“Rəsmlərdən uçan divim…” – MƏHDİYƏ PAYDAR Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Məhdiyə Paydarın hekayəsi təqdim ediləcək.

Son iki ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 

 

Mənim ağ divimi mən ilə qara qarğamdan sonra kimsə görə bilməzdi. Mən ilə qarğam gedərik onunla oturub danışardıq. Qarğam çox sevərdi uçsun, amma uça bilməzdi. Divim yekəpər olsa da bir az qorxaq idi. Küçəmizin dibində bir köhnə dam var idi. Yekə bir həyət idi, üç-dörd ağacla. Dibdə də bir-iki otağı var idi. Mənim o cür yerdən çox xoşum gələrdi. Amma qorxardım gedəm baş çəkəm. Qorxardım cindən zaddan ola, məni tuta.

Divim küçənin dibinə dönən yerdə oturardı. Beli əyri idi, ona görə mən də əvvəllər elə bilərdim o, bir suvaq divardır ki, qar-yağışda su çəkib, əyilibdir. Yekə bir div olduğunu sonra bildim. Beli əyilib, orda oturubdur. Hərdən də siqaret çəkərdi; mən başını görməzdim, amma siqaret çəkəndə tüstüsünü görərdim. Bir gün qarğama göstərəndə “Qaç get baba, ora qonşunun durbasının tüstüsüdür” demişdi. Amma mən o qədər dedim ki, sonunda divim də dilə gəlib qarğama “Düz deyir də” dedi. Beləliklə o vaxtdan üçümüz dost olduq. O siqaret çəkəndə danışmazdı, qarğamın sözlərinə qulaq asardı. Qarğanın gövdəsi yox idi, yalnız dəmir kəllə idi; atam onu mənə vermişdi. Hər vaxt onunla birgə pillələrimizin başında oturub göydə uçan qarğalara baxardıq, qarğam uçmaq istəyərdi. Divim, orada oturmaqdan yorulub bezmişdi. O da yürüyüb getmək istəyirdi. Bir gün qarğam danışanda mən də divimin belində bir rəsm çəkmişdim. Mən, divim, qarğam; üçümüz də uçurduq.

Mən evimizin qarşısındakı məktəbdə dərs oxuyurdum. Bizim küçə əvvəllər qəbiristan imiş deyirdilər. Səhərlər mən dərsə gedəndə qarğam yatardı. Divimin gövdəsini tumarlayıb gedərdim. Bir gün kankanlar ilə fəhlələr gəlmişdilər, küçəni qazırdılar. Biz səyahət zəngi həyətə çıxanda pəncərələrdən eşiyə baxırdıq. Hər yer sümük və saxsı qırıqları ilə dolu idi. Qazanlar, ölülərin sümüklərini çıxardarkən bizə göstərib gülürdülər. Uşaqların çoxu qorxurdular. Amma sevinə-sevinə “kankanlar köhnə evləri də sökəcəklər” deyirdilər. Mən də sevindim. “Axı onda qorxmalı cinlər də qorxub qaçardılar, daha məni tutub aparıb yeyərlər” deyə qorxmazdım.

 

Naharda evə döndüyümdə ağzım açıla qaldı; küçənin dibinədək hər yeri sökmüşdülər! Ağaclar hələ ayaqda idilər. Divim də orada deyildi! Görəsən mənə deməmiş hara getmişdi?! Fəhlələr savaşsalar da, hər yerə baş çəkib baxdım. Yalnız bir-iki saxsı kuzə ilə bir-iki sür-sümük var idi. Rəsmimin tikə-parçaları o yan-bu yanda idi: qarğamın qanadları, divimin gözləri, damağında siqareti... Görəsən sovaq köynəyi nədən cırılmışdı? Yəqin qanad çıxardanda belə olmuşdu. Siqaretinin kötüyünü tapıb evə apardım. Anam “o durbanı at eşiyə üstün boyanar, qoduq istəyən atana lənət...” dedi.

Divim, mənə pay verdiyi siqareti qax tabaqlarının altında gizlədib, qaçıb qarğama “div qanad çıxardıb, uçub gedib” dedim. Qarğam qar-qar qarıldayıb qanad çıxardıb uçmaq istədi. Amma nə təhər qanad çıxartmağın yolunu bilmirdik. Qarğam çox ağladı. Mən də üzülüb ağladım – divimi özləmişdim. Qarğam da uçsa, mən təkinə darıxacağam, uçmasa da özü darıxacaq!

Nə edəcəyimi çox düşündüm. Nə iş əlimdən gələrdi? Qarğanı da divim gəlib apara deyə, divimin gündəki oturduğu yerə qoymaq istədim. Qax anbarının dib bucağında gizlətmək də fikrimə gəldi – bəlkə daha göyə baxıb qarğaların uçuşunu görüb havalanmasın! Bala-bala uçmaq duyğusunu unutsun! Amma ürəyimdən gəlmədi. Sonunda cümə axşamı anam halva bişirəndə nərdivanı damın qırağına qoyub, tabaqların altından divimin siqaret kötüyünü götürdüm. Bir əlimdə qarğam, o biri əlimdə divimin siqaretini götürüb qorxa-qorxa dama çıxdım. Qarğam da qorxurdu. “Qorxma, mən səninlə divimi çox sevirəm, özün bunu bilirsən də” deyib onu bağrıma basıb öpdüm. “Sən damda olsan, qarğalar gəlib səni apara bilərlər!” dediyimdə ürəklənib ağladım. Qarğam susmuşdu. Göz yaşlarımı silib: “Bəlkə də divimiz siqaret çəkmək istəyəndə gəlib səni burada görüb sənə də uçmaq öyrətdi” dedim.

Siqareti də, qarğamı da dama qoydum, arxama baxmadan yerə endim.

Gələn cümə axşamınadək ürəyim sıxılırdı. Nə olardı, mənim də qanadım olaydı?! Cümə axşamı qorxa-qorxa nərdivanı gətirib dama çıxdım. Həm anam görsə tutub tapdalayacaq, həm də nərdivandan düşəcəyimdən qorxurdum! Qarğam göyə baxa-baxa qalmışdı, mənə baxmırdı. Bir az qarğama, bir az da göydəki quşlara baxıb yavaş-yavaş qarğama doğru yeridim.

Mütləq özünü yer ilə göyün arasında görsəydi, qanad açıb uçardı. Qarğamın arxasına çatdım, birdən itələyib yerə saldım – gözlərimi də yumub əllərimi qulaqlarıma qoydum! Heç bir səsi eşitməyimi istəmirdim. Bir azdan sonra gözlərimi açıb əllərimi aşağı salıb, göyə baxmadan nərdivana doğru yeridim. Mütləq qarğamı uçarkən görsəydim, darıxmaqdan ölərdim.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.