İstanbulda Qarabağ Zəfərinin ikinci ildönümü, “Şuşa İli” və Fikrət Əmirovun yubileyi münasibətilə tədbir keçirilib

 

İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin ikinci ildönümü, “Şuşa İli” və görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, mərasim Xarıbülbül Vizyon Teatr Dərnəyi və İstanbulun Ümraniye bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən əvvəl bələdiyyə binasının qalereyasında təşkil olunan “Xarıbülbül Azərbaycan Zəfər sərgisi”nin açılışı olub. 

Sərginin açılışında iştirak edən bələdiyyə sədri İsmet Yıldırım Azərbaycan ilə Türkiyə arasındakı tarixi bağlara toxunaraq, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladıb. 

Bələdiyyə sədri bildirib ki, Azərbaycanın şanlı Qarabağ Zəfəri tarixi torpaqların öz sahiblərinə geri qaytarılması ilə yanaşı, həm də Türk dünyasının birləşməsinə imkan verib. Bu, onu göstərir ki, biz bir olsaq, heç bir qüvvə bizə qalib gələ bilməz. 

Qarabağ Zəfərini və Türkiyə-Azərbaycan qardaşlığını özündə əks etdirən sərgidə Lətifə Refikqızının hazırladığı Azərbaycan və Türkiyənin milli geyimləri və əl işləri, azərbaycanlı rəssamlar Sadiq Babayev, Ceyran Səttarova, türkiyəli rəssam Canan Tepebaşının əsərləri nümayiş etdirilir.

Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən Xarıbülbül Vizyon Teatr Dərnəyinin rəhbəri Kamalə Kamal, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) Baş katibi Hülya Ağasoy, Ümraniye bələdiyyəsi sədrinin müavini Mesut Özdemir və ölkəmizin İstanbuldakı baş konsulluğunun vitse-konsulu Murad Balacayev Şuşa Zəfəri və Qələbəmizə gedən yol, Şuşanın tarixi, eləcə də Fikrət Əmirov yaradıcılığı haqqında danışıblar. 

Çıxış edənlər iki qardaş ölkə arasındakı tarixi əlaqələrə diqqət çəkərək, bu münasibətlərin hər gün daha da möhkəmləndiyini vurğulayıblar. 

Tədbirdə Fikrət Əmirov, Qarabağ Zəfəri və Türkiyə-Azərbaycan qardaşlığını özündə əks etdirən qısametrajlı sənədli filmlər nümayiş olunub. 

Mərasimdə TADEF-in sədr müavini Pərviz Məmmədzadə, Azərbaycanın Əməkdar rəssamı, professor Teymur Rzayev, dərnək sədrləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbir bədii hissə ilə davam edib. 

Mərasimdə “Xarıbülbül Azərbaycan Zəfər Sərgisi” kataloqu ictimaiyyətə təqdim edilib. 

Mərasimin sonunda tədbirin təşkilində əməyi olanlara xüsusi təşəkkür plaketləri verilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.