Super User

Super User

Wednesday, 07 December 2022 16:30

Birdən-birə 17 nəfərin divanı quruldu...

Adəm İsmayıl Bakuvidən “Məhşər divanı: Yalanın 17 anı”

 

 

Yazıçı Adəm İsmayıl Bakuvinin bu günlərdə çapdan çıxmış “Məhşər divanı: Yalanın 17 anı” romanı hazırda dünya nəsrinin ən çox oxunan non-fikşn janrındadır, tarixi-fantastik romandır. Roman erməni millətçiliyinin iç üzünü neytral mənbələrdən götürülən faktlarla açması cəhətdən çox aktual və dəyərlidir.

“Ədəbiyyat və incəsənət” portalı romanın xüsusən maraq kəsb edən hissələrini bu gündən etibarən oxucularının ixtiyarına verəcək. Bu gün sizlərə romanın başlanğıc hissəsini təqdim edirik. Belə ki, bütün işlərin kökü, mayası onların başlanğıcındadır.

Beləliklə, Adam İsmayıl Bakuvi, “Məhşər divanı:Yalanın 17 anı” romanı.

 

 

Həqiqəti hər şeydən uca tutun, yalana, iftiraya uymayın, böhtan atmayın!

(Həzrəti İsa)

 

Ermənilərin qəhrəmanları həmişə öz xalqlarının xilaskarlarından daha çox onun cəlladı olublar.

                                                           (Rus diplomat, general Vladimir Mayevski)

 

 

  

1.

 

Zənglər qəfildən çalınmağa başlayanda səs o qədər gur idi ki, evlərin pəncərə şüşələrini belə cingildədirdi. Hətta gurultudan yuxuya dalmış körpələr belə oyanıb ağlaşmağa başladılar. Carçılar da bir yandan zənglərin çalınmasına aydınlıq gətirərək hamını Baş meydana səsləməkdə idilər.

Böyük Divan qurulacağı xəbəri insanlarda hədsiz maraq oyatdı. ”Kimə?” sualları dodaqlardan qoparaq carçıları hey haqladısa da, onlar heç kimə açıqlama vermədilər. Qayda belə idi, insanlar öncədən kimə divan qurulacağını bilməməli idilər.

Hava tutqun idi. Nədisə, həmişə Böyük Divan qurulanda hava bax belə tutqunlaşırdı, qapqara  buludlar səmada bərqərar olurdu, sanki günəşə “qaç, gizlən” komandası verirdi.

İnsanlar ikibir-üçbir Baş meydana axışmağa başladılar. İnsan xislətində nəyəsə marağın oyanması daimi, aparıcı yer tutur, harda nə baş verirsə insanlar hadisələrin episentrində olmağı, ya da, ən azı, məlumatlarla tam bilgilənməyi  xoşlayırlar. Xüsusən də Əsas dünyada ömürlərini başa vurub Axirət dünyasına köç etdikdən sonra insanların hər şeylə maraqlanmaq mərəzi daha kəskin olur. Çünki bu dünyada daimi iş yerləri, daimi məşğuliyyətlər yox dərəcəsindədir, burada təqvim belə yoxdur, səhər və axşam anlayışları olsa belə saatlar işləmir deyə zaman dəyişmir, illər bir-birini əvəz eləmir. Burda yaş üstünə yaş gəlmir, Əsas dünyadan hansı yaşında köçmüsənsə burda sonadək həmin yaşda qalırsan. Burda yeni dostluqlar da qurulmur, Əsas dünyada tanımadığın adamla burada dost ola bilmirsən, yalnız təsadüfi ünsiyyət bağlılığın ola bilir. Burda yeganə nəsə bir maraq, məna kəsb edən şey Böyük Divanlardır, bəzən aylarla davam edən bu proseslər izləyicilər üçün teatrı, kinonu əvəzləyir. Düzdür, buradakı səhnədə hərdən teatr, kino da nümayiş etdirilir, konsert olur, maarifləndirici lektoriyalar qurulur, amma bunların heç biri tarixin gizlinlərinə işıq tutan Böyük Divan qədər maraq kəsb edə bilmir. Sakinlər oturub bəzən hətta göz qırpmadan, nəfəs dərmədən hakimlərin ittihamını, Qınaq kürsüsündə, Müttəhimlər kürsüsündə əyləşənlərin müdafiə, bəraət çıxışlarını, şahidlərin ifadələrini dinləyir, çıxarılacaq hökmü gözləyirlər. Dedikcə maraqlı prosesdir. İnternetin, telefon rabitəsinin, televiziya və radionun olmadığı bir dünyada məhz Böyük Divanın ərazisi yeganə ərazidir ki, burada bütün xidmətlər Əsas dünyadakı kimi tam fəaliyyətdədir. Burdakı kompüterlər, monitorlar, mikrofonlar yaşadığı dövrdə bunları görmüş insanlar üçün xoş xatirə, bunları görməmiş, öncəki illərdə yaşayanlar üçünsə təəccüb doğuracaq fantastikadır.

Müstəsna hüququ olan Böyük Divan Axirət dünyasının ən əsas orqanıdır, xüsusi hakimiyyət orqanı olmayan bir məkanda qərar verib icrasını həyata keçirən yeganə qurumdur.

Baş meydanda yerdən təqribən iki metr hündürlükdə səhnə qurulmuşdu, səhnədə Hakim, Qınaq, Müttəhimlər və Şahid kürsüləri qurulmuşdu, yerdə isə insanların əyləşməsi üçün oturacaqlar düzülmüşdü. Ön sırada sağ tərəfdə müttəhim sırası idi, burada müttəhimin vəkilləri, müdafiəçiləri, sözçüləri əyləşirdi. Sol tərəfdə isə Divan heyəti, ekspertlər yer tuturdu. Səhnədə qara parçaya  indiyədək divanı qurulmuş insanların portretləri həkk olunmuşdu. Adları yazılmasa belə hər kəs onları yaxşı tanıyırdı. Divan hakimlərinin hökmü ilə onların hər biri qeybə çəkdirilmək cəzasına məhkum olunmuşdu. Əsas dünyada insanların qorxduğu şey ölümdürsə, Axirət dünyasında onların kabusuna çevrilən şey məhz bu qeyb olunmaq qorxusu idi. Əsas dünyada nə edirsənsə et, necə yaşayırsansa yaşa, sonda səni ölüm gözləyir, axırın qara torpaqdır, bu qanundur. Ölməmək mümkün deyil heç cür. Axirətdə isə sənin sonadək yaşamaq, qeyb olmamaq şansın var. Bir şərtlə: Böyük və ya Kiçik Divanlara məruz qalmayasan. Divana məruz qalmamaq şərti isə Əsas dünyadan qaynaqlanır: sən gərək heç bir bəşəri günah işlətməyəsən, insanlığa qənim kəsilməyəsən.

Insanlar yavaş-yavaş oturacaqları doldurur, paralel olaraq da yan tərəfdə ayaq üstə dayanmış xristian keşişinin, yəhudi ravvininin, müsəlman axundunun və budda monarxının tələbi ilə qara parçadakı portretlərə lənət yağdırırdılar. Portretlərin düzülüşündə tarixi ardıcıllığa qismən riayət olunmuşdu, əsas ardıcıllıq isə kimə nə zaman Böyük Divanın qurulması idi.

Kaliqula.

Qədim Roma imperatoru öz hakimiyyətini itirməkdən hədsiz dərəcədə qorxub ətrafdakı hər kəsi özünə potensial düşmən sanırmış. Bu adam qeyri-adı qanunlar icad edibmiş. Məsələn, kim imperatorun üzünə baxsa, onun içərisində şirlər olan qəfəsə atılması. Çox qəribə ölüm hökmləri icra olunurdu imperiyada. Arıların sancması kimi. Kaliqula həm də nizamsız seksual həyat keçirir, çox sayda zorlamalara imza atırdı.

Neron.

Daha bir Qədim Roma imperatoru 1-ci əsrdə daxili üsyanları qəddarcasına yatırtması, sonradan isə despotu ilə yadda qalıb, özünə rəqib bildiyi bütün saray əyyanlarını, hətta həyat yoldaşı Oktaviyanı belə edam etdirib. 64-cü ildə isə Roma şəhərində baş verən dəhşətli yanğını təşkil edib, şəhərin əsas küçələri onun ucbatından yanıb kül olub.

Çingizxan.

Monqol imperiyasının yaradıcısı, ilk böyük xanı. 12-ci əsrdə yer üzərindən Tanqut çarlığını, Çinin Tzsin imperiyasını, Bağdad xəlifəliyinı, Voljsk Bolqarıstanını və Xorəzmşah kimi dövlətləri silmişdir, on minlərlə insanların qətlə yetirilməsinə, əsir və qul həyatına məhkum olunmasına rəvac vermişdir.

Vlad Sepeş – Drakula.

15-ci əsrdə yaşayan bu macar-rumın qrafı Transilvaniyada ağlasığmaz qəddarlığı ilə yadda qalıb. Məsələn, 300 braşovlu gənci tonqalda yandırıb, qadınları ucu şiş taxtaya keçirib balalarını onlara sarımaqla işgəncəyə məruz qoyub. Drakula özü şəxsən qətlə yetirdikləri 23884 türkün cəsədini sayıbmış. Hətta qəddarlığına görə bu şəxsin incəsənətdə dönə-dönə obrazı da yaradılıb.

İvan Qroznı.

Ağlasığmaz vəhşilikləri ilə seçilən bu 16-cı əsr Rus çarı xəyanətdə ittiham edilən saray əyanlarının tikə-tikə doğranıb üzərilərinə ya qaynar su, ya da buz tökülməsiylə dərilərinin ətdən qopmasından həzz alirmiş. Eləcə də o, bakirə qızlara qarşı elədiyi sonsuz sayda təcavüzləri ilə tarixin yaddaşına yazılan cinayətlərə imza atmışdır. Bu şəxs həm də tarixə öz oğlunun qatili kimi  düşmüşdür.

Mulay İsmail.

Bu Mərakeş sultanı Sudan qullarından ibarət ordusu ilə yeni-yeni torpaqlar işğal edir, əsirlər ələ keçirirmiş. Qana susayanda isə bu hannibal sarı paltar geyinib şikar axtarır, xoşuna gələnləri öldürürmüş.

Benito Mussolini.

Bu italiyalı şəxsə Divan qurulanda onun məktəbli ikən sinif yoldaşını bıçaqlamasından başlayaraq italyan faşizminin banisi kimi, diktator kimi ölkə daxilində etdiyi cinayətlərinə, eləcə də Hitlerin müttəfiqi kimi 2-ci dünya müharibəsində yüz minlərlə insanı qırdırmağadək uzanan bir həyat yoluna baxılmışdı, ona Qeyb hökmü çıxarılmışdı.

Adolf Hitler.

Bu alman şəxsin günahları o qədər çox və təkzibedilməz idi ki (o, faşizmin banisi, 2-ci dünya müharibəsinin səbəbkarıydı, 1939-1945-ci illər ərzində hər il 4 milyonadək insanın qətlinə fərman vermişdi, yəhudilərin məhvinə yönəli Xolokost qətliamı onun ayağında idi), onun Divanı tarixin ən qısa Divanı olmuşdu. Müttəhimlər kürsüsünə çıxan kimi zərərçəkən şahidlərin nifrət dalğası onu qamarlayaraq kürümüş, qeybə aparmışdı.

İosif Stalin.

Milliyyətcə gürcü olsa belə tarixə SSRİ vətəndaşı kimi düşən, Sovet İttifaqı adlı xalqlar həbsxanasını ən antihumanist həddə qədər inkişaf etdirən, xüsusən 1937-ci ildə on minlərlə ziyalını güllələdən, Sibir çöllərinə sürgün etdirən, 9 milyon insanı həbsxanalara atan, sənayeləşdirmə və kollektivləşdirmə illərində 20 milyon insanın canına qıyan, dünyanın tən yarısını zorən sosialistləşdirib digər yarısı - kapitalizm ilə əbədi mübarizəyə sürükləyən bir  qəddar diktator idi Stalin.

Ted Bandi.

Tarixə “Amerikanın ən qorxulu adamı” kimi düşmüş bu şəxsin cinayətkar gələcəyi nümunəvi tələbə olduğu dönəmdə əsla proqnozlaşdırılmırmış. Qoluna yalançı gips qoyub çemodanını maşınınadək götürüb aparmağı gözəgəlimli qadınlardan xahiş etməklə təməli qoyulan 30-dan çox cinayət eyni sonucla bitmişdi: qadınların zorlanması və öldürülməsi. Həbs olunub həbsxanadan  qaçaraq Ted Bandı ağlasığmaz cinayətlərini yenidən davam etdirmiş, amma növbəti həbsdən sonra elektrik stulunda əyləşdirilməklə öldürülmüşdür.

Kim İr Sen.

Bu Şimali Koreya diktatoru 2 milyon insan həyatına qənim kəsilmişdi, özünə “Millətin atası” titulunu götürərək insanları itaət etməyə, alçaltmağa müvəffəq olmuşdu deyə Qeyb hökmünə məruz qalmışdı.

Pablo Eskobar.

Kolumbiya narkobaronu və terrorçusu olmuş bu şəxsi, təsadüfi deyil ki, sağlığında “Kokain kralı” adlandırırdılar.  Medelyin karteli adlı narkoticarət şəbəkəsinin lideri olan bu şəxs 1980-ci illərin sonunda dünya kokain bazarının 80 faizinə nəzarət edirdi. 30 milyard sərvəti olan Eskobar Forbesin dünyanın ən varlıları siyahısında 7-ci pilləyədək yüksəlmişdi. Ağ ölüm adlı narkomaniya məhz onun sayəsində dünyada çiçəklənmiş, yüz minlərlə gənc məhv edilmişdir.

Mao Tze Dun.

Çin diktatoru tək elə bircə “Böyük sıçrayış” ideologiyasına 65 milyon insanın, ümumilikdə 33 illik hakimiyyəti dövründə 76 milyon insanın qurban getməsinə rəvac vermişdi. Üstəlik, bu şəxsin qəribə bir cinayəti də vardı, əkin sahələrinin sərçələrdən qorunması adı altında tək bir il ərzində 2 milyard sərçənin məhvinə səbəb olmuşdu. Onun Divanı günündə səmaya minlərlə sərçənin toplaşıb gözünü dimdikləməsi Axirət sakinlərinin yaddaşından əsla silinmir.

Səddam Hüseyn.

Bu İrak prezidenti öz cəlladlarına milyona yaxın iraklını güllələmək, ölüncəyə qədər döydürmək, qazla boğmaq əmri vermişdi, bəzi insanları hətta əlində tapança özü güllələmişdi.

İdi Amin.

Axirətdə qurulan Divan bu uqandalı dövlət başçısını elədiyi vəhşiliklərə görə hətta ağıldan kəm adlandırmışdı. 1971-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyəti zəbt etmiş bu keçmiş Britaniya ordusu zabiti yarım milyon uqandalını öldürtmüş, hətta hannibalizmdə də ittiham olunmuşdu.

Pol Pot.

1975-1979-cu illərdə - 4 il ərzində hakimiyyətdə olan bu kambocalı diktator ölkə əhalisinin hər üç nəfərdən birinin məhvinə səbəb olaraq bəşər tarixində ən inanılmaz despot kimi ad çıxardığından Axirət dünyasının Divanı ona qarşı hədsiz sərtlik nümayiş etdirmişdir.

Pedro Alonso Lopes.

“And monstrı” təxəllüslü tarixin ən vəhşi manyakı. Ginnesin rekordlar kitabında “ən qəddar qatil” kimi birincilik daşıyan bu şəxs Cənubi Amerikanın Kolumbiya, Ekvador və Peru kimi dövlətlərində 1975-1978-ci illərdə yüzdən çox yeniyetmə qızı zorlayaraq öldürmüşdür.

Fransua Düvalye.

Haitinin 31-ci prezidenti rejim əleyhinə çıxanların hamısını, müxalifləri izlətdirirdi, kim bir kəlmə mənfi fikir bildirirdisə, sözünün kəskinliyinə görə ya həbsə atılır, ya güllələnirdi. Haiti həbsxanaları ağzına kimi dolmuşdu, yeni həbs olunanlara yer tapılmırdı. Ömrünün sonunadək prezident olması barədə mürtəce qərar imzalamışdı bu şəxs. Özünə Papa Dok ləqəbi qazandırmış, ona da nail olmuşdu ki, dövlət himni “Papa Dok əbədidir” sözləri ilə başlasın. Əsarətə, yoxsulluğa sürüklənən xalq ayağa qalxmaq istəyəndə isə gülləbaran edilirdi.

İnsanlar bugün Böyük Divanı qurulacaq şəxsin portretinin yerinə tərəf baxanda xeyli təəccüblənmişdilər, yer çox böyük idi, ağ örpəyin altında elə zənn etmək olardı ki, bir yox, azı on-on beş şəxsin portreti var. Sualları nizam-intizam yaradan Divan mühafizəçilərinə, eləcə də Divan məmurlarına ünvanlanırdı, ancaq heç kəsdən bir cavab almaq olmurdu.

Birdən səma daha da qaraldı, anidən bu zülmətdə bir işıq seli peyda oldu. Dairəvi gövdəsinin baş hissəsindəki rəngbərəng işıqları mühərrikinin qopardığı uğultunun şiddətinə görə artıb-azalan nəhəng bir uçan peyk yel qopara-qopara  gəlib meydana qondu. Axirət insanlarının təəccüblü baxışları altında mühərriyin  tam dayanmasına dəlalət edən uğultunun kəsilməsindən sonra cırıltıyla aralanan dəmir qapıdan Axırət dünyasındakı insanlardan fərqli olaraq rəngləri heç də bozumtul olmayan, Əsl dünyadakıların bənzəri adamlar düşdülər. Onları müşayiət edən mühafizəçilər hamısını gətirib ön sıralarda əyləşdirdilər.

Axirət insanları çaş-baş halda nə baş verməsini öyrənmək üçün hey bir-birini sual atəşinə tutmaqda ikən birdən səsgücləndiricilər işə düşdü, uca və soyuq kişi səsi elan etdi:

-Axirət insanları, bu dəfəki Böyük Divan əvvəlkilərdən iki cəhətinə görə fərqlənəcək. Əvvəla, bu dəfə biz bir nəfəri deyil, birdən-birə 17 nəfərin divanını quracağıq. İkincisi isə, onlardan bəziləri bizim Axirət dünyamızın sakinləri olduğu halda bəziləri Əsas dünyanın sakinləridir, buna görə, şahidlərin də bəziləri bizim dünyamızın, bəziləri Əsas dünyanındır. Bu səbəbdən bu gün bizim Əsas dünyadan qonaqlarımız gəlib. Şahidləri Divan bitəndən sonra ədəb-ərkanla geriyə - Əsas dünyaya göndərəcəyik. Divanı qurulanların isə suçları isbat edilərsə dərhal qeybə yollanacaqları gözlənilir.

Baş Meydanı ah və oflar, təəccüb və heyrət nidaları bürüdü. Bu vaxt şəkillərin üstündəki  ağ örtüklər götürüldü, 17 nəfərin siması göründü. Dərhal da simalar bağlandı. Divanın qaydalarına görə təqsirləndirilənin üzübağlı portreti proses elan edilərkən səhnədən asılmalı, üzü isə proses başlananda açılmalı idi.

“Qalxın, Böyük Divanın hakimləri gəlir!” nidası da özünü çox gözlətmədi, üç qara fraklı hakim keçıb Hakimlər kürsüsündə yer aldılar. Prosesin ilk hazırlıq iclasının  başlandığı elan edildi.

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

 

Şəmil Sadiq yazır

 

Mənə görə ayıbdır! 

Bilirsiniz nədir ayıb olan? Bir insanın, yazıçının görkəmindən, geyim tərzindən, yaşam tərzindən istifadə edib onu dilənçi obrazında təqdim etmək. 

 

Görürəm naşirindən tutmuş oxumayan oxucusuna qədər hər kəs Əlisa Nicatın şəklini paylaşıb, bank kartı paylaşıb ürək ağrısı ilə dəstək istəyirlər. Bu bilirsiniz nədir, millətin özgüvənini, ruhunu sındırmaq, bunu görəndə heç kim heç kimi yox birinci özünü qınamalıdır. Dövlət bababın günahı öz boynuna. Bəs sən vətəndaş olaraq, boy-boy şəkil paylaşıb yazıq kimi təqdim etdiyiniz Yazarın kitabını nə vaxt almısan? Tutuquşu kimi 100 kitab müəllifi deyib, özünüzümüzü ağıllı aparmaqla deyil ki... Bu bizim reallıqdır, bəzən adam öz reallığından belə utanır və bunu sillə kimi adamın üzünə  vurmaqla xalq qazanmaq lazım deyil. Dəyəri belə vermirlər, dostlar, dəyər başqdır. Belə səmimisinizsə, həm Əlisa Nicatı çap edən naşirlərə, həm də bəh-bəhlə paylaşan oxumayan oxuculara üzümü tuturam və deyirəm, Əlisa Nicatın kitablarının satışını qapaq qiymətinə Kitabevim.az da satışa qoyuruq. Kitabın satıldığı qiyməti olduğu kimi, Əlisa bəyin özünə veririk. 

Hədəf Nəşrləri olaraq 2021-ci ildə yazarın 85 illik yubileyinə həsr edilmiş “Xatirələr” kitabını təqdim edirik. Çox ürəyiniz yanır, kitabın alın, oxuyun, həm yazara dəstək olsun, həm də sizin əlinizdə onun kitabı, heç olmasa bir vərəqinə göz atasınız. Buyurun, cəsarətli naşir və oxucu dostlar. Səmimiyyətimizi ortaya qoyaq. Naşirlərdən kim bu şərtlə razıdırsa, elə buradaca 

yazsın, biz də kitabevim.aza tapşırıq verək. 

 

Hələlik biz çap etdiyimiz kitabı hesabatı ilə təqdim edirik. 

Əlisa Nicat - Keçmişlə köçənlər ("Xatirə ədəbiyyatı" silsiləsinin 55-ci kitabı)

Nəşriyyat: "XAN Nəşriyyatı"

Tiraj: 500 ədəd

Anbarda qalan say: 348 ədəd

Satılan say: 152 ədəd (Bu anbardan mağazalara veriləndir, 152 kitabın satılıb satılmadığını dəqiq demək olmaz.)

Çap qiyməti: 2,4 AZN

Qapaq qiyməti: 7 AZN

Topdansatış qiyməti: 3,5 AZN

Çapdan çıxma tarixi: 07.09.2021

Hesabat tarixi: 01.12.2022

1 il 3 ay ərzində satılan kitabdan gələn gəlir: 167,2 AZN

Çap edilməmişdən öncə verilən qonorar: 200 AZN

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

7 dekabr həm də adı dillər əzbəri olan Roma filosofu Mark Tulliy Siseronun dünyadan köçdüyü gündür. Eramızın 43-cü ilində işıqlı dünyaya əlvida deyən Siseronun bu gün bir neçə qiymətli kəlamını xatırlamaq yerinə düşər: 

“Silahlar guruldayanda qanunlar susur”, 

“Gizli düşmənçilik açıq düşmənçilikdən daha təhlükəlidir”, 

“Sülhə razılığa gəlməklə yox, qələbəylə nail olunmalıdır”, 

“Tamahkarlıq – başqa bir adamın sənə qarşı törətdiyi cinayətdir”, 

“Bütün sənətlərin ali məramı – həqiqəti araşdırmaqdan ibarətdir”, 

“Hətta şöhrətin əleyhinə traktatlar yazan filosoflar da kitabın üstündə öz adlarını qeyd etməyi unutmurlar”,

“Qorxduğun və səndən qorxan adamı sevmək mümkün deyil”,

“Adama qarşı iki yolla ədalətsizlik etmək olar – zorla və aldatmaqla”,

 “Heç kimin almaq istəmədiyi adamın satılmamağı elə də böyük qəhrəmanlıq deyil”.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizləri gənc və istedadlı şair Kamran Su ilə başbaşa buraxırıq. 

 

 

Sevmə məni

Mən tanıdığın əclaflardanam

İnanmırsan

İnanmamağa davam et

ama sevmə məni

 

Gözlərim xoşuna gələ bilər

ama nə olsun?

bütün əclafların gözləri qəşəng olur

gözümü neynirsən?

ağlın olsun

sevmə məni

 

Sevmə məni

Diqqətlə baxsan qrup yoldaşın

eynəkli uşaq

dəli kimi sevir səni

sən də onu sev

qurban olum

bircə sevmə məni

 

Sevmə məni

Heç gözləmədiyin bir qış günü

atıb gedəcəm səni

Soyuq parkda yiyəsiz itlər kimi

ağlayacaqsan o günü

Ən yaxşısı

Sevmə məni

 

*

 

Yağışın damlaları pəncərimi döyəcləyir

az sonra kiçik damlalar böyüyür

böyüdükcə

damlalar

çoxaldıqca

arzular

daşır

arzuların ağırlığından

sahilə çatmağa az qalmış

gəmi batır.

 

Sahildə yorğun matros

əynində cırılmış matros maykası

üzü günəşdən yanmış halda

saçları islaq

mədəsində dəniz suyu

dayanıb dənizə tərəf baxır

amansız dalğalar

acıq verir ona

Kiçik taxta parçaları

dalğaların qoynunda

bir də cəsədlər

bir də xatirələr…

 

Donmuş durmuş matros

indi o susqun

indi o pərt

Adamlar uzaqdan yaxınlaşır

Kiçik şəhərdə qadınlar ağlaşır

 

Yağışın damlaları pəncərəmi döyəcləyir

az sonra kiçik damlalar böyüyür

böyüdükcə

damlalar

çoxaldıqca

arzular

daşır

arzuların ağırlığından

sahilə çatmağa az qalmış

gəmi

batır

Yağan yağış mənə

saçlarından damcılar süzülən

matrosu xatırladır...

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

Dekabrın 14-də Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində Lənkəran Dövlət Dram Teatrı Xalq yazıçısı Kamal Abdullanın "Casus" pyesi əsasında rejissor Anar Babalının quruluş verdiyi eyniadlı tamaşa ilə çıxış edəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İttifaqın 125 illiyinə həsr olunmuş “Milli klassika” teatr festivalı çərçivəsində müsabiqədənkənar qonaq qismində oynanılacaq. 

Qeyd edək ki, “Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Həmçinin Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir. Niyə, nə səbəbə? Oğuz elinin bilicisi niyə Oğuz elinə xəyanət edən bir casusu hifz edir? Bu sualların cavabı səhnə əsərində süjetin ana xəttinin açılması ilə tamaşaçılara məlum olur.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

Bir müddət əvvəl DTX-nın Mədəniyyət Nazirliyində əməliyyat keçirməsini xatırlayaq. Nazir müavini Elnur Əliyev tutduğu vəzifədən azad olunmuşdu. Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibovsa Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilmişdi. 

Budur, Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinat olub.

“Ədəbiyyat və incəsənət” portalı medianın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyinin açıqlamasına istinad edir. Belə ki, nazir Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinin icrası şöbə müdirinin müavini Elmir Ağayeva həvalə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

Wednesday, 07 December 2022 13:00

Lətifələrin növbəti reytinqi

 

“Gülüş klubu”nda növbətçi Sərtyeldir. Şüarımızsa dəyişməzdir: Dodağınızın yüngülcə qaçması bizim böyük uğurumuzdur.

 

5-ci yer

İki aborogen çukça söhbət edir.

-Bu gün yolla gedəndə 10 dollar tapmışdım.

-Bəs neynədin?

-Tulladım.

-Niyə ki?

-Saxta idi.

-Nə bildin ki saxtadır?

-Harda görmüsən ki, 10 rəqəmində iki dənə sıfır olsun?

 

4-cü yer

Balaca Azər atasından soruşur:

-Ata, niyə 8 mart təqvimdə qırmızı rənglə işarə olunub?

Atası qəlbi riqqətə gətirən kədərli səslə bəyan edir:

-Bu, kişi qanının rəngidir, oğul bala.

 

3-cü yer

Aygün Kazımova Röyadan soruşur:

-Nə qəşəng arıqlamısan. Yeni pəhriz bilirsən?

-Aha.

-Nədir?

-Kök, çuğundur və kartof.

-Neynəməli, qızarmalı, ya qaynatmalı?

-Qazıb yerdən şıxartmalı.

 

2-ci yer

Qeyri-fəal, lal-dinməz millət vəkillərindən biri canlı debatda xalqına səslənir:

-Mənim kimi millət vəkili olan xalqın nəyi çatışmır ki?

Bir ağsaqqal deyir:

-Valeryankası.

 

1-ci yer

4-cü mikrorayon sakini, 50 yaşlı Zibeydə Bağdagülovanı infarkt vurur. Əməliyyat otağında həkimlər onun həyatı uğrunda mücadilə edərkən Zibeydə xanımın gözünə Pirani bir şəxs görünür.

-Bu mənim sonumdur?, -deyə Zibeydə soruşur.

Pirani şəxs öz kağız-kuğazlarını çıxarır, xeyli vərəqləyib deyir:

-Yox, siz hələ 33 il, 4 gün, 8 saat yaşayacaqsız.

Narkozdan ayıldıqdan sonra qadın xoşbəxt-xoşbəxt həkimə deyir ki, onsuz da burdayam, kosmetoloqları dəvət elə, qoy sifətimi dartsınlar, buxağımı, qarın piylərimi yığsınlar, sinəmi böyütsünlər, dodağımı şişirtsinlər, ayaqlarımı korreksiya etsinlər.

Bütün bunlar olur. Xəstəxanadan çıxan gün onu manikür, pedükür də edirlər, saçlarını da saraldırlar, qadın tam dəyişib xeyli cavanlaşır.

Xoşbəxt qadın xəstəxanadan çıxır, yolu keçmək istəyəndə bir maşın onu necə vurursa qadın ölümcül olur. Onu təzədən xəstəxanaya qaytarırlar. Həkimlər müdaxilə edəndə yenidən gözünün qabağına həmin Pirani kişi gəlir.

Zibeydə ağır-ağır soruşur:

-Sən axı mənə deyirdin, hələ 33 il yaşayacam?

Pirani kişi gözlərini qırpmadan qadına baxıb birdən deyir:

-Aa, Zibeydə, bu sənsən? Sən öz canın bağışla, tanımamışam.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

 

Wednesday, 07 December 2022 12:30

Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək

 

“Tomris” dizisi ilə əsl nailiyyət ortaya qoyan Qazaxıstan kinosu ilə yaxından tanış olmaq imkanımız yaranıb. Təfsilatı.

 

Bakıda dekabrın 10-11-də Qazaxıstan Kino Günləri keçiriləcək. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, nümayişlər Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gerçəkləşəcək.

Tamaşaçılara “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq. Filmləri cizgi filminin rejissoru İvan Ardaşov və bədii filmin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcəklər.

Hər iki film ingilis subtitrləri ilə rus dilində nümayiş olunacaq. Giriş sərbəst olacaq.

Filmlərin başlama vaxtı saat 14.00-dır.

 

“Ədəbiyyat və incəsənət” 

(07.12.2022)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

 

 

RZA ƏFQANLI

(1899-1973)

 ***

Bir gün rayonda qastrolda idik. Qonaq evində qalırdıq. Çoxdan bəri Cəfər Cabbarlının “Oqtay Eloğlu” dramında Oqtayı oynamaq arzusuna düşmüşdüm. Axşam tamaşadan sonra otağımı dəyişib Xəlil Hüseynovla eyni otaqda qaldım. O vaxt bizim tamaşalara Xəlil quruluş verirdi.

– Xeyir ola, nə əcəb otağını dəyişdin? – Xəlil maraqla soruşdu. 

– İstəyirəm səninlə bir otaqda qalam.

– Nədir, yoxsa xətrinə dəyən var?

– Yox, iki gecədir yaxşı yuxu görürəm.

– Bunun otaq dəyişməyə nə dəxli var axı?  Nə görürdün yuxuda?

– Yuxumda gördüm ki, “Oqtay Eloğlu”nu hazırlayırsan, Oqtayı da mən oynayıram. Dedim bəlkə bir otaqda qalsaq, sən də görərsən…

Xəlil qəhqəhə çəkib məni bağrına basdı.

 

***

 

Böyük Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun “Vaqif” mənzum dramı milli teatrın tarixində xüsusi yerlərdən birini tutur. Məşqlərə bəzən şair özü də gələr, oturub baxardı. Bir dəfə Eldarla Kürd Musanın yerini işləyirdik. Mən:

– İndi də dişini qıcamış Qacar...

İranı talayan o qart canavar

Gəlir sürusüylə bizi soymağa,

Tökdüyü qanlardan içib doymağa, –deyəndə, ön sırada oturan şair üzr istəyib ayağa qalxdı.

– Əzizim, Rza, – dedi, – hər şey çox gözəldir, düzdür, sən dəstə başçısını oynayırsan, ancaq Eldarın dəstəsində müxtəlif millətlərin nümayəndələri var və mən onları bir yerə yığmaqla xalqlar arasındakı dostluğu tərənnüm etmək istəmişəm. Odur ki, bu yerdə sadəcə, dəstə başçısı kimi yox, düşmənə qarşı birgə mübarizə aparacaq müxtəlif millərin başçısı kimi qollarını yana açıb Kürd Musanı da, Şalikonu da bağrına bas.

Mən də belə etdim.

 

 “Ədəbiyyat və incəsənət”

(7.12.2022)

 

 

 

 

 

Wednesday, 07 December 2022 11:30

Krista Elli 72 yaşında vəfat edib

 

Məşhur serial ulduzu vəfat edib. Söhbət “Cheers” (1982-1993) serialındakı “Rebekka Hou” rolu ilə məşhurlaşan amerikalı aktrisa Kirsti Ellidən gedir. Onun 72 yaşı var idi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə aktrisanın övladları onun “Twitter” səhifəsində məlumat veriblər.

Aktrisa xərçəng xəstəsi idi. O, iki dəfə “Emmy” mükafatına layiq görülmüş, neçə dəfə nominant olsa da “Oskar”ı qazana bilməmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.