokalçıların və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları iştirak edəcəklər. Qastrol qrupuna simfonik orkestr, solistlər, xor artistləri və balet truppası daxildir.

 

Noyabrın 18-də İstanbuldakı AKM Türk Telekom Opera Salonunda görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsert təşkil olunacaq.

 

Dirijor Dmitri Sitkovetskinin rəhbərliyi altında orkestr truba ifaçısı Sergey Nakaryakovu müşayiət edəcək.

Konsert görkəmli Azərbaycan bəstəkarının “Azərbaycan kapriççiosu” əsəri ilə başlayacaq, həmçinin Cozef Haydnın orkestrla violonçel üçün do-major konserti və Pyotr Çaykovskinin 2 nömrəli simfoniyası da ifa olunacaq.

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Fikrət Əmirov 100” Musiqi Festivalı çərçivəsində, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Sevil” (proloqla birlikdə 2 pərdəli opera) tamaşası təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli, dirijoru, beynəlxalq müsabiqənin laureatı Orxan Həşimov, rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, rəssamı, Xalq rəssamı Tahir Tahirov, xormeysteri, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeysteri, Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, konsertmeysteri Nüşabə İsadır.

Rolları Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər İnarə Babayeva, Tural Ağasıyev, vokalçılar Taleh Yahyayev, Fatimə Cəfərzadə, Nina Makarova, Urfan Cəfərov, Esmira Məmmədova, Nəzər Bəylərov və başqaları canlanıdırblar.

Wednesday, 16 November 2022 11:00

“Kurtlar Vadisi” geri dönür

 

Türkiyənin məşhur seriallarından olan "Kurtlar Vadisi" geri dönür. “Ədəbiyyat və incəsənət” portalı “qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə serialın baş qəhrəmanı, "Polat Alemdar" obrazını canlandıran Necati Şaşmaz "TRT Music"in efirində qonaq olarkən deyib.

 

"Hazırda hazırlıq işləri gedir. Yanvar ayında çəkilişlərə başlamağı düşünürük. Ömrümün 20 ili bu serialla keçdi. Dəyərli, lakin çox yorucu işdir. Fikirləşdik ki, bir az ara verməliyik. İndi yenidən serial tələb olunmağa başlayıb" - deyə N.Şaşmaz bildirib.

Wednesday, 16 November 2022 10:00

Bakı Caz Festivalına start verilib

 

Cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Bakı Caz Festivalı təxirə salınaraq noyabr ayına keçirilmişdi. Dünən başlanan və noyabrın 20-dək davam edəcək bu musiqi janrının pərəstişkarlarının gözlədiyi dinamik festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yenilənmiş proqram tanınmış xarici ifaçıların, dünya caz ulduzlarının adları ilə seçilir.

Bu, ilk növbədə, Grammy mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maretdir. Dünın “Bakı Caz Festivalı – 2022” çərçivəsində Qreqori Maret Azərbaycan musiqiçiləri ilə birgə çıxış edib. Unikal layihədə Azərbaycan tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edib. 

Bu gün braziliyalı musiqiçi Eloiza Lourenso maraqlı proqramla çıxış edəcək, daha sonra festival günləri hollandiyalı virtuoz pianoçu Mayk Del Ferronun, İsrailin Yogef Şetrit qrupunun, alman eksperimental caz vokalçısı Mixael Şifelin qrupunun konsertləri ilə davam edəcək. “Bakı Caz Festivalı – 2022”-nin proqramını əfsanəvi Kenni Uilerin yeni “Sweet Time Suite” tamaşasının solisti seçilmiş gitaraçı Federiko Kasaqrande və truba ifaçısı Fulvio Siqurtanın italyan dueti bağlayacaq.

Noyabrın 17-də gənc caz ifaçıları üçün illik “I am Jazzman” müsabiqəsinin ikinci turu, noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması və “Ekalogic”in yekun konserti keçiriləcək.

Bakı Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. Noyabrın 17-də QGallery-də “Dancing Jazz” sərgisinin açılışı nəzərdə tutulub.

Növbəti maraqlı tədbir “YARAT” Yaradıcılıq Mərkəzində caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı olacaq.

 

Festival haqqında ətraflı məlumatı bakujazzfestival.com saytından əldə etmək mümkündür.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.