Super User
Qarabağın tarixi” üzrə qısa videoçarxlar müsabiqəsinin nəticələri ləğv olunub
“Qarabağın tarixi” mövzusunda elan olunan qısa videoçarxlar müsabiqəsinin nəticələri ləğv olunması barədə xəbəri ötən gün Mədəniyyət Nazirliyi APA-ya açıqlayıb.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağın tarixi” mövzusunda elan olunan qısa videoçarxlar müsabiqəsinin nəticələri ilə əlaqədar təqdim olunan videoçarxlar kəmiyyət və keyfiyyət baxımından qənaətbəxş olmadığına, müsabiqə şərtlərini ödəmədiyinə və tələb olunan texniki göstəricilərə cavab vermədiyinə görə müsabiqənin nəticələri ləğv olunub.
Qeyd olunub ki, müsabiqəyə təqdim olunan işlərə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən, bu sahənin tanınmış mütəxəssislərindən ibarət Ekspert Şurası tərəfindən baxılıb.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)
Ölkəmizin turizm potensialı beynəlxalq sərgidə təbliğ edilir
Azərbaycanın turizm potensialı Özbəkistanın Daşkənd şəhərində keçirilən “Daşkənd Beynəlxalq Turizm Sərgisi – TİTF 2022”də tanıdılır.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə sərgidə ölkəmizin turizm imkanları, xüsusilə müalicəvi və sağlamlıq turizm potensialı təbliğ olunur.
“Ədəbiyyat və incəsənət” portalı Dövlət Turizm Agentliyinin məlumatına əsasən bildirilir ki, “İpək Yolu turizmi” mövzusuna həsr edilmiş sərginin ilk günündə baş tutmuş plenar sessiya zamanı Agentlik sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanın turizm sahəsindəki bu günədək olan təcrübələr və gələcək planlar haqqında təqdimatla çıxış edib.
Dekabrın 2-dək davam edəcək sərgidə Özbəkistandan olan turizm şirkətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün B2B (Biznesdən biznesə) görüşlər təşkil olunur, Azərbaycanın turizm məhsulları, müalicəvi kurortlar və hotellər haqqında məlumat verilir.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Özbəkistandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)
“Sunayın rəng dünyası” uşaqları sevindirəcək
Uşaq yazarı Mehriban Nağıyevanın yeni şeir kitabı işıq üzü görüb. "Sunayın rəng dünyası" adlı kitabda balaca oxucular üçün bir-birindən maraqlı şeirlər yer alıb.
Bu kitab müəllifin sayca 13-cü kitabıdır. Rəngarəng şəkillərlə dolu kitabdakı rəsmlərin müəllifi isə 275 nömrəli tam orta məktəbin sinif şagirdi Sunay Salmandır. Sunay rəsm çəkməyi çox sevir. Sinif rəhbəri Mədinə Məmmədova Sunayın bu istedadını görərək maraqlı təşəbbüs irəli sürüb. O, bu şəkilləri toplayaraq uşaq yazarı Mehriban Nağıyevaya göndərib və Sunayla bərabər kitab hazırlamaq ideyasını irəli sürüb. Nəticədə uşaqlar üçün çox maraqlı bir kitab ərsəyə gəlib. Kitabda yer alan “Xarıbülbül”, “Zəfər nəğməsi”, “Sunayın rəng dünyası” və digər şeirlər balaca oxucuların marağına səbəb olacaq.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)
“Yenə yağış yağır bu boş şəhərə…”
“Ədəbiyyat və incəsənət” portalı Poetilk qiraət rubrikasında gənc şair İntiqam Yaşarın “Yağış” adlı yeni şeirini təqdim edir.
Yenə yağış yağır bu boş şəhərə,
Yenə ağacların duası çindir.
Adamsız şəhərdə bir ağac olmaq,
Susuz səhralardan daha çətindir.
Meyvəsi kölgədir, kölgəsi meyvə,
Uduzur ömrünü gündə bir yoxa.
Bu ağac bəxtindən haçan yarıya,
Öyrənib ümidi hey boşa çıxa.
Göylər...ümid yeri...son güman yeri,
Göylər əl uzadar yerdəkilərə...
Yarı yolda qalmaz göydən gələnlər,
Gec də olsa çatar yerdəkilərə.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)
Bu gün və sabah Bakıda Azərbaycan Moda Həftəsinin 13-cü mövsümü keçiriləcək
Bu gün və sabah Bakıda moda bayramı düzənlənəcək. Muğam Beynəlxalq Mərkəzində ölkənin rəsmi moda həftəsinin AFW-in 13-cü mövsümünün numayisi keçiriləcək. Və yenə də moda dünyasının ən maraqlı və parlaq adları seçilmiş ictimaiyyətə təqdim olunacaq.
AFW-nin 13-cü mövsümünün əsas mövzusu Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi olacaq. Bu da təəccüblü deyil, çünki Azərbaycan Moda Həftəsinin baş prodüseri Sayat Dossıbayev həm də Qazaxıstan Moda Həftəsinin təsisçisidir, onun sayəsində AFW podium həmişə bu iki ölkənin ən dəbli dizaynerlərinin görüş yerinə çevrilir.
Azərbaycan Moda Həftəsinin 13-cü mövsümünün iştirakçıları arasında bir çox yerli və xarici dizaynerlərin adı var. Qazaxıstanı nümayisdə aşağıdakı brendlər təmsil edəcək - Shogy, Nomade, Usaliev, A-Sain kids, Asheri. Dizayner İrina Diosa AFW-də Özbəkistanı təmsil edəcək. Yarışda Azərbaycanı aşağıdakı adlar təmsil edəcək - Fəxriyyə Xələfova, La Şyla, Soul Desire, Mario Russo, Ny Gyul. Menzer Zekizade Fashion məktəbinin məzunları Röya Bəşirova, Ramilya Mehdiyeva və Sultan Məmmədova da debüt kolleksiyalarını təqdim edəcəklər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Trend.az-a istinadən məlumat verir.
Qeyd edək ki, 1992-ci ildə BMT Baş Assambleyasının qərarı ilə dekabrın 3-ü bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Azərbaycan Moda Həftəsinin təşkilat komitəsi bu mühüm hadisəni nəzərdən qaçıra bilmezdi, ona görə də bu gün əlillər üçün ilk adaptiv moda brendi Kekalove-nin xüsusi nümayisi AFW podiumunda teqdim olunacaq. Əsas şou proqramı ilə yanaşı, butik sahiblərinə, mətbuat nümayəndələrinə və moda həftəsinin qonaqlarına dizaynerlərlə birbaşa ünsiyyət qurmaq, yeni el isleri ile tanış olmaq imkanı yaratmaq ücun Azərbaycan Moda Həftəsinin ənənəvi Showroomu keçiriləcək. Azerbaijan Fashion Week-in əsas məqsədi məhz bu Showroom da uzun bir vasitəçi zəncirindən yan keçərək və axtarış vaxtina qənaət edərək qarderobunda yeni bir şey axtaranlar ucun nezerde tutulub.
2015-ci ilin may ayında Azərbaycanda Azərbaycan Moda Həftəsinin ilk mövsümü keçirilib və bu, ölkədə Moda Həftələrinin başlanğıcı olub. Bu genişmiqyaslı layihə bir çox cəhətdən ölkədə moda bazarının belə görünməsinin əsas səbəbi oldu, çünki o dövrdə mövcud olan bir neçə modelyer öz fəaliyyətlərini ayrıca aparır, özlərini tanıtmaq üçün xeyli səy göstərirdilər. Azərbaycan Moda Həftəsi məhz moda sahəsində çalışanların hamısının səylərini birləşdirən platformaya çevrilərək, dizaynerləri, alıcıları, yerli və xarici mətbuatı, eləcə də paytaxtın bütün modasevərlərini və moda qadınlarını birləşdirən platformaya çevrildi. . Mövcud olduğu on mövsüm ərzində Azərbaycan Moda Həftəsi ən mühüm moda hadisəsi statusunu saxlamışdır İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
“Ədəbiyyat və incəsənət” (02.12.2022)
“Financial Times” 2022-ci ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
Böyük Britaniyanın “Financial Times” qəzeti 2022-ci ilin ən nüfuzlu qadınlarının siyahısını açıqlayıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AiF nəşrinə istinadən məlumat yayır.
Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl, məşhur amerikalı müğənni Billi Ayliş, həmçinin partiya qalmaqalında adı hallanan Finlandiyanın Baş naziri Sanna Marin də siyahıda yer alıblar.
Siyahıda həmçinin Kolumbiyanın vitse-prezidenti Fransia Yelena Markes Mina, ABŞ Ali Məhkəməsinin ilk qaradərili hakimi Ketanji Braun Cekson, Pakistandakı daşqın probleminə diqqət çəkən iqlim naziri Şerri Rəhman, həmçinin builki Nobel Sülh Mükafatını qazanan “Vətəndaş Azadlıqları Mərkəzi” Ukrayna İnsan Hüquqları Təşkilatının rəhbəri Aleksandra Matviyçuk da var.
Qəzet bu il İranda gənc Məhsa Əmininin polis tərəfindən saxlanmasından sonra ölümünün ardınca etiraz aksiyalarına qoşulan iranlı qadınları da reytinq siyahısına əlavə edib.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)
“Şuşa İli”nə töhfə: “270-ci səhifə” tezliklə ekranlardan oxunacaq
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (İB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Şuşa İli”nə həsr olunan “270-ci səhifə” adlı sənədli filmi ərsəyə gətirib.
“Ədəbiyyat və incəsənət” portalı İctimai Birliyə istinadən xəbər verir ki, əsas məqsədi işğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək olan sənədli filmdə Şuşada işğal vaxtı ermənilər tərəfindən dağıdılmış mədəniyyət abidələri, məktəblər və tədris mərkəzləri, eləcə də bu şəhərdə mövcud olmuş mədəni mühit və milli irsimiz barəsində ətraflı söz açılır. Filmin adı Qarabağımızın mirvarisi Şuşa şəhəri bu il 270 yaşını qeyd etdiyinə görə rəmzi olaraq “270-ci səhifə“ adlanır. Azərbaycanın müxtəlif tarixi dövrlərini yaşamış Şuşa şəhəri həm də bir tarix kitabıdır. Yaradıcı heyət film boyu sanki bu kitabı vərəqləyir.
Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edir. Filmdə azad olunandan sonra gözəl Şuşanın artıq dirçəldilməsindən də bəhs olunur.
Ekran əsərinin ərsəyə gəlməsində Müsəllim Həsənov (araşdırmaçı), Zəka Quluyev (rejissor), Kəmalə Cahidqızı (prodüser), Emin Hüseynov (quruluşçu operator), Soltan İbrahimov (operator), Arzum Nuruşzadə (montaj) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.
Qeyd edək ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin “Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılması” adlı layihəsi bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olub. “270-ci səhifə“ adlı film bu layihə çərçivəsində hazırlanıb. Filmin tezliklə həm yerli ictimaiyyətə, həm də xarici dillərdə beynəlxalq auditoriyaya təqdimatı nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)
“Filankəsin xətti sağ yana əyilib, demək ki o...”
İnsanın qələmlə yazı xətti onun xarakterindən xəbər verirmiş
Aida Eyvazlı yazır
Siz heç fikirləşmisiniz ki, insanlar nədən onlara birinci sinifdən hüsnü xətdə öyrədilən kimi deyil, özlərinin müəyyən etdikləri kimi yazırlar? Qrafaloqiya adlı elmdəm xəbəriniz varmı? Bax həmin o qrafalogiya elminin apardığı tədqiqat və gəldiyi nəticələrə görə, insanın qələmlə yazı xətti onun xarakterindən xəbər verir.
Qrafaloqiya- insanın xarakterini yazdığı yazı ilə təyin edən elmə deyilir. Həmin elmlə məşğul olan alimlər təsdiq ediblər ki, bir-birinə bənzəyən yazı xətti yoxdur.
İnsanın qələmlə kağız üstünə yazdığı yazısı, yəni əl xətti onun balacalaşmış psixomotorudur. Psixomotorika mərkəzi sinir sistemini, eləcə də insan psixikasının anlaqlı və anlaqsız mexanizmlərini idarə edir.
Gözəl yazılmış xətt
Sözlərini hərflərini bir-birindən ayırmadan yazan insanlar daha çox güclü məntiqə və öz hərəkətlərinə görə əsaslı ardıcıllığa sahib olurlar. Belə xətt sahibi demək olar ki, bütün işlərini də səliqəli və qüsursuz görür. Bununla belə başqalarının məsuliyyətsizliyi onu özündən çıxara bilir.
Bir-birindən ayrı yazılmış hərflər
Hərifləri bir-birindən ayrı yazan xətt sahibləri isə müstəqil və azadlıqsevər olurlar. Belə adamlar kənardan yaşadığı dünyadan qopmuş insanlar təsiri bağışlayır.Əslində bu, həqiqətən belədir. Onlar qayğısız və öz hərəkətlərinə və sözlərinə görə heç bir cavabdeh deyillər. Onlar bir söz deyib, lakin başqa hərəkət etməkdən də çəkinmirlər. Hətta verdikləri sözləri də bir neçə saatdan sonra dana bilirlər.
Yumrulanmış hərflər
Mətndə yazdığı hərfləri daha çox yumru olanlar çox qıvraq və mərhəmətli olurlar. Onları özündən çıxarmaq da çox asandır. Belə adamlar ətrafda olan ən müxtəlif xasiyyətli adamlarla münasibət qura bilir, onlarla ümumi dil tapır. Hətta əgər həmsöhbəti ilə aralarında hər hansı mübahisə yaranarsa, bu zaman həmsöhbətinin xeyrinə söhbətin üstündən keçə bilir.
Sivri və itiuclu hərlər
Belə bir xəttin sahibi olanlar isə ətrafdakıları özlərinə inanmağa çalışırlar. Onların özünəməxsus və sərt xasiyyəti olur. Onlara qarşı edilən hər bir irada görə, hər zaman deməyə arqumentləri və fikri öz xeyirlərinə dəyişdirmək cəhdləri olur. Belə adamlar özlərinin haqlı olduqlarını sübuta yetirmək üçün mübahisəyə hazırdılar. Bu mübahisədən və ya diskussiyadan qalib çıxmayınca, yerlərini ikinciyə vermirlər.
Düz yazılışlı hərflər
Qarşınızda oturan adamın xətti şaquli formada, hərfləri düz üzü yuxarıdırsa, demək bu adam azdanışan və səbirlidir. O, özünü sözü ilə deyil, əməli ilə sübut etməyə çalışacaq. Belə adamların çox böyük nüfuzu olsa da, tanışları və yaxınları az olur.
Xətti göydə uçanlar
Yazı xətti göyə uçanlar dətən optimist və məcara sevəndirlər. Onlar bir yerdə qərar tutmur, hər zaman irəliyə getməyə çan atır, yeni biliklərə yiyələnməyə və yeni tanışlıqlar qurmağa çalışırlar. Bu xətt sahibləri adətən kənardan sakit adam təsiri bağışlasalar da, onların başında hər zaman yeni ideyalar və gələcək üçün dəlicəsinə fikirləşdikləri planlar dolu olur.
Xətləri aşağıya doğru yazanlar
Onlar isə qarşıların qoyduqları məqsədə çatmağa qorxur, qarşıda görünən hər şeyi öz yoluna hasar hesab edirlər. Demək olmaz ki onlar tənbəldirlər və ya enerjiləri yoxdur. Sadəcə, belə insanların yanında hər zaman onları irəliyə doğru idarə edən və yanında olub yol göstərən adam lazımdır.
Sağa və ya sola sərt əyri yazanlar
Yazıları sağa və sola əyilən insanlar bir qayda olaraq enerjisi aşıb-daşanlardır., onlar bir yerdə rahat otura bilməyirlər. Belə adamlara “elə bil ki, qaynayır”- deyirlər. Onların xəttinə baxanda belə düşünmək olar ki, çox tələskən yazılıb, harasa tələsiblər.
Yazdığı cümlələri rabitəsiz və o tərəf-bu tərəfə əyənlər
Yazı xətti belə qarışıq olanların xəttinə baxanda, adamda belə təsəvvür yaramnır ki, məktubu və ya mətni bir neçə adam yazıb. Belə xətt sahibinin psixi gərginliyinin olması ehtimalı çox böyükdür. O tez əsəbiləşib hirslənən, sentimental, qətiyyətli və eyni zamanda da çox ağciyərdir. Onun həyata baxışları , məqsədləri çox dəyişkəndir. Bir sözlə belə adamlar gəzən feyervekdirlər, hər zaman qığılcım püskürə bilərlər, onlarla baş-başa gəlmək və mübahisə etmək fəlakətdir.
Yazdığı cümlələrdə keçid etməyi unudanlar, tire qoymayanlar
Əgər adam öz yazdığı yazıda və ya məktubda heç bir keçid etmir, yazılan sözü bütöv şəkildə başqa sətirə keçirirsə, bu o deməkdir ki, bu xasiyyəti olan adamlar hər işini ehtiyatla görürlər.
Əəgər siz növbəti dəfə ayaqlarınızın və addımlarınızın xarakterinizi neçə açdığını öyrənmək istəyirsinizə, yenə də bizi - “Ədəbiyyat və incəsənəti” izləyin.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)
“Mən Qaloş deyiləm”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
RZA TƏHMASİB
(1894-1980)
***
1969-cu ildə “Mehman” filmi ekranlara təzə çıxmışdı. Bir gün axşamüstü kinostudiyadan çıxıb piyada gəzirdim. Qəfildən bir dəstə qadın mənimlə üz-üzə gəldi. Deyəsən yas yerindən gəlirdilər, çünki hamısı qara geymişdi. Qadınlardan biri məni tanıyıb digərləri ilə pıçıldaşmağa başladı. Sonra məni dövrəyə aldılar. Məni tanıyan qadın düz gözlərimin içinə baxdı.
– Sizə dedim odur!
Çaşıb qalmışdım.
– İndi səni bizim əlimizdən kim alacaq?
Soruşdum:
– Üzr, istəyirəm, amma sizi başa düşmədim. Nə olub axı?
– Özünü tülkülüyə vurma, Qaloş. Başına panama qoyub, boynuna qalstuk taxmaqla deyil ey, sən necə qıydın Mehmana, onu de.
Hər şeyi başa düşüm. Gülümsündüm. Qadınlardan biri bir daha mənə diqqətlə baxıb dedi:
– Əşşi, bu o deyil. Oxşayır, ancaq o deyil. Qaloş belə gülə bilməz. Düz demirəm, ay qardaş, sən Qaloş deyilsən….
– Düz deyirsən, oxşatmısız, mən Qaloş deyiləm.
Məni oxşadan qadın bir də tərs-tərs baxıb uzaqlaşdı. Bir-iki addım atandan sonra anidən geri çevrildim, qadın hələ də geri boylana-boylana qalmışdı.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)
Xalq yazıçısı Afaq Məsud Gürcüstanda mükafata layiq görülüb
Azərbaycanın Xalq yazıçısı Afaq Məsud Gürcüstanda “İvane Maçabeli” və “Mixeil Çavaxişvili” mükafatlarına layiq görülüb.
“Ədəbiyyat və incəsənət” Bədii Tərcümə Mərkəzinə istinadən xəbər verir ki, bu münasibətlə Gürcüstan Yazıçılar Evində Afaq Məsudun yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Gürcüstan Yazıçılar İttifaqının sədri, tanınmış şair Makvala Qonaşvili qonağı və tədbir iştirakçılarını salamlayaraq yazıçının şəxsiyyəti və yaradıcılığı haqqında danışıb. Bildirib ki, Afaq Məsudun Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin yaxınlaşmasında böyük xidmətləri var: “Əsərləri dünyanın dörd bir yanında böyük maraqla oxunan bu məşhur yazıçıya Gürcüstan Yazıçılar İttifaqının qərarı ilə təşkilatın ən yüksək ödülünü – “İvane Maçabeli” mükafatını təqdim etməkdən dərin məmnunluq duyuram”.
Ümumgürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, tanınmış şair David Şemokmedeli yazıçının yaradıcılığını geniş təhlil edərək Afaq Məsudun əsərlərinin artıq həm də gürcü mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu qeyd edib. Bildirib ki, onun əsərləri gürcü, eləcə də digər dillərə uğurla tərcümə edilib, nəşr olunduğu ölkələrdə böyük maraqla qarşılanıb. O, ədəbiyyata verdiyi böyük töhfələrə görə Azərbaycanın Xalq yazıçısı Afaq Məsuda Rustaveli Cəmiyyətinin ən yüksək mükafatını – Mixeil Cavaxişvili adına mükafatı təqdim edib.
Tədbirdə Gürcüstan İncəsənət Akademiyasının vitse-prezidenti Şota Mağlakelidze, Gürcüstan Yazıçılar İttifaqı sədrinin müavini, tanınmış şair Bağater Arabuli, Rustaveli Dövlət Teatrının rejissoru, Gürcüstan Dövlət mükafatı laureatı Qoça Kapanadze, Gürcüstan Dövlət İncəsənət Universitetinin professoru İura Popxadze və başqaları çıxış edərək Afaq Məsudun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin sonunda Rustaveli teatrının aktyorları – Tinatin İmnadze, İlia Kopadze və Lika Kobuladze tərəfindən yazıçının məşhur “Dovşanın ölümü” hekayəsi oxunub, “Qatarın altına atılan qadın” pyesindən fraqmentlər ifa edilib.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)