Super User
Mədəniyyət naziri Özbəkistanın kino xadimləri ilə görüşüb
Azərbaycan-Özbəkistan-Türkiyə üçtərəfli film layihəsinin reallaşması mümkündür
Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan Özbəkistan kino nümayəndələrindən ibarət heyəti qəbul edib.
“Ədəbiyyat və incəsənət” portalı mazirliyə istinadən xəbər verir ki, qonaqları səmimi salamlayan nazir iki qardaş ölkə arasındakı mədəni və dostluq əlaqələrindən söz açıb. Bildirib ki, son illərdə türk dövlətləri ölkə rəhbərləri səviyyəsində bir-biri ilə daha sıx əlaqələr qurur. Bu da dərinləşən əməkdaşlığa, xalqlarımızın daha da yaxınlaşmasına öz töhfəsini verir. Nazir deyib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin bugünkü səviyyəsi böyük məmnunluq doğurur. Gerçəkləşən birgə tədbirlər, incəsənət ustalarının səfərləri bunun bariz nümunəsidir.
Nümayəndə heyətinin rəhbəri, Özbəkistan Respublikası Kino Agentliyinin direktoru Firdavs Abdulxaliqov səmimi qəbula görə Anar Kərimova təşəkkür edib. O, Azərbaycan Dövlət Film Fondu ilə tanış olduqlarını və burada çoxsaylı özbək filmlərinin də qorunmasından məmnunluqlarını bildirib.
F.Abdulxaliqov iki ölkə arasında kino sahəsində təcrübə mübadiləsi və Azərbaycan-Özbəkistan-Türkiyə üçtərəfli film layihəsinin reallaşmasının mümkünlüyünü vurğulayıb.
Anar Kərimov III Dədə Qorqud Türk Dünyası Film Festivalının 2023-cü ildə Şuşada keçiriləcəyini diqqətə çatdırıb, Özbəkistanın da bu festivala qatılmasından məmnun olacaqlarını bildirib.
Söhbət zamanı Daşkənd Film Festivalında Azərbaycan kino xadimlərinin iştirakı, eləcə də gənc kinematoqrafçılar arasında əlaqələrin qurulmasından söz açılıb.
Görüşdə özbək və Azərbaycan ədəbiyyatı, mədəniyyəti mövzusunda müzakirə aparılıb, hər iki xalqın tanınmış yaradıcı şəxsiyyətlərinin, ortaq dəyərlərinin birgə təbliği ilə bağlı layihələrin reallaşdırmasının əhəmiyyəti qeyd olunub.
Qeyd edək ki, nümayəndə heyəti 7-10 dekabr tarixlərində Bakıda keçirilən Özbəkistan kinosu günləri ilə bağlı ölkəmizə gəlib.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Azərbaycanın müraciətlərinə baxmayaraq, UNESCO azad edilmiş ərazilərə missiya göndərmədi
Dekabrın 8-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Dövlət Turizm Agentliyi, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan Respublikasının Baş nazirinin müavini və “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın sədri Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış ediblər.
ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə konfrans iştirakçılarını salamlayıb, tədbirdən öncə Ağdam və Füzuliyə səfər edərək Qarabağdakı dağıntıları, yenidənqurma və bərpa işlərini yerində müşahidə edən Fransa, İsrail, Pakistan, Rumıniya, Rusiya, Sloveniya Türkiyə və ukraynalı iştirakçılara minnətdarlığını bildirib.
Konfransda çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın UNESCO-nun mədəniyyət, təhsil, ekologiya, idman və digər sahələr üzrə ümumilikdə 14 Konvensiyasına üzv olduğunu vurğulayaraq bunlardan ikisinin - 1954-cü il Haaqa Konvensiyası və 1972-ci il Ümumdünya İrs Konvensiyasının bilavasitə mədəni sərvətlərin qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu Konvensiyalardan irəli gələn öhdəliklərə sadiq qalır.
Mədəniyyət naziri Anar Kərimov işğaldan azad olunmuş ərazilərdəki 864 mədəni müəssisənin monitorinqinin aparıldığını və bu monitorinqlər zamanı bəzi abidələrin qəsdən dağıdıldığının, mənimsənildiyinin, abidələrdən hərbi məqsədlər üçün istifadə edildiyinin aşkarlandığını bildirib.
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev çıxışı zamanı 2022-ci ildə Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 ili tamam olduğunu xatırladıb, Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı və fəal üzvü olduğunu qeyd edib. Mahmud Məmməd-Quliyev bu günədək UNESCO-ya Azərbaycan tərəfindən ünvanlanmış çoxsaylı müraciətlərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərə hələ də bu missiyanın göndərilmədiyini qeyd edib. Nazir müavini xarici ekspert və diplomatların iştirak etdiyi bu konfransda texniki missiyanın göndərilməsi üçün UNESCO-ya çağırış edib.
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istənilən ölkədə turizmin inkişafında mədəni irsin əvəzedilməz rol oynadığını nəzərə çatdırıb. Fuad Nağıyev Dövlət Turizm Agentliyinin təşəbbüs və dəstəyi ilə ICOMOS-un Azərbaycan Milli Komitəsinin təsis edildiyini bildirərək, ölkədə turizm baxımından əhəmiyyətli 8 qoruğun idarəedilməsi siyasətində Ümumdünya İrs Konvensiyasının müddəalarının da əks olunduğunu ifadə edib.
Daha sonra ICOMOS-un vitse-prezidenti xanım Zeynəb Gül Ünal hazırda dünyada baş verən münaqişələr fonunda mədəni abidələrin dağıntılara məruz qaldığını vurğulayaraq onların qorunmasında 1954-cü ildə və 1972-ci ildə imzalanmış UNESCO Konvensiyalarının icrasının vacibliyini xatırladıb.
UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz TÜRKSOY-a üzv olan ölkələrin qeyri-maddi mədəni irsin qorunmasında birgə həyata keçirdiyi tədbirlərdən bəhs edib, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.
Açılış mərasimindən sonra elmi konfrans panel sessiyalarla davam edib.
ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın moderatorluğu ilə keçirilən sessiyada 1954-cü il Haaqa Konvensiyasının və protokollarının tətbiqindəki müsbət təcrübələr və çətinliklər müzakirə olunub.
Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin rəhbəri Şirin Məlikovanın moderatorluğu ilə təşkil olunan paneldə isə UNESCO Konvensiyalarının muzeylərin işinin təkmilləşdirilməsi istiqamətində tətbiqindən bəhs edilib.
ICOMOS Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Davudovanın moderatorluğu ilə keçirilən son sessiyada Ümumdünya İrs Konvensiyasının 50 İlliyi ərəfəsində görüləcək yenidənqurma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Konfransın yekununda mədəni irsin mühafizəsi sahəsində mövcud beynəlxalq sənədlərin tətbiqinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyə və təkliflər paketinin hazırlanaraq UNESCO-ya təqdim olunması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Nəvainin “Maski şou” sərgüzəşti
Rusiyada yayımlanan "Maski şou" proqrqmının prodüseri Yuliya Sumaçeva televiziya tarixində ən reytinqli layihənin pərdəarxası haqda danışıb.
Y.Sumaçeva layihə iştirakçılarının tez-tez kostyumları yadigar kimi götürməyi xahiş etdiklərini bildirib. O qeyd edib ki, təşkilatçılar kostyumu iştirakçıya verməyi qadağan edib:
"Çünki hər şey muzeydə xüsusi şəraitdə saxlanılır və müntəzəm istifadə olunur. Tezliklə biz yeni il "Maska" filmini çəkirik, burada əvvəlki mövsümlərdən bir neçə personaj yer alacaq. Onlara geyimi verməyi düşünürük. İştirakçılardan yalnız bir nəfər öz kostyumunu götürə bilib - həmyerlimiz Nəvai. Onu dayandırmaq mümkün olmadı. Nəvai "Coker" obrazını yaratmışdı".
Qeyd edək ki, Navai şounun üçüncü mövsümünün iştirakçısı olub.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
ƏSA Teatrı ölkəmizi beynəlxalq teatr festivalında təmsil edəcək
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq İzmir Teatr Festivalında Azərbaycanı təmsil edəcək.
Bu il 10-cu dəfə keçirilən Beynəlxalq İzmir Teatr Festivalında Türkiyənin 25-ə yaxın teatrı ilə birlikdə Azərbaycan, Uruqvay, İraq, Ukrayna, Almaniya və digər ölkələrin nümayəndələri də iştirak edəcək.
Türkiyənin Mədəniyyət və İncəsənət Fondu (TAKSAV) tərəfindən keçirilən festivala ƏSA Teatrı “Çıxış yoxdur” tamaşası ilə dəvət olunub.
Jan-Pol Sartrın “Bağlı qapı arxasında” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailovdur. Səhnə əsərində teatrın aktyorları Elşən Əsgərov, Lalə Süleymanova, Səmayə Qulamzadə, İmran Lalayev, Aysel Feziyeva, Amin Əsgərov və Gülçin Qasımova çıxış edirlər. Teatrının kollektivi İzmir Sənət Mərkəzinin səhnəsinə dekabrın 10-da çıxacaq.
“Ədəbiyyat və incəsənət”
(08.10.2022)
“Dönənlər” filminin treyleri yayımlanıb
Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksana Rəsulovanın çəkildiyi "Dönənlər" filminin treyleri yayımlanıb.
“Ədəbiyyat və incəsənət” Milli.az-a istinadən xəbər verir ki, layihə 28 dekabrda Nizami Kino Mərkəzində təqdim olunacaq. Filmin afişası "Siz ailə məclisində telefonlarınızı masaya qoyub gələn zəngləri mikrofonda, "WhatsApp" mesajlarını isə hamının yanında oxuyub cavab verməyə risk edərsiniz? Təbii ki yox! Amma onlar bunu etdilər..." şüarı ilə paylaşılıb.
Qeyd edək ki, "Perfect Strangers"in yerli adaptasiyası olan ekran işi 2017-ci ildən bugünə qədər dünyanın 25-ə yaxın ölkəsində çəkilib. Bu il isə Azərbaycanda lentə alınıb. Ölkəmizdə bu formatda film ilk dəfədir ki, çəkilir.
Onu da bildirək ki, Paulo Cenevisin çoxsaylı mükafatlara layiq görülmüş komediyası müasir texnologiya əsrində "Özümüzə yaxın olanları nə dərəcədə yaxşı tanıyırıq" sualını ortaya çıxarır.
Filmdə illərdir dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara əsasən dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Bu zaman onların sirləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Rauf Hacıyevin 100 illiyi Filarmoniyada da qeyd olunacaq
Dekabrın 6-da Heydər Əliyev sarayında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə möhtəşəm konsert proqramı izlədik. Budur, dekabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Rauf Hacıyevin musiqi miniatürləri” adlı konsert təşkil olunacaq.
Gecədə Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, Əməkdar artist Adilə Əliyeva, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və "Şəms-qəmər" kamera xoru (bədii rəhbər və dirijor Leyla Zalıyeva, konsertmeyster Əməkdar müəllim Naibə Şahməmmədova) çıxış edəcəklər.
Xatırladaq ki, Prezident İlham Əliyev sənətkarın anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, il ərzində ölkəmizdə və xaricdə müxtəlif tədbirlər və layihələr həyata keçirilib.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Ədəbiyyatdan incəsənətə Repressiya qurbanı olunmuş xanım şairənin xatirəsini yaşatmaq üçün
Bəzən insan öz fitri istedadını üzə çıxarmaqda çətinlik çəkir, bəzənsə ümumiyyətlə üzə çıxara bilmir. Söhbətimiz peşəkar olmasalar belə öz həvəskarlıqları ilə bəzən peşəkarları kölgədə qoymağı bacaranlardan gedir.
Uzun illərdir ki, paytaxtımızın mədəni həyatında öz fəaliyyəti ilə incəsənətimizin təbliğinə bir çox töhfələr verən “Bakı” Rəsm Qalereyası yenidən maraqlı layihələrlə öz qapılarını sənətsevərlərin üzünə açmaqdadır. Belə ki, qalereya bir çox tarixi hadisələrə şahidlik etmiş doğma İçərişəhərimizin ərazisində yerləşməklə həm paytaxt sakinlərini, həm də əcnəbi qonaqlarımızı Azərbaycanın görkəmli təsviri sənət ustalarının əl işləri ilə yaxından tanış edir.
Professional rəssamlarla yanaşı, qalereya, eyni zamanda, fitri istedada malik olan insanların da yaratdığı sənət nümunələrini aşkarlayıb taparaq, onları üzə çıxarır və sənətsevərlərə təqdim edir.
“Bakı” Rəsm Qalereyasının direktoru Eldəniz Babayevin bir media açıqlaması diqqətimizi çəkib. O, bir istedadı üzə çıxarıb, söhbət yazıçı-publisist Nəcibə Bağırzadədən gedir.
Onun sözlərinə görə, Nəcibə Bağırzadə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Vətən ayrısı Rəsulzadələr”, “Uzaqdakı yaxından” kimi bir neçə kitabın, həmçinin Azərbaycan Radiosunda Cümhuriyyətə həsr edilmiş silsilə verilişlərin müəllifidir. Amma biz onun yazarlıq fəaliyyətinə toxunmayacağıq. Eldəniz Babayev söyləyir ki, publisistika sahəsi ilə yanaşı, Nəcibə xanım dekorativ təsviri sənət sahəsində də çox gözəl sənət nümunələri yaradaraq, sənətsevərləri valeh edir. Bu nəcib sənət nümunələri parça və tekstildən hazırlanmışdır. Əsasən 30-a qədər “Gül çələngindən” ibarət olan ekspozisiya göz oxşayır. Çox böyük rəng duyumu və kompozisiya quruluşu müəllifin düzəltdiyi bu sənət nümunələrində özünün estetik gözəlliyindən xəbər verir. Onun “Çəmən ayrısı” adlı sərgisi Azərbaycanın repressiya olunmuş qadın şairi Ümgülsüm Sadıqzadənin xatirəsinə həsr olunacaq”.
Qalereya direktoru bildirib ki, iki gün davam edəcək sərgidə Ümgülsüm xanıma aid fotomateriallar da nümayiş olunacaq.
Qeyd edək ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin və “Bakı” Rəsm Qalereyasının təşkilati dəstəyi ilə açılacaq.
Hədsiz maraqlı olacağı şəksizdir.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Bakıda Özbəkistan Kinosu Günlərinin açılışı olub
Dünən axşam saatlarında Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, Özbəkistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Özbəkistan Kinosu Günlərinin açılışı olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, əvvəlcə kinoşünas, ssenarist, Əməkdar incəsənət xadimi Ayaz Salayev və Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ölkəmizdə Özbəkistan Kinosu Günlərinin təşkil olunmasının əhəmiyyətindən söz açıblar. Qeyd ediblər ki, Azərbaycanla Özbəkistan kinosu arasında hər zaman bağlılıq, birlik və müştərək əməkdaşlıq olub: "Azərbaycanla Özbəkistan arasında nəinki sənət mübadiləsi, həmçinin tarixən dostluq və qardaşlıq münasibətləri olub. Biz mədəniyyət, kino sahəsində birlik, əməkdaşlıq baxımından çox gözəl zamanda yaşayırıq. Hələ qarşıda bizi yeni layihələr gözləyir və bunun da sayəsində iki yaxın, dost dövlət olaraq bir-birimizi daha da kəşf etmək imkanımız olacaq. Özbək kinematoqrafiyası Şərq kinosunda, ümumiyyətlə, keçmiş postsovet məkanında müstəsna xidmətləri olan kinematoqrafiyadır. Bu gün Azərbaycan Dövlət Film Fondunda 50 özbək filmi kino lentində qorunub saxlanılır".
Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycanda kino ilə bağlı bu cür görüşlərin, tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, son 2 il ərzində keçirilən Daşkənd Beynəlxalq Film Festivalında Azərbaycan kinematoqrafçıları da böyük şövqlə iştirak ediblər. Diqqətə çatdırılıb ki, builki festivalda Azərbaycan Kino Günləri çərçivəsində bir neçə film də nümayiş olunub.
Tədbirin davamında Özbəkistandan ölkəmizə gələn incəsənət xadimləri və kinematoqrafçılar belə bir tədbir çərçivəsində Azərbaycanda olduqlarından məmnunluqlarını ifadə ediblər və iki dost ölkə arasında olan sənət mübadiləsindən söz açıblar.
Sonda “Əbədi dostluq və qardaşlıq” filmi nümayiş etdirilib.
Qeyd edək ki, bu gün “Maksud Şeyxzoda” və “Reys 101” filmlərinin, eyni zamanda sabah “Baron 2” və “Qadın taleyi” adlı ekran əsərlərinin nümayişi də gözlənilir.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Soltan Sotanlının əsərləri Albaniyada
Albaniyada keçirilən 2-ci Niko Nikolla Beynəlxalq Karikatura Biennialının kataloq və sərgisinə həmyerlimiz, istedadlı karikaturaçı-rəssam Soltan Soltanlının iki əsəri seçilib.
2nd Niko Nikolla International Cartoon Biennial, Albania 2022 -yə gözəllik qatan bu karikaturaları “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edirik.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Uğur barədə söylənilən növbəti 10 dəyərli fikir
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə çoxlu fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Odur ki, uğur barədə aforizmlər seçməsi verməyi məqsədyönlü hesab edirəm.
Uğurun nələrin bahasına başa gəldiyini düşünəndə ona qarşı bir həqarət duyuram.
Q.Flober
İnsanlar uğursuzluqla qarşılaşmaq qorxusundan təslim olmağı üstün tuturlar.
H.Ford
Kim öz uğuruna inanırsa, gec-tez onu əldə edəcək.
K.Gebbel
İynəni tikməyi bacaran adama verirlər.
A.Hoffman
Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma!
C.Rumi
Heç vaxt ümidsizliyə qapılmayan adam üçün dünyada qeyri-mümkün iş yoxdur.
Xaqani
Həyatda ən böyük uğur xoşbəxtliyə nail olmaqdır.
A.Kamyu
Qələbənin ilkin şərti cəsarətdir.
A.Kembell
Yalnız həyatın sirlərini bilən insanlar uğur qazana bilər.
C.Kollenz
Kamalındır dövlətin, kamalına arxalan.
N.Gəncəvi
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)