Super User

Super User

 

 

Aida Eyvazlı yazır

 

Mən həmişə demişəm, daşlara inanın, daşların şahidliyi çox güclü olur. Bəlkə də bu sübutlar dünyanın bəzi yerlərində hələ də ölməyən insanlığa lazım olacaq... Bəlkə də hansısa bir ölkədə bu filmin ingilis, fransız, ərəb dilində nümayişindən sonra, faciəmizin ağırlığını, dərdimizi başa düşən olacaq???

 

***

Bu xəbəri sizlərə çatdırmışdıq. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə, ANS Şirkətlər Qrupu, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, Balans Milli Rəqəmsal Bərpa Studiyasının təqdimatında Cinema Plus kinotearında ssenarist və rejissor Vahid Mustafayevin “Qaytarılan Torpaq” sənədli filminin təqdimatı olub.

Filmin süjet xətti erməni artilleriyasının dayanmadan atdığı mərmilərindən qorunmaq üçün Füzuli şəhərini məcburən tərk edən gənc, iki körpə uşaq anası, müəllimə Hürrüyə Hüseynova və Füzulini qorumaq üçünBakıdan əlinə silah alıb gələn bəstəkar-şair Rasim Müzəffərlinin həyat  hekayələri üzərində qurulub.

Hər iki hekayənin qəhrəmanı 1993-cü ildə reportyor Vahid Naxışın kamerasına həkk olunmuşdu, aradan 30 ilə yaxın vaxt keçəndən sonra 2021-ci ildə rejissor Vahid Mustafayevin dramaturju xətti ilə onlar  “Qaytarılan torpaq” sənədli filmində də eyni kameraya tuş gəldilər.

...Qara ekranda ağ yazılar gedəndən sonra dağıdılmış, viran olmuş yurd yeri gəlir ekrana, sonra o xarabalığa gedən yol, yolun ardınca  ancaq 2020-ci ilin sentyabrından sonra gördüyümüz dağılmış, xarabaya çevrilmiş, ya təkcə  pəncərə yeri qalan, darvazası olmayan, vəhşi təbiətin şıltaqlığına uyğun kimsəsiz həyətlərində ot-ələf,  yabanı ağaclar bitən məhəllələr, uçurulmuş divar kimi qalan xərabət evlər görünür...

Sonra filmin qəhrəmanı Hürriyə Hüseynova danışır:

-Mən Füzulidən çıxanda evimizi abad qoyub çıxmışdım. Ötən 30 ilə yaxın müddətdə xəyalımda ordan çıxdığım Füzuli şəhəri  qalıb. Xoşbəxtliyim, orada yaşayan  insanların gözəl siması, isti ocağım... Elə bilirdim ki, qapımı açıb, içəriyə keçəcək, həmin xoşbəxtliyimə qovuşacağam. Bu viranəliyi, bu xarabalığı görəndə bir daha əmin oldum ki, mənim keçmişim yoxdur, hər şeyi itirmişəm...

...Yenə o xərabət, Füzuli rayonunun xərabəti gəlir ekrana... Beynimdən  ildırım sürəti ilə bir fikir keçir: “Bu xərabətlərin müəllifi İmperialist Rusiyasıdır, Rusiyanın qanlı imperiya maraqları, Azərbaycana müstəqilliyinin bağışlamamasının intiqamı, qisasıdır...”.

Çəkiliş qrupunun avtomobilləri  o xaraba qalmış evlərin arası ilə irəliləyir... Və insan gördüyündən dəhşətə gəlir. Bir yurdu da bu qədər qəddarcasına dağıdarlarmı, viranə qoyarlarmı? Bizim kimi qonaqpərvər, sülhsevər bir millətə bu boyda qəsdin səbəbi nədir axı?

Sonra ekranda  Rasim Müzəffərin 30 il əvvəl  Vahid Naxışın kamerasına yansımış Füzuli rayonundan götürdüyü torpaq səhnəsi görünür. ANS-in çəkiliş qrupu sonuncu dəfə 1993-cü il 24 avqustda Füzulidə olanda Ramiz Müzəffərli oradan torpaq götürmüşdü...  O torpağı saxladımı? O torpağın axırı necə oldu....

Ən dəhşətlisi də bilirsiniz nədir? Ekranda köhnə kadrlar --30 il bundan əvvəl yollara tökülən insan köçü, düzün ortası, dəmir çarpayı, bir ağacın kölgəsində yığışıb, oynaşan uşaqlar səhnəsi gəlir.  Üst-başları çirk-pas içərisində, hiss olunur ki, həm də çox çaşqındırlar... Yolun qırağında tökülüşüb qalıblar. Böyüklü-kiçikli gəlib-gedənin qabağına qaçırlar ki, bəlkə evlərindən bir xəbər ola.... Bəlkə kimsə deyə ki, qayıdın evinizə... Daha bu çöllü-biyabanda yol gözləməyin... Çölün düzündə dünyadan xəbərsiz bir balaca uşaq da nimdərçənin üstündə dərin yuxuya gedib... Qadınlar baş-başa verib ANS-in peportyoru gənc Vahid Mustafayevin kamerasına dərdlərini danışırlar, üsyan edirlər ki: “deyirlər, erməni doluşub Füzuliyə, bizi də dərəyə-düzə səpələyiblər... “.

...Yolun qırağıdır... Köç gedir... Kimin əlinə nə düşübsə traktor lapetinə, zil maşınına doldurub daşıya  bildiyini aparır...

Hadisələr 1993-cü ildə baş verir... Hurriyə müəllimə deyir ki, bu nə gündür... zərli-zibalı ev qoyub çıxmışam... riyaziyyatdan yaxşı oxuyur oğlum, bu düzlərdə mən onun üçün hansı günü- güzəranı ağlayacam... haraya gedək, neyləyək... Bizdən heç kimin xəbəri yoxdur...

Bir qadın da üsyan edir ki, uşaqları ilan-çayırdan qoruyuruq... Gündüz isti döyür başımıza, gecə də uşaqları qoruyuruq... Bir kişi də kənarda tapdığı taxta, ağac dirəklərini yerə basdırır ki, sığınacaq qursun  burdakılara...

Ekranda kadr dəyişir... İndi isə kadrda yaşlı bir qadın görünür... Danışmağa başlayandan sonra anlaşılır ki, o Əhmədbəylidə 1993-cü ilin kadrlarındakı çöllü-biyabanda üsyan edən müəllimədir...

Bu gün isə Hurriyə Hüseynova viran olmuş evinin qarşısındadır... Qorxudanmı, dəhşətdənmi gözləri bərəlib, donub...  Evindən qalan uçuq divara yaxınlaşır... Operator addım-addım izləyir qadını...

Bizim yurdlarda evlərin pəncərələri taclı və qövsvari qurular. Füzulidə də  bu milli adətimizi qoruyubmuş evtikənlər. Qadın uçulmuş divara və şüşəsiz pəncərə taxçalarına toxundurur əllərini, daşlara sığal çəkir, olmayan qapının tağından içəri keçir... Nə vaxtsa bu qapıdan içəriyə gəlin kimi keçmişdi... Nə vaxtsa bu həyətdə qonaq-qaranın, uşaqların toylu-düyünlü səs-küyləri var idi...

İndini deyə bilmərəm, o vaxtlar  elimizdə-obamızda bir ənənə var idi ki, məhəllədə, kənddə ev tikənə qonşular yardım edərdi... Özü də ki, belə bölgələrdə də yurdun  evini çay daşlarından, dağdan ayrılmış sal daş parçalarından tikərdilər... Hürriyəyə də bu evi gəlin otağı kimi tikib hədiyyə etmişdilər. Müəllimə əllərini daşların üzərində gəzdirdikcə, düşünürəm ki, o daşlarda, uçurulub, dağıdılıb ölmüş divarda onu tikən ustaların nəfəsi var, əl izi var... Bəlkə də indi divar  öz doğmasını tanımışdı... Hürriyə müəllimə əlini üşüyən və yetim daşlara çəkdikcə, mənim də göz yaşlarıma hakim ola bilmirəm, elə bil ki,gözlərim Füzuli şəhərinin həmin məhəlləsindəki gözü tutulmuş bir bulaq idi, indi açılıb deyə, dayanmadan sel kimi axır göz yaşlarım, boğazımı, sinəmi isladır... Mən o dağılmış evi, həyəti ekranın bu üzündən hiss edirəm...

Mən ömrümüzün 1988-ci ldən sonrasını insanlarımızın yurd, ocaq faciələrini beləcə hiss edib ürəyimə yaza-yaza yaşadım. Mənim ürəyim bəlkə də dünyanın ən böyük dərd, nisgil, həsrət, şəhid qəbristanlığıdır... Ona görə də dağıdılmış yurdlara, yıxılmış qocaman ağaclara, sındırılmış qalalara, tarixi abidələrə ağrısız, həyəcansız baxa bilmirəm. Göz yaşlarımla dərdlərimi soyutmağa çalışıram.

“İnsafı olmayan” operator da kadrları o qədər peşəkarcasına işləyib ki, adamın ürəyini partladır...

Bir kadrda müəllimənin torpağa basdığı ayaq təmasını göstərir... İstəyirəm qışqıram ki, amandır, o torpaq yaralıdır, onun üstündə asta gəz... Göy üzündə Tanrıya hisrlənirəm... Soruşuram ki, harda idin o vaxtlar? Hara getmişdin?

Gəlin getdiyi, beşik yellədiyi  evin xərabətində gəzir müəllimə. Deyir ki:

“... mən buranı qoyub gedəndə cavan gəlin idim, indi nənəyəm... Mən buradan çıxanda evimdən heç nə götürmədim. Qapını bağlayıb, açarı götürdüm. Fikirləşirdim ki, 3 gün, 5 gündən sonra qayıdacam... Xoşbəxt ailə həyatımı yaşayacam... Kürəyimdə evimin aırlığını apardım...

İndi qayıtdım, 30 ildən sonra... Faciədir, bədbəxtlik, hər şeyi qoyub getmək faciədir, xoşbəxtliyimi, gəncliyimi qoyub getmişəm... İndi bu xarabalıqda onu haradan tapım... İnsan da öz xoşbəxtliyindən əl çəkərmi? Bundan böyük faciə var?”.

Hürriyə müəllimənin suallarına kim cavab verə bilər?  ATƏT-in Minsk qrupu dəfələrlə gəlib , bu yerlərdən keçdi... Görəsən  Kaspirşik heç onları burada gəzdirən təcavüzkar ermənidən, rus hərbçisindən soruşdumu ki, buraları kim belə xərabətə döndərdi? Kim talan etdi? Bu yerlərin daşını, divarını haraya daşıdınız?!

ANS TV  ermənilərin işğal dövründən operativ TV və xəbərçimiz idi. Cəbhə bölgəsindən həqiqətləri çatdırırdı xalqa... “Qaytarılan torpaq” filimində həmin illərdə Füzuli uğrunda döyüşən oğlanların kadrları, döyüşləri gəlir ekrana... İndi o oğulların ancaq ekrandakı görüntüləri qalıb. Hamısı şəhiddir... Aralarında kəşfiyyatçı komandir Hacı Əsədov da var...

Payızın havası gəzən bu ünvansız həyətdə ot basmış xaraba evin o tək divarına çayırlar, otlar dırmaşıblar, yarpaqların rəngləri də payızın özü kimi qızarıb, kənardan  adama elə gəlir ki, divarlar qan ağlayır, uçuq divara qan çilənib.

Müəllimə bayaq demişdi axı, mən çıxanda heç nə götürmədim... Yeni kadrda həmin o paramparça olan daşların xərabətindən bir pul qabı, bir tay qırmızı uşaq ayaqqabısı, qazan qapağı tapır...

Bu evi və ətrafındakı evləri, kəndləri, rayonları, şəhərləri daş-daş, qapı-qapı,darvaza-darvaza, mebel dəstləri ilə talayıb aparan  İran farslarının, ermənilərin boş pul qabı və bir uşaq ayaqqabısı nəylərinə lazım idi ki?

Lakin tarixə lazım imiş... İndi vəhşi ermənilərin, onların havadarı olan İran farslarının, rus müharibəsevənlərinin əməllərinin şahidi kimi məhkəmələrdə sübut etməyə lazım imiş. Qalaq-qalaq sındırılmış daş parçaları o ayaqqabı tayını, o gəlinlik pulqabısını, o qazan qapağını düşmənlərdən gizlədib, şahid və dəlil-sübut kimi saxlayıb. Mən həmişə demişəm, daşlara inanın, daşların şahidliyi çox güclü olur. Bəlkə də bu sübutlar dünyanın bəzi yerlərində hələ də ölməyən insanlığa lazım olacaq... Bəlkə də hansısa bir ölkədə bu filmin ingilis, fransız, ərəb dilində nümayişindən sonra, faciəmizin ağırlığını, dərdimizi başa düşən olacaq???

Müəllimə qazanın qapağını əlindəki dəsmalla silir... Axı bu evdə həmişə bər-bəzəyini, səliqəsini qoruyub saxlayardı... İndi adəti üzrə bu həyətdə yuduğu qazanı silib-təmzilədiyi kimi, yenə mexaniki olaraq eyni işi görür... Sonra  8 yaşlı uşağına aldığı qırmızı ayaqqabını tapır, o illərin xatirələrini danışır... Deyir ki: “...mən öz vətənimidə qürbət çəkmişəm... Bunun özü də vətənsizlikdir... mənim balamın , mənim həyatımı bu günə qoyanlar bu kadrlara baxıb utansınlar...”.

Operatorun 1993-cü ildə hospitalda  çəkilmiş kadrları gəlir ekrana... Yaralı əsgər deyir ki, sağalandan sonra, davaya qayıtmaq istəyirəm, komandiri də deyir ki, torpağı azad edəcəyik...

Gördünüzmü... Bizim ruhumuzu bu 30 ildə heç kim dəyişə, qıra bilmədi. O gündən bu günə qədər baş verən bütün döyüşlərdən yaralı çıxan əsgərlərimiz, vətəndaşlarımız, qəhrəmanlarımız belə deyirdilər...

Ekranda  saçları ağappaq olmuş  bəstəkar şair Rasim Müzəfərli görünür. O 30 il əvvəl 1993-cü ildə Vahid Mustafayevlə sonuncu dəfə Füzuli boşaldılan ərəfədə həmin yerlərdə olmuşdu. Onlar Füzilidə sonuncu dəfə olanda şəhər boş imiş. Vətənin içərisində olan xainlər isə yollara tökdükləri köçkünlərə deyirlərmiş ki, ermənilər şəhəri qəsb edib...  ANS çəkiliş qrupu buraya gələndə şəhərdə nə erməni, nə də azərbaycanlı hərbi birləşmələrinə rast gəlmirlər.

Yeni çəkilən kadrlarda Rasim Müzəffərli  param-parça, tikə-tikə olmuş xərabətə çevrilmiş  daşların üzərində oturub... O günlərdən, o xatirələrdən danışır... Ekranda Rasim Müzəffərlinin  30 il bundan əvvəl çəkilən kadrları görünür... Əyilib torpağı qazır, bir kağızın içərisinə yığır...  Sonra  həmin illərdən danışır:

-O torpağı götürəndə elə bil ürəyimə dammışdı ki, hələ buralara qayıda bilməyəcəyik... Bakıda harasa səpmək üçün götürmüşdüm... Zaman aman vermədi... İndi isə götürdüyüm yerə qaytardım torpağı...

...və Ramiz Müzəffərli 30 il əvvəl götürdüyü torpağı yenə də həmin yerə səpir...

Mənim isə könlümdə təlatümlər, yanağımdan süzülən göz yaşlarım... düşünürəm ki, buradan gedən kimi oturub Putinə, Makrona, Rəisiyə məktub yazacağam ki, törətdiyiniz bu cinayətdən, tökdüyünüz qanlardan, atdığınız bombalardan utanırsınızmı? Niyə gəlib bir dəfə də olsun azad etdiyimiz yurdlara baxmırsınız? Niyə? Gəlin yaratdığınız “Xərabət” tablosuna baxın...  Azərbaycanın viran olmuş torpaqlarında, yurdlarında yaranan xərabətlər sizin əsərinizdir...

“Qaytarılan torpaq” sənədli filminin sonunda titrlərdə yazılar görünür:

“...24 avqust 1993-cü il. Füzulidən sonuncu başda Vahid Mustafayev olmaqla, ANS TV-nin çəkiliş qrupu və Hacı Əsədovun rəhbərlik etdiyi kəşfiyyat dəstəsi abidəyə aparan “Daş körpü” vasitəsilə çıxdı...

17 oktyabr 2020-ci il...

44 günlük müharibə zamanı müzəffər Azərbaycan Ordusu Füzuli torpaqlarını azad edəndən sonra,

24 dekabr 2020-ci ildə Həmin abidənin yanından keçərək Füzuliyə daxil oldular... amma əsrlərə dayanmış Daş körpü ilə yox, bu tarixi abidə bütün Füzuli şəhəri kimi təcavüzkarlar  tərəfindən ifrat vandallıqla tam dağıdılmışdı...

Bir də ki... bu dəfə ANS çəkiliş qrupunun yanında komandir Hacı Əsədov yox idi....”.

Anşlaqla bitən filmdən sonra mən Vahid Mustafayevə yaxınlaşıb, gözlərimin yaşını silib, onun alnından öpürəm...

Cinema Plus-un dəhlizində köhnə döyüşçülər və qazilərlə tanış oluram. Onlar deyirlər ki, Füzuli uğrunda 1993-cü ildə döyüşənlərdir. Və onu da deyirlər ki, biz Füzulidən sonuncu dəfə yaralı çıxmışdıq... Lakin o zaman belə xarabalıqlar yox idi. Bütün evlər, küçələr, məhəllələr öz yerində qalmışdı.. İndi bu filmə baxanda keçdiyimiz yerləri tapa bilmirdik...  vandallar, talançılar  qoyub gəldiyimiz yurdları necə də viran ediblər...

Amma biz torpaqlarımızı qaytardıq, əvvəlki gözəlliyi də bərpa edəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2022)

 

Thursday, 08 December 2022 07:00

Yaqub Öməroğlu təltif olunub

 

Ötən gün Ahmet Yesevi Üniversitesinin 30 illiyi Ankarada Cumhurbaşkanlığı Millət Kitabxanasında qeyd edilib.

 

Mərasimdə Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu Ahmet Yesevi Üniversitesi 30 medalı ilə təltif edilib. 

“Ədəbiyyat və incəsənət” portalı Yaqub Öməroğluya istinadən xəbər verir ki, medala görə Yaqub Öməroğlu təhsil ocağının Mütevelli Heyəti Başkanı Prof.Dr Muhittin Şimşekə minnətdarlığını bildirib. 

Medalı ona Cumhurbaşkanlığının Öncəki Baş katibi, bilim ve kültür adamı Prof.Dr. Mustafa təqdim edib.

Türk Dünyasının Ortak elm sərvəti olan Ahmet Yesevi ilə bağlı mükafat almasından dolayı Yaqub Öməroğlu bərk məmnunluq duyduğunu izhar edib.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2022)

Thursday, 08 December 2022 18:00

Əlirza Xələflinin 69-u

 

Elman Eldaroğu yazır

 

Zəhmətkeşlik, işgüzarlıq sonradan qazanılan xüsusiyyət deyil, qandan, ruhdan gəlir. Ömür yolu 1953-cü ildə Cəbrayıl rayonunun Xələfli kəndindən başlayan “Kredo” qəzetinin baş redaktoru, yazıçı, jurnalist, şair Əlirza Xələfli də belə insanlardandır- zəhmətkeş və işgüzar. Onun ömür kitabını vərəqlədikcə hansı əzablara qatlaşdığının, hansı maneələri dəf etdiyinin şahidi olursan...

Çox uğurlara imza atıb, çox adamlara dəstək olub. Ucalıb, ustad səviyyəsinə yüksəlib. 

Dekabrın 7-də onun ad günüydü, 69 yaşı tamam oldu. 

Ustadı bu münasibətlə təbrik edib, möhkəm cansağlığı arzulayaraq haqqında geniş yazımı 70 illik yubileyinə saxlayıram.

69 yaşınız mübarək olsun, Əlirza müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2022)

Rəsm qalereyası: Fikrət İbrahimli, “Bakı”

Thursday, 08 December 2022 11:30

Bir rəssamın ömür səhifələri

 

Rəngkarlıqla bağlı “Ədəbiyyat və incəsənət” portalı sizi maraqlı bir tədbirə dəvət edir. Dekabrın 16-da, saat 18-də Bakı Muzey Mərkəzində  (Səbayel rayonu, Neftçilər prospekti, 49) tanınmış rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı - Ömür səhifələrim" adlı fərdi sərgisinin açılış mərasimi keçiriləcək. 

Giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2022)

Thursday, 08 December 2022 15:00

Özbək mədəniyyətini sevəcəksiniz

 

Özbəkistan mədəniyyəti günləri ilə bağlı oxucularımızı iki maraqlı tədbir barədə bilgiləndirmək istəyirik. 

Dekabrın 17-də Sumqayıtda - Heydər Əliyev Mərkəzində “Daşkənddən Qarabağa könül körpüsü” proqramı olacaq. 

Dekabrın 19-da isə bu dəfə paytaxtda - Beynəlxalq Muğam Mərkəzində Yəsəvi Divanının təqdimatı baş tutacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2022)

 

Mədəniyyət Nazirliyi daha bir layihəsini yekunlaşdırıb. XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin 100 illikləri ilə əlaqədar “Ustad dərsləri həftəsi” çərçivəsində nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Sumqayıt, Gəncə, İsmayıllı Regional Mədəniyyət idarələri tabeliyində fəaliyyət göstərən uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəbi və mərkəzlərinin xor dirijorluğu, xanəndəlik və qanun (kanon) müəllimləri üçün ustad dərslərinin keçiririlməsi başa çatıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin səmərəliliyinin artırılması üzrə fəaliyyətin təkmilləşdirilməsi, optimallaşdırılması, bədii təhsil sisteminin daha da inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılması, təlim prosesinin müasir təhsil standartları əsasında yenidən qurulması və tədris edilən fənlərin təhsilalanlar tərəfindən yüksək səviyyədə mənimsənilməsini təmin etməkdən ibarətdir.

Ustad dərsləri xanəndəlik ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının müəllimi, Əməkdar müəllim Qəzənfər Abbasov, Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin müəllimi Kəmalə Cahangirova tərəfindən aparılıb.

Xanəndəlik, xor dirijorluğu və qanun müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən xor dirijorluğu ixtisası üzrə partitura oxunuşu, xorun təşkili (şagirdlərin səslərinin təyini), dərsin təşkili (nəfəs məşğələləri, idman məşğələləri, səs məşğələləri), musiqi təhlili (əsərin diapazonu, tonallığı, ladı, ifa çətinlikləri, mətni, janrı), ifa növləri (akapella, unison, cüt səslər), xanəndəliklə bağlı ustad dərslərində xalq mahnısı və bəstəkar mahnısının ifası, xanəndəlik ixtisasının tədris proqramı haqqında məlumat (siniflər üzrə muğam və mahnılar) muğamlar, təsniflər, qəzəllər, bayatı, qoşma, vəznlər (heca, əruz) haqqında məlumatlar (mənaları, xarakteri, quruluşu, şöbələri və s.), qanun dərsində isə verilən əsərin alətdə üzdən oxunması (üzdən ifası), hər hansı bir əsərin əzbər ifası (sərbəst seçim), alətin yaranması və inkişaf tarixi, ixtisasın metodikası və metodologiyası (əllərin quruluşu, keçidlər, vibrasiya, pozisiyaların mənimsənilməsi yolları, hər iki əl üzərində qoyulan tapşırıqlar və onların həlli yolları və s.) ştrixlər, dinamika, rəng çalarları, cümlə, ibarə, ifaçılıq mədəniyyəti və s. haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, ustad dərslərdə xanəndəlik ixtisası üzrə 31, xor-dirijorluq ixtisası üzrə 61, qanun ixtisası üzrə isə 20 müəllim iştirak etmişdir. Bundan əlavə, aparıcı bədii təhsil müəssisələrinin istedadlı şagirdləri öz çıxışları ilə ustad dərslərə rəng qatıblar.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2022)

Thursday, 08 December 2022 12:30

Netflix plagiatda günahlandırılır

 

Braziliyadan olan bir yazıçı Netflix-i “1899”serialında müəllif hüquqlarını pozmaqda günahlandırır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı The Daily Mail-ə istinadən xəbər verir. 

 

Belə ki, Braziliyanın San Paulo şəhərindən olan yazıçı Meri Kanyin öz tvitterində yazıb ki, Netflix-in yayımladığı “1899” adlı yeni serial onun 2016-cı ildə yazdığı "Qara sükut" qrafik romanına bənzəyir. Merinin  sözlərinə görə, serialda onun əsərində təsvir olunan piramidalarla bağlı mövzu qaldırılır. Kanyin servisi qəhrəmanın ölümü epizodları da daxil olmaqla kitabının süjetindəki bəzi detalları serialda istifadə etməkdə günahlandırır. Yazıçı, işinin bu şəkildə istifadə edildiyini - oğurlandığını aşkar edərkən ürəyinin "qırıldığını" qeyd edərək, Netflix-i plagiatlıqda günahlandırır. Servisin  filmi çəkməzdən əvvəl onunla əlaqə saxlamadığını və ya layihəyə başlamaq üçün heç bir icazə almadığını qeyd edən yazar bir xəyal qırıqlığı yaşasığını söyləyir. 

 

İndi də keçək qarşı tərəfin mövqeyinə. “1899” filminin prodüseri Yantye Frize sosial şəbəkələrdə plagiat ittihamlarına cavab olaraq serialın orijinal bir hekayə olduğunu və plagiat olmadığını yazıb. "Bu vaxta qədər deyilən romanın varlığını belə bilmirdik. Təxminən iki ildir ki, “1899”-un yaradılması üzərində tər və qanla işləyirik. Bu orijinal süjetdir, heç bir əsərə əsaslanmır" şəklindədir onin cavabı. 

Daha əvvəl isə ünlü rejissor Kventin  Tarantino repçi Kanye Uestin plagiat ittihamlarına cavab vermişdi.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2022)

 

Hörmətli “Ədəbiyyat və incəsənət” portalı. Yaşadığım Səmərqənd Teatrının Bakıya qastrola getməsi barədə məlumat oxumuşdum. Amma təəssüf ki, bu qastrolun gedişatı barədə heç bir məlumat ala bilməmişəm. Mümkünsə, məlumat verərdiniz.

Duyğu Rəhmanova, Səmərqənd, Özbəkistan.

 

Məmnuniyyətlə. Özbəkistanın Səmərqənd Vilayətinin Kattakurqan Dövlət Dram Teatrının yaradıcı heyəti Bakıya qastrola dükabrın 2-də gəlmişdi. Həmin gün onların ilk çıxışı azərbaycanlı tamaşaçılar tərəfindən coşqu ilə qarşılandı. Qardaş ölkənin sənət ocağının kollektivi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında üç gün xoş ovqat yaratdı. Onlar Azərbaycanın klassik səhnə əsəri olan “Qaynana” (M.Şamxalov) komediyasını özbək dilində nümayiş etdirdilər. 

Həmçinin özbəkistanlı qonaqlar teatrın inzibati binası ilə tanış oldular, teatrda məşqləri davam edən yerli tamaşaların hazırlıq prosesini izlədilər. 

Özbək sənətçilər dekabrın 5-də sonuncu dəfə Bakı tamaşaçılarının qarşısında “Qayınana” tamaşası ilə çıxış etdilər.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2022)

 

Önəmli layihələrə imza atan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi münasibətilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi mediaya məlumat yayıb. 

Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə şairin bir sıra əsərləri tərcüməçi Şaxlo Qasımova tərəfindən özbək dilinə çevrilərək nəşr edilib. Nəşrin ədəbiyyatsevərlərin iştirakı ilə Bakıda Beynəlxalq Kitab sərgisində təqdimatı olub. 

Növbəti təqdimatı isə bu gün Daşkənddə Özbəkistan Yazıçılar Birliyində nəzərdə tutulur. 

Azərbaycan Mədəniyyət Mərkəzinizin sifarişi ilə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın əsərləri əsasında xüsusi konsert proqramı hazırlayıb. Konsert proqramında Özbəkistan Dövlət Konservatoriyasının musiqili-teatral studiyasının Xor Kapellası Azərbaycan-Özbəkistan-Türkiyə milli himnlərini ifa edəcək. Tədbirdə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın “Can Azərbaycan”, “Türkün bayrağı”, “Şükriyyə”, “Lalələr”, Abdulla Aripovun “Men nechun sevaman O‘zbekistonni”, “Uluğumsan Vatanim”, habelə Mehmet Akif Ersoyun əsərlərini ifa edəcək.

Dekabrın 9-da Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində alim və tədqiqatçıların iştirakı ilə “İstiqlal şairlərimiz, dövlət himnlərimizin müəllifləri Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy” beynəlxalq konfrans keçiriləcək. Universitetin mərkəzi foyesində isə “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisinin açılışı nəzərdə tutulub. Sərgidə Mərkəzi Asiya, habelə Qafqazların ən qədim dövr, orta əsrlər, habelə sovet dövrünə qədər tarixi xəritələri və istiqlal mübarizəsinə dair fotoşəkillər nümayiş etdiriləcək. 

Qeyd edək ki, tədbirə Özbəkistan Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Dövlət Konservatoriyası, habelə Türkiyə Respublikasının Özbəkistandakı səfirliyi, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu dəstək verir.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.