Super User

Super User

Monday, 05 December 2022 13:30

Yalının Bakı konserti möhtəşəm keçib

 

Şənbə günü Bakı Konqres Mərkəzində Türkiyənin tanınmış müğənnisi Yalının konserti baş tutub.

Lirik mahnıları ilə qəlblərə yol tapan ifaçı sevənləri qarşısında solo konsert proqramında ən hit mahnılarını səsləndirib. 

Onlardan “Yeniden”, “Her şey sensin”, “Yaz gülü”, “Ki sen”, “Benimki”, “Sesindü aşk var” kimi mahnılar coşğu ilə qarşılanıb. Müğənninin canlı ifası konsertə gələnlərə unudulmaz bir gün bəxş edib.

 

Foto: PhotoStock.az-ındır.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

 

Önəmli layihələrə imza atan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi münasibətilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi mediaya məlumat yayıb. 

Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə şairin bir sıra əsərləri tərcüməçi Şaxlo Qasımova tərəfindən özbək dilinə çevrilərək nəşr edilib. Nəşrin ədəbiyyatsevərlərin iştirakı ilə Bakıda Beynəlxalq Kitab sərgisində təqdimatı olub. Növbəti təqdimatı isə dekabrın 8-də Daşkənddə Özbəkistan Yazıçılar Birliyində nəzərdə tutulur. 

Azərbaycan Mədəniyyət Mərkəzinizin sifarişi ilə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın əsərləri əsasında xüsusi konsert proqramı hazırlayıb. Konsert proqramında Özbəkistan Dövlət Konservatoriyasının musiqili-teatral studiyasının Xor Kapellası Azərbaycan-Özbəkistan-Türkiyə milli himnlərini ifa edəcək. Tədbirdə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın “Can Azərbaycan”, “Türkün bayrağı”, “Şükriyyə”, “Lalələr”, Abdulla Aripovun “Men nechun sevaman O‘zbekistonni”, “Uluğumsan Vatanim”, habelə Mehmet Akif Ersoyun əsərlərini ifa edəcək.

Dekabrın 9-da Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində alim və tədqiqatçıların iştirakı ilə “İstiqlal şairlərimiz, dövlət himnlərimizin müəllifləri Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy” beynəlxalq konfrans keçiriləcək. Universitetin mərkəzi foyesində isə “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisinin açılışı nəzərdə tutulub. Sərgidə Mərkəzi Asiya, habelə Qafqazların ən qədim dövr, orta əsrlər, habelə sovet dövrünə qədər tarixi xəritələri və istiqlal mübarizəsinə dair fotoşəkillər nümayiş etdiriləcək. 

Qeyd edək ki, tədbirə Özbəkistan Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Dövlət Konservatoriyası, habelə Türkiyə Respublikasının Özbəkistandakı səfirliyi, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu dəstək verir.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

İstanbulda IX “Necip Fazıl” mükafatlarının təqdimetmə mərasiminin keçirilməsi, bu mərasimdə Azərbaycanın Xalq Yazıçısı Elçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif olunması barədə artıq portalımız vasitəsi ilə məlumatlısınız. 

 

“Beynəlxalq mədəni-sənət” nominasiyası üzrə mükafatlandırılan yazıçımıza mükafatı təqdim edərkən Türkiyə Prezidenti söyləyib ki, Elçin Əfəndiyev müxtəlif dillərə tərcümə edilən əsərləri ilə qəlbləri fəth edib. Bildirib ki, Türkiyə-Azərbaycan dostluğunun səmimiyyətinin, həmrəyliyinin dünyada nümunə kimi göstərildiyi bir dövrdə verdiyimiz bu mükafat xüsusi məna kəsb edir. 

Mükafata layiq görülən Elçin Əfəndiyev özü isə açıqlamasında deyib:

“Necip Fazıl” mükafatına layiq görülmək mənim üçün böyük şərəfdir. Onun yaradıcılığının, şəxsiyyətinin miqyası o qədər genişdir ki, bu məndə mükafatın ümumən Türkiyə tərəfindən verilməsi hissini oyadır. 

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın bir-birinə “Əziz Qardaşım” - deyə müraciəti əslində elə ölkələrimiz arasındakı qardaşlığın, doğmalığın ifadəsidir. Yaxın keçmişə baxdığımızda, Azərbaycan ərazi bütövlüyünü bərpa edərkən, şanlı Zəfərimizə gedən 44 günlük Vətən müharibəsində Türkiyə hər zaman Azərbaycan xalqının yanında oldu. Türkiyə Prezidenti hər zaman dövlətimizin başçısının, vətəndaşlarımızın yanında oldu. Bu da çox böyük yaxınlıq və doğmalıqdan xəbər verir”.

Xatırladaq ki, İstanbulda IX “Necip Fazıl” mükafatlarının təqdimetmə mərasimi Türkiyənin “Star” qəzeti tərəfindən keçirilir, mərasim bu il “Yük kimin çiynində” mövzusu ilə baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” 

(05.12.2022)

 

Ötən gün Ankarada Türkiyə-Azərbaycan dostluq konserti keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Prezident Administrasiyasının Simfoniya Orkestrinin dəstəyi ilə keçirilən musiqi gecəsində iki ölkənin tanınmış sənətçiləri bir araya gəliblər.

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi, Ankarada yaşayan azərbaycanlılar da tamaşaçılar arasında olublar.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

 

Neçə gündür ki, anonsunu verdiyimiz tədbirə axır ki, start verilib. Mədəniyyət Nazirliyi “Rauf Hacıyev-100” musiqi festivalının açılışını elan edib. Musiqi festivalı çərçivəsində ilk tədbir kimi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Qafqazlı qardaşqızı” operettası təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1969-cu ildə bəstələnmiş və ilk dəfə tamaşaya qoyulmuş “Qafqazlı qardaşqızı” operettası sovet dönəmində əvvəlcə “Təbəssümünü gizlətmə” adı altında məşhurlaşmışdı və Rauf Hacıyevin yaradıcılığında lirik operetta xəttini davam etdirirdi. Uzun müddət sonra operetta 2015-ci ildə respublikanın Əməkdar artisti, rejissor Əli Usubovun quruluşu əsasında tamaşaya qoyulur və o zamandan etibarən “Qafqazlı qardaşqızı” adı altında teatr repertuarına daxil olur. Bəzi dəyişikliklər olsa da operettanın ruhu tam qorunub saxlanıb.

Tamaşadan əvvəl Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova festivalı açıq elan edib və “Qafqazlı qardaşqızı” operettası haqqında məlumat verib. 

Sonra Mədəniyyət Nazirliyinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyeva səhnəyə dəvət alıb, musiqi festivalı barədə və Rauf Hacıyevin yaradıcılığı haqqında qısa icmal ilə çıxış edib.

Daha sonra “Rauf Hacıyev-100” musiqi festivalının ilk tədbiri olan “Qafqazlı qardaşqızı” operettası oynanılıb və auditoriyanın alqışları ilə qarşılanıb.

Operettanın məramı və mövzusu barəsində qısaca da olsa məlumat verməyimiz yerinə düşər. “Qafqazlı qardaşqızı” operettası öz lirik, həyatsevər enerjisi ilə, təravətli, nəfis caz çalarlı və mahnı təbiətli simfocaz səciyyəli üslubu ilə seçilir. Əsəri sevimli edən daha bir cəhət onun lirik təbiətli, məlahətli, sevgi və yumor dolu, yaddaqalan, obrazlarıdır. Tamaşaya əsas milli çaları gətirən, “qafqazlı” və “azərbaycanlı” surətini komik səpgidə təmsil edən obrazlar - Bəbirli və Bibixanımdır ki, bu obrazlar da daha çox milli rəqs üslublu musiqi ilə müşayiət edilir. Lirik xətlə bağlı olan cütlüklər Arif ilə Lalə, Natəvan ilə Buba ən gözəl, səmimi və parlaq melodiyalarla, nəfis orkestr səslənmələri ilə öz səhnə səciyyəsini tapır. 

Tamaşada yaradıcı heyəti rejissor Cavid İmamverdiyev, dirijor Fəxrəddin Atayev, xormeyster Vaqif Məstanov və digərləri təmsil edirlər. Baş rollarda isə Nərgiz Kərimova (Lalə), Nicat Həbibov (Arif), Emil Heydərov (Bəbirli), Mehriban Zalıyeva (Natəvan), Rauf Babayev (Buba), Svetlana Bulax (Bibixanım), Boris Qrafkin (Rüstəmov), Əliməmməd Novruzov (Hətəmov), Firuz Məmmədov (Cavanşirov) oynayırlar.

Sonda rejissor, professor Əli Usubov, R.Hacıyevin ailə üzvləri və əsər üzərində çalışmış yaradıcı heyət səhnəyə dəvət edilib, kollektiv foto çəkdirilib. 

Qeyd edək ki, bu il mayın 15-də görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi tamam olub. Görkəmli bəstəkarın yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Mədəniyyət Nazirliyi də bu Sərəncama uyğun geniş proqram hazırlayıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

 

“Azərbaycan Beynəlxalq Qadınlar Assosiasiyasının Tbilisidə təşkil etdiyi qış xeyriyyə yarmarkasında uğurla iştirak edir. Azərbaycan ən böyük pavilyona malikdir. Biz burada bir daha Azərbaycanın zəngin mədəniyyətinin şahidi olduq.”

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri AzərTAC-a müsahibəsində Beynəlxalq Qadınlar Assosiasiyasının prezidenti Johanna Muhelmann söyləyib.

J.Muhelmann deyib: “Bu gün bu tədbirin təşkilində Gürcüstanda akkreditasiya olunmuş 25 ölkənin səfirliyi bizə dəstək olub. Onlardan biri də Azərbaycandır. Azərbaycanın bu möhtəşəm dəstəyindən məmnunluq duyuruq”.

Onun sözlərinə görə, assosiasiya 20 ildən çoxdur ki, bu cür tədbirlər təşkil edir. Ziyarətçilər iştirakçı ölkələrin nümayiş etdirdikləri mədəniyyət nümunələri ilə tanış olur, onların ləziz yeməklərindən həzz alırlar. Bu, həmçinin ziyarətçilərin həmin ölkələri daha yaxından tanımalarında mühüm əhəmiyyət kəsb edir.

“Bizim əsas məqsədimiz ehtiyacı olan insanlara yardım etmək, daha gözəl gələcək üçün təhsillərinə dəstək verməkdir. Satış-yarmarkadan əldə olunan vəsait də məhz bu istiqamətə sərf olunacaq”, – deyə J.Muhelmann vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

 

Xətai Sənət Mərkəzində “IWS Azerbaijan” və “IWS Khatai Art Center”in təşkilatçılığı ilə akvarelçi rəssam Pərviz Əliyevin akvarel texnikası üzrə ustad dərsi keçirilib.

 

Ustad dərsində “Materiallar və alətlər haqqında ümumi məlumat”, “Süjet seçimi və kompozisiyanın qurulma əsasları”, “Rəng-ton analizi və onun kompozisiya ilə əlaqəsi”, “İşin mərhələlərə bölünməsi”, “İşin həcmi-fəza həllində akvarelin rəsm texnikasının seçimi və əhəmiyyəti”, “İşin detallaşdırılma səviyyəsi və tamamlanması” kimi mövzular nəzərdən keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Xətai Sənət Mərkəzinə istinadən xəbər verir. 

Rəssamın ödənişsiz təqdim etdiyi ustad dərsində müxtəlif yaş qruplarından və peşə sahiblərindən ibarət 40-a yaxın izləyici iştirak edib.

Tədbir izləyicilərdə xoş təəssürat yaradıb.

 

“Ədəbiyyat və incəsənət” 

(05.12.2022)

 

Bu ilin ölkəmizdə “Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycanın Sofiyadakı səfirliyi tərəfindən Bolqarıstanda bir sıra silsilə tədbirlər həyata keçirilib.

Ölkəmizin Bolqarıstandakı səfirliyininə

İstinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu tədbirlər çərçivəsində Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” adlı kitabı bolqar dilinə tərcümə olunub və Bolqarıstan Dövlət Teleqraf Agentliyində nəşrin təqdimatı keçirilib. 

 

Təqdimat Şuşaya həsr olunmuş elmi-praktiki konfrans çərçivəsində baş tutub. 

Konfransda çıxış edən səfir Hüseyn Hüseynov 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunduğunu bildirib, konfrans iştirakçılarına Şuşanın tarixi, əhəmiyyəti, şəhərin 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı müddətdə tam viran qoyulması, 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunması haqqında danışıb. Diplomat belə tədbirlərin Bolqarıstan cəmiyyətində tarixi həqiqətlərin üzə çıxarılması, həmçinin Azərbaycanın mədəniyyət irsinin təşviqi baxımından önəmini bildirib. 

Digər çıxış edənlər Şuşanın Azərbaycanın tarixində, həmçinin siyasi və mədəniyyət həyatında tutduğu xüsusi yeri vurğulayıb, erməni işğalından azad olunduğundan sonra şəhərdə aparılan quruculuq və bərpa işləri barədə ətraflı məlumat veriblər. 

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə bolqar dilinə tərcümə olunmuş “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” kitabının müəllifi professor Elçin Əhmədov konfransa videoformatda qoşularaq, nəşrdə Şuşanın yaranma tarixindən bu günədək baş vermiş əsas hadisələrin faktlarla əks olunduğunu, Azərbaycanın mədəniyyət paytaxtının qədim tarixi və strateji əhəmiyyətinin geniş tədqiq edildiyini diqqətə çatdırıb. 

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Konfrans qədim Şuşanın məhəllə və küçələrini əks etdirən şuşalı rəssam Rövşən Bayramovun rəsm əsərlərindən ibarət sərgi ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət” 

(05.12.2022)

 

 

Aida Eyvazlı “Şuşam - qalamdır mənim” adlı layihəsini təqdim edir

 

Başa çatmaqda olan 2022-ci il tarixdə Şuşa ili kimi qalacaq. Bu, Şuşanın və Şuşanı bizə yenidən qaytaranların haqqıdır.

İlimiz Şuşa adı ilə bağlı olduğundan Vətənimizin  göz-bəbəyi olan Şuşa haqqında lap qədim tarixlərdən xəbər vermək, addım-addım, səhifə-səhifə, ilmə -ilmə, çiçək-çiçək Şuşanı bir də tanıtmaqdır məqsədimiz.

 

“Şuşam qalamdır mənim” adlı layihəmizdə bu dəfə Qafqazın mədəniyyət və musiqi beşiyin olan Şuşanın yetişdirdiyi mədəniyyət xadimlərindən, tanınmış şəxsiyyətlərindən danışacağıq. Söhbətimizi dünyalarca tanınmış  məşhur Üzeyir Hacıbəylinin  əsərlərini ermənilərin öz adlarına çıxmalarından başlamaq istəyirik. Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovun yazılarında bu haqda maraqlı məqamlar öz əksini tapıb. Beləliklə:

1908-ci il yanvarın 25-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Bakı şəhərindəki Tağıyev Teatrında  səhnəyə qoyulur. Yaxın Şərqdə, Mərkəzi və Cənubi Asiyada klassik sevgi əfsanəsi kimi operanın sorağı hər tərəfə yayılır.  1912-ci ildə isə erməni bəstəkarı  Armen Tiqronyan  “Anuş” operasını yazır.  1941-ci ilin mayında Bakıda erməni Armen Tiqranyanın "Anuş" operası tamaşaya qoyularkən, premyerada iştirak edən müəllif deyir: "Mən açıq etiraf etmək istəyirəm... Bu ilk erməni operasının yaranmasında əsil səbəbkar Üzeyir bəy Hacıbəyovdur... Hələ 1908-ci ildə "Leyli və Məcnun" operasını dinlərkən mən də milli opera yazmaq qərarına gəldim və dörd il keçəndən sonra 1912-ci ildə "Anuş" operası yarandı".

İkinci bir hadisə isə belə baş verir. Üzeyir Hacıbəylinin 1911-ci ildə tamaşaya qoyulmuş 2-ci operettası olan "Məşədi İbad" da az müddətdə məşhurlaşır və onun şöhrəti Azərbaycandan xeyli uzaqlara yayılır. Operetta 1919-cu ildə Krımda, Yaltada ekranlaşdırılmağa başlanır. O zaman Krımda yaşayan və Krım tatarlarının musiqisindən bəhrələnən milliyyətcə erməni olan bəstəkar Aleksandr Spendiyarov 1924-cü ildə Ermənistan hökumətinin dəvəti ilə Yerevan şəhərinə gəlməli olur. Ermənistandan musiqi kadrlarının yaranmasında, konservatoriyanın, simfonik orkestrin və opera teatrının əsaslı qurulmasında Aleksandr Spendiyarov da yaxından iştirak etməli idi. Yerevana gedərkən erməni bəstəkar yolüstü Ü.Hacıbəyovun qonağı olur. Söhbət zamanı Aleksandr Spendiyarov Ü.Hacıbəyliyə  “Üzeyir bəy, mən Sizin "Məşədi İbad" operettanızı eşitmişəm, orada bir neçə musiqi məni xüsusi məftun etmişdir" – deyir və  "Deyirlər ki, toy olacaq" xorunu və “Məşədi İbad, sən bizə, xoş gəlib, bizi şad elədin”- duetini yenicə bəstələdiyi "Almast" operasında İran qoşunlarının səhnəsində istifadə etmək istədiyini xahiş edir.

Böyük humanist qəlbə malik olan Üzeyir bəy qonağın bu xahişini yerə salmır. Ancaq daha neçə illər sonra bu melodiya təkcə "Almast" operasında deyil, Komitasın bəstəsi kimi "Simli kvartetdə", A.Babacanyanın bəstəsi kimi "Vaqorşapat rəqsində, daha kimlərin bəstəsində yer tapdı, ancaq nədənsə sonrakı erməni musiqişünasları bu melodiyanın "çox qədim" erməni musiqisi olmasını iddia etməyə başlayaraq, hətta etika, insaf xətrinə belə Üzeyir bəyin adını çəkməyi özlərinə sığışdırmadılar.

Bəli, budur erməni xisləti.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

 

Vətən müharibəsinin şəhidi mayoru Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş “Qisas – 44” adlı kitab işıq üzü görüb.

Kitabın tərtibçisi AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, şəhidin qardaşı Əpoş Vəliyevdir.

Kitabda mayor Vüsal Vəliyevin həyatı və döyüş yolundan bəhs edilir, ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri, onun haqqında yazılmış poemalar, məqalələr, şeirlər yer alır.

 

Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Dizə kənd tam orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə təhsil alıb. 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (AAHM) bitirib. Həmin ildən leytenant rütbəsində Beyləqan rayonunda xidmətə başlayıb. Tank əleyhinə taqımın komandirliyindən motoatıcı taborun komandiri vəzifəsinə və “mayor” hərbi rütbəsinə yüksəlib. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağda xidmət edib.

Xidmət etdiyi müddətdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı”, “10 il qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ-Kəlbəcər istiqamətindən döyüşə başlayıb, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da şəhadətə ucalıb.

Vüsal Vəliyev ölümündən dövlət başçısının sərəncamları ilə “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.