Super User

Super User

Rəsm qalereyası: Sakit Məmmədov, Qadın portreti

Thursday, 01 December 2022 19:00

Günün fotosu: Rusiya cavab verməlidir

Brüsseldə Avropa İttifaqı növbəti dəfə təcavüzkar Rusiyanı ittiham edərək “Rusiya aqressiyaya görə cavab verməlidir” çağırışını səsləndirmişdir. 

Həm də Avroittifaq Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə çağırış etmişdir.

Foto: Euronews.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Bildiyiniz kimi, dünyada keçirilən ən böyük kitab sərgilərindən biri İstanbulun payına düşür və Azərbaycan da bu sərgidə müntəzəm təmsil olunur. Özü də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu dəfə ənənə pozulacaq. Dekabrın 3-dən 11-dək İstanbulda keçiriləcək növbəti - 39-cu Beynəlxalq Kitab Sərgisində ölkəmizin təmsil olunması nəzərdə tutulmur. 

Əlimizdə cəmi bir məlumat var: Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin açıqlaması. Açıqlama belədir: sözügedən sərgidə Azərbaycanın bu il “Fəxri qonaq ölkə” statusunda iştirakı təxirə salınıb və qarşı tərəf bu barədə məlumatlandırılıb.

Vəssalam. Səbəblər hələ ki bilinmir. Araşdırmağa çalışacağıq.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında 20 ildən artıq izlənilən “Şeyx Sənan” tamaşası nümayiş etdirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı teatrın mətbuat xidmətinin məlumatına istinadən bildirilir ki, tamaşa ölkə başçısının Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təqdim olunub.

Tamaşadan əvvəl baş rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmış filosof şair, görkəmli dramaturq haqqında fikirlərini bölüşüb. Səma şairinin yaradıcılığında tolerantlıq, multikultural dəyərləri ön plana çəkən M.Ələkbərzadə Cavid üçün insanın əsas missiyasının sevgi olduğunu bildirib.

“Hüseyn Cavid ikinci ömrünü 1982-ci ildən yaşamağa başladı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ədibin cənazəsinin qalıqlarının Sibirdən Azərbaycana gətirilməsi əlamətdar bir tarix, uğurlu və cəsarətli bir addım idi. Beləliklə, uzaq İrkutskda 59 nömrəli qəbirdə torpağa tapşırılan 59 yaşlı Cavid Rəsizadə Azərbaycana qovuşur”, - deyə baş rejissor vurğulayır. 

Daha sonra “Şeyx Sənan” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı, Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Korifey aktyorlar əsla unudulmaz. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində görkəmli teatr və kino xadimi, Xalq artisti Ağasadıq Gəraybəylinin 125 illiyi təntənəli şəkildə qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Ağasadıq Gəraybəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Çıxış edənlər Ağasadıq Gəraybəylinin sənət yolundan danışaraq, onun bütün ömrünü Azərbaycan teatrı və kinosunun inkişafına həsr etdiyini, bir-birindən maraqlı, ölməz obrazlar yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Xalq artisti geniş yaradıcılıq diapazonuna malik böyük sənətkar kimi Azərbaycanın zəngin mədəniyyət salnaməsində xüsusi yer tutur. Onun milli dram teatrının səhnəsində və kinematoqrafiyada professionallıq baxımından son dərəcə müvəffəqiyyətlə canlandırdığı müxtəlif xarakterli obrazlar yüksək bədii təsir qüvvəsini qoruyub saxlamış dəyərli sənət nümunələridir. 

Sonra tanınmış müğənnilərin, rəqs qruplarının və tələbə aktyorların rəngarəng çıxışları maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Türk tarixi və mədəni irsinin qorunması istiqamətində həyata keçirilən layihələrə önəm və istiqamət vermək hazırda prioritet məsələdir. 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasının yeni təyin olunmuş prezidenti, akademik Şahin Mustafayev ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir ki, görüşdə Fondun prezidenti G.Əfəndiyeva Şahin Mustafayevi Beynəlxalq Türk Akademiyasının prezidenti təyin olunması ilə əlaqədar təbrik edərək, ona yeni və məsuliyyətli vəzifəsində uğurlar arzulayıb. 

O, Fond tərəfindən zəngin türk tarixinin və mədəni irsinin qorunması, bütün dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələrdən danışıb, eləcə də hər iki təşkilatın fəal və məhsuldar fəaliyyətinin türk dövlətləri və xalqlarının daha da yaxınlaşmasına və inteqrasiyasına böyük töhfə verəcəyini vurğulayıb.

Türk Akademiyasının prezidenti Şahin Mustafayev təbriklərə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinə təşəkkür edərək, türk dünyasında akademik fəaliyyəti əlaqələndirən, türk xalqlarının qədim və müasir tarixini, dilini, elmini tədqiq edən beynəlxalq təşkilata rəhbərlik etməsinin qürurverici olduğunu bildirərək, akademiyanın bundan sonra da səmərəli fəaliyyət göstərməsi və Türk Əməkdaşlıq Təşkilatları ilə sıx tərəfdaşlıq etməsi istiqamətində çalışacağını qeyd edib.

Bununla yanaşı, görüşdə Fond və akademiya arasında əməkdaşlığın daha da genişləndirilməsi, mümkün birgə layihələr ətrafında söhbət aparılıb.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

Thursday, 01 December 2022 15:50

Dost oldular bir aktyor və bir qurd…

 

Çoxları onu İdmançı və bloger kimi, çoxları da populyar “Sənə inanıram” teleserialında aldığı rola görə tanıyır. İnanılmaz işlərə imza atan Kamil Zeynallı indi də hamınln təəccübünə səbəb olan növbəti addımı atıb. “Ədəbiyyat və incəsənət” portalını Kamil Zeynallının öz instaqram hesabında qurdla paylaşdığl fotolar cəlb edib.

 

Bəli, Kamil özünə qurd alıb. Bu barədə o yazır:

"Mənim canavarım. Nana canavardan törəmədir. Hürə bilmirlər, arada ulayırlar. Bizim Qafqaz dağlarında bundan yoxdur, Çexiyada olur. Canavarlarla "Çoban itinin" cütləşməsindən əmələ gəlib, amma canavardır. Dostum Nana..." .

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Bu gün YARAT Müasir İncəsənət Məkanı 17 türk rəssamının – Setenay Alpsoy, Selçuk Artut, Vahap Avşar, Osman Bozkurt, İpek Duben, Işıl Eğrikavuk və Jozef E.Amado, Nezaket Ekici, Cevdet Erek, Ahmet Rüstem Ekici və Hakan Sorar, Özlem Günyol və Mustafa Kunt, Hakan Gürsoytrak, Ali Kazma, Serhat Kiraz və Seyhun Topuz – yeni yaradılmış, həmçinin ən son illərin əsərlərindən ibarət "Multiperspektivdə" adlı yeni qrup sərgisini təqdim edəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu müxtəlif aspektlər və onlar arasındakı təzadların nümayişi sayılacaq sərginin açılışı günündə - yəni dekabrın 1-də daha sonra film nümayişi, panel müzakirələri baş tutacaq, mühazirələrdən ibarət geniş ictimai proqram müzakirəsi təşkil olunacaq.

Sərgi 2023-cü il aprel ayının 30-dək ziyarətçilər üçün açıq qalacaq. 

YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunacaq sərginin kuratoru Fırat Arapoğlu olacaq. 

 

Bu gün sürətli urbanizasiyanı yaşayan dünyaya vertikal baxmaq nə məna kəsb edir? Yerin vertikal quruluşunu necə anlamaq olar? Son zamanlara qədər bizim dünyəvi biliklərimizdə üfüqi perspektiv üstünlük təşkil edirdi, ona görə də coğrafiya düz səthi xəritələrdə göstərilirdi. Geosiyasət anlayışı xəritələr və qlobuslar üzərində təşkil edilmiş ənənəvi milli dövlətlərə aiddir.

Müasir milli dövlətləri, coğrafi və geosiyasi elmləri formalaşdırmaq üçün xətti perspektiv zəruri idi. Coğrafiya və geosiyasət dövlətlərin üfüqi dünyagörüşündə regional güc və ərazi uğrunda necə mübarizə apardıqlarını izah edirdi. Belə bir perspektiv dünyanın üçölçülü quruluşunu nəzərə almır. İncəsənət, memarlıq və geologiyada bununla bağlı müzakirələr aparılsa da, gündəmdə hələ də xətti perspektiv mövzusu üstünlük təşkil edir.

İngilis coğrafiyaşünası Dorin Massi 1994-cü ildə yazırdı ki, "xəritədə sərhədlər yerləri müəyyən etmir". Əslində, onlar "sosial münasibətlərdə və şəbəkələrin anlamasında ifadə olunan məqamlardır". Çağımızda bu münasibətlərin əksəriyyəti kiçik yerlərdən keçir. "Multiperspektivdə" isə onların dünya miqyasında bir-biri ilə qarşılıqlı və vertikal şəkildə təşkil olunmuş əlaqələrinə əla nümunədir. Sərgi insan təcrübəsi ilə sıx şəkildə üst-üstə düşən material və coğrafi baxımından multiperspektiv formaları araşdırır. Vertikal və digər məkan metaforaları ünsiyyəti yenidən qurub yaratmaq üçün işləyir; vertikal birbaşa sosial həyatın fiziki təcrübəsindən irəli gəlir və insanların sosial və siyasi dünyanı necə qavramasına və formalaşmasına fəal təsir göstərir.

Konseptual olaraq, sərgi sürətlə urbanizasiyalaşan dünyamızın siyasi, sosial və şəhər mübarizəsini belə çoxölçülü və tənqidi perspektivdən təqdim edir. Sərgi bütün hadisə, mühit və dünyaları təsvir etmək, təcrübədən keçirmək və təhlil etmək, habelə bunun necə baş verdiyini problem kimi vurğulamaq üçün vertikal metaforalardan istifadə edir. Biz buna nail olduqda, bu, şəhərə, siyasətə, həyata və coğrafiyaya tənqidi, vertikal və həqiqətən də hərtərəfli baxışlarımızı inkişaf etdirərək "dünyanı yenidən görməyə" imkan verəcək.”

 

Şəkildə: Setenay Alpsoy

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikaaında sizlərə şair Yusif Nəğməkarın “Yoxu sevdim” şeirini təqdim edir. 

 

Günüm gün görmədi ələmdən başqa...

Sinəmdə gizlətdim qəm-şikayəti...

Sirdaşım kağızdan, qələmdən başqa

Mən kimə danışım bu hekayəti?!.

 

Gümanım ömrə bel bağlaya bilmir,

Çatdım suallara hey qaşlarımı...

Nə yazıq, kişilər ağlaya bilmir!

Qürurum dəfn etdi göz yaşlarımı...

 

...O, sevdi...

            mən onu sevə bilmədim...

Çəkildi günə dağ,

              həm dağ aylara...

Bir addım ahına sarı gəlmədim,

Dərd açdı sulara, qağayılara...

 

...Bir kəs aramadım heç vaxt o adda...

Peşman yaşamadım tək heyif kimi...

Bir gün eşitdim ki, yoxdur həyatda...

Yoxluğu var etdi ona sevgimi...

 

Nə sirdir, talelər arınmayanda

Ən sərt arzular da yuxa vurulur?!.

Öz könül varından barınmayanda

İnsan yoxu sevir, yoxa vurulur?!.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

Thursday, 01 December 2022 20:00

Betmenin avtomobili satışa çıxarılıb

Rejissor Tim Bertonun çəkdiyi "Betmen" filmlərində superqəhrəmanın istifadə etdiyi avtomobil satışa çıxarılıb.

 

“Ədəbiyyat və incəsənət” Qəeb mediasına istinadən xəbər verir ki, 1992-ci ildə ekran işi üçün istifadə olunan "Betmobil"in satış qiyməti isə 1,5 milyon dollardır.

"Chevrolet" brendinin modellərindən birinin əsasında hazırlanan maşın aşağı güclü elektrik mühərriki ilə təchiz olunub və o, saatda 50 kilometr sürətə malikdir.

Üç nəfərlik olan avtomobildə kaskadyor üçün xüsusi gizli oturacaq da var. Elə avtomobilin dəyərini qaldıran da budur.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.