Super User

Super User

Bu günə təsadüf edən tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq:

 

Beynəlxalq Mülki Aviasiya günü

2017-ci ildə aviakompaniyalar 37 milyon reys həyata keçirmiş, 4,1 milyard insan daşımışlar. Bu, rekord göstəricidir. Və bu göstərici aviasiyanın həyatdakı rolunun bariz nümunəsidir. Bu gün dünyada diqqət aviasiyada çalışan zəhmətkeş insanlara yönəldiləcək, eyni zamanda təhlükəsiz uçuşların təmin edilməsi təşviqatı aparılacaq. Pilotlar, stüardessalar diqqət mərkəzində dayanacaq. “Mimino” filmindən tanıdığımız gürcü pilot, “kukuruznik” sürən Vaxtanq Kikabidzeni də xatırlamaq olar. Aviasiya gününün 7 dekabrda keçirilməsinə səbəb isə 1944-cü ilin bu günündə Çikaqoda Beynəlxalq Mülki Aviasiya barədə Konvensiyanın imzalanmasıdır.

Bu günü Azərbaycanda da qeyd edəcəklər. Və məhz bu gün azərbaycanlıların aviasiya başbilənindən – AZAL konserninin prezidentindən bir sula cavab istəməyə haqqı olacaq: niyə dünyada ən bahalı aviabiletlər Azərbaycandadır?

Spitak zəlzələsinin ildönümü

Bu gün üzdəniraq qonşularımız Spitak faciəsinin ildönümünü qeyd edəcəklər. Əlbəttə, biz 1988-ci ilin bu günündəki zəlzələ nəticəsində 25 min insanın ölməsini, düşmən olsalar belə, alqışlamaq fikrində deyilik, bu, insanlığa ziddir, amma bir xatırlamanı da zəruri olaraq qeyd edirik ki, həmin dönəmdə biz insanlıq və humanizm qaydalarına əməl edərək İl-76 təyyarəsi ilə 69 nəfərdən ibarət canlı qüvvə göndərərək onlara yardım etmək istədik, amma onlar bunun müqabilində təyyarəmizi qəzaya uğratdılar, 69 sərnişindən yalnız biri - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qaldı, 68 nəfər sərnişin və 9 nəfər ekipaj üzvü bu terrorun qurbanı oldu. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edildi. Bu terror aktı o dönəmdə qəza hadisəsi kimi cəmiyyətə sırındı. Erməni mürdarlığının növbəti bariz nümunəsi: Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən erməni həkimlər onu müalicə etməkdən boyun qaçırdılar.

Kovent-Qarden teatrı, Lorenso Bernini

Ukraynalıların təşəbbüsü ilə təqvimə salınmış Ümumdünya Ukrayna yaylığı günü. Çox maraqlı gündür. Qıraqlarında xırda gülləri olan ağ yaylıq dünyada gözəlliyin və sülhün simvolu kimi dolaşacaq; Qvatemalada Şeytanın yanması günüdür. Şeytanın müqəvvasını düzəldib yandıraraq şərlə mübarizəyə çağırış edəcək insanlar; Kolumbiyada xırda şamlar günüdür, bu gecə hər bir kolumbiyalı evində xırda şam yandırıb arzu-diləyini ona söyləyəcək. O ki qaldı amerikalılara, mətbəxsevər amerikalılar bu gün Milli şəkər pambığı gününü qeyd edəcəklər.

1991-ci ilin bu günündə Belorusiya, Ukrayna və Rusiya prezidentlərinin görüşündə SSRİ ləğv edilib. 1982-ci ilin bu günündə dünyada ilk dəfə öldürücü dozalı iynə ilə ölüm hökmü icra edilib, Texasda özü də. 1877-ci ildə Tomas Edison qrammofonu nümayiş etdirib. Gənc nəsil bilməz, yumru val adlanan nəsnələr vardı, həmin o qrmmafonun sələfi olan patefonlar o valları səsləndirərdi, musiqi o cür dinlənilərdi bizim uşaqlığımızda; 1870-ci ildə Ukraynanın böyük bəstəkarı, himninin müəllifi Mixail Verbitski dünyadan köçüb. 1863-cü ildə Pyetro Maskanyi – İtaliyanın məşhur opera bəstəkarı, verizm cərəyanının parlaq nümayəndəsi doğulub. 1822-ci ildə dünya elminin ən görkəmli nümayəndələrindən olan fransız kimyaçısı və bioloqu, mikrobiologiyanın banisi Lui Paster dünyaya gəlib. 1732-ci ildə Londonda Kovent-Qarden teatrı açılıb, London kral operası və London kral baleti öz tamaşalarını orada nümayiş etdirib. 1598-ci ildə “memarlıq dahisi”, “Prozerpinanın oğurlanması” şedevrinin yaradıcısı, Roma papasından Cəngavər xaçı almış Lorenso Bernini anadan olub.

 

Varis “Həftənin təqvimi”

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

 

 

Dünən Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə “Bu həyat qədər” adlı estrada-caz konserti təşkil olunub. Təbii ki, bu konsert barədə çox yazmışıq, hətta mədəniyyət naziri Anar Kərimovin öz tvitter hesabında hamını bu konsertə dəvət etməsindən də bəhs etmişik. 

 

Bu mübhəm gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, “Qaya” Dövlət Ansamblı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, həmçinin tanınmış xalq artistləri və gənc ifaçılar R.Hacıyevin bəstəsi olan mahnılarla çıxış ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyev sənətkarın anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, il ərzində ölkəmizdə və xaricdə müxtəlif tədbirlər və layihələr həyata keçirilib.

Qeyd edək ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. R.Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində də aydın təzahürünü tapıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

Wednesday, 07 December 2022 09:44

Bu gün bizim qürur günümüzdür!

Tarixdə elə günlər olur ki, bir xalqın qürur rəmzinə çevrilərək min illərlə yaddaşlarda qalır.

1918-ci ilin 7 dekabrında Azərbaycan Demokratik Respublikasının parlamentinin ilk iclası keçirilib. Saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçiliblər. Paris Sülh Konfransına yola düşmüş Əlimərdan bəy Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik edib. Parlament  yeni hökumətin təşkil olunmasını Fətəli xan Xoyskiyə tapşırıb. O Fətəli xan Xoyskiyə ki, həmin 7 dekabr günündə 43 yaşı tamam olurdu. Nuxada (indiki Şəki) dünyaya göz açan, bütün şüurlu həyatını Azərbaycanın azadlığına, inkişafına və demokratiyasına həsr edən bu böyük insan Məmməd Əmin Rəsulzadənin əsas çiyindaşı və silahdaşı sayılırdı.

İndi bu gündən 104 il əvvələ baxanda insan anlayır ki, tarixdə bizim də xalq olaraq qürurlana biləcəyimiz anlar olub. Amma həmin anları yaşayan o böyük kişilərin heç ağıllarına da gələ bilməzdi ki, 104 ildən sonra bizlər onlara necə qiymət qoyacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

Wednesday, 07 December 2022 10:00

Uğur barədə söylənilən 10 dəyərli fikir

 

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, kitabın başlanğıcında uğur barədə aforizmlər seçməsi verməyi məqsədyönlü hesab edirəm.

 

Uğur məbədində açıq qapılar yoxdur. Ora daxil olmaq istəyən özü üçün qapı açmalıdır. Və bu yeni qapı onun arxasınca elə möhkəm örtülür ki, hətta övladları belə zəhmət çəkmədən oraya daxil ola bilmirlər.

Ç.Marden

 

Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar.

J.Kopp

Bizim üçün ən böyük qələbə uğur qazanacağımızı rəqiblərimizə hiss etdirməkdir.

M.Qandi

 

Uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.

J.Labrüer

 

İrəli getmək gözləməkdən yaxşıdır.

M.K.Atatürk

 

İrəlini görməyən yerində sayır.

R.Beyker

 

Öhdəsindən gələ bilməyəcəyimiz ən çətin iş arzuları cilovlamaqdır.

Budda

 

«Hörmət etmək» və «təqdir etmək» ayrı-ayrı anlayışlardır. «Hörmət», ümumiyyətlə, insana, «təqdir» isə yalnız uğur qazanana aiddir.

A.Düma

 

Uğur sağlam düşüncəli insanları sevir.

Evripid

 

Uğur bizi uğursuzluğa qarşı dözümsüz edir. Uğursuzluq bizi uğura qarşı dözumsuz edir.

U.Feder

 

 

 “Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

 

Hollivud filmlərin növbəti dəfə gəlir reytinqini qaçıqlayıb. Rayan Kuqlerin “Qara pantera-2: Əbədi Vakanda” (“Black panther-2: Wakanda forever”) filmi yerli kassalarda qazanılan gəlir baxımından birinci yerə yüksəlib. 

 

“Ədəbiyyat və incəsənət” portalı  kinonews.ru saytına istinadən xəbər verir ki, sözügedən film əsasən uşaq və tineycer auditoriyaaına hesablansa da böyük izləyicilər də ona baxmaqdan doymurlar. “Marvel” komiksləri əsasında çəkilən ekran əsəri ABŞ kinoteatrlarında son uikenddə daha 17,6 milyon dollar gəlir əldə edərək öz qazancını 700 milyona çatdırıb və bu büdcə ilə rəqiblərinə heç bir şans buraxmayıb.

Qeyd edək ki, ikinci yerdə 13,3 milyon dollar qazanan komediya/qorxu filmi "Zalım gecə", üçüncü yerdə isə cəmi 4,9 milyon toplaya bilmiş "Qəribə dünya" animasiya filmi qərarlaşıb.

Tenoç Uerta və Letişa Raytın baş rol aldıqları sözügedən filmin Milad bayramında azı daha 100 milyon dollar qazanacağı təxmin edilir.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

Aida Eyvazlı “Şuşam - qalamdır mənim” adlı layihəsini təqdim edir

 

Başa çatmaqda olan 2022-ci il tarixdə Şuşa ili kimi qaldı. Bu, Şuşanın və Şuşanı bizə yenidən qaytaranların haqqıdır.

İlimiz Şuşa adı ilə bağlı olduğundan Vətənimizin  göz-bəbəyi olan Şuşa haqqında lap qədim tarixlərdən xəbər vermək, addım-addım, səhifə-səhifə, ilmə -ilmə, çiçək-çiçək Şuşanı bir də tanıtmaqdır məqsədimiz.

 

“Şuşam - qalamdır mənim” adlı layihəmizdə Qafqazın mədəniyyət və musiqi beşiyi olan Şuşanın yetişdirdiyi mədəniyyət xadimlərindən, tanınmış şəxsiyyətlərindən danışmaüda davam edirik. Dünyalarca tanınmış məşhur Üzeyir Hacıbəylinin  əsərlərini ermənilərin öz adlarına çıxmaları barədə söhbətimizi davam edirik. Yenə də Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovun ermənilərin  mədəni irsimizdən, eləcə də Üzeyir Hacıbəylidən oğurladıqları musiqilərimiz haqqında topladığı xatirələri səsləndiririk:  

                        

Ü.Hacıbəylinin əsərlərinə, həyatına qarşı bəd niyyətlə yanaşan erməni sənətçilər təkcə xarici ölkələrdə yaşamırdı, onunla eyni şəhərdə yaşayan, ünsiyyətdə olan nə qədər qəlbi qara, xəbis insan dahi bəstəkarın həyatını zəhərləyirdi.

1932-ci ildə Ü.Hacıbəyli Şərqdə ilk notla çalan xalq çalğı alətləri orkestri yaradarkən buna qəti etiraz edənlərdən biri də Avones İonessyan adlı bir erməni olmuşdur. Çünki o özü Bakıda "Şərq orkestri" deyilən və əsasən ermənilərdən ibarət olan bir musiqi kollektivinə rəhbərlik edirdi və bu orkestrin repertuarı xalq mahnılarından, təsniflərdən və rənglərdən ibarət idi. Üzeyir Hacıbəylinin  yaratdığı orkestr isə xalq musiqisi ilə kifayətlənməyərək, milli bəstəkarların orijinal əsərləri və Avropa, rus bəstəkarlarından əsərləri ilə həm repertuarı zənginləşdirmiş, həm də milli alətlərin çalğı imkanlarını xeyli inkişaf etdirmişdi. Bu orkestrin günü-gündən artan uğurlarını görən Avanes İonesyan hər vasitə ilə öz bədxahlığını büruzə verirdi. İfaçıları ayrı-ayrılıqda dilə tutub Üzeyir bəydən uzaqlaşdırmaq cəhdindən tutmuş, yüksək instansiyalara yalan, iftira dolu qərəzli şikayət məktubları göndərirdi. Əlbəttə son nəticədə Üzeyir bəyin haqlı olduğu tam aydınlığı ilə sübut olunsa da, bütün bunlar ona nə qədər ürək ağrısı, yuxusuz gecələr, narahatlıqlar gətirirdi.

1938-ci ilin aprelində Moskvada keçən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə. Stalinin arzusu ilə proqrama daxil edilmiş "Arşın mal alan" operettasını məhz Ü.Hacıbəylinin yaratdığı xalq çalğı alətləri orkestri müvəffəqiyyətlə müşayiət etdi. Dekadada öz orkestri ilə çıxış edən A.İonesyan isə artıq öz "nəğməsinin" bitməsini dərk etdi və bir neçə ay sonra Bakıda vəfat etdi. Onun yaratdığı orkestr isə dağıldı. Bədxislətlilərin aqibəti bu cür olmalıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

Ötən gün Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə "İstedad sərhədsizdir" adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi açılıb.

 

Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, hər il Əlillər Günü Xalça Muzeyi tərəfindən müxtəlif fiziki məhdudiyyətli insanlar üçün xüsusi proqramlar hazırlanır və hazırda muzeydə sərhədsiz muzey adlı proqram həyata keçirilir. 

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli bildirib ki, bu gün ölkədə fiziki məhdudiyyətli insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri aparılır. Xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq onlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır. Ölkəmizin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun köməkliyi ilə əlillər üçün xüsusi mərkəzlər tikilir, onların vaxtaşırı zəruri ehtiyacları ödənilir və bir çox xeyirxah işlər görülür. Dövlət fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir. Bundan əlavə, ölkədə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir.

AzərTAC-dan iqtibas etdiyimiz xəbərə görə, tədbirdə Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva, “Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Rəhimova və digər çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan, bu kateqoriyadan olan insanların yaradıcılıq və idman qabiliyyətlərinin dəstəklənməsi sahəsində görülən işlərdən bəhs ediblər. 

Sonra sərgiyə baxış keçirilib.

Sərgidə fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. nümayiş olunub. Tədbirin bədii hissəsində isə sənətkarlar tərəfindən müxtəlif ustad dərsləri, həmçinin xüsusi internat şagirdlərinin çıxışlarından ibarət konsert proqramı təşkil edilib. Bundan başqa, tədbir zamanı sosial videoçarxlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi XVI Avrasiya Film Festivalının beynəlxalq müsabiqə proqramına seçilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı  “Azərbaycanfilm” kinostudiyasınln mediaya açıqlamasına istinad edərək bildirilir ki, festival dekabrın 12-dən 18-dək Qazaxıstanın Almata şəhərində keçiriləcək. Proqramda ümumilikdə 15 film iştirak edir.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Ekran əsərində əsas rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər. 

“Mərmər soyuğu” eyni zamanda Estoniyanın Tallin şəhərində 26-cı PÖFF - Tallinn Black Nights Film Festivalı çərçivəsində dünya premyerasını edərək, "Ən yaxşı aktyor" (Qurban İsmayılov) mükafatına layiq görülüb. 

Qeyd edək ki, film həmçinin nüfuzlu kinofestivallardan hesab edilən, Hindistanın Qoa əyalətində keçirilən IFFI Goa - 53-cü Hindistan Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında da iştirak edib. 

Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

KOBİA-dan mediaya verilən məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 78-ə çatıb. 

 

“Startap” şəhadətnamələri “VR Home” MMC-nin virtual reallığa əsaslanan (marketpleys) və “Probill” MMC-nin daşınmaz əmlak və yaşayış komplekslərinin idarə edilməsi üçün onlayn platforma, “Blokchain Academy” MMC-nin “Blokçeyn” texnologiyaları üzrə onlayn təlim və fərdi sahibkar Eyvaz Əhmədzadənin onlayn bilik yarışması layihələri üçün təqdim edilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla https://smb.gov.az/az/nav/startap-sehadetnamesi linkində tanış olmaq olar.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)

Tuesday, 06 December 2022 17:21

Prezident sərəncam imzalayıb

 

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq 

 

Prezident İlham Əliyev dekabrın 6-da Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb. 

 

Qeyd edək ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.