ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət portalının Cənub təmsilçisi

 

 

(Ədəbiyyat və incəsənət sahəsində etika dəyərlərinə sayğı ilə yanaşanlara ithaf olunur!)

 

Ədəbiyyat və incəsənət bəşər övladının ən dəyərli və qiymətli məşğuliyyət sahələrindən sayılır. Hər iki sahə sözün həqiqi mənasında maraqlı, dəyərli və mənə görə, müəyyən baxımdan müqəddəsdir. Bunlar insanoğluna xas olan sahələr olmaqla yanaşı, həm də tarix boyu bir sıra ciddi problemlər və bəzən qeyri-etik olaylarla üzləşmişdir. Çünki hər iki sahənin bir sıra zəif yerləri vardır. Əsas problemlər, münaqişə, qarşıdurma və bəzən də fiziki toqquşma və fəsadlar bir çox hallarda həmin zəif yerlərdən qaynaqlanır.

 

Ədəbiyyat və incəsənət sahəsində satira, yumor, ironiya və həcv kimi mövzular həm bədii ədəbiyyat nümunələrində, həm də kinoda, teatrda yer alır, ədəbiyyatşünaslıq və sənətşünaslıqda isə bunların hər biri haqqında müəyyən təriflər və qaydalardan bəhs olunur. Hər bir mövzu ilə yaxından məşğul olan və bu sahədə müsbət və ya mənfi anlamda yaradıcılıqla məşğul olanlar da kifayət qədərdir..

 

Terminlərin izahı:

Burada hər şeydən öncə həmin terminlərin mənası ilə ümumi formada tanış oluruq:

 

Satira: Latın sözü olub terminologiyada müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Satira bədii gülüşün bir növü sayılır. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Məlumat üçün qeyd etmək lazımdır ki, XIX əsr Azərbaycan satirik ədəbiyyatının qızıl dövrü sayılır. Q.B.Zakir, S.Ə.Şirvani və M.Ə.Sabir satirik poeziyanın böyük ustaları kimi tanınırlar.

Yumor: Həyatdakı gülünc, komik hadisələri, insanların zəif cəhətlərini və nöqsanlarını əks etdirən, gülüş doğuran əsərlər; ədəbiyyatda tərbiyəvi əhəmiyyət daşıyan tənqidi gülüşün bir növündən ibarətdir. Yumor ironiya ilə müqayisədə daha sərt münasibət sayılır. Yumora dost gülüşü də deyilir və qəzetlərdəki satirik səhifələrdə xüsusi rubrika kimi aparılır. Lətifə isə onun mühüm formalarından biridir.

İroniya: Qədim yunan dilində "bəhanə", "ikiüzlülük" və "lağlağı" kimi izah edilir. Burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir. İroniya həm də deyilən sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: "Sən igidsən!", "Ağıllı-kamallısan…" - deməklə burada müsbət fikirlər mənfi məna daşıyır. İroniya bir yazıçının təsvir etdiyi adamlara və hadisələrə tənqidi münasibətinin ən zərif formasıdır. (Hər üç termin barədə ətraflı məlumat üçün bax: "Ədəbiyyat nəzəriyyəsi", Rəhim Əliyev, səh: 257-259. Mütərcim, Bakı, 2008).

Həcv: Ərəb sözü olub, lüğətdə ələ salmaq, istehza, məzəmmət və təhqir etmək, alçaldıcı tənqid, söyüş söymək, aşağılamaq, müəyyən bir şəxsin eyblərini sadalamaq və alçaltmaq kimi mənalarla izah edilir. Həcv satiranın şəxsi məzmun daşıyan və ancaq şeirlə yazılan bir növüdür. Həcvdə müəllif öz şəxsi düşmənini ifşa edir və adətən söyüşlərdən də istifadəyə əl atır. Ədəbiyyat tarixində belə şeirlərin ən məşhur nümunələri şairlərin bir-birinə yazdıqları həcvlərdir.

Bu termin müəyyən bir şəxsə, ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı yönəldilmiş istehzalı, kəskin, acı və kinayəli yazı kimi də izah edilmişdir. (Bax: "Azərbaycan dilinin izahlı lüğəti", 2/351. Şərq-Qərb, Bakı, 2006).

"Aşıq şeirinin poetik biçimləri və çeşidləri" kitabında bununla bağlı belə yazılır: "Klassik sənət ənənəsinə görə şair və aşıqlar özlərinin sənət və şəxsiyyətlərinə təhqiramiz münasibət hiss etdikləri zaman həmin hadisəyə və hadisənin səbəbkarına ünvanlanmış vulqar sözlərlə dolu şeir qoşurlar ki, bu da "həcv" adlanır. Həcvlərdə etik çərçivə gözlənilmədiyindən həcv qoşan aşıq və ya şair qarşı tərəfi aşağılamaq üçün vulqar ifadələrdən, söyüş və təhqirlərdən istifadə etməkdən də çəkinmir.

Həcv istər divan ədəbiyyatının, istərsə də xalq ədəbiyyatının ən müxtəlif şeir şəkillərində ola bilər. Aşıqlar həcv qoşarkən daha çox qoşma şəkilindən istifadə edirlər. Ustad sənətkarların yaradıcılığında nadir hallarda müraciət olunan həcvlər fərdi-qərəzkar səciyyə daşıdığından bu qəbildən olan mətnlər toy-düyün məclislərində, el-ailə içərisində söylənilməsi məqbul sayılmır". (Bax: "Aşıq şeirinin poetik biçimləri və çeşidləri", Məhərrəm Qasımlı, Mahmud Allahmanlı, səh: 131. Elm və təhsil, Bakı, 2018).

 

Subyektiv baxış:

İstər incəsənət, istərsə də ədəbiyyatda satira, yumor və ironiyadan istifadə etmək tam mənada yasaqlana bilməz. Ümumiyyətlə, bunları birbaşa həmin sahələrin zəif nöqtəsi kimi təqdim etmək də doğru yanaşma deyil. Sadəcə həmin sahələrə necə və hansı formada yanaşma önəmlidir. Təbii ki, bunların hər biri üçün mövcud qanunlar, xüsusilə də ağıl, etika və vicdanın tələbləri əsasında müəyyən çərçivə təyin edilməli və yalnız müəyyən edilmiş çərçivə əsasında addım atmaq lazımdır.

Mövcud qanunvericilik baxımından vətəndaşların şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddələr yer almış, dövlət və hökumət bu qanunların icrası ilə bağlı xüsusi məsuliyyəti öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində bununla bağlı belə yazılır:

"I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz..."

Nəticə etibarı ilə ədəbiyyat və incəsənət bütün özəllikləri və gözəllikləri ilə yanaşı heç bir halda heç bir insanın şərəf və ləyaqətini alçaltmağa vəsilə olmamalıdır. Bu qanunları pozan şəxslər üçün Cinayət Məcəlləsində xüsusi cəza tədbirləri də nəzərdə tutulmuşdur. Lakin həyatda məsuliyyətsiz olan bəzi nalayiq adamlar adətən qanun və cəzadan yayınmaq, xüsusilə də söz və tənqidlərini birbaşa və ünvanlı şəkildə deməkdən qorxduqları üçün bu kimi sahələrə baş vurur və beləliklə də heç bir ad çəkmədən kimisə qarşısına hədəf qoyaraq "həcv" adı altında nalayiq, əxlaqsız və tərbiyəsiz yazıları ilə çıxış etməklə, əslində, iç aləmindəki paxıllıq, məğlubiyyət və nakamlıq alovunu söndürməyə cəhd edirlər. Əlbəttə, bu arada həmin nalayiq işlərə imza atanları incələyib araşdırdıqda, belələrinin həqiqi yazıçı və şair olmadığı və sadəcə əlinə qələm alaraq özünü hörmətli yazıçılar və dəyərli şairlər sırasında gizlətdiyi bəlli olur. Belə bir nalayiq işə sifariş və xüsusi ödəniş qarşılığında əl atanların qəbahəti isə sözün həqiqi mənasında bu qısa yazıya sığmayacaq qədərdir.

İnsanoğlu ictimai bir varlıq olub, bu həyatda yalnız bir dəfə qonaq olduğu və müəyyən müddətdən sonra bu fani dünyanı tərk edib əbədiyyətə qovuşduğunu nəzərə alaraq öz davranışı, danışığı və yazılarında diqqətli olmalıdır. Qələm və incəsənətdən isə yalnız insani dəyərlər və ülvi hisləri yaşatmaq, insanlıq adına xidmət göstərmək üçün istifadə edilməlidir.

Hansısa bir səhnədə və ya yazıda təhqir, istehza və məzəmmət edilən, barəsində alçaldıcı təhqirlər və söyüşlərin istifadə edildiyi şəxsin yaxınları, əzizləri və sevənlərinin olduğu əsla unudulmamalıdır. Əslində mövcud olan haqsızlıq, əyrilik və yanlışlıqları xüsusi ustalıq, incəlik və məharətlə tənqid etmək, heç kimi təhqir etmədən fərqli və alternativ baxışı təqdim etmək mümkündür.

Ədəbiyyat, nəsr, şeir və poeziyada həcvə gəldikdə isə cinsi, dini, siyasi, ictimai və mədəni baxışından asılı olmayaraq heç bir insanı və heç bir toplumu təhqir etmək, alçaldıcı söyüşlər və təhqiramiz ifadələrlə aşağılamaq olmaz. Söyüş, təhqir, alçaltma, məsxərə və ələ salma kimi əməllər heç bir sahədə və heç bir halda icazəli sayılmır. Ümumiyyətlə, söyüş və təhqirin adətən söyüş və təhqirə yol açdığı və ciddi fəsadlar törətdiyini kimsə unutmamalıdır. Həm də məşhur deyimə əsasən, evi şüşədən olan kəs başqasının pəncərəsinə daş atmamalıdır.

Ədəbiyyat və incəsənət sahəsinə də bunlar deyil, insani dəyərlər, ədəb və etika hakim olmalıdır. Kimsə incəsənət və ədəbiyyatı, xüsusilə də müqəddəs sayılan qələmi belə iyrənc olaylara bulaşdırırsa, bu ilk növbədə həmin şəxsin zatən həyatda tərbiyəsiz və nalayiq, həm də bir küçə adamı olduğunun göstəricisidir. Bu baxımdan, həyatda bacarıqlı senarist, yazıçı, təhlilçi, tənqidçi, şair, rejissor, aktyor, alim və s. olmazdan öncə etikalı və mədəni bir insan olmaq lazımdır. Məncə ədəbiyyat və incəsənət sahələrini bərbad hala qoyan və onlarda zəif yer və ya yerlərə yol açan əsas məsələ də bu sahələrə daxil olan bəzi şəxslərin insani keyfiyyət, etika və mədəniyyət baxımından korluq çəkməsindən ibarətdir. Məhz belələri həmin sahəyə kölgə salır və onu ləkələyirlər.

Bir yazıçı və ya şair əlinə qələm alıb nəsə yazarkən yazdığının fərqində olmalı, yazdığı yazılarla insanların qəlbinə fərəh və ümid bəxş etməyi, onları zülmət və qaranlığa deyil, ziya və aydınlığa doğru sövq etməyi, həmçinin, onlara ülvi hisslərindən coşub-gələn ən gözəl fikirləri və milli-mənəvi dəyərləri aşılamağı hədəf almalıdır.

Əslində elə ədəbiyyat sahəsində müxtəlif şəxs və ya şəxslərə, siyasi-ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı etiraz və tənqidləri ad çəkmədən, eyni halda heç bir təhqir, söyüş və nalayiq ifadəyə yol vermədən etika və ədəb çərçivəsində dilə gətirmək və qələmə almaq mümkündür. Lakin əfsuslar olsun ki, özünü bu çərçivəyə sala bilməyən və əlinə qələm alaraq yalnız təhqir, söyüş, alçaldıcı, məzəmmət edici və bu digər bu qəbil söz və cümlələrə can atanlar həyatda nə qədər bacarıqlı və istedadlı qələm əhli (yazıçı, senarist, tənqidçi, təhlilçi, şair, nasir və s.) olsalar belə qələmi etikasızlıq, tərbiyəsizlik və əxlaqsızlığa bulaşdırmış "qəhrəmanlar" sayılırlar. Belələri oxucuların zehni və yaddaşında ədəbiyyat və bədii yaradıcılıq sahəsində istedadlı ədiblər kimi deyil, əsasən tərbiyəsiz və etikasız adamlar kimi qalırlar. Öz etikasızlığı və tərbiyəsizliyinin nəticəsində qalanmış odun tüstüsündən boğulan və odunda yananlar da hər kəsdən öncə elə onların özləri olur.

Hər halda qanuni məsuliyyətdən boyun qaçıraraq öz əxlaqsızlığı və tərbiyəsizliyini həcv və satira adı altında nümayiş etdirənlər üçün xüsusi cəza tədbirlərinin hazırlanması bir zərurətdir. Bununla bağlı Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi nəzdində xüsusi bir monitorinq mərkəzinin təsis edilməsi və beləliklə də qələm, ədəbiyyat və incəsənət adına ləkə yaxan bu qəbil nalayiq adamların aşkarlanması və cəzalanmasını təklif etmək olar. Bəlkə də belələri üçün onların müxtəlif mədəni, ədəbi və ictimai statuslardan və eləcə də fəxri adlardan məhrum edilməsi və mərhələli şəkildə ədəbiyyat və incəsənət sahələrindən uzaqlaşdırılması ən ağır cəza kimi ən gözəl və yetərli olardı...

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

 

 

 

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Səninlə həmişə dərdləşirdik. Son beş ili susmuşam… Əvvəl insan naxələfliyi sarsıtdı məni, sonra itgimiz. O gündən bu günə susuram, səninlə heç nə danışa bilmirəm.

İstəyirəm deyim ki, bağışla, sən bildiyin, sən dediyin kimi qoruya bilmədim heç nəyi. Əvvəllər elə bilirdim, sənin dediklərini edə biləcəyəm. Nə olsa da, mənə inanırdın axı. İndi yanında utanıram… Bacarmadım, deyəsən. Dünyada ən böyük sevgim sən idin, elə sən də qaldın. Amma tənha içimi ovudan şeirlərdən də, Allahdan da, elə anamdan da uzaq düşdüm.Sanki babamın 1937-ci ildə sürgün edildiyi kimi, sürgün etdim özümü yadlar içində.

Həm gec yeridin, həm gec dil açdım — həmişə məni belə xatırlayırdın. Gec yeriməyi bilmirəm… Çox güman, bu yalançı dünyaya addımlamaq istəməmişəm elə o vaxtdan. Elə bu gün də həmin adamam. Bu gün mən, səninlə qulaqbatıran uğultunun, göz-gözü görməyən tüstünün, dumanın içindən ilk dil açdığım gündəki kimi, bu beş ildə ilk dəfə danışıram.

Ağ saçlarına, ətri ürəyimdəki daşı əridən əllərinə həsrətəm. Çoxdandır ki, başımı sığallayıb "Mən burdayam, qorxma" demirsən. Çünki bilirsən ki, əslində mən daha qorxmuram — hissizləşirəm.

Rəssam Sehran Allahverdi sənin rəsmini göydə çəkib, buludların içində. Həmişə istəyirəm ona sual verim ki, "Siz haradan bildiniz ki, mən həmişə atamla dərdləşəndə göyə baxıram?" Onun orada olduğundan əminəm — getdiyi gündən, üzünü göyə tutub getdiyindən əminəm. Rəssam ürəyidir, çox güman ki, məni duyub.

Gözümdə yaş düyünləndi… Gəl sənə son illər necə yaşadığımı danışım.

Deyirlər: “Əgər bir xalça toxuyan rəssamı dustaq edib keçə toxutdurmağa məhkum etsən, o rəngsiz keçəni toxuya-toxuya xalçaların rəngini unudacaq”. Mən də o haldayam indi. Amma yaranışdan və doğuluşdan mənə bəxş etdiyin o qığılcımdan arxayın ol — ölmür. O qığılcım hələ də mənim içimdədir. Bəlkə bir gün önümə düşüb məni xilas edər...

95 illik yubileyini qeyd edəcəyik. Gör necə ötüb keçdi...

Dostun Nəriman Həsənzadə ilə telefonda danışdım. O telefon danışığı əslində mənim üçün səni anmağa bəs etdi. Bütün tədbirləri əvəzlədi. Onun dediyi sözləri, səni xatırlamağı, göz yaşları ilə danışmağı məni həm çox üzdü, həm də sevindirdi.

Səni heç unutmurlar. Həmişə yaşayacaq olan şeirlərini sevirlər. İstədiyin də yəqin ki bu idi — gözəl xatırlanmaq. Hər dəfə məni hansısa tədbirdə təqdim edəndə adın çəkilir. O gün Əsəd Cahangir sənin haqqında danışdı, dedi:
"Ağ saçlı, Stalin kiteli geyinən, ağır-ağır gəzən, dağ cüssəli, xeyirxah şairimiz Fikrət Sadıq."
Sənin haqqında elə danışdı ki, kimdən, nədən danışacağımı yadımdan çıxartdım.

Bu il may ayının 30-da düz 95 ildir ki, varsan. Neçə il əvvəl özünü götürüb bu dünyadan köç etdin. Bizi tək qoydun. Amma zaman və illər məni yalnızca son beş ildə tənhalaşdırdı. Hərdən deyirəm ki, bu əzablar səni üzərdi, ruhun incidi — çox güman. Ruhun duydu məni.

Məqamın gözəllik olsun, gözəl atam. 95 yaşında, qocaman dağ kimi, daima kölgən, adın ürəyimdədir.

Yenə çox məqamı susdum.

Son beş ilin ağrısı...

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün nəsr zamanıdır. Sizlərə Məhliqa Eyvazqızının ”Alça ağacı” adlı  hekayəsi təqdim edilir.

 

 

Məhliqa EYVAZQIZI

 

ALÇA AĞACI

 

Onu heç kim əkməmişdi. Səkinin kənarında asfaltı deşib çıxmışdı. Nazik körpə zoğları görünürdü. Əvvəlcə hansı ağac olduğu bilinmirdi.

Beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayırdım. Pəncərəni açan kimi həmin körpəcə zoğları görürdüm. Binanın birinci mərtəbəsi mağazalardan ibarət idi. Mağaza sahibləri özləri də səkinin kənarında sıra ilə ağaclar əkmişdilər. Tez-tez diblərinə su tökürdülər ki, böyüyüb kölgə salsınlar.

Buna baxmayaraq, ağaclar qurumağa başlayırdı. Ancaq özbaşına bitən fidanın həyat eşqi o qədər qüvvətli idi ki, sürətlə böyüyürdü. Tezliklə kiçik tər yarpaqlarından alça ağacı olduğu məlum oldu. Pöhrələr böyüyüb qol-budaq ataraq şümal, göz oxşayan bir ağaca çevrildi. Ağacın yaxınlığındakı dayanacaqda avtobus gözləyən analar uşaqlarını onun kölgəsində günəşin yandırıcı şüalarından qoruyurdular.

Beləliklə, alça ağacı böyüməyə başladı. Böyüdükcə kölgəsi də çoxalırdı. İndi onun kölgəsində – qocalar, qadınlar, uşaqlar dincəlir, sərinlənirdilər. Növbəti yazda ağac çiçək açdı. Çox gözəl görünürdü. Sanki ağ gəlinlik paltarı geyinmiş, həyat eşqi aşıb-daşan bir gözəl olmuşdu.

Pəncərədən ağaca baxdıqca mən də sevinirdim. Ürəyim açılırdı, fərəhlənirdi. Elə bil ağac da mənim sevincimi duyaraq nazlanır, daha da gözəlləşirdi.

Bir gün evin altındakı mağazaya gedərkən alça ağacına yaxınlaşdım. Onun yarpaqlarını, kövrək budaqlarını nəvazişlə sığalladım. Bu zaman yarpaqlar arasında xırda, noxud boyda yaşıl meyvələr gördüm. Qəlbim sevinclə döyünməyə başladı. Elə bil yazda gəlinlik paltarı geyinmiş həmin o gözəl dünyaya balalar gətirməyə hazırlaşırdı. O, öz kölgəsi, görünüşü, meyvəsi ilə insanlara xidmət etmək istəyirdi. Elə bilirdi, insanlar da onun etdiklərinə görə razı qalacaq, onu sevəcəklər.

Əfsuslar ki, belə olmadı.

Meyvələr bir az da böyüyüb fındıq boyda olanda adamlar duyuq düşdülər. Kölgəsində dincələ-dincələ budaqlarını kobudcasına əyib meyvələrini yoluşdurdular. Ağac zorakılığa məruz qaldı. Budaqlar çox əyildiyindən bir də əvvəlki vəziyyətinə qayıtmadı. Adamlar yaşıl, tər yarpaqları yoluşdurub, asfalt səkinin üzərinə tökürdülər. Ağac isə var qüvvəsini toplayıb yenidən dirçəlməyə, yaşamağa can atırdı.

Yeniyetmə ağacın əl çatmayan meyvələrini dərmək üçün onun budaqlarını şaqqıltı ilə, amansızcasına sındırmağa başladılar. Bu zaman sınmış budaqdan hansısa quşun hələ gözü açılmamış, sarıdimdik ətcə balaları zərblə yerə çırpıldı. Onlar isə əhəmiyyət vermədən budaqları dartışdırır, ağacı dayanmadan silkələyirdilər. Ağacın hündür yerində, sıx yarpaqlar arasında yuva qurmuş ana quşun fəryadı, səs-küyü ətrafa yayılırdı.

Mən onları bu işdən çəkindirmək üçün pəncərədən səsləndim. Oğlanlar heç elə bil eşitmədilər. Səki ilə addımlayan, ora-bura tələsən adamlar isə laqeyd şəkildə gah mənə, gah da yeniyetmələrin əməllərinə baxır, heç nə demədən uzaqlaşırdılar.

Günlər keçirdi. Ağacın kölgəsində istidən qorunan adamlar bəd əməllərini yenə da davam etdirirdilər. Atılmalı uşaq bezlərini, yedikləri yeməyin qalığını, boş plastik butulkaları ağacın budaqları arasına dürtür, dibini zibilləyirdilər. 

İnsanlar tərəfindən zorakılığa, kobudluğa məruz qalan ağac günü-gündən saralmağa, büzüşməyə, solmağa başladı. Mənsə ona kömək edə bilmədiyimə görə özümü günahkar sayır, əzab çəkirdim. Mənə elə gəlirdi ki, alça ağacı məndən inciyib, daha mənə əvvəlki kimi təbəssüm göstərmir.

Bir gün burnuma tüstü qoxusu gəldi. Elə bildim mətbəxdə kibrit çöpünü yana-yana zibil qalağının, kağızın üstünə atmışam. Birdən pəncərədən baxanda gözümə alov dilimləri sataşdı. Tez pəncərəni açıb çölə baxdım. Gördüyüm mənzərə məni sarsıtdı.

Alovlanan alça ağacı idi. Gec idi, alov dilləri artıq onun gövdəsini aşağıdan yuxarı sarmış, öz ağuşuna almışdı. Ona kömək edə bilməzdim.

Havada rəqs edən alov dillərini görən adamlar da qorxaraq kənara çəkilir, bu mənzərəni soyuqqanlılıqla seyr edirdilər. Mağaza sahibləri isə yanğının mağazalara keçə biləcəyindən təşvişə düşür, ora-bura vurnuxurdular.

Sən demə, yerə atılan siqaret kötüyü ağacın dibindəki zibil topasını alışdırmış, o da ağacı alova bürümüşdü.

Amma mənə elə gəldi ki, adamların biganəliyi, etibarsızlığı, qəddarlığı ağacı küsdürmüş, onu intihar etməyə məcbur etmişdi.  Alça ağacı sanki bu haqsızlıqlara etiraz olaraq qəsdən öz həyatına son qoymuşdu...

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

 

“Gülüş klubu”nda bu gün Sərtyel öz səlahiyyətlərini Əli Bağışa təslim edib deyə

 sizlərə Əli Bağışın baməzə fikirlərini təqdim edirik.

 

1. Böyük-böyük adamların kiçik-kiçik işlər görməsinin yalnız bir səbəbi var: Böyük işlərin kiçik,çox kiçik adamlar tərəfindən oğurlanması!

2. Kimin "nə", "necə" dediyinə yox, "niyə?" dediyinə baxın.

3. Oğluma; Atam atandan böyük kişi olub, özüm özündən!

4. Zəif olanda hamı ədalətli olur, Kişi odur ki, güclü olanda ədalətli olsun.

5. Haqliyamsa, yanımda deyilsənsə, lənət olsun sənə, haqsızamsa, yanımdasansa, lənət olsun mənə...

6. Söz, Əməl, Adam arasındakı tərs mütənasiblik  belədir; Sözlə Əməl arasındakı məasfə kiçildikcə  Adam böyüyür, Sözlə Əməl arasındakı məasfə böyüdükcə Adam kiçilir!!!

7. Çox şərəfsizin kişi olduğu, ayaqyolunda "Kişi"yazılmış lövhəyə tərəf gedəndə yadına düşür...

8. Övladlarımıza heç bir sərvət saxlaya bilmiriksə, heç olmasa "Allah rəhmət etsin, atan yaxşı Adam olub, bala"-nı saxlamaq ki, öz əlimizdədir...

9. Həyatda ən qəliz şey bir adamı tanımaqdı. Tanıyandan sonra həyat o qədər asan olur ki...

10. Ən gözəl sözləri şairlər, tamadalar, mollalar seçib danışırlar. Mənə sözünü yox, Əməlini göstər eee...

11. Allahın sığorta idarəsi işləmir. Heç kim, heç vaxt, heç nədən sığortalanmayıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün Türkiyəli məşhur müğənni, pop ulduz Özcan Denizin doğum günüdür. Həm Türkiyədə, həm Azərbaycanda, həm Orta Asiya ölkələrində, artıq həm də Avropada – konkret Almaniyada kifayət qədər böyük izləyiçi auditoriyası olan bu sənətçinin Bakıdakı hər konseri böyük ajiotaj yaradlır, major notlarla sonuclanır.

 

Bəli, bizlərdə  Özcan Deniz çox sevilir. Amma tək “Qal de” kimi mahnıları ilə yox, həm də “Evim sənsən” kimi filmləri ilə.

 

19 may 1972-ci ildə Ankarada doğulmuşdur. Əslən Ağrılıdır. Zilan tayfasındandır, Zilanlar Oğuzların Dügər boyundan gəlir. Türksoylu olsalar da, kürd görürlər özlərini. 

 

Albomları

- Yine Ağlattın Beni

- Hadi Hadi Meleğim

- Beyaz Kelebeğim

- Yalan mı?

- Çoban Yıldızı

- Aslan Gibi

- Leyla

- Ses ve Ayrılık

- Hediye

- Sevdazede

- Bi Düşün

- Ramo

 

Filmləri

1. Ona Sevdiyimi Söylə

2. Asan Pul

3. O İndi Əsgər

4. Asmalı Qonaq — Həyat

5. Hardasan Firuzə

6. Kəloğlan Qaraprənsə qarşı

7. Mövlana Cəlaləddin-i Rumi: Eşqin Rəqsi

8. Bəs sonra (film, 2011) — Aktyor, Ssenari müəllifi, Rejissor, Bəstəkar

9. Araf

10. Evim sənsən — Aktyor, Uyğunlaşdıran ssenari müəllifi, Rejissor, Bəstəkar

11. Su və atəş

 

Serialları

- Yalan 

- Eşqin Dağlarda Gəzər 

- Asmalı Qonaq

- İyun Gecəsi 

- Qədər

- Eşq Yandırar 

- Samanyolu 

- Bir Zamanlar Osmanlı 

- Qaragül

 

Allah xeyirli ömür nəsib etsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

 

 

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Xoş gördük, "Ədəbiyyat və İncəsənət" portalının sevimli izləyiciləri. Belə bir deyim var ki: "Hər söz bir damladır, şeir isə o damlalardan yaranan dəniz."

Biz də bu rubrikamızda o dənizi yaradanların anlıq ovqata uyğun şeir payını alıb Sizlərə təqdim edirik.

 

Beləliklə, " Sevdiyin şeiri gəl mənə söylə" rubrikamızın budəfəki qonağı AYB-nin üzvü, şair, yazıçı, publisist Nazilə Gültacdır.

 

-Xoş gördük əziz Nazilə xanım.Rubrikamızın şərtlərini bilirsiniz, elə isə elə bu an üçün " Sevdiyin şeiri gəl mənə söylə" deyirik, Nazilə xanım.

 

-Sevdiyim şeirlər çoxdur. Bütövlükdə bir şairin şeirlərinin hamısını sevmək olmur. Sevdiyim şeirlər silsiləsində ilk ağlıma gələn şair Qulu Ağsəsin "Nağıl üçün nəğmə" şeiridir.  Bu şeirdə şair həyat və ölüm haqqında nəğmə oxuyaq deyir. Şair deyir ki, iki möcüzə var:Yaşamaq, ölmək!

Həqiqətən də, bütün möcüzələr bu iki məfhumdan doğur. 

Düşündürücü, fəlsəfi şeirləri sevirəm.

 

 

NAĞIL ÜÇÜN NƏĞMƏ

 

Gəl bir nəğmə oxuyaq

mən dəli, sən ağıllı.

Nağıl var ki, həyatdı,

Həyat var ki, nağıldı...

 

Bu dünya divarına

biz niyə baş qoymayaq?

Yıxılanın altını

heç vədə boş qoymayaq.

 

Silək göyün üzünü

ovcumuzun içiylə.

Xeyri şərlə dost edək,

Gündüzləri gecəylə...

 

Bir işimiz getməksə,

bir işimiz gəlməkdi.

İkicə möcüzə var:

yaşamaqdı!

ölməkdi!..

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

“Ədəbiyyat və incəsənət” portalı Digər imzalar rubrikasında sizlərə bütün ədəbi platformalarda daim təbliğ edilən yazarları deyil, digər yazarları təqdim edir. Bu gün rubrikamızda Vüqar Bayramovdur.

Şeirlərdə poetiklik də kifayət qədərdir, amma onlar daha çox öz səmimilikləri ilə adamı çəkirlər.

 

 

BƏSİMDİR

 

Gözlərində parıldayan sevgiyə,

Ürək adlı qəfəsəmsə bəsimdir.

İstəmirəm varın, yoxun mən olum,

Dodağında nəfəsəmsə, bəsimdir.

 

Belə sevgi nə eşitdim, nə duydum,

Baxışında dərd unutdum, qəm yudum.

Səndən ötrü bu dünyada bir udum,

Arzuyamsa, həvəsəmsə bəsimdir.

 

Ünvan oldum həyatının köçündə,

Qiyməti var, dəyəri var heçin də.

Ətrafında yüz doğmanın içində

Sənə əziz bir kəsəmsə, bəsimdir.

 

 

AYRI

 

Səni yuxuların əlindən alan,

Varmı ayrılığın dadında, ayrı.

Görürsən, ürəklə bacarmaq olmur,

De, nələr qalıbdır yadında ayrı...

 

Hicran tərk eləmir bircə anını,

Xəyallar bürüyür dörd bir yanını.

İncidir qəlbini, üzür canını,

Nə məna gəzirsən adında ayrı?

 

Təkcə göz yaşıdır dili həsrətin,

Hər yerə uzanır əli həsrətin.

Dəli məhəbbətin, dəli həsrətin,

Külündə bir dad var, odunda ayrı...

 

 

QAÇA BİLMƏZSƏN

 

Adam sözündən asılar,

Sözündən qaça bilməzsən.

Bu dünya nə boydadır ki,

Özündən qaça bilməzsən.

 

Çox günahı keçmək olar,

Tövbə andı içmək olar.

Yalana don biçmək olar,

Düzündən qaça bilməzsən.

 

Söz eləməz el bəlkə də,

Susar, dinməz dil bəlkə də.

Oyuncaqdır kül bəlkə də,

Közündən qaça bilməzsən.

 

Yolun, çətin dincdən düşər,

İsti yerin küncdən düşər.

Ayaqların gücdən düşər,

Dizinnən qaça bilməzsən.

 

Sınar bir gün cəsarətin,

Üzü buzdur həqiqətin.

“Unudulmuş məhəbbətin”

İzindən qaça bilməzsən.

 

 

NƏ BİLİRSƏN ELƏ, XOŞDUR!

 

Nə acın var tök üstümə,

Neçə köynək yadam axı!

Tüstüm gedib çatmaz sənə,

Özüm boyda odam axı!

 

Nə bilirsən elə, xoşdur!

Varlığını Allah elə,

Baxışını silah elə,

Bilə-bilə günah elə,

“Bəxtəvərəm, şadam axı!”

 

Nə bilirsən elə, xoşdur!

Yüz ölüdən sağın mənəm,

Kəsilmisən yağı mənə,

Çəkmə nolar dağı mənə.

Belə etməz adam, axı.

Nə bilirsən elə, xoşdur!

 

      

        DARIXMIŞAM

 

Sinəmdə buz parçası var,

Közdən ötrü darıxmışam.

Ürəyimi ovudacaq,

Sözdən ötrü darıxmışam.

 

Əzib məni kəc baxışlar,

Yumaz dərdimi yağışlar.

Yorub dizimi yoxuşlar,

Düzdən ötrü darıxmışam.

 

Dərdli görüb, döz dediyin,

Ümid verib, söz dediyin,

Yadındamı “biz” dediyin?

“Bizdən” ötrü darıxmışam.

 

İnciyəndə sərin baxan,

Həm mənalı, dərin baxan,

Gözlərimə şirin baxan,

Gözdən ötrü darıxmışam.

 

Saça düşüb dənmi deyim,

Anlamırsan, mənmi deyim?

Sizmi deyim, sənmi deyim,

Sizdən ötrü darıxmışam.

 

 “Ədəbiyyat və incəsənət”

(19.05.2025)

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

BookFest bir sərgi yox bir görüş yeridir. Qəlblərin, zəmanələrin, düşüncələrin, dillərin və dinlərin görüş yeri. Burada sərhədlər yoxdur. Burada yalnız bir millət var, Oxucu milləti. Bir çağırış var, oxumağa çağırış. Söz burada yaşayır. Hər pavilyondan boylanaraq səslənir: “Bizi oxu... Bizi oxu...”

 

Söz pavilyonlarında min illərin sükutu pozulur. Haradan gəldiyi bilinməyən pıçıltılar qulaq batırır. Platon, Sokrat, Zərdüşt, Nizami, Sədi, Nəsimi, Füzuli, Tolstoy, Remark, Kafka və adını qeyd etmədiyim minlərcə dahi yazar bir anda hərəsi bir guşədən səni səsləyir. Arazın o tayından Şəhriyarın səsi ucalır, Narginin soyuq sahilində güllələnmiş Müşfiqin hönkürtüsü eşididilir. Sibirdə “Mənim Tanrım gözəllikdir, sevgidir” deyən Cavid oxucu qəlbinə öz səsi ilə yol tapır. Bu pavilyonlarda Tövrat da var, Zəbur da, İncil də, Quran da. Və hamısı eyni sözlə səni qarşılayır: “Oxu!”

 

Hər stend bir məbəd kimi qurulub. Sükunətin içində böyük bir çağırış var. Oxucu gah qəhrəmanın taleyinə xısın-xısın ağlayır, gah da bir yazarın xəyalından yapışaraq öz yoluna işıq saçır. Qurulan hər çadır bir məktəbdir.

Kitablar danışır bu meydanda. Pıçıltı ilə yox, ürəkdən. “Bizi oxu” deyirlər. Nizami pıçıldayır: “Ölçülüb biçilərsə incə fikir, incə söz, nə qədər gözəlləşər, olar ürəyincə söz”. Şeyx Nizami “Sirlər xəzinəsi”ndən açar uzadır ki, açın və oxuyun: Allahın ədəbi ilə ədəblənin, biliklə, fəzilətlə ölümsüz olun.

Birdən Şəhriyarın səsi gəlir... Ahəstə, yorğun, dərin. O hələ də Heydərbabadan nağıl danışır uşaqlara, lakin özü içindəki nağılı hələ də bitirə bilmir. Qonşu pavilyondan “Qoca və dəniz” bizə həyatın öz dilindən bir həqiqət pıçıldayır: “İnsan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv etmək olar, ancaq məğlub eləmək olmaz”.

Bu sükuta Müşfiqin ahu-zarı qarışır. Narginin dumanlı gecəsindən gəlir səsi: “Ah mən gündən günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim...”. Ömrünün 29-cu qışında Dilbərinin gözündən gilə-gilə düşən Müşfiqim. Yarımçıq bir ömürlə tamamlanmamış bir poeziyanın sehrinə qapılıb gedərkən qonşu stenddən Vahid xeyir-dua verərək piyalədə eşq meyini başına çəkir. Zeyd bir küncdə inzivaya çəkilərək Leylinin Məcnuna xısın-xısın ağlamağa davam edir.

Bir az aralıda Cek Londonun “Həyat eşqi”ni axtaran oxucular dolaşır. Onlara deyiblər ki, bu kitabda ümid var. O ümid ki, tikanlıqda belə nəğmə oxuyur. Qarşı tərəfdən Remark səslənir: “Aramızda sadəcə bir addım var. Amma bu addım bəzən bir ömür qədər uzun olur.” Çexov cavab verir: “Ən kiçik hərəkət belə gələcəkdə iz qoyur.” İngilis casusu əlavə edir: “İşıq olmadan yola çıxma.”

Avram Linkolnun müəllimə yazdığı o möhtəşəm məktub iki vərəqdən ibarət olsa da, bir millətin gələcəyini bir müəllimə etibar edəcək qədər böyük düşüncə daşıyır. Sanki umummilli lider Heydər Əliyevin müəllimlərə xitabən dediyi o tarixi sözləri səsləndirir bu məktub: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.

Drayzer “Dahi” ilə öz oxucusuna özünü izah edir, Ovod öz qətlinə fərman verir, Kafka yenə də Milenaya yazdığı məktubları axtarır, Mariya Dominquez yenə kağız ev düəzldir. Heç kim boş deyil bu meydanda.

 

Gəlin dəstə-dəstə gedək Dədəmiz Qorquddan xeyir-dua alaq, Sədinin Gülüstanından əminlik öyrənək, Ruminin məsnəvisindən ruhlanaq, qanadlanaq, Nizaminin sirlərində hikmət tapaq. Nəsiminin huruflarında sözə çevrilək. Aşıq Ələsgərlə dastan olaq. Ordubadinin qələmində qılınca dönək. Təbrizin dumanında Şəhriyarın qayıqçısı, Cavidin İblisindəki Mələk, Müfiqin xəyalındakı Xəzər olaq.

BookFest bir sərgi yox bir görüş yeridir. Qəlblərin, zəmanələrin, düşüncələrin, dillərin və dinlərin görüş yeri. Burada sərhədlər yoxdur. Burada yalnız bir millət var, Oxucu milləti. Bir çağırış var, oxumağa çağırış. Söz burada yaşayır. Hər pavilyondan boylanaraq səslənir: “Bizi oxu... Bizi oxu...”

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

 

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Məhdiyə Paydarın hekayəsi təqdim ediləcək.

Son iki ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 

 

Mənim ağ divimi mən ilə qara qarğamdan sonra kimsə görə bilməzdi. Mən ilə qarğam gedərik onunla oturub danışardıq. Qarğam çox sevərdi uçsun, amma uça bilməzdi. Divim yekəpər olsa da bir az qorxaq idi. Küçəmizin dibində bir köhnə dam var idi. Yekə bir həyət idi, üç-dörd ağacla. Dibdə də bir-iki otağı var idi. Mənim o cür yerdən çox xoşum gələrdi. Amma qorxardım gedəm baş çəkəm. Qorxardım cindən zaddan ola, məni tuta.

Divim küçənin dibinə dönən yerdə oturardı. Beli əyri idi, ona görə mən də əvvəllər elə bilərdim o, bir suvaq divardır ki, qar-yağışda su çəkib, əyilibdir. Yekə bir div olduğunu sonra bildim. Beli əyilib, orda oturubdur. Hərdən də siqaret çəkərdi; mən başını görməzdim, amma siqaret çəkəndə tüstüsünü görərdim. Bir gün qarğama göstərəndə “Qaç get baba, ora qonşunun durbasının tüstüsüdür” demişdi. Amma mən o qədər dedim ki, sonunda divim də dilə gəlib qarğama “Düz deyir də” dedi. Beləliklə o vaxtdan üçümüz dost olduq. O siqaret çəkəndə danışmazdı, qarğamın sözlərinə qulaq asardı. Qarğanın gövdəsi yox idi, yalnız dəmir kəllə idi; atam onu mənə vermişdi. Hər vaxt onunla birgə pillələrimizin başında oturub göydə uçan qarğalara baxardıq, qarğam uçmaq istəyərdi. Divim, orada oturmaqdan yorulub bezmişdi. O da yürüyüb getmək istəyirdi. Bir gün qarğam danışanda mən də divimin belində bir rəsm çəkmişdim. Mən, divim, qarğam; üçümüz də uçurduq.

Mən evimizin qarşısındakı məktəbdə dərs oxuyurdum. Bizim küçə əvvəllər qəbiristan imiş deyirdilər. Səhərlər mən dərsə gedəndə qarğam yatardı. Divimin gövdəsini tumarlayıb gedərdim. Bir gün kankanlar ilə fəhlələr gəlmişdilər, küçəni qazırdılar. Biz səyahət zəngi həyətə çıxanda pəncərələrdən eşiyə baxırdıq. Hər yer sümük və saxsı qırıqları ilə dolu idi. Qazanlar, ölülərin sümüklərini çıxardarkən bizə göstərib gülürdülər. Uşaqların çoxu qorxurdular. Amma sevinə-sevinə “kankanlar köhnə evləri də sökəcəklər” deyirdilər. Mən də sevindim. “Axı onda qorxmalı cinlər də qorxub qaçardılar, daha məni tutub aparıb yeyərlər” deyə qorxmazdım.

 

Naharda evə döndüyümdə ağzım açıla qaldı; küçənin dibinədək hər yeri sökmüşdülər! Ağaclar hələ ayaqda idilər. Divim də orada deyildi! Görəsən mənə deməmiş hara getmişdi?! Fəhlələr savaşsalar da, hər yerə baş çəkib baxdım. Yalnız bir-iki saxsı kuzə ilə bir-iki sür-sümük var idi. Rəsmimin tikə-parçaları o yan-bu yanda idi: qarğamın qanadları, divimin gözləri, damağında siqareti... Görəsən sovaq köynəyi nədən cırılmışdı? Yəqin qanad çıxardanda belə olmuşdu. Siqaretinin kötüyünü tapıb evə apardım. Anam “o durbanı at eşiyə üstün boyanar, qoduq istəyən atana lənət...” dedi.

Divim, mənə pay verdiyi siqareti qax tabaqlarının altında gizlədib, qaçıb qarğama “div qanad çıxardıb, uçub gedib” dedim. Qarğam qar-qar qarıldayıb qanad çıxardıb uçmaq istədi. Amma nə təhər qanad çıxartmağın yolunu bilmirdik. Qarğam çox ağladı. Mən də üzülüb ağladım – divimi özləmişdim. Qarğam da uçsa, mən təkinə darıxacağam, uçmasa da özü darıxacaq!

Nə edəcəyimi çox düşündüm. Nə iş əlimdən gələrdi? Qarğanı da divim gəlib apara deyə, divimin gündəki oturduğu yerə qoymaq istədim. Qax anbarının dib bucağında gizlətmək də fikrimə gəldi – bəlkə daha göyə baxıb qarğaların uçuşunu görüb havalanmasın! Bala-bala uçmaq duyğusunu unutsun! Amma ürəyimdən gəlmədi. Sonunda cümə axşamı anam halva bişirəndə nərdivanı damın qırağına qoyub, tabaqların altından divimin siqaret kötüyünü götürdüm. Bir əlimdə qarğam, o biri əlimdə divimin siqaretini götürüb qorxa-qorxa dama çıxdım. Qarğam da qorxurdu. “Qorxma, mən səninlə divimi çox sevirəm, özün bunu bilirsən də” deyib onu bağrıma basıb öpdüm. “Sən damda olsan, qarğalar gəlib səni apara bilərlər!” dediyimdə ürəklənib ağladım. Qarğam susmuşdu. Göz yaşlarımı silib: “Bəlkə də divimiz siqaret çəkmək istəyəndə gəlib səni burada görüb sənə də uçmaq öyrətdi” dedim.

Siqareti də, qarğamı da dama qoydum, arxama baxmadan yerə endim.

Gələn cümə axşamınadək ürəyim sıxılırdı. Nə olardı, mənim də qanadım olaydı?! Cümə axşamı qorxa-qorxa nərdivanı gətirib dama çıxdım. Həm anam görsə tutub tapdalayacaq, həm də nərdivandan düşəcəyimdən qorxurdum! Qarğam göyə baxa-baxa qalmışdı, mənə baxmırdı. Bir az qarğama, bir az da göydəki quşlara baxıb yavaş-yavaş qarğama doğru yeridim.

Mütləq özünü yer ilə göyün arasında görsəydi, qanad açıb uçardı. Qarğamın arxasına çatdım, birdən itələyib yerə saldım – gözlərimi də yumub əllərimi qulaqlarıma qoydum! Heç bir səsi eşitməyimi istəmirdim. Bir azdan sonra gözlərimi açıb əllərimi aşağı salıb, göyə baxmadan nərdivana doğru yeridim. Mütləq qarğamı uçarkən görsəydim, darıxmaqdan ölərdim.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

 

 

 

 

 

 

 

 

Murad Vəlixanov,   “Ədəbiyyat və İncəsənət” 

 

Bir insan haqqında danışmaq istəyirəm. O şəxs ki, onun şərəfinə iki dəfə film çəkilmişdir, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan baş çavuşu, Birinci Qarabağ müharibəsinin iştirakçısı və Azərbaycanın Milli Qəhrəmanıdır. Bəli, söhbət İbad Hüseynovdan gedir. 

 

 İbad Mövsüm oğlu Hüseynov 1970-ci ildə Xocavənd rayonunda anadan olmuşdur.  Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman İbad Hüseynov Rusiyanın Amur vilayətində yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlilərinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Nəticədə rəhbərlik İbad Hüseynovu və aclıq aksiyasında iştirak edən bir neçə nəfər əsgər yoldaşını 4 ay öncədən təxris edir.

 

Başlanğıc

İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır. Ermənilər terror qrupları yaradırlar. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.

Ermənilərdə regionda yerləşən sovet ordusundan qalma və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texnika vardı. Bütün Qarabağ əhalisində olduğu kimi Xocavənd rayonu əhalisinin də müdafiə üçün silah-sursatının olmadığını nəzərə alaraq, İbad Hüseynov "kəşfiyyat–diversiya dəstəsi" yaradır və ermənilər tərəfə keçərək, onları məhv etməyə başlayır. Ermənilərin çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirir.

 

Yaralanması

26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başa, ələ və ayaqlara girir və Hüseynov komaya düşür. 28 günlük komadan sonra xilasa heç bir ümid qalmamışdı. Moskvadan gəlmiş məşhur cərrah onun çıxılmaz vəziyyətini görüb, heç nəyə zəmanət vermədiyini açıqlayır. Kəlləni yardıqda, beyin və bədənin normal funksionallığını saxlamağa imkan verməyən çoxlu daxili qanaxmanı aşkar edir. Həkim hematomanı ləğv edir və İbad xilas edilir.

İllərlə qoltuq ağaclarında gəzməli olur və xəstəxanalarda müalicə alır. Sağ ayağı və sağ qolu uzun zaman hərəkətsiz qalır. İbad Hüseynov uşaqlıqdan idmanla məşğul olduğu üçün bədəninin güclü müqaviməti və dözümlülüyü səbəbinə öz sağlamlığına tezliklə qayıdır.

Hospitaldan çıxdıqdan dərhal sonra o, cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır.

 

Təltif və mükafatları

• 9 oktyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir.

• 2015-ci ildə Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi tərəfindən təsis edilən "Şərəf" medalı Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş Təhsil naziri və uzun illər millət vəkili olmuş Hasan Calal Gözəl tərəfindən İbad Hüseynova təqdim edilir.

• 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən "General Səməd Bəy Mehmandarov" adına medulla təltif edilir.

• 2018-ci il aprel ayında İbad Hüseynov Türkiyənin Adana şəhərində keçirilən "Dünya Avşarlar" qurultayında "Dünya Avşarlar Dərnəyinin" təsis etdiyi "Üstün Cəsarət" medalına layiq görülür. Medal Böyük Şəhər Bələdiyyəsinin rəhbəri tərəfindən qəhrəmana təqdim edilir.

• 2020-ci ildə o, "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilir.

• 2020-ci il dekabr ayının 9-da İbad Hüseynova Prezident İlham Əliyev tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.

• 2022-ci ildə " qəhrəman Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif olunur.

• 2024-cü ildə ona Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı verilir.

 

Və sonda onu da qeyd edim ki, 2024-cü ilin 17 oktyabr tarixində Türkiyənin Afyonkarahisar vilayətində bir mərkəzi prospektə "Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov prospekti” adı verilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.