Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, bu barədə müğənni Roza Zərgərli paylaşım edib.

O, qarmon ifaçısının xəstəxanadan görüntüsünü izləyicilərlə bölüşərək, "Canım sənətkarım, keçmiş olsun", - deyə, bildirib.

 

“Ədəbiyyat və incəsənət” portalı Kulis.az-da müğənni Cəfər Behbudov haqqında dərc edilən maraqlı faktları oxucularına təqdim edir.

 

Cəfər Ağaəli oğlu Behbudov 17 avqust 1951-ci ildə Bakı şəhərində teatr rejissoru Ağaəli Məstanov və aktrisa Nəcibə Behbudovanın ailəsində anadan olub. Nəcibə Behbudova - Rəşid Behbudovun bacısıdır. Onlar ailədə iki uşaq olublar. Bacısı Firuzə və Cəfər.

*

Lakin sonralar onun valideynləri ayrılır. Onların ailəsinin dağılmasına səbəb isə Cəfərin atasının Nəcibə xanıma etdiyi saysız-hesabsız xəyanətlər olub. Onlar rəsmən boşandıqdan sonra Nəcibə xanım Cəfəri atasının soyadından çıxararaq öz soyadına keçirir.

*

Cəfər Behbudov Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 70-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olub.

*

Onun ifasında "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnıları həmin dövrlərdə populyarlıq qazanıb.

Konsertlərdə Flora Kərimova ilə bir yerdə çıxış edib, onunla "Sevgi mahnısı" adlı kompozisiyanı ifa edərək, klip çəkdirib.

*

Cəfər Behbudova ən böyük uğuru 1980-ci ildə ifa etdiyi Tofiq Quliyevin "Zibeydə" mahnısı gətirib. Bundan başqa "Bəyin oğurlanması" filmində kino işçilərinin axşam vaxtı istirahət etdikləri zaman səsləndirilən mahnını da o ifa edib.

*

Cəfər Behbudov iki dəfə evli olub. Onun Viktoriya və Səidə adlı qızları var. Cəfər bəyin ikinci evliliyi özündən yaşca çox böyük xanımla olub.

*

Nəcibə xanımın qardaşı Rəşid Behbudovdan bir neçə dəfə xahiş etməsinə baxmayaraq Rəşid Behbudov bacısı oğluna heç bir köməklik göstərmir. Bunu isə onun Cəfəri qısqanması ilə əlaqələndirirlər. Bu barədə müğənni Sərxan Sərxan da müsahibəsində deyir:

"Cəfər Behbudov çox istedadlı adam idi, qəşəng səsi vardı. Amma dayısı Rəşid müəllim nə isə ona kömək etmirdi. Bilmirəm niyə. Cəfər həm də yaxşı insan, fağır oğlan idi. Biz onunla bir-iki dəfə Azərbyacanın rayonlarına, Qarabağa qastrollara getmişdik. Rəşid müəllim onu bir az qısqanırdı. Dayday idi də, gərək kömək edəydi".

*

Məşhurluğunun ən yuxarı pilləsində olarkən gənc müğənni ölkəni birdəfəlik tərk edərək taleyini Ukrayna ilə bağlayır. Onun Bakıdan getməsinə isə bəzi adamlar səbəb olur. Müğənni müsahibələrinin birində bu haqda deyir:

"Nə deyim, necə danışım... İndi mənə qalan ancaq şəkillərdir. Baxıram və təəssüflənirəm ki, hər şey keçmişdə qaldı. Əslində mən Bakıdan yox, bəzi-bəzi adamlardan küsüb getmişəm. Çoxları elə bilir fəxr ad vermədilər, ona görə çıxıb getdim, amma elə deyil. Əslində, o vaxt mənə fəxri ad vermək istəyirdilər. Adım siyahıda var idi. Sonra Mübariz Tağıyevin adını ora saldılar. Bakıda yaşayanda Azərbaycan Televiziyasının solisti idim. Bir dəfə işə gələndə adımı ixtisara düşənlərin siyahısında gördüm. Getdim kadrlar idarəsinə, dedilər, təzə sədr gəlib, onunla danış. Təzə sədri də tanımırdım, gedib nə danışacaqdım? Adımı da işdən çıxarılanların siyahısına salmışdılar, sağ olsunlar, çox sağ olsunlar, vəssalam. Polad Bülbüloğlu o vaxt mədəniyyət naziri idi, getdim onun yanına. Dedim, Polad, vəziyyətim belədir, işsiz qalmışam. Dedi, bir az gözlə. Bir il gözlədim. Həmin ərəfələrdə tez-tez Ukraynaya gəlirdim, yaxşı dostlarım var idi. Gözlədim, gözlədim, gördüm, heç nə çıxmır. Ondan qabaq da dayım Rəşid Behbudovun Mahnı Teatrında oxuyurdum. Birdən-birə hər şey dağıldı. Konsert olmalı idi, dayım oxuyacaqdı. Rəhmətə gedəndən sonra dedilər, onun yerinə oxuya bilərsən? Dedim, əlbəttə, oxuyaram. Açılış oldu, oxudum. Sonra başa düşdüm ki, heç kimə lazım deyiləm, çıxıb getdim. Buna baxmayaraq mən heç kimi özümə düşmən bilmirəm. Rəşidin düşmənləri var idi, onunla bacarmadılar, mənim üstümə düşdülər. Qoy hamının yadında necə qalmışamsa, elə də xatırlanım. Təəssüf ki, mən imkanlarımın 50 faizini reallaşdıra bilmədim. Bacarığımın cəmi yarısını qoya bildim sənətə. Çətinliklər, maneələr çox oldu mənə".

*

Kiyev kənarında şəxsi mənzilində yaşayan müğənni uzun illər Ukraynada fəaliyyət göstərən restoranlarda oxuyub pul qazanır. Ömrünün son illərində isə özünə qapanır, mətbuata müsahibələr verməkdən imtina edir, yaxın qohumları ilə belə əlaqələrini minimuma endirir.

*

Azərbaycanı tərk edəndən sonra anası həmişə onun geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. O, hər gün oğlunun divardakı şəklinə baxaraq onun nə zamansa geri qayıdacağına ümid edib. Və ömrünün sonuna kimi, ölənə qədər oğlunun yolunu gözləyib.

*

Müğənni sonuncu dəfə Bakıya 1999-cu ildə anasını itirən zaman gəlib. Bundan sonra yaxınlarının və doğmalarının heç biri ilə görüşməyib. Anasının məzarını isə internet vasitəsi ilə ziyarət edir. 

*

Cəfər Behbudov ömrünün sonlarına yaxın xərçəng xəstəliyinə tutulur. O, 26 sentyabr 2019-cu ildə Kiyevdə vəfat edir. Özünün vəsiyyəti ilə Kiyevdə dəfn olunur.

Monday, 14 November 2022 12:00

Əlikram Bayramova vəzifə verilib

 

Azərbaycanın tanınmış müğənnisi Əlikram Bayramova yeni vəzifə verilib.  

 

“Ədəbiyyat və incəsənət” portalı manset.az-a istinadən məlumat verir ki, məşhur müğənni Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktor müavini təyin olunub. 

Müğənni faktı sayta təsdiqləyib.

Qeyd edək ki, Əlikram Bayramov Biləsuvara köçüb. Hazırda orda yaşayır və fəaliyyət göstərir

“Ədəbiyyat və incəsənət” portalı “Güneydən gələn səslər” rubrikasında sizlərə Vida Heşmətinin ruh oxşayan  şeirlərini təqdim edir. Rubrikanı “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan  nümayəndəsi, Təbrizdən olan şair, yazar Əli Çağla aparır. 

 

Vida Heşməti 1968-ci il oktyabr ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, uşaqlıq dövründən ədəbiyyata marağını büruzə vermiş, Təbriz universitetində fars dil və ədəbiyyatı fakültəsində oxumuşdur. Onun “Ağ qanadlı kəpənək” və “Ulduzların nəğməsi” adında uşaq kitabları çap olunmuşdur. Kitabların rəsmlərini şairənin bacısı Lida Heşməti çəkmişdir. 

Şairənin “Tanrı boyalı saçlarım” adlı şeir kitabı da 2021-ci ildə Təbriz şəhərində çap olunmuşdur.

 

 

SÜLH

 

Keşkə səsini dağlara, 

Nəfəsini bağlara

Gözəlliyini göy qurşağına paylaşaydım. 

İsti əllərini sevgililərin ilk görüşünə

Ürəyini

Oğlu savaşda yubanmış ananın

Sap-sarı astanasına. 

Maviliyini dənizlərə qoşaydım

Səni dalğalarla bağlaşaydım. 

Ahaaaaay

Mahnılarımın Sarı gəlini

Buludlardan uzaldaydın yağış əlini. 

Ulduzlardan göz vuraydın, 

Gülümsəyən heykəlini

Calanaydın qaraqançıl kürəmizin

Qsır dodaqlarına. 

Səs-səsə verib oxuyaydıq

Ozaylar uzunu. 

Saçın ucun hörməzlər

Gülü qönçə dərməzlər…

 

 

TANRI BOYALI SAÇLARIM

 

Saçlarım...

Doğu yellərin qançıllığı

Buludların manifesti

Batı qızlarının yağış lirikası

Gözüyaşlıdı tellərim.

 

Saçlarımda yellər ulayır kəndımi

Və hörükləyir çaylaqları

Su tökür qadınlar əlimə.

Bu mənəm “Vida”

Bu mənəm...

Bu mənəm türkün şeir qızı!

 

Saçlarım...

Günəş kölgəli saçlarım.

 

Mürgü döyür

Röyasında məni Təbriz

İndi şənbədi birçəklərim

Və bir sərçə yuva qurur

Mənim

Tanrı boyalı saçlarımda...

 

 

QADIN

 

Dünyanın yaraşığı qadındırsa

Hələ qadınların yaraşığı deyil dünya!

Mikrofonların əngində

Saqqız olub qadın.

Sekolaritəsinə

İpəkdən don geydirsələr də,

Demokrasiyasına bal qatsalar,

Göbək ciyəsi

Aşxanaya atılmış

Canı düşlərindən çıxmalıdır.

Ancaq

Hələ də onu qiymətləndirən 

Erkək yasaların yazılmamış

Səhnə arxasıdır.

Yoxsa vitrinlər

Boş bəhanədi...

 

 

BİTSİN SAVAŞ

 

Yenə bu köndələn yer kürəsi, ‌

Dumana bələdi dağlarını. 

Göyündə qaraldı göyərçinlərin

ağuuuş dimdikləri

Lalalar yallılanır torpaqları.

Yenə okeanların nefti üzərində

Qumarlaşır naqqalar. 

Yenə generalların əllərində oyuncaq oldu

Ürəyi kabab adaxlı qızın əsgər nişanlısı. 

İtdi-batdı nişan bəlgəsi

Hələ xəritə çəkir imperiyalların 

günəş gözlüyü

Qaraqançıl köksündə. 

Uşaqların bayram sevinci isə

Boy atırdı ayaqqabılarında

Oysa boğuldu xonçasında.

Anasının ləçəyi yaş,

Cibində məktubu sevginazlanan oğlanın

Tapılmadı bir pişikyolu da. 

Yenə görəsən boylanacaq əriklər

Tüstülü ağaclardan?!..

 

 

SƏN

 

Barı 

Bölmək olsaydı

Sevincləri, ağrıları.

Mən də sənə göndərərdim

Çərşəmbə bayramımı,

İsti günlərimin söyüdlərini,

Qış ocağımın kabab könlünü.

          Ama neyləyim?!

Sən Müşfiqin tarında yeniləndin

NazPərinin səsində qocaldın.

               Yenə sağ ol ki, 

Kölgə kimi yerə sərilib,

Çinar kimi ucaldın...

 

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

 

Lüksemburq Böyük Hersoqluğunun “Luxembourg Times” portalında Azərbaycanın da təmsil olunduğu Beynəlxalq xeyriyyə Bazarı haqqında məqalə dərc olunub. 

 

Müəllif qala divarları formasında qurulmuş və milli ornamentlərlə bəzədilmiş Azərbaycan stendi haqqında da məlumat verib. Məqalədə Azərbaycan stendinin zənginliyindən, stendimizdə təqdim olunan milli məhsullar - nar, heyva və feyxoa kimi tər meyvələr, müxtəlif tərəvəzlər, eləcə də şərablar, yağlar, bəkməzlər, mürəbbələr haqqında məlumat verilib. 

Müəllif Lüksemburq Böyük Hersoqluğundakı Azərbaycan icması haqqında məlumat verərək bildirib ki, bu ölkədə 200-dən çox azərbaycanlı yaşayır. Onlar Lüksemburq dilində danışır və bu ölkədə vətəndaşlıq alıblar. Eyni zamanda, soydaşlarımızın yerli cəmiyyətə yüksək səviyyədə inteqrasiya etməsindən bəhs olunub.

Lüksemburq Böyük Hersoqluğunun təşkilatçılığı ilə keçirilən 62-ci Beynəlxalq Lüksemburq Bazarında bu ölkənin Baş naziri Ksavye Bettel Azərbaycan stendini ziyarət edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, ölkəmizin Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, “Azersun”, “Meyseri”, “Silkway Cargo” şirkətlərinin dəstəyi və bu ölkədə yaşayan soydaşlarımız Seymur Əhmədov və Samir Məmmədovun təşkilatçılığı ilə Lüksemburq Beynəlxalq Bazarında nümayiş olunan Azərbaycan stendi lüksemburqlu rəsmiləri yüksək qonaqpərvərliklə qarşılayıb. Lüksemburqun Baş nazirinə Azərbaycanın tarixi, mədəniyyəti, məhsulları haqqında məlumat verilib. Ksavye Bettel milli mətbəximizin təamlarından dadıb. 
Azərbaycanın Əməkdar artisti, pianoçu, bəstəkar və aranjemançı İsfar Sarabski və tarzən Bəhruz Zeynal Lüksemburq Beynəlxalq Bazarında təşkil olunan Azərbaycan stendində musiqi proqramı ilə çıxış ediblər. 
Azərbaycan musiqisinin sədalarını eşidən Beynəlxalq Bazarın ziyarətçiləri stendimizin qarşısına toplaşaraq, azərbaycanlı musiqiçiləri heyranlıqla dinləyiblər. Azərbaycan musiqisi xeyriyyə bazarına xüsusi rəng qatıb. 
Qeyd edək ki, müxtəlif Avropa ölkələrində dəfələrlə konsertlər vermiş pianoçu İsfar Sarabski avropalılar tərəfindən çox sevilən musiqiçidir. Azərbaycanlı musiqiçilərin ifası ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb
Lüksemburq Beynəlxalq Bazarı noyabrın 13-də öz işini başa vurub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İgidlərin sözü” layihəsinin müəllifi və rəhbəri şairə Nigar Həsənzadənin təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü” adlı antologiyanın ictimaiyyət üçün geniş təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitab təqdimatında Milli Məclisin deputatları Qənirə Paşayeva və Ceyhun Məmmədov, “YAŞAT” Fondunun sədri Elvin Hüseynov, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Vətən müharibəsi iştirakçıları, “Şəhid analarına dəstək” İctimai Birliyinin üzvləri, şəhid ailələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. 

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Sonra çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən uğrunda döyüşən qəhrəmanlarımızın sözü ilə əməlinin bir olduğunu bildirib, qanları ilə tarix yazan igidlərin həm də tarixdə qalacaq sözlərinin şeir kimi bir kitabda toplanmasını alqışladığını söyləyib. Bu gün Azərbaycanın dünyada artan nüfuzundan danışan komitə sədri Prezident İlham Əliyevin apardığı siyasətdən, şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıdan da bəhs edib.

“YAŞAT” Fondunun sədri Elvin Hüseynov çıxışında hələ Aprel döyüşlərindən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərlə görüşündə söylədiyi “Bizim oğullarımız tarixi ədaləti bərpa edəcəklər” fikrini səsləndirərək bildirib ki, 2020-ci ildə Azərbaycanın mərd oğulları, sözün həqiqi mənasında, tarixi ədaləti bərpa ediblər.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Qələbəmizin tarixi əhəmiyyətini qeyd edərək, nazirlik tərəfindən bu sahədə nəşr olunan kitablardan və keçirdiyi tədbirlərdən danışıb. O bildirib ki, layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparmış igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirmək, onların rəşadət və şücaətini gələcək nəsillərə ötürməkdir. 

“İgidlərin sözü” kitabının tərtibatçısı və redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Aida Eyvazlı Göytürk çıxışında bildirib ki, nəşrin ərsəyə gəlməsi heç də asan olmayıb. Qeyd edib ki, redaktoru olduğu “İgidlərin sözü” kitabı Türk dünyasının savaşan igidlərinin yaradıcılığından bəhs edən ilk antologiyadır.

Sonra kitabda şeirləri işıq üzü görən Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu, Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayevin, Tamerlan Əsədov şerlərini səsləndiriblər.

Sonda “Söz” və “İgidlərin sözü” layihələrin müəllifi və rəhbəri şairə Nigar Həsənzadə təqdimata dəvət olunmuş şəhid analarının, şəhid övladlarının, qazilərin yaxınlarının bu günü, bu gözəl və həzin anları ən əziz xatirə kimi hər zaman yaddaşlarında saxlayacaqlarına inandığını bildirib. Deyib ki, bu böyük Zəfəri yazanlar unudulmur, onların sözlərini də heç vaxt unutmaq olmaz. 

Xatırladaq ki, “İgidlərin sözü” kitabının ilk təqdimatı bu ilin yayında Şuşada Vaqif Poeziya Günləri çərçivəsində olub.

Bir sözlə, möhtəşəm qələbəmiz daha bir nəşrdə layiqincə tərənnüm olunub.

Rəsm qalereyası: Anar Hüseynzadə. "Bağ mövsümü"

 

Texnika: kətan, yağlı boya.

Ölçü: 100x130.

Saturday, 12 November 2022 09:49

MARÇELLO ROTA və simfonik orkestr

Wednesday, 12 June 2024 09:47

“SEVİL” operası

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.