Super User
Mədəniyyət naziri öz tvitter hesabında hamını hara dəvət edib?
Bu gündən etibarən, ta ki dekabrın 27-dək Bakı və Gəncə şəhərlərində “Rauf Hacıyev-100” adlı musiqi festivalı keçiriləcək. Festival Prezidenti İlham Əliyevin bəstəkarın 100 illiyi haqqında imzaladığı müvafiq Sərəncama əsasən Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunur.
Festival çərçivəsində R.Hacıyevin “Qafqazlı qardaşqızı” operettası, estrada və caz, kamera və simfonik əsərlərindən ibarət konsertlər, eləcə də bəstəkarın xatirəsinə həsr edilmiş elmi-yaradıcı diskussiya baş tutacaqdır. Tədbirlər Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Heydər Əliyev Sarayı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Gəncə Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq. Konsertlərdə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, R.Behbudov adına Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, “Qaya” Dövlət Ansamblı, Xalq artistləri – Adilə Əliyeva, Salman Qəmbərov, Azər Zeynalov, Əməkdar artist Afaq Abbasova, ifaçı Fərid Əliyev, tanınmış estrada müğənniləri Zaur Əmiraslanov, İlhamə Qasımova, Rövşən Qəhrəmanov, tanınmış caz kollektivləri “Bakustik Caz”, “Səbinə Hacıyevanın Caz Triosu”, “DiHaj”, “H3 Collective”, Vüsal Rzasoyun rok qrupu və başqa heyətlər iştirak edəcəkdir.
Festival barədə mədəniyyət nazirimiz Anar Kərimovun bir tvitter paylaşması diqqət çəkir. Nazir yazır:
“Azərbaycan caz sənətinin əfsanəsi Rauf Hacıyevin 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən festival keçiriləcək. Hamını 6 dekabr tarixində Heydər Əliyev sarayıda möhtəşəm konsertə dəvət edirik”.
“Ədəbiyyat və incəsənət”
(03.12.2022)
Şövkət Ələkbərovanın gecəsi - mübhəm və sirli
Elə bir ev yoxdur ki, orada Şövkət Ələkbərovanın mahnıları səslənməsin. Hər sənətkar oxuduğu mahnıya öz imzasını qoya bilmir. Onun ifasında səslənən hər bir muğam və mahnı Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olaraq xalqın milli mədəni sərvətinə çevrilib. İnsanlar indi də bu qüdrətli sənətkarın oxuduğu “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamları, Azərbaycan bəstəkarlarının “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran”, “Dərələr” mahnısını unutmurlar və sevərək dinləyirlər. Elə bu mahnıların sehri və xalqın Şövkət xanıma olan sonsuz sevgisinin göstəricisi idi ki, Heydər Əliyev Sarayına üz tutanlar çoxluq təşkil edirdi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli ifaçı, Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunmuş “Şövkət Ələkbərova 100” adlı xatirə gecəsi keçirilib.
Gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, eləcə də Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin instrumental ansamblının müşayiəti ilə tanınmış və gənc müğənnilər Şövkət Ələkbərovanın repertuarından mahnılar ifa ediblər.
İfaları dinlədikcə bir daha əmin olursan ki, milli ifaçılıq ənənələri əsasında öz məktəbini yaratmış Şövkət Ələkbərova mahnı janrının ustadı, peşəkar vokalçı olmaqla yanaşı, həm də mahir pedaqoq olub. O, gənc ifaçılar nəslinin yetişdirilməsi işinə bütün səy və bacarığını sərf edib. Azərbaycanın bir çox tanınmış müğənniləri məhz Şövkət məktəbinin yetirmələridir, onun zəngin təcrübəsindən bəhrələniblər. Bu gün bənzərsiz ifaları ilə könülləri fəth edən Şövkət Ələkbərovanın möhürünü qoyduğu mahnılar tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yenidən səslənir. Onun ifasında dinlədiyimiz hər bir nəğmə harada səslənməsindən asılı olmayaraq bu böyük sənətkarı xatırladır.
“Ədəbiyyat və incəsənət” (03.12.2022)
Özbəkistan teatrının aktyorları Bakıda alqışlarla qarşılanıb
Xəbər verdiyimiz kimi, Özbəkistan Respublikasının Səmərqənd Vilayətinin Kattakurqon Şəhər Dram Teatrının yaradıcı heyəti Bakıda qastrol səfərindədir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyi və teatrın əməkdaşları özbək teatrının yaradıcı heyətini böyük coşqu ilə qarşılayıblar.
Səmimi qarşılanma mərasimində teatrın balet truppasının ifasında bir-birindən maraqlı rəqs nömrələri nümayiş etdirilib, qonaqlar özbək və Azərbaycan mahnılarının sədaları altında rəqsə dəvət ediliblər.
Akademik Musiqili Teatrın məlumatına görə, səfərdən məmnun olduqlarını vurğulayan qonaqlar, teatrın inzibati binası ilə tanış olublar, məşq proseslərini izləyiblər.
Onlar bu gün saat 19:00-da Azərbaycanın klassik səhnə əsəri “Qayınana” (M.Şamxalov) komediyasını özbək dilində nümayiş etdirəcəklər.
Tamaşa dekabrın 4-ü və 5- də saat 19:00-da təkrar göstəriləcək.
Xatırladaq ki, bu ilin yayında Akademik Musiqili Teatrın quruluşçu rejissoru Əsgər Əsgərov Avrasiya Teatr Birliyinın dəvəti ilə Özbəkistana, məhz bu tamaşaya quruluş vermək üçün Kattakurqon teatrına dəvət olunmuşdu.
Avqust ayında isə Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevin Özbəkistana səfəri zamanı teatr sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi haqqında hər iki ölkə teatrları arasında memorandum imzalanıb.
Rejissor Əsgər Əsgərovun quruluşunda, özbək teatrının repertuarında təqdim olunacaq “Qaynana” tamaşasında Cənnət obrazını Özbəkistanın Əməkdar artisti, “Dostluq” ordenli Gülbahar Məmmədova ifa edəcək.
Tamaşanın rəssamı Bəhram Safoyev, musiqi tərtibatçısı Sevda Əliyeva, rejissor assistenti Feruzbek Abdurayimovdur.
“Ədəbiyyat və incəsənət” (03.12.2022)
Kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin test mərhələsinin nəticələri açıqlanıb
Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə Azərbaycan Milli Kitabxanasında təşkil olunan test imtahanında iştirak etmiş namizədlərin nəticələri bəlli olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, nəticələrə əsasən, test imtahanında iştirak edən 319 namizəddən 141 nəfəri (44 faiz) keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
178 namizəd (56 faiz) isə müəyyən edilmiş keçid balından aşağı nəticə göstərməklə müsabiqədən keçməyib.
Namizədlər bu linkə (https://culture.gov.az/az/404) daxil olmaqla iş nömrələri vasitəsilə test imtahanının nəticələri barədə ətraflı məlumat əldə edə bilərlər.
Məlumat üçün bildirək ki, test imtahanından 70 faiz (35 düzgün cavab) nəticə əldə etmiş namizədlər Bakı şəhərində fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün, 60 faiz (30 düzgün cavab) nəticə əldə etmiş namizədlər Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün, 50 faiz (25 düzgün cavab) nəticə əldə etmiş namizədlər isə digər inzibati ərazi vahidlərində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün müsahibəyə buraxılacaqlar.
Test imtahanından keçmiş namizədlərə müsahibənin proqramı, vaxtı və yeri barədə əlavə məlumat veriləcək.
Nəticələrə dair şikayəti olan şəxslər dekabrın 5-dən 7-dək This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı vasitəsilə nazirliyin Apelyasiya Şurasına müraciət edə bilərlər.
“Ədəbiyyat və incəsənət” (03.12.2022)
Şuşa şəhərinə həsr olunmuş kitabların təqdimatı olub
Beynəlxalq Muğam Mərkəzində "Şuşa. Zirvədən uca" və "Şuşa. Qarabağın ulduzu" adlı kitabların təqdimat mərasimi keçirilib. Kitablar “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyi və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İRS” nəşriyyat evi tərəfindən çap olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov deyib:
“Şuşa Azərbaycan mədəniyyətinin formalaşmasında xüsusi rolu olan şəhərdir. Onun hər küçəsi, hər evi, hər dalanı tariximizin bir parçasıdır. Şuşa şəhərinin qədim tarixi, mədəni həyatı, maddi-mədəni abidələri, işğal dövründə məruz qaldığı dağıntılar və azadlığa qovuşmasını əks etdirən məlumat və fotolar Azərbaycan-ingilis və Azərbaycan-rus dillərində hazırlanan kitablarda dolğun şəkildə öz əksini tapıb.
Bu gün çox önəmli kitabların təqdimatını keçiririk. Kitabların ərsəyə gəlməsinin əsas səbəbi Prezident İlham Əliyev tərəfindən bu ilin "Şuşa İli" elan olunması ilə bağlıdır. Şuşa şəhəri Azərbaycan dövlətçiliyi, mədəniyyəti və tarixi üçün xüsusi önəm kəsb edir. Ona görə də şəhər addım-addım, küçə-küçə yenidən canlanır, daha gözəl və füsunkar görkəm alır. Təqdim olunan kitablar bu qəbildən böyük əhəmiyyət daşıyır”.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, "İRS" jurnalının baş redaktoru Musa Mərcanlı və “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov kitabın ərsəyə gəlməsini böyük töhfə kimi dəyərləndirblər. Qeyd olunub ki, mədəniyyət beşiyi Şuşaya həsr olunan belə nəşrlər Qarabağ tarixinə güzgü tutan maddi-mədəni abidələrimizin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Təqdimat mərasimində “İrs” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru Musa Mərcanlıya “Şuşa-270" döş nişanı verilib.
Tədbir bədii hissə ilə davam edib.
Şuşa həqiqətən də Qarabağın ulduzudur və zirvədən ucadadır.
“Ədəbiyyat və incəsənət” (03.12.2022)
Ağır durumda olan yazıçı Əlisa Nicat üçün bir gecədə 6987 manat toplandı
Şahbaz Xuduoğlu yazır
Ağır maddi durumda olan Əlisa Nicatla bağlı sosial şəbəkədə yazdığım xırda yazı böyük dönüşə səbəb oldu. Gecə boyu onun kartına pul köçürüldü. Yardım edənlər bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı.
Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır.
Oğlu Üzeyir yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldı. Üzeyir gözlərinə inanmadı "vay dədə, bu nədi ədə" dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir.
Mən bir anlıq qanadlandım.
Dünən və bu gün yardımlar davam etdi. Yardım edənlər adlarının açıqlanmasını istəməsələr də yazmağı özümə mənəvi borc bilirəm.
@İrşad Elektronics şirkətindən zəng edib, istilik sisteminin çəkilişini öz üzərinə götürməyi təklif etdilər. İstilik sistemi üçün lazım olan bütün xərcləri ödədilər. Məbləğ 2339 manat etdi.
Ardından, Baku Electronics-dən zəng etdilər, istilik sistemini quraşdırmağı təklif etsələr də, dedim ki, artıq o işi başqa şirkət öz üzərinə götürüb, siz soyuducu, elektron soba və ya mebel işini həll edə bilərsiniz.
Dəyərli futboçumuz Qara Qarayev də istilik sistemi ilə bağlı yardım təklifi etdi.
"Görüş"restoranının sahibi Asif bəy dedi ki, bundan sonra onun bütün ərzaq, yemək təminatını özüm həll edəcəm.
Bir nəfər yazmışdı ki, mən "santexnikəm", bütün işləri pulsuz görərəm.
Tikinti firmalarından zəng edib evinin təmirini təklif etdilər.
Elçin Əlibəyli isə yazdı ki, “Rafi” Group Təmir və tikinti şirkəti evin təmirini öz üzərinə götürür, "Sobsan" Boyaları bütün rəngləmə materiallarını pulsuz verir.
Bir neçə nəfərin timsalında aylıq 100, 200 manat məbləğində maaş təklif edənlər də var.
Yardım təklifləri, yardımların ardı-arası kəsilmir.
Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. Gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi -hüdudu yoxdur.
İnsanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmun qalıb. Həm yardım, həm də təşəkkür edirlər.
Az , ya çox, heç fərq etməz, əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi.
Bir daha əmin oldum; bu xalq möhtəşəmdir!
Biz birlikdə güclüyük!
“Ədəbiyyat və incəsənət” (03.12.2022)
“Şuşa İli” çərçivəsində heykəltaraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub
Ölkə Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq Mədəniyyət Nazirliyi Heykəltaraşlıq Müsabiqəsi keçirib. Müsabiqənin əsas məqsədi Azərbaycan incəsənətinin tarixi mərkəzi, Qarabağın baş tacı, Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin ərsəyə gətirilməsi və qorunmasına dəstək olmaqdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqəyə ölkəmizin rəssamları tərəfindən 47 əsər təqdim olunub. Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış komissiya tərəfindən qaliblər seçilib.
Qaliblərin siyahısı təqdim olunur:
1-ci yer (2 nəfər) –
Əhmədov Xanlar – “Xan Şuşinski”
Zakir Əhmədov – “Zəfər Yolu”
2-ci yer (2 nəfər)
Rzayev Zamik - “Qayıdış”
Nəbiyeva Gülarə - “Azadlıq qanadları”
3-cü yer (1nəfər)
Məmmədov Fərid – “Bizim zaman”
Həvəsləndirici mükafat (10 nəfər)
Qaryağdı Cəlil – “Natəvan”
Hüseynov Namiq – “Yaddaş”
Heydərov Müşfiq – “Xarı Bülbül”
Heydərov Müşfiq – “Xanəndə”
Hüseynov Ramiz, Əhmədov Xanlar – “Pənahəli Xan”
Qaryağdı Cəlil – “Cabbar Qaryağdı oğlu”
Rüstəmov Süleyman – “Quruluş” Pənaxəli xan
Bəhram Xəlilov – “Qarabağ-Azərbaycandır!”
Samir Səmədov – “Xəzinə yüklü Qarabağ gözəli”
Aybəniz Yusubova – “Natəvan”
Şəkildə: qalib Xanlar Əhmədov.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)
Qısa Tamaşalar Festivalına təntənəylə yekun vurulub
Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə təşkilatçılığı ilə keçirilən “Şuşa İli”nə həsr olunmuş II “4.4” Qısa Tamaşalar Festivalına yekun vurulub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Festival pandemiya dövründə durğunlaşmış teatr mühitini yenidən canlandırmaq, teatra yeni nəfəs vermək məqsədilə keçirilib. Ötənilki kimi, bu dəfə də maraqlı səhnə əsərlərinin nümayişi, panel müzakirələr, ustad dərsləri ilə yadda qalıb.
Mədəniyyət naziri Anar Kərimov yekun mərasimində çıxış edərək söyləyib:
“Belə layihələrin davamlı olması çox əhəmiyyətlidir. Ötən ildən keçirilən festivala böyük maraq var. Festivalın məqsəd və məramı şanlı Zəfərimiz, 44 günlük haqq savaşımızı ehtiva etməklə, onun sənət vasitəsilə əbədiləşdirilməsinə nail olmaqdır. Teatrlarımız bu işə öz töhfəsini verdi və biz Qələbəmizdən ilhamlanaraq ona “4.4” adını verdik. Pandemiyanın bir çox sahələr kimi mədəniyyətə, teatra mənfi təsirlərini aradan qaldırmağa hesablanan bu layihəmiz ötən il də yüksək səviyyədə reallaşdı və pandemiyanın yaratdığı məcburi fasilədən sonra teatr prosesinin canlanmasına vəsilə oldu. Festival regionlarda fəaliyyət göstərən teatrlarımızı da stimullaşdırmağa, onlara paytaxtda, irimiqyaslı festivalda öz imkanlarını nümayiş etdirməyə şərait yaratdı. İlk festivalın uğuru onun ənənə halı almasına rəvac verdi. Festivalın əsas özəlliyi həm də onun artıq beynəlxalq müstəvini əhatə etməsidir. Festivala xaricdə yaşayan azərbaycanlı teatr mütəxəssislərinin də cəlb olunması xüsusilə əhəmiyyətlidir”.
Bu dəfə festivala göndərilən 20 tamaşadan nümayiş üçün 12-si seçilib. Onlardan 6-sı Bakı, 4-ü bölgələrdə fəaliyyət göstərən dövlət teatrları, 2-si isə müstəqil teatrlara aiddir. Maraqlıdır ki, builki festivala dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb. Proqramda müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, xəbər verdiyimiz kimi, festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına da baxıblar.
Beş gün davam edən festivala qalib tamaşaların mükafatlandırılması ilə yekun vurulub. Nəzərinizə çatdıraq ki, qaliblər siyahısını daha sonrakı saatlarda diqqətinizə çatdıracağıq.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)
Vahid Mustafayevin “Qaytarılan Torpaq” sənədli filmi təqdim olundu
1993-cü ilin avqust ayında işğal olunan Füzuli şəhəri bir talelər toplusu olaraq bizə iki əks qütblü yolun yolçusu olan Füzuli sakinlərini nümayiş etdirir. Bu, erməni artilleriyasının dayanmadan şəhəri dağıdan mərmilərindən şəhəri məcburən tərk edən gənc, iki balaca uşaq anası, müəllimə Hürrüyə Hüseynova və əksinə, Bakıdan gələn, Füzulini qorumaq üçün əlinə silah alan bəstəkar-şair Rasim Müzəffərlinin hekayələridir.
Hər iki hekayə 1993-cü ildə reportyor Vahid Naxışın kamerasına həkk olunaraq tamaşaçının ixtiyarına “Qaytarılan torpaq” sənədli filmi ilə 2022-ci ildə rejissor Vahid Mustafayevin dramaturju xətti ilə təqdim olunur.
“Ədəbiyyat və incəsənıt” portalı xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə, ANS Şirkətlər Qrupunun, Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun, Balans Milli Rəqəmsal Bərpa Studiyasının təqdimatında Cinema Plus kinotearında ssenarist və rejissor Vahid Mustafayevin “Qaytarılan Torpaq” sənədli filminin təqdimatı baş tutub.
1993-cü ildə ekstremal şəraitdə, güllələrin altında çəkilən real insan taleləri, illər sonra filmin qəhrəmanlarının yenidən o yerlərdən keçərək yaşadığı hisslər, yarımçıq qalan və yenidən doğan ümidlər və əlbəttə 30 il əvvəl qəhrəmanların Füzulidən çıxaraq itirdikləri və qoruduqları dəyərlər filmin ana xəttini təşkil edir.
Filmin leytmotivində Torpağa olan münasibətdən bəhs edilir... Müəllifin fikirincə, biz torpaqları tərk edəndə o viranə və xaraba qalır və əksinə biz onun hətta bir ovucunu da olsa qoruyanda hər zaman onun tam şəkildə qaytarılmasına ümid qalır!
Vahid Mustafayev, çəkdiyi real kadrlardakı məkanları 2022-ci ildə yenidən filmində müqayisəli istifadə edərək, 1993-cü il avqustun 23-də olan vəziyyəti tam aydınlıqla bizə nümayiş etdirir. Gözəl və 90-cı illər üçün müasir infrastruktura malik şəhər 29 il Ermənistan hərbi qüvvələrinin işğalı altında qalaraq görünməyən vandallıqla tamamilə ləğv olunub. Bu dəhşətli hadisələri Füzulini tərk edən Hürrüyə xanım və əksinə şəhərə daxil olan Rasim Müzəffərli necə xatırlayırlar? Niyə Hürrüyə xanım doğma şəhərini tərk etdi və ya niyə Rasim müəllim əlindəki silahla Füzulini xilas edə bilmədi? Bu və digər tariximizi formalaşdıran suallara “Qaytarılan Torpaq” filmində cavab tapılır.
Azərbaycanın tanınmış mədəniyyət, elm və ictimai xadimləri, habelə Füzuli ictimaiyyəti üçün təqdim edilən “Qaytarılan Torpaq” filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)
Milli mədəniyyətimizin Şuşa salnaməsi elmi-praktik konfransda
“Şuşa İli” çərçivəsində tədbirlər planına uyğun olaraq, mədəniyyət müəssislərində təşkil edilən tədbirlər davam edir. Bu məqsədlə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində respublikanın ali təhsil müəssisələri, elmi təşkilatları və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə “Milli mədəniyyətimizin Şuşa salnaməsi” adlı elmi-praktiki konfrans keçirilib.
“Ədəbiyyat və incəsənıt” portalı Azərbaycan Dövlət Teatr Muzeyinin mediaya açıqlamasına istinadən məlumat verir ki, konfransda muzeyin direktoru Sevinc Milkayılova çıxış edərək, mövzunun aktuallığından və əhəmiyyətindən danışıb. Ardınca Qarabağ və Şuşa mövzusuna aid muzey eksponatları əsasında hazırlanmış videoçarx izlənilib.
Konfransda sənətşünaslıq doktoru, professor Aydın Talıbzadə “Dilin tanıtdığı müqəddəs Şuşa - semantik rekonstruksiya”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova “Şuşa musiqiçilərinin irsi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin interpretasiyasında”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Mərziyyə Nəcəfova “Azad Şuşa obrazı - Vətənpərvərliyin və milli qürurun poetik ifadəsi”, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Zeynalova “Koroğlu, Qaçaq Nəbi və Osmanlı paşalarının obrazları Şuşada toxunmuş Qarabağ xalçalarında”, Xəzər Universitetinin müəllimi Mədinə Karahan “Əhməd bəy Ağaoğlu şəxsiyyət kimi”, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli “Qarabağda aşkarlanmış muzey sərvətlərində erməni saxtakarlığı”, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov “Quruçay mədəniyyəti və onun yayılma arealı”, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin böyük elmi işçisi Əli Abuzərov “Şuşa şəhərinin muzey turizmi potensialı” və digər mövzularda məruzələr dinlənilib.
Konfrans məruzələr ətrafında diskussiyalarla davam edib.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)