Super User

Super User

 

 

Ən çox oxunan xəbərlərdən biri də budur: Dünyanın tanınmış rejissorlarından olan Stiven Spilberq koronavirusa yoluxması xəbəri yayılmışdı. Bu səbəbdən o, çəkdiyi "Fabelmanlar" ("The Fabelmans") filminin mükafatlandırma mərasimində iştirak edə bilməyib, məşhur rejissor Nyu-Yorkda keçirilən "Gotham Awards" mərasimində bu filmdə iştirak edən aktrisa Mişel Uilyamsa (baş rol ifaçısının anası) mükafat təqdim etməli idi. Lakin "qırmızı xalı"nın açılışına az qalmış tanınmış rejissorun koronavirus testinin cavabının müsbət çıxdığı aydın olub. Beləliklə, 42 yaşlı kino ulduzuna mükafatı Spilberq deyil, aktrisanın layihə üzrə həmkarı Pol Dano təqdim edib.

 

Bu xəbəri “Ədəbiyyat və incəsənət” portalı Deadline-a istinadən xəbər verir. Qeyd edək ki, amerikalı rejissorun çəkdiyi "Fabelmanlar"da baş rolları Qabriel Labell, Mişel Uilyams, Pol Dano və Set Rogen oynayırlar. Sentyabr ayında premyerası baş tutan film Toronto Film Festivalında "Tamaşaçı simpatiyası" baş mükafatına layiq görülüb. Film Stiven Spilberqin Arizonada yaşadığı illərə - uşaqlıq xatirələrinə əsaslanır.

Maraqlıdır ki, rejissor məhz pandemiyanın onu uşaqlığı haqqında film çəkməyə vadar etdiyini demişdi, indi isə elə koronavirus onun üçün çox əhəmiyyətli bir tədbirdə iştirak etməsinə mane olub.

Amma yəqin ki, rejissor Berlin festivalınadək sağalacaq. Xəbər verdiyimiz kimi, orda ona Qızıl ayı mükafatı verilməlidir.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Dekabrın 13-dən 18-dək ənənəvi Minsk Beynəlxalq Milad Opera Forumu keçiriləcək. Belarusun Böyük Teatrı artıq 12-ci dəfə təşkil etdiyi sənət bayramı ilə klassik musiqi xiridarlarını sevindirəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bir neçə ölkə təmsilçisinin, yaxın-uzaq ölkə teatrlarının qatıldığı Opera forumunda Azərbaycan sənətçiləri də iştirak edəcək.

Dekabrın 14-də “Gelikon-opera”nın təqdim edəcəyi C.Puççininin “Turandot” operasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Dekabr 16-da isə səhnəyə Q.Donisettinin “Sevgi şərbəti” tamaşasında Sankt-Peterburq Mariinski Teatrının solisti Məhərrəm Hüseynov çıxacaq. O, tamaşada sərgərdan təbib Dulkamaranın partiyasını ifa edəcək. Qeyd edək ki, həmyerlimiz forumun qala-gecəsində də digər 6 ölkə təmsilçisi ilə eyni səhnəni bölüşəcək.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Xəbər verdiyimiz kimi, Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş və Almaniya istehsalı olan “Odda - İki bacı" ("Sisters apart") filmini nümayiş etdirməkdən imtina edib. Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişini birmənalı şəkildə rədd edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi mediaya bildirilib ki, filmin Bakıda nümayişi ləğv olunub. 

Xatırladaq ki, Almaniyanın ölkəmizdəki səfirliyi sosial şəbəkələrdə filmin "Landmark"da nümayiş etdirmək niyyətində olduğunu bildirmişdi.

Amma mövzu qapanmaq bilmir. Xüsusən sosial mesia məsələ qaldırıb ki, Mədəniyyət Nazirliyi hansı haqla bu filmə vəsiqə veribsə cavab verməlidir. 

Halbuki, filmə Mədəniyyət Nazirliyi tərəfindən yayım vəsiqəsi verilməyib. İstər nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

“Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur. Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə, bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”, - deyə məlumatda qeyd olunur.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Noyabrın 29-dan başlamış və dekabrın 5-dək davam edəcək kino festivalından söz açırıq. 

Rusiyanın paytaxtında Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq “Moskovskaya premyera” kinofestivalı keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rusiya KİV-nin məlumatına görə, festivalın proqramına Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Özbəkistan və Ermənistandan olan filmlər daxil ediliblər. 

Azərbaycan və Rusiya-Azərbaycan istehsalı olan 5 filmin - “Bir cənub şəhərində”, “Əlvida, cənub şəhəri”, “İstintaq”, “Qobelen”, “Alisanın bir günü” (qısametrajlı film) nümayişi daxildir. 

Budəfəki festivala 11 ölkədən 120-yə yaxın iştirakçı və qonaq toplaşıb. Açılış mərasimi noyabrın 30-da saat 19.00-da “DomJur” kino mərkəzində təşkil olunacaq. 

Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq “Moskovskaya premyera” kinofestivalı 2003-cü ildən keçirilir. Festivalın birinci prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019-cu ildən bəri kinoforum beynəlxalq status alıb. “Moskovskaya premyera”nın vəzifəsi keçmiş SSRİ ölkələrinin vahid mədəniyyət və kinematoqrafiya məkanını inkişaf etdirməkdir. 

Daha ətraflı məlumat əldə etmək üçün Festivalın “mpfest.ru” rəsmi saytına müraciət edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin “Mükamlar” sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” adlı beynəlxalq festival öz işinə başlayıb.

Prezident Serdar Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan Mədəniyyət Nazirliyinin təşkil etdiyi bu tədbirdə beynəlxalq təşkilatların, əlaqədar nazirliklərin rəhbərləri və nümayəndələri, müğənnilər, musiqiçilər - milli musiqi alətləri ifaçıları iştirak edirlər.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Tatarıstan (Rusiya Federasiyası), Özbəkistan və İran mədəniyyət, incəsənət xadimləri iştirak edirlər.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təqdimatı əsasında ölkəmizi sözügedən Festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir.

 

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Festivalda Mərkəzin inzibatçısı Yusif Məmmədov, azərbaycanlı ifaçılar Vahid Əliyev, Fatimə İsgəndərova və Özbəkistanda Azərbaycan saz ustadı İlham Abdullayev Festivalda iştirak edirlər.

 

Mükamal Sarayına ölkə hökumətinin üzvləri, mədəniyyət sisteminin, ictimai təşkilatların rəhbərləri, yaradıcı işçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri, qonşu ali təhsil ocaqlarının professor və tələbələri toplaşmışdılar. 

 

Açılış mərasimində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun “Milli musiqi sənəti dünya xalqlarının irsidir” adlı beynəlxalq festival və konfransın iştirakçılarına təbriki oxunub.

 

Bu böyükmiqyaslı tədbirin əhəmiyyəti də bundan ibarətdir. Türkmənistan liderinin təbrikində deyilir: “Bu beynəlxalq festival və konfrans türkmən xalqının əsrlər boyu davam edən milli musiqi sənətinin dünya ictimaiyyətinə təbliğində, xalqların daha yaxından tanıdılmasında xüsusi rola malikdir. Dünyanı milli musiqi sənəti ilə sıx bağlayır”.

 

Sonra Mükəmlər sarayının səhnəsində konsert olub.  Zəngin mədəni proqram musiqi əsərlərinin rəngarəngliyi, müxtəlif xalqların qədim xanəndəlik və ifaçılıq sənətinin nadir nümunələri Festivalda iştirakçılara təqdim olunub.

 

Azərbaycan və Türkiyə musiqi kollektivlərinin, Qızılora vilayəti (Qazaxıstan), A.Curayev adına Tacikistan Dövlət Filarmoniyasının, Xorazm Musiqili Dram Teatrının (Özbəkistan) xalq musiqisi ansambllarının, Buxara şəhəri,  Qırğızıstandan gəlmiş “Etno-Oş” folklor-etnoqrafiya qrupunun ifaçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.  “Türk dünyası” musiqi və rəqs qrupunun sənətçiləri tamaşaçılara gözəl türk rəqsləri təqdim ediblər.

 

Azərbaycan sənətçiləri bir sıra xalq mahnılarımızı, saz havalarını ifa ediblər. Çıxış tamaşaçıların çoxsaylı alqışları ilə müşaiyət olunub.

 

Tədbirlərdə Türkmənistan dövlət və  hökumət nümayəndələri, TÜRKSOY təşkilatının rəhbəri və nümayəndələri, nazirlik və idarələr, ali təhsil müəssisələri, mədəniyyət mərkəzləri, Aşqabad Forumuna qatılan ölkələrin alim və ekspertləri də iştirak ediblər.

 

Noyabrın 30-da Dövlət Mədəniyyət Sarayının Mükəmlər Sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” beynəlxalq festival və konfransının təntənəli bağlanışı, diplomların təltif edilməsi və Türkmənistan incəsənət ustalarının konserti keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva noyabrın 29-da ölkəmizdə səfərdə olan Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı qonağı səmimi salamlayan Sevda Məmmədəliyeva xalqlarımız arasında tarixi bağlılıq, ortaq dəyərlər və mədəni əlaqələrin inkişafı üçün gələcək əməkdaşlıq perspektivlərindən söz açıb.

 

Sevda Məmmədəliyeva 2022-ci ilin 28-29 noyabr tarixlərində Tatarıstanın Qabdulla Karieva adına Gənc Tamaşaçılar Teatrı tərəfindən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Nizami Gəncəvinin Leyli və Məcnun poeması əsasında tamaşanın nümayişi üçün qarşı tərəfə təşəkkürünü bildirib və bu səhnə əsərinin tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağına əminliyini ifadə edib.

 

Azərbaycanda təhsil almış nazir İrada Ayupova, uzun müddətdən sonra Azərbaycana səfəri və Bakı şəhərinin yüksək surətlə inkişafı ilə bağlı xoş təəssüratlarını bölüşüb, eyni zamanda Azərbaycanda tarixən çoxsaylı zəngin mədəni tədbirlərin keçirilməsi ənənəsinin bu gün də davam etdiyinin şahidi olduğunu bildirib.

 

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, türk xalqlarını birləşdirən birgə layihələrin həyata keçirilməsi və mühüm əhəmiyyətli tədbirlərdə qarşılıqlı iştirakın önəmi vurğulanıb.

 

Nazir cari ilin 4-9 dekabr tarixlərində Tatarıstanın Kazan şəhərində UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci ilin Konvensiyasının 50 illiyinə həsr olunan beynəlxalq forumun keçiriləcəyini diqqətə çatdırıb və Nazirliyin rəsmilərini bu forumda iştiraka dəvət edib. O, həmçinin, Tatarıstanda keçirlən teatr, folklor, ənənəvi uşaq oyun  festivalları, o cümlədən, türk irsi ənənələrinə və onların təbliğinə yönəlmiş beynəlxalq tədbirlər haqqında məlumat verib. Bununla yanaşı, elm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə üstünlük verilməsi, xüsusilə, gənclər arasında elm sahəsində əməkdaşlığın qurulması, Tatarıstanda türk xalqlarının tarixi üzrə uşaqlar arasında olimpiadanın keçirilməsi və bu tədbirlərdə Azərbaycan tərəfinin iştirakının önəmini vurğulayıb.

 

Görüşdə Azərbaycanda və Tatarıstanda türk xalqlarına aid çoxlu sayda qədim əlyazmaların mövcud olduğu bildirilib, bu əlyazmaların araşdırılıb oxunulması üçün süni intellekt əsaslı texnologiya sahəsində birgə əməkdaşlığın zəruriliyi qeyd edilib.

 

Görüş zamanı 2023-cü ilin üçün Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi, habelə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar ölkədə təşkili nəzərdə tutulan tədbirlərdə birgə əməkdaşlıq barədə məlumat mübadiləsi aparılıb. Görüşün sonunda növbəti ildə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, və bu əlamətdar günlər çərçivəsində festivallarda iştirak, birgə kino günlərinin təşkili, o cümlədən, mədəniyyət sahəsi ilə bağlı gənclər forumunun keçirilməsi müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Noyabrın 29–dan dekabrın 5–dək Moskva şəhərində MDB ölkələrinin 4–cü Beynəlxalq “Moskva premyerası” kino festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının məlumatına əsasən xəbər verir ki, Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev bu forumun keçirdiyi 4–cü kino festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək.

Qeyd edək ki, bu festivalın tarixi 2003–cü ildən başlayır və ilk prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019–cu ildən festival MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə əməkdaşlıq zəminində bir kinoforum olaraq beynəlxalq status qazanıb.

 

Polşa-Azərbaycan dostluq münasibətlərinin inkişafına töhfə olaraq “Azərbaycan-Polşa nağılları” adlı kitab nəşr edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın xüsusi müxbirinə istinadən xəbər verir ki, kitab Polşa-Azərbaycan dostluq əlaqələrinin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyinə həsr olunan “Polşa ilə Azərbaycan arasında mədəni körpü” layihəsi çərçivəsində çap edilib. Polşa Azərbaycanlıları Şurasının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihənin Azərbaycanda tərəfdaşı “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyidir. 

Kitabda Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyi münasibətilə 30 nağıl toplanıb. Belə ki, 15 Azərbaycan nağılı polyak dilinə, 15 Polşa nağılı isə Azərbaycan dilinə tərcümə edilib. “Apostrof-A” nəşriyyatında çap olunan kitabın tərcüməçisi Vrotslav Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru İlahə Kərimovadır. 

Kitab Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli tərəfindən Polşanın 20-ə yaxın dövlət kitabxanasına hədiyyə olaraq paylanılıb. Həmçinin kitab Azərbaycan diasporu adından Polşada uşaq evlərinə, məktəblərə və uşaq bağçalarına da ödənişsiz şəkildə təqdim edilib. 

Xatırladaq ki, Zəfər Günü ərəfəsində “Azərbaycan-Polşa nağılları” kitabının Varşavada da təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

Thursday, 01 December 2022 12:00

Qadın ağlamaqçün yaranmayıbdı...

 

Redaksiyanın poçtundaAzərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun iki şeiri var. Hər iki şeir qadınlar barədədir.  Şeirləri diqqətinizə çatdırırıq.

 

 

Qadının özünə minnətdaram mən!

 

 

“Mənim həyatımın nə mənası var,

Sizin üzünüzdə gülüş olmasa”.

 

Xalq şairi Nəriman Həsənzadə

 

 

İnsanın özündən xəbərsiz, inan,

Narahat duyğular bu gün də yatmır.

Duyub yaşadıqca ömrün gününü,

Bəzən görürsən ki, nəyinsə çatmır.

 

Sonradan keçdikcə ömürdən günlər,

İlk görüş, ilk gülüş yadına düşür.

Sən demə, bu ömrün ən çətin günü,

Gəlib bu dünyada qadına düşür.

 

Duyulsa, uzaqdan nəfəsi yenə,

Bu dünya qayğıya bürünəcəkdi.

Könlünü almaqçün dağların özü,

Qadın arxasınca sürünəcəkdi.

 

Axı çox həssasdı bütün varlığı,

Dünəni, bu günü qoruyur bütün.

Qadının özünə minnətdaram mən,

Belə həssas qəlbli olduğu üçün.

 

 

Qadın ağlamaqçün yaranmayıbdı...

 

Soykökə bağlılıq, yurda bağlılıq,-

Qəhrəman bir yurdun canında olmuş.

At çapan Koroğlu dəlilərinin,

Sapandı, qılıncı yanında olmuş.

 

Əsrlər boyunca ər meydanında,

Fərhadtək qayanı bir ana yarmış.

Yaxşı ki, bir xalqa xidmət göstərən,

Cəsur bir diyarda qadınlar varmış.

 

Ömrün sınağından üzü ağ çıxmış,

Min igid gözündə darda da belə.

Yaşınıb, utanıb, çəkinməmişdi,

Boranda, şaxtada, qarda da belə.

 

Şairlər bir yurddan geri qayıtmaz,

Qadının hüsnündən ilham almamış.

Nigar da, Həcər də qəhrəmanlıqda,

Koroğlu, Babəkdən geri qalmamış.

 

Qəlbi ovsunlayan siyah telləri,

Kim sənə dedi ki, daranmayıbdı?!

Üzündə sevinci görəndə bildim,

Qadın ağlamaqçün yaranmayıbdı…

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

 

Thursday, 01 December 2022 10:30

Kino hara, teatr hara?

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

MİRZƏAĞA ƏLİYEV

(1883-1954)

 

***

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının motivləri əsasında çəkilən üç filmdən ikisində rol almışam. İlk dəfə 1916-ci ildə çəkilən “Arşın mal alan” filmində Süleyman obrazını yaratdım. Səssiz film idi. Rejissor Boris Svetlov çəkmişdi. Nümayiş zamanı canlı musiqi parçalarından istifadə olunurdu. Amma film Üzeyir bəyin xoşuna gəlmədi. İlk nümayişdən bir neçə gün sonra Quba meydanında üz-üzə gəldik. Hal-əhval tutduqdan sonra Üzeyir bəy başını bulayıb dedi:

– Mirzəağa, artislər əllərindən gələni ediblər. Sənin Süleymanına, Hüseynqulu Sarabskinin Əsgərinə, Əhməd Ağdamskinin Gülçöhrəsinə söz ola bilməz. Ancaq mənim istədiyim bu deyildi.

– Bəy, bəs nədən narazı qaldın? Kimin oyunu sənin xoşuna gəlmədi? Ürəyincə olmayan nədir, Üzeyir bəy?

– Bilirsən, Mirzəağa, “Arşın mal alan”ı teatrda da oynayırlar. Özü də demək olar ki, kinoda oynayan artistlərin əksəriyyəti oynayır, əgər kinonu o teatrdan yaxşı alındıra bilməyəcəyiksə, bu, bizə başucalığı gətirməz. Məncə, nümayişi dayandırmaq lazımdır.

Elə də oldu. Ertəsi gün Üzeyir bəyin təkidi ilə, filmin nümayişini dayandırdılar.       

 

 

  “Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.