ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə, 26 Fevral 2025 16:35

BİRİ İKİSİNDƏ – Zəhra Namazlının debütü

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün debüt vaxtıdır, Zəhra Namzalının araşdırma-məqalə təqdimatıdır.

 

 

KEÇMİŞ TARİX VƏ TARİXİN KÖLGƏSİNDƏ BU GÜN 

 

Tarixin kölgəsinə nəzər salmaq gələcəyə daha da ümidlə  addımlamağa və geniş məlumat kütləsini təhlil etməyə imkan verir. Tarixi qədim olan bir ölkə dərin köklərə sahibdir və müasirliyi də bir o qədər çoxşaxəlidir. “Qədim xalq” anlayışı etnik tarixi olan bir ölkənin zəngin göstəricisidir. Azərbaycan xalqı tarix boyu keşməkeşli yollardan keçmiş və dövrümüzdəki müasir mühitdə, modern cəmiyyətdə inteqrasiya edərək beynəlxalq səviyyədə böyük nüfuza sahib olmuş, yüksək tribunalarda ev sahibliyi etməyə vəsiqə qazanmışdır. 

 

Keçmiş Azərbaycan xəritəsinə nəzər salsaq, antik dövrün izlərini araşdırsaq, daha aydın olar ki, ibtidai icmanın qalıqları həkk olunmuş zəngin torpağın irsi silinməz bir tarixdir. Arxeoloji araşdırmalar nəticəsində belə yekun qənaətə gəlmək olar ki, Böyük Qafqaz, Kiçik Qafqaz, Dağlıq Qarabağ, Aran və digər coğrafi relyeflər sirlərlə dolubdur. Bu sirlər tarixi köklərə dayanan zəngin irsdir. Füzulidə Azıx mağarası, Qazaxda Damcılı bunların bariz sübutlarıdı. Daha sonra e.ə IX-e.ə VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət olan Manna yarandı. Manna qədim Azərbaycan torpaqlarında yaranan ilk mərkəzləşdirilmiş dövlət hesab olunur. Azərbaycan dövləti  antik mühitin digər  müxtəlif milli etnik köklərinə bağlı olmuşdur. E.ə III minillikdə bu regionda mövcud olmuş qədim lulubi, kuti, sak tayfaları tayfa ittifaqlarının bilavasitə varisi idi.

Bu tarixin ardı olaraq e.ə IV əsrdən Azərbaycan ərazisində Qafqaz Albaniyası çarlığı mövcud idi. Regionun digər cənub-şərq hissəsi isə Atropatenanın tərkibində idi. Xronoloji ardıcıllığa əsasən, VIII əsrdə Atropatena və Albaniya Ərəb xilafətinin tərkibinə daxil olur. Və beləliklə, qədim xalqımız İslam mədəniyyəti ilə tanış olur. Baş verən digər xarici müdaxilələr və separatçı qüvvələrlə münaqişə yeni bir eranın başlanmasına zəmin yaradır. Azərbaycan tarixinə nəzər yetirsək, ən qədim dövrdən ən yeni tarixə kimi çoxəsrli ardıcıllığı olan antik bir ensiklopedik mənzərəylə rastlaşarıq. Antik tarix bizə məlum olan faktlar, araşdırmalar, ardıcıl xronologiya, tarixi siyasi-iqtisadi əlaqələr, dövlətlər arasında qarşılıqlı imzalanmış müqavilələr, tərtib olunan sazişlər, müharibələrin yaratdığı dağıntılar, xalqlar arasında qeyri-humanist rəftarın soyuq müharibə ilə nəticələnməsi və digər faktorlar. Tarix yalnız müharibələr, dağıntılar, nəhəng insan tələfatının nəticələndiyi qarşıdurmalar və savaşlardanmı ibarətdir? Genişləndirmə, vur, parçala anlayışının aktual olduğu bir zamanda yalnız dürüst hökmdarın və doğru siyasətin orduya başçılıq etməsindən başqa çarə görünmürdü. Müharibə hər hansı bir xalq, millət üçün dəhşətli nəticəsi olan fəlakətdi. Dövlətlər, tayfalar, siyasi qruplar və onların hərbi birləşmələri arasında hərbi əməliyyatlar formasında gedən münaqişə müharibə anlayışını yaradır. Böyük alim Albert Eynşteyn deyir: "Suveren dövlətlər mövcud olduqca müharibə qaçılmazdır! Əgər müharibə varsa, iki tərəfdən biri ya uduzmalı, ya da qalib gəlməlidir. Lakin tarix yalnız müharibə deyil, tarix zəngin mədəniyyət, incəsənət, elm, musiqi, ədəbiyyat, etnoqrafiya – bir sözlə, dərin və silinməz irsdir. Bir çox elm sahələri hələ bir neçə minilliklər bundan qabaq kəşf olunmuşdur. Bu isə bizə tarixin demək istədiklərini müəyyəm anlayış çərçivəsində izah edir".

Azərbaycan tarixinə nəzər yetirsək, çox dolğun şəkildə və sadə dillə desək, hələ qədim dövrdə yaranan dövlətlərin təsir dairəsini aydınlaşdırmaq bizə lazımi əsaslar verər. İlk öncə aşağıdakı mərhələlərdən keçərək bir daha Azərbaycan tarixinin  necə zəngin və qədim olduğunu sübut edərik. Bunun nəticəsində dərin köklərə əsaslanan böyük mənbələrə nəzər yetirək. İlk öncə tarixin intibah dövrü olan nəhəng bir quruluşun – feodalizmin bu relyefdə yaratdığı yenidənqurma dövrünə və ilk yaranan Azərbaycan torpaqlarındakı müstəqil dövlətlərin ardıcıllığına nəzər yetirək.

İlkin yaranan feodal dövlətlər: Şirvanşahlar, Salarilər, Sacilər, Rəvvadilər, Şəddadilər Cənub-Şərqi Qafqazda, əsasən, indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində mövcud olmuşdu. 1000 illik tarixə köklənən sülalənin yaratdığı hakimiyyət Azərbaycan orta əsrlər tarixində silinməz bir iz qoydu. XI əsrdə Azərbaycan torpaqları Böyük Səlcuq imperiyasının tərkibinə daxil olmuş və Azərbaycan xalqının formalaşmasında mühüm bir rol oynamışdır. X əsrdə Azərbaycan xalqının formalaşması prosesi sona çatdı. Tarixin iziylə getsək, xarici hücumlara məruz qalmış və torpaq istilaları ilə nəticələnən bir çox məlumatlar aşkar edərik. Teymurilərin və monqolların Azərbaycan torpağına basqınları və uğurlu yürüşləri yeni hadisələr üçün zəmin yaratdı.

XVI əsrdə yaranan Səfəvilər dövləti tarixdə yeni və uzun bir başlanğıc oldu. Şah İsmayıl Xətainin hakimiyyəti dövrü xalqın qırılmaz mübarizə əzmində silinməz bir iz qoydu. Bəli, ilk dəfə Azərbaycan tarixində  müstəqil dövlətin yaranması Səfəvilər sülaləsinin adı ilə bağlıdır. XVI əsrdən etibarən eyni sülaləyə mənsub olub müxtəlif hökmdarlar xarici və daxili qüvvələrlə misilsiz mübarizə apardılar.

1747-ci ildən XIX əsrə kimi Azərbaycan ərazisində xanlıqların hakimiyyəti hökm sürür. Müxtəlif regionlarda ayrıca müstəqil xanlıqların yaranması möhkəmləndirmə siyasətini bir daha bəyan etdi. Azərbaycanın şimalında yeni politik qüvvə, cənubunda, şərqi və qərbində digər iqtisadi, aqrar islahatlar həyata keçirildi.

Azərbaycan torpaqları əsrlər boyu cənubda ərəblərin hücumuna, şimaldan isə Rusiya imperiyasının təcavüzünə məruz qalıb. Xanlıqların hakimiyyətindən sonra XIX əsrdə torpaqlarımız Rusiya imperiyasının tərkibinə daxil oldu. Və bunun nəticəsində Azərbaycan torpaqlarında xanlıqlar hakimiyyətinə son qoyuldu, ərazi quberniya və əyalətlərə bölündü.

Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Daha sonra 1920-ci ildə yaranan Azərbaycan SSR 1936-cı ildə SSR-nin tərkibinə daxil oldu. Ta ki 1991-ci ilə kimi Azərbaycan SSR-nin tərkibindən çıxıb müstəqilliyini elan edənə kimi. Bu uzun sürədə bir xalqın tarixi ən əsaslı şəkildə desək, arxeoloji abidələri, tarixi irsi, ədəbiyyatı, mədəniyyəti haqqında geniş bir məlumat toplusu yaradır.

Bunlara əsaslanaraq yeni tarixə nəzər saldıqda II Dünya müharibəsindən sonra XX əsrin birinci və ikinci yarısında Azərbaycan SSR mədəniyyəti yarandı və çiçəklənmə, intibah dövrü keçdi.

40-60-cı illərdə iqtisadi inkşafa nəzər yetirsək, görərik ki, II Dünya müharibəsi ölkənin təsərrüfatına və sənayesinə ağır zərbələr endirdi, işğal olunmuş Sovet əraziləri azad olunduqca Respublikada xalq təsərrüfatı bərpa edilirdi. Neft sənayesinə yeni texniki avadanlıq, təchizat və texnologiyaların tətbiqi genişləndi, yeni neft yataqları istismara verildi. Dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft çıxarılmasına başlandı.

1947-ci ildə açıq mədəndə neft eskadaları quruldu. Dənizdə qazılan kəşfiyyat quyusu 1949-cu ildə fontan vurdu. Azərbaycanın təcrübəli neftçiləri Sovet İttifaqının müxtəlif regionlarında, xüsusən Volqaboyu və Uralda yeni neft yataqlarının kəşfində və istismarında böyük xidmətlər göstərdilər. Bu dövrdə Azərbaycanda Sumqayıt, Daşkəsən, Mingəçevir, Şirvan kimi yeni sənaye mərkəzləri yaradıldı. Bu dövrdə Sumqayıt şəhəri böyük kimya və metallurgiya şəhərinə çevrildi. Tezliklə burda Azərbaycan əlvan metallurgiyasının ilk müəssisəsi – Alüminium zavodu işə salındı. Burda nəhəng kimya kombinatı, sintetik kauçuk, boru-prokat zavodları işə salındı.

1945-1954- cü illərdə Cənubi Qafqazda ən böyük Su Elektrik Stansiyası Mingəçevirdə, Abşeronda Dövlət rayon elektrik stansiyası, Daşkəsəndə Filizsaflaşdırma kombinatının əsasları qoyuldu. 50-ci illərdə SSR-də ən böyük tikinti müəssisələrindən olan Qaradağ sement zavodu işə salındı.

1950-ci illərin II yarısı, 60-cı illərində Bakıda poladəritmə, soyuducu və şin zavodları, Sumqayıtda superfosfat və neft-kimya, Mingəçevirdə kabel, Gəncədə alüminium zavodu, Şirvanda İşıq Elektrik Stansiyası istismara verildi.

70-ci illərdə artıq əhalinin 50%-i şəhərdə məskunlaşmışdı.Bu səbəbdən sanaye şəhərlərinin yüksək inkşaf etməsi, yeni sənaye sahələrinin yaradılması əsaslı rol oynadı. Bütün bunlar əhalinin sosial rifahının yüksəlişinə münbit zəmin yaratmışdı. 1947-ci il dekabırın 14-də ərzaq və sənaye mallarına kartoçka sistemi ləğv edildi. 1967-ci ildə noyabırın 6-da Yaxın Şərqdə ilk metropoliten, Bakı metrosu istismara verildi.

Halbuki bu tarixdə totalitar rejim davam edirdi. Güclü totalitar rejimin təmin olunmasında Stalinin, Azərbaycanda isə Bağırovun şəxsi nəzarəti altında işləyən  Dövlət Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin mühüm rolu vardı.

Rusiya imperiyası bir çox ziyalıları, yazıçıları, alimləri təqib etməyə başladı və bir çoxlarını həbs edir, güllələyir və yaxud uzaq ölkələrə sürgün edirdilər. Repressiya qurbanlarını amansızca ağlagəlməz işgəncələrə məruz qoyurdular. Rusiya şərqşünaslıq elminin banisi Mirzə Kazımbəy çarizmə sədaqətlə xidmət etməkdə günahlandırıldı. “Kitabi-Dədə-Qorqud” dastanı feodal həyatını əks etdirən epos kimi dəyərləndirildi, tətqiqatçıları təqib edilməyə başlandı.

Akademik Heydər Hüseynovun 1949-cu ildə çap olunmuş “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixində” əsərində təsvir olunmuş Şeyx Şamilin başçılığı ilə xalq hərəkatı çarizmin müstəmləkəçilik siyasətinə qarşı mübarizə kimi qiymətləndirildi. Bu əsərə görə ona verilmiş Stalin mükafatı geri alındı.

Bu illərdə, əlbəttə ki, erməni fitnəkarlığının müxtəlif sahələrdə təşəbbüsü davam edirdi. Azərbaycanda yaradılan yeni sanaye mərkəzlərinə bir çox erməni ailələri köçürülürdü. Bu da deportasiya siyasətinin ilkin addımlarıydı.

1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı fərmanda 1948-1953-cü illərdə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası etnik təmizləmə və soyqırımı siyasəti qətiyyətlə pisləndi.

Xalq maarifi və mədəni maarif müəssisələrinin əasasının qoyulması mədəni inqilabın başlanğıc xronologiyası idi. İnqilabadək əhalinin yalnız 10%-ə qədəri savadlı idi. Sovet hakimiyyəti illərində ümumi icbari təhsil həyata keçirilmişdi. Bu isə xalqın maariflənməsində elmə olan marağın artırılmasında mühüm bir rol oynadı. Bir neçə məktəb, ali təhsil müəssisələri, texniki və peşə məktəbləri istismara verildi. Mədəni maarifə də olan maraq bir o qədər çoxalmışdı. Kütləvi kitabxanalar, klub, müəssisə, dövlət muzeyləri buna bariz nümunədir.

Azərbaycan xalqının xilaskarı, tarixdə böyük və silinməz bir iz qoymuş şəxsiyyət, humanizim və qayğının hökm sürdüyü bir dövrə rəhbərlik edən dahi şəxsiyyət – Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqının həyatında yeni bir səhifə idi. Bu səhifə qaranlıq yollarda yorulmuş və tükənmiş bir xalqın gələcəyə ümidlə baxması və günəşli bir günə oyanışı idi. Mərd, vətənpərvər hisslərin ali olduğu bir millətin güclü və sarsılmaz siyasəti olan hökmdara ehtiyacı vardı. Nəzər saldığımız bütün tarix boyu bir çox məyus olduğumuz hallarla rastlaşdıq. Amma bir xalq olaraq heç bir zaman boyun əymədik və sarsılmadıq. Sanki əsrlər boyu güclü bir sərkərdənin gəlişini gözləyirdi xalqımız. Ulu öndər yalnız Azərbaycan tarixində deyil, bütün dünya tarixində güclü bir lider idi. Xalqa verdiyi siyasi töhfələr bir sivilizasiya üçün yenidən quruluş və yenidən oyanış idi sanki.

Bu irsi davam etdirən, azərbaycanlı anlayışını bütün dünyaya beynəlxalq tribunadan bəyan edən, bütün çətinliyi və ağırlığıyla bu çətin missiyanı öz üzərinə götürən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixdə silinməz bir iz qoydu. Prezident İlham Əliyev böyük tarixi şəxsiyyət, böyük dövlət xadimi və böyük strateqdir. Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir. Tarixi təcrübələr göstərir ki, tarixi-siyasi, coğrafi şəraitindən, siyasi sistemin xüsusiyyətlərindən asılı olmayaraq, liderlik fenomeni xalqların gələcək taleyində, milli dövlətin inkişafında aparıcı rola malikdir. Prezident İlham Əliyev strateji hədəfləri reallığa çevirməklə möcüzə yaratdı. Milli dövlətçilik tariximizin inkişaf mərhələləri çoxəsrlik keçmişə dayanır və olduqca keşməkeşlidir.

XX yüzilliyin sonunda yenidən müstəqilliyə qovuşan Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Tarixi Azərbaycan torpaqları müasir sivilizasyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

          

 

 

Nurəddin  Ədiloğlu,  yazıçı-jurnalıst, “Ədəbiyyat və incəsənət” üçün

                                                                                    

Martın 4-də Azərbaycan Dillər Universitetində görkəmli yazıçı, tərcüməçi, publisist və nüfuzlu pedaqoq, filologiya elmləri doktoru,  professor Zeydulla Ağayevin 80 illik yubileyinə həsr olunmuş “İntizarın səssiz sədası” adlı xatirə gecəsi keçiriləcək. Sözsüz ki, gecədə mərhum alimin zəngin ədəbi irsindən, tərcümə sahəsində özünəməxsus xidmətlərindən, xatirələrdə közərən mənalı və şərəfli ömür yolundan bəhs olunacaq.

 

Ən ümdəsi, vaxtilə çiyin-çiyinə çalışdığı həmkarları Zeydulla Ağayevin elmi və pedaqoji fəaliyyətindən, tələbələri isə onun öz mənəvi varidatını qoruyan, ziyalı adını uca tutan humanist bir müəllim olduğundan söhbət açacaqlar. Əminəm ki, şəfqət və ülfət ayı sayılan mübarək Ramazan günündə xatirə gecəsi Zeydulla müəllimin əziz ruhuna layiqli hədiyyə olacaqdır.

Bəli, ömrünün 69-cu ilində haqqın dərgahına qovuşan yazıçı-tərcüməçi, filologiya elmləri doktoru, professor Zeydulla Ağayev dünya durduqca cəmiyyətdə həmişə yeri görükən, xeyirxah əməlləri ilə ÖLMƏZLİK HAQQI qazanan vətənpərvər ziyalılarımızdan biri kimi xatırlanacaq!

Bizim ölkəmizdə Zeydulla Ağayevi kim tanımırdı ki?! Onun istedadı, zəhmətsevərliyi, eləcə də humanistliyi, əxlaqı keyfiyyətləri təkcə bizim ölkədə deyil, ədəbi əlaqələr sahəsində əməkdaşlıq etdiyi xarici ölkələrdəki məşhur həmkarlarına, qələm yoldaşlarına da bəlli idi...  

 

AYZEK ƏZİMOVUN AZƏRBAYCANLI QONAĞI

1989-cu ildə Zeydulla müəllim ABŞ-da uzunmüddətli ezamiyyətdə olarkən dünya şöhrətli Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq kimi yazıçılarla şəxsən tanış olmuşdu. Sonralar onlarla məktublaşar, ədəbi əlaqələrini bu və digər şəkildə davam etirirdi. Hətta Zeydulla müəllim görkəmli fantast yazıçı Ayzek Əzimovun sağlığında Nyu-York şəhərindəki evində qonağı olmuş, ondan maraqlı müsahibə də götürmüşdü. Səmimi söhbət zamanı Ayzek Əzimov Zeydulla müəllimə əslən Azərbaycanın Quba rayonundan olduğunu etiraf etmişdir.

Amerika səfərindən sonra Zeydulla müəllim öz həmkarları ilə söhbətlərində, eləcə də mətbu yazılarında soykökü Quba yəhudilərindən olan Ayzek Əzimov kimi nəhəng şəxsiyyətlərdən Azərbaycan həqiqətlərini dünyaya yaymaqda istifadə etməyin necə əhəmiyyətli olduğunu vurğulayırdı. 

 LUİZİANA ŞTATININ FƏXRİ VƏTƏNDAŞI

 Zeydulla Ağayev Azərbaycan-ABŞ ədəbi əlaqələrinin yorulmaz və fəal tədqiqatçı idi. Bu sahədə xidmətlərinə görə ABŞ-ın Luiziana ştatının Fəxri vətəndaşıadına layiq görülmüşdü. Dəfələrlə ABŞ-da elmi ezamiyyətdə olan cəfskeş alim iki il ərzində Vaşinqton və Kaliforniya Universitetlərində çalışaraq elmi araşdırmalar aparmışdı. Eyni zamanda dünya universitetləri arasında mükəmməl reytinqə sahib olan Los-Anceles Universitetində mühazirələr oxumuşdu.

Zeydulla müəllim Allahın ona bəxş etdiyi istedadla yanaşı çox səmimi, qədirbilən, dostcanlı, alicənab insan idi. Ehtıyacı olanlardan heç vaxt əlindən gələn köməyi əsirgəməzdi. Sanki Allah-təala ona yaşından xeyli gənc görünməyi ürəyinin saflığına, dürüstlüyünə görə mükafat olaraq vermişdi. Bir dəfə Azərbaycanın xalq şairi Nəriman Həsənzadə ilə Zeydulla müəllim haqqında söhbət edərkən dedi ki, onun gənc və şux qalmasının səbəbi xeyirxahlığından irəli gəlirdi.

 

 "MƏSLƏKİM – TƏRCÜMEYİ-HALIMDIR"

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri və çoxşaxəli fəaliyyət göstərmiş Abbas Səhhətin bu məşhur fikrini Zeydulla müəllimə də şamil etmək olar. Azərbaycanın adını onun hüdüdlarından uzaqlarda zirvəyə qaldıran professor Zeydulla Abdulla oğlu Ağayev 80 il əvvəl Masallının axarlı-baxarlı Qəriblər kəndində dünyaya göz açmışdı. Uşaq vaxtı  o da öz yaşıdlarıyla Şır-şır bulağın dişgöynədən suyundan içmiş, Təkkeçidin dar, taxta körpüsündən keçib Dəmbəlovun zirvəsinə çıxmışdı. Buradan İstisu ətrafı zümrüd rəngli palıd meşələrini, qıvrıla-qıvrıla  dağların qoynundan dənizə can atan Viləş çayının gözoxşayan mənzərələrini seyr etmişdi.

Rayon mərkəzində orta təhsilini başa vurandan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş, ali təhsilini 1968 - ci ildə uğurla bitirmişdir. Elə həmin təhsil ocağında 1969-cu ildən 1983-cü ilədək çoxtirajlı “Bilik” qəzetinin redaktoru, 1983-cü ildən 1994-cü ilədək Azərbaycan Dillər Universitetində tərcümə kafedrasının müəllimi, baş müəllimi, dosenti, sonra professoru, 2000-ci ildən 2005-ci ilədək elmi işlər üzrə prorektor, 2007-2009 – cu illərdə Azərbaycan Universitetində kafedra müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.

Zeydulla müəllimin yazıçı kimi imzası ötən əsrin 80-ci illərindən Azərbaycan oxucusuna “Məhəbbət nəğməsi”, “Beş günün intizarı”, “Yenilməzlik”, “Dünyanın düz vaxtı” və s. nəsr kitablarından çox yaxşı tanış idi.  Bu əsərlərdə  yazıçının toxunduğu problemlər demək  olar ki, indi də öz aktuallığını itirməyib.

 

 “TƏRCÜMƏÇİ ƏSƏR MÜƏLLİFİNİN TALE SÖYKƏNCİDİR”

 ...Öz orijinal nəsr əsərləri ilə yanaşı, o, həm də gözəl mütərcim idi. Tərcümə ədəbiyyatında sahəsində də böyük uğurlara imzasını ataraq, Cek London, Artur Konan Doyl, Teodor Drayzer, Ernest Heminquey, Ayra Levin,  Somerset Moyem, Ayzek Əzimov,  Elton Sinkler, Con Sommerfild,  Artur Heyli kimi dünya şöhrətli yazıçıların roman, povest və hekayələrini dilimizə çevirib, çap etdirmışdır.

1988-ci ildə  “Yazıçı” nəşriyyatında çapdan çıxmış tanınmış  ABŞ yazıçısı Artur Heylinin “Aeroport” romanı milli ədəbiyyatımızın tarixində  birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş ilk əsərdir. On il sonra Zeydulla müəllim oxuculara Ayra Levinin “Ölümqabağı öpüş” romanını (Bakı, Hərbi nəşriyyat, 1998)  təqdim etdi. Zeydulla müəllim mənimlə söhbətlərində  deyərdi ki, tərcüməçi  əsər müəllifinin TALE  söykəncidir.

Bədii ədəbiyyat tərcüməsində kamil sənətkar zirvəsinə yüksələn Zeydulla müəllim Azərbaycan yazıçılarının da  hekayə və pyeslərini ingilis dilinə çevirib “Modern Azerbaijan Prose” (Bakı, Azərnəşr, 2003)  kitabını çap etdirmişdi. Bu kitaba  İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının əsərlərindən ingilis dilinə tərcümə etdiyi nümunələri daxil etmişdir.

Erməni millətçiliyinin iç üzünü tutarlı faktlarla ifşa edən Samyel UimzinErmənistan - terrorçu “xristian” ölkəsinin gizlinləri” kitabı (Bakı, Azərnəşr, 2004) professor Zeydulla Ağayevin rəhbərliyi və təşəbbüsü ilə ingiliscədən tərcümə olunaraq rus dilində böyük tirajla çap edilmiş və MDB məkanında olan ölkələrdə yayılmışdır.        

                                    

 ZEYDULLA MÜƏLLİMİN “HARAY”I

 2005-ci ildə Zeydulla Ağayevin ingilis yazıçısı Somerset Moemin “Qisas” povesti əsasında yazdığı “Haray” faciəsinin Azərbaycan Dövlət Gənclər Teatrında tamaşası göstərildi. Bu səhnə əsəri tamaşaçılar və teatr mütəxəssisləri tərəfindən çox rəğbətlə qarşılandı. “Haray” tamaşası İkinci Dünya müharibəsinə həsr olunsa da  xalqımızın Qarabağsız çağlarıyla səsləşirdi,  əsərdə “Qara bağrımız nə vaxt NİCAT tapacaq?” deyə haray çəkən qadın qəhrəmanı sanki Azərbaycanın qəhrəman oğullarını erməni faşiszminin işğalı altında olan Qarabağı azad etməyə  çağırırdı... Zeydulla müəllim həmin səhnə əsərində baş verən hadisələri Qarabağla bağlamaq məqsədi güddüyünü  özü də etiraf edirdi…

 

DÜNYA VAXT GİRİNCİDİR...

Mənim yaddaşıma Zeydulla müəllim elə ilk görüşümüzdən xeyirxahlığın, mənəvi zənginliyin, ziyalılığın mükəmməl obrazı kimi həkk olunub. 45 yaşı olanda ondan rəhmətlik  Məmməd Kazımın təsis etdiyi “Qala” qəzeti üçün aldığım “Dünya vaxt girincidir” adlı müsahibəni belə bir sualla başlamışdım: “Dünyanın düz vaxtı” kitabının müəllifi dünyanın əndişəli çağında nə fikirləşir?” Zeydula müəllim dedi ki: “Dünya yaranandan düz vaxtı olmayıb! Hətta tarixçilərin dediyinə görə müharibəsiz, qansız-qadasız dünya cəmi-cümlətanı 280 gün “ömür sürüb.” Dünyanı əndişəli eləyən insandır. İnsan – yer üzünün məhsuludur. Yer üzü nahamvardı, girintili-çıxıntılıdır. İnsan da öz təbiəti etibarı ilə yer kürəsinə bənzəyir. Baxın,  kosmosu insan kəşf edir, yerin tərkini insan öyrənir, gəl ki, heç vaxt özünü öyrənib qurtara bilmir və görünür bilməyəcək də... Bir mahnıda deyildiyi kimi: Dünya köhnə dünyadı... Təzələnənsə insanlardı, yaşayış tərzimiz, sosial qayğılar, ədəbi mühütimiz, maddi və mənəvi durumumuzdu...”

Bu müsahibədən iki il sonra - 1992-ci ilin payızında mənim təşəbbüsümlə Masallıda keçirilən həkim, alim, bəstəkar Mirkazım Aslanlı -Sarəngin 80 illik yubileyində görüşdük. Sarəngi yaxından tanıyan və onun tərcümələrini vaxtilə redaktor olduğu “Bilik” qəzetində dərc edən Zeydulla müəllim yubileydə çox maraqlı çıxış elədi.

 

DÜNYANIN DÜZ VAXTININ ADAMI…

2005-ci ildə Sarəngin həyat və yaradıcılığı haqqında qələmə aldığım “Yarımçıq qalmış şikəstə” kitabıma Zeydulla müəllim rəy verib, “Doğma yurda övlad məhəbbəti ilə...” başlıqlı ön söz yazdı. Və təkcə rəy verib ön söz yazmadı, həm yazdığım əlyazmanın üstünə 100 dollar qoyub dedi: “Əlim yüngüldür, bu kitab tez nəşr ediləcək. Sənin xoşbəxtliyin ondadır ki, öz məhdud maddi imkanlarına və gözəl qələmin, qəlbin olmasına baxmayaraq, daimi iş yeri axtara-axtara ünvanlar dəyişdiyin bir vaxtda  müqəddəs bir işin qulpundan yapışmış və bu kitabı bizim mühakiməmizə ərmağan etmisən!..”

Doğrudan da dediyi kimi, əli yüngül oldu. Alim həmkarları Musa Quluzadə,  Anar İsgəndərli, şair İlham Növruzoğlunun dəstəyi həmin kitab işıq üzü gördü. İllər sonra Zeydulla müəllimin haqqında yazdığım məqalələrimdən birini əbəs yerə  “Dünyanın düz vaxtının adamı...” adlandırmamışdım. Çünki ata-baba ocağından götürdüyü nuru qəlbində ömrü boyu hallalıqla daşıyan Zeydulla müəllimin ziyalılığı ilə müdrikliyi vəhtət  təşkil edirdi; nə elədiyi yaxşılıqları,  nə də ona qarşı edilən haqsızlıqları dilə gətirirdi… Açığını deyim ki, hər kim Zeydulla müəllimin ömrünün son illərində üzləşdiyi haqsızlığa tuş gəlsəydi, ölkəni tərk  gedib xarici ölkələrin birində yaşayardı və bu günəcən öz sağlamlığını qorumaq imkanı əldə edərdi.

Zeydulla müəllim deyərdi: “Torpaq ilk növbədə  öz oğullarının  çiynində dayanır  və şöhrət tapir… Məncə şöhrət naminə vətəndən, onun dərd-sərindən üz döndərmək, yazmamaq elə vicadanın  səsini eşitməmək kimi bir şeydir...”

 

 ÖLÜM HAQQ OLSA DA...

 Zeydulla müəllimin vaxtsız ölümü hamını, o cümlədən, onun alim dostlarını, dərs dediyi tələbələri, qohum-qardaşını, ən çox da ailəsini yandırıb-yaxır… Tələbəsinin ölüm xəbərindən sarsılan  Azərbaycan görkəmli ədəbiyyatşünası, folklorşünas - professor Qəzənfər Paşayev “Ədəbiyyat qəzeti”ndə  dərc etdirdiyi “Tələbəm haqqında vida sözü” məqaləsində yazırdı: “Mən namizədlik dissertasiyası müdafiə edəndə çox cavan olsa da, yaradıcılığımı ilk işıqlandıran unudulmaz tələbəm Zeydulla oldu. Məqaləyə qeyri-adi ad qoymuşdu:Yolun pambıq olsun” Fani dünya keşməkeşlidir. Nə edəsən ki, “həyat daimidir, insan amanat”... Ədəbi əlaqələr sahəsində danılmaz xidmətləri olan tanınmış alim, yazıçı və tərcüməçi, qürur duyduğum sevimli tələbəm aramızdan tez getdi. Təsəllini onda tapırıq ki, o, fundamental elmi əsərləri, tərcümələri və bədii əsərləri ilə bizimlədir.”

Zeydulla müəllimin tələbəsi olmuş tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirli   “Müəllim adını ucaldan” başlıqlı məqaləsində  yazırdı ki, belə bir şəxsiyyətin Azərbaycan ədəbiyyatı, tərcümə sənəti, elmi qarşısında böyük  xidmətlərini heç kəs dana bilməz...

Təbiiki insan o zaman unudulur ki, onun özünü və əməllərini xatırlayan kimsə olmasın.

 

RUHA SƏRİNLİK VƏ ƏTİR ÇİLƏYƏN GECƏ

Əlbəttə, dünya yaxşılardan xali deyil. Mən Azərbaycan Dillər Universitetində professor Zeydulla Ağayevin 80 illik yubileyinə həsr olunacaq “İntizarın səssiz sədası” adlı xatirə gecəsinin təşkilatçılarına – xüsusilə xalq yazıçısı Kamal Abdullaya, yazıçı-publisist, tərcüməçi Kamran Nəzirliyə və Zeydulla müəllimin övladı Ləman xanıma  minnətdarlığımı bildirirəm. Əminəm ki, martın 4-də mübarək Ramazanın dördüncü günü 80 illiyinə həsr olunaca xatirə gecəsi professor Zeydulıa Ağyevin ölməz Ruhuna möhtəşəm töhfə olacaqdır.

Adına, şəxsiyyətinə, universal yaradıcılığına və ruhuna böyük etiramla!

 

Şəkillərdə: Zeydulla Ağayev amerikalı yazıçı-fantast Ayzek Əzimovun evində. 1989-cu il.  Zeydulla Ağayev yazıçı Kamran Nəzirli və Nurəddin Ədiloğlu ilə.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

“Ədəbiyyat və incəsənət” portalının oxucularına "Mən Qəribə Adamam" adlı şeir kitabımın adını götürdüyüm əsas şeirimi təqdim edirəm.

                                                                                Nail Zeyniyev

 

Mən qəribə adamam.

Bir üzüm gülən zaman, 

bir yanım ağlayır da,

Dərdlərim alov olur,

sinəmi dağlayır da.

 

Mən qəribə adamam.

Bahar günü saçlarına qar yağan

Günəş batdığı zaman, 

qaranlığından doğan

Qəlbi incimiş kimi, 

ümidərini boğan

O qəribə adamam..

 

Mən qəribə adamam.

Özüm də anlamıram, 

uçub getmiş sevincdi? 

Yox, onu danlamıram.

Danlayıram özümü, 

axı niyə qəm dolu

bir ürəklə yaşadım?

Anlayıram sözümü, 

gün üzü görmədim ki, 

xoşbəxtliyi yaşadım?!

 

Mən qəribə adamam.

Şair də deyiləm heç,

adi də deyiləm heç.

Düşüncələrdə batan, 

bir qoca dənizçiyəm.

Qırıq kürəklə yatan,

üzü solmuş neftçiyəm.

Gözlərimə qaranlıq

çökür, sabahlayıram.

Geriyə dönsəm anlıq,

yuvasından ümidlər

köçür, sayıqlayıram..

 

Mən qəribə adamam.

Xəzan vurub, ayrılıb, 

budağımdan qopmuşam.

Öz əlimlə qurduğum, 

evimi uçurmuşam.

 

Bax, qəribə adamam.

Özümdə anlamıram,

uçub getmiş sevincdi?

Yox, onu danlamıram

Mən qəribə adamam..

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

Çərşənbə, 26 Fevral 2025 14:04

PORTAL AKADEMİYASINDA – Uğur şərtləri

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                    

 

Kiçik biznesdə uğurun əldə edilməsini təmin edən bir neçə faktor vardır:

 

·                   İdarəetmə təcrübəsi;

·                   İstehsalat təcrübəsi;

·                   Texniki yardım;

·                   Planlaşdırma qabiliyyəti;

·                   Öz işi ilə məşğul olmaq üçün böyük həvəs.

 

Təzə işə başlayan iş adamlarının yalnız az bir hissəsi bütün bu faktorları təmin edə bilir.

Buna görə də, öz imkanlarınızı düzgün olaraq qiymətləndirərək çatışmayan xarakteristiskaları doldura biləcək partnyorları tapmağa çalışın. Və əlbəttə ki, seçdiyiniz işlə məşğul olmaq üçün böyük istək lazımdır. Belə istək olmadan başlamağa da dəyməz.

İnstitutdan sonra mən təyinatla çınqıl istehsalı zavoduna göndərilmişdim. Bir müddət mühasib işlədikdən sonra rəhbərlik mənə nəzər yetirdi və mənə zavodda marketinq şöbəsi yaratmaq təklif olundu. O zaman marketinqin nə olduğunu başa düşən az idi. Lakin bu söz dəbdə idi və hamı bununla məşğul olmağa can atırdı. Əvvəlcə mənə heç nə aydın deyildi. Lakin bütün istehsalat zəncirini tərkib elementlərinə ayırdıqdan sonra mən Xalq Təsərrüfatı İdarəetmə İnstitutunda öyrədilənlərin hamısını başa düşə bildim. Yəni, məhz əlavə dəyər və əlavə kapitalın yaranmasını. Bu məni o dərəcədə maraqlandırdı ki, mən artıq anladığım sxemi məni əhatə edən aləmdə baş verən bütün proseslərə tətbiq etməyə başladımş

 

SABAH: Hansı şərtlər daxilində fəaliyyət faydalı olar?

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ömər Xəyyamın prozası  təqdim edilir. 

 

Məşhur musiqiçinin baş rolda oynadığı, Lars von Trierin çəkdiyi, "Qızıl ürək" trilogiyasının ("Dalğaları yararkən", "İdiotlar") sonuncusu, 2000-ci ildə Kann kinofestivalının qalibi olmuş "Qaranlıqda rəqs edən" filmi haqqında yazmaq çoxdankı arzum idi. 

Biləsiniz ki, sevimli rejissorum Trier heç vaxt Amerikada olmasa da, onun bu filmi Amerikadakı ab-hava, məhkəmə prosesi, makkartizmin kölgəsi, miqrantların problemləri, çoxluğun ekzistensiyası, beton cəngəlliklərdə insan ovu haqqında ən yaxşı filmlərdən biridir.

Səlma (Byork) tezliklə kor olacaq. Korluq ona ailəsindən miras qalıb. Daha doğrusu, onların genetik xəstəliyi müəyyən yaşdan sonra korluqla nəticələnir.

Gözləri tam tutulanacan oğlu üçün əməliyyat pulu toplayır.

Polisi öldürür...

Həbs olunur...

Edam cəzası alır...

Edam edilir...

Rəqs edir... ölümlə oynayır... qaranlıqda... işığın içində...

60-ci illər. Genetik xəstəlik səbəbiylə gözləri tutulmağa başlayan çexoslovakiyalı ana oğlunun da kor olacağından qorxur.

Ümid Amerikayadır. Ümid Amerikadadır.

Beləcə, miqrant həyatı başlayır.

Səlma yaxşı bilir ki, onun oğlu da bir gün kor olacaq.

Peşmandır:

"Bir gün kor olacağını bilə-bilə onu doğmamalı idim..." - düşünür, vicdan əzabı çəkir...

Əslində, Səlma əvvəlcədən bilirdi ki, onun övladı olsa, gözləri tutulacaq, fəqət, o bu həqiqətə gözünü yumur, daha doğrusu, onun gözləri onsuz da zəif görürdü... öz qaranlıq dünyasına ötəri işıq tutmaq qərarına gəlir. Beləcə, növbəti qurban doğulur.

Səlma, doğrudan, günahkardırmı? Axı özünün də dediyi kimi, doğmaq onun təbiətindəndir, instinktiv arzudur, analıq stixiyasının nəticəsidir... Axı o qadındır...

Düzdür, o günahkar kimi cəzasını alır, yaxşı bəs, bu doğuluşun, mövcudluğun əsl günahkarı kimdir? Yoxsa, ilahi ədalət?

Bu sualı cavablandırmağa cəhd edərik, fəqət, hələlik Amerika haqqında.

Səlma artıq Amerikadadır. Billi adlı polis məmurunun həyətindəki karavanın kirayənişinidir. Yemək dəzgahı düzəldilən fabrikdə işləyir və həmin fabrikdə işləyən Keti adlı qadınla dostlaşıb... Üstəlik, işçi Ceffi özünə aşiq də edib. Di gəl, onun sevgi oyunlarına vaxtı, həvəsi yoxdur.

O, bir növ, rahibədir... peşmanlıqdan inzivaya, günahından təkcənəliyinə çəkilmiş... korlaşan gözlərin, korşalan qadınlığın rahibəsi.

Kobud desək, Amerikada makkartizm ab-havası davam edir: Soyuq müharibədən sonra yaranmış, adicə bir sözə görə kommunist kimi damğalayan "fikri teorem" hökm sürür.

Fəqət, bu qarğaşanın, qanqaraçılığın və korluğun içində Səlma rəqs edir, oxuyur... Müzikl  məşqlərinə, Hollivud müzikllarını izləməyə gedir. Belə demək olar: o rəqs etdikcə, öz ətrafında fırlandıqca, oxuduqca yaddaşının fövqünə çıxır, öz orbitini tərk edir. Səmazənlər kimi düşüncənin çölünə qaçır.

Ümidlidir... oğlunun gözlərini sağaltmaqdan ötrü pul yığır...

İş, tamaşa, qayğı, ümid... və bir gün polis Billi Səlmanın karavanına gəlir. İş elə gətirir ki, onlar bir-birlərini tanımağa cəhd edirlər, bir-birlərinə etiraf edirlər.

Məsələn, Billi deyir ki, arvadı Lindanın xərclərini ödəməyə gücü çatmır, kalan borcu var. Tezliklə pul tapmasa, onun evini əlindən alacaqlar.

Səlma da xəstəliyi haqqında söz açır. Özünün zamanla tamamilə kor olacağını, böyüdükcə oğlunun da gözlərinin tutulacağını deyir. Billi öyrənir ki, Səlma günahını yumaqdan ötrü ölkəsini tərk edib, xatirələrini dünyanın o başında qoyub Amerikaya gəlib. Və miqrantlığın əzab-əziyyətini məhz oğlunu qaranlıqdan xilas etmək üçün müzikla çevirib.

Billi Səlmaya, Səlma da Billiyə söz verir ki, bu söhbət əbədiyyətəcən burada, - karavanda qalacaq.

Fəqət, karavanda təkcə sözlər yox, həm də Billi özü qalır. Hə, o, Səlmanın hekayəsini, məqsədini bilə-bilə karavanda gizlənir və günahkar ananın oğlu üçün yığdığı pulun yerini öyrənir.

 

*

Səhərisi dəzgahın biri xarab olur. Əlbəttə, günahkar Səlmadır. İşlədiyi günlər üçün əməkhaqqı hesablanır... beləcə, onu işdən çıxarırlar.

Səlma suyu süzülə-süzülə karavana qayıdır, sonuncu əməkhaqqını da gizlətdiyi pulun üstünə qoymaq istəyir. Və... görür ki, pul yoxdur...

Qaçır Billigilə. Əvvəl sakitcə pulunu istəsə də, Billi əməlini danır, üstəlik, tabel tapançasını çıxarır. Əlbəttə, Səlma qorxmur, əksinə, polisin üstünə gedir və boğuşma başlayır. Budur: bir əl atəş açılır, Billi yıxılır...

Səlma onun ciblərini axtarmağa başlayır, di gəl, Billi müqavimət göstərir... qəzəbli ana təzədən atəş açır, yenə alınmır... Bu dəfə o, dəmir lövhəylə Billinin başına-başına vurur... nəhayət, günahlını cəzalandırır.

"Cəzalandırır" deyəndə ki... əslində, Billi özü ondan xahiş edir ki, atəş açsın, onu öldürsün... Yəni, Billi ölümünü özü çağırır. Görünür, o da bu əməliylə, Səlmanı cinayətə təhrik etməklə günahını yumaq, canını qurtarmaq, cənnətə düşməyi arzulayırmış...

Şərə qalib gəlmiş ana xəstəxanaya tələsir. 2056 dollar... Oğlunun gələcəkdəki qaranlıqdan qurtuluşu üçün lazım olan pulu, axır ki, ödəyir...

Özü isə rəfiqəsi Ketiylə teatra gedir. Onu bu dəfə qələbənin şərqisi çağırır.

Artıq xəbər yayılıb. Polislərə tamaşanın rejissoru xəbər verir. Səlmanı teatrdaca həbs edirlər.

Məhkəmənin qərarı isə... Səlmaya edam hökmü oxunur. Cəzanın icrası bir həftə sonraya təyin edilir.

Dostları Səlmanın həkimə verdiyi pulla başqa vəkil tutmaq istəsələr də, o, oğlunun gələcəyini düşünür və imtina edir... yəni, özünü fəda edir.

Məhkəmənin qərarı, sözsüz, ədalətdən iraqdır, həqiqətin əleyhinədir.

Ümumiyyətlə, səbəblər araşdırılmır, ciddi detallar, faktlar ötürülür, əvəzində aylar əvvəl fabrikdə müdirin "Yəqin, Çexoslovakiyada hər şey yaxşıdır, siz kommunistlər əlinizdə olanı bir-birinizlə paylaşırsınız" atmacasına Səlmanın "Bölüşməyin, paylaşmağın nəyi pisdir ki?" cavabını müzakirə edirlər və elə həmin cavaba əsasən, onu radikal solçu elan edirlər.

Üstəlik, məhkəmə qərara gəlir ki, Billi Səlmanın yox, Səlma Billinin pulunu oğurlayıbmış...

Bəs nə?! Miqrant Səlma... solçudur, oğrudur... və edam edilməlidir.

Hamı narahatdır, hakim gərgindir... Bircə Səlma rahatdır.

Pərdə çəkilir... Səlma sonuncu rəqsə hazırlaşır...

Elə bu vaxt Ketti oğlunun eynəyini gətirib onun ovcuna qoyur... Yəni, Səlma günahının bədəlini ödəmiş... Yəni, oğlu həmişə görəcək...

Yəni, pərdə bağlana bilər...

Pərdə bağlanır... Səlmanın sonuncu rəqsi başlayır...

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət”  

 

Bir neçə mövzu bundan öncə təhsil və oxumaq barədə yazmışdım. Bir mövzunu təkrarən yazmağı sevməsəm belə elə mövzular var ki, onları yazdıqca yazmaq istəyirsən. Bu gün haqqında danışacağım film isə rejissor Əlisəttar Atakişiyevin ekran əsəri olan “Bir qalanın sirri” filmi barədədir. Filmin təhsilə nə aidiyyatı deyə sual etməyə tələsməyin.

 

Filmin janrı macəra və uşaq üzərində olsa belə əsas məqsəd kitabın, oxumağın insanı necə irəli apara biləcəyini göstərməkdir.  Film Məmmədhüseyn Təhmansibin  “Çiçəkli dağ”  eyniadlı pyesi əsasında ekranlaşdırılmışdır. Film-nağılda kənd əhalisinin əlindən  torpağını, suyunu almış amansız Simnar xana qarşı  kasıb,  lakin namuslu və qeyrətli insanların mübarizəsindən söhbət açılır. 

Alim-həkim Eldostu, onun sadiq tələbəsi olan Mətanət, igid və cəsur Elşən və eyni zamanda Kamran baba da bu mübarizədə iştirak edirlər. Simnar xan və Göygöz kosa  dağları əridərək kəndi bütövlükdə ələ keçirmək istəyir. Dağları əritməyin sirrini bilən yeganə insan həkim babadır. Bu sirri verməyin qarşılığında Simnar xanın baş vəzirlik və xeyli qızıl təklif etməsinə rəğmən həkim baba yolundan dönmür və hazırladığı dərmanı ona vermək əvəzinə məhv edir. Nəticədə Simnar xan həkim  babanı qaçırdır.

Bu sirri bilən başqa adamlardan biri də Mətanətdir. Göygöz kosa qiyafəsini  dəyişdirərək Mətanətin yanına gəlir və onun öz zəhməti, gücü hesabına yetişdirdiyi  “Mətanət” gülünə yuxu dərmanı qarışdıraraq Mətanətə gülü qoxlatdırır. Nəticədə Mətanət dərin yuxua gedir. Bu fürsətdən məharətlə istifadə edən Göygöz kosa Mətanəti qaçırdır və bunu həkim babaya qarşı silah olaraq istifadə etmək istəyir.  

Mətanətdən də sirri öyrənə bilməyən Simnar xan həkim babanı daşa döndərərək Mətanətə həkim babanın bir daş olaraq qalacağını deyir. Baş verənlərdən xəbərdar olan Kamran baba Elşənə olanları danışır. Elşən qılıncını alıb  Həkim baba və Mətanətin olduğu qalaya hücum edir və ikisini də xilas etməyi bacarır.

Öncə ikisinin də daşa döndüyünü görən Elşən çarəsizlikdən nə edəcəyini bilmir. Həkim baba Elşənə qurtulmağın yeganə yolunun kitabları oxumaq olduğunu söyləyir. Nəticədə bitki də, çiçək də bir canlıdır, heyvanların, quşların, hətta bitkilərin dilini öyrənmək zərurəti yaranır. Başqa çıxış yolunun olmadığını görən Elşən günlərcə kitabları oxuyur və nəhayət, sirrləri öyrənir, bitkilər, çiçəklər barədə faydalı məlumatlar əldə edir.

 Beləliklə, anlaşılır ki, hər şeyin çarəsi oxumaq və təhsil almaqdı.

Eyni zamanda bütün bunları səbrlə etmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mərcan Manafzadədir.

 

Mərcan Mənafzadə

Təbriz

 

MƏN QUZEY ŞAİRİYƏM

 

Mən quzeydən gəlirəm

Bir şair baxışının darıxmalı kədərində

Ruhumun ağırlığı üstümdə,

Mən quzeydən gəlirəm.

Quzey dağlarının sal qayalarından

Bənövşə zəmilərindən

Mərcan mahnılarından gəlirəm.

 

Mən alıram şeirimin ruhunu sulu qərənfillərdən

Mən quzey şairiyəm.

Yasaqdır şeirlərim, saçlarım kimi

Mən gəlirəm

Əllərimi torpağa bağışlayam...

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Bir şair, bir şeir rubrikasında fevralın 26-da mütləq bir kədərli, dərsli şeir verməliydik, bu işi gənc şair Nicat Hunalpa həvalə etdik. Və o, “Uçuruma bir addım” dedi. 

 

 

Dünən gecə içimdə dəhşətli bir zəlzələ,

Təxminən haradasa beş-altı bal gücündə

Uçsaydı ev başıma  tikəm gəlməzdi ələ

Gizlənə bilməsəydim vicdanımın içində

 

Hava çiskin yağışlı,önüm qatı sis - duman,

Əlimdə BMT -nin sülh adında çətiri

Damağımda qırmızı şveysarski Vinston

Dalbadal yandırıram sigarımı bitirib

 

Sülhməramlı pərdəsi altında işğalçılar,

Sülhü bərqərar edir Bağdadda ya Kabildə?

Çıxıb oxundan gəlir üstümə göy qübbəsi,

Allah qapısın açır üzümüzə Babildə

 

Gözümü zilləmişəm nəhəng Şeytan çarxına,

Burdan durub Məkkədə şeytana daş atıram

Rio De Janeyroda İsanın heykəlinin ,

Ən ucunda dayanıb, mən başımı qatıram 

 

Küçənin ən sonunda qaranlıq bir dalanda,

Gizlədirəm özümü yarasa tək hamıdan

Burda nə qədər adam qəsd edib damarına,

Unudubdu  her şeyi, dönübdü  Allahından

 

Qarışıram şəhərin meqapolislərinə,

Ruhumun kədərindən doğuluram təzədən

Baxıram göy üzündə təyyarə izlərinə,

Çıxıb getmək isteyir ruhumda bu ölkədən

 

Bir payız axşamında istəyirəm qoşulam,

Çıxam gedəm bir yolluq durna qatarlarında

Hüqonun Qavroşu tək küçələrdə üşüyüm,

Yağış sızsın üstümə evin divarlarından

 

Çəkdiyim sigarların kötüyünə əyilir,

Ciyərimə yığılan siqarımın tüstüsü,

Liviyada ərəblər ip bağlayıb yıxdılar,

Bir zaman tapdıqları Qəddafinin büstünü

 

Çəkilirəm içimdə tikdiyim o daxmaya,

Azca hisə verilmiş balıq,bir qədəh şərab

Yaslanıram taxtadan düzəltdiyim yatağa,

Dərd yerinə alıram qəlyandan iki qullab 

 

Səhər tezden oyanıb qaçıram konfransa ,

Köynəyim ütüsüzdü, saç saqqalım dağınıq

Türksoydan bir nəfərlə yolumuzda bir düşüb,

Salam, əziz soydaşım ikimiz bir yoldanıq

 

Danışırıq, yol boyu siyasətden doyunca,

Uyğurlardan söz düşür ürəyimə ox batır 

Elə bil ki yenidən üsyana hazırlaşır,

Günəşin batdığı yerlərdə Osman Batır

 

Alovlanır, odlanır ruhum, cismim,bədənim,

Göytürklərdən gələn qan damarımda dolaşır 

Sığa bilmir sərhədlər içrə mənim qələmim,

Altaylardan Batıya, Ötükənə yol aşır

 

Konfransı bitirib dayanacağa doğru,

Yeyin addımlar ilə yol gedirəm fikirli

Yağış yağır yenicə aldığım jaketimə,

Təzədi deyə hələ, çoxdu məndə xətiri

 

Soyuyuram getdikcə bu müasir dünyadan,

Elm texnologiya, yeni nəsil robotları

Ən gözəli bozqırda köç halında yaşayış,

Vəhşi çöllərdə çapır hələ monqol atları 

 

Məkkənin qapısında dayanıbdı Hülagü,

Atlarının ayağı çeyneyir tüm cahanı

Savaşların birində topal qalmış sərkərdə,

Böyük Teymur adıyla şanlandırdı Turanı

 

Yaxın gəl ey balaca, bax özünə güzgüdə

Gör kimin nəvəsisən, gör kimə var oxşarın

Xorasandan Dehliyə qoşun çəkən baban var,

Tarixin son Fatehi Nadir Şah bəy Əfşarın

 

Yavaş -yavaş sökülür içərimdə daha dan,

Yaddaşım təyyarədə yazılı qara qutu

Açıram gözlərimi otağın ortasında,

Uzadılıbdı yerə ümidimin tabutu

 

Sığınmağa yerim yox ,tək Tanrıdan savayı ,

Daşıyıram ruhumu özümdəndə dərində

Beynimin son qatında böyük atom bombası,

Partlayacaq bir azdan ruhumun son yerində

 

Uçuruma doğru yol, bir iz varsa de gedim

Özümü atmaq kimi əyləncəm var uçrumdan

Tanrım özün bağışla, gəl məni burax gedim,

Xilas eylə nə olar, məni yorğun ruhumdan

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

 

 

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsərində Anar qəhrəmanlarının hər birinin obrazlarını müəllif müxtəlif illərdə (və müxtəlif ədəbi üsullarda) yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər əsla duyulmur.

 “Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:

 

 

VAQİF SƏMƏDOĞLU, “ATAM SƏMƏD VURĞUN HAQQINDA”

 

Səməd Vurğun kimdir? Mənim atam. Dünya və Azərbaycan qarşısında daha nə nailiyyətləri var? Şair, akademik, SSRİ Ali Sovetinin, demək olar ki, daimi deputatı, parlament qrupunun üzvü, Moskva Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan Akademiyasının vitse-prezidenti, ovçu, Sovet Sülh Komitəsinin üzvü, 2 dəfə Stalin mükafatı laureatı, 2 dəfə Lenin ordeni kavaleri, İosif Stalin qarşısında şeir oxumuş və Uinston Çörçillin qabağında tost demiş bir azəri türkü, şair, dramaturq. Bakıda vağzal meydanında onun heykəli ucalır. Bir heykəli də Axundov adına Kitabxananın portalındadır. Bir büstü Bakıdakı ev muzeyinin qarşısında, bir heykəli Salahlı kəndindəki xatirə muzeyinin qabağında, böyük bir abidəsi Qazax şəhərində, biri də Biləsuvar rayon mərkəzində. Ancaq Biləsuvardakı heykəli tək deyil, Puşkin ilə yanaşı durub, çünki Azərbaycanın cənubunda yerləşən bu qədim türk məskəninə nə zamansa dahi rus şairi Puşkinin adını vermişdilər. Niyə? Bəlkə ona görə ki, başqa bir ölkəni, özgə xalqı yalnız odlu silahla yox, odsuz silahla, dahi adları ilə də zəbt eləmək olar. Keçmiş sovet respublikalarında minlərlə rus, sovet dövlət xadimlərinin adlarını daşıyan şəhərlər, qəsəbələr, kəndlər var idi. Çarizm vaxtında isə, təbii ki, rus imperatorları və onların ailə üzvlərinin adlarını daşıyan şəhərlərdə yaşayıblar babalarımız. Ancaq Biləsuvarda Səməd Vurğun ilə Puşkinin yanaşı dayanmalarında ədəbi məntiq var. Səməd Vurğun Puşkinin “Yevgeni Onegin” poemasını bizim dilə böyük məhəbbət və professional məharətlə tərcümə edib. Odur ki, onların dünyanın hansısa bir yerində qoşa dayanma haqları var.

Səməd Vurğunla bağlı rəsmi məlumatları verdim. Adlar, titullar, abidələr, vəzifələr. Yox, bir vəzifəsi yadımdan çıxmışdı az qala: Səməd Vurğun uzun illər Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edib. Ancaq bütün bu sadaladığım rəsmi tanınma atributları Azərbaycanda hamıya məlumdur. Və Azərbaycan nüfuzuna görə, deyəsən, 7-ci sovet respublikası statusundan qurtulub, dünyanın, kim bilir, neçənçi müstəqil dövlətinə çevriləndən sonra aydın göründü ki, Səməd Vurğunun daşıdığı adlardan yalnız ikisi Azərbaycanda əbədi yaşamaq haqqına malikdir: Şair və İnsan. Qalanları ötəri şey imiş.

Atam şair kimi neçin həmişə yaşayacaq? Mən bunu bəlkə övlad istəyimə arxalanıb deyirəm? Xeyr, bunu mən professional kimi etiraf edirəm. Azərbaycan ədəbiyyatı tarixinin bir səhifəsi Səməd Vurğundur. Böyük poetik istedadı, oxucu, dinləyici ürəyinə-beyninə birbaşa yol tapan səlis, gözəl dil, pafosun poetikliyi, cəmiyyət və nəhayət, təbii hadisəyə bənzər tamamilə aktyorluqdan uzaqda duran, bir özünü təqdim edə bilmək, sevilmək, yadda qalmaq, alqış doğurmaq bacarığı, Səməd Vurğun fenomeni. Miflər yaranan münbit zəmin... Sayı-hesabı yoxdur atam haqqında hələ özü sağ ikən yaranmağa başlayan miflərin, xatirələr formasında yazılmış yalanlı-doğrulu dastanların.

Yaxşı, bəs belə bir istedadla böyük şair neçin 1937-ci illərin Stalin repressiyasına məruz qalmadı?

– Səməd filankəsi satıb, özü aradan çıxıb.

Bu, bir versiya.

– Səməd doproslarda özünü mərd aparıb, elə kişilik göstərib ki, ona ölüm hökmü çıxarmağa heç kəsin əli qalxmayıb.

Bu da başqa bir versiya.

Anam Xavər xanımın versiyası:

– Mir Cəfər Bağırov «Красные Партизаны» təşkilatında sənin dayın, mənim böyük qardaşım Ağabəyin müavini olub.

Bir başqası tamamilə səmimi deyir:

– Səmədi tutub güllələsəydilər, bütün Azərbaycan xalqı ayağa qalxıb üsyan edərdi!

O zaman bu xalqın qorxusundan səsi də çıxmırdı...

– Ən istedadlıları, qaymaqları öldürdülər, qaldı belələri.

Yalandır. Böyük bir bəşər, insan faciəsini adi məişət cinayəti səviyyəsinə endirən yalan. Bəlkə də səmimi, fəqət tarixdən, ədəbiyyat və incəsənətdən çox da hali olmayan insanların təəssüf doğuran məyus məntiqidir bu fikir. Rusiyada böyük şair Osip Mandelştam həbsdə çürüdüldü, dahi Boris Pasternak qaldı. Stalindən şeir yazdığına görə? Dünyada Stalinin adını poeziyaya ilk dəfə gətirən məhz faciəli şəkildə həlak olmuş Mandelştam olmuşdu. Anna Axmatova, Andrey Platonov, Marina Svetayeva, Mixail Bulqakov, nəhayət, tamamilə haqlı olaraq Nobel mükafatları almış Mixail Şoloxov və yenə də həmən Boris Pasternak. Bunlar fiziki olaraq repressiya maşınından qurtaranlardan bir neçəsidir. Və ən dəhşətlisi də ondadır ki, bu repressiyaların nə dəqiq çəki norması olub, nə ölçü etalonu. Azərbaycanda da həmçinin, Hüseyn Cavid, Mikayıl Müşfıq kimi sənətkarlar tələf edildilər və onlarla başqaları: Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və yenə də onlarla başqaları sağ qaldılar. İndi hansı tərəzi ilə istedadların çəkisini ölçək? Elə bir tərəzi tapılsaydı, hər iki gözü göz yaşları ilə dolub düz gələrdi. Bəlkə də birə-bir...

Atamın o zaman həbs olunmaması haqda ən ağlabatan fərziyyəni 1971-ci ildə Moskvada mənə məşhur sovet şairi-yazıçısı Konstantin Simonov dedi:

– Bütün diktatorlar kimi, Stalin də öz misilsiz yaddaşını hamıya nümayiş etdirirdi. Mən əminəm ki, hər dəfə Mir Cəfər Bağırov onun qəbulunda olanda o, Səməddən də sözarası hal-əhval tuturmuş. Səmədi fəlakətdən, yəqin, elə bu qurtardı.

Səməd Vurğun 1935-ci ildə Kremldə Stalinin qəbulunda olmuşdu. Azərbaycanda Sovet hakimiyyətinin 15 illiyi münasibətilə keçirilən bayram təntənələri günlərində. Və orda Stalinin hüzurunda onun şərəfınə yazdığı məşhur “Rəhbərə salam!” şeirini oxumuşdu. Elə burdaca, atamı tribunada saxlayaraq, Stalin ona bir neçə sual verib, cavab almışdı.

Elə-belə, rəhbər “marağı”, “məzələnməyini” nümayiş etdirən sözlər...

– Самед это твое имя, а Вургун фамилия?

Нет, товарищ Сталин, это мой псевдоним.

А что означает слово Вургун?

Влюбленный!

В кого, в девушку?

Нет, товарищ Сталин, в Родину!

Bax, bələ bir söhbət Kremldə. Bunun stenoqramması atamın ev muzeyində saxlanılır. Vurğun ləqəbini isə məhz ilk uğursuz məhəbbətindən sonra götürübmüş atam. Stalini aldadıb... Ertəsi gün Stalinə orden və medallar almaq üçün təqdim edilmiş azərbaycanlıların siyahısını gətirirlər. Səməd Vurğun o siyahıda Qırmızı Əmək Bayrağı ordeninə layiq bilinibmiş. Ancaq Stalin öz əli ilə “Lenin” ordeni yazıb, o birini pozub... Atamı ölkənin ən yüksək ordeni ilə təltif edib. Belə ki, Simonovun dediyində böyük məntiq var. Həmçinin mənim yaddaşımdan respublikamızın ozamankı yerli diktatoru Mir Cəfər Bağırovun öz məhkəməsində dediyi sözlər də çıxmır. Hakim, Almaniya faşizmi üzərində qurulmuş Nürnberq məhkəməsində SSRİ adından ittihamçı kimi çıxış edən Rudenko müttəhim Bağırovdan soruşdu:

– Siz xalqın sevimli şairi Səməd Vurğunu neçin həbs etdirmək istəyirdiniz?

– Mən bunu istəsəydim, çoxdan edərdim.

Bağırovun sözləri də, zənnimcə, həqiqət idi. Görünür, həyatda hər bir tarixi hadisənin bir neçə yozumu olduğu kimi, dəhşətli Stalin repressiyala da bir nöqtədən çəkilmiş cəhənnəm mənzərəsi deyil. Yəqin ki, bu haqda tarixçilər, xüsusilə sovetoloqlar öz mötəbər fikirlərini deməlidirlər, mənim amacım yalnız atamla bağlı bu haqda oğul sözünü demək idi...

Səməd Vurğun əsasən 1926-cı ildən müntəzəm şeirlər yazmağa başlayıb və 1932-də kitabı “Fanar” işıq üzü görüb. Kitabdakı şeirlər Mayakovski poetikası ruhuna və formasına yaxın yazılardan ibarətdir. Ümumiyyətlə, otuzuncu illərin əvvəlində çoxmillətli böyük bir ölkənin çoxdilli poeziyası forma etibarilə bir-birinin eyni idi. Mayakovski pafosu, sərbəst cümlələr pillələri, ritm və bu ənənə dahi rus şairi özünü tapança ilə öldürənə qədər davam etdi. “Fanar” kitabı ilə şair Səməd Vurğun başlandı.

Bəs haralarda təhsil almışdı? Anadan olduğu Salahlı kəndinin məktəbində 5 sinif oxumuşdu. Bibisi Ayşə xanım onu Qazaxa, orda yenicə, 1918-ci ildə açılmış seminariyaya gətirəndə həmin təhsil ocağının rəhbəri böyük maarifçi Firidun bəy Köçərli zəif, raxit bədənli 12 yaş uşağı süzüb deyibmiş:

– Ayşə xanım, bu uşaq oxuya bilməz, zəifdir, xəstədir, beynində bilik qala bilməz yazığın.

Bunu eşidən Səməd ağzını açıb “Qurani-Kərimdən birnəfəsə surələr deməyə başlayıb, parlaq yaddaşını nümayiş etdirib və sonrakı illərdə seminariyanın 1 nömrəli tələbəsi kimi bütün mahalda ad çıxarıb. Humanitar fənlərdən savayı, riyaziyyat, coğrafıyadan başqa Qazax seminariyasında saz, tar, hətta skripka çalmaq da öyrənib, dram dərnəyinin fəal iştirakçısı olub. Sonralar Səməd Vurğun Bakı Pedaqoji İnstitutunda və Moskva Dövlət Universitetində təhsil alıb. Ancaq inanmıram ki, oxuduğu məktəblər, institut, hətta Moskva Universiteti ona nə isə verib, simasını şəxsiyyət kimi formalaşdıb. Çünki təbiəti etibarilə atam auditoriya və kitabxana adamı deyildi. Mən onu mütəmadi dərs oxuyan, leksiyalarda səliqə ilə konspektlər tutan tələbə kimi təsəvvürümə belə gətirə bilmirəm. O özü özünü savadlı insan etmişdi. Fitri istedadı və kitab oxumağı ilə, bəli, çox geniş mütaliəsinin hesabına Səməd Vurğun dünya fəlsəfəsindən, ədəbiyyat və mədəniyyətindən, tarixindən xəbərdar idi. Onun haqqında yaranmış yanlış miflərdən birinə görə, Səməd Vurğun yalnız istedadı hesabına böyük ədəbi sima ola bilib, guya savadı olmayıb. Yalandır. Atam Kant, Hegel, Şopenhauer fəlsəfələrindən də xəbərdar idi, marksizm-leninizmi də bilirdi. Rus dilində çap edilmiş dünya ədəbiyyatının nümunələrinin əksəriyyətini də oxumuşdu. Rus dilində tamamilə sərbəst danışır, bir vergül səhvi belə buraxmadan yazırdı. İlya Erenburq kimi intellektualı bu bacağı ilə hətta bir dəfə heyrətə gətirmişdi. Fəqət yazımın əvvəlində demişdim: atam haqqında miflər çoxdur, indinin özündə də yaranmaqdadır. Qoy olsun. Bu miflərdən, şəxsən mənə görə, Səməd Vurğun poeziyasına nə xeyir dəyir, nə zərər. Bu poeziya isə poeziya məfhumunun özü qədər sehrkar və sirlidir. Niyə?

1989-90-91-ci illərdə Bakıda keçirilən çoxminli Milli Azadlıq hərəkatının mitinqləri azəri türklərinin oyanışı, sovet imperiyasının süqutu, millətin öz doğma torpağı Qarabağa qarşı qonşu Ermənistanın təcavüzünə sinə gərməkçün qalxması amilləri ilə yanaşı, həm də neçə dəfə atamla bağlı da narahat hisslər keçirmişdim. O zaman Bakıda və başqa şəhərlərimizdə, qəsəbələrimizdə Leninin, Kirovun, Şaumyanın və başqa bolşevik rəhbərlərinin heykəlləri uçurulurdu. Və bu anlarda, nə gizlədim, mənim övlad qəlbimdə xəfif, fəqət dəhşətli bir xof, qorxu var idi ki, birdən beyinləri qızmış gənclər “sovet şairi”, “sovet bəstəkarı”, “sosializm ideoloqları” fitvası altında Səməd Vurğunun, Üzeyir Hacıbəyovun da abidələrinə əl qaldırarlar, onları da dağıdarlar. Bununla da Çində baş vermiş “mədəni inqilab”ın başqa variantını təkrar edərlər. Bu, mənim şəxsi faciəm və əlbəttə ki, bütün Azərbaycana vurulmuş, ölkənin nüfuzunu bütün dünyada ən aşağı pilləyə endirən bir aksiya olardı. Xoşbəxtlikdən xalqımız mənim xofumdan qat-qat müdrik çıxdı, doğrudan da, poeziya məmləkətinin övladla olduğunu sübut etdi. Mitinqlərdə ən çox şeirləri səslənən şairlərdən biri məhz Səməd Vurğun oldu. Qəribədir, ana torpaq uğrunda şəhid olmağa hazır olanlar da Səməd Vurğunun şeirlərindən misralar deyirdilər, meydanda yüz minlərlə insanı dağıtmaq məqsədilə oraya gələn Kommunist Partiyasının rəhbərləri də, vətənpərvərlər və təxribatçılar, türkçülər və islamçılar, demokratlar və ifrat radikallar da. Belə də olma idi. Əsl poeziya hətta hansısa konkret bir ideologiyanın tərənnümçüsü kimi çıxış edəndə belə öz bədii muxtariyyətini qoruyub saxlamaq qüdrətinə malikdir. Buna misallar çoxdur. Uolt Uitmen Amerikada, Redyard Kiplinq İngiltərədə... Unutmayaq ki, məşhur “Qırmızıpapaq” nağılını Şarl Pyero bir royalist ideoloqu kimi yazmış və bu nağıl Fransada bir müddət yasaq elan edilmişdi. Amma bu gözəl, müdrik nağılın bədiiliyi bütün ideologiyalardan qüvvətli, yaşarı çıxıb və bugünə də ayaq basdı, gələcəyə də yönəlib. Görünür, Allah ədəbiyyatı, mədəniyyəti xüsusi nəzarəti altında saxlayır. Ona təşəkkür edək.

Mən Allaha bir işinə görə də minnətdaram. 1933-cü ildə Səməd Vurğunu bir gənc qızla – Xavər Mirzəbəyovayla görüşdürdüyünə görə. Mənim atamla anamı...
1935-ci ildə qardaşım Yusif Səmədoğlu dünyaya gəldi, yazıçı idi. Azərbaycan parlamentinin üzvü olmuşdur.

1937-ci ildə bacım Aybəniz dünyaya göz açmışdı. Atamın ən çox sevdiyi övladı. Onun bacıma olan böyük, kövrək məhəbbəti məndə nədənsə heç bir vaxt qısqanclıq doğurmayıb və bunun səbəbini sonralar anlamışam. Axı atam ata da görmüşdür, qardaşı da var idi. Anasını lap uşaqkən itirmiş, bacısı isə olmamışdır. Və Səməd Vurğun bu həsrətini məhz Aybənizlə söndürmüşdü. Bacım anam Xavər xanımla birgə Səməd Vurğunun Bakıdakı ev muzeyini saxlamış, onun ruhunu yaşatmışlar.

Qardaşımla bacımın dünyaya gəlməklərini dedim, özümü isə az qala unutmuşdum. Mən bu dünyaya 1939-cu ildə gəlmişəm. Mən doğulandan cəmi bir neçə saat sonra atam doğum evinə anama qısaca bir məktub, şeir çatdırıb. İlk misraları belədir:

 

Demək, oğlumuzun Vaqifdir adı,

O da olacaqdır şeirin ustadı.

 

Göründüyü kimi, məni ilk dəfə bu dünyada şair kimi elan edib, adımı qoyan və tanıyan adam Azərbaycanın Xalq şairi Səməd Vurğun olub. Əlbəttə ki, bu sözlərim zarafatdır. Mənim də həyatım təsadüflərdən yoğrulmuş bir insan taleyidir. Genetik amilləri mən kənara qoymuram. Bu da var...

Mənim yazım Səməd Vurğun yaradıcılığının təhlili, onun tam bioqrafiyası deyil. Sadəcə olaraq, əli qələm tutan bir oğlun ata haqqında və dar çərçivə daxilində yazdığı bir essesayağı məlumatdır. Bununla belə, deməliyəm ki, Səməd Vurğun ən tanınmış Azərbaycan dramaturqlarından biridir. İndinin özündə də onlarla, bəlkə də yüzlərlə adamlar var ki, onun mənzum “Vaqif” dramının ilk misrasından sonuncusuna qədər əzbərdən deyirlər! 1938-ci ildə yazılmış bu əsər hələ də unudulmayıb, çoxdan bəri səhnədə qoyulmasa da. “Fərhad və Şirin”, “Xanlar”, “İnsan” dramları da var Səməd Vurğunun.

Səməd Vurğunun Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri onun indiki ədəbi azəri türkcəsinin formalaşmasında apardığı mübarizədir. Dilimizin ifrat ərəb və farsçılıqdan qurtarmasında qələbə ilə nəticələnmiş bir mübarizə. Və nə qədər ki bu dil var, Səməd Vurğun adlı şair oxunacaq. Seviləcək və sevilməyəcək. Yəni yaşayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Mən öz qardaşıma mehman gələndə

Bir qələm, bir dəftər, bir can gətirdim

Dağların döşünü toplar dələndə

Bir ləkə düşməyən vicdan gətirdim.

 

Mən onu günəşdən təmiz saxladım,

Canımdan, gözümdən əziz saxladım,

Bu kiçik qəlbimdə dəniz saxladım

Bir xilqət görmədi, pünhan gətirdim.

 

Ucuz tutmasınlar bu sovqatımı

Hissimi, duyğumu, ehsasatımı,

Mən öz varlığımı, öz həyatımı

Doğma qardaşıma qurban gətirdim.

 

Ürək daş deyildir, bir parça ətdir

Bəs onu yaşadan hansı qüdrətdir?

Bir arzu, bir ümid, bir məhəbbətdir,

Mən o məhəbbətdən nişan gətirdim.

 

Qardaşım, illərlə istədin ki sən

Öz ana yurdumda azad olum mən…

Lakin cəlalımı dağıtdı düşmən,

Tək sənə, tək sənə güman gətirdim.

 

Yenə Azərbaycan qan ağlayır, qan

O azad olmasa, yaşamam, inan!

Gərək mən Təbrizə qayıdan zaman

Deyəm ki, təzə bir dövran gətirdim. 

 

Bu gün siyasi, ictimai xadim, Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından, ilk ana dili dərsliyinin müəlliflərindən biri, İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaratmış, əməkdar incəsənət xadimi, əmək veteranı, mühacir Azərbaycan şairi Əli Tudənin anım günüdür.

 

Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən Ərdəbilin Çanaqbulaq kəndindən olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçüb. Atası neft mədənində fəhləlik edib və buruq ustası vəzifəsinə qədər yüksəlib. Kiçik yaşlarında hər iki valideynini itirən Əli nənəsinin himayəsində böyüyüb. 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, həmçinin radioda səsləndirilib. 

1938-ci il represiya dövründə 7-ci sinifdə oxuyarkən Cənubi Azərbaycan mənşəli olduğu üçün şair nənəsi ilə birlikdə İrana sürgün olunub və təhsili yarımçıq qalıb. O, İranda ata yurdu olan Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində təsərrüfat işləri ilə məşğul olub. Ərdəbildə fəhləlilik edib. Ağır həyat tərzi keçirib. lakin, bir gün belə olsun qələmini yerə qoymayıb, daim yazıb-yaradıb.  

Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatının ən fəal üzvlərindən biri olub. 

1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hökumət qurulanda xalqını, millətini ürəkdən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyib. “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayıb. Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradıb.  

Milli hökumət onu ali mükafatla, “21 Azər” medalı ilə təltif edib. Təbrizin "Şairlər məclisi" ndə müdriklər tərəfindən Əliyə Tudə, yəni Xalq təxəllüsü verilib. 

 

Tudə təxəllüsünü

Xalq özü verdi mənə.

Mərd, fədai olmağı

Məsləhət gördü mənə.  

 

O zaman şairin hələ sadəcə 22 yaşı var idi və ilk şeirlər kitabı da çap mərhələsində idi. Lakin, min bir əzabla qanlar bahasına qurulan milli hökumət qısa zamanda İran dövləti tərəfindən devrildikdən sonra şairin kitabı mətbəədəcə yandırılıb və Şah tutulduğu anda məhkəməsiz flansız qətlə yetirilməsi haqqında fərman verib. Şair yenidən şimali Azərbaycana üz tutub və ömrünün sonuna qədər siyasi mühacir pasportu və vətən həsrəti ilə yaşayıb. 

O, heç vaxt Sovet pasportu daşımayıb və bir çox yüksək titul və mükafatlardan məhrum olub.

 

Bütün dünya görür ki,yarım əsrə yaxındır 

Mən xalqımın içində siyasi mühacirəm 

Mən sakin deyiləm hələ də müsafirəm 

 

Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyib. Burada həmçinin şairə ali təhsil almaq imkanı yaranıb və o, Bakı Dövlət Universitetinin filologiya fakuktəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali Partiya Məktəbində müdavim, "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olub. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilib. 

“Əməkdə fərqləndiyinə görə” medalı ilə mükafatlandırılıb və Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunub. O, həmçinin "əmək veteranı", "əməkdar incəsənət xadimi" adlarına da layiq görülüb. 

 

Qardaş xəyalımı soraqlasan sən

Vətən çox genişdir sən hər yanda gəz

Ancaq ürəyimi tapmaq istəsən

Başqa yerə getmə Savalanda gəz 

 

Yaradıcılığının başlıca motivlərini, nisgil, intizar, vətən həsrəti təşkil edən şair 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Onun əsərləri özbək, qırğız, hind, ukrayna, rus, inglis və s dillərə tərcümə olunub. 

Ömrü boyu cənub intizarı çəkən Əli Tudə doğma kəndi Çanaqbulağa olan həsrətini belə ifadə edirdi: 

 

Yol üstdəki bulağıyla kəndimizi istəyirəm

Gəncliyimin dodağıyla kəndimizi istəyirəm

Mənə şair balam deyən, şeir sənət qalam deyən

Durnalardan salam deyən kəndimizi istəyirəm 

 

Gülqasımlı yarağanıyla, Gülburnulu bostanıyla

Günəşiylə, dumanıyla kəndimizi istəyirəm

Xəyal hicran dumanında, könül vüsal gümanında

Çanaqbulaq ünvanında kəndimizi istəyirəm 

 

O, 1996-cı ildə fevralın 26-da Bakıda vəfat edib və fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.