İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət portalının Cənub təmsilçisi
(Ədəbiyyat və incəsənət sahəsində etika dəyərlərinə sayğı ilə yanaşanlara ithaf olunur!)
Ədəbiyyat və incəsənət bəşər övladının ən dəyərli və qiymətli məşğuliyyət sahələrindən sayılır. Hər iki sahə sözün həqiqi mənasında maraqlı, dəyərli və mənə görə, müəyyən baxımdan müqəddəsdir. Bunlar insanoğluna xas olan sahələr olmaqla yanaşı, həm də tarix boyu bir sıra ciddi problemlər və bəzən qeyri-etik olaylarla üzləşmişdir. Çünki hər iki sahənin bir sıra zəif yerləri vardır. Əsas problemlər, münaqişə, qarşıdurma və bəzən də fiziki toqquşma və fəsadlar bir çox hallarda həmin zəif yerlərdən qaynaqlanır.
Ədəbiyyat və incəsənət sahəsində satira, yumor, ironiya və həcv kimi mövzular həm bədii ədəbiyyat nümunələrində, həm də kinoda, teatrda yer alır, ədəbiyyatşünaslıq və sənətşünaslıqda isə bunların hər biri haqqında müəyyən təriflər və qaydalardan bəhs olunur. Hər bir mövzu ilə yaxından məşğul olan və bu sahədə müsbət və ya mənfi anlamda yaradıcılıqla məşğul olanlar da kifayət qədərdir..
Terminlərin izahı:
Burada hər şeydən öncə həmin terminlərin mənası ilə ümumi formada tanış oluruq:
Satira: Latın sözü olub terminologiyada müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Satira bədii gülüşün bir növü sayılır. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Məlumat üçün qeyd etmək lazımdır ki, XIX əsr Azərbaycan satirik ədəbiyyatının qızıl dövrü sayılır. Q.B.Zakir, S.Ə.Şirvani və M.Ə.Sabir satirik poeziyanın böyük ustaları kimi tanınırlar.
Yumor: Həyatdakı gülünc, komik hadisələri, insanların zəif cəhətlərini və nöqsanlarını əks etdirən, gülüş doğuran əsərlər; ədəbiyyatda tərbiyəvi əhəmiyyət daşıyan tənqidi gülüşün bir növündən ibarətdir. Yumor ironiya ilə müqayisədə daha sərt münasibət sayılır. Yumora dost gülüşü də deyilir və qəzetlərdəki satirik səhifələrdə xüsusi rubrika kimi aparılır. Lətifə isə onun mühüm formalarından biridir.
İroniya: Qədim yunan dilində "bəhanə", "ikiüzlülük" və "lağlağı" kimi izah edilir. Burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir. İroniya həm də deyilən sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: "Sən igidsən!", "Ağıllı-kamallısan…" - deməklə burada müsbət fikirlər mənfi məna daşıyır. İroniya bir yazıçının təsvir etdiyi adamlara və hadisələrə tənqidi münasibətinin ən zərif formasıdır. (Hər üç termin barədə ətraflı məlumat üçün bax: "Ədəbiyyat nəzəriyyəsi", Rəhim Əliyev, səh: 257-259. Mütərcim, Bakı, 2008).
Həcv: Ərəb sözü olub, lüğətdə ələ salmaq, istehza, məzəmmət və təhqir etmək, alçaldıcı tənqid, söyüş söymək, aşağılamaq, müəyyən bir şəxsin eyblərini sadalamaq və alçaltmaq kimi mənalarla izah edilir. Həcv satiranın şəxsi məzmun daşıyan və ancaq şeirlə yazılan bir növüdür. Həcvdə müəllif öz şəxsi düşmənini ifşa edir və adətən söyüşlərdən də istifadəyə əl atır. Ədəbiyyat tarixində belə şeirlərin ən məşhur nümunələri şairlərin bir-birinə yazdıqları həcvlərdir.
Bu termin müəyyən bir şəxsə, ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı yönəldilmiş istehzalı, kəskin, acı və kinayəli yazı kimi də izah edilmişdir. (Bax: "Azərbaycan dilinin izahlı lüğəti", 2/351. Şərq-Qərb, Bakı, 2006).
"Aşıq şeirinin poetik biçimləri və çeşidləri" kitabında bununla bağlı belə yazılır: "Klassik sənət ənənəsinə görə şair və aşıqlar özlərinin sənət və şəxsiyyətlərinə təhqiramiz münasibət hiss etdikləri zaman həmin hadisəyə və hadisənin səbəbkarına ünvanlanmış vulqar sözlərlə dolu şeir qoşurlar ki, bu da "həcv" adlanır. Həcvlərdə etik çərçivə gözlənilmədiyindən həcv qoşan aşıq və ya şair qarşı tərəfi aşağılamaq üçün vulqar ifadələrdən, söyüş və təhqirlərdən istifadə etməkdən də çəkinmir.
Həcv istər divan ədəbiyyatının, istərsə də xalq ədəbiyyatının ən müxtəlif şeir şəkillərində ola bilər. Aşıqlar həcv qoşarkən daha çox qoşma şəkilindən istifadə edirlər. Ustad sənətkarların yaradıcılığında nadir hallarda müraciət olunan həcvlər fərdi-qərəzkar səciyyə daşıdığından bu qəbildən olan mətnlər toy-düyün məclislərində, el-ailə içərisində söylənilməsi məqbul sayılmır". (Bax: "Aşıq şeirinin poetik biçimləri və çeşidləri", Məhərrəm Qasımlı, Mahmud Allahmanlı, səh: 131. Elm və təhsil, Bakı, 2018).
Subyektiv baxış:
İstər incəsənət, istərsə də ədəbiyyatda satira, yumor və ironiyadan istifadə etmək tam mənada yasaqlana bilməz. Ümumiyyətlə, bunları birbaşa həmin sahələrin zəif nöqtəsi kimi təqdim etmək də doğru yanaşma deyil. Sadəcə həmin sahələrə necə və hansı formada yanaşma önəmlidir. Təbii ki, bunların hər biri üçün mövcud qanunlar, xüsusilə də ağıl, etika və vicdanın tələbləri əsasında müəyyən çərçivə təyin edilməli və yalnız müəyyən edilmiş çərçivə əsasında addım atmaq lazımdır.
Mövcud qanunvericilik baxımından vətəndaşların şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddələr yer almış, dövlət və hökumət bu qanunların icrası ilə bağlı xüsusi məsuliyyəti öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində bununla bağlı belə yazılır:
"I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz..."
Nəticə etibarı ilə ədəbiyyat və incəsənət bütün özəllikləri və gözəllikləri ilə yanaşı heç bir halda heç bir insanın şərəf və ləyaqətini alçaltmağa vəsilə olmamalıdır. Bu qanunları pozan şəxslər üçün Cinayət Məcəlləsində xüsusi cəza tədbirləri də nəzərdə tutulmuşdur. Lakin həyatda məsuliyyətsiz olan bəzi nalayiq adamlar adətən qanun və cəzadan yayınmaq, xüsusilə də söz və tənqidlərini birbaşa və ünvanlı şəkildə deməkdən qorxduqları üçün bu kimi sahələrə baş vurur və beləliklə də heç bir ad çəkmədən kimisə qarşısına hədəf qoyaraq "həcv" adı altında nalayiq, əxlaqsız və tərbiyəsiz yazıları ilə çıxış etməklə, əslində, iç aləmindəki paxıllıq, məğlubiyyət və nakamlıq alovunu söndürməyə cəhd edirlər. Əlbəttə, bu arada həmin nalayiq işlərə imza atanları incələyib araşdırdıqda, belələrinin həqiqi yazıçı və şair olmadığı və sadəcə əlinə qələm alaraq özünü hörmətli yazıçılar və dəyərli şairlər sırasında gizlətdiyi bəlli olur. Belə bir nalayiq işə sifariş və xüsusi ödəniş qarşılığında əl atanların qəbahəti isə sözün həqiqi mənasında bu qısa yazıya sığmayacaq qədərdir.
İnsanoğlu ictimai bir varlıq olub, bu həyatda yalnız bir dəfə qonaq olduğu və müəyyən müddətdən sonra bu fani dünyanı tərk edib əbədiyyətə qovuşduğunu nəzərə alaraq öz davranışı, danışığı və yazılarında diqqətli olmalıdır. Qələm və incəsənətdən isə yalnız insani dəyərlər və ülvi hisləri yaşatmaq, insanlıq adına xidmət göstərmək üçün istifadə edilməlidir.
Hansısa bir səhnədə və ya yazıda təhqir, istehza və məzəmmət edilən, barəsində alçaldıcı təhqirlər və söyüşlərin istifadə edildiyi şəxsin yaxınları, əzizləri və sevənlərinin olduğu əsla unudulmamalıdır. Əslində mövcud olan haqsızlıq, əyrilik və yanlışlıqları xüsusi ustalıq, incəlik və məharətlə tənqid etmək, heç kimi təhqir etmədən fərqli və alternativ baxışı təqdim etmək mümkündür.
Ədəbiyyat, nəsr, şeir və poeziyada həcvə gəldikdə isə cinsi, dini, siyasi, ictimai və mədəni baxışından asılı olmayaraq heç bir insanı və heç bir toplumu təhqir etmək, alçaldıcı söyüşlər və təhqiramiz ifadələrlə aşağılamaq olmaz. Söyüş, təhqir, alçaltma, məsxərə və ələ salma kimi əməllər heç bir sahədə və heç bir halda icazəli sayılmır. Ümumiyyətlə, söyüş və təhqirin adətən söyüş və təhqirə yol açdığı və ciddi fəsadlar törətdiyini kimsə unutmamalıdır. Həm də məşhur deyimə əsasən, evi şüşədən olan kəs başqasının pəncərəsinə daş atmamalıdır.
Ədəbiyyat və incəsənət sahəsinə də bunlar deyil, insani dəyərlər, ədəb və etika hakim olmalıdır. Kimsə incəsənət və ədəbiyyatı, xüsusilə də müqəddəs sayılan qələmi belə iyrənc olaylara bulaşdırırsa, bu ilk növbədə həmin şəxsin zatən həyatda tərbiyəsiz və nalayiq, həm də bir küçə adamı olduğunun göstəricisidir. Bu baxımdan, həyatda bacarıqlı senarist, yazıçı, təhlilçi, tənqidçi, şair, rejissor, aktyor, alim və s. olmazdan öncə etikalı və mədəni bir insan olmaq lazımdır. Məncə ədəbiyyat və incəsənət sahələrini bərbad hala qoyan və onlarda zəif yer və ya yerlərə yol açan əsas məsələ də bu sahələrə daxil olan bəzi şəxslərin insani keyfiyyət, etika və mədəniyyət baxımından korluq çəkməsindən ibarətdir. Məhz belələri həmin sahəyə kölgə salır və onu ləkələyirlər.
Bir yazıçı və ya şair əlinə qələm alıb nəsə yazarkən yazdığının fərqində olmalı, yazdığı yazılarla insanların qəlbinə fərəh və ümid bəxş etməyi, onları zülmət və qaranlığa deyil, ziya və aydınlığa doğru sövq etməyi, həmçinin, onlara ülvi hisslərindən coşub-gələn ən gözəl fikirləri və milli-mənəvi dəyərləri aşılamağı hədəf almalıdır.
Əslində elə ədəbiyyat sahəsində müxtəlif şəxs və ya şəxslərə, siyasi-ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı etiraz və tənqidləri ad çəkmədən, eyni halda heç bir təhqir, söyüş və nalayiq ifadəyə yol vermədən etika və ədəb çərçivəsində dilə gətirmək və qələmə almaq mümkündür. Lakin əfsuslar olsun ki, özünü bu çərçivəyə sala bilməyən və əlinə qələm alaraq yalnız təhqir, söyüş, alçaldıcı, məzəmmət edici və bu digər bu qəbil söz və cümlələrə can atanlar həyatda nə qədər bacarıqlı və istedadlı qələm əhli (yazıçı, senarist, tənqidçi, təhlilçi, şair, nasir və s.) olsalar belə qələmi etikasızlıq, tərbiyəsizlik və əxlaqsızlığa bulaşdırmış "qəhrəmanlar" sayılırlar. Belələri oxucuların zehni və yaddaşında ədəbiyyat və bədii yaradıcılıq sahəsində istedadlı ədiblər kimi deyil, əsasən tərbiyəsiz və etikasız adamlar kimi qalırlar. Öz etikasızlığı və tərbiyəsizliyinin nəticəsində qalanmış odun tüstüsündən boğulan və odunda yananlar da hər kəsdən öncə elə onların özləri olur.
Hər halda qanuni məsuliyyətdən boyun qaçıraraq öz əxlaqsızlığı və tərbiyəsizliyini həcv və satira adı altında nümayiş etdirənlər üçün xüsusi cəza tədbirlərinin hazırlanması bir zərurətdir. Bununla bağlı Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi nəzdində xüsusi bir monitorinq mərkəzinin təsis edilməsi və beləliklə də qələm, ədəbiyyat və incəsənət adına ləkə yaxan bu qəbil nalayiq adamların aşkarlanması və cəzalanmasını təklif etmək olar. Bəlkə də belələri üçün onların müxtəlif mədəni, ədəbi və ictimai statuslardan və eləcə də fəxri adlardan məhrum edilməsi və mərhələli şəkildə ədəbiyyat və incəsənət sahələrindən uzaqlaşdırılması ən ağır cəza kimi ən gözəl və yetərli olardı...
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)