Super User

Super User

Wednesday, 07 December 2022 20:00

Azərbaycanda 44 hotel ulduz sertifikatı alıb

 

Təbiidir ki, dünyanın gözəlliklərini görmək üçün insanlar səyahətlərə çıxır, otellərdə yaşayırlar. Gözəlliklərlə tanışlıq məhz otellərdən başlayır. 

 

“Azərbaycanda 2 ildir ki, həyata keçirilən Milli Ulduz Təsnifatına indiyə qədər 150 hotel müraciət edib, onlardan 100-ə yaxının müraciətinə baxılıb və 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib”. Bu cümlələr Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə məxsusdur. 

“Turizm haqqında” yeni Qanuna görə hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz dərəcəsi üçün müraciət etməlidir. Koronavirus pandemiyasına görə hotellərə ulduz verilməsi ləngisə də, yeni qanun bu prosesi sürətləndirib. Ulduz sertifikatına malik olan hotellərin sayının artması sağlam rəqabəti stimullaşdıracaq və bu da nəticə etibarilə hotelçilik sənayesinin inkişafına təkan verəcək, tələb və təklif qanununun daha dolğun realizə edilməsinə gətirib çıxaracaq”,-deyə Agentlik sədri vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

Az öncə Bakıda Azərbaycan Hotel Assosiasiyasının (AHA) 5-ci Baş Assambleyası yekunlaşıb. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin sütunlarından biri olan hotelçiliyin inkişafının ölkə turizmi üçün çox önəmli faktorlardan olduğunu qeyd edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Fuad Nağıyevin mediaya açıqlamasına istinadən bildirir ki, iki ildir uğurla həyata keçirilən Milli Ulduz Təsnifatına indiyədək 150 hotel müraciət edib. Fuad Nağıyev 100-ə yaxın hotelin təsnifatının başa çatdığını, onlardan isə cəmi 44 hotelin 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edildiyini bildirib. 

Ulduz kateqoriyası əldə etmək üçün edilən müraciətlərin çox az bir hissəsinin qoyulan tələbləri ödədiyini qeyd edən Agentlik sədri bunların içərisində çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellərin çoxluq təşkil etdiyini bildirib.

Fuad Nağıyev qeyd edib ki, ulduz sertifikatına malik olan hotellərin sayının artması sağlam rəqabəti stimullaşdıracaq və bu da nəticə etibarilə hotelçilik sənayesinin inkişafına təkan verəcək, tələb və təklif qanununun daha dolğun realizə edilməsinə gətirib çıxaracaq.

Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid bildirib ki, ulduz kateqoriyasının verilməsi prosesi pandemiya ilə əlaqədar ləngisə də, hazırda, xüsusilə də yeni qanunun qüvvəyə minməsi ilə artan müraciətlər fonunda yenidən dinamik olaraq həyata keçirilir. Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsi təmin edilir.

Assambleya çərçivəsində cari ildə qonaq rəyləri əsasında yüksək qiymətləndirilən hotellərin və qonaqpərvərlik sənayesi nümayəndələrinin təltifetmə mərasimi keçirilib, həmçinin AHA-nın İdarə Heyəti üzvləri, eləcə də sədrinin seçilməsi üçün keçirilmiş səsvermənin nəticələri açıqlanıb.

Daha sonra assambleya öz işini müxtəlif mövzulara həsr olunmuş sessiyalarla davam etdirib.

Yekunda isə Azərbaycan Hotel Assosiasiyasına yeni sədr seçilib. Azərbaycan Hotel Assosiasiyasının V Baş Assambleyasında keçirilən səsvermədə Eldar Əlimuradov assosiasiyanın yeni sədri olub.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

Azərbaycanın Almaniyadakı səfirliyi Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə konsert təşkil edib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın səfirlikdən aldığı məlumata istinadən bildirir ki, əvvəlcə tədbir iştirakçıları Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş filmə baxıblar.

Tədbirdə Firəngiz Əlizadənin həyat və yaradıcılığından söhbət açılıb. Qeyd edilib ki, gənc yaşlarından musiqi əsərlərinin müəllifi olan bəstəkar beynəlxalq səviyyədə uğurlara imza atıb. Onun əsərləri dünyanın bir çox tanınmış musiqiçiləri və orkestrləri tərəfindən ifa olunur. F.Əlizadə Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə pedaqoji fəaliyyətlə məşğul olur və böyük sayda musiqiçilərin yetişməsində onun əməyi var.

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının musiqi kollektivinin ifasında Firəngiz Əlizadənin əsərlərindən ibarət konsert təqdim olunub. Bəstəkarın “Rəqs”, “Dastan”, “İmpuls”, “Aşk havası”, “Muğamsayağı” və digər əsərləri böyük maraqla dinlənilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

Wednesday, 07 December 2022 15:30

Ən gözəli türk mətbəxi deyilmi?

 

Bu dəfə Böyük Qurman sizə türk mətbəxindən İçli küftəni təqdim edəcək. 

İçli küftə — yarmanın xəmir halına gətirilərək içinin doldurulması ilə hazırlanan ənənəvi Anadolu yeməyidir. 

 

Mənşəcə ərəb mətbəxinə aid olması deyilsə, orijinal adının  kibbə ölməsi iddia edilsə də biz öz türk küftə sözümüzdən əsla geri dönən deyilik əlbəttə.

Bakının türk mətbəxi restoranlarında bol-bol sifariş olunan bu yemək növü Türkiyənin Bitlis, Sivas, Adana, Diyarbəkir, Elazığ, Malatya, Hatay kimi bölgələrində hazırlanır. 

Hazırlanma qaydası elə də çətin deyil. 

Küftənin içi qıyma, quyruq yağı, soğan, cəfəri və ədviyyatlardan (qara istiot daha çox) ibarət qarışıqla doldurulur. 

Bundan sonra isə bişirmə prosesi başlayır. Bişirmə üsuluna görə içli küftə iki növə ayrılır: qaynadılaraq və qızardılaraq bişirilən. Adətən bu təam ayranla süfrəyə verilir.

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

Görkəmli ictimai-siyasi xadim, yazıçı, general İsmayıl bəy Qutqaşınlının doğulduğu Qəbələ rayonunda olan ev-muzeyi və qəbirüstü abidəsi baxımsız haldadır. Bu acı xəbəri “Ədəbiyyat və incəsənət” portalı APA-nın yerli bürosunun xəbərinə istinadla verir.

 

İ.Qutqaşınlının 1986-cı ildə yaradılan ev muzeyi artıq görkəmini itirib, bina dağılmaq üzrədir, divarlarda böyük çatlar yaranıb, dam örtüyü dağılıb. Yağışlar zamanı muzeyə su dolduğuna görə, əşyalar yararsız vəziyyətə düşüb. Ev-muzeyinin bir neçə otağında elektrik lampaları yanmır, elektrik xətləri yenidən qurulmalıdır.

Ümumiyyətlə, muzeyin fasadının restavrasiyası, boyanması, eləcə də təmir-bərpa işlərinin aparılmasına ehtiyac var.

Muzeyin direktoru Çimnaz Müzəffərova muzeyin tam gücü ilə fəaliyyət göstərdiyini desə də, təmir işlərinin zəruriliyini bildirib. Qeyd olunub ki, muzeydə son təmir işləri 2001-ci ildə aparılıb.

Ev muzeyi ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq, hər hansı addım atılmayıb.

Bundan başqa, İ.Qutqaşınlının Qəbələdəki məzarüstü abidəsi də ürəkaçan halda deyil. Məzar ətrafında dəmir hasar yoxdur, piltələr yerindən oynayıb, məzar daşını mamır basıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

"Bu, "kelebek"di, "kepenek"di nədirsə, deyəsən, onların da gözü bizim kimi bağlanıb. Vallah, ayıbdır. Sonra deyirlər, niyə iş görmürsünüz? Danışmadıqca, bu işlər belə olacaq. Bəlkə də heç kim fikrimə dəstək olmayacaq. Hətta mənimlə eyni fikirdə olanlar da düşüncəsini dəyişəcək. Onun üçün də bu gündəyik".

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev deyib. "Altın kelebek" mükafatlandırma mərasiminə qatılan azərbaycanlı iştirakçıları tənqid edən ifaçı "Deməsəm olmaz" proqramına açıqlama verib. O bildirib ki, bu seçim Azərbaycan musiqisini xaricdə pis formada təbliğ etməkdir:

"Altın kelebek"ə elə insanları göndərirlər ki... Heç vaxt orada yer almamışam, düşünməmişəm də. Amma görürəm ki, asandı, gedim mən də bir mükafat alım. Bibarıçılıq idi, başqa heç nə. Təqdimatı edəndə görmürlər ki, bu insanlar kimdir, nə oxuyur? Mənim daş-qalaq etsinlər, buna hazıram da. Edəcəklər də... Amma bunu deməyə məcburam. Axı, Azərbaycan musiqisi bu deyil. Niyə bu mahnılar Türkiyədə tanınsın? Niyə düşünsünlər ki, Azərbaycan mahnısı budur? Yaxşı musiqilər səslənsin, nə olar? Danışmadıqca, elə bilirlər ki, belə də olmalıdır, əladır. Sənət adamları buna dəstək olsun, bu cür savadsızlıq təmizlənsin".

Qeyd edək ki, Türkiyədə baş tutan 48-ci "Altın Kelebek" mükafatlandırma gecəsində "Azərbaycanın ən parlaq ulduzu" nominasiyasına müğənnilər Ayaz Babayev, Nəzrin və aparıcı Turanə Hüseynli layiq görülüblər. 

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

Detektiv janrı sirr deyil ki, tək bizim ölkəmizdə deyil, bütün dünyada ən çox mütaliə edilən janrlardan sayılır. Bu, tarixən belədir.

Hər yazılan da əsl detektiv ola bilməz. Riyazi dəqiqliklə hər şey hesablanmasa, konflikt sonadək qorunub saxlanmasa, həyəcan artan xətlə inkişaf etməsə və hadisənin çözülməsi peşəkarlıqla baş verməsə, həmin detektiv əsla sevilməz.

Fəxrəddin Qasımoğlunun indiyədək iki detektiv romanı ilə qarşılaşmışam. Hər ikisi bir-birindən gözəl. Sonadək hiss-həyəcan içində qalır, qəhrəmanların taleyini sanki öz taleyin kimi yaşayır, onlarla kədərlənir, onlarla sevinirsən.

Nədəndir onun romanlarının bu qədər təbii və sevilən alınması? Ondandır ki, Fəxrəddin Qasımoğlu hüquq-mühafizə sistemində çalışır, yazdıqları əksərən real həyatdan götürülüb. Onun yaratdığı xəfiyyə obrazının – Bəxtiyar Nəzərlinin məhz xəfiyyəliyin əlifbasını bilən şəxs tərəfindən ortaya çıxarıldığı ilk abzaslardan duyulur, burada peşəkarlıq nümunəsi hədsizdir.

Müəllifin romanlarının üstün cəhətləri onların yalnız maraqlı, cəzbedici olmasında deyil. Bu romanların cəmiyyətə faydası onların ditaktik təsirindədir. Onları oxuyan kəs cinayət törətməyin nə dərəcədə rəzil bir iş olmasını duyar, təmizlik və halallığa sövq olunar.

Bu romanların daha bir üstün cəhəti hüquq-mühafizə sistemində çalışan insanların ədəbiyyatımızda parlaq obrazlarının yaradılmasıdır. Gəlin razılaşaq ki, bu gün “yaxşı polis” obrazı demək olar ki, ədəbiyyatımızda yox dərəcəsindədir. Bizim asayişimizin keşiyində ayıq-sayıq dayanan bu insanlar, halbuki ən cəlbedici, ən oxunan romanların baş qəhrəmanları olmağa layiqdirlər. Fəxrəddin Qasımoğlu, deyək ki, bu işin öhtəsindən məharətlə gəlib. Mən şəxsən yaşlı bir qadından “Bu günlərdə “Son gecə” romanını oxudum. Oğurlanan qızın taleyi məni o qədər incitdi və peşəkar xəfiyyə tərəfindən onun xilas edilməsi məni o qədər sevindirdi ki, içimdə polisimizə hədsiz sevgi oyandı” etirafını eşitmişəm.

Ədəbiyyatın gücünün ən əyani təsviri bu deyilmi?

 

Varis,

Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

Xəbər veediyimiz kimi, dekabr ayının 4-də “Baku Crystal Hall”da “Best Model of Azerbaijan-2022” müsabiqəsinin qalibləri seçilib. Liza Uzun adlı iştirakçı  müsabiqədə qalib olub. Halbuki bu seçim  sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. Səbəbsə Lizanın boyudur. 

 

Lizanın boyunun cəmi 155 santimetr olması ilə bağlı iddialar irəli sürülür. Qısa boylu birinin model müsabiqəsində qalib olması bəzilərində sual yaradıb. Bir qisim modellik kriteriyalarının pozulduğunu, bəziləri də dəyişdiyini düşünürlər.

Elə bu suallara aydınlıq gətirmək üçün də Oxu.az-ın əməkdaşı Nəzrin Vahid münsiflər heyətindəki bəzi ünlülərə müraciət edərək onlardan cavab alıb. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın sözlərinə görə, moda aləmində kriteriyalar dəyişməyib:

“Modada kriteriyalarla bağlı heç bir dəyişiklik yoxdur. Hətta sizə deyim ki, mən öz kolleksiyalarıma modellər seçəndə çalışıram ki, boyu 175-178 və ya 182 sm olsun. Podiumda tam bir moda mənzərəsi yaranır. Çünki model nə qədər ucaboy olsa, bir o qədər effektli olar. Bunun da xüsusi səbəbləri var. Podium çox uzun olur. Tamaşaçı libası tam görməlidir. Dəyişən bir şey yoxdur. Bunlar kriteriyalardır”.

Modelyer özünün də üzvü olduğu münsiflər heyətində moda sektorundan nümayəndələrin sayının az olduğunu qeyd edib:

“Qalib münsiflər tərəfindən seçilir. Bu il münsiflərdə tanımadığım insanlar çox idi. Onlar moda sektorunun nümayəndələri deyildilər. Səs çoxluğu ilə Liza xanım qalib gəldi. Müsabiqədə bir səs çoxluğu ilə olsa belə, qalib gəlmək mümkündür. Münsiflər heyətinin üzvlərini tanımırdıq. Bir söz deyə bilmərəm. Sadəcə, güman edirəm ki, onların seçimi ilə Liza xanım qalib olub. Moda sektorunu təmsil etməyənlər çox idi. Bunu aydın şəkildə görmək mümkündür”.

F.Xələfova müsabiqədə onlayn səsvermənin də olduğunu söyləyib:

“Ötən il səsvermə onlayn şəkildə olmamışdı. Onlayn bilet alan insanların da rəyi rol oynayıb. Modanı təmsil etsək də, biz ortada əyləşmişdik. Yan tərəflərdə başqa münsiflər heyəti var idi. Onların rəyi üstün oldu.

Mən tamam başqa namizədi qeyd etmişdim. Qalib ucaboy, daha yaxşı namizəd ola bilərdi. Ötən il müsabiqədə münsiflər heyətinə moda sektorunu təmsil edən insanlar daxil idilər. Sədr mən idim. Bu dəfə mən deyildim. Mən sədr olanda qalibiyyət əldə etmək istəmişəm. Yalnız gələcək üçün qalibiyyəti düşünürəm. Liza xanım, bəlkə də, Türkiyədə də qalib olar. Sadəcə, sevinərəm”.

“Best Model of Azerbaijan 2022” müsabiqəsinin təşkilatçısı Elxan Paşayev sosial şəbəkədə aparılan müzakirələrdən danışıb:

“13-14 ildən sonra ilk dəfə bu qədər böyük heyət bir araya toplaşdı. Final dekabrın 4-də keçirildi. Mənim orada çəkdiyim xərc göz önündədir. Lakin mənə böhtanlar yaxırlar. Guya kimdənsə pul alıb, qalib etmişəm. 60-70 min xərc çəkdiyim halda hansısa bir iştirakçının 5-10 mininə ehtiyacım yoxdur. Bununla adıma xələl gətirmərəm. Prinsipə düşmüş iştirakçılar bu cür ifadələr irəli sürürlər.

Yalnız iki iştirakçının iradı var. Rəsmi münsif heyətindən narazılıq bildirənlər olmadı. Hər kəs razı idi. Orada hər şey planlaşdırılmış şəkildə olub. Rufana adlı model xanım seçimlər zamanı kastinqdə iyul ayında mənə pul təklif etmişdi. Sırf qalib olmaq üçün bunu edirdi. Lakin niyyəti baş tutmadı”.

E.Paşayev Lizanın boyu ilə bağlı yayılan məlumatların yalan olduğunu söyləyib:

“Paylaşılan şəkillərə diqqət edin. Orada hər kəsin şəkli tam götürülüb, Lizanı isə balaca halda saxlayıblar. İrəli sürülən iddia yalandır. 155 santimetr boyu olan biri necə qalib seçilə bilər?! Bu qədər təşkilatçılıq edən biri bu cür incə məqamı, sizcə, necə unuda bilər? Xanımın boyu 169 santimetrdir.

Nəticədən razı qalmayan modellər belə yalanlar danışırlar. Reallığa uyğun olmayan ifadələr və fotolarla qalmaqal yaratmağa çalışırlar. Modellikdə kriteriyalar var. 165 santimetrdən hündür xanımlar yarışmada iştirak edə bilərlər. Bakıda boyu 170 santimetrdən çox olan xanımlara çox az rast gəlinir. Xanımın azərbaycanlı olmadığı bildirilir. Ayrı-seçkiliyə ehtiyac yoxdur. Xanımın atası türk, anası Gürcüstanda yaşayan azərbaycanlıdır. Bu kimi böhtanların əvvəlcədən planlaşdırıldığını düşünürəm”.

Təşkilatçı əlavə edib ki, dekabrın 16-da Türkiyədə baş tutacaq müsabiqədə alacaqları nəticə hər kəsə dərs olacaq:

“Xanımın üz cizgiləri estetik əməliyyatlı görünə bilər. Amma elə bir şey yoxdur. Liza təbii, gözəl xanımdır. Şikayət edən xanımlar estetik əməliyyatlıdırlar. Hər kəs onu boyu ilə “vurmağa” çalışır. Tək boy əsas kriteriya deyil. Boy üzərindən qalibiyyət qazanmaq real deyil. Məntiqi açıqlaması yoxdur.

Bizim seçimimizin doğru olduğu dekabrın 16-da alacağımız nəticədən bəlli olacaq. Əziyyətimi yerə vurmağa çalışırlar. Boydan və puldan danışırlar. Mənə ən çox təsir edən o pul söhbəti oldu. Alacağımız nəticə hər kəsə dərs olacaq”.

Münsif heyətindən modelyer-dizayner Kubra Nuriyeva isə müsabiqədə ədalətli qərar verməyə çalışdığını əlavə edib:

“Mən dizaynerəm. Ancaq geyimlərin tərtibatı ilə məşğulam. Düzdür, münsiflər heyətində idim. Münsif olaraq ədalətli qərar verməyə çalışdım. Lakin qalmaqalı sevmirəm, uzaq qalmağa çalışıram”.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

Texnologiyanın sürətlə inkişafı həyatımızı müəyyən mənada asanlaşdırsa da, müəyyən qədər də bizi özündən asılı vəziyyətə salır. İstədiyimiz vaxt istədiyimiz bir məlumatı internet vasitəsilə bir neçə dəqiqə ərzində dərhal tapa bilirik, həmçinin dünyanın istənilən ölkəsindəki bir insanla ünsiyyət qura bilirik.

 

Bu baxımdan internetdən istifadənin bizə gətirdiyi üstünlükləri var. Amma narahatedici hal odur ki, son illərdə internetdən asılılıq halları get-gedə çoxalmaqdadır. Ən çox 12-18 yaşlarındakı yeniyetmələr internetdən asılılıq risk qrupuna daxil olsalar da, hər yaşda internet asılılığı olan insanlarla qarşılaşmağımız mümkündür. Onu da qeyd edim ki, internet asılılığı qızlara nisbətdə oğlanlarda 2-3 qat daha çoxdur.

İnternetin faydaları ilə yanaşı zərərləri də var. Belə ki, bildiyimiz kimi kompüter bizim sağlamlığımıza ziyandır. Yəni kompüter arxasında çox vaxt keçirmə səhhətimizdə problemlərə gətirib çıxarır. Kompüter və internetdən çox istifadə gözün zəifləməsi, boyun-bel ağrıları, şüualanma nəticəsində onkoloji xəstəliklərin yaranması və s. kimi fəsadlar yarada bilir. Həmçinin internetdən çox istifadə insanda yorğunluq, informasiya yüklənməsi, yuxu pozuntusuna, aqressiv və əsəbi hallara, ünsiyyətin məhdudlaşmasına da gətirib çıxarır. İnternet asılılığı olan şəxs ətrafdan sanki təcrid olunur və yaxınları ilə ünsiyyətini azaldır. Bunu çox vaxt bilərəkdən etmir. Yəni internetdə virtual dostların olması, onlarla ünsiyyət, problemlərini bölüşmək ətrafındakı "real" şəxslərlə "real-birbaşa ünsiyyət"  ehtiyacını əvəzləyir və məhdudlaşdırır. Çox vaxt buna heç vaxtı da qalmır.

Nə üçün virtual ünsiyyət bəzi insanlar üçün daha asan və üstündür? Çünki bu zaman həmin insan öz "real Mən"indən çox "ideal Mən"indən çıxış edərək özündə olmayan cəhətləri varmış kimi göstərərək kompleksiz ünsiyyətə daxil olur. Həmçinin sosial fobiyası, çəkingənliyi, qapanıqlığı olan insan da virtual ünsiyyətdə daha rahat olduğu üçün buna daha çox üstünlük verir.

Yuxarıda qeyd etdiyim kimi əsas risk qrupları 12-18 yaş aralığında olan yeniyetmələrdir. Çünki bu dövr yeni axtarışlar, yeni maraqlar, fərqli insanlarla ünsiyyət dövrüdür. Yeniyetmələr çox vaxt həttə məktəb dərslərini axsadaraq vaxtlarının çoxunu internet klublarda keçirirlər. Burada müxtəlif oyunlar oynayır, sosial şəbəkələrdə müxtəlif paylaşım edir, hətta fərqli ölkələrdən insanlarla ünsiyyətdə olurlar. İnternetdən asılı olan insanlar bir çox hallarda qidalarına da diqqət etmirlər. Onlar internetdə gördüyü işə o qədər aludə olurlar ki, buna vaxt itkisi kimi baxırlar.

İnternetdən istifadə həyatımızı asanlaşdırdığı üçün ondan tamamilə imtina etmək çətin olardı. Amma vaxtı düzgün bölmək burada əsas şərtdir. Fasiləli şəkildə internetdən istifadə qəbul olunandır. Saat bölgüsündə yaş amili nəzərə alınır. Azyaşlılar gün ərzində fasiləli olaraq 1-2 saat internetdən istifadə edə bilər. Yeniyetmə və gənclərdə bu saat nisbətən daha çoxdur. Ümumiyyətlə yetkin bir şəxsin də kompüter və internetdə keçirdiyi vaxt 3-4 saatı keçməməlidir və arada fasilələr olmalıdır.

Bəzi hallarda valideynlər tərəfindən uşaq və yenitmələr internetdən tamamilə təcrid edilir. Bu, nəticə verməyəcək. Belə olduqda internetdən istifadəni get-gedə azaltmaq daha məqsədəuyğun olardı.

İnternet asılılığı həmçinin asudə vaxtın düzgün qiymətləndirilə bilməməsindən də irəli gəlir. Bu zaman yaxşı olardı ki, uşaq və yeniyetmə sevdiyi fəaliyyətə - rəqsə, rəsmə , idmana yönləndirilsin. Bu, onun internetə sərf etdiyi müddəti azaldacaq.

Bundan başqa bəzi proqramlar var ki, internet və kompüterdən istifadə müddətinə nəzarət edir. Məsələn, şifrə daxil edən şəxs (valideyn) həftəlik kompüter istifadə müddətini 14 saat olaraq təyin edir. Ekranda qalan müddət əks olunur. Və istifadəçi bu zaman limiti keçə bilmir. Yalnız şifrəni daxil edən şəxs müddəti dəyişə və ya həftə başladıqda yenidən müddət daxil edə bilər.

 

Nuriyyə Quliyeva
Peşəkar Psixologiya Mərkəzinin direktoru/ Klinik psixoloq

 

“Ədəbiyyat və incəsənət”

 

(07.12.2022)

Wednesday, 07 December 2022 17:00

Tarixin "arxa bağçası"ndakı çiçəklər

Türklərin sivilizasiyanın inkişafına verdikləri töhfələr düzgün qiymətləndirilmir

 

Dünya tarixşünaslığının olduqca ədalətsiz yanaşdığı bir millət var. Onun keçmişi haqqında sadəcə "köçəri olub" deyərək əl yelləyir, bəşəriyyətin inkişafına heç bir töhfə vermədiyini iddia edirlər. "At belində mədəniyyət yaradılmaz", "çöldə elm inkişaf etdirilməz" deyə, onun sivilizasiyanın inkişafına verdiyi böyük töhfələri danırlar. Bu haqsızlıq uzun müddətdir davam edir. Artıq vəziyyət dəyişməli, dünya türkləri olduğu kimi tanımalıdır.

 

Əgər at belində mədəniyyət yaradılmazsa, at belində dövlət də qurmaq olmaz. Tutmaq olar, fəth etmək olar, amma qurmaq yox. Elə isə 17 böyük imperiyanı və ümumilikdə  irili-xırdalı 200-ə yaxın dövləti yaradan millət "həyatı at üstündə" keçən köçərilərdən ibarət ola bilməzdi. Öz tarixində bu qədər böyük dövlətlər yaradan ikinci millət Yer üzündə yoxdur.

 

At belində qurulan dünya

 

"Ömrü at belində keçən…" remarkına cavab olaraq deyək ki, əksər alimlərin fikrincə, atı ilk dəfə məhz türklər əhliləşdiriblər. Bu, sivilizasiyanın inkişafında təkərin ixtirası qədər olmasa da, hər halda, son dərəcə vacib bir sıçrayış idi. Çünki ilk dəfə atın əhliləşdirilməsilə bəşəriyyət sürət məfhumu ilə tanış oldu. Buna qədər hər şey ləng idi - hərəkət də, fikir də… Yəni bəşəriyyət sürəti ram etdiyinə görə ilk növbədə türklərə borclu olmalıdır.

"Dünya tarixçiləri tərəfindən türklər üçün səciyyəvi olaraq daha çox döyüş ruhu, hərbi şücaət qeyd edilir. Türklərin intellektual gücündən və elmi xidmətlərindən az bəhs olunur. Halbuki, türklərin sözü, fikri, hikməti, bəşər sivilizasiyasındakı rolu danılmazdır" . Bu sözləri AzVision.az-a müsahibəsində fəlsəfə elmləri doktoru, türkoloq, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun şöbə müdiri Roida Rzayeva deyib.

Qərb tarixçiləri nəyə görəsə anlamaq istəmirlər ki, böyük fəthləri, qurulan imperiyaları sadəcə, köçəriliyin və kobud gücün ayağına yazmaq mümkün deyil. Türklər çox vaxt sivilizasiyaları dağırdan qüvvə kimi göstərilirlər. Bununla bağlı müxtəlif stereotiplər geniş yayılıb. Təəssüf ki, əksər hallarda türk tarixçiləri də bu tələyə düşür, yalnız əcdadlarının döyüşkənliyinə, gücünə, igidliyinə diqqət yetirirlər. Halbuki çox vacib bir məqamı unutmaq olmaz: müharibə aparmaq təşkilati baxımdan müstəsna dərəcədə mürəkkəb məsələdir.

- Döyüşçülərin igidliyi vacib komponentdir, lakin həlledici deyil. Döyüş meydanında qalib gəlmək, alınmaz qalaları olan bir ölkəni fəth etmək üçün nizam-intizamlı və təlim keçmiş ordu, bacarıqlı və istedadlı sərkərdələr lazımdır, çoxlu silah-sursat, təchizat, rabitə məsələləri həll olunmalıdır. Diplomatiya üçüncü ölkələrin dəstəyini və ya heç olmasa neytrallığını təmin etməlidir. Bir sözlə, uğurlu müharibələri ancaq yüksək effektiv dövlət aparatı olan güclər apara bilər. Türk xalqları tarixdə belə dövlətlər qurmaq bacarığını dəfələrlə nümayiş etdiriblər və onların təcrübəsini başqa ölkələr də fəal şəkildə mənimsəyiblər,- deyə qazaxıstanlı tarixçi, "Aspandau" Elm və Təhsil Fondunun idarə heyətinin üzvü Radik Temirqaliyev "AzVision" ilə söhbətində bildirib.

Onun sözlərinə görə, türk dövlətlərinin siyasi qüdrəti hər zaman iqtisadi rifah üzərində qurulub. Məsələn, Qazaxıstan ərazisində şəhər mədəniyyətinin çiçəklənməsi türk xaqanlıqları dövrünə təsadüf edir. Xarəzmin sürətli yüksəlişi və şəhər sivilizasiyasının intensiv inkişafı bu dövlətin başına türk sülaləsi keçdikdən sonra, XI-XII əsrlərdə gerçəkləşib.

Əgər 15-ci əsrin ortalarında Konstantinopolda 80 minə yaxın insan yaşayırdısa, Osmanlılar onu fəth edib, adını "İstanbul" qoyduqdan sonra qısa müddət ərzində şəhərin əhalisi 700 min nəfərə çatdı. Yəni türklər tarixi səhnədə "barbar" və "dağıdıcı" deyil, yaradıcı rolunu oynayıb, geniş bölgələrin iqtisadi inkişafına yeni təkanlar veriblər.

Türk dövlətlərinin Şərqlə Qərbin minilliklər boyu davam edən əlaqəsini təmin etməsi isə onların sivilizasiyanın inkişafına göstərdikləri müstəsna xidmətlərdən biridir. Məhz türklərin yaşadıqları torpaqlardan keçən Böyük İpək Yolu ilə aparılan ticarət böyük coğrafi kəşflər dövrünə qədər Avropanın inkişafı üçün iqtisadi bazanı yaradan faktorlardan biri olub.

 

Köçəriliyin dərin qatı

 

Türkləri anlamaq üçün "köçərilik" anlayışını düzgün başa düşmək lazımdır. Köçərilik o demək deyil ki, bu gün mal-qara burada otu yeyib qurtardısa, sabah şələ-küləmizi yığıb, sürünü qabağımıza qataraq, başqa yerə köçəcəyik. Bəli, gülməli də olsa, köçəriliyi çox vaxt məhz belə təqdim edirlər. Halbuki, köçəri həyat tərzinin dərin fəlsəfəsi var, onu anlamaq, duymaq lazımdır.

Türklərin formalaşdığı Böyük Çöl - Avrasiyanın ürəyidir. Burada dünya tarixini dəyişən sərkərdələr, alimlər yetişiblər. Böyük Çöl özünün nəhəngliyi ilə insana meydan oxuyur, onu atını üfüqə doğru çapmağa, daim irəli getməyə səsləyir. "Türkün məzarı atının yarmasındadır" məsəli boş yerə yaranmayıb.

Sonradan Avropa xalqlarının inkişafında Okean hansı rolu oynayıbsa, türklər üçün də Böyük Çöl bax, o idi. O, Türkün okeandır; Türk orada üfüqə - yerlə göyün birləşdiyi məchul xəttə çatmaq niyyətilə atını irəliyə çapa-çapa formalaşıb, dünyagörüşü yetkinləşib. Avropa sivilizasiyasının inkişafında orta əsrlərin sonunda gəmilər hansı rolu oynayıblarsa, Türk sivilizasiyası üçün atlar eyni funksiyanı yerinə yetirib.

Köçəri türklər oturaq kənd təsərrüfatı cəmiyyətlərində hakimiyyət institutlarının formalaşmasına köklü təsir göstəriblər. Onlarla təmasda olan xalqların təsərrüfatına ev heyvanları daxil olub, qida rasionu keyfiyyətcə dəyişib, zülallı qidaların rolu artırıb.

Rusiyalı türkoloq Sergey Semyonoviç Kristioqlo AzVision.az-a yazdığı məqalədə göstərir ki, köçəri sivilizasiyanın sirli ruhunu anlamaq üçün türklərin runik yazısına baxmaq lazımdır. Runlar xüsusi bir əlifbanın elementləridirlər, amma adi hərflərdən fərqli olaraq, kommunikativ funksiyadan əlavə, sakral bilik daşıyıcısı rolunu da oynayıblar. Runlar bir növ sanki həm ağlın, həm də ruhun əlifbasıdır. Türk runlarını həm soldan sağa, həm də sağdan sola oxumaq olar. Onların tarixi çox qədimdir və şübhəsiz ki, sonrakı türk yazısının əsasını qoyan ilk hərflər olublar.

Çingiz Aytmatov adına "Beynəlxalq İssık-Kul Forumu"nun vitse-prezidenti Dinara Jumabayeva AzVision.az üçün xüsusi olaraq çəkdiyi videokastda deyir ki, prototürklərin bütün bu bacarıqları öz dövləri üçün inqilabi idi.

- O dövrdə o məkandakı sivilizasiyanın əsas dəyəri hansısa piramida, yaxud böyük divarın tikilməsi deyil, geniş insan kütlələrini ətraf aləmi çox yaxşı bilən, inkişaf etmiş köçəri icmalar halında təşkil etmək bacarığı idi. Bütün bunlar digər xalqlarla müqayisədə kifayət qədər mükəmməl və sabit bir dilin daha erkən formalaşmasına səbəb oldu. Avropa ilə Asiyanın ortasında olan köçərilər bir növ müxtəlif sivilizasiyaları, mədəniyyətləri, xalqları birləşdirən katalizatora, körpüyə çevrildilər,- xanım Jumbayeva vurğulayıb.

Göründüyü kimi, qarşımızda ənənəvi Qərb sivilizasiyalarından fərqli bir dünya var. Türk dünyası öz əməlləri və fəthləri ilə bəşər tarixinin inkişaf vektorunu dəfələrlə dəyişib. Dünyada ilk dövlət rəmzləri və işarələri, eləcə də siyasi terminlər birinci dəfə Çöldə yaranıb. İlk dəfə metaldan silah hazırlayan da türklər olublar. Beləliklə, türklərin müasir Avropa və dünya mədəniyyətinin yaranmasına, inkişafına həlledici təsir göstərdiyini söyləmək üçün bütün əsaslar var.

Türkiyəli tarixçi, Qars-Qafqaz Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr kafedrasının müdiri Elnur Həsən Mikayıl köşə yazısında qeyd edir ki, türklər ən çox Xəzər dənizi ətrafında məskunlaşdıqları dövrdə inkişaf və təkamül ediblər. Əsrlər boyunca Xəzər dənizinin səviyyəsinin müəyyən dövriliklə qalxıb-enməsi türklərin böyük dövlətlər yaratmasına səbəb olub.

 

"Yabanı" demokratiya

 

VII əsrdə türklər İslam mədəniyyətinin tərkibinə daxil oldular. Bu, ona görə asan baş verdi ki, onsuz da türklər həmin mədəniyyətin daşıyıcıları idilər, onların ictimai şüurunda həmin dəyərlər var idi. VIII əsrdən sonra İslamın yayılması artıq türk xalqlarının adı ilə bağlıdır. Onun orta əsrlərdəki inkişafı və qlobal din kimi dünyaya yayılması birbaşa türklərin xidmətidir.

Bu haqda danışanda vacib bir nüansı vurğulamaq lazımdır. XV-XVI əsrlərdə Avropada başlayan intibah ilə tarixin yeni səhifəsi çevrilir: orta əsrlər bitir, yeni dövr başlayır. "İntibah" - oyanma, dirilmə deməkdir. Bəs oyanan və dirilən nədir? Xristianlığaqədərki Avropa mədəniyyəti - yəni Qədim Yunan və Roma irsi.

Romanın süqutundan sonra Avropada başlayan qaranlıq dövrdə (o, Qərb tarixşünaslığında elə rəsmən belə də adlanır: "Dark ages") həmin zəngin elm və mədəniyyət tamamilə itirilmişdi. Bunu qaranlıq dövrlərdə Avropada yaradılan manuskriptlərin (əlyazmaların) sayından da görmək olar. 600-700 il ərzində Qərbi Avropada faktik olaraq bilik istehsal etmək və yaymaq işi tamamilə dayanmışdı.

Sonrası daha maraqlıdır. 12-ci əsrdən xilafət Çindən tutmuş, Ön Asiyaya qədər böyük ərazidə həlledici gücə çevrilən türklərə keçir. Avropanın klassik mirasını da onlar inkişaf etdirməyə başlayırlar. Avropa ayılıb, intibaha başlayanda qədim yunan və roma irsini artıq müsəlman alimlərinin əsərlərindən öyrənəcəkdi. Onların arasında isə əksəriyyəti türklər idilər.

(ardi var)

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.