Şairimiz İtaliyada XI "Mugello" Müsabiqəsinidə fərqlənib Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli İtaliyada XI "Mugello" Beynəlxalq Ədəbiyyat və Sənət Müsabiqəsinidə fərqlənib. Dünyanın müxtəlif ölkələrindən şairlərin qatıldığı müsabiqədə xaricdən seçilən yeganə qalib Azərbaycanlı şair olmuşdur.  Digər yerlərin qalibləri İtaliyalı şairlərdir.

 

Təranə Turan Rəhimlinin müsabiqəyə qatıldığı "Şairlər" adlı şeirini italyan dilinə görkəmli çağdaş italyan şairi və tərcüməçisi, professor Klaudia Piççinno tərcümə etmişdir. Qeyd etmək lazımdır ki, "Ən yaxşı tərcümə" noninasiyası üzrə mükafatın da prof. Klaudia Piççinnoya veriləcəyi elan olunub.

Nüfuzlu beynəlxalq müsabiqədə 1-ci yerin qalibi kimi "Nuovi Occhi sul Mugello" Beynəlxalq Ədəbiyyat və İncəsənət Mükafatı"na layiq görülən Təranə Turan Rəhimli bildirib ki, müsabiqənin nəticələri 13 mayda elan edilsə də, ödül törəni iyun ayında gerçəkləşəcəkdir.

11 ildir ki, keçirilən müsabiqəyə bütün qitələrdən çox sayda əsər daxil olsa da, onların içərisindən 242 əsər müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqə tələblərinə cavab verən həmin bədii mətnlər, eləcə də yer tutan qaliblərin əsərləri "Mugello" antologiyasında nəşr edilib. Mükafatlar isə yalnız 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə təqdim olinacaqdır.

Müsabiqənin Təşkikat Komitəsi və Mükafat Komissiyası tərəfindən ödüllərin təqdimetmə mərasiminin 14 iyun 2025-ci il saat 16:00-da Barberino di Mugello Corsini Teatrında keçiriləcəyi bildirilib. Müsabiqə münsifləri ölkənin tanınmış ədəbiyyat və elm xadimləri -- Silvia Calzolari, Simona Chiesi, Marzia Carocci, Alessandra Prospero, Gastone Cappelloni, Emanuele Martinuzzi, Fabio Fratini, Ilde Rampino, Eleonora Marchiori, Paolo Marini, Claudia Piccini, Serena Pinzani, Ezio Alessio Gensini, Alessandra Barucchieri, Silvia Carletti, Silvana Stremiz, Federico Del Monaco, Gabriella Vallini idilər.

Təranə Turan Rəhimli mötəbər ədəbi müsabiqədə 1-ci yerin qalibi olması haqqında təəssüratlarını belə ifadə edib: "Şeirimin tərcüməçisi, görkəmli italyan şairi, əziz bacım, prof. Klaudia Piççinno sevinclə bu xəbəri mənə verəndə "Xaricdən mükafat qazanan yalnız sənsən" deyə xüsusi vurğuladı. Bu möhtəşəm qalibiyyətdən böyük şərəf duydum. Əzizim, Kllaudiaya, ədalət prinsipi ilə çalışan dəyərli münsiflərə, müsabiqənin təşkilat komitəsinə  və mükafat komissiyasına sonsuz təşəkkürlərimi bildirirəm. Bu günədək 50-dən çox ölkədə 37 dilə tərcümə olunan əsərlərimlə çağdaş milli ədəbiyyatımızı təbliğ etməkdən şərəf duymuşam və hər uğurumda  öz-özümə bu sözləri pıçıldamışam: "Səni təmsil etmək gözəldir, Vətən!" 

Təranə Turan Rəhimlini müsabiqədə qalib edən şeirinə tanınmış bəstəkar və ifaçı, İtaliya prezidenti  Culio Andreottinin "İtalyan bəstəkarlarının mahnılarının ən yaxşı ifasına görə" mükafat və kubokla təltif etdiyi, Avropa mədəni mühitində yetərincə  tanınan Ridvan Sədirxanov "Şairlər" adlı mahnı bəstələyib. Həmin şeir bu günədək 21 dilə tərcümə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.