Super User
Ölkəmiz Türkiyədə keçirilən I Beynəlxalq Tarsus Festivalında təmsil olunub
Ölkəmiz Türkiyənin Tarsus şəhərində keçirilən I Beynəlxalq Tarsus Festivalında təmsil olunub.
“Ədəbiyyat və incəsənət” portalı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə istinadən xəbər verir ki, Türkiyənin Mersin Böyükşəhər Bələdiyyəsi tərəfindən keçirilən festival "Kleopatra ili"nə həsr olunub.
Nümayəndə heyəti əvvəlcə Tarsusda Heydər Əliyevin adını daşıyan parka gələrək Ulu Öndərin abidəsini ziyarət edib. Xətai nümayəndə heyətinin rəhbəri, Xətai rayon bələdiyyəsinin sədr müavini Əliyar Əliyev, Tarsus bələdiyyə başqanı Haluk Bozdoğanla görüşüb.
Qeyd olunub ki, tarix boyu Türkiyə və Azərbaycan dövlətləri arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri olub. Azərbaycan-Türkiyə münasibətləri gündən-günə inkişaf edir və dərinləşir. Hər iki xalq həm xoş günlərdə, həm də çətin vaxtlarda birlik nümayiş etdirərək bir-birinin sevincini və kədərini bölüşüb. İki qardaş ölkə arasındakı münasibətlər uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir.
Görüşdə qarşılıqlı olaraq xatirə hədiyələri təqdim edilib.
Festival çərçivəsində Azərbaycanın milli xorəkləri və şirniyyatları, milli mahnıları təqdim olunub.
Sonda xatirə şəkilləri çəkdirilib və iştirakçılara sertifikatlar təqdim edilib.
Yapon kimonosu dəfiləsi maraqla qarşılanıb
Ötən gün Azərbaycan Milli Xalça Muzeyində qələbəlik idi. Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Eleqant kimono: Yapon kimono şousu” adlı moda nümayişi keçirilirdi.
“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Yaponiyanın Azərbaycandakı səfirliyi, SOAC Art Consultancy & Curation, Odasho Co. Ltd, Yaponiya Beynəlxalq Tekstil Şəbəkəsinin təşkilatçılığı və “ISR Holding”in dəstəyi ilə gerçəkləşirdi.
Öncə açılış üçün söz Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya verilib. Şirin Məlikova bu il Yaponiya ilə mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və bunun əlamətdar tədbirlərlə müşayiət olunduğunu deyib: “Yaponiya mədəniyyəti üçün kimono əsas simvollardan biridir. Əsrlər boyu bu ənənəvi geyim bir çox dizayner və rəssamların ilham mənbəyi olub. Onların yaratdıqları əsərlər şübhəsiz geyim sənayesinə də təsir etmişdir”.
Şirin Məlikova bildirib ki, moda nümayişində yaponların bayram, toy kimi xüsusi günlərdə və digər mərasimlərdə geyindikləri, həm uşaqlar, həm də böyüklərin həyatında öz yeri və rolu olan müxtəlif növ kimonolar nümayiş olunur. Dəfilədə ənənəvi yapon kimonoları ilə yanaşı, Azərbaycan xalça ornamentlərilə işlənmiş kimonolar da təqdim olunub. Qeyd edib ki, kimonoların üzərində Qarabağın şabalıd-buta adlı ornamentlərilə bəzədilmiş elementlərini, həmçinin ənənəvi türk “kutnu” parçalarından hazırlanmış kimonolarını də görmək olar.
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada bugünkü şounun Yaponiyanın ənənəvi kimonosu ilə bağlı olduğunu qeyd edib: “Kimono yapon mədəniyyətinin ayrılmaz hissəsi olan ənənəvi geyimdir. Kimononun müxtəlif növləri vardır. Bu gün model qismində səfirliklərin əməkdaşları, Azərbaycanda yaşayan yaponlar və yapon mədəniyyətini sevən azərbaycanlılar iştirak edir”.
Sonra moda nümayişi başlayıb. Ümumilikdə təkcə milli yapon geyimi kimi deyil, həm də universal geyim olaraq coğrafi sərhədləri aşmış moda nümunələri olan 24 kimono nümayiş etdirilib.
Sonda modellərlə birlikdə kollektiv şəkil də çəkilib.
Səfir Cuniçi Vada tədbirin həyata keçirilməsinə görə Xalça Muzeyinə və dəstəkçi şirkətlərə təşəkkür edib. Azərbaycanda yapon mədəniyyətinin bit parçasının nümayişindən məmnun qaldığını da bildirib.
Fotolarda dəfilenin ən müxtəlif anları kadra alınıb.
“Bir ömür uduzdum bu qumarda mən…”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən sizlərə Cəlilabadda yaşayıb yaradan şair Əlizadə Nurinin yeni şeirini təqdim edirik. Bu dəfəki poeziya ərməğanı “Dərdi övladlığa götürən adam” adlanır.
Neçə doğma adı itirmişəm mən,
Mən dünən min idim, indi neçəyəm?
Dərdi övladlığa götürmüşəm mən-
Onu balam kimi böyüdəcəyəm…
Bu necə sobadı, od-ocağı yox,
Bir qoca deyinir evdə qarıyla.
O yetim uşağın oyuncağı yox-
O uşaq oynayır göz yaşlarıyla…
Dəyir qulağıma ölümün səsi,
Az qalıb qırılıb yerə düşməyə.
O son budaqdakı sərçə neynəsin,
Başqa budaq yoxsa yer dəyişməyə?..
Sən elə bilirsən diriyəm, qızım,
Sənin də bir ümid bəxtinə düşüb.
Üstünə gələndə “qara kağız”ım-
Nə yaxşı, savadsız vaxtına düşüb…
Görən nə istəyir əlim yaxamdan,
Görən düz keçmədim yolu harda mən?
Bir sevgi qazandım bu dünya xamdan,
Bir ömür uduzdum bu qumarda mən…
Çoxu bu dünyayla durub güləşdi,
Yıxdı öz evini… tikmək istəyən.
Gecə ay işığı, gündüz günəşdi
Məni göy üzünə çəkmək istəyən.
…Bizim axşamlarda yanmayır bu şam,
Sevinc bir qatardı-bizi götürmür.
İlahi, nə yaman ağır olmuşam-
Məni bu dünyanın gözü götürmür…
Bayrağı düşmənə verməyən oğlan
“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə Naibə Qurbanovanın Modern.az saytında dərc edilən olduqca maraqlı yazısını təqdim edir.
Özündə müharibənin dəhşətlərini əks etdirən çoxlu sayda, fotolar, kadrlar, rəsmlər var. Amma bir foto var ki, baxanda - bax, qəhrəmanlıq budur, vətən sevgisi, bayraq sevgisi budur deyirsən!
Bircə fotosu ilə tanındı Natiq Qasımov. Rus jurnalisti özü də bilmədən Natiq Qasımovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarətini tam xırdalığınadək lentə ala bilib. Şəkildə bu oğlan erməni yaraqlılarının müşayiəti ilə bayrağı aparır. Şəkil keçmiş SSRİ-nin ən populyar dərgilərindən olan «Oqonyok» jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15) dərc olunmuş Konstantin Smirnovun «Qorxu» sərlövhəli məqaləsindəndir. Yazı italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi gördüyünüz bu şəkillə müşayiət olunur. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli milli bayrağımız iki saqqallı erməni arasında məğrurcasına addımladığı əks olunub. Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olmuşdular.
Natiqin qəhrəmanlığı az bir vaxtda dildən-dilə düşdü. Bu qəhrəmanlığın bütün keçmiş ittifaqa tanıdılmasında isə «Oqonyok»un xidməti əvəzsiz oldu. Redaksiya şurasında Y.Əlixanyan-Bonner kimi qatı millətçinin və V.Korotiç kimi ermənipərəstin təmsil olunduğu “Oqonyok”un müxbiri K.Smirnov özü də bilmədən vaxtilə kitablardan oxuduğumuz və filmlərdən seyr etdiyimiz cəsur partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şücaətini təkrarlamış Natiq Qasımovun düşmənə əyilməzliyini, onun qorxmazlığını və cəsarətini tam xırdalığınadək vəsf etmişdi. Baxmayaraq ki, yazıda erməni təəssübkeşliyi müəyyən qədər də olsa özünü büruzə verib.
Tanış olaq
Onun haqqında nə keçmiş, nə də indiki zamanda danışmaq olur. Çünki dillərdə dastan olan sonuncu fotosundan sonra onun sonrakı taleyi barədə indiyədək heç bur məlumat yoxdur.
Natiq Səlim oğlu Qasımov. 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Bir müddət sonra ailəsi ilə birgə Mingəçevir şəhərinə köçür. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, «Kosmos» kinoteatrında kinomexanik işləyir. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçir. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü olaraq Vətənin müdafiəsinə yollanır. «Qarabağ şahinləri» batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edir. Yurdsevərliyi və mehribanlığı ilə cəbhə yoldaşlarının hörmət və rəğbətini qazanır.
Xocalı faciəsi Natiqin sonrakı həyatının başlanğıcı olur. Döyüş bölgəsindən yenicə qayıtmış Natiq Xocalı soyqırımından sonra özünə yer tapa bilmir. Bunu faciədən bir neçə gün sonra, onun valideynlərinə ünvanladığı məktublar da təsdiq edir.
Atası Səlim kişinin dediklərindən: «Xocalı faciəsindən bir neçə gün sonra evdə tapdığımız məktubdan məlum oldu ki, Natiq Yaqub Rzayevin «Qarabağ şahinləri» dəstəsində vuruşmağa gedib. Evə göndərdiyi məktublarda yazırdı ki, Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm».
1992-ci ilin mart ayının əvvəllərində «Qarabağ şahinləri» batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyati əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. «Şahinlər» qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə döyüşçü geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Arxadan kömək gözləsələr də, kömək gəlmir. Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən «yararlanmaq» qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Bu xəbərdarlığı kilsədəkilərə çatdırmaq Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərova həvalə olunur.
“Bayrağı və postu qoyub gedə bilmərəm”
Bu arada qeyd edək ki, 26 fevral 1992-ci il tarixdə Xocalı soyqırımı zamanı əsir düşmüş Cəfər müəllim Natiqi ən son görənlərdən biridir.
Cəfər müəllimin xatirələrindən: «Mənə dedilər ki, sizin türklər bizim kilsəni tutublar, çoxlu sayda adamlarımızı qırıblar. İstəmirik ki, itki verək. Sonra ermənilər məni özləri ilə bir meşəyə gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Mənə dedilər, get sizinkilərə de ki, mühasirədədirlər, heç yana çıxa bilməzlər. Onları dilə tutub razı sala bilsən həm səni, həm də qalan 20 əsiri buraxcağıq. Əgər türklər təslim olmasalar, kilsəni partladacağıq, əsirləri isə güllələyəcəyik».
Cəfər müəllimin xatirələrindən: «Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər. Xarabalığa çatıb başımı qaldırıb baxanda gözümə 3-4 meyit dəydi. Bildim ki, bizimkilərdir. Kilsədən tüstü çıxırdı. Nəfəsimi dərib soyuq divara söykəndim, yuxarı baxdım. Gecədən islanmış üçrəngli bayraq ağır-ağır yellənirdi. Bayrağa baxa-baxa ağladım. Kilsəyə çatıb ana dilində «içəridə kim var, mən Xocalıdan əsir düşənlərdənəm, məni sizin yanınıza göndəriblər» dedim. Az sonra içəridən öskürək və hənirti səsi gəldi. Diksindim, həm də sevindim ki, burada bizimkilər var. Güclə eşidilən bir səs məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir avtomat, bir əl pulemyotu, çoxlu patron gördüm. O, üzü üstə yıxılmışdı. Yaxınlaşıb yaralı olub-olmadığını soruşdum. Güclə cavab verdi ki, yaralı deyil. Su istədi. Su olmadığından ona bir neçə parça quru çörək verdim. Könülsüz də olsa, çörəyi yedi. Yoldaşlarını soruşdum. Dedi ki, komandirim məni 6 nəfərlə bura göndərib. Yoldaşlarımdan üçünü ermənilər öldürdü, üçündən isə xəbərim yoxdu. Beş gündür ki, tək qalmışam. Niyə qaçmadığını soruşdum. Dedi ki, komandirə söz vermişəm, bayrağı və postu qoyub gedə bilmərəm. Kömək gözlədim, lakin gəlmədilər.
Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy, heç olmasa özümüzünkülərin gülləsindən ölüm. Bir anlığa xəyala daldı. Tutaq ki, sizi vurdum, bəs mənə görə 20 nəfər əsirin güllələnməsinə necə razı olum. Bunu deyib havaya güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Ermənilər əvvəlcə gəlməyə tərəddüd etsələr də, məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər. Natiq əlində üçrəngli bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkdilər. Sonralar bildim ki, həmin şəkil «Oqonyok» jurnalında dərc edilib. Ermənilər hər ikimizi BTR-ə qoyub Əsgəran qalasına gətirdilər. Milis şöbəsinin təcridxanasında məni kameraya salıb, Natiqi isə hərbi komendant olan mənzilə apardılar. Bundan sonra bir daha Natiqi görə bilmədim. 14 mart 1992-ci ildə 21 nəfər əsiri, o cümlədən məni Ağdam yaxınlığındakı qəbirstanlıqda dəyişdilər».
“O, üzərində bayrağımız sancılmış kilsədə beş gün ac-susuz qalmışdı”
“...Tezliklə biz Stepanakertdən Əsgərana tərəf yollandıq. Oradan vaxtaşırı atışma səsləri gəlirdi. Lakin Əsgərana gedib çıxmadıq, çünki yolda silahlı saqqallılarla dolu BTR-ə rast gəldik. Şübhəsiz, buradakı dəstənin yaraqlıları «iş dalınca» gedirdilər. Onların aldıqları məlumata görə, bir neçə gün bundan öncə əks tərəf dağlarda kənd tutmuşdu. Ermənilər onları sıxışdırıb çıxartsalar da köhnə Qriqorian kilsəsində (Alban kilsəsində - N.Q) Azərbaycan Milli Ordusunun bir qrup «boyeviki» qalmışdı. BTR-dəki adamlar ən uca zirvədə yerləşən kilsəni azad etməyə yollanırdılar. Kiçik kilsədə azərbaycanlıların sayı heç kimə məlum deyildi. Lakin onlara hücum edən dəstə artıq iki nəfər itirmişdi. Hücumçular müxtəlif vasitələrə - gözyaşardıcı qazdan qumbaralaradək əl atsalar da məqsədlərinə nail ola bilmədilər. Təbiidir ki, biz onların izinə düşdük.
Təəssüf ki, hadisə yerinə çata bilmədik. Maşınımız dağın ətəyindəki yolda bataqlığa düşdü və BTR gözdən itdi. Buna baxmayaraq o böyük əks-sədaya səbəb oldu. Belə ki, nə bu gün, nə də ertəsi gün yaraqlılar kilsəni ələ keçirə bilmədilər. Yalnız üçüncü cəhddən sonra onlar kilsənin yeganə sağ qalmış müdafiəçisini təslim olmağa vadar etmiş və məbədlə qəbirstanlığı geri qaytarmışlar. Əsir düşmüş cavan oğlan tüstüdən qapqara idi. O, üzərində bayrağımız sancılmış kilsədə beş gün ac-susuz qalmışdı”.
Natiqin taleyi barədə beynəlxalq təşkilatlara da məlumat verilmir
Bu sözləri məqalə dərc olunandan sonra Moskvada «Oqonyok»un redaksiyasında olmuş Natiqin qohumlarına yazının müəllifi söyləyib. Müxbirin sözlərinə görə, o, Qarabağdan çıxanda Natiq sağ idi. K.Smirnov hətta əvvəlcə yaxınlarına Natiqin axtarışında köməklik göstərəcəyi barədə vəd verib. Lakin sonradan naməlum səbəblərdən o, bundan imtina edib.
Ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var.
Əqli Mülkiyyət Agentliyi bəstəkar Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin erməni plagiatı ilə bağlı məlumat yayıb
Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən “Qaram dardzats” adı altında ifa edilməsi mənimsənilməsi və yutub platformasında yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Agentlikdən ifa olunan “Qaram dardzats” adlı musiqi əsərinin (https://www.youtube.com/watch?v=Berg7dsldeI) Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” musiqi əsəri ilə üst-üstə düşdüyü bildirilib. .
Bildirilib ki, “Zərif gülüşlüm” əsəri Cahangir Cahangirovun 1969-cu il 18 dekabr tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınıb və müvafiq kataloqa daxil edilib.
Musiqi sonralar bir sıra Azərbaycan musiqi nəşrlərinə də daxil edilib (Cahangir Cahangirovun 1971-ci ildə çap olunmuş “Mahnılar (fortepiano ilə oxumaq və xor üçün)”). Bu mahnı, həmçinin Azərbaycanın məşhur ifaçılarından Şövkət Ələkbərova (https://www.yutub.com/watch?v=2qkKlQH5EMs) və İslam Rzayev (https://www.youtube.com/watch?v=4z_BArF0kQ4) tərəfindən də ifa edilib, yutub kanallarına yüklənib.
Əqli Mülkiyyət Agentliyinin ekspertləri bəstəkar Eldar Mansurov və Faiq Sücəddinovun rəylərinə əsasən müəyyən edilib ki, ifa olunan “Qaram dardzats” adlı mahnı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsəri ilə eynidir. Bu da o deməkdir ki, Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən ifa edilən “Qaram dardzats” musiqi əsəri plagiatdır və məşhur Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsərinin adı “Qaram dardzats” adı ilə əvəz olunaraq təhrif edilib. Yutub kanalında yerləşdirilmiş Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən musiqi əsəri haqqında verilən məlumatda Cahangir Cahangirovun adı göstərilməməklə onun müəllif kimi şəxsi hüquqları, yutub kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi-nəzərindən isə əmlak hüquqları pozulub. Yutub kanalında mahnı haqqında verilən məlumatda aranjemançı kimi Khachik Sahakyan göstərilib. Müəllif-hüquq qanunvericiliyi baxımından mahnının aranjeman edilməsi üçün müəllifdən və ya onun vərəsələrindən icazə alınmalıdır.
Bu hal, eyni zamanda, Azərbaycanın milli qanunvericiliyinin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzv olduqları Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) inzibati idarəçiliyində olan “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının ermənilər tərəfindən kobud şəkildə pozulmasıdır.
Qeyd etmək istəyirik ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanaraq beynəlxalq təşkilatlara göndərilir, kütləvi informasiya vasitələrində yayılır, Agentliyin nümayəndələrinin iştirak etdiyi yerli və beynəlxalq tədbirlərdə ətraflı məlumatlar verilir və erməni saxtakarlığı ifşa olunur.
İsveçli rejissor Silkeberqin "Xarıbülbül əfsanəsi" sənədli filminin təqdimatı keçirilib
Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şuşa İli" və şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə isveçli fotoqraf və rejissor Mikael Silkeberq tərəfindən "Xarıbülbül əfsanəsi" sənədli filmi çəkilib,
Nizami Kino Mərkəzində ekran əsərinin təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimatda çıxış edən İsveçdəki Azərbaycan diasporunun üzvü, sənədli film mütəxəssisi, ekran işinin prodüseri Rahim Sadıqbəyli 44 günlük Vətən müharibəsində qazandığımız Qələbəyə görə müzəffər Ordumuza və Ali Baş Komandana təşəkkürünü bildirib. Deyib ki, M.Silkeberq ötən il Zəfərimizin birinci ildönümündə Şuşa, Füzuli və Ağdamda olub, ermənilərin törətdiyi vandalizmi fotoobyektivin yaddaşına köçürüb. Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfirliyinin təşəbbüsü ilə Stokholmda həmin fotoların sərgisi təşkil olunub: “Sərgidən sonra isə biz filmi ərsəyə gətirdik. Ekran işi həmçinin İsveçin İctimai kanalı ilə nümayiş etdirildi. Filmin ərsəyə gəlməsində dəstək olan təşkilatlara və bu gün M.Silkeberqin və mənim Bakıya gəlişimi təşkil edən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımı bildirirəm”.
Mədəniyyət Nazirliyi İnteraktiv və audiovizual media şöbəsinin müdiri Rüfət Həsənov Vətən müharibəsi və Şuşaya həsr olunan filmlərdən söz açıb. Bildirib ki, nazirlik Vətən müharibəsi mövzusunda 30-a yaxın layihə reallaşdırıb. Bu günlərdə Xalq artisti Vaqif Mustafayevin bu mövzuda çəkdiyi “Həyat, deyəsən, gözəldir” filmi II Dədə Qorqud Türk Dünyası Film Festivalında “ən yaxşı rejissor işi” nominasiyasının qalibi olub. Həmçinin nazirlik Bakı Media Mərkəzi və İctimai Televiziya ilə birgə filmlər ərsəyə gətirib və hər biri böyük maraqla qarşılanıb: “Bu gün təqdim olunan film də işğaldan azad edilmiş ərazilərimizə "Böyük Qayıdış" konsepsiyası baxımından böyük önəm daşıyır. Önəmlisi həm də odur ki, film azərbaycanlı rejissorun deyil, xarici kino adamının baxışı ilə təqdim olunur. Biz bu filmdə öz dahilərimizi bir xarici vətəndaşın gözü ilə görəcəyik”.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının əməkdaşı Emil Əhmədov “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimat mərasiminin Azərbaycan xalqı üçün əlamətdar bir dövrə – Şuşa şəhərinin azad edilməsinin və şanlı Zəfərimizin ikinci ildönümünə təsadüf etdiyini bildirib, yaradıcı heyətə təbriklərini çatdırıb. Bildirib ki, yaradıcı heyət tərəfindən Şuşada çəkilişlər aparılıb və şəhərin tarixi, musiqi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb: “Ümid edirəm ki, “Xarıbülbül əfsanəsi” filmi gözəl Şuşamızın, onun ədəbi və mədəni tarixinin beynəlxalq səviyyədə daha yaxşı tanıdılmasına öz töhfəsini verəcək”.
Rejissor Mikael Silkeberq çıxışında Azərbaycanda olmağından məmnunluğunu ifadə edib, ölkəmizi Şərqlə Qərbin kəsişdiyi mədəniyyət ocağı, Bakını Şərqin Parisi adlandırıb. “Şuşa Şərq və Qərbi birləşdirən mədəniyyət məkanıdır” deyən rejissor filmin ərsəyə gəlməsinə dəstək olanlara və təqdimata qatılanlara minnətdarlığını bildirib.
Çıxışlardan sonra film nümayiş olunub. Filmdə görkəmli elm və mədəniyyət xadimlərinin Qarabağ və onun tacı Şuşa haqqında fikirləri, həmçinin tarixi şəxsiyyətlər barədə kadrlar yer alıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələri də filmin əsas xəttini təşkil edir.
“Fikrət Əmirov - 100” Musiqi Festivalına bu gün “Nizami” baleti ilə start veriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Fikrət Əmirov – 100” Musiqi Festivalına start verir.
“Ədğbiyyat və incəsənət” portalı xəbər verir ki, cari ilin noyabr ayının 12-23-də Bakı və Gəncə şəhərində silsilə konsertlər, tamaşalar və müvafiq tədbirlərin icrası planlaşdırılır. Belə ki, 12 noyabr tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “Nizami” baleti, 13 noyabr tarixində teatrın kollektivi F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında bəstəkarın “Sevil” operasını təqdim edəcək. 18 noyabr tarixində eyni məkanda Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.
Azərbaycan Dövlət Akademik Filarmoniyasında noyabrın 15-i Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, 17-də F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edəcək. Noyabr ayının 21-də Beynəlxalq Muğam Mərkəzində Vokal musiqisi axşamı təşkil olunacaq.
Noyabr ayının 22-də Heydər Əliyev Sarayında bəstəkarın 100 illik yubileyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək. Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “1001 gecə” baleti nümayiş olunacaq.
Zalsburqda möhtəşəm Azərbaycan gecəsi keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avstriyaya səfəri çərçivəsində Zalsburq şəhər meri Harald Preuner ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, görüşdə Komitənin fəaliyyəti, dünya azərbaycanlılarının birliyi, yaşadıqları ölkələrin cəmiyyətlərinə, o cümlədən Avstriya cəmiyyətinə inteqrasiya məsələləri barədə məlumat verilib.
Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, Azərbaycanın qazandığı böyük Zəfərin dünya azərbaycanlıları tərəfindən qeyd olunmasına diqqət cəlb edilib.
Görüşdə iştirak edən Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli Avstriya-Azərbaycan münasibətlərinin tarixi köklərə malik olduğunu, ölkələrimiz arasında həm diplomatik, həm də digər sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib. Azərbaycanın multikultural və tolerant ölkə olduğu, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq ölkəmizdə əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı bildirilib.
Zalsburq Universitetinin rektoru professor Hendrik Lehnert ilə görüşdə isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən diaspor siyasəti, qloballaşma şəraitində diaspor fəaliyyətinin təşkili, Azərbaycan həqiqətlərinin dünyada təbliği, xaricdə yaşayan azərbaycanlıların, o cümlədən Avstriyada təhsil alan azərbaycanlı gənclərin yerli cəmiyyətə inteqrasiya məsələləri barədə məlumat verilib.
Görüşdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli də iştirak edib.
Komitə sədri daha sonra 8 Noyabr - Zəfər Günü münasibətilə Avstriyanın Zalsburq şəhərində yerləşən Motsarteum Fondunun Böyük Zalında təşkil olunan təntənəli konsert proqramında və rəsmi qəbulda iştirak edib. Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Zalsburqda fəaliyyət göstərən konsulluqların təmsilçiləri, hökumət nümayəndələri, yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasından bu il 30 il ötdüyü, lakin iki ölkə arasında əlaqələrin tarixi köklərinin daha qədim olduğunu söyləyib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda Şuşa şəhərinin 270 illik yubileyi və “Şuşa İli” geniş qeyd edilib. Diplomat Diasporla İş üzrə Dövlət Komitəsinin artıq ikinci ildir bu cür tədbirin təşkilinə dəstək verdiyini xatırladaraq təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini diqqətə çatdırıb. Şuşanın Azərbaycanın tarixi, mədəni və ictimai-siyasi həyatında mühüm mərkəzlərindən biri olduğu, Şuşa şəhərində toxunulmuş xalçaların hələ 1867-ci ildə Parisdə beynəlxalq sərgidə mükafata layiq görüldüyü vurğulanıb.
Komitə sədrinin sözlərinə görə, bu gün dünyanın 13 ölkəsində 19 Azərbaycan Evi fəaliyyət göstərir ki, onlardan da biri Avstriyanın mühüm mədəni mərkəzlərindən biri olan Zalsburq şəhərindədir, iki ölkə arasında mədəni və dostluq əlaqələrinin inkişafı, eləcə də soydaşlarımızın sıx birləşməsi istiqamətində müntəzəm işlər aparılır.
Tədbirin bədii hissəsində Xalq artisti, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun dirijorluğu ilə Zalsburq Simfonik Orkestri Azərbaycan və Avstriya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramını təqdim edib. Konsert proqramından sonra qonaqlara ziyafət verilib.
Qeyd edək ki, dünyanın klassik musiqi mərkəzlərindən biri olan və dahi Motsartın doğulduğu Zalsburqda bəstəkarın adını daşıyan fondda ilk dəfə professor Yalçın Adıgözəlovun dirijorluğu ilə Azərbaycan klassik musiqisi səsləndirilib.