Super User

Super User

 

Xalqımızın zəngin mədəniyyət tarixini özündə təcəssüm etdirən muzey eksponatlarına yeni həyat bəxş edərək, mədəni irsimizin nəsillərdən-nəsillərə ötürülməsində müstəsna xidmət göstərən  Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin bu il fəaliyyətinin 65 illik yubileyidir.  Bununla əlaqədar Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində  Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə birgə “Mədəni irsi qorumaq naminə – 65” adlı regional sərgi-seminar  keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi-seminarda MSXƏEBM-nin əməkdaşları, Xaçmaz Regional Mədəniyyət İdarəsinin və tabeliyində olan muzey müəssisələrinin nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, bu günə qədər Xaçmaz Regional Mədəniyyət idarəsinin tabeliyində olan muzeylərin 1000-ə yaxın eksponatı Elmi Bərpa Mərkəzi tərəfindən bərpa və konservasiya edilmişdir.

Sərgi-seminarda Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən dövlətimizin tarixinin əbədi yaşadılması naminə bərpa və konservasiya etməklə mədəni, tarixi irsimizə yeni nəfəs verilmiş muzey eksponatlarının virtual təqdimatı izlənilib. 

Sonda Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasına və MSXƏEBM tərəfindən  təşkil edilən Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyindəki muzeylərin kolleksiyalarına aid bərpa, konservasiya olunmuş eksponatların fotosərgisinə baxış olub.

 

Mədəniyyət Nazirliyinin dəstəyi, şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsinin “İgidlərin sözü” adlı antologiyası işıq üzü görüb. 

 

Nigar Həsənzadənin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, topluda Vətən müharibəsi iştirakçılarının şeirləri, esseləri yer alıb. Onların arasında döyüşlər zamanı qələmə alınan nümunələr də var. “İgidlərin sözü” antologiyanın təqdimatı noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. 

Xatırlatmaq istəyirik ki, “İgidlərin sözü” kitabının ideya müəllifi “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, kitabın redaktoru isə Aida Eyvazlı Göytürkdür.

“İgidlərin sözü” antologiyasında Aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov, II Qarabağ şəhidləri polkovnik-leytenant Elzamin Təhməzov, baş gizirlər Mehman Yusifov, Saleh Əliyev, Kərim Əhmədbəyli, əsgər şəhidlər Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Murad Nəbiyev, Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əlioğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayev və Tamerlan Əsədovun yaradıcılıqları yer alıb.

Layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir.

Türkiyənin məşhur “Star” qəzeti tərəfindən təsis edilmiş “Nəcib Fazil adına Beynəlxalq mükafat”ın 2022-ci il üzrə laureatları elan edilib. Şeir nominasiyasında Mehmet Can Doğan, Roman nominasiyasında Ayşəgül Gənc laureat olublar. 

 

Ədəbiyyatımız adına sevindirici xəbər var. 

7 nominasiyadan biri olan “Uluslararası Mədəniyyət və incəsənət” nominasiyası üzrə qalibi Azərbaycanın Xalq yazıçısı, sevdiyimiz və dəyərləndirdiyimiz, ədəbiyyatımıza Baladadaş, Mahmud, Gündüz kimi ölməz obrazlar bəxş edən Elçin Əfəndiyev elan edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı “Star”a istinadən məlumat verir ki, Elçin bu nüfuzlu mükafata “İki xalq arasındakı ədəbi-mədəni yaxınlaşmaya verdiyi töhfəyə görə” layiq görülüb. Qeyd edək ki, Xalq yazıçısı Elçin qardaş Türkiyədə ən çox əsərləri nəşr olunan müasir yazıçılardan biridir. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” kimi romanları, povest və hekayələri, esseləri qardaş ölkənin nüfuzlu nəşriyyatları tərəfindən dəfələrlə çap edilib. Türkiyədə Xalq yazıçısının otuza qədər kitabı çapdan çıxıb, pyesləri Ankara, Konya, Ərzurum Dövlət teatrlarında, İstanbul Böyük Bələdiyyə Teatrında tamaşaya qoyulub, onun əsərləri əsasında doktorluq dissertasiyası müdafiə edilib. Elçin Türkiyənin bir sıra nüfuzlu universitetlərinin fəxri doktorudur. 2013-cü ildə görkəmli yazıçının “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyniadlı film Azərbaycan-Türkiyə kinematoqrafçıları tərəfindən iki ölkənin ilk müştərək ekran əsəri kimi tamaşaçılara təqdim olunub.

Bir sözlə, mükafat Elçinin timsallnda layiqli ünvana çatıb.

 

UNESCO-nun 70 illik Proqramı çərçivəsində qurumun dəyərlərinin təşviqinə töhfə verən incəsənət xadimlərinin, tanınmış şəxsiyyətlərin yubileyi qeyd olunur. Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirov da UNESCO-nun həmrəylik, qarşılıqlı anlaşma kimi dəyərlərinə böyük töhfə verib. Bu gün onun anadan olmasının 100 illiyini qeyd edirik. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri UNESCO-nun Baş direktorunun xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko Azərbaycanın tanınmış bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş konsertdən sonra AZƏRTAC-a müsahibəsində ifadə edib. 

Firmin Eduard Maotoko gecənin təşkilinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə və təşkilat yanındakı daimi nümayəndəliyinə təşəkkür edərək, belə bir gecənin təşkilindən çox şad olduqlarını bildirib. 

“Belə bir gecənin təşkili, həmçinin Azərbaycan ilə UNESCO arasında sıx əməkdaşlığı əks etdirir. Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirov öz musiqisi vasitəsilə UNESCO-nun həmrəylik, qarşılıqlı anlaşma kimi dəyərlərinin təşviqinə töhfə verib. 

Musiqi bütün dillər üçün əlçatandır və bədii ifadə baxımından mühüm dəstəkdir. Musiqi universal xarakterə malik mesajdır. Mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə vermiş görkəmli şəxsiyyətlərin, əsərlərin, eləcə də hadisələrin qeyd olunması beynəlxalq anlaşmaya, xalqlar arasında yaxınlaşmaya və sülhə kömək edir. UNESCO-nun artıq 70 ildir həyata keçirdiyi Proqram vasitəsilə qurumun dəyərlərinin təşviqinə töhfə vermiş və verən incəsənət xadimlərinin, tanınmış vacib şəxsiyyətlərin yubileyi qeyd olunur”, - deyə F. E. Matoko vurğulayıb. 

Qeyd edilib ki, bu tədbir mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi əks etdirir.

 

“Azərxalça” ASC 8 Noyabr - Zəfər Günü ərəfəsində həyata keçirilən tədbirləri sırasına əlavə olaraq ikinci ən böyük satış və nümayiş qalereyasının açılışını edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə çıxış edən “Azərxalça” İdarə Heyətinin sədri Emin Məmmədov söyləyib: “Məqsədimiz qədim adət-ənənələrimizi qorumaq və bununla da gələcək nəslin əcdadlarımızın dəyərli bacarıq və sənətlərindən zövq almasına imkan yaratmaqdır. Bu məkana gələcək qonaqlar xalçaların necə yarandığını əyani görə biləcək, eləcə də bu çətin əl əməyinin pərdəarxası görüntüləri ilə tanış olaraq, xalça toxuma prosesindən zövq alacaqlar. Bir məlumat da bildirim. “Azərxalça” ilə əməkdaşlıq çərçivəsində “Four Seasons Hotel Baku”nun foyesinin 8 Noyabr - Zəfər Günü münasibətilə görülən işlər çərçivəsində noyabrın 4-dən heyrətamiz mərkəz elementi ilə bəsədilibdir. Hər biri dünyaca məşhur dörd növ Qarabağ xalçasından (Çələbi, Malıbəyli, Xətai və Qasımuşağı) hazırlanmış dörd uçan Qarabağ atının instalyasiyasının 30 illik işğaldan azad edilmiş qədim Qarabağ torpaqlarının unikal mədəniyyətinin dirçəlişini simvollaşdırmasından bəhs edib. Çarpışan Qarabağ atları dünyanın ən qədim və ən qiymətli cinslərindən olub, Azərbaycan xalqının milli irsinin və qürurunun simvolu kimi təqdim edilir”. 

“Azərxalça” yaradıcı qrupunun direktoru Əsmər Abdullayeva “Azərxalça”nın Qarabağ lobbisinin instalyasiyasını konseptuallaşdırdığını bildirərək deyib: “İnstalyasiya böyük qələbədən sonra Qarabağın çiçəklənməsi və inkişafının simvolu kimi qaçan atların ifadəsini göstərir. Nümayiş olunan naxışların hər biri ölkəmizin zəngin tarixini əks etdirir. Bəzi naxışlar XVII əsrə aiddir və Səfəvilər sülaləsi dövründə toxunub. Dizaynları butikimizdən əldə etmək mümkün olacaq”, - deyə Ə.Abdullayeva vurğulayıb.

Sonda “Azərxalça” İdarə Heyətinin sədri Emin Məmmədov və hotelin baş meneceri Bob Suri “Four Seasons Hotel Bakı”da təşkil olunan lobbi vitrininin açılışını ediblər.

Lobbi vitrin noyabrın 18-dək fəaliyyətdə olacaq.

Saturday, 05 November 2022 10:45

Günün fotosu: Putin görün bir nəyə getdi

 

Günün fotosu: Putin görün bir nəyə getdi

 

Rusiya prezidenti Vladimir Putin ötən gün iki sərəncam imzalayıb. Birinci - Ukraynada vuruşmaq üçün könüllü batalyonlarının formalaşdırılması. İkinci - Ukraynada vuruşmaq üçün məhkumlardan ibarət batalyonların formalaşdırılması. 

Bu şəxsin həbsxanadakı məhbusları cəbhəyə yollamaq qərarı Rusiyanın döyüş potensialının tükənməsinə sübut deyil? 

 

Foto: Euronews

 

Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramı çərçivəsində dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirilib.

Konsertdən əvvəl UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və UNESCO rəhbərliyinə 2022-2023-cü illər bienniumu çərçivəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş gecənin təşkilinə verdikləri töhfəyə görə təşəkkürünü bildirib. Azərbaycan xalqının musiqi xadimi, görkəmli və sevimli bəstəkarı F.Əmirovun həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Gəncədə anadan olmuş bəstəkarın geniş çeşidli yaradıcılığında simfonik muğamın özünəməxsus yeri var. 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı olan muğam F.Əmirov yaradıcılığına güclü təsir göstərib. Onun simfonik muğamları dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə Avropa ölkələrinin, eləcə də ABŞ-ın ən böyük konsert salonlarında səsləndirilib. Fikrət Əmirovun simfonik muğamları, operaları, baletləri, kamera-instrumental əsərləri, vokal əsərləri, musiqili komediyaları haqqında məlumat verilib.

UNESCO Baş direktorunun xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko qurumun baş direktorunun adından tədbir iştirakçılarını salamlayıb. O, ölkəmizlə UNESCO arasındakı əlaqələrə toxunub. Bugünkü tədbirin mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 1956-cı ildən UNESCO tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin xatirəsini anmaq məqsədilə üzv dövlətlər və assosiativ üzvlər tərəfindən qeyd olunan anım tədbirlərində iştirak edir.

Mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə vermiş görkəmli şəxsiyyətlərin, əsərlərin, eləcə də hadisələrin qeyd edilməsi beynəlxalq anlaşmaya, xalqlar arasında yaxınlaşmaya və sülhə kömək edir. F.Əmirov da öz əsərləri ilə UNESCO dəyərlərinin təşviqinə töhfə verib.

Sonra Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Babək Niftəliyev (xanəndə), Səbinə Əsədova (mezzo-soprano), Selcan Nəsibli (soprano), Orxan Cəlilov (tenor) F.Əmirovun əsərlərini ifa ediblər. Həmçinin konsertdə Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (piano) çıxış edib. Azərbaycan musiqiçilərinin ifaları sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, Parisdə 2021-ci ildə UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti - mesenat H.Z.Tağıyevin (1823-1924) anadan olmasının 200 illiyi və bəstəkar F.Əmirovun (1922-1984) 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.

 

Ötən gün Nizami Kino Mərkəzində qələbəlik idi. Dünya Fudokan Federasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəliyinin təşkilati dəstəyi ilə və “AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin himayədarlığı ilə çəkilmiş və Vətən müharibəsi şəhidi, baş leytenant Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin qala gecəsi keçirilirdi. Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, Milli Məclisin deputatları, icra hakimiyyəti başçıları, məmutlar, gənclər, məktəblilər, incəsənət, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. 

 

“Ədəbiyyat və invəsənət” portalı xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən şəhidin valideynləri Əli Qasımov və Almaz Qasımova övlad itkisinin çox ağır olduğunu, lakin Muxtarla qürur duyduqlarını deyiblər. Muxtarın 27 illik ömrünə həm idmanda nailiyyətlər, həm də şəhidlik kimi əlçatmaz zirvəni sığışdırdığını bildirən şəhidin valideynləri onun şərəfli həyat yolunun gənclərə örnək olduğunu qeyd ediblər. Övladlarının xatirəsinə çəkilən filmdə əziyyəti keçən hər kəsə minnətdarlıq bildirən valideynlər Vətənə layiqli övlad yetişdirilməsi üçün qəhrəmanların tanıdılmasının vacibliyini vurğulayıblar. 

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun parlaq Qələbə qazandığını, neçə-neçə qəhrəman oğulların ərazi bütövlüyümüzün bərpası uğrunda canından, qanından keçdiyini qeyd edib. Şəhidliyin ən ali zirvə olduğunu bildirən Adil Əliyev Muxtar kimi qəhrəmanların sayəsində Azərbaycan xalqının dünyada başının uca olduğunu, tənələrdən, iradlardan qurtulduğunu vurğulayıb.

Adil Əliyev Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu sahəsinin  yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu da Qələbəni şərtləndirən amillərdən biri olub.

Adil Əliyev çıxışının sonunda Azərbaycanda şəhid ailələri və qazilərin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu, xalqımızın öz qəhrəmanlarını hər zaman dərin ehtiram və hörmətlə yad etdiyini deyib. 

Qala gecədə çıxış edən gənclər və idman naziri Fərid Qayıbovun sözlərinə görə, kiçik yaşlarından döyüş idman növləri ilə məşğul olan Muxtar Qasımlı dəfələrlə yarışlarda iştirak edərək bir sıra mükafatlara layiq görülüb. Bildirilib ki, Muxtar Qasımlı 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb və fitnes müəllimi kimi gənclərin fiziki tərbiyəsi ilə məşğul olub. O, Vətən müharibəsində neçə-neçə idmançının iştirak etdiyini, onların fiziki gücünün şəxsi heyətin döyüş qabiliyyətinə müsbət təsir etdiyini deyib. 

"Şəhid idmançıların xatirəsinə yarışlar, turnirlər təşkil olunur, onların qəhrəmanlığı yetişən nəsilə, gənclərə aşılanır. Sevindirici haldır ki, azyaşlılar Muxtar Qasımlı kimi qəhrəmanları özlərinə örnək götürərək sağlam həyat tərzi vərdişlərinə yiyələnir, böyük həvəslə idmanla məşğul olurlar. Odur ki, bu cür tədbirlərin davamlı olmasını diləyir, Gənclər və İdman Nazirliyi olaraq belə təşəbbüslərə dəstək olduğumuzu bildiririk", - deyə Fərid Qayıbov fikirlərinə yekun vurub.

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov qurumun şəhid əməkdaşı Muxtar Qasımlının mehriban, ünsiyyətcil, gülərüz biri olduğunu, kollektiv arasında xüsusi hörmət qazandığını qeyd edib: "Vətən müharibəsində "AzerGold" QSC-nin iki əməkdaşı ən uca zirvəni fəth etdi. Hər səhər işə gələndə şəhid əməkdaşlarımız Muxtar Qasımlı və Rauf Əsgərlinin xatirə lövhəsinin qarşısından keçir, onları salamlayaraq işə başlayırıq. Biz fəxr edirik ki, elə qəhrəmanlarla çiyin-çiyinə çalışmışıq. Şəhidlərimizin xatirəsini yaşatmaq, onların şücaətini gələcək nəsillərə ötürmək hər birimizin vəfa borcudur".

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam edib, incəsənət xadimləri vətənpərvər musiqi nümunələri təqdim ediblər. Xüsusən Şəmistan Əlizamanlının “Cənab Leytenant” mahnısı böyük alqışlar qazanıb.

Sonra "Qəhrəman Muxtar Qasımlı" sənədli filmi nümayiş etdirilib. Filmdə şəhidin ailə üzvləri, yaxın dostları, müəllimləri, döyüş yoldaşlarının onunla bağlı xatirələri, o cümlədən şəhidin müxtəlif vaxtlarda çəkilən şəkil və videoları yer alıb.

Şəhidin ailə üzvləri filmin ərsəyə gəlməsinə və övladlarının xatirəsinə göstərilən ehtirama görə hər kəsə minnətdarlığını bildirib, xalqımızı qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik ediblər.

Qeyd edək ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Mollayevdit. 

Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.

Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Film bitəndən sonra əməkdaşımlz fəxri qonaq kimi qala gecəyə dəvət edilən yazıçı Varisdən filmlə bağlı təəssüratını alıb. Varis qeyd edib ki, şəhidlərimiz barədə ən gözəl filmlər və ən gözəl romanlar zaman keçdikcə ərsəyə gələcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

"Heyecanı yok" mahnısı ilə populyarlaşan türk reper Gazapizm Azərbaycana gələcək.  

Əsil adı Anıl Acar olan sənətçi noyabrın 19-u ilk dəfə Bakıda konsert verəcək. O, "Elektra Events Hall"da Radio TMB 100.5 FM-in 1 yaşında səhnə alacaq.

 

Böyük uğurlara imza atan Gazapizm, ölkəmizdə də ən çox izlənən seriallardan biri olan "Çukur" serialının sevilən soundtracklarinin sahibidir.

Məlumat üçün bildirək ki, "Heyecanı yok" mahnısı ilə dinlənmə rekordu yeniləyən Gazapizm, eyni adlı musiqi klipi ilə 2018-ci ilin "Altın Kelebek" müsabiqəsində ilin mahnısı nominasiyasının qalibi olub. Bununla yanaşı  Gazapizm GQ jurnalının 2018-ci il reytinqinə görə  "İlin Görkəmli Musiqiçisi" nominasiyasını qazanıb. Onun "Unutulacak Dünler" (2020) mahnısı 2020-ci ildə Türkiyədə ən çox dinlənilən mahnılar sırasında yer alıb.

 

Gözəl şairimiz Əlizadə Nuri yeni yazdığı “Ömür-yanmış zəmi kimi …” adlanan şeirini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir. 

 

Su çəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyil, bəlkə qandı

Yığılıbdı dan yerinə?!

 

Məni sevgi fəsli çəkir,

Göy üzünün qəsri çəkir…

O kimdi eşq rəsmi çəkir 

Sinəmin kətan yerinə?.

 

Ömür-yanmış zəmi kimi…

Su basmış zirzəmi kimi.

…O qız batan gəmi kimi,

Dönmədi liman yerinə…

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.