BİRİ İKİSİNDƏ – Maya İmranın hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində növbə nəsrindir. Sizə Maya İmranın “Qara xal” hekayəsi təqdim edilir.

 

Maya İMRAN 

“QARA XAL”

 

– Ay qızım, mən də bu pulla dolanıram. Elə sən belə desən, biri beş gün gecikdirsə, o birisi desə ki, maaşı gözlə, onda mən acından ölərəm ki. İndi gör qohumdan-əqrəbadan kimdən borc tapıb verirsən. Mənə ver, sonra borcunu qohumuna-əqrəbana qaytararsan.

Ev sahibi dilxor halda sözünü bitirib qapını bərk çırpdı. Arıq, çəlimsiz qız yerində donub qalmışdı. Üç-beş saniyə yerindən tərpənmədi. Sonra ağır addımlarla aşağı-otağına endi. Səhərin ala-toranında gün işığı otağı yaxşı işıqlandırmırdı. Otağın lampası da həftədən artıq idi ki, yanmırdı. Nə zaman düzələcəyi isə ev sahibinin insafına qalmışdı.

Otağın narahat atmosferini Bənövşənin rahat xorultusu pozurdu. Gecə gözünü yumandan başlayan xorultu eyni templə davam edirdi.

– Axı necə ola bilər? Bu pul buxarlanmadı ki? Hə, saydım, bəlkə də, beş dəfə saydım, ayırdım, qoydum pul qabının ən kiçik cibinə. Yox e, ağlım qaçmayıb ki, səhv sayım. Bəlkə, otağa kimsə girib? Giribsə də, nə bilib ki, pul qabım hardadı? Lap pul qabımı tapdı, ən kiçik cibdə olan pulu niyə götürdü ki?

Suallar beynində sürətlə axışır, birinə cavab tapmamış o biri əks-səda verirdi.

– Sabahın xeyir, – Bənövşə gərnəşərək aramla dedi.

– Sabahın xeyir, – Şəbnəm başını qaldırmadan cavab verdi.

– Nə olub? Yaxşısan?

– Yaxşı deyiləm. Kirayəyə verəcək pulumu itirmişəm. Bayaqdan ha fikirləşirəm, tapa bilmirəm. Axı bu pulu gecə sayıb qoydum pul qabıma.

– Aa, dünən burda sayırdın, o pul? Gecədən səhərə evə oğru girmədi ki!

– Hə də. Elə mən də ona məəttəl qalmışam. Mən heç vaxt pul itirən deyiləm.

– Vallah, sən belə dedikcə adam özündən şübhələnir. Biz səninlə bir otaqda yaşayırıq, gərək bir-birimizə inanaq. Mənə inanırsan da, yəqin. O pulu çantana yox, lap stolun üstünə də qoysan, mən ona əl uzadacaq adam deyiləm.

– Ay qız, dəli olma. Mən sənə demədim ki, sən götürmüsən.

– A dayan görüm e. Bəlkə, axşam yenə ev sahibəsi otağın istiliyini yoxlamağa gəlib? Ola bilərmi elə? Özü də dünən bərk-bərk tapşırdı ki, qapını içəridən bağlamayın. Guya istilik aparatından otağa su axa bilərmiş. 

– Onda sıxma ürəyini. Canına gələcək bəla malına gəlsin. Puldu da, işləyib yenə qazanacaqsan. Təki itən pul olsun.

– Hə, elədir, əlbəttə. Amma adam pis olur da. Ay boyu o maaşı beynində bölür insan, nəyi hara verəcəm, nə qədər pulu nə almaq üçün ayıracam...

– Onda gərək bir ehtimal olaraq pulun oğurlana biləcəyini də düşünəydin.

Cümləsini bitirən kimi qəhqəhə çəkib gülməyə başladı. Yerindən atılıb ayağa qalxdı, gülə-gülə Şəbnəmə yaxınlaşıb arxadan onu bərk qucaqladı.

– Əziz bacım, necə belə əminsən ki, gözlənilməz xərc çıxmayacaq sənin üçün? Həm də pula görə üzülməzlər. Əksinə sevin ki, hələ pul qazancaq şansın və gücün var. Hə, bir də ağlın, əlbəttə ki. Təsəvvür et, dünyada nə qədər insan var ki, heç zaman pul qazana bilməyəcək qədər bacarıqsız və şanssızdır!

Gülüşə bükülmüş bu hikmət dolu sözlər Şəbnəmi məsələnin qaranlıq aurasından çıxarıb məcburən gülümsəməyə və ümidlənməyə vadar edirdi.

– Doğrudur. Nəysə, mən yavaş-yavaş işə hazırlaşım. Yeməyə vaxtım çatmayacaq, amma sən yeyərsən. Dünən ilk maaşımdan səhər yemək üçün pendir, bir az da qaymaq almışam. Xoşlayırsan?

– Əlbəttə, xoşlayıram. Tələbəyə belə sual verərlər, bacı? Özü də ilk maaşla alınmış pendir, qaymaq bilirsən nə dadır? Bal!

Yenə gülüşə qərq oldu.

– Onda nuş olsun sənə.

– Qazancın bərəkətli olsun, əzizim. Həmişə işdə-gücdə, pullu-paralı, vəzifəli olasan. Dünən sənə deməyi unutmuşam. Anamla danışanda otaq yoldaşımın kim olduğunu soruşdu. Dedim, anacan, siz o qızı televizorda görürsünüz, amma mən hər gün canlı-canlı görürəm. Belə də dedim aa! Səninlə bir otağı bölüşdüyüm üçün niyə də lovğalanmayım ki?!

– Əşi, lap böyütdün sən də.

– Yox, elə olanı deyirəm!

Beləcə, Bənövşə Şəbnəmin “həyat eşqi”ni bərpa edib təbəssümlə sağollaşdı. Şəbnəm səhərdən bəri beynini qurd kimi yeyən pul məsələsini unutmuş, özünü daxilən xeyli sakitləşdirmişdi. İçinə qara bulud kimi dolan fikirlər yavaş-yavaş aydınlanırdı: “Ölüm olmayıb ki. Ən pisi odur ki, özümə gödəkcə ala bilmədim. Amma bu da dünyanın sonu demək deyil. İndi olmaz, gələn qış olar. Əsas odur ki, Bənövşə demiş, o pulu qazanacaq şansım və gücüm var. Lap ağlım da var. Pul itirmək niyə ağılsızlıq olsun ki? Ehtiyatsızlıqdır, sadəcə. Zamanla daha da ehtiyatlı olmağı öyrənərəm.”

Yol boyu arabir Bənövşənin göstərdiyi dəstək reaksiyasını da xatırlayır və yaşca ondan daha kiçik olsa da, hər vəziyyətdə müsbət düşünə bilmək bacarığına heyrət edirdi. Amma deyəsən, bunu özündən də gizlətmişdi.  Bənövşə hələ tibb texnikumunun 1-ci kursunda oxuyurdu. Şəbnəm isə universiteti bitirib iş həyatına yenicə başlamışdı. Amma Şəbnəm bütün doğru qərarlarında tərəddüdlü, ürkək, Bənövşə isə səhv etdiyi əməlində də haqlı görünəcək qədər özünə inamlı formalaşmışdı. İlk baxışda xoş qız idi – hər sözə güləcək qədər müsbət auralı, qarayanız, hündür, iri bədənli, gur və qısa saçlı, dar alınlı, girdə gözlü idi. İri dodaqları ilə burnu arasındakı tünd xal kənardan baxanda dodağına yapışmış böcək kimi görünürdü. Şəbnəmin diqqətini Bənövşənin görkəmində ilk olaraq bu xal çəkmişdi. Eyni otaqda yaşamağa başladıqları ilk gün dialoqları belə başlamışdı:

– Nə qəşəng xalın var.

– Qəşəng? İşləməyə başlayan kimi ilk maaşımla bu xalı əməliyyat etdirib götürəcəm.

– Məncə, bu səni özünəməxsus göstərir.

– İnanmaq istəyirəm ki, bu, kompliment deyil.

Bu əks xarakterli iki qız iki il eyni otağı bölüşmüşdü. Bənövşə xoş sözləri, həvəsləndirmə bacarığı ilə Şəbnəmin, Şəbnəm isə hər ay maaşı ilə aldığı şirniyyatlar, meyvəli yulaf, özü üçün mövsümdə bir dəfə aldığı bir-iki yeni geyimi ilə Bənövşənin sevimlisinə çevrilmişdi.

Başı işə-gücə qarışsa da, arabir əhvalını aşağı doğru çəkən oğurluq məsələsi beynində dolaşır, yenə çəkilib kənarda dayanırdı. Və beləliklə, əhvalı tez-tez dəyişir, dağınıq görkəm alırdı.

– Günorta efirinə oğurluq xəbərini də əlavə et. Mətninə göz at, düzəlişə ehtiyac varsa, et. Əhmədin çəkib gətirdiyini deyirəm.

Redaksiyada hər kəsin hörmət və ehtiyatla davrandığı Səlim müəllim gözünü kompüterin monitorundan çəkmədən tapşırıq verdi.

– Mən? – Şəbnəm ürkək halda cavab verdi.

– Bəli, sən. Redaktəyə elə bu mövzudan başla, nə də olsa, gündə ən azı bir oğurluq xəbəri olacaq xəbər blokunda. Bunu öyrəndinsə, o birilərini redaktə eləmək iki vur iki olacaq sənə görə.

– Səlim müəllim, bir az ağır mövzudu mənim üçün. Qanunvericilik, polis, məhkəmə, oğru, cinayətkar... – bu mövzuların adı gələndə məni həyəcan bürüyür, o ki qala o mövzuda xəbər hazırlamaq.

– Soyuqqanlı ol. Xəbər adamı elə olmalıdır. Bir də gördün göndərdik səni cinayət hadisəsini çəkməyə. Onda nə edəcəksən? Deyəcəksən, qorxuram?

– Ola bilər ki, elə deyim. Çünki, həqiqətən, qorxuram.

– Qorxa bilərsən, bu, normaldır. Amma onu hiss etdirməməlisən. Belə çıxır ki, sənin gözünün qabağında cibindən pul götürsələr, qorxundan səsini çıxarmazsan. Deyərsən ki, oğrudan qorxuram?

– Yəqin ki, elə edərəm.

– Böyü, Şəbnəm, böyü. Uşaqları oğrularla qorxudurlar. Amma böyüklər başa düşürlər ki, oğrular və cinayətkarlar ən qorxaq insanlardırlar, əslində. Onlardan qorxmaq lazım deyil, qətiyyən. Bu, ağılsız hərəkətdir. Həm də ki oğrular təkcə bizim pulumuzu, qızılımızı oğurlayan insanlar deyil ki. Böyüdükcə zamanımızı, sevgimizi, gülüşümüzü, illərimizi oğurlayanlar, ya da oğurlamaq istəyənlər olacaq. Onları heç kim ittiham etməyəcək, onlar həbs olunmayacaq. Elə əllərini, qollarını sallaya-sallaya gəzəcəklər aramızda. Məsələn, sən həyat yoldaşına xəyanət etdiyinə görə həbs olunan qadın, yaxud kişi görmüsənmi? Yox! Amma xəyanət edildiyinə görə qarşı tərəfə fiziki şiddət göstərən insan ittiham olunur mütləq. Cəzalandırılır. Az, ya çox, fərqi yoxdur. Mütləq cəzasını alır. Amma xəyanət edən etdiyi cinayətinə görə heç sorğulanmır. Ona heç kim demir ki, sən illərini, sevgisini, inamını aldığın bu insana qarşı mənəvi cinayət etmisən. Sən cinayətkarsan!

– Heç bunları düşünməmişdim... – Şəbnəm astaca dedi.

– Sən birinin barmağının ucunu kəssən, bura polis gələr, səni tutub apararlar. Amma birinin qəlbini qırıq-qırıq eləsən, sənə heç kim heç nə deyə bilməz. Bu şəhər gizli cinayətkarlarla doludur. Nə də olsa, qırılan qəlbin hıçqırığını heç kim duymaz. Qəlbdən axan yaşlar səssizcə Xəzərə tökülər. Birini aldatsan, yalan danışsan, qarşındakının inamına xəyanət etmiş olarsan. Sanki onun etimadını oğurlamış olursan. Təəssüf ki, buna görə heç kim sənə oğru deməz. Amma birinin 5 manatını oğurlasan, sən oğru sayılırsan, hər kəs səndən gen gəzər. Eşidən, bilən səndən oğru kimi danışar orda-burda. Belə çıxır ki, inam 5 manatdan ucuzdur. Təəssüf ki, yaradılışımız mənəvi aləmlə vəhdətdə olsa da, insanlıq üçün vacib olan yalnız maddi dünyadır – gördüklərimiz və toxuna bildiklərimiz. Ağıllı və tədbirli olmaq lazımdır. Gərək ətrafında olan o gizli cinayətkarları tez tanıya biləsən, onlardan uzaq olmağı bacarasan.

– Bəs 100 manatı oğurlayan necə, oğru sayılır?

– Əlbəttə. 100 manatı da, 5 manatı da, sənin zamanını da, inamını da, sevincini də oğurlayan oğrudur. Problem ondadır ki, biz insanlar pulumuzu, malımızı oğurlayanı ittiham edirik, o birilərini, ümumiyyətlə, oğru hesab etmirik. Sənin 100 manatını oğurlayan hər kimsə, sənin pulunla yanaşı, sənin inamına, etibarına xəyanət edib, sənin bir neçə günlük sevincini oğurlayıb, gülüşünə qənim kəsilib, sənin saflığından öz pis niyyəti üçün istifadə edib. Bunlar 100 manatdan daha dəyərli deyilmi? 100 manat yerinə qayıda bilər, amma itirilən hisslər, zaman? Onlar qayıdacaqmı?

– Bəs dediklərinizi oğurlayan adam itirdiklərindən narahat deyilsə, biz onlara bunu izah edə bilərikmi? O özünü yalnız oğurladığı pulu qazanmış zənn edir. İtirdiyi hisslər onu qətiyyən narahat etmir, doğrudurmu? Halbuki, bir oğurluq prosesində ən çox itirən oğrunun özüdür. Düz anladım?

– Elədir. Oğurladığı hər qəpik pulda, qızılda, hər nədirsə, onda bir az da özündən itirir. Sonda görkəmindən başqa heç nəyi insana bənzəmir. Sonunu gözləməyə ehtiyac yoxdur. Gördün, tanıdın, dəqiqləşdirdinsə, mütləq uzaq durmalısan. Sonunu özü gətirib sənə göstərəcək. Hələ gəl sənə məsələnin fəlsəfi tərəfindən başqa bir az gülməli tərəfindən danışım e. Edvard Munku tanıyırsan, yəqin. Norveçli simvolist rəssam. Ekspessionizmin görkəmli sələfi olub. Onun ən məşhur əsəri var ha, əlləri ilə başını tutub qışqıran adam. Əsərin adı "Qışqırıq"dır və Qərbdə “Mona Liza”dan sonra ikinci ən məşhur sənət əsəri hesab edilir. O əsəri ötən əsrin sonunda bir axmaq oğurlamışdı. Bu xəbəri oxuyanda dəli gülmək tutmuşdu məni. Adama deyərlər ki, ay axmaq, acsan, get çörək oğurla, ye. Axı bu sənətin mənasını, dəyərini anlayan insan niyə onu oğurlamaq istəsin? Yaxud niyə, ümumiyyətlə, oğru olsun?

Dərk edə bilməmişdim. İndi də dərk etmirəm. Düşünürəm ki, o, sadəcə, barəsində danışılsın, xəbər yayılsın, istəyirmiş. “Mono Liza”nın oğurluq tarixi daha qədimə söykənir. O daha tragikomikdir. Pah dədə. Oğurluğu da estetik, mədəni formada etmək olurmuş e. Pulun yoxdu, get Luvrdan “Mono Liza”nı oğurla, sat. Ağıla bax sən. Oğrunun da bəsiti, zəkalısı olurmuş, görəsən? Məncə, bunu araşdırmaq lazımdı. “Bir oğrunun düşüncələri” adı altında, məsələn. Bir insan necə oğruya çevrilir? Səmimi, ağıllı bir oğru tapıb danışdırasan. Bu da sənin jurnalistika fəaliyyətində ən heyrətamiz araşdırman ola.

Şəbnəm diqqətlə qulaq asır, söhbətin zarafat, yaxud ciddi olduğunu anlamağa çalışırdı. Səlim müəllim arabir danışdığı fikirlərə qəhqəhə çəkir, anidən də ciddiləşirdi. Danışdıqca söhbətin dərinliyinə varır, az zamanda mövzuya müxtəlif aspektlərdən yanaşma tətbiq edirdi.

– Məndən sənə məsləhət, bu mövzunu araşdır. Oğru azlığıdır? Adicə bir parkda gəzişən 10 cütlükdən beşi oğrudur- qarşısındakının saf hisslərini qarət edir. O biri də zərərçəkən.

 

Bu yarızarafat, yarıciddi dialoqumuzdan 10 il keçmişdi. Daha oğrulardan qorxmurdum. Redaksiyada bir cümləmi də oğurlayan olsa, Səlim müəllim ilk gündəki kimi ata qayğıkeşliyi ilə mənə sətiraltı xəbərdarlıq edirdi: “Oğrunu tanı, uzaqlaş”. Hər sözümə də xüsusi himayə göstərirdim. Səlim müəllimin dediyini qulaqlarıma sırğa etmişdim:”Kim deyir ki, kitab oğurluğu oğurluq sayılmır? Söz oğrusu da oğrudur!”

Nahara yaxın xəbər otağında yenə ağız deyəni qulaq eşitmirdi. Biri əlində vərəq redaktorun yanına qaçır, biri kompüterin ekranına zillənib diqqətlə mətni tamamlamağa çalışır, biri səsləndirmə otağına yüyürürdü. Həmişəki kimi ölkədə baş verən ən son xəbərləri operativ və dəqiq çatdırmaq üçün ondan çox insan var gücü ilə zehni əmək sərf edirdi. Dəqiqələr sonra gözəl bir xanım ekrandan hər kəsi salamlayacaq, bu qarışıqlıqdan, səs-küydən uzaq şəkildə, saatlardır hazırlanan xəbərləri aramla, dəqiqliklə insanlara çatdıracaqdı. Anidən Səlim müəllim məni səslədi:

– Şəbnəm, günorta xəbərini hazır etmisənsə, axşam xəbərinə çatdırılacaq çəkiliş var. Naharını tezləşdir, get çəkilişə. Mövzu budur ki, paytaxtda beş nəfərdən ibarət oğru dəstəsi saxlanılıb, bir neçə evdən oğurluq ediblər. Sonuncu oğurluqlarında polis onları iş başında yaxalayıb. De ki, sənə canlı-cüssəli operator versinlər, zirək olsun.

Şəbnəm üçün tələsik nahar etmək və vaxtında çəkiliş məkanına – hadisə yerinə çatmaq vərdişə çevrilmişdi. Həmişəki kimi qalın dəftərçəsi də yanında idi. Səlim müəllimin verdiyi qısa məlumat əsasında ünvanlayacağı sualları dəftərçəyə qeyd etmişdi. Ayın tarixini, saatı, ünvanı da vərəqin başlığına əlavə etdi. Bu, onun ilk iş günündən adəti idi – çəkilişin tarixini, saatını və ünvanını qeyd edirdi. Şəbnəmin bu adəti Səlim müəllimin də zarafatına çevrilmişdi: “Efir arxivi də silinsə, Şəbnəmin o qara üzlü dəftərçəsindən heç nə silinə bilməz”.

Çəkiliş qrupu polis idarəsinə çatanda oğrular gətirilməmişdi. Təxminən 10-12 dəqiqə dəhlizdə gözlədikdən sonra dəhlizə guppultu ilə ayaq səsləri doluşdu. Ard-arda beş oğrunun hər birini iki polis gətirirdi. İlk iki oğru qadın idi... Polislər hər birinin başını boynunun dibindən aşağı əymişdi, birinin sarı, o birinin şabalıdı saçları önə doğru sallanırdı. Şəbnəm bir əli ilə iki gözünü qapayıb o biri əli ilə qara dəftərçəsini sinəsinə sıxmışdı. Yəqin ki, təbiətinə uyğun olaraq, yenə hadisəyə çox həssaslıqla yanaşıb harda olduğunu və bura niyə gəldiyini unutmuşdu.

– Şəbnəm, indi dindirilmə olacaq. İçəri girək. Çəkilişin icazəsi alınıb.

Operatorun asta səslə dediyi sözlər Şəbnəmi səksəndirdi.

– Hə, hə. Girək içəri.

Şəbnəm dəftərçəsini vərəqləyib sualları gözdən keçirdi. Müsahibəyə nə ilə başlayacağını müəyyən etdi. Sonra bir-bir oğruların gözünün içinə baxmağa başladı. Üç kişi oğrunu aramla süzdükdən sonra qadınları nəzərdən keçirdi. Hər ikisi üzünü əlləri ilə örtmüşdü. Amma nimdaş ayaqqabıları, köhnə paltarları, səliqəsiz saçları, baxımsız dırnaqlarına baxıb onların vəziyyətinə yalnız üzülmək olardı. Kim bilir, daha necə pis vəziyyətlərə düşəcəkdilər. Kim bilir, onları hansı zillətlər gözləyir. Kaş ən başdan zəhməti sevərdilər. Zəhməti sevsəydilər, zillətə düşməzdilər.

– Əllərinizi aşağı salın, – Polis sərt şəkildə əmr etdi.

– Burda utanmaq lazım deyil, oğurluq edəndə utanmaq lazım idi.

Qadın oğrulardan biri əlini astaca aşağı endirdi. Saçları sarı olsa da, qaşları zil qara idi. Görünür, rəngi təkcə doğuluşdan qara deyildi, qara-qura həyat tərzi görkəmini daha boğunuq etmişdi. Sırada ilk dayanmış kişi oğrulardan biri danışmağa başladı:

– Məcbur qalmışıq oğurluq etməyə. Adətən, villalara oğurluğa girirdik. Əvvəldən izləyirdik, ya da qızları təmizlik adı ilə göndərirdik, onlar ev sahibəsinin inamını qazanıb evin girişini-çıxışını öyrənəndən sonra vaxt təyin edib “işləyirdik”.

– İşləyirdik? – Şəbnəm təəccüblə soruşdu.

– Bunlar öz arasında ona işləmək deyirlər, – polis dedi.

Oğru heç bir suala ehtiyac duymayan, əməllərini əvvəldən sona qədər, əzbərləyibmiş kimi birnəfəsə nağıl etdi. Deyəsən, nəyi necə və kimin danışacağını öncədən aralarında bölüb təyin etmişdilər. Çünki nitqini tamamlayan kimi yanındakı oğru davam etməyə başladı:

– Məcbur qalmışdıq. Evdə ailə, uşaq bizdən çörək gözləyirdi. Kim istəyər, oğru olsun?

“Kim istəyər oğru olsun?”– Şəbnəm cümləni astaca təkrar etdi. O, beynindəki suallara oğruların nitqində cavab axtarırdı. “Doğrudanmı heç kim oğru olmaq istəmir?”, “Oğurluq seçimdir, ya çıxış yolu?”, “Görəsən, oğurladıqları pul, yoxsa itirdikləri inam daha çox incidir onları?”.

Üçüncü kişi oğru davam etməyə başladı:

– Peşmanam əməlimdən.

– Bir insan necə oğruya çevrilir? – Şəbnəm dəftərçəsinə qeyd etdiyi ilk sualı ünvanladı.

Sırada 4-cü dayanan, iki qadın oğrudan birincisi başını anidən dikəltdi. Alnına iki dərin qırış düşmüşdü, gözləri girdə və enerjili idi. Əməlindən peşmanlıq duyacaq kimi görünmürdü. Burnu ilə dodağı arasındakı qara xalı hələ də yerində idi.

  Bənövşə, bir insan necə oğruya çevrilir? – Şəbnəm sualın ünvanını tapmış şəkildə cümləni təkrar etdi.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.