
Super User
Bakıdan səhər neft iyi gəlir, axşam kabab iyi
Ordan-burdan silsiləsindən 2-ci felyeton
“Ədəbiyyat və incəsənət” Yunus Oğuzun növbəti felyetonunu sizlərə təqdim edir. Əminik ki, dodaqlarınız qaçacaq.
Keçən dəfə "Məzələnmək" felyetonu işıq üzü görəndən sonra mənə o qədər SMS gəldi ki, az qaldı başımı itirim. Özü də xahiş edirlər ki, bunu yazında hökmən verərsən. Ay canlarım, sizin içinizdə nələr varmış? Özü də elə məzələnirlər ki, sanki anadan məzhəkəci doğulublar. Düz də edirlər, bu qarışan fani dünyada nə etməlidirlər? Dünya qarışıb, milyardlar toplayanlar düşüblər ortalığa, gah dünyanı virusla silkələyirlər, gah müharibələrlə, gah da susuzluqla qorxudurlar. Sən də məzələnməsən, ya cibindəki maaş kartı ilə insult alacaqsan, ya da infarkt. İndi də Tramp ortalığa çıxıb dünyanı çörəklə hədələyir. Amma, o İlon Mask nə dedi USAİD haqqında: "Gürzə yuvası". O məzələnmədi, amma həqiqəti məzə ilə dedi. Deyəsən, o da bizimkilərdəndir.
Bu karbon vergisini çox vaxtında tətbiq ediblər, çünki Kanadada bunun tətbiqini insan üzərində çoxdan işləyiblər. Nəfəs alırsansa, deməli karbon qazı buraxırsan, vergisini ver. Tramp da bu qərardan hirslənib Kanadanı əlli birinci ştata çevirmək istəyir.
Bəs nə bilmişdiniz, indi heç nə havayı deyil, nəfəs alırsansa, başgicəlləndirən zərərli qazlar ifraz edirsənsə, vergisini ver. Bu səbəbdən, Ermənistanda hamı qaçır ora-bura, harada bunun vergisi yoxdur. Kanadanın yerinə olsaydım, cəviz (qoz) ağaclarına da vergi tətbiq edərdim, çünki o da karbon qazını havaya buraxır. Özü də onun vergisini natura yolu ilə, yəni meyvəsilə tutardım.
Bizdə yaxşı mənada, ildə iki dəfə ağacəkmə kampaniyası keçirilir, ölkə yaşıllaşır. Ancaq elə yerlər var ki, bu kampaniyadan para silirlər. Elə Tağıyev qəsəbəsinin qoşayol qırağında ildə altı-yeddi min şam ağacı əkirlər. İki aydan sonra əksəriyyəti quruyur. Bir ağıllı adam çıxıb demir ki, buranın torpağı şam üçün deyil, ya da bura su damcısı tətbiq edin. Yoxsa ildə iki dəfə iki yüz adamı tökürsünüz yolun qırağına ki, bəs əkin. Əh...h...h...
Bakıdan səhər-səhər neft iyi gəlir, axşam kabab iyi, hər ikisindən karbon vergisi almaq lazımdır. Onsuz da ətin və yumurtanın, həm də neftin qiyməti qalxır. Nəyin qiyməti qalxmır ki? Keçən həftə otuz qəpiyə aldığım yumurta bu həftə qırx beş qəpiyədir. Başa düşmürəm e, toyuq xoruzdan boşanıb deyə, alimentini bizdən alırlar.
Biz hər şeyə hər zad qoşanıq, özü də bunu ustalıqla edirik.
Azərbaycan yeganə ölkədir ki, həkimlər Hippokrat yerinə balasının canına and içir: "Balam ölsün!"
Azərbaycanda yeganə kişi qatıq satandır ki, hər səhər qapını döyüb sənin arvadını soruşur. Sən də "evdədir" deyib, gedirsən işə. İlk sözü belədir: "Bacı evdədi?"
Azərbaycana gələn almaniyalı şok keçirib. O, iyirmi il əvvəl metallaloma verdiyi maşını Bakıda küçədə sürülən vəziyyətdə görüb. Bu maşın Bakıya necə gəlib sualı, başqa mövzudur, bizdən inciyən olar.
Məsciddə tacik ilə azərbaycanlı dua edərkən yerlimiz tacikin Allahdan 1000 dollar istədiyini eşidir. O insanlıq naminə çıxardıb tacikə 500 verir. Tacik yenə Tanrıya dua edib deyir: "Gözəl Allah, bir də pulu azərbaycanlı ilə göndərmə, o yarısını özünə saxlayır".
Koreyada oğru tutan robot düzəldirlər. O, İtaliyada hər iyirmi dəqiqəyə 300, Polşada 250, Amerikada 150 oğru tutur. Azərbaycanda iyirmi dəqiqəyə robotun özünü oğurladılar.
Biri o birisinə deyir: "Şeytanın hünəri var, məni o dünyada müdafiə etməsin. Bu dünyada nə deyibsə eləmişəm".
Bütün bunlar havaya atılan sözlər deyil. Bizimkilər heç kimin xəbəri olmadan gözdən tük çəkir, yumurtadan yun qırxır, dovşanı araba ilə tuturlar. Sonra da arabanı müsadirə edirlər ki, bəs sən dovşanı niyə tutdun? Sən demə, dovşan ev dovşanı imiş.
Bir məmur birisinin işini həll etməyəndə deyir ki, heç eybi yoxdur: "Dəvədən böyük fil var", yəni gedəcəm yuxarılara şikayət edəcəm. Doğrudan, a, bizdə fil olmaya-olmaya ən məşhur sözlərimiz "fil"lə bağlıdır.
1. Konsertə getdiyimiz yer - Filarmoniya.
2. İsrafilin suru, ya da o kinodakı film kimi "İsrafil, qonaqlar gəlib".
3. Ağıllı insan - filosof
4. Yaşıl insan - xlorofil
5. Çiçək növü - qərənfil
6. Dilçiyə - filoloq
7. Gicbəsərə - filfilo deyirlər.
8. Fillərin ən çox yaşadığı ölkə - Filippin
9. Ağlı olmayan - səfil
10. Sosial şəbəkələrdə - profil.
Deyəsən fillər də bizimlə məzələnirlər.
O gün polis maşını saxlayıb, məni görən kimi salam verdi, kitab istədi. Bir kitab verdim. Kitabı o üz, bu üzə çevirib soruşdu: "Müəllim, təzədir?" Dedim ki, rəhmətliyin oğlu, kitab sənin üçün indi kəsilən quzu ətidir, yoxsa balıq? Kitabı oxumamısansa, deməli təzədir.
Ən çox məzələnmək ailə məsələsində olur.
Korona dönəmində bir nəfərə SMS gəlir ki, arvadınız işlədiyinə görə sizə 190 manat düşmür. Bu da qüsurlu olduğu üçün evlənməyib. İndi də əl çəkmir ki, 190 manat istəmirəm, arvadımı verin.
Sonra da arvad ərindən soruşur:
-Biz evlənəndən sonra heç depressiyaya düşmüsən?
Kişi cavab verir:
-Yox, elə o vaxtdan düşdüyümdür, hələ də davam edir.
Daha sonra isə qadın deyir:
-Əzizim, sabah evliliyimizin ildönümüdür. Bəlkə bir qoç kəsək.
Kişi deyir:
-Qoçun günahı nə, bizi korona tanış edib, gəl onu kəsək.
Bu da son. Arvad ərindən ayrılmaq üçün məhkəməyə müraciət edir. Hakim soruşur:
-Ərinizdən ayrılmağa səbəb nədir?
-Dini baxışlarımız uyğun gəlmir.
-Nə mənada?
-O, mənim mələk olmağımla razılaşmır.
İndi şeytan hamı ilə məzələnir və göstəriş verir ki, siz də bir-birinizlə məzələnin, yoxsa həyat maraqsız olar. Hamınız ölüb getsəniz, mənim işim bitmiş olar, bu da mənə ölümdən betərdir.
Di salamat qalın, duzunuz, məzəniz bitməsin!
05.02.25
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
Ayrılıq havası, matəm libası… - DUYĞUSAL SƏTİRLƏR
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Əslində publisitika ilə peziya ekiz qardaşlardır. Bənzərdirlər.
Hər ikisi fikri izah etmək üçün qələm adamının tutalqasıdır. Bəzən quru rəsmiyyət, bəzən hissiyyat və duyğusallıq…
Biri beyinə, digəri ürəyə istinad edən iki yaradıcılıq sahəsi. Amma hər ikisi əlahəzrət sözə sitayiş edir, əsas yaxınlıqları da elə budur.
Bu dəfə sizlərə şeir söyləmək istəyirəm.
Çevrədəki nöqtələr
Çevrədə yer alan nöqtələr kimi,
Yollarla sözləşib imza atmısan.
Səndən uzaqlaşıb sənə dönürəm.
Ruhundan ruhuma bir pay qatmısan.
Çətin həll edilən tənlik kimisən,
Zərrədən çevrilib Günəş olmusan.
Dalğayla savaşan küləklər təki,
Sinəmə çırpılıb ruha dolmusan.
Dəryandan damlayam, səhrandan qumam,
Aciz aşiqinəm sevgindən sərxoş
Qapında diz çöküm dilənçilərtək,
Rəhm et ey, təbibim, qoyma əliboş!
Şübhənin edamı
Aynada əksimlə sirdaşam indi,
Qələm məndən küsüb, mən də qələmdən.
Ona “dayan” demək yaman çətindi,
“Yazma” söyləsəm də, yazacaq səndən.
Ayrılıq havası, matəm libası,
Çoxdan gözləyirmiş murada çata.
Əqrəblər belində daşıyır yası,
Çətin ki, yükünü belindən ata.
Günahı boyundan atmaq asandı,
Güvəni qaytarmaq çətin imtahan.
Gözlərim yalanı həqiqət sandı,
Vurulan zərbəni unudar zaman?
Gözlərin də bəzən yanılda bilər,
Qəlbin gözü ilə baxasan gərək,
Məkanı ürəkdir, o saflıq dilər.
Sevgi meyvə deyil ağacdan dərək,
Şübhənin birlikdə dəfnini etsək,
Çıxa biləcəkmi, o, ahımızdan?
Küsmüş sevgimizə biz qonaq getsək,
Görək keçəcəkmi, günahımızdan?
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
PA – UORREN BAFFET: “Ən xırda şeylərə belə diqqət edin”
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.
7-ci qayda:
Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin
«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».
***
Daha əvvəl təqdim edilən qaydalar:
1-ci qayda:
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
2-ci qayda
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
3-cü qayda:
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
4-cü qayda
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
5-ci qayda:
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
6-cı qayda
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
“Sahibsizliyə bənzəyir özgürlük, …” - FƏRHAD KƏDXUDAYİ
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Fərhad Kədxudayinin şeirlərini təqdim edəcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
I.
Şallaq-şallaq
Fırtına
Qamçı-qamçı
Fəlsəfə
Heç atlar tanımasın Nitsşeni,
Tanışsalar da;
Dişləri ilə cilov dəmiri tək əskidən elə-belədir;
Quru yarpaqlar miniş ala bilər fırtınadan
Yüksüz olarmış uçuşlar
Yel
Toz
Hava...
Yox olacaqmış bir təcziyə
İlgiləri itirir sətirlər
Uçuş-uçuş
Burax bir uçaqlıq
Uşaqları!
Əhli dayçaları!
"Politika" əkib "Samsunet" dərsinlər.
Zaman alverində atlar an...lamadan
Düyünlənəcəyik ölmədən
Hələ qoy çatsınlar satlıq uçuşlar
Pomadalarını tökərlər suya sözcüklər
Gerçək-gerçək.
Bəzək yaraşa bilməyən ruhum
A...T...Alıq adasında
Atılmaq...
At...
Qanadlı sözcükmüş ilkdən
Nə bığ var
Nə samsunet.
II.
Saçların
Qurşun ovuntuları
Diblərinə yollandığım baxışlar!
İşıqsız,
Kölgəsiz
Uzanan sözcüklərlə
Ölçüldük!
III.
Başarılmaz bir sözcük kimi atladılar bizi
Köçürülmədik heç dilə
Hamı bilə-bilə.
Yaşam olduq içimizdə nisgilə!
IV.
Sənin kimi bildiklərim...
İşıq,
Qar,
Günəş,
Yel
Görüşmədən düşür.
Bir dözüm sənsizlikdə sancılıram
İki sünbül acıxıram.
Uçüncü sətirdə
Hörülürəm, qırılmadan sınır
Sınır
- Al əridim körpələr acıxmadan -
Dəmir də qızıl əriyirmiş səninlə
Sənin üçün öldüklərim...
Uğur,
Torpaq,
Dən,
Bir Yakərim balasına
Sən də sına
S...I...N...A
V.
Döşüm son dövrün qasırğası
Şəhər burulur
Kromozomlar qırılır metro yollarından
Durağı uçuran vaqonların topuğu,
Düyün bağlamış yaşam yarğısından.
Duraq dönür,
Zibilə qatlanmış qadınların qarnında
Qələm utanan bir təngdə
Quru bir heykələm.
Meydan quşları
Dimdiklədikcə baxışlarımı
Yağış dolur xiyabanın deşiklərinə
Keçəri yolçular başmaqlarını qoruyarkən,
Addım-addım atlayırlar səni
Üzləri tökülür yerə
Ovcu açılır üz maskalarının
Qurtuluşa boyun gəlirlər səni,
Geyimlər,
Ax,
O sən
Bilmədiyin sən!
Arxayın barmaq ucları ilə bir düymədə
Bir seçimsən!
Səni keçdiyindən bu xiyaban
Uzaqlığı da ay işığı satırlar çərçilər
Qorxuram;
Sahibsizliyə bənzəyir
Özgürlük,
Bir fahişə gözlərinin
İçində eş sevgisi tək!
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
Geriyə baxma, qoca!
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qarabağ müharibəsində Şəhid olan igidlərimizi fəxr və qürurla anırıq. Allah rəhmət eləsin, Amin.
Qarabağın Kirs deyilən qalın meşələri, bu meşələrdə Alyanlı adlı bir oba və bu obanın da Bağdad adlı çox sayılan bir bəyi vardı. Bağdad bəyin rəiyyətdən fərqli olaraq Damlıca adlı bir mülkü var idi. Bu torpaqları özü şumlar, mahalda ən yaxşı at onda olardı. Xanım adlı qızı var idi və onun yeganə övladı idi.
Alyanlı meşələrinin digər tərəfində Şahmar bəy yaşayırdı. Lakin yaxşı biri deyildi, namərd idi. O Bağdad bəyi çağırtdırıb Damlıca mülkünü ona satmasını dedi, amma yox cavabı aldı. Şahmar bəy isə geri durmadı. Ona həmin gün "bağışla, bilmədim xətrinə dəyər" dedi. Amma sonra onu doğratdırıb öldürdü. Alyanlı camaatı bunu sübut edə bilmədi. Gizlincə öz gədələrinə adam öldürtmək Şahmarın peşəsi idi. Daha sonra Şahmar saxta qəbələ ilə sübut etdi ki, Damlıca mülkü onun babasınındır. Şuşada oturan qəza naçalniki, Gəncədə oturan qubernator onun dostları idi. Mülkü alıb verdilər ona.
Gülnisə qadın dedi: Bağdad bəyin oğlu olsaydı qanı yerdə qalmazdı. Xanım - ah-vay etmə desə də, ürəyinin odu sönmür, anasının oğul barədəki sözləri onu yandırırdı.
Bir dəfə Gülnisə Dünyamalı kişinin arvadıyla Şuşa bazarına yavanlıq satmağa getdiyini eşidir. Çoxdan çirişlərə yığıb saxladığı yağı, motalları ata yükləyir və iki də öyəc erkək ayırır, qızınıda qoşur onlara deyir : sən də onlarla get, bunları sat və özünə paltarlıq və çəkmə al.
Xanım apardıqlarını satdı, köhnə müştəriləri baqqal Tağıya tapança almasını dedi. Tağı tapançanı alır. Alyanlının qadınlarından kişi kimi tüfəng - tapança atanları da vardır. Qız özünə bir dəst ipək paltarlıq, qırmızı ipək kəlağayı və bir cüt çəkmə də aldı. Anası tapançanı görəndə təəccüblənmir, amma qızından soruşdu ki atmağın qaydasını bilirmi? Qızı bildiyini dedi.
Meşəli dağın döşündəki dar cığırla atını sürəndə kolların arasından Xanım çıxıb qarşısında durdu. İpək çarqatın altında gizlətdiyi tapançanı çıxarıb Şahmar bəyin düz sinəsinə sıxdı. Oğlanları, qardaşları öldürənin kim olduğunu tapa bilmədi. Bağdad bəyin də oğlu, qardaşı, əmisi, dayısı oğlu yoxdu, qızından və yoldaşından da şübhələnmədilər. Damlıca mülkü Şahmarın oğlanlarına qaldı. Xanım evləndi. 3 oğlu, 3 də qızı oldu, Gülnisə isə vəfat etdi.
Şuşa naçalnikinə, Gəncə qubernatoruna şikayət etsə də Xanım Damlıca mülkünü ala bilmədi. O da Tiflis şəhərinə getdi. Qafqaz canişinin iqamətgahını soraqlaşıb tapdı. Canişin dilmancı vasitəsilə ilə qadını dinlədi "ərizəni qoy get, baxarıq" dedi. Xanım qayıtdı geri, gözlədi, lakin cavab gəlmədi.
Yenidən Tiflisə gəldi, məlum oldu ki ərizəsi kağızların altında qalıb. "Get baxarıq" deyildi, geri qayıtdı. Sonra cavab gəldi ki tutarlı dəlil olmadığından ərizə rədd olundu. Xanım da Şuşadakı vəkil Fərəc bəyə neçə manat verib uzun ərizə yazdırdı. Alyanlı ilə qonşu olan kəndlərin mötəbər qocalarını şahid olaraq göstərdi. Babasından qalan qəbələnin üzünü çıxartdırdı, üz tutdu yenidən Tiflisə.
Canişin onu görəndə təəccübləndi, kağızları alıb özü baxdı. Xanım dilmanca dedi ki ağaya de, bu dəfə də rədd cavabı versə padşahın yanına gedəcəm. Canişin gülümsədi, acığı tutmadı. Qadının xəbəri yox idi ki canişin padşahın yaxın qohumudur. Dilmanca xoş əhvalla dedi: onu başa sal ki, özüm imperatordan xahiş edəcəm ki, mülkünü özünə qaytarsınlar. Onun Xanımın təmkinindən, cəsarətindən, iradəsindən xoşu gəlmişdi. Və vəd düz çıxdı. Mülkü ona qaytardılar.
İndi isə sizə Bağdad bəyin qız nəvələrindən danışım. Deməli o özü yaraşıqlı idi, elə qızlar da ona oxşamışdılar.
Xanım qızlarına əməlli- başlı cehiz düzəltdi. İlk öncə böyük qızı evləndirdi. Bu oğlanın adı Hacışükür idi. Ağıllı oğlan idi. Bir dəfə Alyanlıdakı qohumlarına qonaq gedəndə Bəyazı (böyük qız) görüb bəyəndi, elə Bəyaz da həmçinin. Və onlar evləndilər.
İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” romanında, Möhnət qocanın nağıllarından. Xanım arvadla Damlıca mülkünün əhvalatı.
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
Xoşbəxtliyin açarı - ESSE
Nurlana İşıq, “Ədəbiyyat və incəsənət” üçün
Bu cazibədar söz haqqında bütün filosoflar fikir deyiblər, çünki onlar da xoşbəxtliyin açarını tapmaq axtarışına çıxıblar. Bəlkə də, bu haqda ən rasional fikri dahi Nizami Gəncəvi deyib: “Kim ki öz-özünü düşmüşdür başa/ Ona ölüm yoxdur, o ölməz haşa...”
İnsanlar bu hissi dadmağı çox sevirlər, daim məmnun qalmaq istəyirlər, baxmayaraq ki, həyat hadisələri həmişə xoşbəxtlik hissi gətirmir. İnsanların xoşbəxtlik haqqındakı fikirləri müxtəlifdir. Xoşbəxtlik həyatın əsas mənasını tapmaq və insanlarla düzgün münasibət qurmaqdır.
Bir çox insan özünü yaradıcılıqda tapır. Bu zaman düşünmək, azad seçim etmək imkanı daha çox olur. Özünü tapan insanların həmişə əsas məşğuliyyəti var və onlar dünyanı dərk etdikcə xoşbəxtliy nərdivanına addım- addım çıxa bilirlər. Bu, sanki bir nəsnə toxumağa bənzəyir, sonda ortaya dəyərli iş qoyub məqsədə çatırsan.
İnsan münasibətləri xoşbəxtliyin təməl sütunudur. Çünki ailə bağları və əsl dostluqlar insanı həyata daha çox bağlayır və çətin zamanlarda insan ruhunu çökməyə qoymur. Bütün qədim və müqəddəs kitablarda “insanı insan xilas edəcək“ fikri əsas götürülüb. Bu kitabları yazan dahilər ona görə müqəddəsdirlər ki, onlar öz dərin müşahidə və fəhmləri sayəsində insanlığın keçdiyi yolları izləyə biliblər və gələcək nəsillərə xoşbəxt yaşamaq üçün düzgün qanunlar qoyub gediblər.
İnsanoğlu həm sevdiyi işlə məşğul olub bu dünyada nəyəsə xidmət edirsə, həm də ətrafına düzgün niyyətli adamları toplaya bilirsə, xoşbəxtliyin nədə olduğunu çoxdan anlayıbdır.
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
ÜZEYİR HACIBƏYLİ BARƏDƏ YAZILAR – “Görkəmli pedaqoq”
“Üzeyir Hacıbəyli barədə yazılar – “Görkəmli pedaqoq” başlığı ilə növbəti – ikinci yazını diqqətinizə təqdim edirik.
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi.“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Ü.Hacıbəylinin ana dilli məktəb və dərsliklər barədə fikirləri
Ana dilinə, onun öyrənilməsinə, dilin saflığının qorunmasına və məktəblərdə təlim dilinə çevrilməsinə xüsusi önəm verən Üzeyir bəy ana dilində məktəblərin olmamasından acı-acı şikayətlənərək deyirdi ki, Bakı kimi müsəlman şəhərində bir türk ibtidai məktəbi belə yoxdur. Onun fikrincə, milli məktəbin vəzifəsi ana dilini uşaqlara mümkün qədər mükəmməl öyrətməklə yanaşı, digər dilləri də onlara təlim etməkdir. O yazırdı: “Hər bir millətin ki, bəqasına (varlığına) baş səbəb onun dilidir və dilinin tərəqqisidir. Bir millətin ki, dili batdı, onda o millətin özü də batar…İnsan öz dilini bilməyəndə din də gedir, dil də gedir, millət də gedir…Bizim türk lisanımız (Azərbaycan türkcəsi) Avropa üləma (alim) və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fkirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir…Dilimizi öyrənməliyiz, öz rifah və səadətimiz üçün öyrənməliyiz, öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyiz ki, öz ehtiyacatımızın bəyanına qadir olaq... Öyrənməliyiz ki, Avropanın bütün aləmə car edən ülum (elm) və finünun (fənlərin) hər bir qismi meydanında dahilər çıxardıb, istiqbalımızı (gələcəyimizi) hər cəhətdən təminə çalışaq.” Buna görə də yuxarıda qeyd etdiyimiz kimi Ü.Hacıbəyli israrla yazırdı ki, “Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir”. Ü.Hacıbəyli “İkinci il”, “Məktəb məsələsi”, “Müəllim içtimaiyyəti haqqında” və s. məqalələrində hamılıqla ümumtəhsil hüququnu müdafiə edirdi.
O, ali təhsili, o cümlədən ana dilli ali təhsili də vacib sayırdı. 1909-cu ildə
“Tərəqqi” jurnalında bu barədə belə yazırdı: “Bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır, əks surətdə camaatımızın halı yaman olar, ayaq altında qalarıq, məhv və nabud olarıq…”.
Ü.Hacıbəylinin ana dilli dərsliklərin rolu və onların tərtibi, tərbiyə məsələləri barədə fikirləri də maraqlı və aktualdır. Məktəblərimizdəki dərsliklərin keyfiyyəti və məzmunu, dərslik catışmazlıqları onu Qori seminariyasında oxuduğu illərdən ciddi narahat edirdi. Hələ seminariyada oxuyarkən “Mən gələcəkdə nə iş görəcəyəm?” mövzusunda yazdığı inşada qeyd etmişdi ki, “Mən məktəblərimiz üçün ana dilində hesab, coğrafiya və s. dərs kitabları tərtib edəcəyəm”. (İbtidai məktəblər üçün həmin “Hesab məsələləri” dərsliyi 1907-ci ildə çap olunmuş, dahi M.Ə.Rəsulzadə və görkəmli maarifçi İ.Qaspıralı mətbuat səhifələrində bu dərsliyə yüksək qiymət vermişdilər) O, deyirdi: “Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük bir dərddir". Üzeyir bəy dərslik tərtib edərkən tərbiyə prinsiplərini, elm, bilik və əxlaqın qarşılıqlı əlaqəsini düzgün nəzərə almağı dönə-dönə xatırladırdı. 1909-cu ildə “İrşad” qəzetində yazırdı: “Uşaqların həm qəlbini, həm ağlını, həm də zövqünü tərbiyə edəcək dərslikləri olmalıdır. Dərsliklərə ictimai-tərbiyəvi əhəmiyyəti olan, uşaqlarda yüksək əxlaqi sifətlər və mədəniyyət aşılayan material daxil edilməlidir”. “İkinci il” məqaləsində isə göstərirdi ki, uşağın təlim və tədrisi yaxından uzağa, məlumdan qeyri-məluma getmək yolu ilə olmalıdır. Bu fikirlər bu gün dərslik yazanların qulağında bir sırğa olmalıdır.
Növbəti yazının mövzusu belə olacaq : “Ü.Hacıbəyli müəllim haqqında”
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
BİRİ İKİSİNDƏ – Pərvin Əliyevanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Pərvin Əliyevanın şeirləri təqdim ediləcək.
AVQUST İSTİSİ
Göyqurşağı yeddi rəng, bir də meyxoş sərinlik;
Ürəyin ki kövrəkdir, sən, ey günəş qəlbli qız,
Sən, ey günəş üzlü qız, sən ey gecə saçlı qız,
İçində yırtıcı hiss qarışdırır qütbləri,
Bir də avqust istisi.
Gecə zülmət, ay da yox, görünür nə də ulduz,
İşığa gəzir ilbiz.
Dincəlir qarışqalar bircə, onlar xəbərsiz
Pərişan adamlardan.
Sayıram iki, üç, dörd – dərd əlindən bezarsan,
Bir də avqust istisi.
Gəzir xoşbəxt çağların yenə gözündə xülya,
Üryan qalan qəlbinin yasını saxlayırsan.
Gündüzlər baş qatırsan, gecələr – qisas hissi;
Axı sən ki bilirsən, dərd adamı yandırar,
Bir də avqust istisi.
Analar can çəkişir, balalar intizarda;
Bakı boyda şəhərdə
"Azadlıq" heykəlinə ancaq baxıb keçən var.
Ürəklər qan qırmızı, qan rəngli plakatlar,
Bir də avqust istisi.
Xəyalımin önündə dimdik durur o səhnə,
Yanır korun-korun od – ürəyin necə gəldi?!
Bircə sözün bəs idi zərbəni endirməyə
və məni öldürməyə,
Bir də avqust istisi.
Məni o incilərin,
məni o gündüzlərin bircəsində sevindir.
Sözüm – haray nidası...
Məni "xoşbəxtlik" adlı ömür talasına at,
Məni kəmənd atına, məni arzuma yetir.
Qoy yandırsın sevdanın şux alovu, yanğısı,
Bir də avqust istisi.
İNSANXANADA İNSAN
İnsanxanada insan
Yeknəsəq mühazirə deyir:
Dünyanın küçələri bir-birindən fərqlidir,
Yollar müasir asfalt, yollar – işıqlı plakatlar.
İllərin o tayından gün sayır,
Mərcantək görünən ömür tabutdan ağır,
Tikə-tikə talaşalar dönür külə.
İl ildən ağır gəlir,
Kindən qalaq qurub bir tay təkəbbür,
Hopub iliklərinə saxtakarlıq.
Adamlar köntöy daşdır elə bil,
Tükənmək bilmir vəzifə ədası
Nakəsi, nadanı böyüdüb edirlər qəhrəman...
İnsanxanada
Bir yaşıl dəryadır dünya;
Azına qismət qızıl xalı,
Çoxuna qismət köhnə həsir...
İnsanxanada
İnsan tutulmadı bir məhəbbət yağışına,
Nə tufanı, nə yeli var.
Bu hökmü verə bilmirəm,
İstixana effekti yandırır hamını.
İnsanxanada insan
Yeknəsəq mühazirə deyir:
Çözələnir min ilin bayatısı –
Didir varlığını dəryada ümman.
Bu dünyanın
Əsli-Kərəm, Leyli-Məcnun naləsi var.
O qədim xarababazar –
Nə gözləyirsən ondan?!
Yüzlərlə biganədən barmaq sayı laləzar
Doğulur, yaradır, yaşadır
Hər qarış torpaqda, sal daş üstündə.
Dönür, min yarpaqlı çiçəyə dönür,
Olur, gül ətirli gülabdan əfzəl.
Fəqət atəş içindədir,
Fəqət od içindədir,
Köksündəki nəhrlər – səadət piyaləsi...
İnsanxanada ildə bir dəfə
İnsanoğlu tən olsa,
Axı dünya dağılmaz.
Şair də gözəl deyir:
"Necə görsün işığı gündən qaçan yarasa?!".
İnsanxanada istixana effekti –
Günəşdən qorxan da yanır,
Günəşə gen olan da.
Ürəyində qəlpədir şöhrət, qılınc kimi kəsir
və səslər:
" – Mən şərqəm!
– Mən qərbəm!".
“HƏYAT” QƏZETİ
Napalm bombaları kimi yandırır bəzi sözlər;
Fotoşəkilllər köksündə asılan
Vyetnam muzeyidir.
Baxdıqca hər dəfə bir göz yanır oyuğunda,
Bütün qitələrdən səslər eşidirsən.
Dünyada hər 10 saniyədən bir
kimsə QİÇS-ə necə yoluxursa,
Bəlkə də, hər 5 saniyədən bir
kimsə ölür öz içində tənhalıqdan...
Bu, "Mond" qəzetinin
40 il əvvəlki sayında yoxdur,
Bu, "Həyat" qəzetidir,
Bu, bütün dövrlərin üstündəki
qan qırmızı oxradır.
İndi demirəm, alkoqoldan, heroindən
ölür adamlar – onlar bilinəndir.
Bilinməyənlər –
Bu qəddar kapitalizmin
hərgünkü sinə dəftəridir.
Kaş ki sərxoşluqla mübarizədən çox
Huşyarlıqdan danışıla...
Canlı mələklər
Hər cümə axşamı bir yorğun ağacın
qaralığında yalquzağa dönənləri
Nər qolları ilə qaldıralar.
Napalm bombaları kimi yandırmasın bəzi sözlər.
O dəhşətli fotoşəkillər köksündən asılmasın,
Dönməsin Vyetnam muzeyinə!
Deməsinlər, hər kölgəli qəlb bir insan günahıdır...
***
Bu nəhəng qələbəlikdə
şəhərlər,
yollar,
küçələr
adamla dolu.
Qəribə hərarət,
həsrət,
həsəd,
ağrı...
Yaşamaq ümidi ilə
müdhiş çırpınışda
bir yığın adamın
eyni hekayəsi var...
***
Hərdən bir göz qırpımında olur hər şey,
Boylanır bir göz də öz içindən
çiçək bükümü kimi
içindəki qırmızılıqdan xəbərsiz.
Hərdən daha çox arzulayarsan təqdir,
Qəribə şeylər istəyər könlün.
Xəta ardınca xəta edərsən,
Yumarsan gözlərini böyük boşluğa.
Utanarsan acgözlüklə yediyin həsəd hissindən
Çevrilib bir göz də içindən baxar xısın-xısın,
Sıxılarsan içindəki qırmızılıqdan.
Hərdən bir göz qırpımında olur hər şey,
Hər şey elə biraz da yarıda qalmış nağıl,
Heç nə yox imiş kimi.
Yandırır adamı köz kimi,
udur adamı torpaq kimi
və hər şey bitir.
Göydən üç alma düşmür,
Göydən od da yağmır, göydən alov da,
ancaq dönür bir ovuc duaya insan...
BİRCƏCİK YER KÜRƏSİNDƏ
Hələ neçə yuxulardan keçəcəyik,
Yozacağıq:
Bu körpədir,
Bu körpüdür.
Gözlərimizdə canlanacaq
Neçə sima, neçə xislət.
Barmaqlarımız neçə mürəkkəb tutacaq,
Yazacaq, hey yazacaq!
Biri doğru, biri yalan...
Yaracaq neçə sübhü
Mürəkkəb rəngindəki kor ilan,
Bəlkə də, ən adi, ən adi şeydən
O ilan çata bilməmiş ən xoşbəxt günə,
Neçə qəlbi yıxacaq zəhərli sözlə.
Hələ neçə yuxulardan keçəcəyik,
Yozacağıq:
Ömrümüz haqqa yetənə kimi
Bir planetdə, bircəcik yer kürəsində
Bacı-qardaş adamlar
Asılacaqlar bir-birinin ayağından,
Utanacaq yer üzü.
Hələ neçə yuxulardan keçəcəyik,
Yozacağıq:
Fikir davasında böyük və azad,
Xoşbəxt və bədbəxt olan kim?!
Çapacağıq hər sözün üzərinə gürzümüzlə,
Üzəcəyik hamımız hansısa nəhrlərdə,
Ta ki, qalib, ya da məğlub olanacan.
Hələ neçə yuxulardan keçəcəyik,
Yozacağıq:
Bu körpədir,
Bu körpüdür...
Sonra və sonra biləcəyik,
Biri qafil gənclik, biri körpə qocalıqdır,
Könlü ilə söhbət edir hamısı.
Hansısa sətirdə çəkirdi can şirəsi,
Biri şirin, biri acı.
Bilirəm, yaşamağa heç kim tapmayacaq macal.
Yuxuların ömrü
elə insan ömrü kimi qısadır...
QUYUDAN SƏS
Sonra başladı həyat,
Əvvəldən heç nə olmamış kimi.
Ya ağac dibində
Dünyanı yaradan süjet var,
Ya quyu dibində
Vəbaya tutulanlar
Qurban – günahsızdır.
Bu Leyla əvvəlki deyil,
Dünya elə əvvəlkidir.
Sevincinin hamısı qəzəb,
Qonur qanadlarına uçan yerdən,
Barmağının ucunda sənə sarı qaçan ömrün
Möcüzə işləri var.
Kişilərin zavalına gəlib bu dünya,
Qızıl-qırmızı qandır.
Qadınların baxışları yara olub,
Qalıbdır yaddaşında.
Bu Leyla əvvəlki deyil,
Dünya elə əvvəlkidir.
Nə insan, nə də dünya
Həyatın mənalı yerini görür.
Bu quyu qat-qat dərindir,
Qaranlıqda ruhi dinclik, məftunluq.
İşıq da iztirab, işıq da həyat.
Ömrünün aramca bir vaxtı
Vaxt sənə dar!
Zərrə illərin bərəkəti yox,
soyuqdur, soyuq.
Haradasa bir xatirə qanıqara qırılır,
Gündə yüz yol ölür, quyudakı səs.
***
Savaşmaq ön cəbhədir,
bütün cəbhələrdə savaş – yaşamaq!
Təpələnirsən bəzən, olsan da dağ,
yarı yıxılmış ev kimi.
Ancaq heç nəyi saxlamır həyat
öz rəngindən –
cənnət və cəhənnəmdən başqa.
İlahi!
Mən necə də inanıram;
Bəzən tənhalıqdan da ucalmaq olur…
Bu səbr, bu səbat məni insan edəcək,
Göldə bir atəş səsitək itəcək…
***
Bir sidqi-ürəklə sevinmək gəlir içimdən,
hamının əvəzinə itaətsizlik göstərmək istəyirəm
XXI əsr uşaqları kimi –
Onlar çox sərbəstdir,
Hamısı nə istədiyini bilir.
Bu sırada sanki təkcə əyləşmişik,
çiynimizin üstündən getdiyimiz yolun
hara olduğunu bilmirik.
Görürəm ki, qupqurudur hər şey,
adamların sözü təpimiş haldadır.
Adamların dodaqlarında səadət pıçıltıları,
baxışlarında divar sərtliyi,
bu ahəngdən bir şey dadmaq arzusu...
Qızıl boyunbağı kimi keçirək boynumuza xatirələri,
nə vaxtsa anamızın tapaqçada südlə bişirdiyi qənddən dadaq,
keçmişdən soraq kimi ağzımız dada gəlsin.
Kimsə qəhərləndi,
kimsə dilləndi…
Bu vaxtı ötənəcən,
bu yolu keçənəcən
kəskin şəkildə danışqan adama dönəcəyik hamımız.
Yaddaşımızdakı boş otaqlar
dağınıq halda.
Xəlvəti üstümüzə soyuqlar qonar,
Yamyaşıl dünyanın alaçığında –
it mırıltıları,
dibçək dibləri,
cavabsız məktublar…
Bir də gözü ilə
keçmişini silmək istəyən milyonlarla adam…
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
BİZİM KİNO - Unudulmaz filmimiz “Bəxt Üzüyü”
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Məhşur rejissor və aktyor Ramiz Əzizbəylinin ekran əsəri olan “Bəxt üzüyü” filmi haqqında danışmaq istəyirəm. Film 1991-ci ildə çəkilmişdir. Xalq şairi Vaqif Səmədoğlunun eyni adlı dram əsərinin ekran həllidir.
Hadisələr hal-hazırda da insanların yayada həvəslə üz tutduğu məhşur Pirşağı bağlarında üç ailə və bir müharibə veteranının bir araya gəlməsi ilə başlayır. Saranın bəxt üzüyünü itirməsi isə filmin duzu, bibəri olur. Hər kəs bir-birini ittiham edərkən sülhsevərliliyi və ağsaqqallıq funksiyasını yerinə yetirən Tanrıbəy dayı və öz hayında olub “xoşbaxtlıx” axtarışında olan şair Moşu Göyəzənlinin varlığı filmə rəng qatmışdır. Film hər nə qədər komediya janrı üzərində yazılsa da, əslində bitkin bir tragikomediyadır, insanların öz-özlərini və ya ətrafındakıları aldatması və əlçatmaz şeylərin axtarışına çıxması aşkar görünür. Bu filmin görünən və görünməyən tərəfləri də az deyil. Məsələn, Saranın bəxt üzüyünü qab yuduğu sırada su kranının kənarına qoyub, qonşularını oğurluqda ittiham etməsi indiki zamanda bəzi insanların nə qədər huşsuz və yaddaşsız olduqlarını aşkara çıxarır. Eyni zamanda içki düşkünü olub ailəsindən bixəbər “ailə başçısı” ilə bağlıda ayrıca danışmağa dəyər. Hər nə qədər başı daşa dəyəndən sonra özünə gəlsə belə “sonrakı peşmançılığın faydası yoxdur” məsəli burda öz yerini tapır.
Gələk şair Moşu Göyəzənliyə. Yazının əvvəlində də qeyd etdiyim kimi, insan oğlu hər zaman əlçatmaz şeylərin arxasıyca düşməyə meyilli bir varlıqdır. Şair Moşu da öz aləmində “xoşbaxtlığı”n qafiyəsini dəftərində, şeirlərində axtarmağa çalışır. Amma axıradək də tapa bilmir.
Filmi izlədikcə görürsən ki, hərə öz hayındadır. Heç kimin heç nədən nə xəbəri, nə də anlayışı var. Bu, əslində indiki insanların açıq şəkildə büruzə verdikləri xüsusiyyətdir. Hər kəsi günahlandırmaq, ətrafımıza olmayan şey üstündə ləkə yaxmaq və sonda da heç nə olmamış kimi qarşımızdakının boynuna sarılmaq. Gəlin, qarşımızdakının da nə və ya nələr düşündüyünə diqqət yetirək, qəlb qırmadan danışmağı bacaraq və ən önəmlisi, qarşımızdakının bizim kimi eyni ampluanı daşıdığını - insan olduğunu unutmayaq.
“Ədəbiyyat və İncəsənət”
(11.02.2025)
Ömürdən pay vermək mümkün olsaydı…-ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Anam... Bu sadə, lakin mənim üçün dünyalar qədər dəyərli olan söz, həyatımın ən müqəddəs mənasıdır. O, yalnız məni dünyaya gətirən insan deyil, həm də mənim ilk müəllimim, sirdaşım və ən güclü dayağımdır. Ona qarşı olan duyğularımı sözlərlə ifadə etmək nə qədər çətin olsa da, qəlbimdəki sevgi, minnətdarlıq və ehtiramı dilə gətirməyə çalışacağam.
Anamın varlığı mənim üçün bir günəş kimidir. Onun gözlərindəki sevgi və qayğı mənim üçün ən böyük təsəlli mənbəyi olub. Ona qarşı hiss etdiyim minnətdarlıq ölçüyəgəlməzdir. O, mənə həyatın çətinliklərinə boyun əyməməyi, mübarizə aparmağı öyrədib. Anamın hər bir nəsihəti, hər bir sözü mənim üçün həyat dərsi olub. Onun məsləhətləri sayəsində səhvlərimdən dərs almış, düzgün yolu tapmışam. Mən böyüdükcə anamın əziyyətlərini daha yaxşı anlayıram və ona olan hörmətim, sevgim daha da artır.
Amma bəzən, fərqinə varmadan onu incitdiyim anlar da olub. Yeniyetməlik çağında hər kəs kimi mən də öz fikirlərimi müdafiə edərkən onun qayğısını bəlkə də tam anlamırdım. İllər keçdikcə isə başa düşdüm ki, anamın dediyi hər bir söz arxasında saf sevgi və qorxu var idi – mənim üçün, mənim gələcəyim üçün.
Anamın üzündəki bir təbəssüm üçün, onun gözlərində xoşbəxtliyi görmək üçün hər şeyi etməyə hazıram. Çünki o, mənim anamdır – məni sevən, mənə həyat verən, məni bu dünyada ən çox anlayan insandır.
Anam... Bu kəlmə mənim üçün sadəcə bir ad deyil, o, varlığımın ən dərin qatlarına toxunan, zamanın içində dayanmadan böyüyən bir duyğudur. Hər bir insanın həyatda sığındığı bir liman var, mənim limanım isə anamın qəlbidir. O qəlb ki, içində məni qoruyan bir nur daşıyır, istər fırtınalar qopsun, istər yollar qarışsın – o nur heç vaxt sönmür.
Anamın mənim üçün nə demək olduğunu izah etməyə çalışarkən sözlər kiçilir, məna daralır, çünki bu duyğu ölçüyəgəlməzdir. Onun mənə bəxş etdiyi həyat təkcə fiziki varlığımın deyil, həm də ruhumun təməlidir. Anam mənim üçün sevgini və fədakarlığı özündə birləşdirən bir zaman metaforasıdır. Uşaqlığımda o, vaxtını mənim üçün dayandırırdı – hər gecə yuxusuz qalıb mənim rahat yatmağıma çalışır, hər səhər gülümsəyərək məni yeni günə oyadırdı. İndi isə mən böyüdükcə anlayıram ki, o illər sadəcə zaman deyilmiş – o, anamın mənə bəxş etdiyi öz həyatının parçaları imiş.
Anamın qayğısı və sevgisi gözlə görünməyən, amma hər an hiss olunan bir külək kimidir. İnsan bəzən küləyin varlığını yalnız dayandıqda anlayır – eləcə də anamın fədakarlığını, onun sarsılmaz sevgisini anlamaq üçün insan zamanla böyüməlidir. Bizim uşaqlıqda “adi” hesab etdiyimiz hər şey – bişirdiyi yeməklər, çəkdiyi narahatçılıqlar, yağışlı günlərdə əlimizi sıxmağı – əslində sonsuz bir sevginin ifadəsi imiş.
Bəzən düşünürəm, anamın sevgisi sonsuz bir dairəyə bənzəyir. Mən ondan doğuldum, o isə məni sevgisi ilə yoğurdu. O, məni həyata gətirdi, mən isə onun sevgisini daşıyan bir zaman yolçusuna çevrildim. Əslində, biz heç vaxt ayrılmırıq – çünki onun verdiyi sevgi mənim hər hüceyrəmdə yaşayır, düşüncələrimdə çiçək açır. O, mənim varlığımın ən incə tellərinə toxunub və mən bu tellərin hər birini ürəyimdə qoruyuram.
Bəlkə də bir gün yollarımız bir qədər uzaqlaşacaq, həyat bizi fərqli istiqamətlərə aparacaq. Amma mən bilirəm ki, anamın sevgisi mənim varlığımda əbədiyyən qalacaq. Çünki ana sevgisi zamana tabe olmur, o, sonsuzluğa yazılmış bir şeirdir. Və mən bu şeiri ömrüm boyu oxuyacağam.
Hər zaman dediyim kimi, Nigarı Nigar edən, ərköyünlüyünün, dəli-doluluğunun və hədsiz özünəinamının səbəbi sənsən. Sən heç saralıb-solmayan cənnət çiçəyi, mələklərin nuru və bəyazısan. Ruhumun özü, mənim ən dərin eşqimsən. Minnətdarlığım sənə yaşadığım ömrün uzunluğu qədər olacaq. Mən səni özümdən də çox sevirəm.
Sənə sonsuz təşəkkürlər, əziz Anam!
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)