“Atın üstündəki türk deyilsə, yükdür” – BİR DEYİMİN İZİ İLƏ Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində bu gün türklərin məişətində, eləcə də hərb sənətində həlledici rola malik atlar barədə danışacağıq.

 

Bir atalar sözündə deyilir: “Papaqdı, arvaddı, atdı; kişiyə urvatdı”. Deməli, türklərin namus atributlarından biri də atdır. Bizim söhbətimiz də at, daha doğrusu at və insan (türk) münasibətləri haqqında olacaq.

 

Tədqiqatçılar qeyd edirlər ki, dünyada ilk dəfə atı əhliləşdirənlər türklər olublar. Onlar ata minən ilk insanlar hesab olunurlar. Atlar qədim zamanlardan türklərin siyasi, dini, iqtisadi və ictimai həyatında mühüm rol oynamışdır. Türk-at ünsiyyəti ancaq maddi tələbatdan yaranan insan-heyvan münasibəti deyil, bu, həm də iki dostun, silahdaşın mənəvi bağlılığıdır. Təsadüfi deyildir ki, türklər “At igidin qardaşıdır”, - deyirlər. Qardaş isə insana ən yaxın varlıqdır. Atın qardaş hesab olunması onun insanla bərabər tutulmasını, atın türk igidi üçün son dərəcə qiymətli varlıq hesab olunmasını göstərir. Atlar öz sahiblərinə qarşı çox sədaqətli heyvanlardır. Onlar yaralanmış, yaxud ölmüş sahiblərini heç vaxt tərk etmirlər.

Folklor və yazılı ədəbiyyat nümunələrində türkün həyatında atın önəmi barədə saysız-hesabsız bədii nümunələr, atla bağlı inanclar vardır. Ata verilən önəm atalar sözləri, inanc və deyimlərdə də öz əksini tapmışdır. Məsələn, “At türkün qanadıdır”, “Türk çadırda doğar, at üstündə ölər”, “Atı quyruqlu olanın sözü buyruqlu olar”, “Sabah qalx atanı gör, atandan sonra atını gör”, “At ölümü, ər ölümü olmasın” və s. Qapıya nal vurmaq isə bəd qüvvələrin qapıdan daxil olmasının qarşısını alırmış. Onu da qeyd edək ki, at çox qədim zamanlarda kultlaşdırılan, rəmzləşdirilən hey­vanlardan biri olub. At kultunun varlığı da bunu göstərir. Atı müqəddəs hesab edən türklər hətta tuğlarının (bayraqlarının) ucuna da at quyruqları taxarlarmış.

 

Atın türklərin həyatındakı önəmini və yerini görkəmli yazıçımız İ.Şıxlının “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağanın öz atı Qəmərə müraciətlə söylədikləri möhtəşəm səviyyədə açıqlayır. O, düşmənləri tərəfindən yalı, quruğu qırxılmış ata – Qəmərə  üzünü tutub acı-acı deyir: "İndi mən nə edim, Qəmər? Axı sən mənim sirdaşım, dar günümdə harayçım idin. Sən məni çox dardan çıxarmısan. Sən mənim ürəyimdən keçənləri balaca bir işarədən başa düşürdün. Sən quşdan ayıq və ehtiyatlı bir atsan, Qəmər. Çox qaranlıq gecələrdə məndən qabaq, yolda təhlükə olduğunu sən başa düşübsən. Qulağını yapıxdırıb sakitcə dayanmısan və məni başa salmısan ki, irəli getmək olmaz. Məndən qabaq özün yolu dəyişmisən, Qəmər. Bir toyda, bir nişanda geri qalmamısan, hələ indiyəcən cıdırlarda səni keçən olmayıb. Məni utandırmamısan, həmişə başımı uca eləmisən. Neçə dəfə sənin yalına yatıb, gözlərinə qurban, Qəmər, əlac sənə qalıb demişəm. Sən quş kimi qanad açıb məni güllənin altından çıxartmısan. Mən səni özümə qardaş, sirdaş bilirdim, Qəmər, sən kişnəyəndə ürəyim dağa dönürdü. Şahə qalxıb fırlananda elə bilirdim yeri-göyü mənə bağışlayırlar, Qəmər. İndi mən neyləyim, sənin rüsvayçılığına necə dözüm?"  

Yazılı mənbələr, arxeoloji qazıntılar zamanı ortaya çıxan faktlar, daşlar və qayalar üzərindəki təsvirlər də türklərin həyatında atın özəl bir yerə sahib olduğunu göstərir. Türk alimi İ.Durmuş özünün “Türk kültür çevrəsində at” məqaləsində yazır ki, “türklər atlı mədəniyyətinin qurucusu və yayıcısı olduqları kimi, həm də  bu mədəniyyətin gəlişdiricisi olaraq tarixdə öz yerlərini almışlar. Onlar atlardan faydalanmaq üçün mükəmməl texnikalara sahib olublar. Xüsusi olaraq qeyd etmək istərdik ki, türk qadınları da atdan istifadə etməkdə kişilərdən geri qalmayıblar. Bu sahədə heç bir xalq türklərin səviyyəsinə yüksələ bilməmişdir. Boşuna deməmişlər ki, “atın üstündəki türk deyilsə, yükdür”. 

Yuxarıda da qeyd etdiyimiz kimi atlar ta qədim zamanlardan türklərin sosial, hərbi, iqtisadi və dini həyatında mühüm rol oynamışdır. 

 

         At sosial həyatda. Türklərdə at ən çox istifadə edilən heyvan olub. Əcnəbilərin “türklər at üstündə yeyərlər, içərlər, söhbət edərlər, yatarlar” və ya “türklər at üzərində doğulmuşlar, yerdə yürüməyi bilməzlər” ifadələri də bunu sübut edir.

Türklərin fəaliyyətinin əsasını təşkil edən ov, heyvandarlıq və düşmənlə döyüş həmişə at üstündə keçib. Ova həm tək, həm də kollektiv şəkildə at üstündə gediblər. Sürülərin otarılması, otlaqdan otlağa, qışlaqdan yaylağa, yaylaqdan qışlağa aparılması atın sayəsində olub. Ümumiyyətlə, türklərin həyatı at üstündə keçdiyindən onlarda atla bağlı yüksək mədəniyyət, bacarıq və vərdişlər formalaşmışdı. Məsələn, öz fərdi xüsusiyyətlərini ata tanıtmaq, ona cəld minmək bacarığı, at yüyürürkən onun üstündə qılınc çalmaq və ox atmaq, atın boynundan və qarnının altından keçmək, qaçan atın üstündə ayaq ustə durub ox atmaq və s.

Türklərin atı minik heyvanı olaraq istifadə etmələri atçılıq idmanının da yaranmasına və inkişafına səbəb olmuşdu.  Bu idman növləri arasında at yarışları başda olmaqla cirit, covkan, kökböri və s. oyunlar daha məşhur olub. M.Kaşqarlı “Divanı”ndakı at yarışları haqqında məlumatlardan da görünür ki, türk dünyasında belə yarışlar geniş yayılıbmış. 

 

         At hərbi həyatda. Atın ilk dəfə savaş vasitəsi kimi istifadə edilməsi və oxçu süvari ordularının yaradılması da türklər tərəfindən reallaşdırılmışdır. Türklər ilk dəfə qoşqu, üzəngi, yəhər və cilovu kəşf etmiş, onların  sayəsində sürətli həm  nəqliyyat, həm də müharibə vasitəsi əldə ediblər. S.S.Surazakov Altay qəhrəmanlıq dastanları əsasında yazır ki, qəhrəman yalnız öz döyüş atını əldə edəndən sonra döyüşçüyə çevrilə bilir. At türklerin gözündə adətən özü ilə birliktə savaşan bir silah yoldaşı olub. Türk qəhrəmanlarının özləri kimi, onların atları da döyüşdə fəal iştirak edər, zəfərə ortaq olar, qəhrəmanlar kimi ad alar, öləndə isə xüsusi mərasimlə dəfn olunardılar. Məhəmməd Peyğəmbər demişdir ki, “Heç bir qara qüvvə damarlarında təmiz qan axan atın qaldığı komanın üstünə hücum etməyə cəsarət etməz, çünki hər gecə mələklər göydən yerə enər və atın alnından öpüb, sahibinə xeyir-dua verirlər”. Təsadüfi deyil ki, türklərin bir deyiminə görə, “At işləməsə, ər öyünməz”. 

Türklərin hərbi gücünü artıran və onların çoxlu dövlət qurmalarını təmin edən ən başlıca səbəblərdən bir də, şübhəsiz ki, at olmuşdur. Bunu yazılı mənbələr də sübut edir. Məsələn, Hun hökmdarı Mo-tun Çin imperatoruna göndərdiyi bir bəyanatda “tanrının inayəti, zabitlərin, süvarilərin və atların mükəmməliyi sayəsində iyurmi altı dövləti məğlub yendiklərini” bildirmişdi.  Asiya Hun ordusu Çin ordusunu Pe-teng qalasında mühasirəyə alanda da “şimalda qara atlılar, qərbdə ak atlılar, cənubda ağ atlılar, şərqdə isə dəmir-boz atlılar vardı.

Türk əsgərlərinin “qasırğalar kimi görünüb, quşlar kimi uzaqlaşmaları” məhz atın gücü və imkanları sayəsində mümkün olurdu.

 

At iqtisadi həyatda. Atların əti və yağı önəmli idi. Türklər at əti barədə “müşk kimi qoxar” deyərdilər. Onlar adi günlərdə, toplantılarda və özəl günlərdə də sürü halında böyütdükləri atların ətini yeyirdilər. Atın qarnından çıxan yağı çox sevirdilər. Qısır atın südü ekonomik dəyər daşıyırdı. Atların südündən yağ, qatıq və pendir hazırlanırdı. Atın südündən hazırlanan məhsullar arasında qımız ilk sırada dururdu. 

 Türklər hər il xarici ölkələrə minlərlə at, xüsusən də döyüş atları ixrac etməklə öz iqtisadiyyatlarını dəstəkləyirdilər. Atlar daha çox Cinə satılır, əvəzində onlardan ipək başda olmaqla, müxtəlif mallar alınırdı.

 

At dini həyatda. Qədim türklərdə belə bir inam varmış ki, ölən insanın o dünyada da bəzi şeylərə ehtiyacı olur. Ona görə də onun məzarına yemək, pal-paltar, digər əşyalarla yanaşı, atını da basdırırdılar.  Qazıntılar zamanı qəbirlərdən insan sümükləri ilə yanaşı at sümüklərinin çıxması da bunu sübut edir. 

Türklərdə at qurban etmə (kəsmək) kimi qədim bir ənənə də olub. Dini toplantılarda, and törənlərində (andiçmə mərasimlərində) atlar Tanrıya qurban edilirdi. Əsasən ayğır atlar qurban kəsilirdi.

Atları müqəddəs bilən türklərə görə, yuxuda at görmək arzuya qovuşmağa bir işarədir. Gəlin gələn qızın donuna at qılı tikərdilər ki, onun oğlu olsun. Gəlin gedən qızın gəlinlik donuna at tükü tikərdilər ki, onun ailə həyatı uğurlu olsun.

 

“Papaqdı, arvaddı, atdı; kişiyə urvatdı”, - deyən atalar, həm də  “At muraddır”, - demişlər. Allah hər kəsi öz muradına çatdırsın!

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.