
Super User
“Necə şəkər qatım həsrətinə?” - OXUCULARIMIZIN YARADICILIĞInda naxçıvanlı tələbə Firuzə Quliyeva
“Ədəbiyyat və incəsənət” portalı Oxucularımızın yaradıcılığı rubrikasında bu dəfə sizlərə Firuzə Quliyevanın şeirlərini təqdim edir. Firuzə Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin Filologiya ixtisası üzrə II kurs tələbəsidir. Həmişəki təkrarlama: nəzərə alaq ki, bunlar ilk qələm təcrübələridir. Amma biz Firuzənin poeziyasında heç kəsə bənzəməmək ritmini çox bəyəndik.
Sən nəyimsən?
Əllərim qəlbimdə gəzir...
Susayıb qara gözlərinə
Gülün susadığı kimi.
Son səsin işləyib qəlbimə,
Uzaq ölkələrə çıxıram səfərə.
Şəklin gözümün önündə
Yaşıllarımda dolaşır.
Gözün kimi bax uşaqlığıma,
Qoru onu yad doğmalardan
İnsan saydıqlarımdan.
Mehman ol qəlb otağıma
Ac qalmışam qucağına
Bahar qoxulu yurd-yuvama.
Sən nəyimsən?
Dodaqlarımda batmayan günəş?
Parıldayan aylı gecəm?
Tanrım qədər sevdiyim?
Ey doğma insan!
Musiqim sən, yaram sən,
Min bir dərdə davam sən.
Ey bəxtsiz kədərim!
Qabırğanla yandırdığın can ocağımı tik!
Bir ovuc torpaqlıq canıma and iç!
Sənin şəklini məndən qoparır
Kövrək dənizin qızarmış dalğası.
Günəşin telləri ilə ayaq açır
Ruzigarın portağal qoxusuna.
Yavan sevda küllərini
Şeirlərimin misrasına tökürəm,
Dağların qoynuna köçürəm.
Möhür vurulmuş qəlbimə nə etmək?!
Əzəldən əllərin əlimə divar hörüb
Baxışım qapında toxunulmaz alma...
Çalmasın başımda dərdsiz musiqi
Qoca dünya ilə savaşım,
Eyni yurd, bir cüt yad gözə nifrətim bitsin.
Qorxularımı azad etdim
Yansın budağımdakı yasəmənimlə.
Qürbətdə gözü yol çəkir gönlümün,
Məktublarımın canı parçalanır
Dözülməz başısoyuq məhbəsdə.
Mən görərəm əslimi güzgüsüz,
Təki əksim mən, surətim sən qalsın!
Gəlməyin gülüşümün zirvəsinə qar gətirdi
Zəhər dadıram hər sözündə
Necə şəkər qatım həsrətinə?
Hansı tərəfə dönüm, İlahi!?
Yastığımın nəmini külək sovursun.
Qəlbimin hansı nöqtəsinə ağı deyim?
Nidayla dolu nifrət bəsləyim?
Gecələr yuxunda laylamı oxuyum?
Qızılgülün içində yatasan
Sevgi mülkündən birdəfəlik qopasan.
Gözlərimə olan susuzluğun
Boş stəkana ümidindən damır.
Sinoptikdən aldığım soraq
Gəldiyin günə yozdurur.
Gövdəsi tumurcuq bağçası çiçəyin
Köksündə neçə qəlpə izi var.
Canımı parə-parə
Çarmaxda mələklərə ehsan verirəm.
***
İki qaşının arasındakı məsafənin
Qırışları bağlayır gecə ilə gündüzü.
İki heca söz qalır dillərdə dastan...
İlahi! Görəsən düşünürmü məni.
Dəsmalındakı həsrət baharının
Ürəyimdə damğa izi var.
Çəpərlərini çeynəyib qaçmır mənzilinə
Dilsiz quyunu ev bilirmiş özünə.
Bağçam fırtına xəncəri ilə boyalı
Küllərindən doğulan kədər dəmində.
İç! Qansız şərabını sorğusuz.
Ləzzətlə mənim sağlığıma iç!
Gizləyir qəlbim qəlbini gözlərimdə,
Sorğulama! İtirəm sözlərində.
Neçə çinarlar əkirəm çatlaq əllərimə.
İki ayrı məbədin məhəbbət toru
Kirpiklərin qovşağında qovuşar bəlkə.
***
Ah qəlb!
Olum ya ölüm?
Yoxsa tək sual?
Göz yaşı əl tutmur hisslərə
Bəlkə kirpiklər çətir olar dərdlərə.
Yoxsa yağış damlaları gizlər hissləri
Qəlb unudarmı bəs olub keçənləri?
Balaca şzahzadə qədər sevərsən gülünü,
İnanarsan yoxdur onun qədəri.
Ulduzlarla tay tutarsan tək tikanını
Qəlb yaralayan, uzanan ümmanını.
Ah axmaqlıq!
Tək rəsm tablosu boyanır bəyəm?
Gözlər boyanmazı yalana?
İnanmazmı olmazlara?
Ya olmayacaq xəyallara dalmazmı?
Dəlicə qanad açmazmı səmaya?
Çox cavab gizlənir suallar arxasına!
Ölüm dərman olur oluma!
Bax cavab çıxdı ortaya...
***
İş Tahir və Zöhrədə deyil
Ruhu bədəndən qoparıb atmaqda
Səssiz çöllərin dərinliklərinə.
Bir daha adını anmağa
Tövbə etmək istəmsizcə.
İki gözümün ağrısı işlədikcə qəlbimə,
Kök salsam məbədin ayaqlarına
Yalvarmaq əllərimdən axar gedər
Başqa sevdaları diri tutmağa.
İçimə işləyən əllərin boğur məni,
Yuxularıma çökür haqsızca.
Ənbər qoxan ağzımın tamı
Qana susayan zəhəri dadır.
***
Gəl! Pərvanətək gəl!
Evimə qonaq gəl!
Qayğılarımı könlünə elə sıx ki
İncilər tökülüb nəm etməsin çatlaq dodaqlarımı,
Yetim uşaqtək boynubükük qalmasın.
Birlikdə gəzək cənnət bağını,
Sənsiz mənə qəlb evim cəhənnəm.
Çəkmə çinar gözlərini gözümdən
İcazə ver sulayım budaqlarını.
Hər saniyə şəklinə tamaşa edib də,
Çəkmirəm gözlərimi bəxt üzüyündən,
Güləcək dünya yazdıqlarıma
Anlamayacaq qəlb məbədimi...
Şahlar əmr edəcək, fərman yazacaq,
Asacaq boynumdan kəndir ipini
İp təsəlli edərmi
Qandallı taleyimi?
Ruh məskənim!
Biz səninlə “Adəm və Həvva” deyilik.
Biz səninlə Yusif və Züleyxayıq
Kədər yollarında...
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
İnsanın insanı müşahidəsi: maraq, yoxsa ehtiyac? – “The Truman show”nun öyrətdikləri
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Müşahidə qavramı həyatımızın, demək olar ki, hər anında vardır. Çağımızda hər şey dəyişir, özümüz də... Təbii, səhvlərimiz də, vərdişlərimiz də...
Uşaqkən bizə deyirdilər: “Ayıb etməyin, etsəniz də, ayıbınızı çöllərə salmayın!” İndi hamı ayıb edir... Məşhur “Cinayəti yazan qadın” serialında Angela Lensberi`nin canlandırdığı qəhrəman deyirdi: “Hamımızın demək istəmədiyimiz əməllərimiz var....” Yəni ayıb edəni qınamaq fikrində deyiləm. Sadəcə, heyrətimi dilə gətirmək istəyirəm. Ayıb etmək təbiidir, amma indi elə dövrə gəlib çıxmışıq ki, insanlar ayıbından utanmır, onunla fəxr edirlər.
Bəlkə də, mənə qəribə gələn, anlaya bilmədiyim bu fəxarətin bir səbəbi elə müşahidə qavramıdır. Modern insan müşahidə olunduğunun fərqindədir... İnsanların müşahidə edilməkdən qaçacaq yeri qalmamışdır. Texnologiya həyatımızın hər anına elə daxil olub ki, müşahidə qavramı birdən-birə, sanki minilliklərin başı üstündən sıçrayıb. Bu cür sürət, təbii, müşahidənin məqsədini də dəyişib.
Bəşər tarixinin ilkin mərhələsində də müşahidə vardı, lakin o vaxt insanlar bir-birlərinin nə etdiyindən xəbərdar olmaq, anlamaq, öyrənmək məqsədilə müşahidə aparırdılar. Zaman keçdikcə, insan şüuru inkişaf etdikcə, idraki qabiliyyətinin əhatəsi genişləndikcə müşahidə, həm də, nəzarətdə saxlamaq üçün vasitəyə çevrildi.
Və bir gün, internet gəldi bəşərin həyatına. İnsanların hər gün, hər an nizamlı olaraq müşahidə olunması prosesi belə başladı. Bu gün isə, müşahidə etməyimiz də, müşahidə olunmağımız da adiləşib. “Bəyənmə”, “tıklama”, “görüntüləmə”, “oxunma”, “mesajlaşma” eqomuzun təminatına çevrilib. “Status”umuz, “paylaşım”ımız nəzər cəlb etməyəndə, dərdə düşürük, stresslənirik. Bunlar vasitəsilə müşahidə olunduğumuz çox vaxt, ağlımızın ucundan belə, keçmir.
Bir mənada müasir cəmiyyəti “müşahidə cəmiyyəti” də adlandıra bilərik. Hələ 1785-ci ildə ingilis filosof Ceremi Bentham ( Jeremy Bentham) panoptikon modelindən danışırdı. “Pan”-“bütün”, “opticon”-“müşahidə etmək” sözlərindən əmələ gələn qavramın izahı belədir: “Bütünü müşahidə etmək”. Bentham bu modeli həbsxanalarda tətbiq etməyi irəli sürmüşdü. Həmdövrləri filosofun nəzəriyyəsini utopiya adlandırmaqda gecikmədilər. Amma zaman elə gəldi ki, artıq biz panoptikon cəmiyyətin bir hissəsi olduq...
Hamımız hamımızı izləyirik-bunu könüllü şəkildə edirik. Və hamımız da könüllü şəkildə izlənirik. Qabaq izləyən vicdanımız idi... Uşaqkən sinifdənxaric oxu saatında oxumuşduq Biləndərin “Allahın məni görmədiyi bir yer tapmadım” dediyi əhvalatı. İndi isə “kamera var, bunu etməyək...” deyir uşaqlar... Ac da olsaq, qonşunun əlimizə uzatdığı yaxmanı götürmürdük: “Evdə yeyib gəlmişik...” “Nə yemisən?” sualını verən az adam tapılırdı, o adamlar haqqında da heç yaxşı fikirləşmirdik. İndi harda nə yesək, çəkib paylaşırıq, hətta o yeməyin bizə neçəyə başa gəldiyini də bilir “bizi tanıyanlar”.
Müşahidə cəmiyyəti haqqında ən yaxşı filmdir “Trumanın şousu” (The Truman show”). 1998-ci ildə komedik dram janrında çəkilmiş film bir çox mütəxəssis tərəfindən cəmiyyətlərin analizi istiqamətində dərslik kimi qəbul edildi. Endryu Nikkolun ssenarisi əsasında Peter Veirin çəkdiyi film ABŞ-da 125 milyon dollardan çox, bütün dünyada 264 milyon dollardan çox gəlir gətirdi. Halbuki, büdcəsi, cəmi, 60 milyon dollar idi...
Cim Kerrinin canlandırdığı qəhrəman-Truman Burbank hamımızın prototipidir. Düzdür, biz doğulduğumuz andan etibarən müşahidə üçün seçilməmişik, amma bununla belə, zamanla könüllü olaraq müşahidə edilən obyektə çevrilirik... Bəlkə də, bu mənada Truman bizdən daha şanslıdır-ən azından, onun həyatının konkret anlamı və istiqaməti var...
Filmin ilk 20 dəqiqəsində rejissor və Cim Kerri bizə deyir: “Hər biriniz, həm də, yaxşı reklamçısınız!” Deyilmiyik? Əlbəttə, eləyik! Bizim ölkəmizdə bilmirəm, amma xarici ölkələrdə belə bir ənənə var: bir tiktoker (“bu da məsləkmi?” sualı ayrıca mövzudur) restorana gedir, sifariş verir, yeyir-içir, -təbii ki, açıq kameranın qarşısında,-sonda ofisianta kameranı göstərir və deyir: “Sizi pulsuz reklam edirəm, hesab ödəmirəm!” Məkan sahiblərinin, administratorların içərisində onlarla razılaşanlar da olur, razılaşmayıb, pulunu tələb edən də... Pul tələb edilən məkanın anti-reklamı o andan etibarən başlayır... Düzdür, reklamçılıqda “qara piar da şöhrətdir” inancı var, amma bəs vicdan? Bəs abır? Bəs ayıb?
“Trumanın şousu” ayıbsızlığın cəmiyyət tərəfindən qəbullanmasının anladılmasıdır bir az da. 30 illik həyatı 24 saat canlı yayımlanan Trumanın bundan xəbəri yoxdur. Anasının, atasının, arvadının, hətta aşiq olduğu qızın belə, aktyor olduğunu bilmir. Onun tanıdığı həyat elə budur-nizamlı, hər gün təkrarlanan... Hamı onu izləyir...
Corc Oruellin “Böyük qardaş səni izləyir!” şüarından fərqli olaraq, burada izlənən təkcə Truman, izləyən çoxluqdur...Uyğun cümlə qursaq, belə alınardı: “Truman, səni izləyirlər!” Oruell cəmiyyətin üzünə tüpürmək cəhdində idisə, bu film kül silələnmiş vedrəyə dönməliydi... Amma dönmədi! Hə, kül ələndi cəmiyyətin başına, sadəcə, insanlar bundan utanmadılar, əksinə, zövq aldılar, saçında küldən barmaq qoyası yer tapılmayan belə sevindirdi özünü: “Mən seçilmişəm!”, “Mən fərqliyəm!”
“Trumanın şousu” bizə həm də, televizor asılılığından danışır. 24 saat Trumanı izləyənlərin həyatı televizorun önündə keçir... Və tamaşaçı tərəddüd qarşısında qalır: izlənən daha şanslıdır, yoxsa izləyən? İzlənənin həyatı daha yaxşıdır, yoxsa izləyənin?
Filmdə paralel xətt sevgidir... Və biz burada da sevginin üsyankarlığının, boyunəyməzliyinin şahidi oluruq. Truman haqqındakı bu sözləri də Silviya işlədir: “O bir aktyor deyil! O bir məhkumdur!” Bəli, müşahidə cəmiyyətinin içində hamımız məhkumuq... Geyindiyimizi də, yediyimizi də, hətta salam verəcəyimiz insanları da cəmiyyətə görə seçiriksə, bizə “azad insan” demək olarmı? Yox...
Ola bilər ki, ilk insanları müşahidə etməyə maraq sövq etmişdi, lakin çağdaşlarımızı müşahidə etməyə və müşahidə olunmaqçün könüllülüyə məcbur edən özlərinin güzgüsünə çevrilə biıməmələri, bu güzgünü başqa yerlərdə/başqa insanlarda axtarmalarıdır. Klassik ədəbiyyatda aşiqin güzgüsü məşuqun gözləri idi... Bu istiqamətdən yanaşsaq belə, nəyinsə doğru olmadığını görürük... Tanıdıqlarımız bir yana, tanımadıqlarımıza-sosial şəbəkə dostlarımıza, bizi “follov” edənlərə aşiq olmağımız fizikən də, mənən də mümkünsüzdür. Eşq bu deyil axı... Demək, axtardığımız eşq də deyil...
Bəs ehtiyac duyduğumuz nədir? “Trumanın şousu” filminin əvvəlində filmdəki rejissor (Ed Harris) bizə deyir: “...Artıq aktyorları və bizə hiss etdirdikləri o saxta duyğuları izləməkdən bezdik. Ehtişamlı göstərilərdən və xüsusi effektlərdən yorulduq. İçində olduğumuz dünya bəzi yönləriylə saxta olsa da, Trumanın özündə süni heç nə yoxdur! Ssenari yoxdur, replika yoxdur! O, həyatın özüdür!”
Truman -“True man” - “həqiqi insan” adının seçilməsində də bir məna var, mütləq ki. Başqa yöndən baxsaq, gerçək olan, həqiqi olan lağlağı yeri olmalıdırmı? Hə, bunu da hamımız yaşamışıq... Kimi necə xatırladığınızı soğrulamıram, amma xatirələrimizdəki o gerçək insanlar deyilmi cəmiyyətin dəyəri? Yox... Müşahidə cəmiyyətində saf olmaq, özümüz olmaq şansı tanınmır axı...
Rejissor Trumana saxta dünya yaratmışdı... Bizim saxta dünyamızın ssenari müəllifi də, rejissoru da bizi müşahidə edənlərdir. Qarşılıqlı şəkildə, biz də başqalarının rejissoru, ssenaristi, hətta aktyoruyuq. Evimizdən kənarda özümüz deyilik... Müşahidə obyekti olduğumuzdan bəri, evimizin içində də özümüz deyilik...
Və sonda... Filmin son səhnəsində rejissorun rəssam Rene Maqritin “Ay işığı memarlığı” əsərini canlandırması... Filmin bizi müşahidəli yuxular görmək arzumuzdan qurtarmaq cəhdi... Və təəssüf... Çünki keçən 27 il göstərdi ki, şouya baxmaqda da, şou qəhrəmanına çevrilməkdə də pərgardır bəşər. Hərçənd, film bizə ümid yeri də qoyur: “EŞQ!” Ümidimiz diri olsun, barı, çağdaşlarım!
(2025, fevral)
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
“Biz ölümə güləcəyik” – Rəfail Tağızadənin doğum gününə
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Qаrаbаğ”
“Gedib yenə gələcəyik”
“Yurd uğrundа sоn sаvаşdа”
“Biz ölümə güləcəyik”.
/Rəfail Tağızadə
“Ədəbi ovqat” dərgisinin təsisçisi, yazar Rəfail Tağızadənin bu gün doğum günüdür.
O, 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb.
Müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində zabit kimi xidmət edib. Ordu komandanlığı tərəfindən "Şah İsmayıl Xətai" və başqa Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunub.
"Qapı" və "Qarabağ rüzgarları", "Gecə xəyalları", “Su üzərində bahar” şeir kitablarının müəllifidir. Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” kitabının tərtibçisi və redaktorudur. Dünyanın çağdaş avanqard şairlərinin, xüsusən çağdaş polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. "Qəfil görüş" çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir. Çağdaş polyak şairlərinin şeirlərini tərcümə edərək "Şairlər eyni dildə danışırlar" adlı şeir antologiyası kitabını hazırlayıb.
“Şopenin ürəyi” poemasına və dahi polyak bəstəkarı Şopenin 200 illik yubileyi ilə əlaqədar Şopenin Azərbaycanda təbliğinə görə Polşa Respublikasının Mədəniyyət və Milli İrs naziri tərəfindən Diploma layıq görülüb. Ədəbiyyat üzrə Nobel Mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik yubileyində Azərbaycanı təmsil edib. Onun şeirləri ingilis, alman, italyan, rus, polyak, ukrayna və özbək dillərinə tərcümə olunub.
Şair Tağızadə "Qarabağ qazisi haqqında ballada” poemasına görə Beynəlxalq "Rəsul Rza" mükafatına layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
Böyük ağacın kölgəsi və meyvəsi – KULTUROLOJİ YORUM, II YAZI
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Böyük mədəniyyətin (mədəniyyət ağacının) kölgəsi və meyvəsi metaforasını digər mədəniyyət areallarına və xalqlara təsir baxımından incələdikdə, qarşımıza önəmli bir sual çıxır: Böyük mədəniyyət digər mədəniyyətlər üzərində necə bir kölgə salır və bu kölgə onların inkişafını necə formalaşdırır?
Bu sualı bir neçə aspektdən nəzərdən keçirək:
Kölgə və meyvənin tarixi dinamikası
Böyük mədəniyyətlər çox vaxt yalnız öz coğrafiyasında qalmır, başqa xalqların mədəniyyətinə də təsir göstərir. Lakin bu təsir fərqli sonuclar doğura bilər.
Kölgənin özünəxas qoruyucu və inkişafetdirici rolu da vardır. Bir mədəniyyətin kölgəsi, onun himayəsindəki kiçik və ya gənc mədəniyyətlərin formalaşmasına münbit ortam yarada bilər. Roma mədəniyyətinin Avropa xalqları üzərində yaratdığı təsir buna bariz örnəkdir. Batı Avropa xalqları hüquq sistemini, şəhərsalma mədəniyyətini və inzibati strukturları Romanın kölgəsində inkişaf etdirib.
Ancaq kölgənin boğucu və məhdudlaşdırıcı yönlərini də unutmayaq. Böyük bir mədəniyyətin dominant olması bəzən digər mədəniyyətlərin orijinal inkişafına mane ola bilər. Örnəyi, Sovet mədəniyyətinin Baltik ölkələri, Türküstan və Qafqaz xalqları üzərindəki təsiri həm olumlu, həm də olumsuz sonuclar doğurdu. Bir tərəfdən, bu xalqlar texnoloji və sənaye inkişafına qoşuldu, digər tərəfdən, yerli mədəniyyətlərin ifadə azadlığı və s. müəyyən dərəcədə məhdudlaşdırıldı.
Kölgənin inkişafetdirici və məhdudlaşdırıcı yönlərindən sonra, üçencü bir yönünü də vurğulayaq. Bu, kölgənin yaratdığı sintezlər və yeni meyvələrlə bağlıdır.
Bəzi hallarda böyük bir mədəniyyət başqa mədəniyyətlərlə sintezə girərək yeni yaradıcılıq formaları və mədəni konfiqurasiyalar ortaya çıxarır. İslam və Türk dünyası mədəniyyətlərinin qarşılıqlı təsiri sonucunda Osmanlı, Səfəvi və digər unikal mədəniyyətlərin yaranması buna örnəkdir. Burada böyük bir kölgə altında yeni meyvələr yetişdi...
Kölgənin altında yeni meyvələr verən mədəniyyətlər olduğu kimi, kölgədən çıxaraq yeni mədəniyyət formalaşdıranlar da olub.
Bəzi mədəniyyətlər uzun müddət böyük sivilizasiyaların kölgəsində inkişaf edib, lakin zamanla ya həmin kölgədən çıxaraq öz müstəqilliklərini tapıblar ya da tamamilə həmin kölgənin bir bölümünə çevriliblər.
Amerikan mədəniyyəti – uzun müddət Avropa (özəlliklə ingilis və fransız) mədəniyyətinin təsiri altında olsa da, XX yüzildə özünü yeni bir mədəniyyət sistemi kimi formalaşdırıb.
Yaponiya – Çin və Koreya mədəniyyətlərinin kölgəsində formalaşıb, lakin Meiji çağdaşlaşması (çağırışları) ilə öz unikal modelini yaratmış olub. Meiji dönəmi (明治時代 Meiji-jidai) - Yaponiya tarixində 23.10.1868 - 30.07.1912-ci il tarixləri arasında İmperator Meijinin hakimiyyətini əhatə edən dönəmdir. Meiji dönəmi Yapon toplumunun təcrid olunmuş feodal toplumundan çağdaş formaya keçdiyi dönəmi - Yapon İmperiyasının birinci yarısını təmsil edir. Meiji dönəmində baş verən əsaslı dəyişikliklər ictimai quruluşa, iç siyasətə, iqtisadiyyata, hərbi və dış bağlara təsir etdi və Yaponiya çağdaşlaşaraq dünyada güclü mövqe qazandı.
Bir də, kölgənin bir hissəsinə çevrilən mədəniyyətlər vardır. Örnəyi,
Latın Amerikası – ispan və portuqal mədəniyyətlərinin kölgəsi altında formalaşıb və çox bölümü bu təsirdən çıxa bilməyib.
Afrikanın bəzi bölgələri – müstəmləkəçi mədəniyyətlərin təsiri altında uzun müddət qaldığı üçün bəzi yerlərdə yerli mədəniyyətlər müstəqil inkişaf edə bilməyib...
Bəs
böyük mədəniyyətlərin kölgəsi çağdaş qlobal mədəniyyətdə necə təzahür edir?
Çağdaş dönəmdə qlobal mədəniyyət kontekstində də bəzi sivilizasiyalar digər mədəniyyətlər üzərində dominantlıq edir. -
Batı mədəniyyətinin qlobal kölgəsi:
Bugünkü dünyada Batı (Avropa-Amerika) mədəniyyəti qlobal mədəniyyətin əsas formalaşdırıcısıdır. Kütləvi informasiya vasitələri, texnologiya, pop-kultura və siyasət bu kölgə altında formalaşır.
Qlobal fonda Çin və hind mədəniyyətinin yenidən meyvə verməsi faktını da unutmayaq.
Uzun müddət Batı, on illər boyu həm də Sovet kölgəsində qalan Çin və Hindistan XXI yüzildə öz mədəni irslərini yenidən aktivləşdirərək qlobal səhnədə yeni meyvələr verməyə başlayıblar.
İslam və Türk dünyasının yenidən formalaşması bizimçün daha doğma, yaxın və çəkici mövzudur.
Uzun müddət Batı və Sovet kölgəsində qalan İslam və Türk dünyası son dönəmlərdə yeni mədəni canlanma və inteqrasiya axtarışındadır. Türk Dövlətləri Təşkilatı (TDT), ortaq mədəni layihələr və iqtisadi işbirlikləri yeni mədəni meyvələrin yetişməsinə münbit ortam yaradır.
İndi isə böyük mədəniyyətlərin kölgəsində qalanların hansı seçimləri olduğuna diqqət edək.
Böyük bir mədəniyyətin kölgəsində olan digər xalqların və mədəniyyətlərin üç əsas seçimi vardır:
Kölgədə qalaraq ərimək. - Bəzi mədəniyyətlər (örnəyi, aborigen və yerli Amerika mədəniyyətlərinin böyük bölümü) dominant mədəniyyətin içində əriyib;
Kölgədən qidalanaraq özünəxas inkişaf yoluna çıxmaq. - Yaponiya bəzi dominant mədəniyyətlərdən ilham alaraq öz modellərini yaradıb;
Kölgəni transformasiya edərək yeni bir mədəni sistem yaratmaq. - Osmanlı, Səfəvi və ya Sovet mədəniyyətləri dominant mədəniyyətlərin elementlərini yenidən işləyərək fərqli sintezlər meydana gətirməkləri ilə tarixə düşüb.
Beləliklə,
- bəzi xalqlar böyük mədəniyyətlərin kölgəsindən qidalanaraq inkişaf edib;
- bəziləri kölgə altında boğulub və əriyib, it-bat olub;
- bəziləri isə həmin kölgənin içində yeni mədəniyyətlər formalaşdırıb.
Habelə dominant mədəniyyətlər özləri də başqa mədəniyyətlərdən, hətta, üstünə kölgə saldığı mədəniyyətlərdən təsirlənir. Ayrıca, bir bölgədə, bir zaman içində kölgəsi yayılmış mədəniyyət bir başqa zaman içində özü kölgəyə düşə bilir… Şair demiş, “Əbədiyyə qəhqəh çəkir əbədi dünya”…
Nəhayət, günün sual belədir:
Qlobal dominant mədəniyyətlərin kölgəsi altında qalan xalqlar və mədəniyyətlər hansı strategiyanı seçəcək?
Bax, bu sualın dolğun cavabı həm siyasət, həm də mədəniyyət strategiyalarına bağlıdır. Əgər yeni yaradıcı enerji və intellektual potensial mobilizasiya edilərsə, bir çox xalqlar yeni meyvələr yetişdirə biləcək. Əks halda, onlar başqa bir böyük mədəniyyətin kölgəsində qalmağa davam edəcək… Kölgə gerçəklik ola bilər amma əbədi qədər ola bilməz…
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Çilçıraq içində ayrı işıq biz...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:
Çilçıraq içində ayrı işıq biz...
Bəxtimiz yatanda ayılmışıq biz.
-deyir şair. Və bu dəfə də mükəmməl deyir.
Xoş mütaliələr!
Hər soyuq ayrılıq- bir isti yara...
Günün altında da bu günlər qara.
Məni payız çəkdi ayrılıqlara-
Görən o payızın yanındayam mən?
Məndən zəmi istə, dən-dən istəmə,
Milyonun borcunu mindən istəmə.
Sən mənim ömrümü məndən istəmə-
Bir dəli sevdanın adındayam mən.
Çilçıraq içində ayrı işıq biz...
Bəxtimiz yatanda ayılmışıq biz.
...Bir ağac altında ayrılmışıq biz-
Hələ də o ağac altındayam mən...
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
Tariximizin ən qanlı faciələrindən olan Malıbəyli və Quşçular qətliamının 33-cü ildönümü
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Tarixin tozlu səhifələrini vərəqlədikdə ermənilərin Azərbaycan və azərbaycanlılara qarşı bəslədiyi kinin və nifrətin qabarıq şəkildə büruzə verildiyini görürük. Törədilən terror aktları, qanlı faciələr bu kinin və nifrətin bariz nümunəsidir.
Metronun “20 Yanvar” stansiyasında qatarın partladılması, xeyli zabitin və diplomatların içində olduğu “Miq-24” helikopterinin vurulması, ümumən 1905-ci ildən üzübəri terror və soyqırımlar -səhərə qədər saysaq belə bitməyəcək faciələr hər an gözümüzün önünə gəlir. Ötən gün də bu faciələrdən biri, 33-cü ildönümünü olan Malıbəyli və Quşçular kəndində törədilən qırğınlar barədə danışacağam.
Şuşa rayonunda əhali tərkibi azəbaycanlılardan olan Quçşular və Malıbəyli kəndləri rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın ərazidə yaylaqda yerləşirdi. Kəndlərdə təxminən 4.000-ə yaxın azərbaycanlı yaşayırdı. 1988-ci ildə Ermənistandan 1.500-ə yaxın azərbaycanlı əhali öz yurdlarından zorla çıxarılmışdı. Nəticədə doğma yurd-yuvalarından qovulan əhali məhz Qarabağdakı bu kəndlərdə məskunlaşmışdı. Ermənilərin sıradakı hədəfi də elə Malıbəyli və Quşçular kəndləri idi. 1991-ci ildən etibarən isə Malıbəyli erməni silahlı bölmələrinin mühasirəsində idi. Fevralın 5-də kəndlərin üzərində uçan vertolyot kənd əhalisinə evlərini tərk etmələri üçün 2 gün vaxt verildiyi barədə elan verdi.
Malıbəyli kəndi mühasirədə olduğundan oraya gediş-gəlişin tək yolu hava vasitəsi ilə idi. Yanvarın 28-də Malıbəyli üzərində uçan sonuncu vertolyot da vurulmuşdu. Ermənistan Silahlı Qüvvələri yaxınlıqda yerləşən erməni kəndlərinə “ediləcək həmlələrin önünün kəsilməsi” məqsədilə zirehli daşıyıclar və artilleriya vasitəsilə Quşçular və Malıbəyli kəndlərinə hücum təşkil etdilər. Fevralın 10-u gecə saatlarında rus silahlılarınında dəstəyi ilə ermənilər Malıbəyliyə basqın etdi. Evlərindən didərgin düşən azərbaycanlılar Quşçular kəndinə qaçdı. Kənddəki bütün evlər talan edildi və yandırıldı. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşdu. Yaxınlıqdakı Şuşa və Xocalı şəhərlərinə gedən yollar kəsildiyindən, kəndlərə ən yaxın çıxış yolu Ağdamın Abdal-Gülablı kəndi idi, lakin bu kəndə gedən yol ermənilərin məskunlaşdığı kəndlərdən keçirdi. Təcavüzkar və xain erməni hərbi birləşmələrinin tərkibi Suriya, Livan və Fransadan gəlmə ermənilərdən təşkil olunmuşdu. ATƏT-in sülhməramlı missiyasının iştirakı zamanı Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndləri erməni silahlı qüvvələri tərəfindən ələ keçirildi və nəticədə Şuşa və Xocalı şəhərləri blokada altına alındı.
Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız, dinc sakinlərin qanının axıdıldığı Ağdaban və Qaradağlı qətliamları törədildi. Daha sonra isə 20-ci əsrin ən böyük qanlı qətliamı olan Xocalı faciəsi yaşandı.
“Ədəbiyyat və İncəsənət”
(11.02.2025)
CƏLİL XƏLİLOV: İnkişaf və inteqrasiya məhz gənclərin adı ilə bağlıdır
“Ədəbiyyat və incəsənət” portalı TRİBUNA rubrikasında bu gün sözü Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilova verir. Düşünürük ki, gənclərin indi ağsaqqal sözünə böyük ehtiyacları var.
Ötən əsrin əvvəllərində Şərqin ilk Demokratik Cümhuriyyətini quran liderlər yoxdan bir dövlət qurub onu gəncliyə etibar etilər. Ondan sonrakı mərhələdə Azərbaycan gəncliyi üzərinə düşən vəzifənin öhtəsindən şərəflə gəldilər. Dövlətin ehtimadını xalqın hörmətini qazandılar.
Bu gün gənclərimiz xoşbətdirlər ki, Ulu Öndərin təməlini qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərlə bağlı məsələ aktual olaraq qalır. Bu da onunla əlaqədardır ki, gənclər həmişə cəmiyyətin aparıcı qüvvəsi rolunda çıxış edirlər. Birmənalı şəkildə qeyd etmək mümkündür ki, çoxmilyonlu gənclər ordusu ölkəmizin iqtisadi inkişafında, müstəqilliyimizin möhkəmlənməsində, mədəniyyətimizin zənginləşməsində mühüm rol oynayırlar. Xalqımız əsrlər boyu öz milli-mənəvi dəyərlərini, ənənələrini, bütövlükdə yaşam fəlsəfəsini qoruyaraq bu günümüzə qədər gətirib və onları zaman-zaman yeniləri ilə daha da zənginləşdirib. Azərbaycanı fərqləndirən cəhət ondan ibarətdir ki, bizim cəmiyyətimiz möhkəm tellərlə öz ənənələrinə bağlıdır.
Qloballaşan dünyada bu amil böyük əhəmiyyət kəsb edir və xalqımızın identikliyini təmin edir. Məlumdur ki, Avropa məkanında milli-mənəvi dəyər, nəsillər arasında münasibətlər heç də arzuedilən zəmində qurulmur. Azərbaycan xalqı isə, qeyd etdiyimiz kimi, öz ənənələrinə və keçmişdən gələn dəyərlərinə böyük hörmətlə yanaşır. Nəsillərin vəhdətinin təmin olunması, təcrübə ilə novatorluq müstəqil Azərbaycanın ardıcıl inkişafının təməlində dayanan əsas amillərdən biridir. Bu gün Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir.
Bunu gözü götürməyən bəzi məkirli, üzdəniraq düşmənlər Avropaya sığınarq müxtəlif vasitələrlə respublikamızın inkişafına müəyyən əngəllər yaratmağa çalışırlar. Belə qüvvələr özlərinin məkrli niyyətlərinə çatmaq üçün ilk növbədə daxildəki gəncləri ələ almağa və onlardan alət kimi istifadə etməyə çalışırlar. Gəncləri pis vərdişlərə sövq edirlər. Qərbə inteqrasiya adı altında zərərli təsirləri təbliğ edirlər. Bu həm onların xarici görünüşündə, həm də davranış və xarakterlərində özünü göstərir. Günlərini saytlarda, bəzən hətta qadağan edilmiş saytlarda keçirən, sosial şəbəkələrdən qopa bilməyən gənclər zorakılıq, antihumanizm, böyüklərə qarşı hörmətsizlik kimi mənfi xüsusiyyətlər əxz edirlər. Bununla da həyatlarının ən gözəl çağını əldən verirlər.
Bu barədə cəmiyyətdə kompleks işlər görülməlidir. İlk öncə məktəblərdə, kollec və universitetlərdə maariflənmə işləri aparılmalıdır. Tanınmış alimlərlə, yazıçılarla görüşlər təşkil edilməli, bu görüşlərdə milli-mənəvi dəyərlər, əxlaqlı, humanist olmaq böyüklərə hörmət etmək, vətənpərvər olmaq aşılanmalıdır.
44 günlük Vətən müharibəsindəki Zəfərimizi bizə qazandıran Şəhid və Qazilərimiz gənclər arasında daha geniş təbliğ olunmalıdır. Belə insanlardan nümunə götürmək zərurətini hər bir gənc duymalıdır.
Televiziyalarda, qəzetlərdə, saytlarda təbliğat işi qurulmalı, Qərbin zərərli adət-ənənələri tənqid edilməli, gəncləri bu təsirdən qorumaq üçün hər bir kəs səfərbər edilməlidir. Və əlbəttə ki, əsas söz ağsaqqalların olmalıdır. Tanınmış simalar, Müharibə və Əmək Vereranları mütəmadi olaraq ən müxtəıif tribunalardan gənclərə ünvanlanan mesajlar verməli, öz şərəfli ömür yollarını onlara örnək gətirməlidirlər. Ot kökü üstündə bitər. İnanıram ki, gənclərimiz ötəri təsirlərə uymayacaq, öz gözəl dəyərlərimizi mental xüsusiyyətlərimizlə inkişafa doğru gedəcəklər.
Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində gənclərimizin mümkün olan xarici risklərdən qorunmasına nail oluruq. Bununla paralel olaraq, iqtisadi gücümüz, hərbi qüdrətimiz artır. Ölkəmiz 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedir.
Ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli, vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Ötən əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, gənclərimizin hərbi peşələrə marağının yüksəlməsinə zəmin yaranmışdır. Bu gün Silahlı Qüvvələrimizdə qulluq edən neçə-neçə generalımız, yüksək rütbəli zabitlərimiz Hərbi liseyin məzunlarıdır. Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti eyni ardıcıllıqla davam etdirilir.
Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Ulu Öndərin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan Gənclərinin Birinci Forumunun təşkil edilməsi bu istiqamətdə əldə olunan mühüm nailiyyətlərdir.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu gənclərin vətənpərvərlik və milli dəyərlərə sədaqət ruhunda yetişməsini prioritet vəzifə kimi irəli sürmüşdür. Bu gün qürurla, iftixarla etiraf edə bilərik ki, onun strateji baxışları nəticəsində gənclərin ölkənin hərtərəfli inkişafında fəal iştirakı üçün möhkəm baza yaradılıb. İcra olunmaqda olan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramları çərçivəsində minlərlə gənc dünyanın müxtəlif universitetlərində yüksək ali təhsil alıb. Həmin proqramın həyata keçirilməsi nəticəsində yüksəkixtisaslı kadr potensialı formalaşıb, öz sahəsində hərtərəfli biliyə yiyələnən çoxlu gənc xaricdə təhsil alandan sonra doğma Vətənə qayıdıb. Gənclərin məşğulluğunun artırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə mühüm layihələr həyata keçirilib. Həmin proqramlar gənclərin yaradıcı və peşəkar inkişafına hərtərəfli imkanlar yaradır.
Gənclərimiz həm də vətənpərvərdirlər. 44 günlük Vətən müharibəsində gənclərimiz şanlı tarix yazdılar. Ölkəmiz Dəmir yumruğun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini sübut etdi. Ali Baş komandan, Prezident cənab İlham Əliyevin Zəfər Paradında vurğuladığı kimi: “Bu Dəmir Yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik!”
Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğu ətrafında birləşən gənclər Aprel döyüşlərində qazanılmış qələbənin davamını gətirdilər. Haqq savaşı günlərində gənclər həm ön, həm də arxa cəbhədə əsl fədakarlıq nümunəsi göstəriblər. Həmin günlərdə onların nümayiş etdirdiyi birlik, həmrəylik igidlik və rəşadət zaman-zaman xatırlanacaq. Gənclərimiz düşmən təxribatlarına qarşı sosial media platformalarında informasiya cəbhəsində mübarizə apararaq Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Eyni zamanda könüllü gənclər şəhid və qazilərin ailələrinə dəstək göstərib, yaralı hərbçilərin yanında oldular.
Gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir. Gənclərimiz bu gün sərhədlərimizin keşiyində dayanır, ictimai asayişi qoruyur. Bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. İdman sahəsində böyük qələbələr qazanırlar, iqtisadiyyatın müxtəlif istiqamətlərində, dövlət təşkilatlarında çalışırlar. Gənc alimlərimiz elmi potensialımızı gücləndirirlər. İşğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramının həyata keçirilməsi prosesində də gənclərin rolu danılmazdır. Onlar ölkəmizdə həyata keçirilən böyük quruculuq və abadlıq proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında və sosial, iqtisadi və ekoloji layihələrin həyata keçirilməsində fəal iştirak edirlər.
Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhda olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparan böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərin adı ilə bağlıdır. İnkişaf prosesi gənclərlə paralel olaraq irəliləyir, çünki onlar cəmiyyətin transformasiyasını və dəyişikliklərini həyata keçirən əsas qüvvədir. Gənclər, yalnız gələcəyin liderləri deyil, həm də bu günün sosial, mədəni və iqtisadi inkişafında fəal iştirak edən tərəflərdir. Onların fərqli dünyagörüşləri, innovativ ideyaları və dinamizmi, inkişafı sürətləndirən mühüm amillərdir.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)
Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub
Musiqi yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsüdür. İnsanları bir-birinə yaxınlaşdıran, heç bir sərhəd tanımayan, duyğuları sərbəst çatdırmağı bacaran musiqi qədər insana doğma olan ikinci bir sənət təsəvvür etmək çətindir. Bu sənətin sahibləri dünyanın hər yerində fəaliyyət göstərən həmkarları ilə öz dillərində danışmağa qadirdirlər. Azərbaycan xalqı zəngin musiqi irsinə malikdir.
AzərTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunmuş Massi şəhərinin Musiqi və Rəqs Konservatoriyasının müəllim və şagirdlərinin Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertində deyib. O, Azərbaycan musiqisi və bəstəkarlarından söz açaraq bildirib ki, belə konsertlərin vaxtaşırı təşkili bəstəkarlar, ifaçılar və dinləyicilər üçün faydalıdır.
Konsert Azərbaycan xalq mahnıları, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Qara Qarayev, Asəf Zeynallı, Musa Mirzəyev, Tofiq Quliyev, Əşrəf Abbasov, İsmayıl Hacıbəyli, Rauf Hacıyev, Ağabacı Rzayeva kimi azərbaycanlı bəstəkarların, eləcə Klod Debussi, Frederik Şopen, Moris Ravel, Fazil Say kimi digər xalqların bəstəkarlarının əsərləri pianoda, fleytada, klarnetdə ifa olunub.
Konsert pianoçu Səidə Zülfüqarovanın müşayiəti ilə İannis Ksenakis Konservatoriyasının direktoru Qabriel Kabare Moris Ravelin mahnısını ifa edib.
Konsert Fazil Sayın “Qara torpaq” və Tofiq Quliyevin “Qaytağı” musiqilərinin pianoçu Səidə Zülfüqarovanın ifası ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)
MƏŞHUR TÜRKLƏR - Mete Xan: Böyük Hun İmperiyasının qüdrətli hökmdarı
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk tarixinin ən qədim və ən güclü hökmdarlarından biri Mete Xan (e.ə. 209–174) Böyük Hun İmperiyasının qurucusu və türk hərb sənətinin banilərindən biri olmuşdur. O, türklərin ilk böyük dövlətlərindən biri olan Hun İmperiyasını möhkəmləndirmiş və türkləri vahid bayraq altında birləşdirmişdir.
Dahi sərkərdə və güclü dövlət başçısı
Mete Xan güclü hərbi strategiyası və döyüş bacarığı ilə tanınmışdır. O, atası Teoman Şanyunu məğlub edərək Hun taxtına sahib olmuş və qısa müddətdə dövləti qüdrətli bir imperiyaya çevirmişdir. Onun hakimiyyəti dövründə Hun dövləti Çin, Monqol, Sibir və Orta Asiya torpaqlarını əhatə edən böyük bir imperatorluğa çevrildi.
Onluq ordu sistemi və hərbi dəyişikliklər
O, türklərin döyüş taktikalarında inqilabi dəyişikliklər etmiş, onluq ordusistemini yaratmışdır. Bu sistem sayəsində Hun ordusu mükəmməl təşkilatlanmış və sürətli hücum taktikaları ilə düşmənlərinə qalib gəlmişdir. Bu sistem sonradan Göytürk, Səlcuq və Osmanlı dövlətlərində də tətbiq olunmuşdur.
Çin imperiyasına qarşı qələbələr
Mete Xan Çin imperiyasına qarşı çoxsaylı uğurlu yürüşlər təşkil etmiş və Çini Hunlara tabe olmağa məcbur etmişdir. O, Çin səddini aşaraq Çin torpaqlarına böyük hücumlar etmiş və nəticədə Çin imperiyası Hunlara illik vergi ödəməyə məcbur olmuşdur.
Türk birliyinin əsasını qoyan hökmdar
O, sadəcə bir döyüşçü deyil, eyni zamanda birləşdirici və ağıllı dövlət rəhbəri olmuşdur. O, türkləri vahid dövlət halına gətirmiş və onların müstəqil bir xalq kimi tarix səhnəsində qalmasını təmin etmişdir.
Mete Xan türk dövlətçilik ənənələrinin əsasını qoymuş və türk hərb sənətinin banilərindən biri olmuşdur. Onun yaratdığı güclü ordu və idarəçilik sistemi sonrakı türk dövlətlərinə miras qalmışdır. Mete Xanın adı bu gün də türk tarixində qəhrəmanlıq və cəsarətin simvolu kimi xatırlanır.
"Dəmir iradə – Mete Xanın sınağı"
I Hissə: Xəyanət və Sınaq
Böyük Hun hökmdarı Teoman Şanyu taxtını daha çox sevdiyi oğlu üçün qorumaq istəyirdi. Lakin onun varisi olan Mete Xanın gücü və ağıllılığı artıq hamının dilində idi. Teoman Mete Xanı siyasi bir oyunla aradan götürmək üçün onu Dunhu tayfasına girov kimi göndərdi.
Dunhu başçısı: (gülərək) – Teoman oğlunu bizə göndərib. Düşünürsünüz ki, biz onu sağ buraxacağıq?
Mete Xan: (sakit, lakin qətiyyətli) – Mən buradan sağ çıxacağam. Çünki mən Hun xaqanının qanını daşıyıram!
Mete Xan gecə vaxtı fürsət tapıb Dunhuların düşərgəsindən qaçdı və vətəninə qayıtdı.
II Hissə: Sadiqlik Sınağı
Vətənə qayıtdıqdan sonra Mete Xan tez bir zamanda ətrafına güclü döyüşçülər topladı və ordu yaratdı. Lakin ordunun ona tam sadiq olduğunu görmək üçün böyük bir sınaq hazırladı.
Mete Xan: – Əsgərlərim, mənim əmrim müzakirə edilməz! Kimə tərəf ox atsam, hamınız oxlarınızı eyni yerə yönəldəcəksiniz!
Əsgərlər başlarını tərpətmədən razılıq etdilər.
Mete Xan əvvəlcə öz sevimli atına ox atdı. Əsgərləri tərəddüd etmədən onun arxasınca oxlarını atdılar.
Daha sonra öz ən yaxın dostlarından birini nişan aldı. Əsgərləri yenə tərəddüd etmədən oxlarını hədəfə yönəltdilər.
Nəhayət, Mete Xan atası Teoman Şanyunu hədəf aldı…
Teoman: (qorxaraq) – Mete! Bu, nə deməkdir? Mən sənin atanam!
Mete Xan: (soyuqqanlı) – Qanımda xəyanətə yer yoxdur, ata!
Əsgərlər tərəddüd etmədən oxlarını atdılar və Teoman öldürüldü. Bu hadisədən sonra Mete Xan Hun taxtına sahib oldu.
III Hissə: Böyük Xaqan
Mete Xanın dəmir iradəsi və sarsılmaz əzmi onu türklərin ilk böyük imperatoru etdi. Onun qurduğu nizamlı ordu ilə Böyük Hun İmperiyası sürətlə böyüdü və türklər tarix səhnəsində yenilməz bir güc kimi tanındılar.
Mete Xan: – Türk milləti güclü və bir olmalıdır! Bizim yolumuz cəsarət, nizam və sədaqətdir!
Onun adı yüz illər boyunca qəhrəmanlıq və qətiyyətin simvolu olaraq yaddaşlarda qaldı.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)
İNİŞİL İL BU GÜN Fevralın 10-da Moskvada Azərbaycan kinosunun retrospektivi açıldı
Tamaşaçılara ümumilikdə 19 film təqdim olundu
Könül, “Ədəbiyyat və incəsənət”
2023-cü ilin bu günkü gününə təsadüf edən mədəniyyət xəbərləri arasında diqqətimi bu xəbər çəkdi.
Azərbaycan kinematoqrafiyasının müxtəlif dövrlərin və janrların 19 filmindən ibarət miqyaslı retrospektivi fevralın 10-da Moskvada rejissor Fariz Əhmədovun "Sonuncu" (2021) sənədli filminin nümayişi ilə "İllüzion” kinoteatrında açıldı.
Azərbaycan kinosunun petrospektivi barədə bazar ertəsi kinoteatrın mətbuat xidməti məlumat yaydı. "Azərbaycan və Rusiyanın tarixi əlaqələri yüz ildən çoxdur və ölkələrimiz mədəniyyət, o cümlədən kinematoqrafiya sahəsində səmərəli əməkdaşlıq edirlər. Ötən ilin sonunda Azərbaycan paytaxtında Rusiya Film Festivalı keçirilib, bu günlərdə isə "İllüzion" kinoteatrında Azərbaycan kinosunun irimiqyaslı retrospektivi olacaq - əminik ki, çoxsaylı kino həvəskarlarının böyük marağına səbəb olacaq hadisə başlayıb", - deyə proqramın kuratoru, rejissor və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kinematoqrafiya departamentinin rəhbəri Rüfət Həsənovdan mətbuat xidməti sitat gətirib.
Təqdimat proqramına ilk azərbaycanlı qadın rejissor Həmər Salamzadənin və Aleksandr Popovun "Coşqun Vətən" (1937) məktəb komediyası, Boris Barnetin "Mavi dənizin sahilində" lirik kinopoeması (1936), Tofiq Tağızadənin "Uzaq sahillərdə" (1958) casus trilleri, İsmayıl Səfərəlinin "Balıqçı qızı" (2019) pritçası və başqaları daxildir. Tamaşaçılara ümumilikdə 19 film təqdim olunub.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq sayəsində biz nəinki Dövlət Film Fondunda saxlanılan sovet dövrünün filmlərini, həm də yenidənqurma dövrünün kinosunu və müasir Azərbaycan "yeni dalğa kinosu"nun ən yaxşı nümunələrini göstərəcəyik. Filmlərin yarıdan çoxu Rusiya Dövlət Film Fondunun arxivindən 35 mm-lik plyonka ilə nümayiş olunacaq, rəqəmsal surətləri isə bizə lütfkarlıqla Azərbaycan Dövlət Film Fondu təqdim edib. Bu filmləri böyük ekranda görmək praktiki olaraq mümkün deyil",- deyə proqramın həmkuratoru və "İllüzion"un art-direktoru Aleksandra Lavrova qeyd edib.
Açılışda Xəzər dənizində Kür adasının sonuncu sakini Vitali Pronindən bəhs edən "Sonuncu" sənədli filmi nümayiş etdirilib. Bu filmin premyerası 2021-ci ildə Rotterdam kinofestivalında baş tutub.
Nümayişlər Kinoşünaslar və kinotənqidçilərin mühazirələri və rejissorlarla görüşlərlə müşayiət olunub. Proqram fevralın 15-dək davam edib.
Moskvalıların, eləcə də Rusiya paytaxtında yaşayan həmyerlilərimizin retrospektivə böyük maraq göstəriblər.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)