Super User
Anar Kərimov: “İşğaldan azad olunmuş ərazilərdəki 864 mədəni müəssisənin monitorinqi aparılıb”
Xəbər verdiyimiz kimi, dünən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Dövlət Turizm Agentliyi, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Baş nazirinin müavini və “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın sədri Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış ediblər.
Təbii ki, mədıniyyət portalımızın oxucularını ilk öncə Mədəniyyət nazirimizin çıxışı maraqlandırır.
Mədəniyyət naziri Anar Kərimov deyib:
“İşğaldan azad olunmuş ərazilərdəki 864 mədəni müəssisənin monitorinqi aparılıb və bu monitorinqlər zamanı bəzi abidələrin qəsdən dağıdıldığının, mənimsənildiyinin, abidələrdən hərbi məqsədlər üçün istifadə edildiyinin aşkarlandığı üzə çıxıb”
Digər çıxışçıların çıxışlarını da diqqətinizə çatdırırıq. ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə konfrans iştirakçılarını salamlayıb, tədbirdən öncə Ağdam və Füzuliyə səfər edərək Qarabağdakı dağıntıları, yenidənqurma və bərpa işlərini yerində müşahidə edən Fransa, İsrail, Pakistan, Rumıniya, Rusiya, Sloveniya Türkiyə və ukraynalı iştirakçılara minnətdarlığını bildirib.
Konfransda çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın UNESCO-nun mədəniyyət, təhsil, ekologiya, idman və digər sahələr üzrə ümumilikdə 14 Konvensiyasına üzv olduğunu vurğulayaraq bunlardan ikisinin - 1954-cü il Haaqa Konvensiyası və 1972-ci il Ümumdünya İrs Konvensiyasının bilavasitə mədəni sərvətlərin qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu Konvensiyalardan irəli gələn öhdəliklərə sadiq qalır.
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev çıxışı zamanı 2022-ci ildə Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 ili tamam olduğunu xatırladıb, Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı və fəal üzvü olduğunu qeyd edib. Mahmud Məmməd-Quliyev bu günədək UNESCO-ya Azərbaycan tərəfindən ünvanlanmış çoxsaylı müraciətlərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərə hələ də bu missiyanın göndərilmədiyini qeyd edib. Nazir müavini xarici ekspert və diplomatların iştirak etdiyi bu konfransda texniki missiyanın göndərilməsi üçün UNESCO-ya çağırış edib.
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istənilən ölkədə turizmin inkişafında mədəni irsin əvəzedilməz rol oynadığını nəzərə çatdırıb. Fuad Nağıyev Dövlət Turizm Agentliyinin təşəbbüs və dəstəyi ilə ICOMOS-un Azərbaycan Milli Komitəsinin təsis edildiyini bildirərək, ölkədə turizm baxımından əhəmiyyətli 8 qoruğun idarəedilməsi siyasətində Ümumdünya İrs Konvensiyasının müddəalarının da əks olunduğunu ifadə edib.
Daha sonra ICOMOS-un vitse-prezidenti xanım Zeynəb Gül Ünal hazırda dünyada baş verən münaqişələr fonunda mədəni abidələrin dağıntılara məruz qaldığını vurğulayaraq onların qorunmasında 1954-cü ildə və 1972-ci ildə imzalanmış UNESCO Konvensiyalarının icrasının vacibliyini xatırladıb.
UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz TÜRKSOY-a üzv olan ölkələrin qeyri-maddi mədəni irsin qorunmasında birgə həyata keçirdiyi tədbirlərdən bəhs edib, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.
Açılış mərasimindən sonra elmi konfrans panel sessiyalarla davam edib.
ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın moderatorluğu ilə keçirilən sessiyada 1954-cü il Haaqa Konvensiyasının və protokollarının tətbiqindəki müsbət təcrübələr və çətinliklər müzakirə olunub.
Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin rəhbəri Şirin Məlikovanın moderatorluğu ilə təşkil olunan paneldə isə UNESCO Konvensiyalarının muzeylərin işinin təkmilləşdirilməsi istiqamətində tətbiqindən bəhs edilib.
ICOMOS Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Davudovanın moderatorluğu ilə keçirilən son sessiyada Ümumdünya İrs Konvensiyasının 50 İlliyi ərəfəsində görüləcək yenidənqurma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Konfransın yekununda mədəni irsin mühafizəsi sahəsində mövcud beynəlxalq sənədlərin tətbiqinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyə və təkliflər paketinin hazırlanaraq UNESCO-ya təqdim olunması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Muğam Mərkəzində ruh oxşayan poeziya gecəsi keçirilib
Beynəlxalq Muğam Mərkəzi maraqlı, qeyri-adi tədbirləri ilə könülləri riqqətə gətirməkdədir. Orada keçirilən növbəti tədbir “Sözün melodiyası - keçmişə səyahət” adlı poeziya gecəsi olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gecədə bədii qiraətçi Hüseynağa Aslanovun ifasında Azərbaycan yazarlarının yaradıcılığına müraciət edilib. Klassik poeziya nümunələri və müasir ədəbi janrlardan seçmələr səsləndirən qiraətçini gənc piano ifaçıları Ülviyyə Kazımova, Nərmin Rzayeva, tarda İsmayıl Zülfüqarov, nağarada Cəfər Həsənov, kamançada Mədinə Şahgəldiyeva müşayiət edib.
Tədbirdə Məhəmməd Füzuli, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, İlqar Fəhmi, Ramiz Rövşən və girər şairlərin poeziyasından seçmələr Azərbaycan və dünya bəstəkarlarının musiqililəri fonunda təqdim edilib.
Qeyd edək ki, nostalji və müasir düşüncələrlə dolu olan gecə maraqla qarşılanıb. Adından da məlum olduğu kimi melodiya və sözün vəhdəti həmin gün musiqi həvəskarları və poeziyasevərlərə unudulmaz anlar bəxş edib.
Ədəbiyyatımız gözəldir. Musiqimiz də həmçinin.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Korrupsiya, Lütvəli Abdullayev, Yükdaşıyanlar
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
Beynəlxalq Korrupsiya ilə mübarizə günü
Bilirsiniz, elə mövzular var ki, onlar barədə ya tam təfsilatla danışmalısan, ya da susmalısan. Mən Azərbaycanın bir nömrəli faciəsinə çevrilmiş korrupsiya barədə sadəcə susmağa üstünlük verirəm. BMT-nin təşəbbüsü ilə keçirilən bu günün küləkləri təki gəlib bizim səmanın qara buludlarını da qovaydı.
Beynəlxalq genosid cinayətləri qurbanlarının xatirəsi günü
Genosid cinayətləri barədə xəbərdarlıq Konvensiyasının 2-ci bəndində qeyd edilir ki, hansısa xalqı tam, yaxud qismən məhv etməyə yönəlmiş genosid cinayəti bəşəriyyətin ən qatı cinayəti hesab olunur. Gəlin xalq olaraq xatırlayaq, başımız nə qədər bəlalar çəkib. 1918-ci ildə Bakıda, Şamaxıda və Qubada, 1980-ci illərin sonlarında Qərbi Azərbaycanda, 1992-ci ildə Xocalıda ermənilər tərəfindən, 1937-ci ildə repressiya, 1920-ci ildə 20 yanvar təcavüzü şəklində sovet imperiyası tərəfindən, 20-ci əsrin 70-ci illərindən başlayaraq Cənubi Azərbaycanda soydaşlarımızın amansız təqibi şəklində fars rejimi tərəfindən genosid cinayətinə məruz qalan Azərbaycan xalqı bu gün milyonlarla qurbanını yad etməlidir, öz faciələri barədə dünyaya mesajlar ötürməlidir. Beynəlxalq təqvimləri izləmək, onların təyinatlarından faydalanmaq vacibdir.
Unudulan açıqcalar
Beynəlxalq texno günüdür, bu bir musiqi janrıdır. Skandinaviya ölkələrində Anna günüdür, Milad bayramı ərəfəsi bütün evlərdə lütifeks adlanan balıq yeməyi hazırlanacaq; Milad açıqcası günüdür. Hələ də dünyada bu nəsnə insanlar üçün bir-birini təbrik etməyə yetərlidir. Bir vaxtlar bizdə də 8 martda oğlanlar qızlara, 23 fevralda qızlar oğlanlara, Yeni ildə, eləcə də 1 may və 7 noyabr paradları günlərində isə hamı bir-birini açıqca yazaraq təbrik edirdi, üstəlik, ad günlərinin də bir təbrik vasitəsiydi açıqca. Ancaq hazırda açıqca adlı nəsnəni unutmuşuq, arxivin uzaq küncünə atmışıq; Fransada milli miryan günüdür, bu bir məşvərət komitəsidir, Fransa hökumətinin sekulyarizm (dövlətin dindən asılılığına yol verməmək) prinsiplərinə riayət etməsini izləyir, ona dəstək verir; Ruslar 9 dekabrı opera günü kimi qeyd edirlər, belə ki, 1842-ci ildə Peterburqda Qlinkanın “Ruslan və Lyudmila”, 1836-cı ildə isə “İvan Susanın” operalarının premyerası olub. O ki qaldı ABŞ-a, bu gün onlarda Milli qənnadı məmulatları günüdür.
Korefey sənətkarımız, Krım tatarları, Van Deyk
1973-cü ilin bu günündə SSRİ xalq artisti, adı çəkiləndə insanların üzünə təbəssüm qonan Lütvəli Abdullayev dünyadan köçüb. Şəkidə dünyaya göz açan, cəmi 59 il ömür sürən bu korifey aktyor çoxsaylı kino və teatr rolları ilə komediyanın və yumorun əsl mahiyyətini ortaya qoyurdu, çox təəssüf ki, yağışdan sonra göbələk kimi artan bugünkü şit və dayaz komediya aktyorları bu mahiyyətdən çox-çox uzaqdırlar.
Bu gün “siçan günü”dür həm də. Amma söhbət zəhlətökən boz siçandan getmir, kompüter siçanından gedir, belə ki, ilk dəfə o 1968-ci ilin bu günündə üzə çıxıb. Onu kəşf edən isə amerikalı Karl Enqelbartdır; 1917-ci ilin bu günündə qan qardaşlarımız olan və indi repressiyalar məngənəsində boğulan Krım tatarları qurultay keçirərək Krım xalq respublikasını yaradıblar; 1909-cu ildə dünya futbolunun top klublarından biri – Dortmundun “Borrusiya” klubu yaranıb. Ölkəmizdə “Borrusiya”sevənlər heç də az deyildi, Mxitaryanın transferi onların sayını sıfıra çatdırdı vaxtında; 1717-ci ildə alman incəsənətşünası, antik incəsənətin ilk tədqiqatçısı İoxim Vinkelman dünyaya gəlib. 1641-ci ildə dahi flamand rəssamı, zadəgan və intim portretlərin nömrə bir ustası Antonis Van Deyk, 1048-ci ildə isə Orta Asiyanın dünyaşöhrətli ensiklopediyaçı alimi Əl Biruni dünyadan köçüblər.
Yükdaşıyanlar günü
Bu günün daha bir təyinatı var, yükdaşıyanlar günü. İlk baxışdan ağlınıza Məşədi İbaddan bir abbası istəyən hambal gəldi, düzdürmü? Amma günün anlamı daha böyükdür. Sözün hərfi mənasında çiyinlərini ağır yüklərin altına verib ruzi qazanan insanların günüdür bu gün. Tikintidə daş daşıyanlar var, anbarlarda un kisələri daşıyanlar var, onlar gündüzlər işləyirlər, axşamlar da dinclərini alırlar. Amma həm də daha ağır yüklər var, “problem”, “dərd” adlı. Bu yüklərin daşınma müddəti gecəli-gündüzlüdür özü də. Bugünkü Yükdaşıyanlar günündə həmin bu məcazi mənada yükdaşıyanları da gəlin yad edək, hamısına bir ağızdan “yükünüz yüngülləşsin” deyək.
Varis, “Həftənin təqvimi”ndən
“Ədəbiyyat və incəsənət” (09.12.2022)
Azərbaycan rəssamlarının fırçasında Mərakeş
Bu Şimali Afrika ölkəsi indi çox populyardır. Qətərdə keçirilən futbol üzrə dünya çempionatında əzəmətli İspaniyanı mübarizədən kənarlaşdıraraq dörddə bir finala çıxan mərakeşlilərdən indi hamı danışır. Bizsə bu ölkə ilə bağlı futboldan deyil, rəngkarlıqdan danışacağıq. Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində "Mərakeş Azərbaycan rəssamlarının gözü ilə" mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mərakeşin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş ölkələrimiz arasında möhkəm dostluq əlaqələrindən danışıb, həm rəsmi Rabatla Bakının öz regionlarında dözümlülük və multikulturalizm mərkəzləri olduğunu qeyd edib.
Diplomat hər iki ölkənin özünəməxsusluğu və zəngin mədəniyyəti ilə fərqləndiyini deyib.
Sonra Mərakeş və Azərbaycanın mahnılarından ibarət konsert olub.
Xatırladaq ki, Mərakeş səfirliyi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində 6-18 yaşlı azərbaycanlı rəssamlar üçün müsabiqəyə bu ilin avqustunda start verib.
Rəsm müsabiqəsində Azərbaycanın bütün bölgələrindən 500-dən çox gənc rəssam iştirak edib. Üç kateqoriyada keçirilən müsabiqədə 9 nəfər qalib adına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Bursada “Şuşada ürəyim qaldı” tamaşası nümayiş etdirilib
Bursada keçirilən Şuşa Günləri çərçivəsində “Şuşada ürəyim qaldı” tamaşası nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında təqdim edilən tamaşa görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, musiqi tərtibatçısı Xalq artisti Eldar Mansurov və quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
Azərbaycanın başına uzun illər boyu müsibətlər gəlməsinə baxmayaraq, ölkəmizin bu müsibətlərin içindən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışması səhnə əsərinin əsas ideyasını təşkil edir.
General Sisianovun Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışılan və İbrahim xanın qızı Ağabəyim ağanın müsibətlərindən bəhs edilən tamaşada Azərbaycan xanlıqlarının əslində müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çatdırılır.
Tamaşadan sonra “2022 Türk Dünyasının Mədəniyyət Paytaxtı Bursa” mövzusunda foto yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi və sərgi keçirilib.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunan musiqi axşamı keçirilib
Görkəmli müğənni, pedaqoq, Xalq artisti Şövkət Ələkbərovanın 100 illik yubileyi mədəniyyət ocaqlarında müxtəlif tədbirlərlə qeyd olunur.
Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində unudulmaz müğənninin yubileyinə həsr olunan konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertdən öncə T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Gülnarə Səfərova bildirib ki, gənc nəslin Şövkət xanımın repertuarına müraciət etməsinin məmnunluq doğurur: “Şövkət Ələkbərovanın yaradıcılığına nəzər yetirsək görərik ki, o daha çox vətənpərvər ruhlu mahnılar ifa edib. Çox xoşbəxtəm ki, bugünkü konsertdə həmin mahnılar yenidən ifa olunacaq”.
Gecədə əvvəlcə Şövkət Ələkbərovanın ifasında “Şən Azərbaycan” mahnısının lent yazısı nümayiş olunub. Sonra Ş.Ələkbərova adına 20 nömrəli Musiqi məktəbinin şagirdləri Ümidvar İsmayılov C.Cahangirovun “Cənnətim Qarabağ”, Kənan Sultanov isə T.Quliyevin “Azərbaycan” mahnılarını ifa ediblər.
Konsertdə Əməkdar artistlər Zakir Əliyev, Nurlan Növrəsli, Nuriyyə Hüseynova, ifaçılar Nurlana Abdullayeva, Nurlan Əzizbəyli, Taleh Yahyayev, Nigar Cəlilova, Nəsimi Məmmədov, Aynur İsgəndərli, Vəfa Cəfərova, Cəlal Kərimov, Vəfa Vəzirova, Samir Piriyev, Talıb İsgəndərli, Aişən Eminli, həmçinin xanəndələr Kamilə Nəbiyeva, Rəvanə Qurbanova və Səbinə Ərəbli çıxış ediblər.
Proqramda T.Quliyevin “İlk bahar”, “Axşam mahnısı”, “Gül oğlum”, “Sən mənimsən, mən sənin”, E.İbrahimovanın “Mən sənin yanına qışda gəlirdim”, T.Əhmədovun “Güldür məni”, E.Sabitoğlunun “Ağ çiçəyim”, “Dərələr”, “Azərbaycan”, H.Xanməmmədovun “Gözünə qurban”, R.Mirişlinin “Bir könül sındırmışam”, “Sənin vüqarın mənəm”, N.Qəmərlinskinin “Yavaş-yavaş”, C.Cahangirovun “Ana yurdum” və Qəmbər Hüseynlinin “Qoy dolanım başına mən” mahnıları səsləndirilib.
İfaçıları F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti (musiqi rəhbəri: Mahir Ordubadi) müşayiət edib.
Bütün çıxışlar alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
“YAŞAT” həqiqətən də yaşadır!
“YAŞAT” Fonduna iki ildə 76 milyon manata yaxın vəsait toplanıb
Ötən gün “YAŞAT” Fondunun yaradılmasından iki il ötdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə təsis edilən “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
Bəs “YAŞAT” Fondu bu iki ildə hansı işlər görüb? “Ədəbiyyat və incəsənət” sizlər üçün bu sualı məmnuniyyətlə cavablandırır. Rəqəmlərə diqqət edək. Bu günədək “YAŞAT” Fonduna 75 milyon 846 min 318 manat 85 qəpik vəsait toplanıb. Həmin vəsaitin 71 milyon 612 min 351 manat 53 qəpiyi Fondun fəaliyyət istiqamətləri üzrə xərclənib. Bildirilib ki, “YAŞAT” Fondunun dörd fəaliyyət istiqaməti var və toplanan vəsaitin 41 milyon 42 min 300 manatı məişət şəraitinin yaxşılaşdırılması, 22 milyon 449 min 998 manat 4 qəpiyi müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, 6 milyon 772 min 442 manat 30 qəpiyi istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 1 milyon 347 min 611 manat 19 qəpiyi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə sərf olunub. Qalıq məbləğ isə 4 milyon 233 min 967 manat 32 qəpikdir.
Fondun əməkdaşları 3 min 4 şəhidin ailə üzvləri, həmçinin 6 min 230 yaralı olmaqla 17 min 670 şəxslə görüşüb, onların ehtiyaclarını qeydə alıblar. Onlardan 14 min 744 şəxsin 35 min 175 müraciəti icra üçün öhdəliyə götürülüb. Ümumilikdə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə 15 min 694, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 12 min 253, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə 2 min 198, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə isə 432 müraciət təmin edilib. Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 min 392 manat 73 qəpik borc ləğv edilib. Həmçinin Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 492 min 581 manat 99 qəpik vəsait qarşılanıb.
Ötən müddət ərzində 184 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib. Onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi qardaş ölkədə davam edir.
Həyata keçirilən layihələrdən biri də 2020-ci il sentyabrın 27-dən sonra dünyaya gələn şəhid övladları ilə əlaqədardır. “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş 104 şəhid övladının zəruri xərclərinin qarşılanması məqsədilə min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb. Həmçinin hər iki valideynini itirən 7 şəhid övladının da adına 5 min AZN məbləğində depozit hesabı açılıb ki, onların sırasına Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Bu gün “YAŞAT” Fondunun yaradılmasının ikinci ildönümüdür
Bu gün “YAŞAT” Fondunun yaradılmasından iki il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə təsis edilən “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
Buninla bağlı 7 saylı Bakı “ASAN xidmət” mərkəzində mətbuat konfransı təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Fondun ikiillik fəaliyyətini nümayiş etdirən videoçarxın nümayişi ilə başlayıb. Ardınca “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatla çıxış edib. Qeyd olunub ki, bu günədək “YAŞAT” Fonduna 75 milyon 846 min 318 manat 85 qəpik vəsait toplanıb. Həmin vəsaitin 71 milyon 612 min 351 manat 53 qəpiyi Fondun fəaliyyət istiqamətləri üzrə xərclənib. Bildirilib ki, “YAŞAT” Fondunun dörd fəaliyyət istiqaməti var və toplanan vəsaitin 41 milyon 42 min 300 manatı məişət şəraitinin yaxşılaşdırılması, 22 milyon 449 min 998 manat 4 qəpiyi müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, 6 milyon 772 min 442 manat 30 qəpiyi istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 1 milyon 347 min 611 manat 19 qəpiyi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə sərf olunub. Qalıq məbləğ isə 4 milyon 233 min 967 manat 32 qəpikdir.
Fondun əməkdaşları 3 min 4 şəhidin ailə üzvləri, həmçinin 6 min 230 yaralı olmaqla 17 min 670 şəxslə görüşüb, onların ehtiyaclarını qeydə alıblar. Onlardan 14 min 744 şəxsin 35 min 175 müraciəti icra üçün öhdəliyə götürülüb. Ümumilikdə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə 15 min 694, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 12 min 253, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə 2 min 198, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə isə 432 müraciət təmin edilib. Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 min 392 manat 73 qəpik borc ləğv edilib. Həmçinin Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 492 min 581 manat 99 qəpik vəsait qarşılanıb.
E.Hüseynovun sözlərinə görə, ötən müddət ərzində 184 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib. Onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi qardaş ölkədə davam edir.
Həyata keçirilən layihələr haqqında məlumat verən Fondun rəhbəri deyib: “Həyata keçirilən layihələrdən biri də 2020-ci il sentyabrın 27-dən sonra dünyaya gələn şəhid övladları ilə əlaqədardır. “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş 104 şəhid övladının zəruri xərclərinin qarşılanması məqsədilə min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb. Həmçinin hər iki valideynini itirən 7 şəhid övladının da adına 5 min AZN məbləğində depozit hesabı açılıb ki, onların sırasına Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir”.
Mətbuat konfransı zamanı yashat.gov.az rəsmi internet saytından edilən onlayn ianələr zamanı vətəndaşlara təqdim olunan “İanə sertifikatı” haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, sertifikat Fonda ianə etmiş şəxslərə təşəkkürü simvolizə edir. Vətəndaşlar istədiyi şəxsin adından ianə etməklə həmin sertifikatı hədiyyə də edə bilərlər.
Xatırladaq ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Bursada Şuşa Günləri keçirilir
Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində Şuşa Günləri keçirilir. Tədbir çərçivəsində “Türk Dünyasının mədəniyyət paytaxtı” statusu Bursadan Şuşaya təhvil veriləcək.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirin ilk günü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və Bursa valisi Yakup Canbolat “Bursa İli” çərçivəsində ortaq mədəniyyətimizi özündə əks etdirən festivalların, idman oyunlarının, təbliğat proqramlarının və bir çox digər tədbirlərin keçirildiyini, bununla əlaqədar türk dünyasından çox sayda siyasətçinin, mədəniyyət və elm xadimlərinin Bursaya gəldiklərini deyiblər.
“Türk Dünyasının mədəniyyət paytaxtı” statusunun gələn il Şuşaya keçəcəyini xatırladan çıxışçılar iştirakçılara Şuşa haqqında geniş məlumat veriblər.
Bildirilib ki, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri 30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Zəfərlə azad edilib və bu hadisə türk tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir.
Qeyd edilib ki, işğal dövründə ermənilər tərəfindən Şuşanın mədəni-mənəvi irsi, o cümlədən tarixi abidələri və məscidləri dağıdılıb, şəhər viran qoyulub. Hazırda Azərbaycan dövləti bu ərazilərdə bərpa-yenidənqurma işləri aparır. Yaxın zamanda vətəndaşlarımızın doğma yurd-yuvalarına köçürülməsi dövlətimizin əsas məqsədlərindən biridir.
Qəhrəmanlıq, fədakarlıq və eşqin dastanı olan Şuşanın mədəni irsi, əsrarəngiz təbiəti, bəşəri mirasa böyük fikirlər bəxş edən şairləri, yazıçıları və dahi musiqiçiləri kimi tarixi şəxsiyyətləri ilə dünyada tanındığını deyən natiqlər şəhərin işğaldan azad edilməsi ilə yenidən həyata qaytarıldığını, mədəni və tarixi mirasımıza yenidən bəxş edildiyini vurğulayıblar.
Bildirilib ki, Azərbaycan xalqı üçün xüsusi məna kəsb edən Şuşanın “Türk Dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, eyni zamanda, türk dünyası xalqları arasında birlik və bərabərliyin daha da möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Şuşa Azərbaycanın tarixini özündə əks etdirən açıq havada muzeydir. Bundan sonra Şuşada Xarıbülbülün qoxusu hiss ediləcək, Qarabağ atları qamətini görəcək və Azərbaycan mədəniyyətinin paytaxtı dünyaya layiqli şəkildə nümayiş olunacaq.
Türkiyə-Azərbaycan münasibətlərinə toxunan natiqlər Türk dünyasının hər dövlətinin Türkiyə üçün əhəmiyyətli olduğunu qeyd ediblər. Bildirilib ki, xüsusilə Azərbaycanın bütün məsələlərini Türkiyə hər zaman öz məsələsi kimi qəbul edilib. Ölkələrimiz arasında birliyin əsas memarları Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. İki dahi liderin nümayiş etdirdiyi birlik dünya üçün nümunədir.
Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” statusunun Bursadan Şuşaya keçməsi məqsədilə Bursada keçirilən Şuşa Günlərinin təşkilində əməyi olanlara təşəkkürnamələr və xüsusi plaketlər təqdim edilib.
Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, dövlət qurumlarının nümayəndələri və digərləri iştirak ediblər.
İki gün davam edəcək Şuşa Günləri çərçivəsində Azərbaycanın mədəniyyətini, milli dəyərlərini və geyimlərini özündə əks etdirən tədbirlər təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Günün fotosu: Zelenski ilin adamı seçildi
Günün fotosu: Zelenski ilin adamı seçildi
Amerikanın Time jurnalının versiyasında Ukrayna prezidenti Volodimir Zelenski ilin adamı seçilib.
Qeyd edək ki, Time-ın versiyası analoji versiyalar arasında ən nüfuzlusu hesab olunur.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)