“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərlə görüşən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Filologiya ixtisası üzrə II kurs tələbəsi, Gənc yazarlar və ədəbiyyatşünaslar klubunun üzvü Firuzə Quliyevadır.
Bu dəfə mövzu ədəbi tənqiddir.
Rahil Tahirlinin şeirləri insanı öz aynasından baxmağa sövq edir. Qəlb dünyasına səyahətə çıxarır. “ Aynadakı adam” şeirlər kitabı sadəcə kitab deyil. Könlümüzdən keçən arzular, xəyallar və həyatımızdır.
Rahil Tahirlinin “Xoşbəxtlik əlimdə sabun kimiymiş” şeirinin təhlilinə nəzər saldıqda lirik qəhrəman ümidsiz olduğunu görürük. ”Yüz bir” ifadəsi onu göstərir ki, sanki artıq heç nə dəyişməyəcək, heç bir gözlənti qalmayıb. “Sən saydığını say, gör fələk nə sayır” ifadəsini işlətsək düzgün olar. Bəxtin ilan kimi çalması obrazı həyatdakı ağrılı təcrübələri, gözlənilməz və zərərverici hadisələr yaşadığını göstərir.
Lirik qəhrəman bəxtin həm “ağ”, həm də “qara” tərəfinə lənət oxuyur, çünki hər iki halda son nəticə dəyişmir — acı, ağrıdan başqa heçnə qalmır. Dünyanın ədalətsizliyindən şikayət var. Dünya heç bir dəfə güzəştə getməyib, yəni heç bir mərhəmət göstərməyib. Öz günahlarını gizlədib, lakin buna baxmayaraq, daim cəzalanıb. “Şillə” yediyini deyir. Hər zaman etdiyi yaxşılıqlara görə günahkar seçilib. ”Öyrəşdim” və “gözlədim” sözləri isə bu ağrının artıq norma halına gəldiyini göstərir. Bu da həyat qarşısında çarəsiz olmağın göstəricisidir. “Qismət” – yəni bir fürsət gəlsə də, bu da qalıcı olmur. “Ayaqüstü görüş” ifadəsi bu fürsətin ötəri, dəyərsiz və tələsik olduğunu bildirir. O da sevdiklərimiz kimi uçub gedir əlimizdən. Heçnə daim bizimlə qalmır. Sonda insanın nə qədər çalışsa da, sevdiyi heç nəyi saxlaya bilmədiyi, onun əlindən çıxıb getdiyi göstərilib. Sadəcə lirik qəhrəman yox, bəzən bizlər də həyatla, yaşadıqlarımızla barışmalı oluruq. Bu ifadələr həyata təslimiyyətdir. Sabun kimi sürüşkən, nəzarətsizdir. Bərk sıxmaq belə çarə etmir. Ovcunda kəpənək tutduğunu düşün. Çox sıxsan ölər, boş tutsan uçub gedər. Hər şey yerində və qədərində olmalıdır. Rahil Tahirli sadə, lakin təsirli obrazlarla insanın həyatla mübarizəsini ifadə edib. Şeirdəki hər bir bənd lirik qəhrəmanın həyatın ağırlığı altında necə əzildiyini göstərir və ən böyük mesaj budur: Bəzən ən çox istədiyin qorumağa çalışdığın anda da əlindən çıxıb gedə bilər. İnsan həyatının mənası çox zaman hər şeyin axtarışında gizlənir. Hər kəs bu duyğunu fərqli şəkildə hiss edir və müxtəlif yollarla ona çatmağa çalışır. Bəziləri üçün hər şey bir anlıq gülümsəmə, digərləri üçün isə uzun illərin rahatlığıdır. Bəzi duyğular vardır ki, nə qədər istəsək də, onları zorla saxlamaq mümkün olmur. İnsan bəxtə, taleyə nə qədər inanırsa inansın, həyat həmişə gözlənildiyi kimi getmir. Ümidlər, arzular, planlar bəzən bir anda çökə bilir. Həyatın bu qarışıqlığında özünü təslim edirsən bəzən. Lirik qəhrəmanın şeirləri özünə, özü isə şeirlərə təslim oldugu kimi...
“ Yaşayıram...
Ruhum bir edam havasına yaşayan kimi.” Pisi və yaxşısı ilə bu həyat davam edir. Amma ” Biz şairlərə isə sadəcə şeirdə hissləri yaşamaq qalır.” Belə deyir Firuzə Quliyeva.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)