Super User
İstiqlal Muzeyinin layihəsi memar Səfixan Qarabaği ilə davam edir
“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən başladılan “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
“Ədəbiyyat və incəsənət” portalı İstiqlal Muzeyinin açıqlamasına istinadən bildirilir ki, layihə çərçivəsində növbəti təqdimat görkəmli memar Kərbəlayi Səfixan Qarabağiyə həsr olunur.
Kərbəlayi Səfixan 1817-ci ildə Şuşada anadan olub. Onun atası gözəl əl qabiliyyətinə malik bənna idi. Hələ kiçik yaşlarından atasının yanında tikinti işlərinə meyl göstərən Səfixan dərin zəkaya, ağıla, düşüncəyə malik olduğunu büruzə verirdi. Ailəsi ilə birlikdə bir müddət Cənubi Azərbaycanda yaşadığı üçün burada bəzi şəhər və kəndlərdə tikilən binalarda Səfixanın imzası - daş möhürü indiyədək qalmaqdadır.
XIX əsrin ortalarında Şuşanın gündən-günə çiçəklənərək inkişaf etməsi, ailənin yenidən doğma Şuşaya qayıtmasına səbəb olub. Hər yana şöhrəti yayılan memar Səfixanın Vətənə dönməsi həmyerlilərini çox sevindirdi. Qarabaği təxəllüsünü götürən memar doğma vətənində sənətini davam etdirdi. O, inşa etdiyi tikililərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib.
Qarabağ memarlığının inkişafında, Şuşanın yenidən bərpa olunmasında onun xüsusi xidməti olub. Şuşanın rəmzinə çevrilmiş məşhur Gövhər Ağa məscidinin xonçaşəkilli kitabəsində bu sözlər yazılmışdı: “Qarabağlı memar Kərbəlayi Səfixanın işidir (1883)”.
Şuşada “Aşağı Gövhərağa məscidi” (1889-1890), məhəllə məscidləri, mədrəsələr, imarətlər, hamamlar və s. onun tərəfindən inşa edilib. 1868-ci ildə Bərdədə inşa etdiyi İmamzadə məscidi Azərbaycanda ilk dördminarəli məbəddir. Şuşalı memarın yaratdığı gözəl sənət əsərlərinə Füzulidə, Ağdamda, Tərtərdə, digər rayonların kənd və qəsəbələrində rast gəlmək olar.
Dövrünün ən məşhur memarlarından olan Səfixan Odessada, Aşxabadda, Orta Asiyada da bir çox tikililərin müəllifidir.
Kərbəlayi Səfixan Qarabaği 1910-cu ildə Saatlı məscidini təmir edərkən minarədən yıxılaraq vəfat edib və Şuşadakı “Mirzə Həsən” məzarlığında dəfn olunub.
Memarın iki oğlu və bir qızı olub.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Kişinin altına pişik qoydular...
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
AGASADIQ GƏRAYBƏYLİ
(1897-1988)
***
“Bəxtiyar” filmində maraqlı epizod var. “Kirpi” jurnalında öz karikaturasını görən klub müdiri Ağabala sarsılıb kresloya çökür və “Atova lənət kirpi” deyir. Bir neçə dubl çəksək də bu, rejissor Lətif Kərimovu qane etmədi. Qısa fasilə elan olundu. Fasilə vaxtı Lətif mənə yaxınlaşıb dedi:
– Ağa, əslində hər şey yaxşıdır, ancaq elə bil yenə nəsə çatmır, o qorxu, təlaş, sarsıntı hiss olunmur.
– Yaxşı, bəs nə fikirləşirsən, bəlkə bir dubl da çəkək. Bu dəfə də oturanda kreslonu aşırdım. Hə nə deyirsən?
Lətif bir qədər fikrə gedib əlavə etdi:
– Çəkməyinə bir dubl da çəkəcəyik. Ancaq sən hər şeyə hazır ol. Nəsə qeyri-adi, gözləmədiyin bir şey baş versə, dayanma, oyunu davam elə.
Çiyinlərimi çəkib razılaşdım. Lətif məndən ayrılıb çəkiliş gedəcək otağa tərəf addımladı. Bir qədər sonra rejissor köməkçisi məni çəkiliş meydançasına dəvət etdi. Lətif son tapşırıqlarını verdi:
– Ağa, demək, jurnala baxırsan, sarsılırsan, yavaş-yavaş, tələsmədən kresloya çöküb, atova lənət kirpi deyirsən! Motor!
Dediyi kimi də elədim. Elə astaca kresloya çökmək istəyirdim ki, birdən altımdan bir pişik miyoltusu qalxdı. Az qala çaşacaqdım, amma Lətifin sözlərini xatırlayıb epizodu sona qədər oynadım.
“Stop” komandası verilən kimi ətrafı gülüş səsləri bürüdü. Sən demə Lətif otağa qayıdanda mənim oturacağım kresloda yatmış pişiyi görüb, tapşırıb ora valerian məhlulu töksünlər, pişiyin başı qarısın. Mənə də yavaş-yavaş kresloya çökərsən deyəndə, pişiyi əzəcəyimdən ehtiyat edirmiş. Pişik də həm valeriandan ayrılmaq istəmir, həm də mənim onun üstünə getdiyimi görüb qorxur.
Ona görə ən son anda atılıb qaçdı.
***
“Bəxtiyar” filmi çəkiləndə havalar soyumuşdu. Orada sərinkeşlə bir epizod var. Bir dubl – alınmır, iki dubl – alınmır, bu yandan da sərinkeşin küləyi kələyimi kəsir. Hirslənib necə qapaz vurdumsa sərinkeşə, həm dubl alındı, həm də sərinkeş xarab oldu.
“Ədəbiyyat və incəsənət”
(6.12.2022)
Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqə barədə məlumat
Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibi olmuş filmlərin çəkilişləri yekunlaşıb.
Bu barədə nazirlik məlumat verilib və “Ədəbiyyat və incəsənət” portalı da bu məlumata əsaslanır.
“On bir layihə əsasında 11 film çəkilib. Münsiflərin açıq səsverməsi yolu ilə keçirilmiş prosesdə 11 layihə (5 bədii, 4 sənədli, 2 animasiya film layihələri) qalib seçilib. Qalib ssenarilər onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə dəstəyi əsasında istehsal olunub. Artıq layihənin iki filmi - “Tarix” və “Qarabağ nağılı” animasiya filmləri nümayiş etdirilib”, -deyə nazirlikdən bildirilib.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Yuğ” Teatrının dekabr repertuarını təqdim edirik
Azərbaycan Dövlət “Yuğ” Teatrının dekabr ayı üçün nəzərdə tutulan repertuarında maraqlı tamaşalar yer alıb. Onlarla tanış olun:
Dekabr ayının 10-da “Kloun Bizzz”, 11-də “Vəsvəsə”, 17-də “Şəbədə”, həmçinin 24 və 25-də “Toy dəstgahı” (premyera) tamaşaları göstəriləcək.
Qeyd edək ki, səhnə əsərləri müvafiq olaraq saat 19:00-da təqdim olunacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Uğur anlayışı barədə danışacağıq
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir
«Uğur» anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə dədə-baba deyimi var, onu söyləyirik: «Uğurlar olsun!» Qarşımıza qoyduğumuz məqsədlərə nail olmağımız uğurumuzdur. Və bütün uğur qazanmaq düsturları eyni strategiya uzrə müəyyənləşir: arzu-məqsəd-planlaşdırma-hərəkət-nəticə.
«Uğur» ümumən hamı üçün eyni məna kəsb edirsə bu mənanı hərə öz subyektiv istəkləri ilə məzmuna gətirir. Kiminçunsə uğur vəzifə, nüfuz, ad-sandır, kiminçünsə hədsiz var-dövlətdir, kiminçünsə sevgi qovuşuğu, uğurlu ailədir, kiminçünsə yarış qalibiyyətidir.
Ümumən isə bütün dillərin lüğət tərkibində «uğur» sözünün mənası təxminən bu cür izah edilir: insan həyatında gözlənilməkdə olan, arzulanan bu və ya digər prosesin, hadisənin pozitiv notlarla yekunlaşması, məqsədə çatma! Və əksər dillərdə «uğur» sözü həm də «bəxtigətirmə» sözünün sinonimi kimi də işlənir. Bu zaman isə o, hər hansı təsadüfi, öncədən gözlənilmədən bir müvəffəqiyyətə nail olmanı nəzərdə tutur («Bəxtigətirmə»nin ən bariz nümunəsi lotereya uduşları hesab oluna bilər).
İndiyə qədər neçə-neçə yazıçı romanına, rejissor filminə «Uğur» adını qoyub (İtalyan kinorejissor Dino Rizi 1963-cü ildə, sovet kinorejissoru Konstantin Xudyakov 1984-cü ildə çəkdikləri filmlərə, alman yazıçısı Lion Feyxtvanger 1930-cu ildə yazdığı romana bu adı qoyublar).
Bir kəlmə ilə desək, bütün şüurlu həyatlarını uğur qazanmağa kökləyən insanlar, heç də təsadüfi deyil ki, özlərinə uğur simvolları, müxtəlif talismanlar da seçirlər. Məsələn, Qərbdəki bəzi ənənəvi uğur simvollarına nəzər yetirək: yonca bitkisi, parabüzən həşəratı, bacatəmizləyən... Xüsusən , «bacatəmizləyən» maraqlı seçimdir, deyilmi? Əgər insan çox vacib bir işinin ardınca yollananda «bacatəmizləyənlə» (peç borularını, kaminləri, qazanxanaları, ventilyasiya sistemlərini yoxlayan və təmizləyən mütəxəssislə) rastlaşarsa, demək, onun uğur qazanacağı təmin olunub. Hətta almanlar, avstriyalılar, polyaklar, danimarkalılar bacatəmizləyənin əksi həkk olunmuş əşyaları bir-birilərinə hədiyyə də edirlər.
Dördyarpaqlı yonca dünyada ən geniş yayılmış uğur simvoludur. İnanclara görə, kim bu bitki növü ilə rastlaşırsa, onu həyatda böyük uğurlar gözləyir. Gərək, bu yoncanın yarpağını qurudub həmişə üstündə gəzdirəsən. O, səni mənfiliklərdən, bəd nəzərlərdən qoruyacaq, yaxşı nə varsa hamısını maqnit kimi çəkib sənə doğru gətirəcək.
Siz təsəvvür edin ki, irlandlar dördyarpaqlı yoncanı (shamrock adlandırırlar) öz milli simvolları elan ediblər!
Parabüzən tapmaq da Qərb xalqlarında çox yaxşı əlamət hesab olunur, bu da, əsasən, miflərlə və ayinlərlə bağlıdır. Belə ki, miflərə görə, bu həşərat səmalarda yaşayır, yalnız istisna hallarda yerə enib Tanrının iradəsini yerdəkilərə çatdırır. Üstünə parabüzən qonmuş holland, yaxud parabüzənlə rastlaşmış çex qədər xoşbəxt adam görə bilərsinizmi? Fransızlar isə uşaqlarına parabüzənin rəsmi həkk edilmiş amulet verərək onların xata-baladan hifz olunacaqlarına inanırlar.
Təsadüfi deyil ki, ruslar bu həşərata Tanrı inəyi adı veribllər. İngilisdilli ölkələrdə o, Müqəddəs Məryəmə işarə ilə Lady adlandırılır, almanlar ona «Tanrı şamı», bolqarlar «Tanrının gözəli» deyirlər. Digər Avropa xalqları da ona «Mariya (Məryəm) böcəyi», «Müqəddəs Məryəm quşu», «Tanrı heyvanı» kimi adlar veriblər. Parabüzənin əksi olan talisman, xurafata görə, həmişə uğur gətirir. Xüsusən, kürəyində yeddi qara xal olan parabüzən əbədi uğur və xoşbəxtlik rəmzi sayılır.
Başqa bir populyar uğur simvolu nal hesab olunur. Özü də nal tək Qərbin yox, həm də Şərqin uğur simvoludur.
Uğur və xoşbəxtlik gətirən naldan söhbət gedirsə, onu satın almaq olmaz, onu mütləq yerdən tapmalısan. Özü də o, mütləq metal olmalıdır. Başqa bir şərt nalı ucluqları yuxarı, yaxud aşağı asmaq məsələsidir ki, buna da iki baxış var. Şərqdə, Latın Amerikasında və Avropada nalı ucluqları aşağı asmaq dəbdir, bu, uğurun və xoşbəxtliyin sənə doğru axması deməkdir. Əksinə, ingilislər və irlandlar isə nalı ucluqları yuxarı asırlar ki, uğur və xoşbəxtlik dağılmasın, axıb getməsin.
Çində uğur, bolluq rəmzi qızıl balıq hesab olunur. Çin ailələrində içində səkkiz qızılı rəngli (qırmızı da olar) və bir qara balıq olan akvariumlara gen-bol rast gələrsən.
Uzaq Şərqin başqa bir uğur simvolu ağzında qızıl sikkə saxlayan üçayaqlı qurbağadır. Bu simvolu var-dövlət simvolu da hesab edirlər. İnanca görə, bu varlıq bir vaxtlar şər qüvvələrə aid imiş, amma Budda onu ram edərək insanlara xidmətə məcbur edib və o, insanlar üçün ağzından qızıl sikkələr ifraz etməyə başlayıb.
Amerikalının ilk qazandığı pul əskinası uğur simvolu hesab olunduğundan həmin əskinas xərclənmədən saxlanılır. Yaponlarda bir ayağını qaldırmış Maneki-pekuo adlanqırdıqları pişik fiquru uğur rəmzidir. İtalyanlarda uğur rəmzi açardır.
Müxtəlif xalqlarda xrizantema çiçəyi, yarasa da uğur simvolu hesab olunur.
Geniş yayılmış uğur simvollarından başqa, uğur əlamətlərinə, ayinlərinə də rast gəlmək olar ki, müxtəlif xalqlarda bu əlamətlər müxtəlifdir.
Biz azərbaycanlıların da çox maraqlı, özünəməxsus uğur əlamətləri var. Hər hansı bir işin dalınca gedərkən rastına ilk çıxan adamı sınayırsan, işin uğurlu alınırsa, həmin adamı «ayağı yüngül» adlandırır və növbəti dəfələrdə o rastına çıxarkən işinin uğurla nəticələnəcəyinə bir arxayınçılıq hiss edirsən. Bundan başqa, bizlərdə hər hansı bir işin dalınca gedəndə rastına əlində içi dolu qab, zənbil tutmuş adam çıxarsa, bu da uğura işarə hesab olunur.
Bizdə Uğur həm də insan adıdır. Xüsusən indi, XXI əsrin ilk yüzilliyinin əvvəllərində valideynlər böyük ümidlərlə oğlan uşaqlarının adlarını Uğur qoyurlar.
Uğurun gətirdiyi sevinc və xoşbəxtliyin müqabilində, təbii ki, onun antonimi olan uğursuzluq da məyusluq, kədər gətirir.
Kimsə işşizliyinə, kimsə cavabsız sevgisinə, kimsə maddi ehtiyacına, kimsə xəstəliyinə görə özünü uğursuz hesab edir (Təbii ki, uğursuzluq barədə də ayrıca danışacağıq).
Hətta bəzən uğur anlayışı ifrat dərəcəyədək bəsit forma da ala bilir. Mən hər gün məhəllədə bekarçılıqdan oynadığı domino oyununda qazandığı qalibiyyətlərə görə özünü ən uğurlu adam adlandıran məzmunsuz biveci də tanıyıram, hələ dünyaya gəlməyən nəvə-nəticəsinə aldığı mülkləri tam təmir edərək içlərini əşyalarla doldurmaq «uğuruna» imza atmasını bayram edən nadürüst harını da.
Amma bizim mövzu obyektimiz şişirdilmiş, təhrif olunmuş «uğur» deyil, mütləq anlamda tanıyıb dərk etdiyimiz adi, statistik «uğur»dur. O uğur ki, hamımız varlı, yaxud kasıb, kişi, yaxud qadın, yaşlı yoxsa cavan, savadlı, yoxsa savadsız olmağımızdan asılı olmayaraq ona doğru yürüyürük.
Bəs bu uğuru necə qazanmalı? Ona doğru ən kəsə və ən dürüst yolu necə tapmalı?
Kitabımız boyunca bu suala cavab axtarmağa çalışacağıq, əlbəttə ki.
Və bir də mütləq nəyi vurğulamaq istəyirəm?
Xaraktercə ətalətli adam deyiləm, həm elm adamı, həm biznesmen, həm auditor kimi həddən artıq gərgin iş qrafikim var. Bir yandan, ictimai xadim kimi də fəalam, ən müxtəlif, elmi, sosial, mədəni, media tədbirlərinə dəvət alır, hamısında iştirak etməyə çalışıram. Xeyriyyəçilik işləri də mənim həyatımda ayrılmaz yer tutur. Bəzən onlarca insanın bu və ya digər probleminə yardım etmək zorunda qalıram. Təbii ki, söhbət həm maddi yardımdan, həm də hüquqi, mənəvi yardımdan gedir. Mən gördüyüm işlər üçün heç vaxt mükafat, «çox sağ ol» gözləmirəm, bu, öz yerində. Demək istədiyim odur ki, yaxşı mütaliəm, keçdiyim zəngin və çoxşaxəli fəaliyyət yolum, həmişə aqil və ağsaqqal insanlardan nəsə öyrənmək istəyim məndə insanları motivasiya etmək bacarığı və vərdişləri yaradıb ki, bu vərdişlər get-gedə daha da təkmilləşir, daha effektiv olur. İllərdir ki, biliklərimi kitab halına gətirmək istəyim də buradan qaynaqlanıb.
42 ildə ən müxtəlif sahələrdə qazandığım nailiyyətlər mənim həm də uğurlu bir insan olmağıma dəlalət edir. Demək, öz uğur formulamı paylaşmaq, həyatın bu və ya digər mərhələlərində çətinliklərlə üzləşən, uğur tapmaqda, necə deyərlər, oxu daşa dəyən gənclərə nələrisə tövsiyə etmək, «nə edin» və «nə etməyin» söyləmək haqqına da malikəm. Bu, isə kitab yazmaq qərarımın digər bir tərəfidir.
Hələlik isə öz uğur formulumun qısaca olaraq məğzini söyləmək istəyirəm. Bunu, haradasa, mənim əsərimin rezyümesi də hesab etmək olar: usanmadan işləmək, qarşına məqsədlər qoymaq və yerinə yetirmək. Uğur – özlüyündə bir materialist anlayışdır. Zəhmətkeşliyinlə, məqsədyönlülüyünlə, biliyinlə, ətrafına yığdığın insanları motivə etmək bacarığınla yalnız və yalnız hədəfə doğru irəliləməlisən!
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Teatr Xadimləri İttifaqı yeni festival keçirir
Dekabrın 10-dan 16-dək Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Milli klassika” adlı teatr festivalı keçiriləcək. Bu festival Teatr Xadimləri İttifaqının yaranmasının 125 illiyi münasibətilə təşkil olunur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda 11 teatr və 1 təhsil ocağı, ümumilikdə 13 tamaşa ilə iştirak edəcək. Lənkəran Dövlət Dram Teatrı festivala müsabiqədənkənar qoşulacaq. Tamaşalara münsiflər heyəti tərəfindən baxış keçirilib.
Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan teatrının bu gününə nəzər salmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.
Qeyd edək ki, festival tamaşaları Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində, Akademik Opera və Balet Teatrında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında oynanılacaq.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Gülüş Klubunun bu günkü menyüsü
“Gülüş klubu”nda növbətçi Sərtyeldir. Şüarımız: Dodağınızın yüngülcə qaçması bizim böyük uğurumuzdur.
İbrətamiz
Dünyada ən çətin deyilən 5 söz bunlardır:
5. Tetragidrokannabiol
4. Fenolflein
3.Elektrikləşdirdiklərimizdənsiniz
2.Dixlordifeniltrixloretan
1. Bağışla.
Tost
Bu tostu məşhur bir yazıçı öz həyat yoldaşının ad günündə söyləyib:
Səni görəndə gəlir mənim yazmağım.
Sən aşsan, mən də sənin qazmağın.
Dodaqqaçdı
Parlamentdə iki deputatımız yanaşı oturub. Biri o birsini gözüyumulu görüb soruşur:
-Qağa, yatmısan?
O birisi dillənir:
-Lələ, nədi ki? Parlamentdə adam yatar?
-Mənə yüz manat əlborcu verərsən?
-Yatmışam, hə, yatmışam.
-Parlamentdə adam yatar?
-Adam elə parlamentdə yatar, dayna.
Deyimlər
Ağlamayana məmə yoxdur. Ancaq heç ağlayana da məmə yoxdur.
Elan
Pandemiya, dolların məzənnəsi, neftin qiymətinin qalxması, yaxud enməsi, havaların soyuq, yaxud isti keçməsi, Qarabağ, yaxud Rusiya-Ukrayna müharibəsi səbəbləri artıq dəfələrlə istifadə edildiyi üçün keçərsiz olduğundan marketlərdə satılan 5, 10 və 19 litrlik bulaq sularının qiymətlərinin bir gecəyə 30 faiz qalxmasının səbəbini Tarif Şurası Mozambikin Uraru əyalətinin Tıkıxva kəndində mövcud olan Markurkur bulağının quruması səbəbi ilə izah etdi.
Aydınlıq
Universitetə bu və ya digər şəkildə aidiyyatı olan “Möhtəşəm” şadlıq sarayı kupçada şadlıq sarayı kimi yox, “Şadlıq mərasimlərində xalqın ruh halını və psixoloji durumunu müəyyənləşdirmək üçün universitet laboratoriyası” kimi qeyd olunub.
Olmuş hadisə
Qızla oğlan skamyada otururlar. Oğlan qızı qucaqlayır, saçını oxşayır və s. və i. Qız birdən soruşur ki, sənin xarici passportun var ?
Oğlan:
- Yox nə olub ki?
Qız:
- Artıq sərhədi keçirsən.
Poeziya boxçası
(Bəziləri rus dilinə o qədər vurğundurlar ki, poeziyamızı bu cür əcaib-qəraib hala salırlar, inanın).
Yaxşı ki, qurtardı korona,
Ağaca qonubdur vorona.
Qarşına çıxsa da lev
Sən həyatı sev.
Qazanda qaynasın kartoşka,
Qapıda miyoldasın koşka.
Çox dadlıdır tabaka,
Qoy hürsün sobaka.
Əsas odur, mətləbləri qan.
Aldatmasın səni obezyan.
Yazdı heyvanlara dair.
Ruskoyazıçnı şair.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Bu axşam Beynəlxalq Muğam Mərkəzində poeziya gecəsi keçiriləcək
Bu gün Beynəlxalq Muğam Mərkəzində “Sözün melodiyası - Keçmişə səyahət” adlı poeziya gecəsi təşkil olunacaq.
Gecədə piano ifaçıları Ülviyyə Kazımova və Nərmin Rzayevanın, həmçinin tarda İsmayıl Zülfüqarov, kamançada Mədinə Şahgəldiyevanın müşayiəti ilə bədii qiraətçi Hüseynağa Aslanov çıxış edəcək.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Şahmar Əkbərzadənin şeirləri İspaniya portalında dərc edilib
İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Şahmar Əkbərzadənin ispan dilinə tərcümə edilmiş “Ayırar bu dünya bizi nə vaxtsa”, “Özün özgənin” şeirlərinin yayımına başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Dövlət Tərcümə Mərkəzinin mediaya açıqlamasına istinadən bildirilir ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru İspaniyanın filoloq alimi Eva Kontrerasdır.
Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Trabalibros” portalı mütəmadi olaraq səhifələrində Xuan Rulfo, Tomas Mann, Vladimir Nabokov, Volfqanq Höte, Migel Delibes, Federiko Qarsia Lorka kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
“Sən sevimli yanlışımsan…” - Güneyli şairə Mərcan Mənafzadənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasında təbrizli şair, portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla növbəti güneyli yazarımızı təqdim edir: şairə Mərcan Mənafzadəni.
Mərcan Mənafzadə kimi tanınan şairə 1970-ci ildə Üskü şəhərində doğulmuşdur. O, fars ədəbiyyatı üzrə Təbriz dövlət universitetində təhsilini bitirmişdir. Mərcanın şeirləri daima Təbriz və Bakının qəzet və jurnallarında yayımlanmaqdadır.
MƏN QUZEY ŞAİRİYƏM
Mən quzeydən gəlirəm
Bir şair baxışının darıxmalı kədərində
Ruhumun ağırlığı üstümdə,
Mən quzeydən gəlirəm.
Quzey dağlarının sal qayalarından
Bənövşə zəmilərindən
Mərcan mahnılarından gəlirəm.
Mən alıram şeirimin ruhunu sulu qərənfillərdən
Mən quzey şairiyəm.
Yasaqdır şeirlərim, saçlarım kimi
Mən gəlirəm
Əllərimi torpağa bağışlayam...
EY MAVİLİYİM
Səndən gəlir ağrılarım
Günəş damlalanır səsindən
İşıqlar çələngi
Ağacların
İsti gülüşüdür səsin
Polislərin qalabalığı
Yaşıl sətirlərin sözcüyüdür səsin.
Ah... Səni hardan alım?!
Şirin yuxu kimisən
Əmlik quzu kimisən.
Söylə...
Neçə göz yaşı bitir gözlərində
Neçə?
Neçə?
Neçə?
Əllərin məhşər saatımdı
Qiyamətimdi... Ey maviliyim...
ADIM
Gülüşlərimi sağ qoltuğunda saxla
Sol qoltuğum didərgindi özümdən
Dodaqlarımın şifrəsini saxla
Ürəyində
Ürəyinin çapılmışında
Mən yaralar mərcanıyam.
Sən olmayanda...
Mutlu yellərin ətəyində köçür adımı
Adım kölgələrin işıq çibanıdı
Boylu buludlar kölgələnir beynimə
Səni günəşə tapşırsaydım
İtkinləməzdin kəndini.
Səni
Tanrıya tapşırdığım gün itirdim
Sən itən gün
Mən vəhşət namazı qıldım
Əlhəmdi çeynədim sınıq dışlərimlə,
Tanrı yoxa çıxdı
Və ulduzlar
Yağışlı buludların arxasında batdılar...
Kefli gözlərim
Həsrətini sağır mənə.
Qara hörümcəklər
Saçlarımda addımlayır
Necə ki izini mən
Necə ki, izin məni
Mən şeirimin mərcanıyam heeeey...
Baxışım,
Kül göyərir
Göyərir kül, kül, kül...
Çicəklərim bir şəhid alma
Və tellərim küləklər yuvası
Mən mor şəfəqlər mərcanıyam.
YAŞIL YANLIŞIM
Sən sevimli yanlışımsan
Ən sevdalı və bilimli
Dişlənmiş almanın sağ üzü
Sən, şaftalının gəlin gedən alay dodağı
Yanlışımın başbaxanısan,
Bakirəsi
Kələmələr səsimi geyinib
At üstə gedir indi...
...Sən sevimli yanlışımsan
Arxanca səpdiyim suda boğulur incəliyim
Suda can verir şeirim
Kələmələrin gözləri dolur suda
Suda
Suda
Yarpızların göz yaşı bilinmir suda...
Necəki mənim
Necəki əllərimdə fatihə olur söyüd ağacı
Və necəki sən
Mənim yaşıl yanlışımsan!
Sən sevimli yanlışımsan
Sənə görə tərsinə oxuyuram Quranı
Adımı da yanlış yazıram
Sigara tüstüsündə quylanmış adımı, səsimi də...
Sən sevimli yanlışımsan
Almalar da quşların dimdiyin sevir
Quşlar uçmurlar burda
Yelpənəklərin uçuşuna həsrətlə baxırlar
Almaların qoxusu gəlmir
Almalar
Bu bağın ağaclarının ağzında dartılır
Dəhşətli bir olayda!
Almalar
Ancaq almalar dartılır
Qoxusu damarlarda dolaşır
Arvinin burnundan qan açıldı
Laxta-laxta göy alma
Mən doğuluram.
MƏNİ TANIYIRSINIZMI?
Mən qadınam
Neçə yol ayrımına çatarkən
Çizilmiş, incə, buruq
Sevgi ilə yoğrulmuş bir yola vardım.
Mən bir türk qadınam
Min bir yerə parçalanmış gövdəm var
Bir yarı həsrət
Bir yarı sevgi
Bir yarı nisgil
Bir yarı dilək
Və... Bir yarı vətən.
Bir yarımı səbir çəni bürümüş
Bir yarıma həsrət buludları yağır
Bu mənəm...
Mən bir azərbaycanlı qız
Körpəcik sevgimi
Nə ayaqlar altında əzib keçməklərinə izin verə bilirəm
Nə qoruyub, əmişdirə bilirəm
Minnətlərində boğulanlara
Bağıra bilmirəm, lal gəlir sözüm
Dilimə qıfıl rəsmi salır beynim
Dodaqlarımı kimin barmağı barmaqlıqlarda dustaqlayıb?
Ürəyimdə devrim havası
Xəyalımda intihar qoxusu
Bu mənəm...
Mən bir qadınam
Ürəyim parça-parça iki vətən
Bir parçası sevgidən yaralı
Bir parçası yoxluğundan qabarlı
Bir parçası keşgələr tapdağında qançıl
Bir parçası ölən arzulara yaslı
Bir parçası mərcan daşıdır, al geyinib.
Bir parçası buğdalıqlardan, səmadan iz almış...
Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)