Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“İNSAN ŞƏKLİ”
Mənə bir sərgi salonu verin!
Nə geniş olsun dünya qədər,
nə elə hündür olsun ki,
ətəyində qala uzun kölgələr.
Mənə bir sərgi salonu verin!
Orda bir insan şəkli asacağam –
adi bir insan.
Nə elə kiçik ki, məhəl qoyan olmaya,
nə elə böyük ki, baxanda qorxasan.
Orda bir insan şəkli asacam,
görünsün dünyanın hər yerindən;
zamanın keçmişindən,
dövranın indisindən,
əsrin gələcəyindən
Bir insan şəkli asacam;
bir yanında Nəsimi –
dabanından soyulandan sonra,
Bir yanında
məşəl təki yanmış azəri qızı –
tunc heykəli qoyulandan sonra.
Bir yanda Cordano Brunonun külü.
Bir yanında Məmmədhəsən kişi –
ömrü, günü yollara tökülü.
Yuxarıda kosmopolit göy
Aşağıda sərhədlə kilidlənmiş ölkələr
Bir yanda Osvensim –
Minlərlə insan, beli bükülü
Bir yanda yolları insanla döşənmiş –
Kolıma.
Bir yanda Xirosima – ölü.
Bir tərəfdə
Fərhad, Şirin,
Kərəm, Əsli,
Bir tərəfdə
İsrafil, Qafur
Qastello, Lorka –
Prometeylər nəsli.
Bir insan şəkli asacam;
qapalı dodaqlarında söz yanığı.
Ətrafında bayram təntənələri.
Baxışında sınaq günləri,
dözüm sənələri.
Şəklin müəllifi – Zaman.
Adı – insanlığın ömür yolu.
1964
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)